Cinayət mühakimə icraatının
məhkəmə-tibbi təminatı
203
İstintaq və ekspert eksperimentləri arasında prinsipial prosessual
və metodoloji fərqlər mövcuddur. İstintaq eksperimentini müstəntiq
keçirir və mütəxəssisin xüsusi biliyinə zərurət yarandıqda onu dəvət
edir. Ekspertizanın keçirilməsində və ekspert eksperimentində xüsusi
müayinələrin mütləq keçirilməsi nəzərdə tutulur və bu hərəkətin
başlıca subyekti kimi ekspert iştirak edir. Göstərilənlərə müvafiq
olaraq, həmin istintaq hərəkətlərinin keçirilməsinə hüquqi əsas,
onların keçirilmə qaydaları və nəticələrinin tərtibatındakı fərqdir.
Metodiki nöqteyi-nəzərdən istintaq və ekspert eksperimentləri
arasındakı fərq az əhəmiyyətli deyildir. Ekspert eksperimentini
keçirmək üçün xüsusi kadr və maddi-texniki baza tələb olunur. Əsas
məqsədi yeni və əlavə məlumatların alınması olan istintaq
eksperimenti iş üzrə keçirilən məhkəmə-tibbi ekspertizanın bir çox
müayinə metodlarından birinin ayrılmaz tərkib hissəsi və ya onun
mərhələsidir. Ekspertiza eksperimentlərin keçirilməsi ilə qurtarmır.
Eksperimentlərin nəticəsi müstəqil sübuti əhəmiyyət daşımır. Onlar
ekspertin yekun nəticəsi üçün əsas kimi xidmət edir. Eksperimen-
tlərin nəticələri keçirilən ekspertizanın çərçivəsində digər obyektiv
məlumatlarla uzlaşdırılmalı və məntiqi qiymətləndirilməlidir.
İstintaq eksperimenti ilk növbədə artıq əvvəlcədən əldə edilmiş
sübutların yoxlama və dəqiqləşdirmə üsuludur. Onun əhəmiyyəti yeni
sübuti məlumatların müəyyən edilməsində ikincili rol oynayır.
İstintaq eksperimentinin planlaşdırılmasında müstəqil və yeganə
vasitə kimi bu məsələ, bir qayda olaraq qoyulmur. İstintaq edilən
hadisənin iştirakçılarının hərəkətlərinin canlandırılması və hadisə yeri
şəraitinin yenidən qurulması üzrə aparılan təcrübələr istintaq
eksperimentinin başlıca məzmununu təşkil edir və çox hallarda
bununla da kifayətlənir. Təcrübələrin nəticələri bütövlükdə istintaq
hərəkətinin nəticəsini təşkil edir və sübut kimi müstəqil prosessual
əhəmiyyət kəsb edir. İstintaq eksperimentinin gedişində alınmış
nəticələrin qiymətləndirilməsi, çox vaxt əlavə istintaq hərəkətlərinin
yerinə yetirilməsini, o cümlədən ekspertizanın keçirilməsini tələb
edir. Bu halda istintaq eksperimentinin nəticələri iş üzrə sübutlar
mənbəyi kimi öz əhəmiyyətini itirmir.
|