Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə17/35
tarix02.01.2022
ölçüsü1,14 Mb.
#37875
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   35
am pftmt

Abbas Səhhət (1874-1918) uşaqlar üçün də zəngin ədəbi irs qoyub getmişdir. 
O, Azərbaycan uşaq  ədəbiyyatında  şərəfli bir yer tutur. Uşaq  ədəbiyyatını  təsirli 
tərbiyə vasitəsi hesab edən  şair sələfləri M.Füzuli, Q.Zakir, S.Ə.Şirvaninin gözəl 
ədəbi ənənələrini davam etdirmiş, öz yaradıcılığı ilə uşaq ədəbiyyatı xəzinəsini xeyli 
zənginləşdirmişdir. Onun “Cücələr”, “Quşlar”, “Ana və bala”, “Yaz”, “İlk bahar”, 
“Qış” kimi onlarca şeri Azərbaycan uşaq ədəbiyyatının qızıl fonduna daxil olmuşdur. 
Şairin şerlərinin bir çoxu bu gün də balacaların dilinin əzbəridir. A.Səhhətin şerlərini 
yaşadan, hər  şeydən  əvvəl, onların uşaq yaşına və ruhuna münasib olmasıdır. 
Məlumdur ki, məktəbəqədər yaşlı uşaqlar nağılları dinlədikcə xəyal aləminə qapılır, 
onlarda təxəyyül qüvvətli olur. Uşaq çubuqdan “at”, qutudan “maşın” düzəldib 
yorlulmaq bilmədən “sürür”. Uşaq  ədəbiyyatı  uşaq xəyalına qanad verməli, onların 
hisslərinə  təsir etməlidir. Bu cəhətdən A.Səhhətin  şerləri çox səciyyəvidir. “Yaz”, 
“Qaranquş balaları”, “Bağça” və başqa  şerlər uşaqlarda hisslərin tərbiyəsinə 
yönəldilmişdir. “Qaranquş balaları” şerindən bir parçaya diqqət edək: 
Ay quşcuğazlar, nə yaraşıqlısız, 
Can kimi bəslənməyə layiqsiniz. 
Nədir o istəkli, o heyran baxış, 
Nə dadlı cik-cik, nə gözəl çırpınış?! 
Şairin digər  şerləri də belə  səmimidir. A.Səhhətin uşaq  şerlərini 
səciyyələndirən cəhətlərdən biri də onların uşaqları yoran, darıxdıran nəsihətçilikdən, 


 
80
quru mühakimələrdən uzaq olmasıdır. Uşağın təbiəti konkretlik, əyanilik tələb edir. 
uşaqlar üçün yazılan əsərlər öz konkretliyi, parlaqlığı ilə fərqlənməlidir. A.Səhhətin 
bir çox uşaq şerləri buna gözəl nümunə ola bilər. “Cücələr” şerində oxuyuruq: 
Cücələrim bəzəklidir, 
Bəzəklidir, düzəklidir, 
Sarı, çil-çil, hər rənglidir. 
Yeyər, içər cücələrim 
Doyub qaçar cücələrim. 
A.Səhhət parlaq lövhələr, canlı surətlər yaradır, məqsədi balaca oxuculara 
surətlər vasitəsilə çatdırmağa çalışır. Şair tülkü və qurdu, qarışqa və milçəyi, gün və 
küləyi, gülləri “dilə  gətirir”, özü isə sanki hadisələrin arxasında gizlənib gözə 
görünmür.  
A.Səhhətin şerlərinin bir xüsusiyyəti də dilin sadəliyi və oynaqlığıdır. Çətin, 
uzun, ağır tələffüz olunan sözlərlə dolu əsərlərin ideyası, məzmunu balaca oxucuya 
çatmır, ona lazımi tərbiyəvi təsir göstərmir. A.Səhhətin uşaq  şerlərinin  əksəriyyəti 
dilinin sadəliyi, oynaqlığı, axıcılığı  və  bədiiliyi ilə  fərqlənir. “Quşlar”  şeri xüsusilə 
sadə və bədii dildə yazılmışdır: 
Quşlar, quşlar, a quşlar! 
Qaranquşlar, a quşlar! 
Cəh-cəh vurun burada, 
Gah yerdə, gah yuvada... 
Şair uşağa aydın olmayan, çətin tələffüz olunan ifadələrdən, çoxsözlü 
misralardan qaçır, mümkün qədər yığcam və oynaq misralardan istifadə etməyə 
çalışır.  Şair uşaqlarla onların dilində danışır, fakt və hadisələri uşaq anlayışlarına 
uyğun surətdə ifadə edir. Azsözlü misralar, qoşa misralarda müvəffəqiyyətlə seçilmiş 
qafiyələr onun uşaq şerləri üçün tipikdir: 
Quşlar ötür çöllərdə, 
Ördək üzür göllərdə. 
Əsir isti küləklər, 
                      Uçur qazlar, ördəklər...(“İlk bahar”) 
Şerdəki aydınlıq, ahəngdarlıq onun yadda qalmasını asanlaşdırır. 


 
81
A.Səhhətin uşaqlar üçün yazdığı maraqlı və oynaq şerləri onu yaxşı bir uşaq 
yazıçısı kimi xarakterizə edir. Böyük rus tənqidçisi V.Q.Belinskinin uşaq yazıçısı 
barədə dediyi sözləri A.Səhhətə  də aid etmək olar: “...Uşaq yazıçısının yaranması 
üçün çox, olduqca çox şərtlər vardır: nəcib, sevən, riqqətli, sakit, körpəcə-sadədil bir 
qəlb, yüksək məlumatlı bir ağıl,  şeylərə aydın baxış, yalnız canlı  təsəvvür, həm də 
canlı,  şairanə bir xəyal lazımdır... Uşaqlara qarşı  məhəbbət uşaq yaşının tələb, 
xüsusiyyət və təfərrüatının dərindən bilmək də mühüm şərtlərdəndir”. 
A.Səhhət uşaq yazıçılığına təsadüfən gəlməmişdir. 15 illik müəllimlik 
fəaliyyəti onun bir uşaq yazıçısı kimi formalaşmasına müəyyən dərəcədə  təsir 
göstərmişdir. Tənqidçi K.Talıbzadənin qeyd etdiyi kimi, A.Səhhətin  ədəbi 
yaradıcılığında da bir növ müəllim-tərbiyəçi olmuş, öz əsərləri ilə  uşaqların təlim-
tərbiyəsinə kömək etmişdir. 
A.Səhhətin uşaq  şerləri indi də öz tərbiyəvi təsirini mühafizə edir. 
Məktəbəqədər yaşlı uşaqların dünyagörüşünü genişləndirməkdə, onlara müsbət əxlaqi 
keyfiyyətlər aşılamaqda bu şerlər böyük əhəmiyyətə malikdir. Şairin şerləri uşaqları 
təbiətlə tanış etmək sahəsində böyük imkanlara malikdir. “Uşaq bağçasında tərbiyə 
proqramı”nın “Ətraf mühitlə tanışlıq və nitq inkişafı” bölməsində uşaqlara müxtəlif 
əmək növləri (rabitə, nəqliyyat, tikinit, tikiş və s.), əmək adamları ilə, ilk növbədə isə 
valideynlər, uşaq bağçasının işçilərinin  əməyi ilə, habelə doğma yerlərlə, təbiətlə 
tanışlığa geniş yer verilir. Tərbiyəçi bu məqsədlə A.Səhhətin bir çox şerlərinə istinad 
edə bilər.  
“Ana və bala” şeri uşaqlarda anaya məhəbbət aşılamağa kömək edir. 4-5 yaşlı 
uşaqlar ananın fəaliyyətini təqlid etdikləri oyun prosesində (ana uşağını yatızdırır) bu 
şerin ayrı-ayrı bəndlərini həvəslə oxuyurlar: 
Dağın maralı, 
Gözü qaralı, 
Dünyanın malı, 
Bu balama qurban...  
Məktəbə hazırlıq qrupunda uşaqları psixoloji cəhətdən məktəbə hazırlamaq, 
məktəblə tanış etmək, onlarda təlimə  həvəs oyatmaq məqsədilə “Ata və  oğul” 
şerindən istifadə etmək olar. Məktəbə həvəs göstərən bir uşağın dilindən yayılmış bu 


 
82
şerdə  uşaqların məktəbdə birlikdə oxumaları, müəllimin onlara dərs keçməsi təsvir 
olunur. 
Təbiətlə tanışlıq və nitq inkişafı sahəsində A.Səhhət  şerləri daha böyük 
imkanlara malikdir. “Uşaq bağçasında tərbiyə proqramı” bütün qruplarda uşaqları ilin 
fəsilləri, müxtəlif fəsillərdə hava, bitki və heyvanlar aləmində, insanların  əməyində 
baş verən dəyişiklərlə tanış etməyi nəzərdə tutur. 12 misralıq “Yaz” şerində yazın bir 
çox  əlamətləri öz əksini tapmışdır: yazda gecə-gündüzün bərabər olması, havaların 
istiləşməsi, qarların əriyib çaylara tökülməsi, çayların daşması, quşların isti ölkələrə 
qayıtması  uşağın başa düşəcəyi  şer dili ilə  təsvir olunur. “İlk bahar” şerində yazın 
digər  əlamətləri də (havanın tutulub-açılması, yağmurlu olması, isti küləklərin 
əsməsi, ağacların yarpaqlanması, çəmənin göyərməsi və s.) göstərilir. Bu şerdə  şair 
balaca oxucunu təbiət hadisələri arasında sadə əlaqələrlə tanış edir: 
Qar əridi,yox oldu, 
Çaylarda su çox oldu. 
                                   Və ya: 
Yüngül, sərin meh əsir, 
Yağmuru birdən kəsir. 
“Yay” şerində uşaqlar yay fəslinin əlamətləri ilə (havanın istiləşməsi, quş və 
heyvanların kölgəyə  çəkilməsi, meyvələrin yetişməsi, taxılın biçilməsi və s.) tanış 
olurlar. 
“Yaz” və  “İlk bahar” şerlərini  əzbərlətmək mümkün olduğu halda, “Yay” 
şerinin uşaqlara oxunması münasibdir. Bu şerlərin məzmunundan məktəbə hazırlıq 
qrupu uşaqlarının rəsmi məşğələlərində  təbiət lövhələri çəkmələri üçün də istifadə 
edilə bilər. 
“Güllərin bəhsi” alleqoriyasında uşaqlar qızılgül, zanbaq, şəbbu gülünün 
xüsusiyyətləri ilə tanış olurlar. “Bağça” şeri uşaqları bağ bostanla, onların məhsulları 
ilə şən bir şəraitdə tanış edir: 
Göyərin, göy çəmənlərim, göyərin! 
Sünbülüm, yasəmənlərim, göyərin! 
Açılın, iyli güllərim, açılın! 
Allı-əlvanlı güllərim, açılın! 


 
83
Şerdən böyük məktəbə hazırlıq qruplarında oxunmaq üçün istifadə edilə bilər. 
“Bağban” oyunu zamanı isə şerin bəzi misralarını əzbərlətmək olar.  
A.Səhhətin uşaq  şerləri içərisində  məktəbəqədər yaşlı  uşaqların 
dünyagörüşünü genişləndirməyə, təbiət hadisələri haqqında təsəvvürlər aşılamağa 
imkan verən  şerlərlə yanaşı, uşaqların tərbiyəsinə xidmət edən  şerlər də vardır. Bu 
şerlərdən uşaqlar nəyin yaxşı, nəyin pis olması haqqında təsəvvürlərə yiyələnirlər. 
Onlar tənbəlliyin, yalançılığın, qorxaqlığın, pintiliyin pis olmasını, çalıqanlığın, 
doğruçu və  təmizkar olmağın, böyüklərə  və yoldaşlara hörmət etməyin, 
lovğalanmamağın yaxşı olmasını öyrənirlər. 
Uşağın yaxşı  və pis haqqında təsəvvürləri özünün konkretliyi ilə  fərqlənir. 
Onun həyat təcrübəsi, müşahidə və həyəcanları, parlaq, obrazlı təəssüratları ilə bağlı 
olan şey, əsasən, uşağa anlaşıqlıdır. Uşaq üçün xarakterik olan təfəkkürün konkretliyi 
əxlaqi təsəvvür və anlayışların mənimsənilməsi sahəsində də özünü göstərir. 
A.Səhhət  əxlaqi ideyaları konkret və  uşaqlara anlaşıqlı bir tərzdə çatdırmaq 
üçün təmsil janrından daha çox istifadə etmişdir. Bu da təsadüfi deyildir. Təmsillərdə 
bir-birinə zidd cəbhənin nümayəndələri iştirak edirlər. Bu isə  əxlaqi ideyaları  dərk 
etməkdə  uşaqlar üçün əyani-konkret material rolunu oynayır:  əxlaqi fikir uşaqlara 
daha tez çatır. Digər tərəfdən, təmsillərdə yumor hissi güclü olur. Uşaqlar yumora 
daha çox meyl edirlər. M.Qorki bu münasibətlə yazmışdır: 
“...Elə düşünmək lazım deyildir ki, bütün uşaq kitabları istisnasız olaraq 
dərkedici material verməlidir... Bizə uşaqda yumor hissini inkişaf etdirən şən, maraqlı 
kitablar da lazımdır” (Seçilmiş əsərləri, c.27, 1953, səh.3-4, rusca). 
A.Səhhətin bəzi təmsilləri dil etibarilə  məktəbəqədər yaşlı  uşaqların 
əzbərləməsi və onlara oxunması üçün münasib olmasa da tərbiyəçinin nağılı kimi 
məzmununun dinlənilməsi üçün yararlıdır. 
Məzmunu şifahi xalq ədəbiyyatından götürülmüş “Ulaq və Aslan”, “Gün və 
külək” təmsillərində lovğalıq pislənilir. “Ulaq və Aslan” təmsilində lovğa ulaq aslanı 
öldürmək iddiasına düşür, lakin özü pis vəziyyətdə qalır: aslan onu parçalayır. “Gün 
və külək” təmsilində külək nə  qədər güc verirsə, çobanın çuxasını  çıxarda bilmir. 
Günəş isə öz istisi ilə buna nail olur. Bu təmsildən çıxan nəticə belədir: işi zorla yox, 
xoşluqla görmək lazımdır. 


 
84
“Ayı  və arılar”, “Ayı  və  şir” təmsillərində fikirləşmədən iş görmək tənqid 
olunur. Birinci təmsildə bal yemək həvəsi ilə arıların yeşiyinə girən ayı, ikinci 
təmsildə isə ovladıqları dovşanı bölmək üstündə bir-birilə didişən, nəticədə ovu 
tülküyə verən ayı  və  şir gülünc vəziyyətdə qalırlar. Bu təmsillər  əsasında uşaqlar 
nəticəyə gəlirlər ki, hər bir işi əvvəl fikirləşmək, sonra isə görmək lazımdır. 
“İki dana”, “Aşbaz və pişik” təmsillərində sözə baxmamaq pislənilir. “İki 
dana” təmsilində yoldaşının sözünə baxmayan dana, “Aşbaz və pişik” təmsilində isə 
qoca meymunun sözünə baxmayan meymunlar tələf olurlar. Böyük bağça yaşlı 
uşaqlar tərbiyəçinin köməyi ilə  təmsillərdən belə  nəticə  çıxarırlar: yaşlıların sözünə 
baxmayan ziyan çəkər. 
“Qarışqa və milçək”, “Tülkü və qurd” təmsillərində lovğalıq tənqid edilir, 
zəhmətə  məhəbbət təbliğ olunur. Yayda xörəklərə qonub yeyən, qışda isə ac qalan 
milçəkdən fərqli olaraq, qarışqa yayda qış üçün azuqə toplayır, heç kəsə möhtac 
olmur.  Şair balaca oxucularını milçək kimi lovğa, tənbəl olmamağa, qarışqa kimi 
işgüzar və əməksevər olmağa çağırır. “Tülkü və qurd” təmsilində də quyuya düşmüş 
tülkünü çıxartmaq  əvəzinə, ona sözdə ürəyi yanan qurd pislənilir. Təmsildən belə 
nəticə çıxır ki, iş görmək tələb olunan vaxt quru söz lazım deyildir. 
A.Səhhətin uşaq  şerlərinin məzmunundan göründüyü kimi şerlərin bir çoxu 
məktəbəqədər yaşlı uşaqların tərbiyəsi üçün böyük imkanlara malikdir. Bu şerlərdən 
uşaq bağçasının  əsasən böyük və  məktəbə hazırlıq qruplarında, qismən orta qrupda 
istifadə edilə bilər.  Şerlərin məzmununun qavrama prosesində qarşıya çıxa biləcək 
çətinliklər haqqında tərbiyəçinin  əvvəlcədən düşünməsi mühüm şərtdir. Bəzi  şerləri 
(“Yaz”, “İlk bahar”, “Qış”, “Ata və oğul”, “Bağça” və s.) oxumaqdan qabaq uşaqları 
gerçəkliyin bu və ya digər hadisələri ilə tanış etmək, onlara tanış olmayan sözləri izah 
etmək lazımdır.  
A.Səhhət şerlərindən həm ətrafa bələdlik prosesində, həm oyun və məşğələlər 
zamanı, həm söhbət, gəzinti və ekskursiyalarda, həm də bayram və  əyləncələrdə 
istifadə etmək mümkündür.  
Şerlərin   bəzilərinin   bütöv   və  ya   bir   hissəsini   əzbərləmək  (“Cücələr”, 
“Quşlar”, “Ana və bala”, “Yazda”, “Bağça”), bəzilərini tam və ya seçmə oxumaq 
(“Yaz”, “İlk bahar”, “Güllərin bəhsi”, “Yaz gəldi”, “Bağça” və s.), bir qismini isə 


 
85
oyun və  məşğələlər zamanı  (əsasən tərbiyəvi məzmunlu təmsilləri) uşaqlara nağıl 
etmək məqsədəmüvafiqdir. Göstərilən şerləri “Uşaq bağçasında tərbiyə proqramı”nın 
böyük və məktəbə hazırlıq qruplarının müvafiq bölməsinə daxil etmək məsləhətdir. 
Təmsillərin məzmunu üzrə səhnələşdirilmiş oyunlar təşkil etmək mümkündür: 
məsələn, “Gün və külək” təmsilinin nağılından sonra uşaqlardan birinə günəş, 
digərinə külək, üçüncüyə isə çoban rolunu tapşırmaq olar. Rolun bəzi sözlərinin 
uşaqlar tərəfindən  əzbər deyilməsi faydalıdır: məsələn, “İki dana” təmsilində dana 
rolunu ifa edən uşaq o birinə deyir: 
-Ay dana, dana, dur gedək, 
Qarnını doldur gedək. 
Belə oyunlar uşaqlarda nitq və hafizəni inkişaf etdirir, onların müstəqilliyini 
artırır, oxunan əsərə, ümumiyyətlə, kitaba maraq aşılayır. 
A.Səhhət şerlərinin əhəmiyyəti təkcə onların təlim-tərbiyə işinə kömək etməsi 
ilə məhdudlaşmır. Onun bir çox şerləri uşaq psixologiyasına, uşaq marağına müvafiq 
yazılmış müvəffəqiyyətli uşaq  əsərləri kimi bir nümunə rolunu oynayır. Biz müasir 
yazıçı  və  şairlərimizi son dərəcə  həssas olan uşaqlar üçün, xüsusən məktəbəqədər 
yaşlı  uşaqlar üçün daha çox əsərlər yazmağa çağırır və böyük rus tənqidçisi 
V.Q.Belinskinin məşhur sözlərini xatırlatmaq istəyirik: “Yazın, uşaqlar üçün yazın, 
ancaq elə yazın ki, onu yaşlılar da eyni zövq ilə oxuya bilsin və oxuyarkən xəfif bir 
xəyal içində öz gözəl uşaqlıq illərini yad etsinlər”.  

Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin