9.6. Təhsilalanların və təhsilverənlərin sosial müdafiəsi
-
dövlət ümumtəhsil müəssisələrində təhsilalanlar dərsliklərlə müəyyən edilmiş qaydada dövlət hesabına təmin olunurlar;
-
dövlət ilk peşə-ixtisas, orta ixtisas və ali təhsil müəssisələrində təhsilalanların fəaliyyətini stimullaşdırmaq məqsədi ilə onlara qanunvericiliklə müəyyən edilmiş qaydada təqaüdlər, o cümlədən adlı təqaüdlər verir və yardımlar göstərir;
-
təhsilalanlar üçün qanunvericiliyə uyğun olaraq digər sosial müdafiə tədbirləri də tətbiq edilə bilər.
-
özəl təhsil müəssisələrində təhsilalanların sosial müdafiəsi müəssisənin nizamnaməsi ilə tənzimlənir.
-
dövlət təhsilverənlərin sosial müdafiəsinə təminat verir. Təhsil işçilərinin əmək haqqı və vəzifə (tarif) maaşları işçilərin funksional öhdəlikləri, peşə xüsusiy-yətləri, ixtisas dərəcəsi və iş stajı nəzərə alınaraq təyin olunur.
-
dövlət və bələdiyyə təhsil müəssisəsi öz sərəncamında olan büdcədənkənar vəsaitlər hesabına işçilərin əmək haqqına əlavələr və digər stimullaşdırıcı ödənişlər təyin edə bilər.
-
dövlət və bələdiyyə təhsil müəssisələrində işləyən elmi-pedaqoji kadrların vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə əlavələrin həcmi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
-
sağlamlıq imkanları məhdud, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum, ciddi tərbiyə şəraitinə ehtiyacı olan uşaqlar üçün xüsusi təhsil müəssisələrinin , istedadlı uşaqlar üçün təhsil müəssisələrinin, eləcə də yüksək dağlıq və sərhədyanı ərazilərdə, ucqar yaşayış məntəqələrində çalışan təhsil işçilərinin əmək haqlarına və vəzifə maaşlarına qanunvericiliklə müəyyən edilmiş qaydada əlavələr olunur.
-
pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumtəhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
-
təhsilverənlərə qanunvericilikdə müəyyən edilmiş qaydada təhsil və yaradıcılıq məzuniyyətləri verilir.
Suallar və tapşırıqlar
-
“Təhsil” anlayışına tərif verin və fikrinizi əsaslandırın.
-
Azərbaycan respublikasında təhsilin əsas məqsədi nədir?
-
Təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərini səciyyələndirin.
-
“Təhsil sistemi” dedikdə nə başa düşülür?
-
Təhsilin məzmununa və təşkilinə hansı tələblər verilir.
-
Təhsilin və təhsilalmanın hansı formaları vardır?
-
Təhsil müəssisələrinin tipləri və növlərinin xüsusiyyətlərini açıqlayın.
-
Ümumi təhsil və ixtisas təhsili arasındakı fərqləri göstərin.
-
Ümumi orta təhsilin xüsusiyyətləri hansılardır?
-
“Təhsil subyektləri” dedikdə kimlər nəzərdə tutulur, onların hüquq və vəzifələrini göstərin.
-
Təhsil sahəsində dövlətin vəzifələri barədə nə bilirsiniz?
Tövsiyə olunan ədəbiyyat
-
Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu. Bakı, “Qanun”, 2010.
-
Abdullayev B.A., Zülfüqarova Ş.V. Didaktika. Bakı, ADPU-nun mətbəəsi, 2005, səh.50-65.
-
Əhmədov B.A., Rzayev A.Q.. Pedaqogikadan mühazirə konspektləri. Bakı, “Maarif”, 1983, səh. 94-134.
-
Xəlilov S.S.. Təhsil, təlim, tərbiyə. Bakı, “Azərbaycan Universiteti” nəşriyyatı, 2005, səh. 43-51.
-
İbrahimov F.N.. Ümumi pedaqogikadan mühazirələr. Bakı, “Mütərcim”, 2010, səh.374-381.
-
Kazımov N.M., Həşimov Ə.Ş.. Pedaqogika Bakı, “Maarif”, 1996, səh.78-102.
-
Məktəb pedaqogikası (Q.İ.Şukinanın redaktəsi ilə). Bakı, “Maarif”, 1982, səh. 245-252.
-
Paşayev Ə.X., Rüstəmov F.A.. Pedaqogika. Bakı, “Nurlan”, 2007, səh. 122-130.
-
Pedaqogika (M.Muradxanovun redaktəsi ilə) Bakı, Azərtədrisnəşr, 1964, səh.6.
-
Sadıqov F.B.. Pedaqogika. Bakı, “Adiloğlu” 2009. səh.94-108.
-
Введение в педагогику. Москва. «Просвещение», 1975, стр.22.
-
Леднев В.С.. Содержание образования. Москва. «Высшая школа», 1989, стр.52.
-
Педагогика. Москва .«Просвещение», 1956, стр.15.
-
Куписевич Ч.. Основы обшей дидактики. Москва. «Высшая школа», 1986, стр.25-27.
10. Sağlamlıq imkanları məhdud şəxslərin təhsili
(xüsusi təhsil)
1. Xüsusi təhsil haqqında anlayış.
Xüsusi şərait yaradılmadan təhsil almasında çətinliklər yaranan fiziki çatışmazlığı, əqli və (və ya) psixi ləngimələri olan şəxs sağlamlıq imkanları məhdud şəxs, xüsusi şərait yaratmaqla sağlamlıq imkanları məhdud şəxslərin məktəbəqədər, ümumi və peşə-ixtisas təhsili xüsusi təhsil adlanır. Xüsusi şərait dedikdə sağlamlıq imkanları məhdud şəxslərin pedaqoji-psixoloji, tibbi, sosial və digər xidmətləri alması üçün yaradılmış şərait başa düşülür. Xüsusi təhsilin məqsədi sağlamlıq imkanları məhdud şəxslərə zəruri bilik, bacarıq və vərdişlər aşılamaqla onların cəmiyyətə uyğunlaşmasını, o cümlədən özünəxidmət vərdişlərinin yaradılmasını, əmək fəaliyyətinə və ailə həyatına hazırlanmasını təmin etməkdən ibarətdir.
1.1. Xüsusi təhsil sahəsində dövlətin vəzifələrinə daxildir:
- sağlamlıq imkanları məhdud şəxslərin bacarıq və imkanları nəzərə alınmaqla dövlət hesabına təhsil almalarına təminat verilməsi;
- xüsusi təhsil sahəsində məqsədli dövlət proqramlarının hazırlanması və həyata keçirilməsi;
- xüsusi təhsilin dövlət standartlarının müəyyən olunması;
- xüsusi təhsilin dövlət vəsaiti hesabına maliyyələşdirilməsi;
- sağlamlıq imkanları məhdud şəxslərin bacarıq və imkanlarına uyğun peşələr üzrə hazırlıq almalarına şərait yaradılması;
- sağlamlıq imkanları məhdud şəxslərin peşə-ixtisas təhsili almalarına təminat verilməsi;
- xüsusi təhsil sahəsində kadrların hazırlanması, yenidən hazırlanması və ixtisaslarının artırılmasına təminat verilməsi;
- xüsusi təhsili həyata keçirən müəssisələrin maddi-texniki bazasının möhkəmləndirilməsi.
1.2. Sağlamlıq imkanları məhdud şəxslərin xüsusi təhsil sahəsində hüquqları aşağıdakılardır:
-
psixoloji-tibbi-pedaqoji komissiyada və tibbi-sosial komissiyada pulsuz müayinə olunmaq;
-
psixoloji-tibbi-pedaqoji komissiyanın rəyinə uyğun olaraq fiziki çatışmazlığı (insanın fiziki inkişafında və (və ya) bədən üzvünün (üzvlərinin) fəaliyyətində çatışmazlıqlar, xroniki somatik və yolxucu xəstəliklər nəticəsində yaranmış müvəqqəti, yaxud daimi çatışmazlıq), əqli və (vəya) psixi ləngimələri (əqli çatışmazlıq mərkəzi sinir sisteminin zədələnməsi nəticəsində təfəkkürdə və yaddaşda olan çatışmazlıqdır; psixi ləngimə psixi inkişafın ləngiməsi, o cümlədən nitq qüsurları, emosional-iradi mühitin pozuntuları və autizm başa düşülür) olanların pulsuz psixoloji- tibbi- pedaqoji korreksiyası;
-
psixoloji-tibbi-pedaqoji komissiyanın qərarına əsasən xüsusi təhsilin müvafiq tədris proqramları üzrə məktəbəqədər və ümumi təhsil almaq;
-
müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydada xüsusi təhsil almaq;
-
təhsil və peşə hazırlığı başa çatdıqda müvafiq işlə təmin olunmaq.
1.3. Sağlamlıq imkanları məhdud şəxslərin valideynlərinin və ya digər qanuni nümayəndələrinin xüsusi təhsil sahəsində hüquq və vəzifələri aşağıdakılardır:
-
psixoloji-tibbi-pedaqoji komissiya tərəfindən aparılan müayinədə, müayinə nəticələrinin müzakirəsində və xüsusi təhsil müəssisəsinin tipinin müəyyənləşdirilməsində iştirak etmək;
-
psixoloji-tibbi-pedaqoji komissiyanın qərarından qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət etmək;
-
fərdi tədris proqramları ilə tanış olmaq və onların həyata keçirilməsində iştirak etmək;
-
xüsusi təhsil müəssisələri ilə bağlı məsləhətlər almaq;
-
sağlamlıq imkanları məhdud şəxslərin valideynləri və ya digər qanuni nümayəndələri onların ümumi təyinatlı təhsil müəssisələrində təhsil almaları üçün qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanlarına və təhsil müəssisələrinə müraciət etməyə borcludurlar.
1.4. Sağlamlıq imkanları məhdud aşağıdakı şəxslər təhsil aldıqları məktəbəqədər, xüsusi təhsil müəssisələrində, internat tipli xüsusi təhsil müəssisələrində, o cümlədən ümumi tipli internat məktəblərin xüsusi təhsil bölmələrində tam dövlət təminatındadırlar; karlar və zəif eşidənlər; korlar və zəif görənlər; ağır nitq qüsurları olanlar; dayaq hərəkət aparatının funksiyaları pozulanlar; əqli cəhətdən geri qalanlar (debillər, imbisillər); emosional-iradi sahədə və davranışlarında nəzərə çarpan ağır pozuntuları olanlar; psixi inkişafın ləngliyi ilə əlaqədar təlimdə çətinlik çəkənlər; mürəkkəb çatışmazlıqları (fiziki çatışmazlığın, əqli və (və ya) psixi ləngimələrin məcmusu) olanlar.
2. Xüsusi təhsilin təşkili.
Xüsusi təhsil xüsusi təhsil müəssisələrində, xüsusi təhsil bölmələrində, xüsusi şərait yaradılan ümumi təyinatlı təhsil müəssisələrində Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş formalarda həyata keçirilir.
2.1. Sağlamlıq vəziyyətinə görə təhsil müəssisələrində təhsil almaq imkanı olmayan şəxslərin təhsili müvafiq təhsil müəssisəsi vasitəsilə evdə təşkil edilir. Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısı və evdə təhsilin təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
2.2. Sağlamlıq imkanları məhdud şəxslər tibb müəssisələrində uzunmüddətli (21 gündən artıq) stasionar müalicədə olarsa, müvafiq icra hakimiyyəti orqanı psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı əsasında onların müvafiq ümumi tədris proqramlarına uyğun təhsil almalarını təşkil edir. Stasionar şəraitdə təhsilin təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
2.3. Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq sağlamlıq imkanları məhdud şəxslərin psixoloji-tibbi-pedaqoji və ya tibbi-sosial ekspert komissiyasının qərarına əsasən xüsusi şərait yaradılan ümumi təyinatlı təhsil müəssisələrində təhsil almaq hüququ vardır. Təhsil müəssisələrinin rəhbərliyi sağlamlıq imkanları məhdud şəxslərə tədris prosesində zəruri köməkçi xidmət təşkil etməlidir.
2.4. Təhsil müəssisəsində psixoloji-pedaqoji və tibbi göstərişlərə (əks göstərişlərə) uyğun təhsil almaq üçün lazımi xüsusi şərait varsa, həmin müəssisədə sağlamlıq imkanları məhdud şəxslər üçün inteqrasiyalı təhsil təşkil edilir. İnteqrasiya təlimli təhsil müəssisəsinin rəhbərliyi şəxslərdə fiziki çatışmazlıq, yaxud konkret bir peşə (ixtisas) üzrə məhdudiyyət barədə əks göstəriş yoxdursa, onların qəbuluna etiraz edə bilməz. İnteqrasiya təlimli təhsil müəssisələrində təhsilin təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
2.5. Xüsusi təhsil müəssisələri sağlamlıq imkanları məhdud aşağıdakı şəxslər üçün yaradıla bilər:
- nitq pozulmaları (ağır nitq qüsurları, nitqin fonetik-fonematik ləngliyi, kəkələmə və ya ayrı-ayrı səslərin tələffüz pozulmaları) olanlar;
- eşitmə pozulmaları olanlar (karlar, zəif eşidənlər və sonradan karlaşanlar);
- görmə pozulmaları olanlar (korlar, zəif görənlər, çəpgözlər və s.);
- əqli (psixi) pozuntuları (əqli cəhətdən geri qalanlar, psixi inkişaf ləngliyi, ağır əqli geriliyi) olanlar;
- dayaq-hərəkət aparatının funksiyalarının pozuntuları və skalioz xəstəliyi olanlar;
- ağır çatışmazlığı olanlar, o cümlədən kar-korlar;
- emosional-iradi sahədə və davranışında çatışmazlıq olanlar;
- xroniki somatik xəstəlikləri olanlar.
Tədris proqramlarının uğurla mənimsənilməsinə maneçilik olmadıqda müxtəlif fiziki çatışmazlıqları və (və ya) psixi ləngiməsi olanlar üçün təhsil eyni xüsusi təhsil müəssisəsində həyata keçirilə bilər. Xüsusi təhsil müəssisələri haqqında əsasnamə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
2.6. Mürəkkəb və ağır çatışmazlıqları olan şəxslərin təlimi və (və ya) tərbiyəsi ilə əlaqədar müxtəlif profilli reabilitasiya mərkəzləri yaradılır. Reabilitasiya mərkəzlərinin əsas vəzifəsi sağlamlıq imkanları məhdud şəxslərdə ünsiyyət, özünəxidmət və sadə əmək vərdişlərini formalaşdırmaq, çatışmazlıqların korreksiyasını və fərdi təhsil proqramları üzrə məşğələləri təşkil etməkdir. Reabilitasiya mərkəzlərində məşğələlər fərdi və qrup təlim proqramlarına əsasən, hər qrupda 10, mürəkkəb çatışmazlığı olanlar üçün isə 6 nəfərdən çox olmayaraq təşkil edilir. Reabilitasiya mərkəzləri haqqında əsasnamə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
2.7. Tərbiyəvi xarakterli tədbirlərə ehtiyacı olan 11 yaşdan 14 yaşına qədər sağlamlıq imkanları məhdud şəxslər üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən qapalı tipli xüsusi təhsil bölmələri yaradılır. Həmin şəxslər bu təhsil müəssisələrinə psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi nəzərə alınmaqla qanunvericilikdə müəyyən olunmuş qaydada göndərilirlər. Azadlıqdan məhrum etmə yerlərində psixoloji-tibbi-pedaqoji komissiyanın rəyində müəyyən edilmiş şərtlərə əməl etməklə ictimai təhlükəli əməllər törətmiş sağlamlıq imkanları məhdud şəxslərin xüsusi təhsili qanunvericilikdə müəyyən olunmuş qaydada təşkil edilir.
3. Xüsusi təhsilin dövlət standartları.
Fiziki çatışmazlığı, əqli və (və ya) psixi ləngimələri olanlar üçün xüsusi təhsilin dövlət standartları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Xüsusi təhsil dövlət standartları mülkiyyət formasından asılı olmayaraq xüsusi təhsili həyata keçirən müəssisələr üçün məcburidir.
4.Xüsusi təhsil sisteminin idarə olunması.
Xüsusi təhsili həyata keçirilən dövlət müəssisələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən idarə olunur. Müvafiq icra hakimiyyəti orqanı xüsusi təhsil üzrə proqramlar, o cümlədən əlaqəli proqramlar hazırlayır və həyata keçirir, sağlamlıq imkanları məhdud şəxslərin sağlamlığının mühafizəsinə, onların çatışmazlıqlarının koreksiyasına, sosial adaptasiyasına, tibbi-sosial reabilitasiyasına, əlilliyin profilaktikasına yönəlmiş birgə tədbirlər görür.
Mülkiyyət formasından asılı olmayaraq xüsusi təhsil müəssisəsinin akkreditasiyası, xüsusi təhsil haqqında dövlət nümunəli sənəd almaq üçün təhsil alanların yekun attestasiyası və xüsusi təhsilin keyfiyyətinə nəzarət qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
Xüsusi təhsil müəssisəsinin, xüsusi təhsil bölməsinin və inteqrasiya təlimli təhsil müəssisəsinin maddi-texniki bazasına xüsusi təhsil müəssisəsinin tipindən asılı olaraq binalar, qurğular, yeməkxanalar, yardımçı binalar, tibb, korreksiya və reabilitasiya kabinetləri, idman, qurğuları, təlimin texniki vasitələri, kitabxana fondu daxildir. Xüsusi təhsili həyata keçirən müəssisənin maddi-texniki bazası müvafiq olaraq dövlət, bələdiyyələr və təsisçi (təsisçilər) tərəfindən formalaşdırılır. Xüsusi təhsil üçün dərslik, dərs vəsaitləri və elmi-metodik vasitələrin hazırlanması müvafiq icra hakimiyyəti orqanı, bələdiyyələr və təsisçi (təsisçilər) tərəfindən həyata keçirilir.
Xüsusi təhsil sahəsində pedaqoji və tibbi fəaliyyətə qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər buraxılır. Xüsusi təhsil üçün kadrların hazırlnması orta və ali-peşə-ixtisas təhsili müəssisələrində, pedaqoji işçilərin ixtisasartırma və yenidənhazırlanma müəssisəsində müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Xüsusi təhsil müəssisələrində çalışan işçilərin sosial müdafiəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.
5. Psixoloji-tibbi-pedaqoji komissiya və tibbi-sosial ekspert komissiyasının vəzifələri.
Uşaqlarda fiziki çatışmazlıqların, əqli və (və ya) psixi ləngimələrin diaqnostikasını aparmaq, bunun əsasında onların xüsusi təhsilə cəlb olunması barədə qərar qəbul etmək, valideynlərinə və ya digər nümayəndələrinə müvafiq məsləhət vermək, mübahisəli məsələlərə baxmaq məqsədi ilə tərkibi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və daimi fəaliyyət göstərən psixoloji-tibbi-pedaqoji komissiyalar yaradılır. Psixoloji-tibbi-pedaqoji komissiyalara elmi-metodik xidmət göstərilməsi, habelə psixoloji-tibbi-pedaqoji komissiyalarla sağlamlıq imkanları məhdud uşaqların valideynləri və ya digər qanuni nümayəndələri arasında münasibətlər qanunvericilikdə müəyyən olunmuş qaydada həll edilir. Psixoloji-tibbi-pedaqoji komissiya aşağıdakı vəzifələri yerinə yetirir:
- uşaqların erkən, habelə sonrakı yaş hədlərində psixoloji-tibbi-pedaqoji müayinəsini aparmaq, inkişaf xüsusiyyətlərini aşkarlamaqla diaqnozunu müəyyənləşdirmək;
- sağlamlıq imkanları məhdud uşaqların xüsusi təhsilə cəlb edilməsi barədə qərar qəbul etmək;
- sağlamlıq imkanları məhdud uşaqların təhsil almaları üçün xüsusi təhsili həyata keçirən müəssisənin tipini müəyyənləşdirmək;
- fərdi təlim planına dair tövsiyələr vermək;
- təyin edilmiş diaqnozu dəqiqləşdirməklə təsdiq etmək və ya dəyişdirmək;
11. Dövlət uşaq müəssisələrindən uşaqların
ailələrə verilməsi (de -institutlaşdırma)
və alternativ qayğı Dövlət Proqramı barədə
Son illərdə respublikamızda iqtisadiyyatın sürətli inkişafı, sosial sahələrə diqqətin artırılması, regionların inkişafı məqsədilə həyata keçirilən tədbirlər nəticəsində yeni iş yerlərinin açılması, adambaşına düşən gəlirin ilbəil artması əhalinin, o cümlədən hər bir ailənin sosial vəziyyətinin yaxşılaşması Azərbaycanda de-institutlaşdırma siyasətinin həyata keçirilməsinə əlverişli zəmin yaratmışdır.
Dünya təcrübəsi və uşaq hüquqları üzrə konvensiyaların tələbləri nəzərə alınaraq beynəlxalq təşkilatlarla birlikdə “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institutlaşdırma) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər) hazırlanmış və 2006-cı ilin martın 29-da ölkə Prezidentinin Sərəncamı ilə təsdiq olunmuşdur. Proqramın əsas məqsədi BMT-nin Uşaq Hüquqları Konvensiyasında təsbit olunmuş uşağın şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün ailə mühitində xoşbəxtlik, məhəbbət və anlaşma şəraitində böyüməsinin zəruriliyi nəzərə alınaraq, dövlət uşaq müəssisələrində olan uşaqların ailələrə verilməsi və alternativ qayğının təşkili mexanizmlərinin yaradılması və səmərəli işlənməsinin təmin edilməsidir.
Proqrama əsasən de-institutlaşdırma aşağıdakı dövlət uşaq müəssisələrini əhatə edir: 1) valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün uşaq evləri; 2) valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün internat məktəbləri; 3) ümumtəhsil internat məktəbləri (ümumi təyinatlı internat evləri); 4) sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəbləri; 5) sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər; 6) atılmış uşaqlar üçün körpələr evi (Səhiyyə Nazirliyi sistemində).
Proqramda aşağıdakı vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulmuşdur:
- normativ-hüquqi bazanın təkmilləşdirilməsi;
- dövlət uşaq müəssisələrində uşaqların ailələrə verilməsinin əsas istiqamətlərinin müəyyənləşdirilməsi, uşaqların ailələrə verilməsi, onların hüquqlarının qorunması və sosial müdafiəsinin işlək mexanizmlərinin tətbiq edilməsi;
- uşaq evləri və internat tipli dövlət uşaq müəssisələrinin tədricən uşaqlara ailə əsaslı sosial xidmətlər sistemi ilə əvəz olunması;
- uşaqlara ailə əsaslı sosial xidmətlərin maliyyələşdirilməsi və stimullaşdırıcı amillərdən geniş istifadə etmək məqsədilə uşaqlar yerləşdirilən ailələrə maliyyə yardımlarının göstərilməsi;
- dövlət uşaq müəssisələrinin kadr potensialı geniş istifadə olunmaqla uşaqlara ailə əsaslı sosial xidmətləri həyata keçirən sosial işçilərin hazırlanması;
- uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin ən sonuncu imkan olması baxımından uşaqların belə müəssisələrə daxil olmasına ciddi nəzarət mexanizminin hazırlanması, dövlət himayəsinə qəbul olunma meyarlarının dəqiqləşdirilməsi və onlara riayət olunmasına nəzarətin gücləndirilməsi;
- dövlət uşaq müəssisələrində olan uşaqların sayının artmasının qarşısını almaq məqsədilə risk qrupundan olan (uşaqların ailələrindən belə müəssisələrə verilməsi baxımından) uşaqlar və ailələr arasında sistemli preventiv tədbirlərin görülməsi;
- ailələrə verilmiş uşaqların təhsilə cəlb olunması, onlara səhiyyə və reabitasiya xidmətlərinin göstərilməsinin təmin olunması;
- dövlət ilə qeyri-hökumət və beynəlxalq təşkilatlar arasında de-institutlaşdırma məsələlərinin həlli sahəsində səmərəli əməkdaşlığın təmin olunması.
Qeyd edilən vəzifələrin yerinə yetirilməsi üçün proqramda aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur:
I. Normativ-hüquqi bazanın təkmilləşdirilməsi ilə əlaqədar:
1) De –institutlaşdırmanın müvafiq beynəlxalq tələblərə uyğun səmərəli və intensiv həyata keçirilməsi üçün mövcud qanunvericilik bazasının stimullaşdırıcı amillər nəzərə alınmaqla təkmilləşdirilməsi məqsədi ilə təkliflərin hazırlanması;
2) De- institutlaşdırma ilə bağlı tədbirlərin yoxsulluğun azaldılması və davamlı inkişafla bağlı tədbirlə əlaqələndirilməsi;
3) Uşaq evlərində olan uşaqların ailələrə verilməsi, hüquqlarının qorunması və sosial müdafiəsi mexanizmlərinin hazırlanması və qəbul edilməsi;
4) Dövlət uşaq müəssisələrində uşaqların sayının artmasının qarşısını almaq məqsədilə uşaqların dövlət himayəsinə qəbul edilmə meyarlarının dəqiqləşdirilməsi, uşaqların belə müəssisələrə daxil olmasına ciddi nəzarət mexanizminin hazırlanması, bu məqsədlə mövcud normativ-hüquqi aktlara müvafiq əlavə və dəyişikliklərlə bağlı təkliflərin verilməsi;
5) Uşaqlar verilən ailələrin stimullaşdırılması, onlara maliyyə dəstəyinin verilməsi, ailədə belə uşaqlara ayrılmış müavinətin xərclənməsinin monitorinqi mexanizmlərinin hazırlanması;
6) Sosial işçilərin statusunun müəyyənləşdirilməsi, onların maddi təminatı ilə bağlı təkliflərin hazırlanması;
7) Uşaqlar üçün ailə əsaslı sosial xidmətlər mərkəzlərinin fəaliyyətini tənzimləyən müvafiq normativ hüquqi aktların hazırlanması və təsdiqi;
8) De-institutlaşdırmanın həyata keçirilməsi ilə bağlı müvafiq normativ-hüquqi aktların, metodiki vasitələrin, təlimatların və s. hazırlanması;
II. Təşkilati tədbirlərlə əlaqədar:
9) Dövlət uşaq müəssisələrinə uşaqların düşməsi hallarının qarşısının alınması üçün risk qruplarından olan uşaqlar arasında və onların ailələri ilə sistemli preventiv tədbirlərin görülməsi;
10) Uşaq evləri və internat tipli təlim-tərbiyə müəssisələri bazasında uşaqlar üçün ailə əsaslı sosial xidmət mərkəzlərinin və alternativ xidmətlər sisteminin (qəyyumluq, himayədarlıq, tərbiyə edilmək üçün himayədar ailəyə verilməsi və s.) yaradılması;
11) Təhsil müəssisələrində müvafiq ixtisaslar üzrə sosial işçilərin, o cümlədən dövlət uşaq müəssisələri işçilərinin peşə yönümü dəyişməklə uşaqlara ailə əsaslı xidmətləri həyata keçirən sosial işçilərin hazırlanması, onlarla müvafiq treninqlərin keçirilməsi;
12) Dövlət himayəsində olan uşaqlar saxlanılan dövlət təlim-tərbiyə müəssisələrinin şəbəkəsinə yenidən baxılması , onların sayının azaldılması üçün müvafiq tədbirlərin görülməsi;
13) Ümumtəhsil internat məktəblərinin (ümumi tipli internat evlərinin) bazasında ümumi təyinatlı ümumtəhsil məktəblərinin , lisey və gimnaziyaların yaradılması məqsədi ilə tədbirlərin görülməsi;
14) Sağlamlıq imkanları məhdud uşaqlar üçün internat tipli təlim-tərbiyə müəssisələrinin bir hissəsinin reabilitasiya mərkəzlərinə çevrilməsi;
15) Ailələrə verilmiş sağlamlıq imkanları məhdud uşaqların müəyyən hissəsinin ümumtəhsil məktəblərinə inteqrasiyası və bu məktəblərdə onların sağlam uşaqlarla birgə təhsilinin təşkili üçün tədbirlərin davam etdirilməsi;
16) De-institutlaşdırmanın həlli sahəsində qeyri-hökumət və beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlığın təmin olunması üçün tədbirlərin görülməsi;
17) Ailələrə verilmiş sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlb olunması, onların səhiyyə və reabilitasiya xidmətləri ilə təmin edilməsi;
18) Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların de-institusionalizasiyanın həyata keçirilməsində bilavasitə iştirakının təmin edilməsi və bu istiqamətdə fəaliyyətinin genişləndirilməsi;
19) Proqramın həyata keçirilməsinin təmin edilməsi üçün Koordinasiya qrupunun yaradılması.
Dostları ilə paylaş: |