Proqnostik səviyyə. Bu, pedaqoji gerçəkliyi eksperimental yolla tədqiq etmək və onun əsasında varlığı dəyişdirməyin modelini qurmağı nəzərdə tutur. Pedaqogikanın nəzəri funksiyasının proqnostik səviyyəsi pedaqoji hadisələrin mahiyyətini açmaq, pedaqoji prosesin dərinliklərindəki hadisələri tapmaq və nəzərdə tutulan dəyişiklikləri elmi cəhətdən əsaslandırılmaqla bağlıdır. Bu səviyyədə təhsil praktikasını qabaqlayan təhsil-tərbiyə nəzəriyyələrinin, pedaqoji sistemlərin modeli (nümunəsi, etalonu, standartı) yaradılır.
Pedaqogikanın texnoloji funskiyası da üç səviyyədə həyata keçirilir:
1. Layihə səviyyəsi. Buraya tədris planları, proqramları, dərslik və dərs vəsaitlərinin, pedaqoji tövsiyələrin işlənib hazırlanması və s. daxildir. Bu materiallar nəzəri konsepsiyalara əsasən tərtib edilir və pedaqoji fəaliyyətin planını, onun məzmununu, xarakterini, normativini və ya tənzimləyicisini müəyyən edir.
2. Dəyişdirici səviyyə. Bu səviyyədə pedaqoji elmin nailiyyətləri təhsil praktikasını təkmilləşdirmək və yenidən qurmaq məqsədilə tətbiq olunur.
3. Refleksiv (qeyri-ixtiyari, qeyri-iradi) və korrektiv səviyyə. Bu səviyyə elmi-tədqiqatların nəticələrinin təhsil-tərbiyə praktikasına təsirinin yekunlarını qiymətləndirməyi və sonradan elmi nəzəriyyə ilə praktik fəaliyyətin qarşılıqlı təsirini korreksiya etməyi nəzərdə tutur.
Pedaqogikanın anlayışlar sistemi. Pedaqogika varlığı anlayışlar formasında mənimsəyir. Pedaqogika, özünəməxsus anlayışlar sistemi vasitəsilə öz predmetinə aid olan hadisələri və prosesləri təsvir və izah edir, elmi ümumiləşdirmələr aparır. Pedaqogikanın əsas anlayışları təhsil, tərbiyə və təlimdir. Pedaqogika inkişaf, formalaşma və pedaqoji texnologiya anlayışlarından da geniş istifadə edir. Pedaqogika üzrə elmi fəaliyyət prosesi. Pedaqogika üzrə tədqiqatlar dedikdə, təlim və təhsil-tərbiyənin qanunauyğunluqları, prinsipləri, strukturları, məzmunu, texnologiyaları və s. haqqında yeni biliklər almaq üçün elmi fəaliyyət prosesi və onun nəticəsi başa düşülür. Pedaqoji tədqiqatlar faktları və hadisələri izah və təhlil edir, ümumiləşdirmələr aparır, nəticələr çıxarır, tövsiyələr hazırlayır, faktlar və hadisələr haqqında qabaqcadan xəbər verir.
Pedaqoji tədqiqatlar istiqamətlərinə görə fundamental, tətbiqi və işləmələr xarakterli olurlar. Fundamental tədqiqatların nəticəsi kimi ümumiləşdirilmiş konsepsiyalar işlənib hazırlanır. Bu konsepsiyalar pedaqogikanın nəzəri və praktik nailiyyətlərini ümumiləşdirir və ya proqnostik əsasda pedaqoji sistemlərin inkişaf modelini işləyib hazırlayır. Tətbiqi tədqiqatlar pedaqoji prosesin ayrı-ayrı tərəflərini dərindən öyrənmək, çoxtərəfli pedaqoji praktikanın qanunauyğunluqlarını aşkara çıxarmaq məqsədilə aparılır. İşləmələr dedikdə, məlum nəzəri müddəaları nəzərə almaqla konkret elmi-praktik tövsiyələri əsaslandırmaq başa düşülür. Hər hansı pedaqoji tədqiqat ümumi qəbul olunmuş metodoloji parametrləri müəyyənləşdirməyi nəzərdə tutur. Onlara tədqiqatın predmeti, mövzusu, məqsədi, vəzifələri, fərziyyəsi, metodları, müddəaları aiddir. Pedaqoji tədqiqatın keyfiyyətinin əsas kriteriyaları onun aktuallığı, yeniliyi, nəzəri və praktik əhəmiyyətidir. Tədqiqat proqramı iki bölmədən ibarətdir: metodoloji və prosedur.
Tədqiqatın məntiqi və dinamikası bir sıra mərhələlərin həyata keçirilməsini nəzərdə tutur: empirik, hipotetik, eksperimental- nəzəri, proqnostik. Empirik mərhələdə tədqiqatın mövzusu barədə təsəvvür alınır, real təhsil praktikası, elmi biliklərin səviyyəsi ilə hadisələrin mahiyyətini anlamaq tələbatı arasında ziddiyyət aşkara çıxarılır, elmi problem ifadə olunur. Empirik analizin əsas nəticəsi tədqiqatın fərziyyəsi hesab olunur. Fərziyyə aparıcı ehtimallar sistemindən ibarətdir. Tədqiqatın ilkin konsepsiyası kimi onların düzgünlüyünü yoxlamaq və təsdiq etmək lazım gəlir. Hipotetik mərhələ tədqiqatın mövzusu haqqında faktik təsəvvürlər ilə onun mahiyyətini başa düşmək zərurəti arasındakı ziddiyyəti həll etməyə yönəldilir. Bu mərhələ tədqiqatın empirik səviyyəsindən nəzəri (və ya eksperimental-nəzəri) səviyyəsinə keçməyə şərait yaradır. Nəzəri mərhələ tədqiqatın mövzusu haqqında təsəvvürlər ilə həmin mövzu barədə sistemli təsəvvürlər almağa olan tələbat arasındakı ziddiyyətin aradan qaldırılması ilə bağlıdır. Tədqiqat nəticəsində yaranan nəzəriyyə proqnostik mərhələyə keçməyə imkan verir. Bu mərhələdə tədqiqatın mövzusu haqqında alınan təsəvvürlər ilə onun (mövzusunun) yeni şəraitdə inkişafını qabaqcadan görmək zərurəti arasındakı ziddiyyəti həll etmək tələb olunur.
Pedaqogikanın metodologiyası və tədqiqat metodları. Pedaqogikada metodologiyaya pedaqoji gerçəkliyin, yəni pedaqoji fakt, hadisə və proseslərin dərk edilməsi və dəyişdirilməsi haqqında nəzəri müddəaların məcmusu kimi baxılır. Hər hansı metodologiya tənzimləyici və normativ funksiyaları yerinə yetirir. Təlim, təhsil-tərbiyə nəzəriyyəsinin işlənib hazırlanmasına müasir yanaşmanı aşağıdakı metodoloji müddəalar müəyyən edir:
-
Təlim, təhsil - tərbiyənin digər ictimai hadisələr kimi sosial xarakter daşıması, cəmiyyətin inkişaf tendensiyasını, xalqların milli xüsusiyyətlərini əks etdirməsi;
-
İnsanın şəxsiyyət kimi inkişafının mənbələrinin vəhdətdə olması;
-
Şəxsiyyətin inkişafında və formalaşmasında insanın özünün fəal rol oynaması;
-
Cəmiyyətdə sosial və mənəvi münasibətlərin insanın təkmilləşməsində və inkişafında mühüm rol oynaması;
-
Elmin sosial tərəqqiyə xidmət göstərməsi, insanı cəmiyyətin ən yüksək və ali dəyəri kimi təsdiq etməsi.
Professor Ə.Paşayev və F.Rüstəmov göstərirlər ki, pedaqogikanın metodologiyasına pedaqoji varlığın dərk olunması və dəyişdirilməsi haqqında yuxarıdakı nəzəri müddəaların məcmusu kimi baxmaq lazımdır.
Obyektiv reallığı dərketmə yollarına, qaydalarına tədqiqat metodları adı vermək qəbul olunmuşdur. Hər bir elm metodların köməyi ilə öyrəndiyi predmet haqqında informasiya toplayır, alınan məlumatları təhlil edir, müəyyən biliklər sisteminə daxil edir. Ona görə də elmin inkişaf tempi və səviyyəsi onda tətbiq olunan tədqiqat metodlarından asılıdır.
Pedaqogikanın tədqiqat metodları son illərdə xeyli inkişaf etmiş, müxtəlif metodların kompleks sistemi yaranmışdır. O, sistemə aşağıdakıları daxil etmək olar, hansı ki, elmi ədəbiyyatda pedaqoji axtarışlar prosesində bunlardan daha çox istifadə olunduğu qeyd edilir:
-
Pedaqoji hadisələrin nəzəri təhlili;
-
Müşahidə;
-
Müsahibə (anketləşdirmə);
-
Təcrübənin öyrənilməsi, ümumiləşdirilməsi;
-
Eksperiment;
-
Tədqiqatın nəticələrinin riyazi və statistik işlənməsi;
-
Dar pedaqoji problemlərin tədqiqində istifadə olunan xüsusi metodlar.
Ümumiyyətlə, tədqiqat metodlarını nəzəri və empirik olmaqla iki qrupa ayırmaq mümkündür. Nəzəri metodlara nəzəri təhlil və tərkib, mücərrədləşdirmə və konkretləşdirmə, analogiya və modelləşdirmə daxildir. Pedaqoji tədqiqatın empirik metodları sırasına isə tədqiqatla bağlı ədəbiyyatın təhlili, təhsillə bağlı məktəb sənədlərinin öyrənilməsi, məktəbəqədər yaşlı uşaqların, şagirdlərin, müəllimlərin fəaliyyətinin təhlili, müşahidə, müsahibə, pedaqoji təcrübənin öyrənilməsi və ümumiləşdirilməsi, ekspert xidməti, monitorinq, təcrübi iş, pedaqoji eksperiment daxildir.
Tədqiqat zamanı metodlardan təcrid olunmuş şəkildə istifadə edilmir. Elmi tədqiqatın gedişində eksperiment nəzəri tədqiqatla, təcrübənin ümumiləşdirilməsi tədris prosesi üzərində müşahidə ilə qovuşur. Öyrənilən problem üzrə faktların toplanması prosesində, həmçinin alınmış nəticələri dəqiqləşdirəndə nəzəri metodlar xüsusi əhəmiyyət kəsb edir, obyektiv nəticələrin əldə edilməsinə kömək göstərir. Nəzəri və empirik tədqiqatlar sıx qarşılıqlı əlaqədə olduğundan bəzən onların metodikasından ayrıca söz açmaq, onları fərqləndirmək çətinləşir (Pedaqoji tədqiqat metodları barədə ətraflı məlumat almaq üçün bax:Y.Ş.Kərimov. Pedaqoji tədqiqat metodları, Bakı: Azərnəşr, 2009, 280 s.).Mövcud pedaqoji ədəbiyyata istinad edərək bəzi metodlar barədə qısa şərhlər verək, zənnimizcə bu, vəsaitin faydalılığına müsbət təsir edər.
Müşahidə. Pedaqoji-sosioloji tədqiqatların təşkilində ən çox istifadə olunan və geniş yayılmış metoddur. Müşahidə hiss orqanlarının köməyi ilə varlığın məqsədyönlü, planauyğun şəkildə və hər şeydən əvvəl, az-çox uzunmüddətli qavranmasının, xarici aləmin dərk olunmasının ən vacib qaydalarından biri kimi qiymətləndirilir. Müşahidə bizi əhatə edən varlığı dərketmə mənbəyi olmaqla fikrimizə təkan verir. Adi seyretmədən fərqli olaraq müşahidə məqsədli, planlaşdırılmış bir proses olduğundan dərketmə prosesinin təminatçısı rolunu oynayır. Pedaqoji hadisələrin müşahidəsi tədqiqatçıya müşahidə etdiyi pedaqoji proseslə bağlı düzgün nəticə çıxarmağa imkan verir. Həmin nəticələr bu və ya digər nəzəri mühakimələr yürütməyə əsas verir.
Professor Ə.Paşayev və professor F.Rüstəmov göstərirlər ki, müşahidənin aparılmasının aşağıdakı mərhələləri vardır.
-
Müşahidənin məqsəd və vəzifələrinin müəyyən edilməsi (müşahidə nə üçün aparılır?);
-
Tədqiqat obyektinə daha az təsir edən və zəruri informasiyalar toplamağa imkan verən müşahidə qaydasının seçilməsi (necə müşahidə etmək?)
-
Müşahidə edilən obyektin qeydiyyat qaydalarının seçilməsi (qeydiyyatı necə aparmaq?);
- Alınan məlumatın təhlili və ümumiləşdirilməsi (hansı nəticə alınıb?).
Elmi müşahidələr aşağıdakı şərtlərə görə təsnif olunur.
1) obyektə görə; 2) məqsədinə görə; 3) həcminə görə: a) müşahidə olunan subyektin sayına görə; b) müşahidə olunan məzmunun əhatə dairəsinə görə; 4) yerinə görə; 5) zamana görə.
Pedaqoji tədqiqatlarda müşahidə metodunun müxtəlif növlərindən istifadə olunur. Bəzi halda tədqiqatçı müşahidə aparılan qrupun üzvü olur, bəzilərində isə kənardan müşahidə aparır. Müşahidə açıq və gizli, geniş və məhdud, sistematik və epizodik ola bilər. Geniş (və ya bütöv) müşahidə adətən obyekti tam əhatə edir. Bu zaman müşahidəçi müvafiq qanunauyğunluğu çıxarmaq üçün daha çox məktəbi, sinfi, şagirdi əhatə etməli olur. Sistematik müşahidə uzun-müddətli müşahidədir, o xeyli müddət davam edir. Epizodik müşahidə dövrü xarakter daşıyır və ona nisbətən az vaxt sərf olunur. Bəzi hallarda müşahidə metodu baş vermiş müəyyən bir hadisənin, öyrəniləcək təlim-tərbiyə məsələsinin səbəbini aşkar etmək üçün əlverişli olmur. Ona görə də müsahibə metodundan istifadə olunur.
Müsahibə. Bu, tədqiqat metodudur. Müsahibə informasiya əldə etmək və ya müşahidə zamanı aydın olmayan məsələləri aydınlaşdırmaq məqsədilə aparılır. Müsahibənin müxtəlif növləri vardır: 1) ümumi müsahibə, 2) müəyyən problem üzrə aparılan müsahibə; 3) qabaqcadan müəyyən olunmuş suallar üzrə aparılan müsahibə; 4) intervyu.
Pedaqoji eksperiment. Bu tədqiqat metodunun mahiyyəti müəllim və şagirdlərin pedaqoji fəaliyyətini xüsusi təşkil edərək, irəli sürülən pedaqoji ideyanı, fərziyyəni həmin şəraitdə öyrənməkdən, yoxlamaqdan ibarətdir. Məqsəd hadisələr arasındakı qarşılıqlı əlaqələri, pedaqoji ideyaların, fərziyyənin faydalılığını öyrənmək, aşkara çıxarmaq və əsaslandırmaqdan ibarətdir. Pedaqoji ideya və fərziyyə təcrübədə özünü doğrultduqca, tədricən müvafiq nəzəri ümumiləşdirmələr və nəticələr meydana çıxır.
Keçirilmə yerinə görə pedaqoji eksperiment təbii və laborator eksperiment kimi fərqləndirilir. Təbii eksperimentin obyekti tədris planları, proqramları, dərslik və dərs vəsaitləri, pedaqoji prosesin prinsipləri, metodları ola bilər. Təbii eksperimentdə müşahidə ilə eksperimentin xüsusiyyətləri bir növ birləşir. Laborator eksperiment pedaqoji tədqiqatın daha ciddi elmi formasıdır. Laborator eksperiment zamanı xüsusi pedaqoji şərait yaradılır.
Tədqiqatın məqsədindən asılı olaraq pedaqoji eksperimentin aşağıdakı növlərindən istifadə olunur. Müəyyənedici eksperiment tədqiqatın başlanğıcında aparılır, öyrənilən problem üzrə məktəb təcrübəsindəki işin vəziyyətini üzə çıxarmaq vəzifəsini həyata keçirir. Sonra tədqiqatın ikinci mərhələsi başlayır və yaradıcı-dəyişdirici eksperiment keçirilir. Tədqiqatçı tərəfindən hipoteza (fərziyyə) və ya öyrənilən problemin həllinin nəzəri əsasları və konkret metodiki yolları işlənib hazırlanır. Öyrənilən problemin tədqiqinin sonrakı mərhələsi alınan nəticələrin və işlənib hazırlanan metodikanın kütləvi məktəb təcrübəsində tətbiqini yoxlamaqdan ibarətdir. Bu vəzifə yoxlayıcı eksperimentin köməyi ilə həyata keçirilir. Onun mahiyyəti sınaqdan keçirilmiş metodikanı başqa məktəbdə və müəllimlərin işində tətbiq etməkdən və alınan nəticənin düzgünlüyünü bir daha dəqiqləşdirməkdən ibarətdir.
Pedaqoji tədqiqatlarda paralel və çarpaz eksperimentlərdən də istifadə olunur. Qarşıya qoyulmuş məqsəddən asılı olmayaraq pedaqoji eksperiment üç mərhələdə (eksperimentin planlaşdırılması, aparılması və yekunlaşdırılması) həyata keçirilir.
Məktəb sənədlərinin öyrənilməsi. Tədqiqatın elə sahələri var ki, onun haqqında heç bir şey məktəb sənədləri qədər əsaslı və dəqiq məlumat verə bilməz. Tədqiqatın xarakterindən asılı olaraq iki növ məktəb sənədlərindən istifadə olunur: a) məktəbə, onun kollektivinə, müəllimlərin fəaliyyətinə dair sənədlər; b) şagirdlərin fəaliyyəti ilə əlaqədar sənədlər. Tədqiq olunan pedaqoji fakt və hadisələr arasındakı səbəb-nəticə asılılıqlarını və qarşılıqlı əlaqələri müəyyən etməkdə, obyektiv məlumatlar almaqda həmin sənədlər ilkin və qiymətli mənbədir. Məktəb sənədlərinin öyrənilməsi başqa metodlarla əlaqələndirilməlidir.
Şagirdlərin yaradıcılıq məhsullarının öyrənilməsi. Bu metodu şagirdlərin fərdi xüsusiyyətlərini, meyl və maraqlarını, fəaliyyət motivlərinə münasibətini və inkişaf səviyyəsini öyrənən zaman tətbiq etmək tələb olunur.
Qabaqcıl təcrübənin öyrənilməsi və ümumiləşdirilməsi. Bu metod qabaqcıl məktəblərin və müəllimlərin iş təcrübəsini öyrənmək və nəzəri cəhətdən ümumiləşdirmək məqsədi daşıyır. Bəzən müəllimlər empirik yolla (təcrübə yolu ilə) yenilik xarakteri daşıyan, pedaqogikaya bəlli olmayan vacib metodiki uğur qazanırlar. Təlim-tərbiyə işində qabaqcıl pedaqoji təcrübənin nəzəri cəhətdən ümumiləşdirilməsi həmin yeniliyi pedaqoji elmin sisteminə daxil etməyə imkan verir.
Sosioloji tədqiqat metodları. Bu metodlar pedaqogikaya sosiologiyadan keçdiyi üçün onlara sosioloji tədqiqat metodları deyilir. Bəzi hallarda bu və ya digər pedaqoji fakt və hadisəni kütləvi surətdə öyrənmək zərurəti yaranır. Ona görə də çoxlu sayda şagirdlər arasında sorğu aparmaq lazım gəlir. Reytinq (qiymətləndirmə) tədqiqat metodudur. Onun köməyi ilə sorğuya cəlb olunanlara şəxsiyyətin əxlaqi keyfiyyətlərini, həmçinin şagirdlərin davranışını qiymətləndirmək təklif olunur. Anketləşdirmə xüsusi işlənib hazırlanmış sualların köməyi ilə kütləvi material toplamaq metodudur. Anketləşdirmə metodu mahiyyət etibarilə müsahibə metodunun yazılı şəklidir. Anketləşdirmə müsahibə və intervüyə nisbətən sərt məntiqi konstruksiyaya malikdir. Anket sorğusunu yazışma yolu ilə, poçt əlaqələri ilə də keçirmək olur. Yazılı anketlər çox vaxt respondentin özünə təqdim olunur. Hazırda pedaqoji tədqiqatlarda açıq və gizli, adlı və adsız və s. anket sorğularından istifadə olunur.
Başqa metodların köməyi ilə əldə edilmiş nəticələrin dəqiqlik, etibarlılıq dərəcəsini müəyyənləşdirmək üçün riyazi-statistik metoddan istifadə olunur. Bu zaman faktik materialın kəmiyyət təhlili verilir.
Modelləşdirmə. Model insanın idrak məqsədilə seçdiyi, yaxud yenidən yaratdığı əsas obyekt haqqında yeni informasiya verən köməkçi obyektdir. Didaktikada modelləşdirmə aşağıdakı məsələləri uğurla həll etmək üçün tətbiq olunur: 1) tədris materialının strukturunu optimallaşdırmaq; 2) tədris prosesinin planlaşdırılmasını yaxşılaşdırmaq; 3) idrak fəaliyyətini idarə etmək; 4) təlim-tərbiyə fəaliyyətini idarə etmək; 5)təlimi diaqnozlaşdırmaq, proqnozlaşdırmaq və layihələşdirmək.
Pedaqoji test (testləşdirmə metodu). Didaktik tədqiqatlarda bəzən daha çox tətbiqi psixologiyaya xas olan testləşdirmə metodundan ölçmə vasitəsi, sınaq kimi istifadə olunur. Pedaqoji test pedaqoji prosesin öyrənilən tərəfini ciddi nəzarət olunan şəraitdə obyektiv öyrənməyə imkan verən məqsədyönlü, hamı üçün eyni zamanda keçirilən yoxlamadır. Başqa yoxlama metodlarından fərqli olaraq test dəqiqliyi, sadəliyi, avtomatlaşdırma imkanları ilə seçilir.
Testlər müxtəlif əsaslarla təsnif oluna bilər:
1. Ümumi əqli qabiliyyət testləri. Bu testlərlə ümumi inkişafın səviyyəsi ölçülür; 2. Qabiliyyət (istedad) testləri. Bu testlərlə insanın ayrı-ayrı qabiliyyətləri ölçülür. 3. Məktəb yaxud mənimsəmə testləri. Bu testlərlə şagirdlərin müxtəlif fənlər üzrə bilik, bacarıq və vərdişləri ölçülür; 4. Şəxsiyyət testləri. Bu testlərlə şəxsiyyətin müxtəlif keyfiyyətləri ölçülür.
İnduktiv və deduktiv metodlar. Bunlar empirik yolla alınan məlumatları məntiqi ümumiləşdirmə metodlarıdır. İnduktiv metod fikrin inkişafının xüsusi mühakimələrdən ümumi nəticələrə doğru getməsini nəzərdə tutur. Deduktiv metodda əksinə olur, fikir ümumi mühakimədən xüsusi nəticəyə doğru inkişaf edir.
Bizcə, baza elmi kimi pedaqogika haqqında təqdim olunan şərhlər kifayət edər. Pedaqogikanın mühüm sahəsi olan didaktikanın tədrisi fənni ilə bağlı materialları qüvvədə olan proqramın tələblərinə uyğun şəkildə təqdim etmək üçün bu şərhlərdə daşınan informasiya yetərincədir... Lütfən düşəlim yola, bu istəklə ki, kitabdan faydalanmaq istəyində olan kəslər idrakını səfərbər etsin.
2. Didaktika anlayışına verilən şərhlər
“Didaktika” termini pedaqogika elminə XVII əsrdə daxil olmuşdur. Didaktika yunan sözü olub, hərfi mənası “öyrədirəm” deməkdir. Bu termin ilk dəfə alman pedaqoqu Volfranq Ratke (1571-1635) və çex pedaqoqu Yan Amos Komenski (1592-1670) tərəfindən işlədilmişdir. Müxtəlif müəlliflər didaktikanın məzmununu fərqli izah etmişdir. V.Ratkenin fikrincə, didaktika elmləri, dilləri və incəsənəti öyrətmək məharətidir. Y.A.Komenskiyə görə, didaktika hər şeyi hamıya öyrətmək sənətidir. Didaktikanı bəzi müəlliflər təhsil nəzəriyyəsi, bəzi müəlliflər isə təlim nəzəriyyəsi kimi izah etmişlər. Məsələn, Almaniyada Otto Vilman didaktikanı təhsil nəzəriyyəsi, Fridrex Paulsen təlim nəzəriyyəsi kimi təqdim etmişdir. Rusiyada Pyotr Kapterov didaktikanın təhsil nəzəriyyəsi, Mixail Demkov isə təlim nəzəriyyəsi olduğunu bildirmişdir. Y.Talıbov, Ə.Ağayev, A.Eminov, İ.İsayev tərəfindən hazırlanmış “Pedaqogika” kitabında (Bakı, 2003) oxuyuruq: “Didaktika təlim və təhsil nəzəriyyəsi olub təlim prosesinin mahiyyətini, məzmununu, prinsiplərini, metodlarını, təşkili formalarını, habelə şagirdlərin təlim müvəffəqiyyətinin qiymətləndirilməsi məsələlərini, qanunauyğunluqlarını, müəllim və şagirdlərin fəaliyyətini, onların vəzifələrini, təlim prosesinin iştirakçıları kimi onların arasındakı münasibətləri öyrənir” (7) N.M.Kazımovun fikrincə, didaktika pedaqogikanın ən inkişaf etmiş tərkib hissəsi olub təlim və təhsil haqqında nəzəriyyədir. Azərbaycanda pedaqogika elminin inkişafında, bu sahə üzrə yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasında böyük xidməti olan N.Kazımov, bizim subyektiv anlamımıza görə, bir qədər ifrata vararaq göstərir ki, təlim və təhsillə əlaqədar olan bütün məsələləri didaktika öyrənir. Belə məsələlər isə çoxdur. O, fikrinə aydınlıq gətirmək məqsədi ilə didaktikanın öyrəndiyi məsələlərin bəzilərinin adını çəkir. Bildirir ki, ayrı-ayrı tədris müəssisələrində təhsilin məzmunu nədən ibarət olmalıdır; təhsil sisteminin əhatə etdiyi tədris müəssisələri arasında qarşılıqlı əlaqə necə təmin edilməlidir; təhsil sistemi hansı prinsiplər əsasında qurulmalıdır; təlimin mahiyyəti nədən ibarətdir; təlim və təhsili bir-birinə yaxın edən və fərqləndirən nələrdir; elmi idrakla təlim arasında qarşılıqlı əlaqə nədən ibarətdir; təlim hansı mərhələlərdən keçir; onun hansı qanunauyğunluqları vardır; təlimin başlıca anlayışları hansılardır; təlimin əsas funksiyaları nədən ibarətdir; təlim hansı formalarda təşkil edilir; təlimin hansı üsulları vardır; təlimdə müvəffəqiyyət qazanmaq üçün hansı prinsipləri nəzərə almaq lazımdır; mənimsəmənin keyfiyyətinə necə nəzarət etmək olar; təlimin əsas təşkilatçısı olan müəllimə nə kimi tələblər verilir; dərs cədvəli necə tərtib edilməlidir; didaktika ilə ayrı-ayrı fənlərin tədrisi metodikası arasında əlaqə nədən ibarətdir və s. suallara didaktika cavab verir.
3. Didaktikanın inkişafı
Didaktikanın “Nə öyrətməli?”, “Necə öyrətməli?” kimi başlıca suallarına ilk cavabı şifahi xalq yaradıcılığı nümunələrində, atalar sözləri və zərbi-məsəllərdə, nağıl və dastanlarda tapmaq mümkündür. Didaktik məsələlərə Sokrat, Platon, Aristotel, Seneka, Siseron, Nizami, Rable, Monten, Ə.Təbrizi, Ə.Marağalı, Nəsrəddin Tusi, Y.A.Komenski, İ.H.Pestalotsi, İ.İ.Russo, İ.F.Herbart, K.D.Uşinski, M.F.Axundov, H.B.Zərdabi, Con Dyui, G.Kerşenşteyner, A.Disterveq, Boqdan Suxodolski, Kazmir Sosnitski, Ceron Bruner və bir çox başqaları diqqət yetirmiş və faydalı fikirlər söyləmişlər.
Pedaqoji fikir tarixində Y.A.Komenski didaktikanın əsasını qoymuşdur. Y.A.Komenski “Böyük didaktika” əsərini yazmaqla didaktikanın “elmi-pedaqoji-metodik” sistemini yaratmışdır.
1632-ci ildə Çex dilində yazılmış və ilk dəfə olaraq 1657-ci ildə Amsterdamda latın dilində çap olunmuş “Böyük didaktika” elə bir tarixi şəraitdə yazılmışdır ki, bu zaman feodalizm cəmiyyətində məktəblərin böyük əksəriyyəti monastr və kilsələrə məxsus idi. Bu məktəblərdə başlıca olaraq din öyrədilirdi, digər fənlərin (qrammatika, ritorika, dialektika, hesab, coğrafiya, astronomiya, musiqi) materialları isə dini aspektdə tədris olunurdu, təlim metodları ehkam xarakteri daşıyırdı. O yalnız yaddaşın köməyi ilə biliklərin mənimsənilməsinə və onların şagirdlər tərəfindən müstəqil mühakimələrsiz qəbul edilməsinə əsaslanırdı. Biliklərin belə mənimsənilməsi əzbərçilik adlanırdı. Öyrənənlər kilsə kitablarının mətnlərini başa düşmədən, onları dəfələrlə təkrarlamaq yolu ilə mexaniki qaydada öyrənməyə çalışırdılar. Şagidlərin müstəqil fikrinin təzahürü nəinki qiymətləndirilmirdi, həm də küfr kimi qəddarcasına cəzalandırılırdı. Şagirdlərdə təlimə maraq oyadılmasında başlıca vasitə məcburilik idi. Təhsilin, təlimin belə sxolastik forması hakim dairələrin ideologiyasına xidmət edirdi. Ona görə də kütləvi təhsil forması heç cürə təşəkkül tapa bilmirdi.
Y.A.Komenskinin ideyaları orta əsrlərə məxsus məktəblərdə sxolastikanı inkar edərək, yeni tipli məktəbin yaranma zərurətini irəli atdı. Y.A.Komenski pedaqoji fikir tarixinə böyük məktəb islahatçısı, novator pedaqoq kimi daxil olmuş, pedaqogikanın bir elm kimi formalaşmasını təmin etmiş aşağıdakı məsələləri işləmişdir.
- təlimin ana dilində aparılması ideyasını irəli sürmüşdür.
- yaş dövrlərini müəyyən etmişdir. O, yaş dövrlərini hər biri altı illə əhatə olunan dörd qrupa bölmüşdür: a) uşaqlıq dövrü (0-6 yaş), ana qucağı məktəbi; b) yeniyetməlik dövrü (6-12 yaş), ana dili məktəbi; c) gənclik dövrü (12-18 yaş), latın dili məktəbi və ya gimnaziyalar; ç) kamillik dövrü (18-24 yaş) institutlar, akademiyalar, səyahətlər. O, hər bir yaş dövrünün özünəməxsus xüsusiyyətlərini “Ana qucağı məktəbi”, “Böyük didaktika”, “Dillərə açıq qapı” adlı əsərlərində geniş şərh etmişdir. Y.A.Komenskinin didaktikasının əsas müddəaları ilə bağlı belə ümumiləşmə vermək olar:
- təlimin sinif-dərs sistemini irəli sürmüş, dərsin əlamətlərini, təşkili xüsusiyyətlərini “Böyük didaktika” əsərində təhlil etmişdir, hamının təhsil almasını zəruri saymışdır.
- təlimin prinsipləri və metodlarını əsaslı şəkildə işləmiş, təlimdə şüurluluq və fəallıq, əyanilik, biliklərin möhkəmləndirilməsi kimi prinsipləri geniş təhlil etmişdir.
- tədris ilini müəyyən etmiş, onu rüblərə bölmüş, hər rübdə tətillərin verilməsini zəruri saymış, məcburi məşğələnin, dərsin aşağı siniflərdə dörd, yuxarı siniflərdə 5-6 saat (45 dəqiqə olmaqla) aparılmasını, tədris ilinin sentyabrda başlayıb iyunda qurtarmasını zəruri saymışdır.
- şəkilli dərslik - “Real aləm şəkillərdə” adlı kitab yazmış, həmin kitabda 150 şəkil əsasında 150 dərsin təşkili məsələlərini işləmişdir.
- müəllim, onun şəxsiyyəti, mənəvi dəyərləri haqqında qiymətli fikirlər söyləmiş, müəllimi günəşə, memara, bağbana bənzətmişdir.
- tərbiyənin məqsədi, məzmunu, metodları haqqında bu gün də əhəmiyyətini itirməyən fikirlər irəli sürmüşdür.
- məktəb dərslikləri, onların tərtibi prinsipləri haqqında orijinal fikirlər söyləmişdir. Dərslikləri “Qızıl gül bağı”, “Bənövşə”, “Səhər”, “Qapı”, “Darvaza” və s. adlandırmağı məsləhət bilmişdir.
- ailə tərbiyəsinə geniş yer vermiş, uşağı qızıldan qiymətli, şüşədən kövrək adlandırmış, ana südünü ən müqəddəs qida hesab etmişdir. O, ailə tərbiyəsinə dair qiymətli fikirlərini “Ana qucağı məktəbi” əsərində vermişdir.
- müharibələrin əleyhinə olmuş, qılınc və oxları orağa çevirməyi zəruri saymış, insanlığın xoşbəxtliyini, normal yaşayışını təmin etmək üçün hərbi cəbbəxanaları dağıtmağı irəli sürmüşdür. O, bu kimi ictimai-fəlsəfi fikirlərini “Dünyanın dolaşıq yolları” adlı əsərində şərh etmişdir (7).
Y.A.Komenski ideyalarını tənqidi nöqteyi-nəzərlə inkişaf etdirərək Pestalotsi, Herbart, Uşinski, Disterveq və başqaları didaktikaya önəmli töhfələr verə bilmişlər.
Ömrünün 50 ilini uşaqların təlim-tərbiyəsinə sərf edən, təlimi əməklə birləşdirməyə üstünlük verərək xüsusi tipli orta ümumtəhsil məktəbi və institut yaradan İ.Pestalotsi (1746-1827) ən nümunəvi ibtidai məktəblər üçün elementar təhsil nəzəriyyəsini işləyib hazırlamışdır.
Dostları ilə paylaş: