CƏLİlabad fiLİali I mtahantap ş I r I ğ I



Yüklə 111,66 Kb.
tarix22.06.2020
ölçüsü111,66 Kb.
#31921
MANNA DÖVLƏTİNİN YARANMASI, YÜKSƏLİŞİ VƏ SÜQUTU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ

CƏLİLABAD FİLİALI

İ M T A H A N T A P Ş I R I Ğ I

İXTİSAS: Məktəbəqədər təlim və tərbiyə

QRUP VƏ KURS: MT 19-I kurs

KAFEDRA: Ümumi fənlər

TƏDRİS İLİ: 2019-2020

FƏNNİN ADI: Azərbaycan tarixi

FƏNNİ TƏDRİS EDƏN MÜƏLLİM: Mirzəzadə Ələsgər

TƏLƏBƏNİN ADI, SOYADI, ATASININ ADI: Quliyeva Sevil Fəyyaz qızı

MÖVZU: Manna dövlətinin yaranması, yüksəlişi və süqutu

CƏLİLABAD 2020

MÜNDƏRİCAT

GİRİŞ ......................................................................................................................................

3

TAPŞIRIĞIN MƏZMUNU ...................................................................................................

4

NƏTİCƏ ..................................................................................................................................

9

ƏDƏBİYYAT SİYAHISI ......................................................................................................

10


GİRİŞ

Manna dövlətinin meydana gəlməsinədək onun ərazisində bir çox xırda dövlətlər mövcud idi. Akademik Z.Bünyadov və Y.Yusifovun redaktorluğu ilə çapdan çıxmış "Azərbaycan tarixi" kitabında göstərilir ki, e.ə. I minilliyin əvvəlində Cənubi Azərbaycan ərazisində Urmiya gölü hövzəsində mərkəzləşmiş dövlətin meydana gəlməsi üçün şərait yaranır və yeni təşkil edilən dövlət Manna adlanır. Manna Assur və Urartu işğallarına qarşı mübarizədə mətinləşirdi. Manna dövləti qonşuların işğalına qarşı özünü müdafiə mövqeyində saxlayır, xarici siyasətini siyasi vəziyyətə uyğunlaşdırır, ayrı-ayrı xırda vilayət hakimlərini vahid mərkəzdə birləşdirməyə cəhd göstərirdi.



E.ə. IX əsrdə Manna ərazisində bir sıra xırda dövlət birləşmələri mövcud idi. Bu dövlətlər müstəqil xarici siyasət yürüdür və xarici müdaxiləyə qarşı təkbaşına mübarizə aparırdılar. Mannanın ərazisində Zamua, Mazamua, Gilzan, Allabria, Karalla, Meşta-Mesi, Alateye, Surikaş, Missi, Gizlibunda, Uişdiş, Buştu, Bara-Sanqibuti, Zikirtu və Andia kimi vilayətlər meydana gəlmişdi.

Mixi yazılardan bəlli olduğu kimi, e.ə. I minilliyin əvvəlində Cənubi Azərbaycan ərazisinin özündə assurlarla mübarizə aparan bir neçə "çarlıq" var idi, burada ayrı-ayrı "çarlıqların" birləşməsi prosesi gedirdi, və bunun sayəsində onlar uzun müddət Assuriya işğalçılarına müqavimət göstərə bilirdilər.

Akademik Z.Bünyadov və Y.Yusifov Mannanın meydana gəlməsi, tarixi əhəmiyyəti haqqında göstərirlər ki, Assuriyada III Tiqlatpalasarın (e.ə. 744-727-ci illər) hakimiyyətə gəlməsilə Ön Asiyada siyasi vəziyyət dəyişildi. O, geniş işğalçılıq müharibələri aparır, Assuriyanın beynəlxalq nüfuzunu qaldırırdı. Mannada və başqa ölkələrdə o, Assuriyanın siyasi təsirini artırmaq məqsədilə Urartu ilə toqquşmalı oldu. III Tiqlatpalasar Manna istiqamətində Mazamua (Krmiya gölünün cənubu və cənub-qərb vadi hissələri) vilayətini tutaraq orada yeni məskunlar yerləşdirdi və Mazamuanı Assuriyaya birləşdirdi. Mazamua Zamuanın şimal hissəsini təşkil edirdi. Urartu da bu torpaq uğrunda uzun-uzadı müharibələr aparmışdı. Bununla urartlar Mannanın bu ərazisindən sıxışdırılıb çıxarıldılar. III Tiqlatpalasar işğal olunmuş ölkələrin əhalisinin bir yerdən başqa yerə köçürmə siyasəti yürüdürdü. O, Urmiya gölü hövzəsində (əsasən qərb və cənub-qərbində) yaşayan kutiləri, sanqibutiləri, sanqilləri, budiləri, nakkabiləri və s. başqa əraziyə köçürdü və məskunlaşırdı. Lakin III Tiqlatpalasar Mannanın digər vilayətlərinə toxunmadı. Tiqlatpalasarın işğal etdiyi ölkələr içərisində Manna yad edilmir, o ancaq, Mannanın qoşunları Urartu və Midiya ilə müharibələr aparırdı. Manna hökmdarı III III Tiqlatpalasarın şəxsində özünün müttəfiqini görürdü.

Manna dövlətinin yaranması, yüksəlişi və süqutu

Manna dövləti e.ə. IX əsrdə Urmiya gölü ətrafında meydana gəlmişdir. Mannanın adı ilk dəfə e.ə. 843-cü ildə Assuriya hökmdarı III Salmanasarın kitabəsində çəkilir. Mannanın ən qüdrətli hökmdarı Iranzu olmuşdur. Iranzu:

  • Mərkəzləşmə siyasəti aparırdı;

  • Urartunun işğal etdiyi Manna torpaqlarını geri qaytardı;

  • Manna vilayətlərini mərkəzi hakimiyyətə tabe etdi;

  • Ölkədə canişinlik sistemi yaratdı;

  • Assuriya ilə müttəfiqlik əlaqələri qurdu;

  • Şuandahul və Durdukka şəhərlərinin əhalisinin üsyanını Assuriyanın köməyi ilə yatırdı (e.ə. 719-cu il);

  • Mannanın şimal sərhədlərini Araz çayına qədər genişləndirdi;

  • Manna dövlətini Urmiya gölü hövzəsində qüdrətli dövlətə çevirdi;

  • İzirtu şəhəri Mannanın paytaxtına çevirdi;

Azanın dövrü (e.ə. 718 - e.ə. 716)- Azanın hakimiyyəti illərində Mannada daxili çəkişmələr gücləndi. Urartu dövlətindən dəstək alan qüvvələr e.ə. 716-cı ildə Azanı öldürdülər. Hakimiyyətə Ullusunu (e.ə. 716 - e.ə. 680) gəldi və Urartu ilə ittifaqa girdi. Bundan qəzəblənən Assuriya hökmdarı II Sarqon e. ə. 716-cı ildə Mannaya hücum edərək Ullusununu özünə tabe etdi.



E. ə. 715-ci ildə II Sarqon tərəfindən qiyamçı Dayaukku və I Rusa məğlub edildi. Bu qələbədən istifadə edən Manna Urartu tərəfindən işğal edilmiş torpaqlarını geri qaytardı. II Sarqon e. ə. 714-cü ildə Manna, Midiya və başqa ərazilərə yürüşə çıxdı. Yürüşün əsas məqsədləri:

  • Mannanı tamamilə Urartu təcavüzündən xilas etmək;

  • Mannada Assuriyanın mövqeyini gücləndirmək;

  • Mannadan Assuriya xəzinəsinə göndərilən xəracın vaxtlı-vaxtında gəlməsini təmin etmək.

Ahşerinin dövrü (e.ə.675-e.ə.650) müstəqil xarici siyasət yeridən Ahşerinin Assuriya ilə müttəfiqlik əlaqələri pozuldu. Bundan qəzəblənən Aşşurbanipal Mannaya hücum edərək əhalinin var-dövlətini talan etdi və Izirtu şəhərini dağıtdı. Qəzəblənən əhali qiyam qaldıraraq Ahşerini öldürdülər. Hakimiyyətə gələn Ualli (e.ə. 650 - e.ə. 630) Assuriya ilə ittifaqı yenidən bərpa etdi. Uallidən sonra hakimiyyətə gələn hökmdarlar da Assuriya ilə ittifaqa sadiq qaldılar. E.ə. 616-cı ildə Assuriya Midiya və Yeni Babilistan tərəfindən hücuma məruz qaldığı zaman Manna Assuriya ilə müttəfiqlik əlaqəsinə sadiq qaldı. Assuriyanın varlığına son qoyulmasından sonra Manna da öz müstəqiliyini qoruyub saxlaya bilmədi və e.ə. 590-cı ildə Midiyaya birləşdirildi.

S. Qaşqay qeyd edir ki, mənbələrin məlumatlarına əsasən, Manna dövlətinin möhkəmlənməsini və tarixi coğrafiyası müəyyən dərəcədə izləmək mümkün olmuşdur. Atçılıq və dəvəçiliklə məşğul olan, qaramal və davar saxlayan cəngavər tayfanın yaşadığı Mes/s/i (Misi, Misu) ölkəsinin böyük əhəmiyyəti var idi. Messinin adı ZamuaMaday, Gizilbunda və Parsua ilə bir çəkilir. Daha sonrakı qaynaqlardan məlum olur ki, bu vilayət Mannanın cənub qurtaracağında idi və Manna sonralar onu işğal edib öz ərazisinə qatmışdı. Lakin Messi hökmdarları onda da özlərini müstəqil aparmağa cəhd etmişlər. Messi vilayətinin boyun əyməyən əhalisinin gizləndiyi dağ qalası Mesunun adını II Aşşurnasirapal e. ə. IX əsrin 80-ci illərində çəkir. Bu ölkəyə sonra III SalmanasarV Şamşi-AdadII Adadnerari yürüşlər etmişdilər. Assurların verdiyi məlumata görə, bu vilayətin ərazisi olduqca geniş idi. Manna hökmdarı Ullusunu dövründə Missi əyaləti artıq Mannaya birləşdirilmişdi. Onun sərhədində Sirdakka qalası inşa edilmişdi. Q. A. Melikişvili belə hesab edir ki, Taştəpədəki Urartu kitabəsində adı çəkilən bu Menua tərəfindən işğal edilmiş Meişta şəhəri Missi ərazisində yerləşmişdir və belə güman edir ki, onun əhalisi etnik cəhətdən mannalılarla qohum olmuşdur.



Urmiya gölü hövzəsində Allabria çarlığının böyük əhəmiyyəti vardı. Allabrianın adı ilk dəfə IX əsrin ortalarında çəkilir. III Salmanasar Allabrianın qala şəhəri Şurdirranı və orada olan var-dövləti ələ keçirməsi haqqında məlumat verir. Hökmdar Yanziburiaş dövründə Allabria cəmiyyəti haqqında müəyyən fikir söyləməyə imkan verən maraqlı məlumat vardır. Assuriya Allabrianı sonralar özünə tabe etmişdi, hərçənd məlum olduğuna görə, II Sarqon zamanında mannalı Ullusunu ölkənin hökmdarı İttini dilə tutub "Urartuya xidmət etməyə" razı salmış və İtti onun fitvası ilə Assuriyaya qarşı üsyan qaldırmışdı. Lakin Assuriya əleyhinə koalisiya darmadağın edilmiş, çar İtti isə öz ailəsi ilə birlikdə Suriyadakı Amatiya şəhərinə sürgün edilmişdi. Allabria hökmdarı Belapaliddina dövründə onlar Assuriyaya bac verirdilər. Sonralar çar Ahşeri zamanında və ya hətta bir az əvvəl assurlar tərəfindən istila edilmişdi.

Mannanın şərq sərhədlərində "dağlıq diyar" adlanan Gizilbunda vilayəti yerləşirdi. Artıq e. ə. IX əsrin son rübündə assurlar bu ölkədə olmuşdular. Gizilbunda hökmdarları arasında birlik yox idi. Ölkənin ayrı-ayrı rayonlarının hökmdarları bac verərək V Şamşi-Adadı rəhmə gətirməyə çalışdıqları halda, çar Pirişati müqavimət göstərməkdə davam edirdi.

Assuriya hökmdarı bunun üstündə ölkəni dağıdıb viran qoydu. O, ətraf məskənlərin əhalisinin daldalandığı "möhkəmləndirilmiş şəhər" Uraşı işğal etdi, "şəhərin küçələrini onun döyüşçülərinin qanına boyadı... 6000 döyüşçünü qırdı, çar Pirişatini 1200 döyüşçüsü ilə birlikdə diri-diri tutdu. Əsirlər apardı, onların əmlakını, var-dövlətini, qaramalını, davarını, atlarını, gümüşdən, saf qızıldan və tuncdan qayrılmış saysız-hesabsız əşyalarını qarət etdi. Dağıtdı, viran qoydu, od vurub yandırdı...". III Adadnerarinin (e. ə. 805-782) kitabələrindən birində onun başqa ölkələrlə bərabər "Gizilbundanı ta hüdudlarınadək" istina etdiyi haqqında məlumat verildiyinə baxmayaraq Gizilbunda öz suverenliyini qoruyub saxlamışdı, hətta II Sarqon, gizilbundalıları "öz güclərinə güvənən, başının üstündə hökmranlıq tanımayan" adamlar adlandırır. Gizilbundanın ayrı-ayrı hökmdarları bac versələr də, assurlar onları tam itaət altına ala bilməmişdilər.

Zikertu əyaləti müasir Miyanə – Ərdəbil şəhərləri rayonu ilə lokalizə edilir. O, mənbələrdə artıq Mannadan asılı ərazi kimi xatırlanır. II Sarqonun verdiyi məlumata görə Zikertunun başında mannalıların canişini dayanırdı. Bu canişin çox güman ki, Mannadan asılı olan və Manna tərəfindən təsdiqlənən Zikertunun öz hakimi olmuşdur. Zikertu əyalətinin özünün Parda "hökmdar şəhəri" var idi. Zikertunun adını antik mənbələrdə xatırlanan saqartilərin adı ilə eyniləşdirirlər. Zikertu ola bilər ki, həqiqətən də həmin dövrdə İran tayfaları ilə məskunlaşmışdı. Mixi yazılı mənbələrdə 100-200 il əvvəl adları çəkilən qonşu əyalətlərlə müqayisədə bu əyalətin adı çox-çox sonralar çəkilir. II Sarqon öz hakimiyyətinin 3, 6 və 8-ci illərində (yəni e. ə. 719, 716 və 715-ci illərdə) Manna hökmdarı Azaya qarşı çıxmış Zikertuya hərbi yürüşlər edir. O, ətraf yaşayış məskənləri ilə birlikdə üç möhkəmləndirilmiş şəhəri ələ keçirməsi və paytaxt Pardanı qarət etməsi haqqında məlumat verir. Görünür Zikertu əyaləti Mannaya yenidən II Sarqonun e. ə. 714-cü ildə 8-ci yürüşü zamanı tabe edilmişdir. II Sarqon həmin yürüş zamanı Zikertuya dağıdıcı zərbə endirmiş, onun 13 şəhərini, 84 ətraf yaşayış məntəqələri ilə birlikdə müdafiə divarlı 12 möhkəmləndirilmiş məntəqəsini qarət etmişdi.

Mannanın şərq sərhədlərində ən uzaq əyalət Qızılüzən çayı hövzəsinin aşağı və orta hissəsində yerləşən Andiya əyaləti idi. Andiyanın ilk dəfə adı qoşunları Andiyaya gedib çıxmış və andiyalılardan xərac alan III Salmanasarın hakimiyyətinin sonlarına aid olan kitabələrdə çəkilir. III Adadnerari işğal etdiyi ölkələr arasında "Günəşin batdığı böyük dənizə"dək uzanan Andiyanın da adını qeyd edir.  Bu dəniz Xəzər dənizi hesab olunur. Manna dövləti görünür özünün ən qüdrətli dövründə Andiyanı aşşurlulardan geri almış və onu özünün təsir dairəsinə daxil etmişdir. Hökmdar Azanın və Ullusunun dövründə andiyalılar digər əyalətlərlə birlikdə öz müstəqilliklərini qaytarmaq məqsədilə mannalılara qarşı çıxdılar. Mənbələrdə Andiyanın hakimi Telusinanın adı çəkilir. Hürricə hesab edilən bu ada, və Hürri-Urartu şəkilçisi vasitəsilə düzəldilmiş Andiya əyalətinin öz adına görə Andiya əhalisini hürridilli etnik qruplara aid edirlər.

Mannaya tabe əyalətlər arasında müasir Marağa rayonu ərazisində yerləşən Uişdiş əyalətinin də adı çəkilir. Onun da başında Manna canişini dururdu. Uişdiş əyaləti Zikertu və Andiya əyalətləri ilə birlikdə mannalı Azaya qarşı çıxmışdı. Lakin, o, aşşurluların köməyilə yenidən Mannaya tabe edildi. Urmiyanı hövzənin şimali-şərq hissəsində Manna ilə Urartu sərhədləri hüdudunda Subi və Bari əyalətləri yerləşirdi. O, həm də Sanqibutu adlanırdı. Bu əyalətlər vaxtaşırı gah bu, gah da digər tərəfə tabe olurdu. II Sarqon Bari əyalətində yaxşı möhkəmləndirilmiş, at tövlələri, arpa dolu anbarları ilə zəngin olan Tarun və Tarmakis qalalarının adını çəkir. Mannanın cənubi-şərq torpaqları və ona tabe əyalətlər madayların məskunlaşdığı ərazi ilə sərhəddə yerləşirdi.

Mannada hökmdarlıq təsilatı irsi imiş. Bir-birinin ardınca hökmdarlıq edən Aza və Ullusunu İranzunun oğulları idilər. Aşşur hökmdarı Asarxaddonun müasiri Ahşeridən sonra Mannanı onun oğlu Ualli idarə edirdi.

Dövlətin başında irsi hakimiyyətə malik hökmdar dururdu. Dövlətin ərazisi hökmdarın təyin etdiyi canişinlər tərəfindən idarə olunan əyalətlərə bölünürdü. Q. A. Melikişvilinin göstərdiyi kimi bu canişinlərın bəziləri hətta irsi hakimiyyətə malik olmuşlar. Mannada hökmdar hakimiyyəti, görünür, qeyri məhdudluğa doğru gedirdi; hər halda onlar sərbəst hakimiyyətə can atmışlar. Məhz bu, hökmdarın və onun yürütdüyü siyasətin tərəfdarları və əleyhdarları arasında daimi mübarizəyə gətirib çıxarmışdır. Manna siyasət kursunu dəyişmək üçün sui-qəsdlər edilir, mövcud hökmdarlar hakimiyyətdən salınır və özlərinə yarayanlar hakimiyyətə gətirilirdi.Sui-qəsdlərin başında çox zaman hökmdarın oğlu və ya qardaşı dururdu. Məsələn, Aşşur tərəfdarı olan Azanı Urartu ilə müttəfiqlikdə olan qardaşı Ullusunu hakimiyyətdən salmışdı. Eyni zamanda II Sarqonun məlumatından görünür ki, Ullusunu "özünün böyükləri, ağsaqqalları, məsləhətçiləri, nəslinin nümayəndələri, canişinləri, ölkəsini idarə edən zadəganları", yəni hökmdar hakimiyyətini məhdudlaşdıran ağsaqqallar şurası sayılanlarla birlikdə II Sarqonu qarşılamağa çıxmışdı.

Hökmdar artıq hakimi mütləq idi. II Sarqonun dövrünə aid məlumatdan gördüyümüz kimi Manna hökmdarının tabeliyindən azad olmağa çalışan, "onun ölkəsini idarə edən canişinlərin və başçıların" sərbəstlik cəhdləri sıxışdırılır və məhdudlaşdırılırdı, onlar artıq özlərinə tabe ərazilərdə elə bir müstəqil hakimiyyətə malik deyildilər.

Yuxarıda göstərilən məlumatla II Sarqon qeyd etmək istəyir ki, Ullusunun özünün bütün qohum-əqrabası və Manna zadəganları ilə onu qarşılaması ona öz hörmət və dostluğunu göstərmək idi. Mətnin ardından məlum olur ki, Ullusunu özunün təhlükəsizliyini təmin etmək üçün hətta girov da götürmür əksinə II Sarqon üçün "özünün böyük oğluna hədiyyələr verməyi tapşırır". O, öz hökmdarlığını möhkəmləndirmək üçün Aşşur hökmdarına stella həsr edir.

Q. A. Melikişvilinin fikrincə Manna hökmdar oğullarının aşşurlara girov verilməsi faktı Manna hökmdarlarının da suveren hakimlər olduğunu göstərir. Hökmdar hakimiyyətinin möhkəmlənməsi, onun əyanlar tərəfindən müdafiə olunması, inkişaf etmiş iqtisadiyyat Mannanın Yaxın Şərqin iri dövlətlərındən birinə çevrilməsinə imkan verdi.

NƏTİCƏ

Manna dövlətinin adı çəkilən mixi yazılı mənbələrdə göstərilir ki, o, e. ə. 616-cı ildə Aşşurun Babillə son müharibəsinədək Aşşurun müttəfiqi olaraq qalmaqda idi. "Gedd salnaməsi" məlumat verir ki, Aşşuru ağır məğlubiyyətə uğradan Babil hökmdarı Nabopalasar (e. ə. 605-ci ildə ölmüşdür) aşşur əyanlarını və onlara köməyə gələn mannalıları əsir aldı. Gedd salnaməsində bu haqqda deyilir: "Nabu-apal-usurun (Nabopalasar) 10-cu ilində, ayar ayında o, Akkadın qoşununu yığdı və Purattu çayının kənarı ilə getdi; Suxeylilər və Xindanlılar onunla döyüşə girişməyib öz vergilərini onun qabağına qoydular. Ab ayında onlar xəbər verdilər ki, Assuriya qoşunları Kablindədir; Nabu-apal-usur onlara qarşı qalxıb, ab ayının 12-də Assuriya qoşunu ilə döyüş etdi, Assuriyanın qoşununu qırdı, Assuriyaya böyük zərbə vurdu, çoxlu qənimət apardı. Onların köməyinə gələn Manna və Assuriya əyanları zəbt edildilər. Həmin vaxt o Kablin şəhərini zəbt etdi. (Şimal ərazilərinə yürüşlər haqqında). 12-ci ilin ab ayında [....] əmri ilə Madaylı Ninəvaya qarşı [....] tələsib, Ninəva vilayətinin Tarbis şəhərini onlar zəbt etdilər [....]. O, Tiqlat çayının kənarı ilə enib, Aşşura hücüm etdi, şəhərdə döyüş etdi; [....] şəhəri dağıtdı, böyük adamlara qüvvətli zərbə vurdu, onun qənimətini zəbt etdi, əsir apardı. Madaylının köməyinə gələn Akkad çarı və onun qoşunu döyüşə çatmadılar, Aş[şur dağıdılmışdı]. Akkadın çarı və U[mak]iştar şəhər yaxınlığında bir-biri ilə görüĢdülər, dostluq və ittifaq (müqaviləsi) bağladılar. [Umakiş]tar və onun qoşunu öz ölkəsinə qayıtdı, Akkad çarı və onun qoşunu öz ölkəsinə qayıtdı. .... ..14-cü ildə Akkad çarı Öz qoşununu yığdı [....]. Ummanmandanın çarı Umakiştar Akkad çarının qarşısına [....], bir-biri ilə görüşdülər Akkad çarı [....] və Umakiştar [....] Radan çayından keçdilər və Dəclə çayının sahili ilə getdilər [....] Ninəvanın əleyhinə [....] siman ayından ab ayına kimi 3 döyüş [....] şəhərə güclü zərbə vurdular."



Aşşuru qəti olaraq tamamilə məğlubiyyətə uğradan madaylar Yaxın Şərqdə rəqabətsiz bir qüdrətli dövlətin əsasını qoydular. Onlar Manna dövlətini çox güman ki, e. ə. 615-610-cu illər arasında özlərinə tabe etmişlər.  Lakin hələ bir müddət Midiyadan asılı bir dövlət kimi də olsa Manna öz müstəqilliyini saxlamışdı. Mannanın adı çəkilən sonuncu yazılı mənbə Bibliyadır. İeremiya kitabında Urartu dövləti, Manna və skiflər e. ə. 593-cü ildə madaylarla birlikdə Babil əleyhinə çıxışa çağrılırlar.
ƏDƏBİYYAT SİYAHISI

  1. Qaşqay, Solmaz (1993). Manna dövləti (azərb.). Bakı.

  2. Azərbaycan tarixi, Bakı Dövlət Universiteti nəşriyyatı(azərb.). 2009.

  3. Y. Yusifov – Azərbaycan tarixi (iki cilddə), Z. Bünyadov (2007). (azərb.). I cild. Bakı.

  4. Qeybullayev, Q. (1994). Azərbaycan türklərinin təşəkkül tarixindən (azərb.). Bakı.



Yüklə 111,66 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin