Bu qrupa yüksək adsorbsiyaedici qabiliyyətə malik olan aktivləşdirilmiş kömür (Carbo activatus) və onun preparatları - «Aktivləşdirilmiş kömür tabletləri», «Aktivləşdirilmiş kömür tabletləri «KM», «Aktivləşdirilmiş kömür SCN» aiddir. Xüsusi üsullarla xırdalanaraq hazırlanmış («aktivləşdirilmiş») heyvan, yaxud bitki mənşəli kömür yüksək məsaməliliyə və onunla əlaqədar olaraq böyük adsorbsiyaedici səthə malik olur.
Aktivləşdirilmiş kömürdən və onun preparatlarından dispepsiyalarda, meteorizmdə, qida toksikoinfeksiyalarında, alkaloidlər, ağır metal duzları və digər bu kimi maddələrlə zəhərlənmələr zamanı istifadə edilir.
Zəhərlənmələr zamanı 300-400 mq preparat suspenziya şəklində (poroşokunu və ya əzilmiş tabletlərini su ilə qarışdırmaqla alınır) daxilə təyin edilir. Eyni zamanda suspenziyası ilə mədə yuyulur. Mədə turşuluğu artdıqda və meteorizmdə daxilə gündə 3-4 dəfə, 1-2 q təyin edilir.