CƏFƏrqulu rüSTƏmov


QAYAÜSTÜ TƏSVİRLƏRİN DÖVRLƏŞDİRİLMƏSİ



Yüklə 225,42 Kb.
Pdf görüntüsü
səhifə9/10
tarix25.04.2017
ölçüsü225,42 Kb.
#15724
1   2   3   4   5   6   7   8   9   10

QAYAÜSTÜ TƏSVİRLƏRİN DÖVRLƏŞDİRİLMƏSİ 
 
Qayaüstü  təsvirlərin  dövrünü  müəyyənləşdirmək  üçün  hələlik  nə 
ümumiləşdirilmiş, nə də fiziki-kimyəvi üsul məlumdur. Bunun üçün əsasən rəsmin 
qayada  döyülməsi  texnikası,  şəklin  üslubu,  ya  mövzu  yığımı  və  ya  şəcərə 
müşahidəsi  (köhnə-təzəliyi,  biri-birini  kəsməsi)  və  s  kimi  üsullar  əsas  götürülür. 
Lakin  abidənin  tarixini  düzgün  müəyyənləşdirmək  üçün  bu  üsulların  heç  biri 
ayrılıqda,  hər  bir  qayaüstü  təsvir  üçün  ayrılıqda  əsas  ola  bilməz.  Qayaüstü 
təsvirlərin  düzgün  tarixiləşdirilməsi  üçün  bu  və  başqa  üsullardan  hamılıqla, 
kompleks şəkildə istifadə etməklə yanaşı, əsasən onların yaradıcılarının düşərgələri 
və qəbir abidələrində (aparılmış qazıntıların nəticələrini nəzərə almaq lazımdır. 
Əgər qayaüstü təsvirlər qədim düşərgə, yaşayış yeri və qəbir abidələrindən 
uzaqdırsa  onların  tarixini  əsaslandırılmış  şəkildə  müəyyən  etmək  çox  çətin  olur. 
Təsvirlərdə eyni obyektin (deyək ki, insanın, öküzün, keçinin və s. ayrı-ayrılıqda) 
iri və ya kiçik ölçülü, az və çox real çəkilməsi də onun tarixini müəyyənləşdirmək 
üçün əsas ola bilməz. Belə bir fərdin təsviri nəhəng qaya səthində çox iri ölçüdə də 
kiçik də qazıla bilər. Lakin ocaq başında kiçik bir daş parçası üzərinə qazılmış eyni 
heyvan şəkli dövründən asılı olmayaraq kiçik ölçülü olacaqdır. Qayalar üzərindəki 
qədim  təsvirlərin reallıq dərəcəsi də sözsüz həmişə əsas kimi qəbul oluna bilməz. 
Axı, kolleksiyada, deyək ki, Qobustanda qeydə alınmış müxtəlif tarixi dövrlərə aid 
yüzlərlə  keçi  təsviri  sözsüz  ki,  nə  bir  «rəssamın»,  nə  də  rəssamlıq  məktəbinin 
yaratdığı  əsərlərdir.  O  dövrün  «rəssamlarının»  heç  də  hamısı  eyni  qabiliyyətə, 
indiki  ölçü  ilə  savada  malik  olmamışdı.  Elə  indinin  özündə  bir  neçə  lap  eyni 
məktəbi  qurtarmış  adam  naturadan  və  ya  fotosundan  istifadə  etmədən  hansı  bir 
heyvanın, deyək ki, öküzün, keçinin təsvirini çəkməyi tələb etsək onların çəkdiyi 
rəsmlərin heç ikisi də bir-biri ilə eyni olmayacaq. 
Qədim  qayaüstü  təsvirlərin  dövrünü  dəqiqləşdirmək  sahəsində  arxeoloji 
qazıntıların nəticələri əsas ola bilər, əgər qazıntı ilə tədqiq edilən abidənin qayaüstü 
təsvirlər  mədəniyyəti  ilə  əlaqəsi  olsa,  yəni  biləvasitə  qonşu  olsalar.  Bu  baxımdan 
qədim  şəkillərin  tarixinin  müəyyənləşdirilib  dəqiqləşdirilməsi  üçün  Qobustanda 
aparılmış qazıntı-tədqiqat işləri böyük elmi əhəmiyyət kəsb edir. 
Doğrudur,  qayaüstü  təsvirlərin  aşkar  edilib  qeydə  alındığı  yerlərdən  çox 
uzaqda  aparılmış  qazıntılar  zamanı  əldə  edilmiş  materiallardan  gil  qablar, 
sümükdən və tuncdan düzəldilmiş əşya, silah, kəmər və s. üzərində müxtəlif bəzək 
xətləri  və  təsvirlərə  (keçi,  maral,  balıq  və  s.)  rast  gəlinir  və  bu  kimi  materiallar 
qayaüstü  təsvirlərdə,  bir  ümumi  hal  kimi  bu  və  ya  başqa  süjetin  hansı  tarixi 
dövrdən başlanıb  yaranması  üçün  əsas götürülür. Bu da  müəyyən qədər deyək  ki, 
Xanlar  rayonundan  üzərində  keçi  ovu  səhnəsi  təsvir  edilmiş  qab,  Şahtaxtıdan 

112 
 
üzərində  heyvan  rəsmləri  çəkilmiş  boyalı  qab,  müxtəlif  rayonlardan  tapılmış  tunc 
kəmərlər  kimi  abidələr  üzərindəki  təsvirlər,  tapıntı  və  onu  müşayiət  edən 
materiallarla  dövrləşdirmək  baxımından  əhəmiyyətlidir.  Lakin,  qədim  təsvirlərin 
tam  dəqiq,  yəni  nəinki  müəyyən  yüzilliyin  əvvəli  -  axırı  ilə  lap  əsrlə  də 
müəyyənləşdirilməsi etiraz doğura bilər. 
Qədim  qayaüstü  təsvirlərin  dövrünü  çox  geniş  götürmək  lazımdır.  Belə  ki, 
eyni  süjet  istifadə  olunan  abidənin  (gil  qabın,  kəmərin  və  s.)  düzəldilməsindən 
əvvəl də, sonra  da  yaşaya  bilər. Yəni deyək ki,  bir  keçi şəkli  və  ya  hər hansı bir 
rəsmin tarixini arxeoloji materialın üzərindəki eyni tipli rəsmə əsasən o materialın 
(gil qabın) dövründən sözsüz ki, qabağa aid edirik. Lakin o qabın üzərindəki şəklin 
qabdan  gec  olmaması  o  demək  deyil  ki,  bizim  onunla  oxşar  saydığımız  obyekt 
ondan  gec  ola  bilməz.  Və  ya  bir  arxeoloji  abidə  üzərində  qeydə  alınmış  süjetin 
yalnız  o  tapıntı  dövründə  meydana  gəldiyini,  ondan  çox-çox  qabaq  da 
yaşamadığını  kim  təsdiq  edə  bilər?  Ona  görə  də  Qobustanda  arxeoloji  qazıntılar   
zamanı  aşkar  edilmiş  abidə  ilə  biləvasitə  bağlı,  qədim  təsvirlərin  tarixini  daha 
düzgün təyin etmək olar. 
Misal  üçün,  «Ana  zağa»nın  şimal  divarını  təşkil  edən  30  №-li  qayanın 
düşərgəyə  baxan  üzündə,  12-14  metr  uzunu,  5-6  metr  hündürlüyü  olan  sahədə 
yüzlərlə  qədim  şəkillər  bir-birinin  üstündə  çəkilib  (15-ci  tablo,  şəkil  E).  Bu 
səhnənin 1,5  metr hündürlüyündə aşağı hissəsi qazıntı  nəticəsində torpaq altından 
üzə  çıxarılıb.  Buradakı  şəkillər  bir-birinə  qarışmış,  kölgə  kimi  döyülmüş,  belləri 
kəmərçinli  və  yay-oxla  silahlanmış  Mezolit  dövrü  adamlarının  təsvirləridir.  Bu 
şəkillərin aşağı, ayaq hissəsi Daş dövrünün mədəni təbəqəsinə çatır, qalan hissəsi 
sonrakı Eneolit, Tunc, Antik dövrlərinin qalıqları ilə örtülmüşdür. Buradakı insan 
təsvirləri o vaxt  - Daş dövrü rəssamları tərəfindən, adamların rahat dayanıb işləyə 
biləcəyi  səviyyədə  çəkilmişdir.  Minillər  ərzində,  sonrakı  tarixi  dövrlərdəki  insan 
fəaliyyəti  nəticəsində  yaranmış  mədəni  təbəqələrin  altında  qalmışdır.  Bununla 
yanaşı  Daş  dövrü  təbəqəsinin  özünün  içində,  ocaq  başında  və  təbəqənin  altında 
qalmış, üzərində göstərilən tip təsvirlərin çəkildiyi kiçik ölçülü daşların da aşkara 
çıxarılması  onların  Qobustanda  Daş  dövrü  Mezolit  və  Neolit)  rəssamlarının  işi 
olduğuna şübhə qoymur. 
«Ana zağa»da həyat davam etdikcə əmələ gələn mədəni təbəqə qalınlaşmış, 
daha  qədim  şəkilləri  örtmüş,  sonrakı  dövrün  sakinləri  isə  əlləri  satdıqca  yuxarı 
sahələri öz dövrlərinin təsvirləri ilə bəzəmişlər. Ona görə də Daş dövrü adamlarının 
əli çatmamış, sonrakı dövrlərdə çəkilmiş şəkillər olan səviyyədə daş dövrü şəkilləri 
yoxdur.  Buna  bənzər  səhnə  və  mədəni  təbəqə  altından  aşkar  edilmiş,  üzərində 
təsvirlər  qazılmış  daşlar  Qobustanda  «Kənizə»,  «Firuz»,  «Qayaarası»  və  başqa 
düşərgələrdən, «Böyükdaş» Tunc dövrü yaşayış yerindən, eləcə də 3, 7, 15, 18, 23, 
28, 30 №-li kurqanlardan da aşkar edilmişdir ki, onlar Qobustanın qədim qayaüstü 
təsvirlərinin  tarixini  dəqiqləşdirmək  üçün  bir  növ  doğum  şəhadətnaməsi  sayıla  
bilərlər   (15-ci tablo, şəkil A,B,V,Q,D). 

113 
 
Bir  qeyd.  Kurqanların  qazıntısı  ilə  aşkar  edilmiş  şəkilli  daşların  kurqanlara 
təsadüfi gətirildiyini və bu təsvirlərin daşın üzərində qabaqdan olduğunu söyləmək 
olardı.  Lakin  qazıntılar  zamanı  bu  vəziyyətin  ola  biləcəyinə  fikir  verməklə  biz 
müəyyən  edə  bilmişik  ki,  onlar  elə  dəfnlə  əlaqədər  çəkilmiş  təsvirlərdir.  Bu  cür 
şəkilli daşlar 7, 18, 23 və 28 №-li kurqanlarda qəbrin üstünü örtmüş, 3, 7, 30 №-li 
kurqanların kromlex daşları, 15 №-li Kurqanın nişangah daşı kimi qoyulmuşdur. 3 
№-li kurqanda 12 ədəd şəkilli daşdan ikisi kromlexdə, on ədədi isə daş qutu qəbrin 
ətrafına  düzülüb  ona  söykənmiş  vəziyyətdə  qoyulmuşdur.  Göstərilən  daşlarda 
şəkillər  hər  yerdə  düz  vəziyyətdədir.  Onların  hamısında  əsasən  keçi  təsvir 
edilmişdir.  3  №-li  kurqanın  şəkilli  daşlarından  birində  sayqaq  şəkli  çəkilmişdir. 
Başqasının  isə  bir  üzündə  keçi  təsviri  düz  vəziyyətdə  qoyulmuş,  əks  üzündə  isə 
kiçik  ölçülü  öküz  təsviri  var.  Görünür  bu  öküz  şəkli  daşda  qabaqdan  olmuşdur, 
Belə  ki,  keçi  şəkli  daşda  düz  vəziyyətdə  dayandığı  halda  onun  ayaqları  yuxarı 
vəziyyətdə qalmışdır. (15-ci tablo, şəkil D). 
3  №-li  kurqan  eramızdan  əvvəlki  3-cü  minilliyə  aiddir.  Bu  kurqanda 
basdırılan adam kurqanın böyüklüyü, ölünün daş qutuda dəfn edilməsi (qəbir çox 
qədim zamanlarda açılıb qarət edilmişdir) və bəzi əldən qalmış tapıntılara, eləcə də 
kromlexdə  nişangah  daşı  kimi  kobud  daş  heykəlin  qoyulması  dəfn  olunanın  çox 
hörmətli,  varlı  adam,  qəbilə  ağsaqqalı  olmasına  işarə  edir.  Onun  qəbrinin  ətrafına 
söykənmiş  daşlardan  10  ədədinin  üzərində  çəkilmiş  heyvan  şəkilləri  isə  görünür 
rəmzi  şəkildə  onun  mallarının  öz  yanında  dəfn  olunmasını  ifadə  edir.  Bu  məsələ 
qayaüstü  təsvirlərin  çəkilməsi  səbəblərinin  izahı  üçün  də  əhəmiyyətlidir.  Onu  da 
qeyd edək ki, Qobustanda kurqanlar eləcə də yaşayış yerlərinin qazıntısından aşkar 
edilmiş daşlar üzərindəki keçi təsvirlərinin heç birinin belinin kəsik olmasına rast 
gəlməmişik. 
Qobustanda  ən  qədim  rəsmlər  qadın  təsvirləridir.  Onlar  adətən  döş  və 
baldırları  qabarıq,  başı  çıxıntıvari,  qolsuz  olmaqla  rəmzi  ANA,  nəslin  davam 
etdiricisi  kimi  təsvir  edilmişlər.  Bəzi qadın  təsvirlərində  (Ceyranlar  düşərgəsində) 
oturacaq  almacıqları  qoşa,  hətta  üç  kiçik  dairəcik  şəklində  verilmişdir.  Qayaarası 
düşərgədə, «Ana zağa»da 29 №-li daşın şimal üzünün aşağı hissəsindəki tipli qadın 
təsvirləri  Paleolit  dövrü  qadın  fiqurlarına  tam  oxşar  və  Qobustanda  ən  qədimdir. 
Sonrakı  qadın  təsvirlərində  baldırlar  öndən  görünüşdə  ikiləşir,  yayla  (kaman) 
silahlanmış, bədəni xətlərlə kəsilib bəzənmiş və s. şəkildə verilirlər. 
Öküz təsvirləri qadın və yay-oxla silahlanmış siluet şəkilli kişi təsvirlərindən 
sonradır.  Onlar  Qobustanda  qədim  insan  düşərgələri  və  onların  ətrafındakı 
qayalarda  çəkilmiş  ibtidai  vəhşi  öküzlərdir.  Deməli,  Qobustanda  öküz  şəkilləri 
insan  təsvirləri  qədər  qədimdir.  Əlbəttə,  qədim  qobustanlılar  ibtidai  öküzü 
görmədən  onun  təsvirini  yarada  bilməzdilər.  İbtidai  öküzlərin  isə  nəsli  eradan 
əvvəlki IV minillikdən kəsilib. Hər halda onlar qadın təsvirlərindən sonradır. Belə 
ki,  Qobustanda  bir  neçə  yerdə  öküz  təsviri  qadını  kəsir  (Böyükdaş,  yuxarı  səkidə 
29,  43,  78  №-li  və  Kiçikdaş  dağında  Qayaaltı  sahənin  5  №-li  daşında),  lakin  bir 

114 
 
yerdə belə, qadın təsvirinin öküzü kəsməsi qeydə alınmayıb. Bu o demək deyil ki, 
Qobustanda  üst  Paleolitin  sonları  -  Mezolitin  əvvəllərində  qayalarda  qadın 
təsvirləri  çəkilən  zaman  bu  yerlərdə  öküz  olmayıb.  Əksinə,  Qobustanda  (və 
Abşeronda)  Qobustan  öküzləri  tipli,  Binəqədi  qır  qalıqlarından  tapılmış 
«Məstanzadə»  öküzləri  yaşayarkən  çox  güman  ki,  bu  yerlərdə  heç  həyat 
olmamışdır (hər halda  o  yaşda  həyat  izi, Şərqi  Azərbaycanda  hələlik bizə  məlum 
deyil). 
Qobustanda öküz təsvirləri çoxdur. Sözsüz ki, onların çox qədimləri də, gec 
çəkilmişləri də var. Qədim Qobustanda öküz əsas ov obyekti də olmayıb. Ona görə 
də bir sıra «tərs» suallara cavab tapmaq çətin olduğundan onların hər biri haqda və 
ya  dövrlər  üzrə  tarix  demək  də  çətindir.  Lakin  qadına  pərəstişlə  öküzün  totem 
olması  onların  eyni  dövrə  aidliyini,  həmişə  öküz  qadından    sonra  çəkilsə  də, 
qədimliyini göstərir. 
Qabaqda  qeyd  etmişdik  ki,  qədim  Qobustanda  ən  çox  ceyran  və  gur 
ovlanmışdır.  Lakin  onların  təsvirləri  azdır.  Onlar  da,  az  olsalar  da,  əsasən  qədim 
düşərgələrdə və onlara yaxın yerlərdədir. Ceyran şəkilləri keçiyə, gur şəkilləri isə 
ata  oxşadığından  ayrı-ayrılıqda  hər  birinin  tarixini  müəyyənləşdirmək  çətindir. 
Lakin  ümumən  ceyran  təsvirlərini  gur  şəkillərindən  daha  qədimdən  çəkildiyini 
söyləmək olar. Çünki «Qayaarası» düşərgəsində ən çox ceyran ovlanması görünür 
bu yerlərdə hələ gurların məskunlaşmaması ilə əlaqədardır. Bundan sonrakı bütün 
dövrlərdə  ceyran  da,  gur  da  başqa  heyvanlar  da  həmişə  yaşamışlar.  Ona  görə  də 
onların tarixinin hər tip, fərd üçün ayrı-ayrılıqda müəyyənləşdirilməsi çox çətindir. 
Bu çox böyük problemdir və onun həlli bizim bu işimizin çərçivəsindən kənardır. 
Bir də ki, bizim  söhbətimizin  əvvəllərində də bu  məsələlərlə əlaqədər fikirlərimiz 
olub. 
 
QOBUSTANDA KEÇMİŞ  VƏ İNDİKİ VƏZİYYƏT 
 
Qobustanda  aparılmış  arxeoloji  qazıntılar,  müşahidə  və  tədqiqatlarımızın 
nəticələri göstərir ki, Böyükdaş və Kiçikdaş dağları ərazisində həyat üst Paleolitin 
sonundan  -Mezolitə  keçid  dövründən  başlamış  və  orta  əsrlərə  qədər  davam 
etmişdir.  Burada  həyat  Daş  dövründən  antik  dövrə  qədər  xüsusən  qaynar  olmuş, 
orta  əsrlərdən,  görünür  iqlimin  dəyişməsi,  rütubətin  azalması,  quraqlığın 
çoxalması,  torpağın  şoranlaşması,  bitki  örtüyü  və  heyvanat  aləminin  kasıblaması 
get-gedə  yaşayış şəraitinin pisləşməsinə səbəb olmuşdur. Lakin Qobustanda həyat 
tam kəsilməmiş, maldarlar üçün qışlaqlarda da olsa XX əsrə qədər davam etmişdir. 
Qobustanda Daş dövrü yaşayış yerlərinin çoxluğu o dövrdə burada yaşayışın daha 
qaynar olması ilə bağlıdır ki, ən çox qayaüstü təsvirlər də o dövrdə yaradılmışdır. 
Qobustan  abidələri  həyatla  yanaşı  yaranmağa  başladığı  kimi  bu  minillər 
ərzində hər cür təsirlərə də məruz qalmış, bir yandan yaranıb çoxalan abidələr bir 
yandan da  korlanmış, dağılmış, silinmişdir və  s. Əlbəttə, abidələrin saxlanmasına 

115 
 
belə  mənfi  təsir  həm  insanlar  (elə  çox  qədimdən,  onların  özlərinin  dövründən 
indiyə  kimi),  həm  də  təbii  qüvvələr  (su,  külək,  günəş,  soyuq,  zəlzələ  və  s.) 
tərəfindən  edilmiş  və  nəticəsi  ondan  ibarətdir  ki,  bizim  götür-qoylarımıza  görə 
qayalar  üzərində  döyülmüş.  sürtülmüş,  qazılmış,  cızılmış  qədim  rəsmlərdən  bizə 
qədər gəlib çatan (qeydə alınmışları) çox az faiz təşkil edir. Elə qaya  sahələri  var 
ki,  külək  onun  səthində  şəbəkə  düzəldib,  ovub  töküb,  kənar  hissələrdə  isə  orda-
burda  xətt  qalığına  (yəqin  ki,  qədim  şəkil  qalığı  izləri)  rast  gəlinir.  Qədim 
şəkillərdən bir qismi yenə də daşın yumşaqlığından yağış suları ilə yuyulub tamam 
və  ya  hissə-hissə  silinib  (məs.  Böyükdaş  dağı  aşağı  səki  sahəsi  üzrə  1  №-li  daşın 
şərq  üzünün  cənub  hissəsindəki  gəmi  təsvirləri  kimi);  bir  hissə  qədim  təsvirlər 
qazılmış olduqları qaya səthinin isti və soyuğun, yağış və küləyin təsiri ilə lay-lay 
qopub düşmüşdür (misal üçün Böyükdaş dağı yuxarı səki sahəsində 39 və 67 №-li 
qayalardakı  «yallı»  səhnələrinin  hissələri  kimi).  Qeyd  edək  ki,  67  №-li  qayadakı 
«yallı»  səhnəsində  1948-1950-ci  illərdə  İshaq  müəllim  yuxarı  cərgədə  5,  altdakı 
cərgədə 7 adam olmaqla 12 adam rəsmi qeydə alıb, çap da edib. İndi bu səhnədə 10 
adamın  rəsmi  qalıb,  hər  cərgənin  sol  tərəfində  qayadan  bir  lay  (təbəqə)  qopub. 
Bunlardan  başqa  çox  yerdə,  xüsusən  qayaların  altında  və  sığınacaq  tipli  örtülü 
yerlərin  divarlarında  da  min  illər  ərzində  müxtəlif  dövrlərin  adamları  tərəfindən 
qaya - daşın dibində qalanmış ocaqların da istisi daşı (əhəngi) yandırıb korlamış və 
oradakı şəkilləri məhv etmişdir. 
Qobustana  ən  böyük  ziyanı  tikinti  üçün  daş  kəsənlər  vurub.  Bu  iş  xüsusən 
şəhərsalma  ilə  əlaqədar,  binaların  yonma  ağ  daşdan  tikildiyi  vaxtlardan 
başlanmışdır. Bakıdakı bir çox binaların keyfiyyətli daşları (o cümlədən Xan sarayı 
kompleksinin  daşları  hələ  XV  əsrdən,  çox  güman  ki,  ondan  da  qabaqdan) 
Qobustandan araba və dəvə ilə daşınıb gətirilmişdir. Bu iş - qayaları partladıb daş 
qırmaq  əsrimizin  40-cı  illərində  Qobustana  qarşı  çox  güclü,  dağıdıcı  düşmənə 
çevrilmişdir.  Nəticədə,  Böyükdaş  və  Kiçikdaş  dağlarının  ətəklərində  çox  böyük 
sahələrdə  minlərlə  qayalar  partladılıb,  daşı  doğranıb  daşınmış,  yerlə-yeksan 
edilmişdir.  Qayaların  partladılması  ilə  (özü  də  insan  yaşayışı  üçün  ən  əlverişli, 
qədim düşərgə yerlərdə olan qayalar) nəinki minlərlə şəkillər eləcə də başqa maddi 
qalıqlar  məhv edilmişdir. Bu  cür  yerlərə  baxdıqca adamı dəhşət  götürür. Belə  ki, 
Böyükdaş  dağının  cənub  və  cənub-şərq  ətəyi  qayaları  (yeri  gəlmişkən  qeyd  edək 
ki, yaşlı yerlilərin dediyinə görə vaxtilə bu sahədə olmuş nəhəng qayaların dibində 
bütöv qoyun sürüsü, mal naxırı kölgələnə bilirmiş); dağın yuxarı səki sahəsindəki 
su  quyusu  ətrafında  qədim  yaşayış  yerlərini  örtmüş  qaya  çıxıntıları;  «Ana  zağa» 
düşərgəsi  ətrafındakı  qayalar;  Kiçikdaş  dağının  şərq  ətəyi  və  cənub  qurtaracağı 
sahələrinin qayaları üzərindəki qədim şəkillər və yaşayış yerləri məhv edilmişdir. 
Azərbaycan  EA  Tarix  İnstitutunun  Qobustanda  qədim  qayaüstü  təsvirləri 
aşkar  etdiyi  vaxtdan,  Qobustanda  qayaların  sındırılmasına  qarşı  mübarizəsinə 
baxmayaraq  1950-ci  illərin  əvvəllərinə  kimi  daşların  partladılıb  əl  ilə  doğranması 
davam  etmiş,  hətta  üzərində  qədim  şəkillər  olan,  qeydə  alınıb  nömrələnmiş  bir 

116 
 
neçə daş (Böyükdaş dağı aşağı səki sahəsi üzrə 15, 203, 212, 216, 220 və s. kimi 
şəkilli  daşlar)  da  1950-ci  ildə  sındırılıb  məhv  edilmişdir.  1951-ci  ildən  isə 
Qobustan  abidələri  mexanikləşdirilmiş  Duvannı  daş  karxanasının  «dəyirmanında 
üyüdülməyə» məruz qaldı. Böyükdaş dağının üstünə, karxananın işləməsi üçün yol 
çəkilməsi,  yüksək  gərginlikli  elektrik  xətti  çəkilməsi  də  neçə-neçə  qayanın  bu  işə 
mane olmaması üçün partladılıb götürülməsinə səbəb oldu. 
Böyükdaş dağının hər tərəfdən sıldırım qaya ilə əhatələnmiş, daş dövründə 
Qobustan qəbilələrinin qovma üsulu ilə ov etməsi üçün təbii tələsi, Tunc dövründə 
qonşu  qəbilələrin  basqınından  qorunduqları  təbii  möhkəm  yaşayış  yeri 
(«Böyükdaş»  yaşayış  yeri)  olmuş  düzən  zirvəsində  mexanikləşdirilmiş  daş 
karxanası açıldı. Onun fəaliyyəti nəticəsində qədim Qobustan sakinlərinin maddi-
mədəniyyət  qalıqları  buldozerlə  süpürülüb  atılmış,  dağın  üstü  eybəcər  hala 
salınmış, dağın tam dağıdılması üçün real şərait yaradılmışdır. Bu vəziyyət haqda 
yuxarıda yeri gəldikcə danışmışıq. 
Bəli,  Qobustan  abidələrinin  başına  nə  oyunlar  açılmayıb?  Bu  suala 
Qobustanın Daş dövrü sakinlərindən biri «Kirpi» jurnalında belə cavab vermişdi: 
- Ey mənim nəticə-kötükcələrim, mən sizin fəxrlə haqqında danışdığınız bu 
abidələri  minilliklər  boyu,  qışın  soyuğunda,  yayın  istisində,  daş  alətlərlə,  ovum 
uğurlu  olduqda  tox,  olmayanda  ac,  qarına  yaratdım.  Sizin  üçün  yadigar  tarix 
qoydum. Minilliklər boyu ruhum onların yanına qayıtdıqca təsəlli tapır, şad olurdu. 
İndi  siz,  neçə  vaxtdır  ki,  onları  dağıtmaqla  məşğul  olmusunuz.  Söz  düşəndə  isə 
məni ibtidai insan, vəhşi, geri qalmış adlandırırsınız. Bu necə olur? Yaradan mən, 
bağışlayan  mən  laqeydcəsinə  dağıdan  siz,  vəhşi,  geri  qalmış  ibtidai  mən,  mədəni 
siz? Bağışlayın,  mədəni  kimdi, vəhşi  kim?  İnciməyin!.. 
Qobustanda  qədim  qayaüstü  təsvirlərin  elm  aləminə  məlum  olması 
Qobustan  abidələrinin  tam  dağılmasının  qarşısını  almağa  bir  qədər  kömək  etdi. 
Şəkilli  daşların  axtarılıb  qeydə  alınmasına  başlandı.  Onların  üzərində  iri  ölçüdə 
(gözə  çarpan)  inventar  nömrələri  yazıldı,  toxunulmazlıqları  haqda  qərarlar 
çıxarıldı, tapşırıqlar verildi. Müəyyən qədər əl ilə daş sındırılmasının qarşısı alındı. 
Mexanikləşdirilmiş  daş  karxanasının  fəaliyyətə  başlaması  ilə  qayaların  partladılıb 
doğranması dayandırıldı. 
Qobustan  abidələrinin  qorunub  saxlanması  naminə,  Tarix  İnstitutu  o  vaxt 
müraciət  və  məktublarla  yuxarı  orqanlar  qarşısında  məsələlər  qaldırmış,  lakin 
Böyükdaşda mexanikləşdirilmiş daş karxanasının açılmasına mane ola bilməmişdi. 
Rəhmətlik İshaq müəllim deyirdi: 
-  Bir  dəfə  Mir  Cəfər  Bağırov  (o  vaxtkı  Azərbaycan  KP  MK-nın  birinci 
katibi)  məni  yanına  çağırtdırıb  dedi:  «Yoldaş  Cəfərzadə,  nə  deyirsiniz,  qayalarda 
bir neçə cızıq tapmısınız deyə istəyirsiniz ki, müharibədən qayıtmış, Hitlerə qələbə 
çalmış əsgərlərimiz üçün ev tikməyək?» 
Aydın idi. Amirlik dövründə baş katibin bu amiranə sözünə kim etiraz edə 
bilərdi? 

117 
 
Qeyd  edək  ki,  Böyükdaş  dağının  (sonra  da  Kiçikdaş  dağının)  üstündə  daş 
karxanasının  açılması  və  buna  icazə  verilməsi  böyük  tarixi  səhv,  tarixi  abidələrə 
qarşı görünməmiş cinayət idi. Ona görə ki; 
1. Mexanikləşdirilmiş daş karxanası açılarkən qədim qobustanlıların yaşayış 
yeri,  öz  təbii  quruluşu,  müxtəlif  tarixi  dövrlərin  çoxlu  abidələrini  özündə 
saxlaması,  bütövlükdə  Böyükdaş  dağının  özünün  tarixi    abidə  olması    nəzərə  
alınmamışdı. 
2. Daş  karxanası  işə  başlayana  qədər  dağın  Tunc  dövründə  təbii  qala  kimi, 
yaşayış yerinə çevrilmiş yastı zirvəsi tədqiq edilməmişdi. 
3. Nəzərə  alınmamışdı  ki,  dağın  üstünü  örtmüş  15-20  metr  qalınlığında 
əhəng  daşı  layı,  üstü  şərqə  tərəf  maili  olan  dəniz  dibinin,  su  keçirməyən  gilin 
üstündədir.  Burada  daş  karxanasının  fəaliyyəti  nəticəsində,  daşın  kəsilməsi  ilə 
alınacaq  çalaya  yığılacaq  yağış  sularının  qaya  örtüyü  ilə  dəniz  gilinin  arasına 
düşməsi  qayaların  minillər  ərzində  təbii  şəkildə  qopub  şərqə  tərəf  diyirlənməsilə 
dağın görkəminin dağılması prosesi 100 dəfə, 1000 dəfə sürətlənə bilər. 
Beləliklə,  nə  bunları  nəzərə  alan,  nə  də  tarixçilərin  abidələrin  qorunması 
üçün qaldırdıqları səsi eşidən oldu. Beləcə, düz 15 il alimlər Qobustanda qayaüstü 
təsvirlərin  öyrənilməsi  və  arxeoloji  qazıntılarla  öz  tədqiqatlarını  Qobustan 
qayalarını kəsib əridən daş karxanası ilə qonşuluqda aparmalı oldular. Bu dövrdə 
nəinki  dağın  üstü  doğranıb  dərinləşdi,  eləcə  də  gecə-gündüzlü  iş  şəraitində, 
karxanada  işçi  qüvvəsi  kimi  istifadə  edilən  məhbusların  (onlar  düşərgələri  ilə 
karxana arasında azad gəzirdilər) qədim şəkillərin üstündən yazdıqları avtoqraflarla 
Qobustan  abidələrinə  daha  bir  zərbə  vuruldu.  1962-1963-cü  illərdə  Böyükdaş 
dağının üstünə  yolu qısaltmaq üçün açılmış tunel dağın qədim şəklini də dəyişdi. 
Sonra  Respublika  Tikinti  Materialları  Nazirliyi  Böyükdaş  dağının  üstündən 
milyonlarla doğranmış daş çıxarmaqla Kiçikdaş dağının zirvəsini də karxana üçün 
hazırlamağa başladı. 
1965-ci  ildən  mən  Qobustanda  geniş  arxeoloji  qazıntı  işləri  aparmağa 
başladım.  həmin  il  «Çardağ  zağa»,  «Qara  zağa»  IV  daşaltı  sığınacaq  və  «Ana 
zağa»da,  1966-cı  ildə  yenə  «Ana  zağa»  və  1  və  2  №-li  kurqanlarda  qazıntı 
aparmaqla  yanaşı  daş  karxanasının  Böyükdaş  dağına  (onun  tarixi-arxeoloji 
abidələrinə) vurduğu zərbələr və bu zərbələrin gələcək nəticələri haqda fikirləşməli 
oldum.  Daş  karxanasının  maneəsiz  genişlənməsinin  nəticəsinin  gətirə  biləcəyi 
ziyan gündən-günə iri görünür və bu haqda təbil çalınmasını tələb edirdi. 
Bu yolda ilk addım Qobustanda qədim qayaüstü təsvirlər, qədim düşərgə və 
yaşayış  yerləri,  kurqan  abidələri  saxlanmış  Böyükdaş,  Kiçikdaş,  Cingirdağ  və 
Yazılıtəpə sahələrinin 1966-cı ildə Respublika Nazirlər Sovetinin 9 sentyabr tarixli 
503  №-li  qərarı  ilə  Mədəniyyət  Nazirliyi  nəzdində  Qobustan  Dövlət  Tarixi-Bədii 
Qoruğu elan edilməsi oldu. 

118 
 
Yeri gəlmişkən qeyd edim ki, Qobustan ərazisinin qoruq elan edilməsi üçün, 
Tarix  İnstitutunun  əməkdaşı,  tarix  elmləri  doktoru  mərhum  Zelik  Yampolskinin 
əməyi çox olub. Allah ona rəhmət eləsin. 
Qobustan  Dövlət  Tarixi-Bədii  Qoruğu  1967-ci  il  fevral  ayından  fəaliyyətə 
başladı  və  bu  vaxtdan  Qobustan  abidələrinə  maraq  və  diqqət  artdı.  1971-ci  ildə 
Qobustan abidələri üzərində Duvannı daş karxanasının dağıdıcı işi dayandırıldı, O 
vaxta  qədər  dağıdılan  dağılmış,  sındırılan  sınmış,  itən  itmişdi,  Bundan  sonra  daş 
karxanasının dağıdıcı fəaliyyətinin   izlərini   silmək,   Qobustanı   abadlaşdırmaq,  
onu geniş və hərtərəfli öyrənmək, onu milli mənlik timsalına çevirmək və sözsüz, 
xarici  turizmə  şərait  yaratmaq  üçün  (hökumət  və  partiya      qərarları      verildi. 
Qobustan qoruğu ərazisinin abadlaşdırılması,  (ətrafına  sərhəd işarələri  vurulması, 
bəzi  sahələrinin hasara alınması,  Səlyan şossesindən,  Səngəçal qəsəbəsi yanından 
Cingirdağ sahəsinə, oradan Kənizə dağının şərq ətəyi ilə Böyükdaşa və Kiçikdaşa, 
oradan da  yenə Səlyan şossesinə çıxan, qoruq ərazisində isə bu yoldan  turistlərin  
abidələrin  yığcam sahələrinə gedə biləcəyi qollar ayrılan yol çəkilməsi, Böyükdaş 
dağının  ətəyində  muzey  kompleksi  və  muzeyə  giriş  arkası  və  s.  planlaşdırıldı. 
1976-cı  ilə  kimi  Qobustan  ərazisinin  abadlaşdırılması  və  yollar  çəkilməsinin 
planları  Azərbaycan Dövlət  Layihə  İnstitutu və  Bakı  soveti tərəfindən  hazırlandı. 
Lakin      get-gedə  bu  qərarların  həyata  keçirilməsi  işinə  maraq  azaldı.  Hazır 
layihələrin  maliyyələşdirilməsi,  abadlıq  işləri  və  yollar    çəkilməsi  planının  icrası 
yaddan çıxdı.  Qobustan dildən-dilə  düşsə  də  turkistlərin və  ekskursiyaların, eləcə 
də  sərbəst  gələnlərin  sayı  getdikcə  artsa  da,  bununla  yanaşı  baxımsız  Qobustanın 
dərdi  də  artdı.  Qapısız,  hasarsız  Qobustan  muzeyi  onu  görməyə  gələnlər  üçün 
dönüb  oldu,  necə  deyərlər,  açıq  şəhər.  Dağın  ərazisində  nəzarətsiz  gəzənlər, 
xüsusən  məktəblilər  (bəzən  elə  böyüklər  də)  və  çobanlar  addımbaşı,  «qədim 
babaları» kimi qayalarda aftoqraflar yazmağa və  bununla  da  Qobustanın qədim 
təsvirlərini  korlamağa    başladılar.  Bunun  üçün  tək  Qobustan    qoruğunu  təqsirkar 
etmək  düz  deyil,  Çünki  davamiyət,  özü  də  nəzarətsiz    davamiyət,  çoxaldıqca  
nəzarəti    də  artırmaq  lazım  idi.  Qoruğun  az  miqdar  elmi  işçisi  və  ekskursiya 
aparıcısının  gücü,  nəinki  üç  dağın  ərazisi,  İç  Böyükdaş    dağının    ekskursiya  
marşrutuna daxil  edilmiş sahəsini belə tam nəzarətdə saxlamağa çatmır. 
Get-gedə Qobustan unudulmağa başladı: Mədəniyyət Nazirliyinin Qobustan 
kimi  zəngin,  ümumbəşəri  əhəmiyyətə  malik,  Azərbaycan  xalqının  on  minillik 
tarixinin  güzgüsü  olan  açıq  səma  altındakı  bu  muzeyə  hansısa  ev  muzeyi  ilə  bir 
səviyyədə baxması Qobustana olan marağın get-gedə zəifləyib   aşağı   düşməsinə 
səbəb oldu. 
Qobustan abidələri aşkar edildiyi vaxtdan cəmi iki dəfə lazımi qədər diqqət 
mərkəzində  olub.  Onlardan,  bir  dəfə  Qobustanda  qədim  qayaüstü  təsvirlərin 
varlığının  aşkara  çıxarılıb  öyrənilməyə  başladığı  ilk  illərdə  -  1950-ci  illərin 
əvvəllərində, ikinci dəfə Qobustanda qoruq yaradılmasından sonrakı 5-6 il ərzində. 
Hər iki halda Qobustana marağın, onun bir tarixi mərkəz, qədim mədəniyyət ocağı 

119 
 
kimi  qiymətləndirilməsinin  əsas  şərtini  vəzifəli  şəxslərin,  akademiya  və 
Mədəniyyət Nazirliyi rəhbərliyinin Qobustana hörmətində, onların sözdə yox, işdə 
Qobustan  abidələri  ilə  maraqlanması  və  ona  qiymət  verməsində,  onun  da 
nəticəsində Qobustana, adicə olaraq, tez-tez getmələrində görürəm. 
Birinci hal üçün. Qobustan hələ yenicə açıldığı, çoxlarının hələ Qobustanın 
qədim  mədəniyyət  ocağı  olmasını  inkar  etdiyi,  Qobustan  qayaüstü  təsvirlərinin 
səyyar ovçular və çobanların əməlləri olduğunu düşünənlər olduğu vaxt respublika 
Elmlər Akademiyasının prezidenti, dünya şöhrətli alim Yusif Məmmədəliyevin və 
Azərbaycanın xalq şairi, ölməz Səməd Vurğunun (16-cı tablo. şəkil A və B), eləcə 
də  institut  direktorları,  elmlər  doktorlarının  tez-tez  Qobustana  getməsi,  abidələrlə 
maraqlanması,  Qobustanın  əhali  arasında  tanınması,  onun  hörmətinin  artmasını 
bilavasitə təmin etmişdi. 
İndi Böyükdaş dağındakı muzey binası o vaxt daş karxanasına edilmiş bəzi 
güzəştlər  əvəzində,  onun  hesabına,  Qobustanı  öyrənən  arxeoloji  ekspedisiya  üçün 
baza tikilmişdir. 
İshaq müəllim deyirdi ki, o binanın tikintisini razılaşdıq. Sonra planı, cizgisi 
hazırlandı.  Karxana  işə  başlamağı  gecikdirirdi.  Bir  dəfə  akademiyada  Səməd 
Vurğunla  görüşəndə  məndən  binanın  tikintisinin  nə  yerdə  olduğunu  soruşdu. 
Gileyləndim.  Dedim:  -  Ay  Səməd,  çox  o  yan-bu  yan  edirlər,  gecikdirirlər,  işə 
başlamaq istəmirlər. O qayıtdı ki, Əə, ay İshaq, Səməd Vurğun ölməyib ki, kefini 
pozma,  onlar  tikməz,  mən  özüm  tikdirərəm,  öz  pulumla,  qorxma  sizin  rahat 
işləməniz üçün bina tikiləcək. 
Bəli,  Səməd  Vurğun  kimi  adamın  bu  cür  qiyməti  və  ürək-dirəyindən  sonra    
Qobustanın     qədim      mədəniyyət ocağı olmasına  kimdə  şübhə  qala  bilərdi.  İlk 
illər  göstərilən  yüksək  şəxslərin  tez-tez  Qobustana  getməsi,  Qobustanın 
öyrənilməsi  üçün  ekspedisiya  təşkili  və  onun  hər  cür  təchiz  edilməsi  Qobustanın 
tanınması üçün əsas şərt olmuşdu. 
İkinci  dəfə  Qobustan  ərazisində  dövlət  qoruğu  yaradıldığı  gündən,  şəxsən 
mədəniyyət  naziri,  görkəmli  bəstəkarımız  Rauf  Hacıyevin  və  müavini  Rüstəm 
Babaxanovun  dövründə  xüsusi  diqqət  mərkəzində  olmuşdur.  Həm  nazir,  həm  də 
nazir  müavini  tərəfindən  bu  diqqət  heç  də  bəzilərinin  o  dövrün  iyrənc 
münasibətləri  əsasında,  mənim  direktor  kimi  şəxsi  «qulluğum»  müqabilində 
olduğunu  düşünə  biləcəkləri  səbəbdən  deyildi.  Əksinə,  hər  iki  rəhbərin  (nazir  və 
müavinin)  xalqımızın  keçmiş  tarixi  və  mədəniyyətinə  hədsiz  hörməti,  bu  sahədə 
Qobustan abidələrinin əhəmiyyətini dərindən başa düşmələrinin nəticəsi idi. (Mən 
Qobustan  qoruğunda  ilk  direktor  olduğum  10  ilin  5-6  ilini  R.  Hacıyev  və  R. 
Babaxanovun  rəhbərliyi  altında,  qalanını  Zakir  Bağırovun  Nazir,  Nəbi  Xəzri  və 
Teymur  Əliyevin  nazir  müavini  olduqları  vaxt  işləmişəm).  R.  Hacıyev  və  R. 
Babaxanovun vaxtında Qobustan qoruğunun təşkili, onun əsl mənasında açıq səma 
altında,  minilliklərin  tarixini  orijinaldan  nümayiş  etdirən  bir  muzeyə  çevrilməsi 
bütün  mədəniyyət  nazirliyinin  bir  nömrəli  qayğısına  çevrilmişdi.  Nazirliyin 

120 
 
tabeliyində olan bütün idarə və təşkilatlar (təchizat idarəsi, təmir və istehsal sexləri, 
plan  büroları  və  s.)  rəhbərliyin  xüsusi  tapşırığı  ilə  sözsüz  və  tam  təmənnasız 
Qobustana kömək etməli, onun sifarişlərini növbədənkənar, birinci yerinə yetirməli 
idi. Qobustanın başqa nazirlik və yuxarı təşkilatlardan asılı işi olduqda mütləq zəng 
çalar, nazir və ya müavin adından Qobustana kömək etməyi xahiş edərdilər. 
O  vaxt  nazir  və  müavini  heç  olmasa  ayda  bir  dəfə  (bəzən  2-3  dəfə) 
Qobustana  gələrdi,  qonaq  gətirərdi,  ya  da  elə  özü  istirahət  gününü  Qobustanda 
keçirərdi.  Bəzən  abidələr  haqda,  məndən  qabaq  qonağa  R.  Babaxanov  özü  izahat 
verər,  ekskursiya  başlayardı.  Nazir  və  müavinin  Qobustana  gəlməsi  adamlarda, 
Qobustan qəsəbəsinin rəhbər və ziyalıları arasında ən tutarlı təbliğat rolu oynayırdı. 
Yadımdadır,  bir dəfə R. Babaxanov xəbər göndərdi ki, sabah səhər saat 8-in 
yarısında  Qobustanda  olum,    qonaq  gələcək.  Oldum.  sonra  saat  8-də  Rüstəm 
müəllim öz   maşınında   bir   nəfərdə  gəldi.   Məlum   oldu ki,  qonaq   Fransa   
baletinin   ulduzu   Serj   Lifardır.   O, Moskvada R. Hacıyevlə görüşüb Qobustan, 
oradakı  kollektiv  rəqs      səhnələri,      onların      çox      qədimliyi      haqda  ondan 
məlumatlandıqdan    sonra    bir    saatlığa  da  olsa  Qobustanda  olmaq,  qədim  «yallı» 
təsvirlərini  görmək  istədiyini  bildirib,  Təcili  olaraq  lazımı  razılıqlar,    Bakıya  və 
geriyə  uçmağa  təyyarəyə  bilet  alınıb,  R.    Babaxanova  qonağı  qarşılamaq,  
Qobustana  aparmaq  və  qaytarıb  saat  13.  00-da  Moskvaya  yola  salmaq  haqda 
tapşırıq  verilib.  Elə  də  oldu.  Qonaq  aeroportdan  bir-başa  Qobustana  gəldiyi  kimi 
Qobustandan  da  birbaşa  aeroporta    qayıtdı.    O    qobustanda    qədim      yallı  
şəkillərini gördü və Qobustan haqda geniş məlumat aldı. (Qeyd edim ki, Serj Lifar 
yaşlı  və  əslən  ukraynalı  idi.  O  inqilab  vaxtı,  cavan  olanda,  ailəsi  ilə  Fransaya  
köçübmüş, ona görə  də bizimlə rahat rus dilində danışır və izahımızı dinləyirdi). 
Məncə,  daha  artıq  izaha  ehtiyac    yoxdur.    R.    Hacıyevin  təbliğatı  öz    bəhrəsini 
verdi.  Fransa  ilə  Azərbaycan  balet  məktəbləri  arasında  o  vaxtkı  mübadilə, 
«Qobustan kölgələri» baletinin Fransaya getməsi ilə nəticələndi. 
Sonrakı illərdə R. Hacıyev də R. Babaxanov da nazirlikdən getdilər, yerinə 
yeniləri  gəldi,  get-gedə  Qobustana  maraq,  baxım  azaldı.  Qobustan  muzeyi  də  adi 
ev muzeyləri ilə yanaşı qoyuldu. 
Qobustan  abidələri  elmimizin,  tariximizin,  xalqımızın  fəxridir.  Onu 
qorumaq, öyrənmək, təbliğ etmək lazımdır. Bunun üçün: 
1.  Qobustanın  abadlaşdırılması,  yollar  çəkilməsi  və  heç  olmasa  hələlik 
Böyükdaş dağı ətrafının hasarlanması işi təxirə salınmadan həyata keçirilməlidir. 
2.  Qobustan  qoruğunun  ehtiyaclarından  doğan  hər  cür  təsərrüfat  işləri  və 
Qobustanda qonaqların rahatlığı üçün lazımı işlər görülməlidir. 
3.  Qobustanın  hər  bir  daşının  toxunulmaz  muzey  eksponatı  olduğunu 
nəzərə  alaraq  Qobustan  qayaları  -  Qobustan  abidələri  arasında  nəzarətsiz 
gəzintilərin  qarşısı  alınmalı,  iş  şəraiti  yaxşılaşmalı  və  abidələri      qorunması 
məsələsi sistemli olaraq, səmərəli şəkildə həll edilməlidir. 

121 
 
4.  Qobustana    gələnlərə      və    turistlərə    hər      vaxt  və  yüksək  səviyyədə 
qulluq  etmək,  onların  hər  birinə  abidə  haqqında  lazımı  məlumat  vermək  üçün 
xüsusi rejim - qayda yaratmaq lazımdır. 
5. Qobustan  beynəlxalq  miqyasda  reklam  olunmalı,  o  haqda  bukletlər, 
bələdçilər,  açıqcalar,  döş  nişanları  və  s.  çapların  keyfiyətli  buraxılması  və  geniş 
yayılması təşkil edilməlidir. 
6.  Qobustan  abidələrinin  tədqiqini  sürətləndirmək,  bunun  üçün  Qobustan 
arxeoloji ekspedisiyasının iş şəraitini yaxşılaşdırmaq, Qobustanın qədim qayaüstü 
təsvirləri - Qobustan petroqliflərinin tam çapı təşkil edilməlidir. Əfsus ki, Qobustan 
abidələrinin tədqiqi üçün lazımı şərait və köməklik göstərilmir. Elmi axtarışlar bir 
növ  «həvəskar»  səviyyəsində  aparılır.  Abidələrin  qorunması  üçün  qoruğun  lazımı 
qədər qüvvəsi və imkanı yoxdur. Qobustan qoruğunun yaranmasından 28 il keçir. 
Qobustan  beynəlxalq  turizm  marşrutuna  daxil  edilmişdir.  Son  illərdə  tarixi 
mövzulu  məclislər,  respublika  televiziyası,  bir  çox  tədbir  və  çıxışlar  Qobustan 
haqda  söz  demək  və  ya  Qobustan  lövhələrini  göstərməklə  başlayır.  Kimdən 
soruşulsa  -  Qobustan  nədir?  Cavab  verər  ki,  babalarımızın  yurdu,  qədim 
mədəniyyət  ocağımız  fəxrimiz  və  s.  Lakin  atalar  deyib  ki,  «bal-bal  deməklə  ağız 
şirin olmur.  Qobustana  gurultulu çıxışlar, pafoslu  sözlər  yox,  əməli  kömək, onun 
qeydinə qalmaq, onu abadlaşdırmaq, ondan həm milli mənliyimizin təbliği, qədim 
tariximizin  öyrənilməsi,  həm  də  indiki  zamanda  gəlir  götürmək  üçün  də  istifadə 
etmək gərəkdir. Bu 
işlər  üçün  22-23  il  əvvəl  respublika  hökumətinin  müvafiq  qərarları  olub, 
tapşırıqlar  verilib.  Bəs  bu  qədər  vaxtda  nə  iş  görülüb?  Qobustana  yollar 
çəkilməsinin,  qoruğun  abadlaşdırılmasının  başqa  planı  hazırlanıb.  Vaxt  keçib,  iş 
yoxdur. Atalar deyib. «Pul qoy pul götür». Bəli, abadlıq işləri vaxtında aparılsaydı, 
Qobustan xarici turizm üçün lazımi şəkildə reklam edilsəydi, indi gəlir valyuta ilə 
hesablanardı. Yaddan çıxarmaq lazım deyil ki, Qobustan qədim tariximizin inkişaf 
güzgüsü, mədəniyyət ocağımız, kimliyimizin, qədim kökümüzün carçısı, açıq səma 
altında nə qədimlik dərəcəsi, nə də dövr müxtəlifliyi və bir ərazidə yığcamlığı və s. 
cəhətdən bərabəri olmayan bir muzey, bir incidir. 
Yüklə 225,42 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin