Yerin təki aşağıdakı müddətlərə verilir: - geoloji öyrənilmə üçün – 5 ilədək müddətə; - faydalı qazıntıların çıxarılması üçün – 25 ilədək müddətə; - göstərilən istifadə növləri birləşdirildikdə – 30 ilədək müddətə. Yerin təki sahələri faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların tikintisi və
istismarı, xüsusi mühafizə edilən obyektlərin yaradılması və digər məqsədlər üçün müəyyən müddətə və ya
daimi verilə bilər.
Yerin təkindən istifadə hüququ lisenziya formasında xüsusi dövlət orqanının icazəsi ilə rəsmiləşdirilir.
Xüsusi razılıq - yer təkinin geoloji öyrənilməsinə, ehtiyatları müvafiq qayda təsdiq edilmiş faydalı qazıntı
yataqlarının işlənilməsinə, dağ-mədən müəssisələri və onunla bağlı emal sahələrinin tullantılarından istifadə
olunmasına, yerin təkindən faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan məqsədlər üçün istifadə
edilməsinə, xüsusi mühafizə edilən geoloji obyektlərin yaradılmasına, mineraloji, paleontoloji və digər geoloji
kolleksiya materiallarının toplanmasına və arxeoloji qazıntıların aparılmasına hüquq verir. Xüsusi razılığa görə
dövlət rüsumu (haqq) alınır.
Yerin təki istifadəyə müsabiqə, hərrac və birbaşa danışıqlar əsasında verilir. Səlahiyyətli dövlət orqanı ilə
lisenziyanın sahibi arasında yerin təkinin istifadəsi ilə əlaqədar konkret şərtləri müəyyən edən müqavilə bağlana
bilər.
Yerin təkindən istifadə hüququna lisenziya, torpaq ehtiyatlarının idarə edilməsi orqanının əvvəlcədən
razılığı olduqda, yaxud yerin təkindən istifadə məqsədi üçün torpaq sahəsinin ayrılmasına torpaq
mülkiyyətçisinin razılığı əsasında verilir. Torpaq sahəsinin dəqiq sərhədlərində ayrılması və torpaq hüquqlarının
rəsmiləşdirilməsi, yerin təkindən istifadə üzrə işlərin layihəsinin təsdiq olunmasından sonra həyata keçirilir.
Lisenziyanın tərkib hissəsi torpaq sahəsindən istifadəyə görə ödəmələrlə, həmçinin torpaq ayırmalarının
sərhədlərinin göstərilməsi ilə əlaqədar şərtlərdir.
Yerin təkinin istifadəçisi torpaq sahəsindən istifadə zamanı ona verilmiş dağ-mədən ayırmaları
sərhəddində faydalı qazıntı yataqları üzərində torpaq sahəsində tikntini məhdudlaşdırmaq hüququna malikdir və
yerin təkinin istifadəsi ilə bağlı olan işlərin zərərli təsirindən torpaqların mühafizəsi haqqında müəyyən olunmuş
qaydaların təsdiq olunmuş normalarına riayət etməyə borcludur.