Şakir Musayev
202
9.4. İstintaq eksperimentində və ifadələrin
yoxlanılmasında məhkəmə-tibbi
biliklərdən istifadə edilmənin nəzəri əsasları
Eksperiment, məhkəmə-tibb ekspertinin işində müşahidə, təsvir
etmə, ölçmə, hesablama, tutuşdurma, müqayisə, ümumiləşdirmə və s.
kimi təcrübi biliklərə söykənən ümumelmi metodlar arasında mühüm
yer tutur. Eksperiment (latın dilində experimentum - sınaq, səriştə,
təcrübə deməkdir) - obyektlərin xüsusiyyət və əlaqələrinin təcrübə
yolu ilə, eləcə də, obyektin canlandırılması və ya onun analoqunun
yaradılması yolu ilə aparılan müayinə metodudur. Eksperiment
müayinə obyektinin öyrənilməsi, onun xüsusiyyətlərinin məqsəd-
yönlü dəyişdirilməsi, təcrübi şəraitin korreksiyası və şəklinin
dəyişdirilməsi (müxtəlif hala salınması) yolu ilə həyata keçirilir.
Bununla da obyekt haqda yeni məlumatların alınmasına, onun
xüsusiyyətləri haqda əldə olan məlumatların yoxlanılmasına,
öyrənilən təzahürün xarakterizə olunduğu və onun digər obyekt və ya
təzahürlərlə əlaqə və münasibətlərinin qanunauyğunluğunun
yoxlanılmasına imkan yaranır.
Məhkəmə-tibbi təcrübədə eksperimental metoddan iki formada
istifadə olunur - istintaq və ekspert eksperimenti.
Eksperimental biliklərin təcrübi xarakteri istintaq eksperimentini
ekspertizanın keçirilməsi ilə yaxınlaşdırır. Mahiyyətinə görə istənilən
ekspertizaya, daha dəqiq desək, onun son mərhələsinə - nəticənin
tərtibinə şərti olaraq, hansısa nəzəri konkret şərait modelinin təsviri
kimi və ya ekspertizanın predmeti qismində istintaq tərəfindən
verilmiş şəraitlərin xəyali canlandırılması kimi baxmaq olar.
Eksperiment haqda danışıldıqda hər şeydən əvvəl mütəxəssis-
tədqiqatçının fəal məqsədyönlü praktiki fəaliyyəti nəzərdə tutulur.
CPM 262-ci maddəsində göstərilənlərdən başqa, istintaq
eksperimentindən bir çox digər prosessual hərəkətlərin gedişində -
baxış zamanı, müqayisəli nümunələrin alınmasında, o cümlədən
ekspertizaların aparılmasında da istifadə olunur. Ekspertizanın
icrasında bu metod «ekspert eksperimenti» kimi xüsusi tərif almışdır.
|