CƏFƏrqulu rüSTƏmov


QAYAÜSTÜ  TƏSVİRLƏRİN  YARANMA SƏBƏBLƏRİ HAQDA



Yüklə 225,42 Kb.
Pdf görüntüsü
səhifə8/10
tarix25.04.2017
ölçüsü225,42 Kb.
#15724
1   2   3   4   5   6   7   8   9   10

QAYAÜSTÜ  TƏSVİRLƏRİN  YARANMA SƏBƏBLƏRİ HAQDA 
 
İnsan  yaranan  gündən  dünya  onun  maraq  dairəsidir.  O,  bütün  ömrünü  bu 
maraq  dairəsində  zəhmətlə,  sevinclə,  əziyyətlə,  şadlıqla  keçirir,  fikri-zikri  yemək-
yaşamaq,  axtarmaq-tapmaq,  ehtiyacını  ödəmək,  istəyini  yerinə  yetirmək  olur. 
Təminatı, dolanması  yaxşı  keçdikdə əyləncəyə də,  gözəlliyə də fikir verir, özü də 
gözəlliklər  yaratmaq  həvəsinə  düşür.  İşi  düz  gətirmədikdə,  şərait  olmadıqda, 
ehtiyaclarını  rəvan  ödəyə  bilmədikdə  çətinlikləri  aradan  qaldırmaq  üçün  yollar 
axtarmağa,  fövqəltəbii  qüvvələrə  baş  əyməyə  məcbur  olur.  O  həyatının 
(zəhmətinin bəhrəsi, ovunun  uğurluluğunun, sağlamlığının, xəstəliyinin və s.  həm 
istənilən,  həm  də  arzu  olunmayan  vəziyyətlərinin  səbəbinin)  kimdənsə,  nədənsə 
asılı olmasına inanmalı olur.  Onun ürəyində  xeyir  və  şər qüvvələrin  varlığı,  ilahi 
qüvvələrin insan  üzərində hakimliyi  fikri onun özünün  varlığını  istiqamətləndirici 
amilə çevrilir, insan özü üçün allah da  yaradır, ovsuna da inanır. 
İnsan irsi və təcrübi biliklər əsasında baş verəcək hər şeyi bilir, onlar üçün 
həm  sevinir,  həm  də  kədərlənir.  O  bilir  ki,  kişi-qadın  yeni  insan,  qəbiləyə  artım 
gətirir.  Uşaq  doğulur  ana-ata  sevinir,  iməkləyir,  tutub  ayağa  qalxır,  ilk  addımını 
atır,  ilk  «ana»,  «ata»  kəlmələrini  deyir,  bunların  hamısı  üçün  valideyin  sevinir 
Uşaq  böyüyür,  ilk  qazanc  gətirir,  evlənir,  uşağı  (qocalar  üçün  nəvə)  olur  yenə 
sevinc  və  s.  Bunlar  hamısı  təbiətin  səndən,  məndən  və  heç  kəsdən  asılı  olmayan 
qanunlarıdır. Bu qanunların başqa, əks üzü də var. Demirəm təsadüflər nəticəsində, 
elə  lap  qocalıb  80-ı,  100-ü  ötdükdə  də  insanın  ölümü  arzu  olunmur,  nəinki 
qocalıqda, eyni vaxtda lap pis və ağır xəstəliklərin incidib əzab verdiyi bir vaxtda 
da insan ölüm istəmir. Bəli, həyatda işi düz gətirmədikdə, çıxılması çətin görünən 
anlarda  və  s.  bir  sıra  vəziyyətlərdə  insanın  Allahdan  ölüm  istəməsini  çox  adam 
eşidib.  Lakin  bu  istək  və  qışqırıqlar  dilin  ucunda,  boğazdan  yuxarıdır,  ürək  onu 
demir. İnsan ən axır gündə, son nəfəsində belə yaşayacağına inamını itirmir, əgər 
itirirsə onu təbiblər də heç olmasa bir  müddət, bir  gün, bir neçə saat belə saxlaya 
bilmir. O ölməlidir, ölür! 
Dünyanın işinə bax. İnsan ölür, əvvəl axır, yüz min illərdən sonra olmamışa 
dönür, adı da, qəbri də izi də itir, hətta ən tanınmış, dünyanı lərzəyə salmış adamlar 
da.  Bu da həyatın qanunauyğunluqlarındandır. 
Həyat  belə  qurulub.  Onun  qanunları  rəngarəng,  çox  və  dəyişilməzdir, 
«Xeyirlə  şər  qardaşdır»  kəlamı  havayı  deyilməyib,  biri  doğulur,  biri  ölür,  biri 
ağlayır biri gülür... Beləcə həyat da dağ çayı kimi axıb gedir. Günəş də səhər çıxır 
axşam batır (bizə, bizim dünyamıza görə olsa da). 
Nə  olsun?  Mən  bunları  niyə  yazıram?  Bəlkə,  bunların  Qobustana  bir  dəxli 
var? Bəli, var. Qobustanda bizim dünyamızın bir zərrəsi, minillərin həyat meydanı, 
keçmişimizin  tarixi,  bu  günümüzdə  babalarımızın  ocağına  olan  maraq  dairəmizin 
bir nöqtəsidir. 

104 
 
Qobustanda həyat 12-13 min il bundan qabaq başlayıb. Bunu Qobustanda 30 
ilə qədər apardığımız arxeoloji qazıntıların  nəticələri deyir. Bəlkə bu tarixi bir-iki 
min  il  də  qabaqdan  hesab  etmək  olar.  Buna  işarə  edən  elementlər  və  məntiqi 
dəlillər var, işığı gəlir. Lakin bunun üçün materiallar, tarixi şahidlər hələlik azdır. 
Qobustanda  arxeoloji  qazıntılar,  qədim  insan  düşərgələrindən  (20-dən  çox 
insan məskəninin əksəriyyətində qədim qobustanlılar orta və yeni Daş dövründə -
Mezolit və Neolitdə yaşamışlar) aşkar edilmiş materiallar, onların təsviri və təhlili 
irihəcmli elmi kitabda verilə bilər. 
«Qobustan  dünyası»  kimi  oxuculara  təqdim  etdiyimiz  bu  kitabda  biz 
söhbətimizi Qobustanın qədim qayaüstü təsvirləri əsasında qurmuşuq. Ona görə də 
bir  qədər  onların  necə,  nə  məqsədlə,  hansı  düşüncə  və  təfəkkürün  nəticəsi  kimi 
yarandığı haqda mülahizələrimizi bildirmək istərdik. Əlbəttə, yuxarıda biz demişik 
ki,  bu  haqda  deyilən  heç  bir  fikrin  əyri  və  ya  düzlüyünə  heç  kəs  şahidlik  edə 
bilməz.  İbtidai  adamların  fikrini  olduğu  kimi  oxumaq  üçün  yalnız  ibtidai      adam 
olmaq  lazımdır,  bu  isə  mümkün  olan  şey  deyil.  Ona  görə  də  bizim  fikirlərimiz 
arxeologiya elminin 200 ilə yaxın müddətdə əldə etdiyi nailiyyətlərin nəticələrinə, 
apardığımız  arxeoloji  qazıntılar,  müşahidələr,  şəxsi  məntiq  və  mülahizələrə 
əsaslanır. 
Qədim    qayaüstü  təsvirlərin  mənasını    açmaq  çoxlu  zəhmət  və  vaxt  tələb 
edir. Bir də kolleksiyadan götürülmüş bir-iki qədim şəkil haqqında fikir söyləmək 
üçün onlar seçilmiş yox, tam şəkildə (kolleksiyada) öyrənilməlidir. 
Biz  yuxarıda  Ulu  nənənin  dili  ilə  keçmişdən  söz  açmışdıq.  Demişdik  ki, 
Qobustan  qayalarındakı  hər  insan  təsviri  ovda,  əməkdə  fərqlənmiş,  qəbilədə 
hörmət  qazanmış,  tanınmış  bir  qədim  qobustanlının  əksi,  obrazı  kimi  yaradılıb, 
«ölməzləşdirilib»,  pərəstiş  obyektinə,  başqalarının  onun  əməlləri  və  hörmətindən 
ibrət  dərsi  almaq  simvoluna  çevrilib.  Sonuncu  göstərici  haqda  fikir  arxeoloji 
ədəbiyyatda var. Biz onunla müəyyən qədər razıyıq. 
İnsan  heç  vaxt  ölmək  istəmir,  eləcə  də  onun  əzizləri,  yaxınları,  soydaşları 
onun  öldüyünə  inanmaq  istəmirlər.  İnsanlar  ölmüş  valideyninin  adını  uşağına, 
nəvəsinə qoyur (hələ sağlığında da öz adını nəvəsinə qoyan baba və  nənələr  var). 
İndi  də  əziz  adam  öldükdən  sonra  onun  qəbri  üstündə  sərdabələr  tikdirir,  qəbir 
daşları qoydurur, üstündə barelyef əksini çəkdirir, varı, gücü çatmayanlar isə eləcə 
fotosunu yapışdırırlar. Bəli, bütün bunlar keçmişlə, insanların və dinlərin yaratdığı 
insanın  ölməzliyi  inamı  ilə  bağlı  deyilmi?  Arxeoloji  qazıntılar  zamanı  açılmış 
qədim  qəbirlərdə  ölülərin  yanına  onun  bəzək  şeyləri,  silahı,  qab-qacağı,  əmək 
alətləri  işə  qoyulurmuş?  Qəbilə,  başçıları  və  o  dövrün  hökmdarlarının  qəbrində 
onların  atının,  nökərlərinin,  arvadlarının  basdırılması  nə  ilə  bağlıdır?  O  dünyada 
ölmüş şəxsin qulluğunda    duracaqları   üçün   basdırılmayıblarmı? 
Misir  fironu  Tutanxamon  öldükdə  onu  yerin  altında  hazırlanmış  xüsusi 
sarayda  dəfn  etmiş,  qızıl  taxtı  və  neçə  ton  qızıldan  ibarət  var-dövlətini  yanına 
qoymuşlar.  Fironun  tabutunu  453  kq  təmiz  qızıldan  tökülmüş  qapaq  örtmüşdür. 

105 
 
Qapaq  elə  tökülmüşdür  ki,  üstü  barelyef  formasındadır  və  sahibinin  sifətini  əks 
etdirir.  Fironun  axirət  binasında  onun  o  dünyada  ac  qalmaması  üçün  qızardılıb 
mumiyalanmış  turac  və  s.  yeməklər  də  qoyulmuşdur.  Bütün  bunlar  indiki  əsas 
dinlərdə axirət dünyası, cənnət-cəhənnəm, ruhun yaşaması kimi inamların özülünü 
qoyub.    Bəli,    bütün    bu  inamlar  islamdan  da,  xristianlıqdan  da,  başqa  dünyəvi 
dinlərdən  də  çox-çox  qabaq,  ibtidai  dövrün  başlanğıcından,    insanın  özünü  insan 
kimi dərk etdiyi zamandan yaranıb. 
Arxeoloqlar tarixi-keçmiş insanların yaşayış tərzi, adət-ənənəsi, təfəkkürünü 
öyrənmək  üçün  qədim  insan  məskənlərində,  onların  qəbir  abidələrində  axtarışlar 
aparır, maddi dəlillər toplayır, mühakimələr yürüdürlər. Əldə edilmiş əmək alətləri, 
təsərrüfat  əşyaları,  ocaq  və  tikili  qalıqları  babaların  yaşayış  tərzi  və  təsərrüfat 
həyatından  xəbər  verirsə,  qədim  qayaüstü  təsvirlərin  yaranma  səbəblərinin  bağlı 
olduğu  dini  görüşlər,  düşüncə  və  təfəkkürləri,  adət-ənənələri  haqda  əsas 
materialları keçmişin qəbir abidələri verir. Müxtəlif tarixi dövrlərdə, müxtəlif dini 
görüşlərə  malik  insanların  qəbir  abidələrində,  qəbir  formasında,  ölünün  qəbirdə 
qoyulması vəziyyətində və s. fərq olur, Lakin insanın ölünü basdırmağa başladığı 
vaxtdan ta əsrimizə qədər (müəyyən qədər indi də) ölünün yanına avadanlıq bəzək 
əşyaları  və  paltar,  at,  qul,  yemək-içmək,  silah  qoymaqla  basdırılması  ölümü  tam 
axıracan qəbul etməmək, ölməzliyə inam deməkdir. 
Arxeoloji  ədəbiyyatda  qayaüstü  təsvirlərin  yaranma  səbəbi  haqda 
mübahisələrdə  alimlər  əsasən  ovsunçuluq  (makiya)  və  real  həyatla  bağlılıq 
tərəfdarları  kimi  çıxış  edirlər.  Qayaüstü  təsvirlərin  dini  və  ya  incəsənət  abidəsi 
olması haqda da mübahisələr çox olur. Mən   bu məsələlərə ilk dəfə toxunduğuma 
görə  bu  haqda  fikir  söyləmək  istəməzdim.  Çünki  bu  sahədə  fikir  söyləmək  üçün 
mən xüsusi axtarış aparmamışam, heç düşünməmişəm də. Burası da var ki, mənim 
apardığım  tədqiqatlar  elə  bilavasitə  bu  məsələlərə  yaxındır,  qayaüstü  təsvirləri 
yaradanların həyatını, tarixini, kimliyini öyrənməyə qulluq edir. 
Qayaüstü  təsvirlərin  yaranma  səbəbinin  izahında  mən  real  həyatla  bağlılıq 
tərəfdarıyam.  Qayaüstü  təsvirlərin  izahında  ovsun  tərəfdarları  çoxluq  təşkil  edir. 
Onlar  hesab  edirlər  ki,  ovsun  dindən  qabaqdır  və  qayaüstü  təsvirlər  tam  mənfəət 
üçün  çəkilmişdir.  Yəni,  heyvanları  çəkmişlər  ki,  ov  uğurlu  olsun,  qadın  şəkilləri 
bolluq rəmzidir, heyvanların artmasına kömək etmək üçündür, günəş təsviri günəşi 
çağırmaq üçündü, və s. Buna görə də qayaüstü təsvirlər incəsənət abidələri sayıla 
bilməz.  Əgər  incəsənət  abidəsi  kimi  yaransa  idi  biri-birinin,  yenisi  qədiminin 
üstündən  çəkilib  altdakını  kəsib  korlamazdı.  Eyni  zamanda  qayaüstü  təsvirlərin 
mifik görüşlər və ovsun mərasimi ilə bağlılığı da irəli sürülür. 
Bəli, ilk baxışda bu cür  fikir  və dəlillər  inandırıcı  görünür. Elə izah edirlər 
ki,  az  qalırsan  inanasan  ki,  nəinki  qayaüstü  təsvirlər  elə  dünya  özü  də  ovsun 
üstündə  yaranıb.  Hətta  qədim  qayaüstü  təsvirlər  haqda  qələm  işlədən  müəlliflərin 
çoxu da fikirləşmədən, bu konsepsiyanın təsiri ilə ovsuna düşüb əsərlərində qədim 
təsvirlərin izahının əsas səbəbini ovsunçuluqla bağlayırlar. 

106 
 
Mən      abidələrin    yaranma      səbəblərinin      ovsunçuluq  ilə  bağlılığını  əsas 
götürən  alimlərlə  tam  razılaşa  bilmirəm.  Eyni  zamanda  bir  xalq,  qəbilə,  qrupun 
həyatı,  adət-ənənəsi,  dünyaya  baxışı,  təsəvvürü  və  s.  izah  edərkən  onu  başqasının 
həyatı, adət-ənənəsi və s. ilə eyniləşdirmək yolu ilə izahın da əleyhinəyəm. Bütün 
xalqlar və qəbilələrdə insanların həyatı üçün ümumi cəhətlər olsa da adamlar biri-
birindən  seçilir.  Milyonlarla  insanlardan  biri-birinə  oxşayanları  olsa  da  hamısı 
seçilir, hətta ən oxşar  əkizlər  belə səsilə də olsa,  hər  hansı  bir  əlamətinə  görə isə, 
heç  olmasa  yaxın  adamları  tərəfindən  tanınıb  seçilir.  Qədim  xalqlar,  qəbilə  və 
qrupların  qoyub  getdiyi  abidələr  kompleksi  də  mütləq,  nə  ilə  isə  biri-birindən 
özünəməxsusluğu  ilə  seçilir.  Odur  ki,  xalqın  tarixini  düzgün  öyrənmək  üçün 
abidələrimizi  başqalarından  fərqləndirən  əlamətləri  ayırmağı  onların  fərqini 
tutmağı bacarmaq lazımdır. Necə ki, küçədə safari geymiş adam görsən bilirsən ki,   
hindlidir,   başı   çalmalıdırsa ərəbdir, başına geniş kənarlı həsir şlyapa qoyubsa - 
meksikalı və mərkəzi amerikalıdır və s. 
Mən bilirəm ki, mənim bu cür izahımın əleyhinə çıxan çox olacaq. Bax, elə 
deyəsən o etirazları eşidirəm, - deyirlər ki, bəs necə olur ki, Fransada da, Afrikada 
da  bizdə  də,  Sibirdə  də  ibtidai  insanlar  biri-birindən  xəbərsiz  eyni  formalı  və 
məqsədli  alətlər  (əl  çapacağı,  iti  ucluq,  qaşov  və  s.)  düzəltmişlər.  Bəli,  müxtəlif 
tipli  alətlər  qədim  insanlar  tərəfindən  və  biri-birindən  xəbərsiz  olaraq  hər  yerdə 
düzəldilib.  Axı,  onların  hamısı  insanların  paltar  geyməsi  kimi  ümumi  həyat 
ehtiyacı  ilə  əlaqədər  (çapma  üçün,  kəsmək  üçün,  vurmaq,  deşmək,  əzmək  və  s. 
üçün)  hər  yerdə  icra  edəcəyi  vəzifəyə  uyğun    formada  düzəldilmişlər.  Onların  da 
hər  biri,  bir  atadan,  bir  anadan  olmuş  oxşar  əkizlərdə  olduğu  kimi,  eyni  ustanın 
əlilə  hazırlansalar  da  bir-birindən  seçilməsini  təmin  edəcək  ştrixlərə    malikdirlər.  
Biri-birindən    seçilməsi  mümkün  olmayan  ekzemplyarlar  yalnız  qəlibdə  və  ya 
zavod  dəzgahlarında   düzəldilə bilər. 
Beləliklə, mən hesab edirəm ki, milyonlarla insan fərdləri, meşədəki ağaclar, 
çöldəki bitkilər və s. və s. öz aralarında fərqləndiyi, tanındığı kimi insan qrupları -
qəbilələr  də  öz  aralarında  həyata  baxışları,  xüsusilə  mədəni  qalıqları  ilə  seçilə 
bilərlər. İnsan cəmiyyətinin tarixi, həyatı və   mədəniyyətini öyrənib izah edərkən 
bu  fərqləri,  deyək  ki,  heç  olmasa  Avstraliya  və  Qafqazın  qədim  qəbilələrinin 
mədəni  irsləri  arasındakı  fərqləri  ümumi  oxşarlığa  görə  eyniləşdirmək  yox,  onları 
seçmək  lazımdır.  Deməli,  müxtəlif  dövrlərdə,    müxtəlif    qədim    müəllif  -  rəssam 
tərəfindən  qayada  qazılmış  qayaüstü  rəsmlər  də  mövzusu,    yaranmasına,  dövrün 
tələbatı  baxımından  biri-birindən  seçilməlidir.  Onların  yaranma  səbəblərini  izah 
etdikdə  də  hər  dövrün    qayaüstü  təsvirlər    kolleksiyasının  bütövlükdə  və    fərdi 
çəkilməsi  üçün  ola    biləcək  səbəbləri  seçib  öyrənmək  və  sonra  fikir  söyləmək 
lazımdır. 
Qayaüstü  təsvirlərin  ovsunçuluq  məqsədilə  çəkilməsini  hesab  etmək  bizə 
görə, onunla bağlıdır  ki, bu konsepsiya tərəfdarları ibtidai  adamları təkcə texniki-
mədəni  səviyyəsi  aşağı,  təbiət  qüvvələri  qarşısında  aciz  insanlar  deyil,  həm  də 

107 
 
həyatda  tam  aciz,  bir  növ  yalnız  yemək  və  yatmaq  qeydinə  qalan  canlı  varlıq 
sayırlar. 
Dünyada  ən  qədim  qayaüstü  təsvirlərin  çoxu  üst  Paleolitə  aid  edilir.  Bu 
dövrün  insanları  artıq  müasir  insanlara  bənzəyirlər.  O  dövrün  maddi  qalıqlarını 
(arxeoloji  materialları)  (yaradanları  o  qədər  də  küt,  deyilişi  qədər  ibtidai  -  geri 
qalmış, aciz və bacarıqsız saymaq bizə görə o qədər də düz deyil, sadəlövhlükdür. 
Kim deyə bilər ki, İspaniya və Fransa mağaralarındakı 20-30 min il bundan qabaq 
oxranı  piyə  qatıb  düzəltdiyi  rəngi  barmağı  ilə  hamar  olmayan,  girintili-çıxıntılı 
səthdə  bizən,  vəhşi  at,    kərgədan  və  s.  kimi  heyvanların  şəklini  böyük  ustalıqla 
təsvir  etmiş  ibtidai  rəssamların  bacarığı  indiki  rəssamlardan  aşağı  olub?  Yəni  o 
rəsmləri  yaradan,  eləcə  də  Qobustanda  təbii  böyüklükdə  öküz,  4  m-dən  çox 
uzunluğu olan balıq təsvirlərini bir neçə xəttin köməyilə çox real və mütənasib verə 
bilən,  əməlləri  müasir  adamları  heyran  qoyacaq  qədim    Qobustan  rəssamının  ağlı  
yəni  o    qədər  işləməyib  ki,      qida  əldə  etməkdə  aciz  olub,  ovsuna  yalvarıb.  Mən 
buna  inanmıram.  İnanmıram  ki,  çaxmaq,  yaşma,  dəvəgözü  və  bu  cür  şüşə  qədər 
kövrək,  lakin    çox    möhkəm  daşlardan  alət  düzəldən,    onu  xüsusi  formaya  sala 
bilən,  lazım  gəldikdə  bu  daşlardan  qopardılmış  lövhəvari  qəlpələrin  nəinki 
kənarlarını dişəkləmək, hətta qalın üzlərindən qəlpədər qopartmaqla lazımi   qədər 
nazildib ox ucluğu, nizə  ucluğu düzəldə  bilən qədim babalar  ədəbiyyata  düşdüyü 
qədər də aciz olub? Bəli, ehtiyac insanı hər  şeyə qadir edir, lakin düşünən insanı, 
heyvanı  yox.  İbtidai  insanlar  gücü  çatmayan  təbiət  qüvvələri  qarşısında  aciz 
olmuşlar. Elə indi də zəlzələ, tufan, qışın soyuq, yayın bəzən çox isti olması kimi 
hallara qarşı çətinlik çəkirik. Lakin qədim insanlar yem, yemək, «yal» əldə etmək 
üçün  əməl,  vasitə,  özündə  güc  tapmış,  heyvan  ovlamaq  üçün  silah  növləri 
düzəltməyi, tələlər qurmağı və s. bacarmışlar. Eləcə də təbiətin hazır nemətlərinin 
hansının  yeməli  olduğunu,  onları  nə  vaxt,  haradan  yığmaq  lazım  olduğunu 
öyrənmiş və bilmişlər.  
İbtidai   insanların   təbii   qüvvələr    qarşısında gücsüzlüyü, yuxarıda qeyd 
etdiyimiz  kimi,  onları  fövqəltəbii      qüvvələrə      baş      əyməyə    məcbur      edir,   
onlarda kimdənsə, nədənsə asılı olmaları fikrini, allahları, dini   yaradır.   Bu   kimi   
asılılıqdan   çıxmaq arzusu ovsunun yaranmasına, ona inama gətirir. Bizə görə ilk 
insanlarda  təbiət  qüvvələri qarşısında acizliklə əlaqədər  yaranan inamlar ilk dini 
görüşlərdir.  İnsanların zəmanəmizdə  yaradıb qəbul  etdiyi  müxtəlif dinlər isə  ilk 
inamların  müxtəlif  şəraitdə  insanlar  tərəfindən  öz  istəklərinə  uyğun,  müxtəlif 
istiqamətlərdə inkişafının nəticəsidir. 
Ovsunçuluğun  dindən  qabaq  yaranması  fikrini  irəli  sürənlər  onun  müasir 
dini   ehkamlara görə bəsit, sadə formada olmasını əsas götürürlər. 
Qobustanın  qədim  qayaüstü  təsvirlərinin  yaranma  səbəblərini  biz  ovsunla 
bağlılıqda  yox,  dinin  köklərini  yaratmış  inamla  bağlılıqda  görürük.  Biz  artıq  bu 
inam və təsvirlərin yaranma səbəbləri haqda, yeri gəldikcə onun ovsun əsasında və 
ya bizim necə hesab etdiyimiz hatda söhbət açmışıq. Bizə görə insan təsvirlərində 

108 
 
əsasən qəbilə üzvləri, onların hörmətliləri, ovda və əməkdə fərqlənənləri, ayrı-ayrı 
fərdlər,  qadınlar  (ana  simvolu  kimi),  heyvanlar  əsasən  totem,  pərəstiş  obyekti,  az 
miqdarda  ovlamış,  əsasən  isə  qəbilənin,  adamların  keçisi,  atı,  malı  və  s.  marallar 
gözəllik simvolu kimi və s. çəkilmişlər. Rəsmlərdə istənilən hadisənin qabaqcadan 
arzu olunan kimi göstərilməsi yox, artıq olmuş hadisələr, varlıqlar təsvir olunur. Bu 
baxımdan  Qobustanın  qayaüstü  təsvirlərinin  müəyyən  mənada  şəkillərlə  verilmiş 
hadisələr haqda piktoqrafik yazıya yaxınlığını qeyd etmək olar. 
Makiya  tərəfdarlarına  görə:  1.  Təsvirlər  ovsun  məqsədilə  olmasa  idi 
qayalarda  şəkillər  çəkmək  də  lazım  gəlməzdi.  Elə  isə  bəs  indi  qəbir  daşları 
üzərində  heykəl  qoymaq,  yaradılan  portretlər,  məbədlərin  divarlarında, 
tramvaylarda...  məktəblərdə  şagird  mizlərində  yazılan  adlardamı  ovsun  məqsədi 
güdür? Yox, bütün bunlar ölməzlik inamından gələn özünü əbədiləşdirmə inamının 
nəticəsidir. 
2.  Makiya  tərəftarları  hesab  edirlər  ki,  şəkillər  ovsun  məqsədi  ilə 
çəkilməsəydi  bir-birinin  üstündən,  eləcə  də  qaranlıq  mağaralarda  və  əlçatmaz 
sahələrdə  qazılmazdı.  Bəli,  Qobustanda  bir-birinin  üstündən  çəkilmiş,  altdakını 
kəsmiş  və  korlamış  şəkillər  çoxdur.  Lakin  bu  o  deməkdirmi  ki,  sonuncu  rəssam 
ovsun  məqsədi  güddüyünə  görə altdakı şəkilə  fikir verməyib? Yox, sadəcə olaraq 
onlar arasında dövr fərqi çoxdur, vaxt keçdikcə daha qədimlər köhnəlib, təzəliyini 
itirir,  tam  diqqət  etməsən  görünməz  olur  və  hətta  silinib  itir.  Bu  cür  biri  digəri 
üzərində  çəkilmiş  şəkillərə  isə  əsasən  qədim  yaşayış  yerlərinin  divarlarında  daha 
çox rast gəlinir. Deməli başqa dövrün adamları bir yandan qədim şəkillərə o qədər 
də fikir vermir, bəlkə onu heç görməmişlər də. Bir də ki, əgər çəkilən insan təsviri 
kiminsə,  qəbilə  üzvünün  xatirəsini  əbədiləşdirirsə  onun  əksi  (şəkili)  niyə  yaşayış 
yerinin  divarında  (indi  ümumi  qəbristanlıqda  dəfn  olunma  sayağı)  qazılmayaydı? 
Daha  qədim  şəkillərin  sonrakı  nəsillər  tərəfindən  görünməyib,  yeni  təsvirlərlə 
kəsilib  korlanmasını  da  adi  hal  saymaq  olar.  Bəli,  çox  vaxt  onlar  altdakı  şəkilləri 
görməyiblər. 
Kiçik bir izahat:  ən qədim təsvirlərin  üzərində onu  kəsib korlayan  nisbətən 
sonrakı  rəsmləri  çəkən  rəssamı  sözsüz  ki,  əsasən  öz  çəkdiyi  şəkil  maraqlandırıb. 
Qobustanın qədim qayaüstü təsvirlərinin ilk  tədqiqatçısı İ. M. Cəfərzadə  də,  mən 
də  qayalar  üzərindəki  hər  cür  (ən  qədim  və  sonrakı)  təsvirləri  öyrənmək  üçün 
onların  hamısının  estampını  olduğu  kimi  çıxarmağa,  hər  birinin  tarixini 
müəyyənləşdirmək  üçün  hansının  hansını  kəsməsini  (sonra  çəkildiyini) 
müəyyənləşdirməyə  çalışmışıq.  Lakin  çox  vaxt  hamısını  görə  bilməmişik.  Mən 
özüm  dəfələrlə,  mənə  yaxşı  tanış  olan  səhnədə,  hətta  deyək  ki,  nəinki  ildə,  ayda, 
həftədə,  lap  ekspedisiya  vaxtı  gündə  yanından  keçdiyim,  dibində  oturub  qazıntı 
apardığım  qayalar  üzərindəki  məlum  təsvirlər  arasında  daha  bir,  qabaq  mənə 
məlum  olmayan,  İshaq  müəllimin  estampına  düşməmiş  şəkil  gördükdə 
təəccüblənmişəm ki, necə olub onu indiyə qədər görməmişəm. 

109 
 
Kiçikdaş  dağı  Qayaaltı  kolleksiyasının  5  №-li  ilə  qeydə  aldığımız  daşında 
nəhəng bir balıq şəkli var, uzunluğu 4, 3 metrdir, əvvəldə Ulu nənənin dediyi bölgə 
balığı. Biz onun estamp surətini və fotosunu, üstündəki başqa təsvirlərlə birlikdə 4 
dəfə  təzədən  işləməli  olmuşuq.  1-ci  dəfə  onun  quyruq  hissəsini  (naməlum  şəkil 
qalığı kimi), 2-ci dəfə bundan sola gedən və üstündə üçbucaqlı fiqur qazılmış uzun 
xətt qalığını (balığın bel xətti və üst üzgəsi) görüb götürmüş, 3-cü dəfə balığın tam 
konturunu aşkarlayıb estamp etmişik, 4-cü dəfə balığın ortasında və ondan aşağıda 
da  başqa  şəkillər  (insan  və  öküz)  olduğunu  aydınlaşdıra  bilmişik  (1972,  1985  və 
1986  illərdə).  İ.  M.  Cəfərzadənin  estampını  çıxardığı  və  hətta  bəzi  çap  etdiyi 
səhnələrdə  də  gözə  dəyməyən,  estampdan  kənar  qalmış  təsvirlər  çoxdur.  (Biz 
çalışırıq  ki,  «Qobustan  petroqlifləri»nin  tam  çapı  üçün  buraxılmış  təsvirləri 
mümkün qədər yerinə qoyaq). 
Qədim  təsvirlərin  qaranlıq,  əlçatmaz,  çətin  keçilən      yerlərdə      (səthlərdə)   
çəkilməsini də  makiya ilə əlaqələndirmək  ilk  baxışda   yenə  inandırıcı görünür. 
Bəli,  Qobustanda  «Ana  zağa»  ətrafında  belə  vəziyyət    var.    Kiçikdaşda   
yuxarıda    qeyd  etdiyimiz,    balıq  olan  5  №-li  qayanın  uçuruma  baxan,  əlçatmaz 
üzündə də qədim təsvirlər var. (Onların nə tam fotosunu çəkmək, nə də bir hissə də 
olsa estampını çıxarmaq mümkün deyil). İndi qoy əvvəl makiya tərəfdarları cavab 
versinlər  ki,  bu  şəkilləri,  lap  elə  ovsun  məqsədilə  olsa  da,  necə  çəkiblər?  Axı, 
Böyükdaş dağı yuxarı səki sahəsindəki 78 №-li qayanın qərb üzü dibindəki qadın 
və öküz (bunlar yuxarıda söhbət açdığımız «7 gözəl» adlandırılan qadın və oradakı 
öküz  deyil,  onlar  daşın  cənub  başındadır)  təsvirlərilə  qabağındakı  qaya  arasında 
məsafə 0,5  m qədər və daha  dardır. Bu şəkillərə heç adamın  əli də çatmır. Onları 
yalnız yandan baxmaqla görmək olur və s. Lakin axtarışlar və tutuşdurmalar deyir 
ki,  təsvirlərin  bu  kimi  çətin  vəziyyətlərdə,  əlçatmaz  sahələrdə  olması  bu  yerlərdə 
vaxtilə  vəziyyətin  başqa  cür,  şəraitin  əlverişli  olması,  minillər    ərzində  qayaların 
uçub dağılması, yıxılması, aşması, çevrilməsi nəticəsi ilə əlaqədardır. Onlar çəkilən 
vaxt bu yerlər nə əlçatmaz, nə də qaranlıq olmamışdı. 
Makiya tərəfdarlarının irəli  sürdüyü bir  fikrə də etiraz edək. Bəziləri  hesab 
edirlər  ki,  qədim  qayaüstü  təsvirlər  ovsun  məqsədi  ilə,  -yalnız  ovun 
müvəffəqiyyətli  olması,  yəni  tam  mənfəət  üçün  çəkilib.  O  vaxt  estetik  hiss 
olmamış, ona görə də onları incəsənət abidəsi hesab etmək olmaz. 
Moskvalı  arxeoloq  A.  A.  Formozov  bu fikrə çox haqlı olaraq etiraz edir 
ki,  hər  bir  sənət  (rəssamlıq,  qrafika,  heykəltəraşlıq)  əsərini  yaradan  bir  mənfəət 
güdməmiş deyil, hamısının məqsədi ilə yanaşı mənfəəti də nəzərə alınır. Doğrudan 
da  bu  cür  əsərlər  ya,  satılmaqla,  ya  ad  almaqla,  ya  heç  olmasa  bağışlanıb  hörmət  
qazanılması  ilə  öz  mənfəətini  gətirir.  Bu tip əsərlərin incəsənət əsəri olmasına 
heç kəs etiraz etmir. Eləcə də portretlər, plakatlar, mozaika, freska, kilsə  şəkilləri,  
barelyeflər,  qəbir    daşları    və  s.  incəsənət  əsərləri  sayılır  və  hər  biri  axır  nəticədə 
mənfəət  gətirir.  Əksinə,  bu      baxımdan    bəlkə      də    elə  qayaüstü    təsvirlər      öz 
müəllifi  üçün  xüsusi    mənfəət  gətirməyib.  Axı,  daş  dövründə,  qəbilənin  kollektiv 

110 
 
yaşayışı şəraitində, qəbilə üzvləri kollektivin yaşaması üçün bacardığı işi icra edib, 
qəbilənin  ümumi  süfrəsindən  yediyi  vaxt  hər  hansı  ağsaqqalın,  fərqlənmişin 
surətini  qayada  yonmağa,  əlavə,  xüsusi  bir  mükafat  kimi  nə  ala  bilərdi?  Onun 
mənfəəti  güman  ki,  yaxşı  işinə  görə  bir  və  ya  bir  neçə  dəfə  payına  «yağlı  tikə» 
verilməsi olardı. 
Söz  yox  ki,  mənimlə  bu  məsələdə,  eləcədə  qayaüstü  təsvirlərin  izahı  ilə 
əlaqədar  fikirlərimlə  razılaşmayanlar,  mənim  başqaların  fikirləri  əleyhinə 
çıxmağıma irad tutanlar olacaq. Onlardan xahiş edərdim ki, mənim «səhvimi» - axı 
filan  böyük  alim  filan  kitabında  belə  yazıb  isnadına  əsasən  tənqid  etməyə 
tələsməsinlər,  əvvəl  mənim  tənqid  etdiyim  fikirlər,  eləcə  də  mənim  fikirlərimin 
həyatiliyinə əmin olsunlar, məntiqiliyini yoxlasınlar, sonra qiymət versinlər, tənqid 
etsinlər. 
Onu  da  qeyd  edək  ki,  əgər  ovun  uğurlu  olması  üçün  qayalarda  ovlanacaq 
heyvanın  şəklini  çəkmək  müvəffəqiyyəti  təmin  edən  əsas  amil  olsa  idi,  bütün 
qayalıqlar qədim təsvirlərlə dolu olmalı idi. 
Qobustanda   qədim  insan  düşərgələrində  və  onun ətrafında ən çox qədim 
insan və öküz təsvirləri olduğu halda  keçi təsvirləri tək-təkdir və onların da bəzisi, 
bizə  elə  gəlir  ki,  ceyran  şəkilləridir.  Yazılıtəpədə      əksinədir.      Keçi      şəkilləri   
Böyükdaş    dağı  aşağı  səki    sahəsində    də    nisbətən    çoxdur    və  vaxtilə  pir  kimi 
ibadət  yeri  odmuş  sahədədir.  Beləliklə,  bizim  nəticələrimizə  görə  Qobustan 
qayaüstü təsvirləri süjet müxtəlifliyi qədər   də müxtəlif səbəblərdən yaradılmışlar.   
Onlar   başlanğıc etibarilə imkanların dünyagörüşləri  ilə bağlı həyat və təsərrüfat 
zərurətləri      nəticəsində    yaradılmışdır.      Qədim      qayaüstü  təsvirlərin  yaranma 
səbəblərini, qeyd etdiyimiz kimi, qədim insanlar tərəfindən hörmətli müasirlərinin 
ölməzliyi  ilə  əlaqədər,  onlara  pərəstişin  nəticəsi,    onlara      qoyulmuş    «abidələr» 
mövqeyindən,    heyvan  təsvirlərini    totem,    var-dövlət,    öz  heyvanı  və  sürüsü, 
kəsilmiş  qurbanlar  və  s  kimi  həyati  ehtiyac  və  istəklərlə    bağlı    izah  etmək  
lazımdır.      Gəmi      təsvirləri,  kollektiv    əmək,      kollektiv    və    tək-tək    rəqs   
səhnələri,  müxtəlif  üsullarla  ov  səhnələri  və  s.  insanların  həyat  şəraiti  və  tərzinin 
göstəricisidir. 
Qədim  qayaüstü  təsvirlərlə  yanaşı  Qobustandakı  «Qaval  daşlar»,  müxtəlif 
tarixi  dövrlərdə  qazılmış  yalaq  və  çapma  hovuzlar,  heyvan  bağlamaq  və  ərzaq 
asmaq  üçün  dəlmələr,  qədim  düşərgə  və  yaşayış  yerləri  və  s.  kimi  insan 
faaliyyətinin  qalıqları,  bu  yerlərdə  minillərlə  adi  insan  həyatının,  müxtəlif  tarixi 
dövrü və inkişafı səviyyəsindən məlumat verən arxeoloji xəbərçilərdir. 
Qədim      qayaüstü      təsvirlərin      yaranma      səbəblərinin  izahı  üçün  bəzən 
nağıl  və  əfsanələrə  də  müraciət  edirlər.  Bəli,  həyat  özü  ilə  yanaşı  nağıllar  və 
əfsanələr  lə  yaradır.  Lakin  nağıllar  və  əfsanələr  həyat  -  tarix  yaratmır.  Qobustan  
qədim  babalarımızın tarixən  yaşayış tərzi və mədəni inkişafının güzgüsüdür. Ona 
olduğu  kimi,  tarixi  əks  etdirdiyi  kimi  baxmaq  lazımdır.  Onu  şişirtmək,  nağıla, 

111 
 
əfsanəyə çevirmək, daha da «böyütmək» üçün dartıb-dartıb nəticədə əymək lazım 
deyil, tariximizi gülünc göstərər. 
 
Yüklə 225,42 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin