4. Mirzə Ələkbər Sabir (1862-1911) tərbiyənin gücünə inanır və deyirdi ki,
bütün insan doğulmuşların tərbiyəyə ehtiyacı vardır. Çünki, tərbiyə insanı inkişaf
etdirir, təkmilləşdirir, onun daxili imkanlarını və qabiliyyətlərini üzə çıxarır. Bunun
üçün düzgün ictimai mühit və tərbiyə lazımdır. Sabirə görə xalqın, millətin yol
göstərəni, rəhbəri tərbiyədir. Dünyanın bütün işləri tərbiyə ilə keçir, hər işin
başlanğıcı ibtidaisi tərbiyədir. Valideynlərin övlada ilk bəxşişi tərbiyədir. Övlad həqq
nemətidir. Buna görə şüurlu - həqqin ədası tərbiyədir. Tərbiyə elmsiz məğbul deyil,
çünki onun zəruri şərti tərbiyədir. Elmin ümdə vəzifəsi insan tərbiyə etməkdir. Elm
isə məktəbdə kitabla, səylə hasil olur. Elmlə zinətlənən tərbiyə həyata layiqdir.
Həyata layiq olan zinət tərbiyə və elm qövhəridir. Insan tərbiyə nəticəsində ətraf
mühiti daha yaxşı anlamaqla insanlar arasındakı münasibətə şüurlu yanaşmağa
başlayır.
Uşaqlarda yüksək əxlaqi hisslər, o cümlədən humanist münasibətlərin
formalaşdırılmasında yorulmaz mübarizlərdən biri də Azərbaycan xalqının böyük
şairi M.Ə.Sabir olmuşdur. Sabirə görə tərbiyənin məqsədi əsl insan hazırlığıdır, onun
mənəvi və fiziki qabiliyyətlərini ahəngdar surətdə təkmilləşdirmək, onda yüksək əqli
və əxlaqi keyfiyyətlər tərbiyə etməkdir. Bu anlayışlara Sabir zəngin məzmun verir. O,
75
tərbiyənin insanı dəyişdirməkdə və təkmilləşdirməkdə böyük gücünü görür, lakin onu
həddindən artıq qiymətləndirmir və şişirtmir. Tərbiyə insanda geniş bilik, əsrin
qabaqcıl elmləri ilə silahlanmaq, insanpərvərlik, vətənpərvərlik, əməksevərlik, xalq
mənafeyi uğrunda mübarizlik, obyektivlik, doğruçuluq aşılayır. Sabir əxlaq
tərbiyəsinin məzmununa uşaqların davranış məsələlərini də daxil etmişdir.
Cəmiyyətdə insanların bir-birinə münasibətində elə məsələ yoxdur ki, Sabir ona
toxunmasın, Sabirin əxlaqi normalar və insan davranışına aid irəli sürdüyü
müddəalarda humanizm, demokratizm, insanpərvərlik geniş mənasında öz ifadəsini
tapmışdır. Onlar insanı alicənablığa, mərdliyə, ədalətə doğruçuluğa, əməksevərliyə,
işgüzarlığa, təvazökarlığa, fəallığa, təşəbbüskarlığa, müstəqilliyə, insan şəxsiyyətinə
ehtiramla yanaşmağa, özünə və başqasına qarşı tələbkarlığa, səmimiyyətə, ardıcıllığa,
həssaslığa, dostluğa, yoldaşlığa, ictimai fəaliyyətə, düşüncəli hərəkətə, fədakarlığa və
bu kimi müsbət əxlaqi keyfiyyətlərin aşılanmasına yönəldir.
Sabir eyni zamanda insan əxlaqında və onun davranışında müşahidə etdiyi
kobudluğu, zorakılığı, paxıllığı, xəsisliyi, şöhrətpərəstliyi, cəhaləti, lovğalığı,
tamahkarlığı, acgözlüyü, qrınqululuğu, fitnəkarlığı, böhtançılığı, eqoizmi, avaralılığı,
tənbəlliyi, yaltaqlığı, ikiüzlülüyü, fırıldaqçılığı, nəzakətsizliyi, qayğısızlığı,
qərəzkarlığı, axmaqlığı, kütlüyü və digər bu kimi nöqsanları kəskin və amansız tənqid
etmişdir. Insan əxlaqındakı, davranışındakı müsbət və mənfi keyfiyyətlər haqqında
Sabirin mülahizələrini təhlil etdikdə həssas və böyük tərbiyəçinin, psixoloqun,
qayğıkeş, ağıllı bir atanın, cəmiyyətin inkişafının irəliyə doğru hərəkətini ləngidən
hər cür kəsalət və mühafizəkarlığa qarşı barışmaz mübarizin, mərd və cəsarətli
vətəndaşın, ictimai xadimin dünyagörüşü, iti müşahidəsi aydın görünür.
M.Ə.Sabir gənc nəslin tərbiyəsində
və onun dünyagörüşünün
formalaşmasında uşaq ədəbiyyatının böyük rolunu görmüş, bu məqsədlə də
balalarımız üçün bir neçə şerlər, təmsillər, nəsihıətlər, mənzum hekayələr yazmışdır.
Sabirin uşaq ədəbiyyatı mövzuları müxtəlifdir. Lakin bu müxtəlif mövzuların
tərbiyəvi əhəmiyyətinə və daxili mənasına görə bir vəhdəti var. Bu da gənc nəsildən
kamil, saf əxlaqlı adamlar yetişdirməyə, özləri və insanlıq üçün yüksək dərəcədə
faydalı olmağa kömək edən şəxsiyyətlər formalaşdırmağa yönəldilən ideyalardır.
Sabirin istər təbiət, istərsə cəmiyyət və adi məişət hadisələrinə aid yazılmış
76
şerləri nəinki uşaqları gümrahlaşdırır, həyatı və təbiəti onlara sevdirir. Bəzən onları
ürəkdən güldürür, nifrət, qəzəb, bəzən də məhəbbət, sevinc, qorxu, kədər və sair bu
kimi emosional hisslər oyadaraq ruhi müvazinətin sarsılmasına, obyektiv mühakimə
qabiliyyətinin zəifləməsinə yol vermir. O, öz fikrini oxucusuna zorla qəbul etdirmir.
“Cütcü”, “Yaz günləri”, “Uşaq və buz”, “Qarğa və tülkü”, “Ağacların bəhsi” və s.
şerləri onun uşaqların tərbiyəsinə həvəs və dərin münasibətinin parlaq ifadəsidir. O,
uşaqlara həyatı doğru göstərməyə çalışmışdır. Sabirin “Uşaq və pul” şerindən bir
daha aydın olur ki, uşağa müsbət əxlaqi keyfiyyətlərin aşılanması kiçik yaşlarından
başlanmalıdır. Sabirin bu şerini Seyid Əzimin “Qoca ana və oğru uşaq” şeri ilə
müqayisə edərkən bir daha ailədə valideynlərin uşaqların tərbiyəsində diqqətli
olmalarını və onun körpəlikdən, ilk addımdan tərbiyə olunmasını bir daha görürük.
M.Ə.Sabir gənc nəslin təlim-tərbiyəsində, ona müsbət əxlaqi keyfiyyətlərin
aşılanmasında, insani hisslərin formalaşmasında ailəni nəzərdən qaçırmamış, ona
böyük diqqət vermiş və haqlı olaraq yeni insanın formalaşmasında rəhbər rolu
tərbiyəçi, müəllimə vermişdir. O, ailədə valideynlərdən və tərbiyə müəssisələrində
tərbiyəçilərdən uşağa qarşı yüksək dərəcədə diqqət və qayğı tələb edir.
Insanı tərbiyə etmək ona bir yığın əxlaq qaydalarını əzbərlətmək deyildir.
Tərbiyə insanın dünyagörüşü və əqidəsini formalaşdırmalıdır. Bunun nəticədində
insan təbiət və cəmiyyət hadisələrini, özünün və başqalarının davranışını yüksək
qiymətləndirir. Insanın mənəvi inkişafında təhsil və elm qüdrətli silahdır. Sabirə görə
tərbiyənin məqsədi əsl insan yetişdirməkdir. Tərbiyə insanda geniş bilik, əsrin
qabaqcıl elmləri ilə silahlanmaq, insanpərvərlik, vətənpərvərlik əməksevərlik və s.
tələb edir. Sabir tərbiyənin gücünə inam bəsləməklə insanın formalaşmasında mühitə,
insanın daxili imkanlarına da diqqət yetirir. O yeni insan tərbiyəsi haqqında fikirlərini
həyata keçirilməsində əsas vasitə təlim hesab etmiş, böyük müəllimi S.Ə.Şirvaninin
yolu ilə getmiş, xalq məktəblərinin sayını artırmağı zəruri saymışdır.
Sabirin əsərlərində əxlaq tərbiyəsinə, vətənpərvərliyə, dostluq və yoldaşlığa,
böyüklərə hörmətə və s. keyfiyyətlərə yüksək qiymət verir. O, vətənə, xalqa xidməti
hər şeydən üstün tuturdu. Sabir vətənə, xalqa xidməti adamların mənsəb və tutduğu
vəzifəsi ilə deyil, gördüyü konkret əməli işlə qiymətləndirməyi tələb edirdi. Sabirin
əxlaq tərbiyəsi haqqında fikirləri sırasında mühüm yer tutan məsələlərdən biri də
77
əməkdir. Sabirə görə insanlığı yaşadan əmək adamlarının haqqı qorunmalıdır. Insan
cəmiyyətdə gördüyü faydalı əməyə görə qiymətləndirilir. Zəhmətin nəticəsi
olmalıdır. Zəhmət insandan böyük səy, iradə tələb etsə də nəticəsi fərəhlidir.
Sabir “Tərbiyə”, “Analar bəzəyi”, “Məktəb şərqisi”,“Məktəb uşaqlarına
tövhə” və başqa şerlərində uşaqların ədəb və davranış qaydalarına geniş yer verir və
onların ailədə, məktəbdə ictimai yerlərdə özlərini ləyaqətli aparmalarını tövsiyə
edirdi.
Sabir ailə tərbiyəsinə, ailənin məktəblə əlaqəsinə böyük əhəmiyyət verərək
deyirdi ki, valideynlər övladlarının tərbiyəsi üçün tam məsuliyyət daşımalıdır. O
düzgün ailə tərbiyəsini valideynlərin xoşbəxtliyi adlandırır, ailədə düzgün tərbiyə
verməyən valideynləri kəskin tənqid edirdi. O, “Olmur-olmasın”, “Bəxtəvər”,
“Uşaqdır, uşağım”, “Ata nəsihəti”, “Leyli və Məcnun”, “Həyatın qop-qopuna cavab”
şerlərində, “Bu əməldən ucalarsan” bəhri-təvilində nadan, cahil valideynlərin verdiyi
səhv tərbiyənin acı nəticələrini hər ailəyə məxsus töhvələr şerində təsvir edir, qəribə
səhnələr yaradır.
Sabirin uşaq şerləri məzmunca ibrətamiz olduğu kimi formaca da maraqlı və
rəngarəngdir. O, aşılamaq istədiyi ideyanı balaca oxuculara qabarıq şəkildə çatdırmaq
üçün maraqlı hadisələr seçir: bu gün bütün uşaqların əzbər bildiyi “Uşaq və buz”,
“Yalançı çoban”, “Yaz günləri”, “Cütcü” şerləri məktəbəqədər yaşlı uşaqların da
dilinin əzbəridir.
Klassik və qabaqcıl pedaqoji irsdən, Azərbaycan maarifçilərinin ideyalarından
bəhrələnən dahi bəstəkarımız Ü.Hacıbəyov (1885-1948) öz yaradıcılığında tərbiyə
məsələlərinə xüsusi yer vermişdir. Insanın inkişaf edib formalaşmasında tərbiyənin
rolunu yüksək qiymətləndirən Ü.Hacıbəyovun tərbiyə haqqındakı fikirlərinin əsasını
humanizm, vətənpərvərlik, beynəlmiləlçilik, nikbinlik, mübarizlik təşkil edir. o, insan
şəxsiyyətinin inkişaf etdiyi yazılarında, bir tərəfdən köhnə cəmiyyətdəki tərbiyə
sistemini – mənsəbpərəstliyi, acgözlüyü, avaraçılığı, ikiüzlülüyü, soyğunçuluğu və s.
barışmaz sifətləri tənqid etmiş, digər tərəfdən isə XX əsrin ictimai tələblərinə
müvafiq sağlam bədənli, sağlam mənəviyyatlı gənclərin yetişdirilməsində öz
yaradıcılığı ilə mühüm rol oynamışdır. O, tərbiyə işinə ardıcıl, müntəzəm, mütəşəkkil
və məqsədyönlü aparılan bir proses kimi baxmışdır. Əxlaq məsələlərini dövrün
78
tələbləri baxımından azadlıq uğrunda gedən mübarizənin tərkib hissəsi hesab
etmişdir.
Ü.Hacıbəyov cürətsizlikdən doğan bir sifət kimi, mənfi keyfiyyət kimi –
acizliyi də tənqid etmiş, bunlara qarşı təşəbbüskarlıq və mübarizlik kimi gözəl əxlaqi
keyfiyyətlər təlqin etmişdir. O, yazırdı: “Odur ki, biz hər bir təşəbbüs müqabilində
özümüzü aciz bilib, cürətsizlik etməməliyik. Insan ruzigarın önümüzə yumalatdığı
çətinliklərlə mübarizədə olmaq üçün yaranıbdır. Acizlik və cürətsizlik
göstərməkdənsə, mübarizə edib ruzigara basılmamaq əfsəldir” (63, səh.640-653).
Beləliklə, Ü.Hacıbəyov cürətsizlik və acizliyi uşağın tərbiyəsində əxlaqi yoxsulluq
hesab etmiş və humanist keyfiyyətlərə malik olmağı mühüm əxlaqi mənəviyyat kimi
qiymətləndirmişdir.
Ü.Hacıbəyov şəxsi mənafeyi ictimai mənafeyə qarşı qoyurdu. O, belə bir
əqidədə olmuşdur ki, insan gərək həm özü üçün, həm də ümummillət üçün çalışsın.
O, ictimai və şəxsi mənafeyin əlaqəsi məsələsində ictimai mənafeyə üstünlük verir,
bunu əxlaqlı olmağın mühüm şərtlərindən biri hesab edirdi.
A.A.Bakıxanov, S.Ə.Şirvani, M.T.Sidqi, M.Ə.Sabir kimi Ü.Hacıbəyov da
şəxsiyyətin təşəkkülü və gələcək inkişafında ailənin roluna yüksək qiymət vermiş və
humanizm tərbiyəsində onun mühüm rol oynadığını qeyd etmişdir. Apardığı
müşahidələr nəticəsində o, belə qənaətə gəlmişdir ki, uşağın inkişafının istiqaməti və
intensivliyi bilavasitə ilkin tərbiyədən – ailə tərbiyəsindən çox asılıdır. Çünki uşağın
fiziki və psixi inkişafının ilk rüşeymləri ailədə qoyulur. Ü.Hacıbəyovun fikrincə
ailədə tərbiyə məsələsinin düzgün qoyuluşunu şəxsiyyətin gələcək inkişafına güclü
təsir edir. o, insanda yüksək mənəvi sifətlərin yaranıb təşəkkül tapmasına məktəb
illərində deyil, məktəbəqədərki dövrdə başlanmalı fikrini müdafiə edir və göstərir ki,
uşağın tərbiyə edilməsi prosesində ailənin rolu məktəbin və məktəbəqədər tərbiyə
müəssisələrinin rolu qədər əhəmiyyətlidir.
Ü.Hacıbəyov uşaq oyunlarının gözəlliyi, uşaqlarda əxlaqi keyfiyyətlərin
formalaşması və humanist hisslərin daha da təşəkkül tapması üçün onun tərbiyəvi
məzmununa malikliyini və milliliyini, yaş səviyyəsinə uyğunluğunu təklif etmişdir.
Oyuncaqların obrazlılığına, uşaqların yaş səviyyəsinin uyğunluğuna, tərbiyəvi
əhəmiyyətinə xüsusi fikir verilməsini və ondan yerli-yerində istifadə olunmasını
79
təklif etmişdir.
Təkcə adlarını çəkdiyimiz maarifçi ədiblərimiz deyil, N.Nərimanov,
A.Səhhət, C.Məmmədquluzadə və başqa görkəmli şəxsiyyətlər də birtərəfli tərbiyə ilə
razılaşmayaraq, insanı həm əqli, həm əxlaqi, həm də fiziki və estetik cəhətdən
ahəngdar tərbiyə etməyi lazım bilmişlər. Onlar uşaq şəxsiyyətini təhqir edən hər cür
cəzanın əleyhinə idilər. Müəllim, tərbiyəçi öz biliyi, bacarığı, mədəniyyəti, nəzakəti,
davranışı, sadəliyi, ictimaiyyətçiliyi və sair ilə həm uşaqlar, həm də əhali arasında
nüfuz qazanmalıdır. Tərbiyənin uşaqlara qayğı ilə yanaşmasını, onlarla rəftarında
həssas və mülayim olmasını, mərifət gözləməsini tələb edərək, bunların uşaqlarda
insanpərvərlik, humanistlik, adamlara qayğı ilə yanaşmaq kimi əxlaqi sifətlərin
formalaşmasına mühüm təsir göstərdiyini qeyd etmişlər.
Dostları ilə paylaş: |