ÀÇЯÐÁÀJ†ÀÍ ÌÈËËÈ ÅËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ FÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 1,28 Mb.
səhifə2/14
tarix31.01.2017
ölçüsü1,28 Mb.
#7185
1   2   3   4   5   6   7   8   9   ...   14

Haşiyə... 1961-ci ilin sentyabr ayında aşıq Şəmşir məni Ağdabanın Çay­qo­vuşan yurdundakı qəbristanlığa apardı. O burada Dostu xanımla (Telli xanımla) yanaşı Molla Əmirin qəbirlərini göstərdi. Kəbini dəyişən mol­la onu Bağır bəyə verməmiş, özüylə götürüb Ağdabanın Çayqovu­şanına gətirmiş, ömürlərini bir yerdə başa vurmuşlar. 1966-cı ildə Molla Əmirlə Tellinin oğul nəvəsi Qəzənfər Tərtər rayonunda baytar həkimi işləyirdi. Mən onunla görüşüb söhbət etdim.

2001-ci ildə Dəllər-Cırdaxan kəndində Dilqəmin heykəli qoyularkən kənd ağsaqqalları qəribə bir rəvayət danışdılar. Telli xanım yaşlı çağında Dilqəmin görüşünə gəlir və onlar bir bulağın başında görüşürlər. Bu za­man Bağır bəy də yaxınlıqdakı qayadan bu mənzərəni seyr edir. Dilqəm tüfəngi götürüb Bağır bəyi nişan alır. Lakin güllə Bağır bəyə deyil, bir qar­tala dəyir. Bu mənzərəni seyr edən Dilqəm yanında olan bulağın ba­şında can verir.10

Qazax-Şəmkir və Qarabağ mühitində aşıq sənətinin inkişafında böyük xidmətləri olan M.V.Vidadinin, M.P.Vaqifin, Kazım ağa Salikin, Ağqızoğlu Pirinin qohumluqları, yazışmaları hər an tədqiqatçının hara­yı­na çatır. Biz Ağqızoğlu Pirinin M.P.Vaqiflə, M.V.Vidadi ilə, hətta Q.B.Zakirlə əlaqəsi barədə mətbuatda öz sözümüzü demişik.

S.Mümtaz yazır ki, Vaqifin anasının adı Ağqızdır. Piri M.P.Vaqifin anasının adını özünə təxəllüs seçmişdir.11

Hətta M.V.Vidadi Ağqızoğlu Pirini Vaqifin ən yaxın qohumu kimi qiymətləndirir. Lakin M.V.Vidadi və M.P.Vaqiflə Kazımağa Salikin daha böyük qohumluq əlaqələri olduğunu diqqət mərkəzinə çəkir. M.V.Vida­di­nin, Yəhya bəy Dilqəmin qəbirlərinin yerini bilən də, onların yaradıcı­lığından bəhs edən də, onlar haqqında maddeyi-tarixlər qoyub gedən də Kazım ağa Salikdir. Hətta K.A.Salikin şeirləri Dilqəmin şeirlərini yada salır. Elə bil ki, bu şeirlər eyni qaynaqdan axıb gəlir. K.A.Salikin dörd­bənd­­lik qoşmasının bircə bəndini nümunə verməklə fikrimizi əyaniləşdirə bilə­rik:

Bir tuba baxışın yıxdı aləmi,

Xumar gözün yenə qiyamət eylər.

Kəbəyi-kuyunu görəndən bəri,

Haçan Qibləni bir ziyarət eylər.12

Adını yuxarıda çəkdiyim şəxslər bir-birilə qohum, yaradıcılıq əlaqə­ləri olan şəxslər kimi tarixdə məşhurdurlar.

Qazax-Şəmkir mühitinin ən böyük şair-aşığı olan Şəmkirli Aşıq Hü­seyn M.P.Vaqifin bacısı Tükəzbanın oğludur. Şəmkirli Hüseyn 17 il Şərq­də yüksək təhsil almışdır. Belə deyirlər ki, o, məclislərə gedərkən bir çiynindən saz, bir çiynindən tüfəng asarmış. Bunun səbəbi nə imiş? Başlı­ca səbəb Şuşada Ağa Məhəmməd şah Qacarın öldürülməsi olmuşdur. Bu səbəbdən Qacarın ölümündən sonra qorxusundan qohumları onu özlərinə qohum çıxmamışlar.

Şəmkirli Hüseynin ata nəsli Qazax bölgəsinin Dağkəsəmən kəndin­dəki Sarılar nəslinə mənsub idi. Şəmkirli Hüseynin ailəsi Dağkəsəməndə qala bilməmiş, əvvəlcə Şəmkirin Qapanlı kəndinə gəlmiş, orada da qo­hu­mu Zeynalabdin İsa və Musa tərəfindən öldürüldüyü üçün həmin bölgə­nin Qaracaəmirli kəndinə köçüb gəlmişdir. Şəmkirli Hüseyn toy günü öldürülmüş Zeynalabdinin ölümü münasibətilə “ Zeynalabdin Dubeytisi” (ikinci adı “Qazax dubeytisi”dir) havasını aşağıdakı gəraylı əsasında bəstə­ləmişdir:

Tülək-tərlan quş balası,

Heyif sənə, Zeynalabdin.

Qoç igidin qoç balası,

Heyif sənə, Zeynalabdin.

1961–1968-ci illərdə Hallavar-Pəmbəkdə, Maymaq dağında, Qaza­ğın yaylaq qəbristanlığında Sarılar nəslinə məxsus çox sayda məzar daşlarına rast gəldik. Aşıq Hüseynin Naxçıvana Ağkeşişin yox Ağ Aşığın qızı Reyhanın görüşünə getməsi, gözəl dilimizin zər-zivər sözləri ilə deyiş­mələri kimi məsələlər Azərbaycan folklorunda, onun aşıq yaradı­cılığı qolunda bizi işıq tutmağa çağırır.

Yəhya bəy Dilqəmin nəinki həyatı, poeziyası öyrənilməmişdir, hətta “Dilqəm və Dostu xanım” və ya “Dilqəm və Telli xanım” adlı das­ta­nın özü, eləcə də, variantları təhlilə cəlb olunmamışdır. Çap olunmuş “Dil­qəm və Dostu xanım” dastanından kağızda qalmış elə məqamlar var ki, onları bilmədən Yəhya bəyin həyatını və yaradıcılığını dəqiq öyrən­mək olmaz. O elə məqamlardır ki, onlar Yəhya bəyin həyat və yaradı­cılığına işıq tutur.

Yəhya bəylə Telli xanımın aralanmalarına təsadüfi bir hadisə səbəb olur.

Yəhya bəyin camışı doğur, onun balağını (balasını) tikanlı çəpərin içərisinə salırlar. Naxırdan qayıdan camış balasına cumur, tikanlar camı­şın bədənini al qana qatır. Bu mənzərəni müşahidə edən Yəhya bəy deyir: “A Telli, a Telli, camış gör balasından ötrü nə etdi? Bala necə şirin şey imiş”. Əslində, Yəhya bəydən uşaq olmurdu. Bunu Telli də bilirdi.

Telli xanım dilləndi:


  • Yəhya bəy, övladsızlığı mən də bu andan qəbul etməyəcəyəm.

Bundan sonra Telli xanım küsüb gedir. Bu ayrılıq, bu həsrət ən çox Yəhya bəyin atına təsir edir. At göz yaşını saxlaya bilmir. Yəhya bəy bu atın adını Dilqəm qoymuşdu. Həmin gündən etibarən atın adını özünə təxəllüs qəbul etmişdi.

O qızılgülləri dərməyən Dilqəm,

Dərib pünhan yerə sərməyən Dilqəm.

Bu dünyada yarı görməyən Dilqəm,

Yarəb, o dünyada görüşərmola?

Bu qəmi, kədəri yerə-göyə sığmayan qoşması ilə bağlı Yəhya bəy “Dilqəmi” saz havasını yaradır.

Bəziləri belə deyirlər ki, Dilqəm aşıqlıq etməmişdir. Onun bu “Dilqəmi” havası da başqaları tərəfindən bəstələnmişdir. Saza, sazın kök və pərdələrinə, səs qatarına bələd olmayan bir sənətkar belə mükəmməl, melodik saz havası yarada bilməzdi. Dilqəm nəinki kədərli saz havası yaratmamış, hətta “Kərəmi” havalarından daha kədərli, motivə bağlı, sazda şeirin formasını müəyyənləşdirən, sazın qolunda Dilqəmi pərdəsi, sazın melodik məzmununu ifadə edən Dilqəmi kökünü müəyyənləşdirə bilməz­di. Sazda yeddi danışan pərdədən biri sazın qolunda Dilqəmi pərdəsidir. Sazdakı altı saz kökündən biri Dilqəmi köküdür. “Dilqəmi” saz havası çalınanda Dilqəmi pərdəsiylə Dilqəmi kökü əlaqəli şəkildə və vəhdətdə bu melodiyanın emosiyasını, məzmununu, ahəngini meydana çıxarır. Sazda pərdə formanı, kök isə məzmunu ifadə edir.

“Dilqəmi” havasının ikinci adı “Doşanquluoğlu” adlanır. Çünki bu havanı Şəmkirdə öyrənən Borçalı aşığı “Dilqəmi” havasını özünəməxsus bir şəkildə ifa etmişdir. Bu gün də Borçalıda, Doşanquluoğlunun çaldığı “Dilqəmi”ni çal” deyirlər.

Yazılı mənbələrdən aydın olduğu kimi, Tovuz Çeşməlisinin Güvən­dik tayfasına məxsus, burada yaşayıb-yaratmış Güvəndikli Əhməd Yəhya bəy Dilqəmlə möhkəm dost olmuş və onunla yaradıcılıq əlaqəsi saxla­mışdır.13 Onların eyni dövrdə yaranmış “Dağlar” şeirləri aşıqların dilinin əzbə­ridir. Düşmənlər tərəfindən Güvəndikli Əhməd öldürülmüş, lakin onun nişanlısı Yamən xanım pusquda dayanaraq Əhmədin qatillərini məhv etmişdir. Əhmədin anası Yəhya bəy Dilqəmi məcbur etmişdir ki, “Gü­vəndikli Əhməd və Yamən xanım” adlı bir dastan yaratsın. Bu dastanı Şəmkirin Alabaşlı kəndindən olan aşıq Hümbət bilirdi. Aşıq Hümbət onu da qeyd edirdi ki, Azərbaycanda, xüsusilə Borçalıda “Güvəndikli Əhməd və Yamən xanım” adlı dastanla bağlı yaranmış “Əhmədi-Kərəm” havası mövcuddur. Nə üçün bu hava “Əhmədi-Kərəm” adlanır? Ona görə ki, Kərəmi havaları ilə “Dilqəmi” havası eyni qaynaqdan, qəm-kədər çeşmə­sin­dən su içmişlər. Dilqəmin və Güvəndikli Əhmədin havalarını bir-birin­dən fərqləndirmək üçün bu havanı musiqi melodiyasına uyğun olaraq “Əhmədi-Kərəm” adlandırmışlar. Lakin Dilqəmin şeirləri “Dilqəmi” üstün­də kökləndiyi kimi, Güvəndikli Əhmədin şeirləri də “Əhmədi-Kə­rəm” havası üstündə köklənmişdir. Heyif ki, Güvəndikli Əhmədin şeirlərini və dastanını toplayıb küll halında çap etdirə bilməmişik.

Təxminən 10 il bundan əvvəl istedadlı el şairi Alqayıtın dilindən bu das­tanı eşitmişəm. Lakin Alqayıtın yazılı şəkildə və ya yaddaşında bu dastanı yaşadıb-yaşatmadığını bilmirəm.

Yəhya bəy Dilqəmlə Güvəndikli Əhmədin poetik və melodik yara­dıcı­lıqlarını bir-birindən ayırmaq olmaz. Biz burada bir məsələni də xü­susi vurğulamalıyıq. İndiyə kimi Yəhya bəy Dilqəmə və onun “Dilqəmi” saz havasına həsr olunmuş yüzə yaxın aşığın və el şairinin şeirlərini ya­zıya almışam. Yəqin ki, həmin şeirlər Dilqəmə, onun “Dilqəmi” saz ha­va­sına, şair-aşığa həsr olunmuş monoqrafiyada xüsusi bölmədə işıq üzü görə­cəkdir. Xalq şairi Hüseyn Arif də Dilqəmə, onun saz havasına ayrıca bir poema həsr etmişdir.

“Dilqəmi” saz havasını “Ədalətin sazında” adlı şeirində Bəhmən Vətənoğlu poetik bir dillə qələmə almışdır. Hər bir “Dilqəmi” havası aşıq poeziyasında və musiqisində bir obraza çevrilmişdir. Adlarını çəkdiyimiz və çəkmədiyimiz şairlərdən əvvəl Dilqəmin qardaşının nəvəsi Əli Qaraoğlu 1924-cü ildə anadan olmuş, Politexnik İnstitutunun axırıncı kur­sun­da oxuyarkən Krasnodara təcrübəyə getmiş və suda boğulub ölmüşdür. O, ölümündən əvvəl, 1950-ci ildə “Dilqəm” adlı qoşmasını yazmışdır. Əli Xəzani təxəllüsü ilə ədəbiyyatda tanınan bu istedadlı şair həmin şeirinin son iki bəndində deyir:

Şirinsiz Fərhadtək üz üstə çökdü,

Leylini itirdi, Məcnuna döndü.

Gecələr alışdı, gündüzlər söndü,

Hey, cövrü-cəfadan dəm alan Dilqəm.


Əli Xəzaniyəm, Dilqəmə zamın,

Doğma əmisidir ana babamın.

Əl üzdü dünyadan, unutdu kamın,

Dövrü-bivəfadan qəm alan Dilqəm.

“Dilqəmi” saz havasına bağlı şeirlərin hər birində bir mənaya, bir mətləbə toxunulur. Şairə Səfurə xanım Pirsultanlı da Dilqəmə beşbəndlik şeir həsr etmişdir. Həmin şeirdə deyilir:

Telli burdan gedib Kür yaxasından,

Tökülüb bulağa dürr yaxasından.

Heç tutan olmayub bir yaxasından,

Dedilər, bu bulaq Dilqəmdən qalıb.
Səfurə, dolaşdım, gəzdim ormanı,

Bir də vərəqlədim qəmli dastanı.

Bu “Dilqəm bulağı”, bəs yurdu hanı?

Dedilər, bu bulaq Dilqəmdən qalıb.

Dilqəmin həmyerlisi Musa Məsimli ona həsr etdiyi bir şeirində yazır:

Bu dünyada arzusuna yetməyən,

Bülbül kimi yuvasında ötməyən.

Yazıb-yaratsa da, dərdi bitməyən,

Məsimli, Yəhya bəy yanar ocaqda.

Şəmkirli şair Həbib Abbasov Dilqəm yaradıcılığına xüsusi məhəb­bətlə yanaşmış və ona olan sevgisini bir şeirində belə ifadə etmişdir:

Dilqəm öz sazında “Dilqəmi” çaldı,

Ruhumu oxşadı, lərzəyə saldı.

O özü ölsə də, tarixdə qaldı,

Həbibi ağlatdı, ağladı Dilqəm.

Təbrizli aşıq-şair qardaşımız Rəhim Nəzəri “Dilqəmi” saz havasına öz münasibətini belə bildirir:

Bir ahəngdi Yəhya bəydən yadigar,

Dərdin-qəmin qardaşıdı “Dilqəmi”.

Saf sevgidən, məhəbbətdən söz açar,

Demək olmaz göz yaşıdı “Dilqəmi”.

Şairə qızımız Süsən Tağıyeva isə Dilqəmə həsr etdiyi şeirində yazır:

Öz “Dilqəmi”si ilə qoşadı Dilqəm,

Məcnuna, Sənana oxşadı Dilqəm.

Bir pərvanə ömrü yaşadı Dilqəm,

Dilqəm çalıb “Dilqəmi”ni, ay aşıq,

İnsaf eylə, “Dilqəmi”ni bir də çal!

Yəqin ki, yaxın zamanlarda Dilqəmə və “Dilqəmi”yə həsr olunmuş şeirlər toplusunu nəşr etdirəcəyik. Orada əlvan-əlvan, rəngarəng, zəngin poetik çalarlara malik fikirlərə rast gələcəyik. Bu bir həqiqətdir ki, Yəhya bəy Dilqəmə el-oba məhəbbəti çox güclüdür.

Yəhya bəy Dilqəm həqiqətən Moskvada təhsil almış, rus qızı Nata­şaya bənd olmuş, Nataşanın knyaz atası qızının Yəhya bəyə ərə getməsinə icazə verməmişdir. Qız 1804-cü ildə Bakı-Gəncə dəmiryolunun çəkil­mə­sinə başçılıq etmiş, Yəhya bəy Nataşanı faytona bənzər karetada gəzdir­mişdir. Yəhya bəy Nataşadan ayrıldıqdan sonra Telli xanımla evlənsə də, onun övladı olmamışdır. Yəhya bəy Moskvanın Nataşa adlı gözəlinə neçə variantda şeir yazmışdır. Həmin şeirlər bu gün də Gəncəbasar aşıqlarının ifasında yaşamaqdadır.

Aşıqların ifasında nəinki Dilqəmin həyatı, hətta şeirləri belə bir-birinə bənzəməz şəkildə dildə-ağızda gəzir. Qazaxda, Borçalıda, Tovuzda, Şəmkirdə aylarla-günlərlə gəzməliyik, yazılı mənbələrə baş vurmalıyıq, bu yolla Dilqəmin həyat və yaradıcılığını öyrənməliyik. Dilqəmin həzin və möhtəşəm poeziyası sayılan, seçilən, bənzərsiz, yüksək mövqeyə ma­lik, zəngin ədəbi bir irsdir. Yəhya bəy Dilqəmin bu füsunkar poeziyasına biganə qalmaq olmaz.



Adil CƏMİL

Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu,

Filologiya üzrə və fəlsəfə doktoru, dosent
ŞİFAHİ ÖRNƏKLƏRİMİZDƏ TİCARİ İZLƏR
Açar sözlər: tacir, bəzirgan, sövdəgər, karvan.
Məsələnin qoyuluşu. Məqalədə türk xalqlarına məxsus şifahi janr­larda ticarətlə, alqı-satqı ilə bağlı epizod və motivlər elmi təhlilə cəlb olunur.

İşin məqsədi. Məqalədə nağıl, dastan, lətifə, ata sözləri, aşıq poezi­yası nümu­nələri analiz edilərək şifahi örnək­lərimizdəki ticari izlərə el­mi aydınlıq gətirilir.
Bəşər sivilizasiyasının kökündə dayanan ticarət, millətlər və döv­lət­lər arasındakı iqtisadi münasibətlər çox qədim zamanlarda - ibtidai icma strukturunun yarandığı dövrdə meydana gəlmiş, sinfi cəmiyyətlərdə öz inkişafının əsas mərhələsinə daxil olmuşdur. Xüsusi mülkiyyətin hökmran olduğu kapitalizm dönəmində ticarət daha da inkişaf edərək cəmiyyətin sosial sferasında həlledici nüfuza sahib çıxmışdır.

Beşinci əsrdən başlayaraq Doğu ilə Batını birləşdirən ticarət karvan­larının bir yolu da qədim İpək yolu olmuşdur. Türk xalqlarının tarixi və coğrafi keçmişində izləri silinməmiş «İpək yolu» bu qövmün şifahi örnəklərində də yaşamaq haqqını itirməmişdir.

İpək yolunun Orta Asiya istiqamətləri barədə məlumat verən L.N.Qu­mil­yovun «Qədim türklər» əsərinin «İpək və karvan yolu» böl­mə­sindəki mar­şru­tun sxeminə diqqət yetirək: «Karvan yolu Qaoçandan (Çin ərazisi) baş­la­yırdı. Onun bir qolu Tyan-Şanın cənub silsiləsindən Qara­şəhər, Küçör və Ağ­sudan keçib İssık-Gölə, Çu vadisinə, oradan da Talas və İsfar vadilərinə qədər uzanırdı» (1). Qırğız türklərinin möhtəşəm eposu «Manas»da oxuyuruq:

«Noqoy oğlu bu Cakıb

Aral üstdə yaşayıb,

Yaxın olub Altaya,

Ağsu adlı bir çaya.

Küçör adlı şəhərdən

Sovqat da gəldi hərdən.

Sürüsünün oylağı

Qaraşəhər yaylağı» (2).

Dastanda adları çəkilən toponimlər İpək və Karvan yolunun cənubi Tyan-Şan istiqamətlərini bir daha təsdiqləyir. Burada işlənmiş «Kü­çör­dən gə­lən sovqat» arqumenti istər-istəməz diqqətimizi cəlb edir. İpək yolunun keç­diyi ölkələr Çin tacirlərindən konkret məbləğdə təyin olun­muş gömrük haqqı, daha doğrusu, torpaqbasdı alırdılar. Cakıb bəyin Kü­çör­dən aldığı «sovqat» da məhz buna işarədir. Göründüyü kimi, «Manas» dastanında həmin dövrün həyat həqiqəti bədii həqiqətə çevrilərək ədəbi dövriyyəyə daxil olmuşdur.

Xüsusi vurğulamaq lazımdır ki, Şərqdən Qərbə uzanan böyük İpək Yolunun Avrasiya mədəniyyətinin tərəqqisində əvəzsiz rolu olmuşdur. Bu yoldan keçən müxtəlif karvanların əlvan etnik tərkibi, onların öz sinə­lərində gəzdirdikləri folklor inciləri köçəri və yarımköçəri xalqlarla ədəbi-bədii inteqrasiyaya münbit şərait yaratmışdır. Ayrı-ayrı xalqların, etnik qrupların, tayfaların şifahi ədəbiyyatı bu «inteqrasiya»dan bəhrələnərək bəşər sivilizasiyasına öz dəyərli töhfələrini vermişdir. «Manas», «Alpa­mış», «Maday Qara», «Koroğlu» kimi dastanların da məhz bu mühitdən «sıyrıldığına» tam əminik. Helsinski Universitetinin doktoru Lauri Harvi­lanti yazır: «Dünya dastan gələnəklərinin böyük bir bölümünə İpək Yolu üzərində rastlamaktayız. Bu gələnəyin bir parçası olan epik nəzm anlatımı günümüzə qədər sözlü anlatım biçimində hayatiliyini sürdürmüşdür».

Kökü daha qədimlərə işləyən oğuz dastanı «Kitabi Dədə Qorqud»da ticarətlə məşğul olan və «bəzirgan» adlanan personajla üzləşirik. Yeri gəl­miş­kən qeyd edək ki, müxtəlif tarixi mərhələlərdə ticarətlə məşğul olan insanlara bəzirgan, sövdəgər, tacir, nəhayət, yeni dönəmdə iş adamı, biz­nes­men, kommersant kimi adlar ünvanlamışlar. «Kitabi-Dədə Qorqud» das­tanının «Qan Börənin oğlu Bamsı Beyrək boyu»nda Baybörə bəy bəzirganlarını yanına çağırtdırır və buyurur ki: «Mərə bazirganlar! Allah-təala mana bir oğul verdi. Varın Rum elinə mənim oğlım üçün yəxşi ərmağanlar gətürün, mənim oğlım böyüyüncə» (3).

Bu sözlərdən sonra bəzirganlar (tacirlər - A.C.) gecə-gündüz yol gedərək İstanbula yetişirlər. Danışıqlar aparıb Baybörənin oğlu üçün nə­zərdə tutulanları – bir dəniz qulunu boz ayğır, bir dəstəyi ağ tozlu möhkəm yay, bir də altı pərli gürz alırlar.

Göründüyü kimi, qiymət sövdələşməsi, alqı-satqı prosesində tərəflər arasında aparılan danışıqlar və razılaşmalar qədim dastanlarımızdan olan «Kitabi-Dədə Qorqud» boylarında da özünə yer almaqdadır.

Azərbaycan xalqının sonrakı dönəmlərdəki dastan yaradıcılığında ta­cir və ticarətlə, alqı-satqı ilə bağlı bir çox süjet və olayların şahidi oluruq. Xalqın dastan təfəkküründə yer alan tacir cəmiyyətin varlı, sayılıb-seçilən, maddi baxımdan imkanlı təbəqəsini təmsil edir. «Seydi və Pəri» dasta­nında baş verən olayların mətləsi iki tacir qardaşın - Məhəmməd və Əhmədin arzuları üzərində qurulur: «Sizə hardan, kimnən xəbər verim, İstanbul şəhərində iki tacir qardaş var idi. Böyüyünün adı Məhəmməd tacir, xırdasının adı Əhməd tacir idi. Məhəmməd tacirin Seydi adında bir oğlu var idi, Əhməd tacirin də Məryam xanım adda bir qızı. Bir gün Əhməd tacir Məhəmməd tacirə dedi:

- Mənim bir qızım var, sənin bir oğlun. Niyə varımızı özgə yesin? Mən qızımı sənin oğluna verirəm» (4).

Bu parçada, əsasən Orta Asiya türklərinə məxsus leviratlıq adətinin də bir cəhətini hiss etmək olar. Leviratlığa görə, böyük qardaş ölərsə, kiçik qardaş onun arvadını almalı idi. Bununla qadına məxsus cehiz ər evindən kənara çıxa bilmirdi və məqsəd həmin mülkiyyətə sahibliyin davamlı olmasında idi.

«Manas» dastanında da vurğuladığımız leviratlıq adətinin şahidi oluruq. Belə ki, Manasın ölümündən sonra hamilə vəziyyətdə dul qalan Kanıkeyi Çakıb bəy digər oğlanlarından birinə - ya Abekeyə, ya da Köbö­şə övrət etmək istəyir. Abeke və Köböş Manasın ögey qardaşlarıdır. Kanı­key bu üzücü təklif və sarsıdıcı seçim qarşısında göz yaşları axıdaraq belə deyir:

«Nə Abeke, nə Köböş,

Belə haram şeylər deməsinlər.

Manasdan qalan bir qadının

Duyacağı sözlər deyil bu» (5).

Yeri gəlmişkən bildirək ki, bu əski adət təkcə türklərdə deyil, mon­qol­larda da uzun müddət özünü göstərmiş və göstərməkdədir. Onu da əlavə etmək istəyirik ki, leviratlıq adəti əsasən maddi maraqla bağlı oldu­ğu üçün onu cəmiyyətimizin bütün təbəqə və zümrələrinə aid etmək doğru olmazdı. Mal, mülk, var-dövlət bölgüsü daha çox yuxarı səviyyəni təmsil edən ma­napların, bəylərin, tacirlərin, bir sözlə, zadəganların ailəsinə aid olmuşdur.

Bir az öncə nümunə gətirdiyimiz «Seydi və Pəri» dastanında da məq­səd əldə olunan var-dövləti qan qohumluğunun yeni çalarları üzərində əl­də saxlamaqdır. Bu, həyata bir tacir baxışı deyil, ümumən, cəmiyyətə in­san yanaşmasıdır.

Dastanlarımızda tez-tez üzləşdiyimiz sonsuzluq, övlad həsrəti tacir­lərin də həyatından yan keçmir. Belə məqamlarda tacir öz varidatını yaxın bildiyi köməkçisinə, yaxud nökər-naibinə vəsiyyət edir. «Leyli-Məcnun» dastanın­dakı Firuz tacir də xəstələnib son günlərini yaşayarkən ona sidq-ürəklə xid­mət etmiş köməkçisi Abdullanı yanına çağırıb var-dövlətini ona bağışlayır:

«- Abdulla, bu mal, bu pul, bu da ilxı. Mən də görürəm, ölürəm. Mən öləndən sonra bu dövlətimə sahib durmaq, ticarət aparmaq üçün bir övladım yoxdu. Gəl bu var-dövləti sənin adına salım, mən öləndən sonra ye, iç, kefini çək, mənə də rəhmət oxu» (6)

Azərbaycan nağıllarında da tacir obrazı xalqın bədii təfəkküründən və yaradıcı təxəyyülündən kənarda qalmır. Nağılların bir çoxunda bu obraza ayrı-ayrı epizodlarda rast gəldiyimiz halda, bəzi nağılların («Nuşa­ra­nın na­ğılı», «Tacir oğlu» və s.) baş qəhrəmanı məhz tacir özü olur və süjet olayları onun çevrəsində cərəyan edir. Elə «Tacir oğlu» nağılında olduğu kimi…

Yeganə oğlunun fərsizliyindən rahatsız olan Əhməd adlı bir tacir öz ta­cir həmkarlarını çağırıb onlara yalvarır ki, «gözümün ağı-qarası bir fəra­sət­siz oğlum var. Bu qədər zəhmət, zəlalət çəkib var-dövlət yığmışam. İndi qo­cal­mı­şam, gözlərimə tor gəlib, yeri əməlli görmürəm, bu gün – sa­bah ölə­cəyəm, oğlum Fərəməz dövlətimi zay edəcək. Mənim qoca yoldaşlığıma hör­mət edin. Bu oğlumu ticarət səfərinə gedəndə özünüznən aparın, gözü açılsın» (7).

Əlbəttə, əzab-əziyyətlə, min bir zəhmətlə var-dövlət toplayan atanın - tacir Əhmədin əndişəsini anlamaq çətin deyil. Yenə də leytmotiv «əldə olunanı əldə saxlamaq» sosial fəlsəfəsinə söykənir. Varislik haqqını daşıyan isə fərsiz, yaxud fərasətsiz olarsa illərlə, çətin zəhmət və zəlalətlə yığılmış var-dövləti bir günün, hətta bir anın içində kül edib göyə sovura bilər. Məşhur bir atalar sözü yəqin ki, bu məqama ünvanlanıb: «Yaxşı oğul neylər ata malını, pis oğul neylər ata malını».

Ticari izlər ilə təkcə eposlarımızda, nağıllarımızda deyil, digər folk­lor nümunələrimizdə - bayatı, atalar sözü, lətifə, qaravəlli və deyimləri­miz­də də üzləşmək mümkündür. Bu baxımdan «Molla Nəsrəddin» lətifə­ləri xüsusən diqqəti cəlb edir. «Beş şahının hökmü», «Həm nökərəm, həm ağa», «Ondan al, buna ver», «Qoy mənim mayama zərər gəlsin», «Söv­dəgər qardaş», «Molla və tacir», «Dəvəbaşı», «Mollanın hinduşqası» və s. bu qəbildən olan lətifələrdə islahedici xalq gülüşünə hədəf olan tacir və sövdəgərləri görürük. Belə insanlar adətən xəsisliyinə və tamahkar­lı­ğına görə yumor predmetinə çevrilir. Molla Nəsrəddin isə təkcə tacir-tüc­cara deyil, ümumən cəmiyyətin maddi-mənəvi balansını pozan mollaya, qazı­lara, hakimlərə, həmçinin sadə zümrəni təmsil edən dələduzlara gülür.

«Molla və tacir» sərlövhəli bir lətifənin məzmununa diqqət yetirək: «Xəsis adamlardan biri ilə (burada «xəsis adam» tacir anlamındadır - A.C.) Mollanın mübahisəsi düşür. Çox deyişmədən, söz güləşdirmədən sonra axırı xəsis Mollaya deyir:

- Hər nə deyirsən, de! Amma hər halda bu pul zəhrimar elə şeydi ki, hamı onu sevir. Hətta sən özün də sevirsən.

Molla deyir:

- Düzdü, sevirəm. Ancaq bu sənin sevməyindən deyil. Mən pulu onun üçün sevirəm ki, məni sənin kimi adamlara möhtac olmaqdan xilas eləyir» (8).

Çəkinmədən hər kəsin eyibini üzünə deyən Molla istər islahedici, istərsə də ifşaedici gülüşü ilə xalqın mövqeyində dayanır. Ona görə də Molla Nəsrəddin xalq gülüşünün bir obrazıdır. Bu barədə filologiya elm­ləri doktoru Muxtar Kazımoğlunun mülahizələri olduqca maraqlıdır: «Kosa, Keçəl, Molla Nəsrəddin, Bəhlul Danəndə ilə bağlı folklor nümu­nə­ləri bir fərdin yox, məhz kollektiv yaradıcılığın məhsulu olduğundan həmin nümunələrdə tənqid edən şəxsiyyət və tənqid olunan dünya modeli axtarmaq özünü doğrultmur» (9).

Yəni belə qənaətə gəlmək olar ki, bu folklor personajlarının gülüş hədəfi həm onların əhatəsində olanlar, həm də onlar özləridir. Deyək ki, tacirə, sövdəgərə, xəsis varlılara gülən Molla çox zaman gülünc vəziy­yətdə qalaraq özü də gülüş hədəfinə çevrilir.

Deyimlərimizdə də ticari izləri yaşadan, xüsusən bazar, karvan, dəvə morfemi ilə bağlı nümunələr yetərincədir: «Bazar olsun», «Bazarı bağlan­maq», «Bazarın gözünü çıxartmaq», «Bazar dili», «İt hürər, karvan ke­çər», «Dəvəçi ilə dost olanın darvazası gen gərək», «Dəryada balıq söv­dası», «Aldım qoz, satdım qoz», «Həm ziyarət, həm ticarət» və s.

Xalq təfəkkürünün daha dərin qatlarına işləyən oğuznamələrdə də ticari deyimləri izləmək mümkündür. Məsələn: «Alan satandan umar», «Min gör, bir al», «Türk ucuz bulduğun murdar sanır», «Satın alınmış sarımsaq sapınacan tatlı olur» və s.

Xalq ədəbiyyatının bir qolu olan ozan-aşıq yaradıcılığında da tica­rətə, alqı-satqı aləminə poetik prizmadan, obrazlı və metoforik bir baxış var. Əlbəttə, epik folklor mətnlərindən fərqli olaraq aşıq yaradıcılı­ğın­dakı lirik təhkiyə sözügedən izləri məcazlar və metaforalar, obrazlı deyimlər və qanadlı ibarələrlə yadda saxlatdırır:
Xəstə Qasım günü keçmiş qocadı,

Gələn bəzirgandı, gedən xocadı.

Sərv ağacı hər ağacdan ucadı,

Əsli qıtdı, budağında bar olmaz (Xəstə Qasım).

Yaxud:

Ala gözlüm, səndən ayrı düşəli,



Hicranın qəmiylə kef eyləmişəm.

Ah-vaynan günüm keçib dünyada,

Dərd alıb, qəm satıb nəf eyləmişəm (Aşıq Ələsgər).

Göründüyü kimi, bütün sinifli cəmiyyətlərin sosial sferasında məx­susi yer alan ticarət bəşəriyyətin, o cümlədən türk xalqlarının bədii təfəkkür tarixində də özünün silinməz izlərini qoymuşdur.


QAYNAQLAR

1. L.Qumilyov. «Qədim türklər». Bakı, «Gənclik», 1993, s.54.

2. A.Cəmil. «Manas eposu və türk dastançılıq ənənəsi». Bakı, «Elm», 2002, s.22.

3. «Kitabi- Dədə Qorqud». Bakı, «Yazıçı», 1988, s.52-53.

4. «Azərbaycan dastanları» 5 cilddə, 2-ci cild, Bakı, «Akademiya», 1966, s.178-179

5. «Bozkırdan bağımsızlığa Manas», Ankara, 1995, s.236.

6. «Azərbaycan məhəbbət dastanları», Bakı, «Elm», 1979, s.323.

7. «Azərbaycan nağılları», 3-cü cild, Bakı, «Çıraq», 2004, s.284.

8. «Molla Nəsrəddin lətifələri», Bakı, «Yazıçı», 1978, s.154.

9. M.Kazımoğlu. «Xalq gülüşünün poetikası», Bakı, «Elm», 2006, s.19.


Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin