ORTA ƏSR MÜTƏFƏKKİRLƏRİNİN YARADICILIĞINDA ŞƏXSİYYƏTİN
İNKİŞAFINDA İRSİYYƏT AMİLİNİN QOYULUŞU MƏSƏLƏLƏRİ 1.1. N.Gəncəvi, N.Tusi və M.Füzulinin irsiyyət haqqında fikirləri Orta əsr Azərbaycan mütəfəkkirlərinin şəxsiyyət tərbiyəsində irsiyyət amilinin rolu haqqında elmi araşdırma apararkən ilk öncə irsiyyət faktoruna elmi cəhətdən yanaşmaq lazımdır.
Fiziologiyada isbat olunmuşdur ki, cinsi hüceyrədə olan xromosomlar nəsillər arasında bir növ keçid körpüsü rolunu oynayır. Bu əsasda yaranan sinir sistemi insanın təlim almasına və tərbiyə olunmasına imkan yaradır.
Qeyd edək ki, orqanizmdəki hüceyrələrdə olan xromosomun strukturunda, habelə genlərdə yaranan qeyrinormallıq sonradan orqanizmin hər hansı bir orqanında əmələ gələn qüsurda özünü göstərir. Məsələn, hüceyrədəki xromosomların sayı normadan (46) az, yəni 45 və ya artıq
47 olduqda kişi orqanizmində kişiyə xas olmayan bəzi qadın əlamətləri (səsin incəliyi, saqqalsızlıq, bığsızlıq, döş vəzilərinin artması və s.) qadın orqanizmində isə boyun həddən artıq qısalığı, cinsi inkişafın geri qalması və s. kimi, əlamətlər müşahidə olunur. Adamların böyük əksəriyyətində irsi imkanlar normada olduğundan, onların psixoloji inkişaf imkanları da oxşardır. Eyni yaş dövründə və normal inkişaf edən adamların çoxunda psixoloji xüsusiyyətlər təqribən bir-birinə yaxın olur.
Mənbələrə nəzər salsaq görərik ki, anadangəlmə əlamətlərin heç də hamısı irsi əlamət hesab edilmir, qabiliyyətlər irsən keçmir. Çünki uşaq təbii imkanlarla doğulur. Təbii imkanlar hazır qabiliyyətlərin əmələ gəlməsi və inkişafı üçün imkanlar yaradan təbii zəmindir (53, 81). Məsələn, uşaq nitq qabiliyəti ilə doğulmur, lakin nitq qazanmaq üçün zəruri olan təbii imkanlarla doğulur. Onun boğazının, dilinin, damağının quruluşu, eləcə də sinir sisteminin inkişaf səviyyəsi, ikinci siqnal sistemi danışmaq və danışılanı başa düşmək üçün təbii imkanlar təşkil edir. Eləcə də yazı yazmaq qabliyyəti ilə doğulmur, lakin onun barmaqlarının quruluşu, əllərindəki xırda əzələlərin vəziyyəti, əqli inkişaf səviyyəsi sonralar yazmaq qabliyyətinin yaranması üçün təbii imkanlar zəminində əmələ gəlir. Bu cür əlamətlərin bəziləri ana bətnində daxili və xarici mühitin təsiri ilə yarana bilir. İrsi əlamət bir nəsildə deyil, bir çox nəsillərdə üzə çıxır və mühitin təsirində davamlı olur
(37, 60). Anadangəlmə əlamət isə bir nəsildə müşahidə edilir və sonrakı nəslə keçməyə də bilər (38, 82). Odur ki, irsi əlamətlə anadangəlmə əlaməti qarışdırmaq olmaz.
Buna görə də pedaqogika şəxsiyyətin formalaşması məsələlərində irsiyyətin mövcudluğunu nəzərə almalı, hansı fiziki və fizioloji əlamətlərin irsi və ya anadangəlmə olduğunu bilməlidir. Fiziki və fizioloji inkişafı normal gedən uşaqlarda psixoloji funksiyaları, o cümlədən şüuru və əxlaqi keyfiyyətləri normal formalaşdırmaq imkanı vardır.
Şəxsiyyətin formalaşmasında min illər boyu irsiyyəti əsas saysaq, onu nəslin inkişafında eyni əlamət və xassələrin təkrar olunması kimi göstərmək olar. Müəyyən olun-
muşdur ki, irsiyyət çoxalma prosesində fərdin inkişaf proqramına malik olan hüceyrənin maddi qurluşunu nəslə ötürməklə, onun inkişafına xas olan morfoloji, fizioloji və biokimyəvi proseslərin yeni nəsildə ardıcıllığını təmin edir (41, 81). İrsiyyət ümumi bioloji hadisə olub canlı orqanizmilərin əlamət və xassələrinin nisbi sabitliyinə imkan yaradır. Əlamətlərin bu sabitliyi pozulduqda orqanizmlər arasında fərqlər meydana çıxır.
Tibb sahəsində aparılan son tədqiqatlardan görünür ki, şəxsiyyətin formalaşmasına təsir edən irsi əlamətlərin də dəyişməsi mümkündür. Ətraf mühitin müxtəlif amilləri vasitəsilə irsi əlamətlərə təsir göstərmək olur. İrsi xəstəliklər uşağın psixoloji inkişafın ləngidə bildiyindən, həkimlər belə xəstəliklərdən və onların müalicə üsullarından əvvəlcədən xəbərdar olmuşlar. Qeyd edək ki, son dövrlərdə bəzi irsi xəstəliklərin müalicə vasitələri tapılmışdır.
Ümumiyyətlə, orqanizmdə cərəyan edən fizioloji prosesləri nə qədər dərindən öyrənsək uşaq şəxsiyyətinə sosioloji və tərbiyəvi təsirlərin məqsədyönlüyünü bir o, qədər artırmış olarıq (10, 65).
Xüsusən də, müəllim, valideyin və digər tərbiyəçi uşaqlarda formalaşdırmaq istədiyi mənəvi, əxlaqi, fiziki və estetik keyfiyyətlərin hansı fizioloji zəmində, hansı irsi əlamətlər üzərində aparılacağını mütləq bilməlidir. Ona görə ki, uşağın malik olduğu irsi və anadangəlmə əlamətlər uşaq şəxsiyyətinin fizioloji inkişafı üçün müəyyən fizioloji zəmin, imkan rolunu oynayır. Təlim və tərbiyə də bu imkan və bu zəmin mütləq nəzərə alınmalıdır. Pedaqogika elminə görə təlim, tərbiyə, təhsil və psixoloji inkişaf üçün əhəmiyət kəsb edən fiziki əlamətlər deyil, fizioloji əlamətlər irsən nəsildən-nəslə keçir (37, 40). Lakin fizioloji əlamətlər (saçın rəngi, gözün rəngi və quruluşu, qamət, yeriş tərzi və s.) şəxsiyyətin necəliyinə, yəni mənəvi, əxlaqi və estetik keyfiyyətlərə təsir göstərmir. Nəsildən-nəslə keçən fizioloji əlamətlərin (baş beyin qabığında hüceyrələrin sayının, baş beyin qabığı nahiyələri arasında əlaqələrin, ümumiyyətlə ali sinir sisteminə aid olan digər xüsusiyyətlər) şüura, davranışa, təlim-tərbiyə işinə təsiri olur.
Elmi tədqiqatlar göstərir ki, irsiyyətə üstünlük verilməsi ən qədim ideyadır. Belə ki, insanlar hələ lazımınca sosial təcrübə toplamazdan öncə adamların nəsildə, qohumluqda bir-birinə bioloji bənzərliyini (boyun, rəngin, saçın, burnun, gözlərin, səsin və yerişin oxşarlığı) müşahidə etmişlər.
Emprik təcrübənin, milyon illərin müşahidə sınağından çıxmış qənaətlərinin ifadəsi atalar sözlərində, zərbməsələlərdə, bayatılarda və s. öz əksini tapmışdır. Hətta bu ifadələrdə yalnız bioloji irsilik deyil, mənəvi keyfiyyət varisliyi də qabarıq şəkildə təqdim edilmişdir.
Qeyd olunmalıdır ki, Azərbaycan xalq pedaqogikasında bununla bağlı xeyli fikirlər var. Məsələn, “Ot kökü üstə bitər”, “Anasına bax qızını al, qırağına bax bezini al”, “Namərd gəlib mərd olmaz, olmasa mərd atası”, “Qurd adını dəyişər, xasiyyətini dəyişməz”, “Quyuya su tökməklə dolmaz, gərək dibində gəlsin” və s. (28, 96-97), kimi ifadələrdə fikirlər, hətta aşıq şeirində poeziya mövzusuna çevrilmişdir. Bu cəhətdən Xəstə Qasımın bu misraları daha səciyyəvidir:
Ot bitər kök üstə əsli nə isə, Yovşan bəsləməklə çəmənzar olmaz...
Vəfalıya əmək çəksən itirməz,
Bədəsil nəsihət, öyüd götürməz,
Göy söyüddə heyva olmaz, nar olmaz...
Sərv ağacı hər ağacdan ucadı Əsli qıtdı, budağında bar olmaz (64). Xalq pedaqogikası nümunələrindən bir çoxunda şəxsiyyətin tərbiyəsində mühit və tərbiyənin rolu əsas götürülmüşdür. Xalq pedaqogikasında irsiyyətə üstünlük verilməsi digər amillərin rolunu heçə endirməmişdir. Əksinə, bəzi nümunələrdə tərbiyə və mühitin rolu xüsusi olaraq qeyd edilmişdir.
Şəxsiyyətin formalaşmasında irsiyyətin həlledici roluna dair fikirlər yalnız xalq pedaqogikasında deyil, elmi ədəbiyyatda da qədim dövrdən bu günə qədər davam etməkdədir. Bəzi hallarda irsilik nəzəriyyəsi ictimai-sinfi, bəzi hallarda isə sırf elmi mövqedən şərh edilmişdir. Tarixi inkişafın və ictimai-iqtisadi formasiyaların meydana çıxardığı tələbdən asılı olaraq hər bir ideoloq şəxsiyyət probleminə mənsub olduğu sinfin mövqeyindən yanaşmış-dır (1, 167). Buna görə də istər quldarlıq, istərsə də feodalizm dövründə irsiyyət nəzəriyyəsi tərəfdarları çox olmuşdur. Sinfi fərqlərin güclü olduğu ölkələrdə indi də irsiyyətə yalnız bioloji (təbii imkan, genetik daşıyıcılıqT.X) mövqeyindən deyil, sinfilik (hakimlik, yüksəklik-
T.X) baxımından şərh verirlər. Bununla da insanlar arasında ayrı seçkiliyə, qabiliyyət, bacarıq və rütbə fərqinə təbii əsas verməyə çalışırlar (30, 35).
Azərbaycan ictimai-fəlsəfi, eləcə də pedaqoji fikrinə güclü təsir göstərmiş Platon və Aristotel insanın “birinin tabe olan, digərinin isə hakim olmaq üçün” doğulduqlarını iddia etmişlər. Çünki, belə güman etmişlər ki, insanların bir hissəsi qul sahibləri (hakim-T.X), digər bir hissəsi qullardır (tabe olan) (3, 125). Əgər onlar tərbiyə ilə, şəxsiyyəti formalaşdırmaqla qulun da quldan ola biləcəyi fikrini söyləsəyidilər, o zaman mövcud olan qurluşun hakim sinfin əleyhinə çıxmış olardılar. Onlar bu barədə heç fikirləşmirdilər. O, zaman söhbət insan tərbiyəsindən, elm, təhsil almaqdan, elm və təcrübə ilə təkmilləşmədən gedirdisə, bu, qullara yox, quldarlara məxsus idi.
Qeyd edək ki, burada tərbiyənin sinfi xarakterinin əsası qoyulmuşdur. Belə bir yönüm texniki tərəqqinin və istehsal münasibətlərinin təkmilləşməsi ilə feodalizm, kapitalizm quruluşlarında da müəyyən dəyişikliklərlə öz keyfiyyətini saxlamışdır.
Pedaqogika üzrə elmlər doktoru, professor Əjdər Ağayev yazırdı: “Orta əsrlərdə irsiyyət nəzəriyyəsi daha geniş sürətdə dini əsaslara söykənməklə hakim ideologiya səviyəsinə qalxmışdır. Hətta insanın yaradıcılıq inkişafını inkar etməyə başlamış yeni elmi fikir və ideyalar irəli sürənlər “şeytan”, “yaramaz” kimi damğalanmışlar” (1,
75-76).
Onu da qeyd edək ki, XVI əsrdə priformizm fəlsəfi cərəyanın nümayəndələri insanın doğularkən şəxsi keyfiyyətlərinin özü ilə hazır gəldiyini iddia edirdilər. Onlar insanın bioloji təbiətindən çıxış edərək cəmiyyətdəki sinfi ayrılığı qanuniləşdirməyə cəhd edirdilər.
Azərbaycanda orta əsrlərdə şahlıq, xanlıq və başqa rütbələrin atadan övlada irsən keçməsi haqqında yalnız nəzəriyyə cəmiyyətdə hökm sürən silki münasibətləri nəzəri cəhətdən əsaslandırmağa çalışmışlar. Onlar “əsilnəcabəti” olan şəxslərə öz valideynindən yüksək xüsusiyyətlər keçdiyini iddia etmişlər. Burada tərbiyənin həlledici gücü nəzərə alınmamışdır.
Orta əsrlərdən süzülüb gələn şəxsiyyətin üstünlüyü nəzəriyyəsi son illərdə də bəzi ölkələrdə müdafiə edilməkdədir. Alman filosofu Şopenhaner insanın tərbiyəvi təsir altında dəyişmədiyini iddia edərək yazır ki, “insanın xarakterindəki nöqsanları yox etməyə təşəbbüs göstərmək boş təşəbbüsə bənzəyir” (8, 187).
Amerikalı mütəfəkkir Con Dyui uşağın inkişafını anadangəlmə instinkt və qabiliyyətlərlə bağlayır. İtaliyalı mütəfəkkirlərdən M.Kazotti və M.Stefani də uşaq şəxsiyyətinin inkişafı haqqında nəzəriyyələrini din və mistika ilə əlaqələndirmişlər. Onlar belə hesab etmişlər ki, “insanın təbiət tərəfindən yaradılmış bədəni müvəqqətidir, ruh isə əbədi və ölməzdir” (50, 25). Ruhun ilahiləşmiş mənşəyini tədqiq edərək inkişafın da dini tərbiyə altında başa çatmasını irəli sürmüşlər. Onlar məsələyə birtərəfli yanaşmırlar. İnsanı tam, bütöv varlıq və kompleks amillərin təsiri ilə formalaşan, təbiətin bir parçası olan ictimai-ali şüurlu yaranış kimi tədqiqata cəlb etmişlər.
Pedaqogika üzrə elmlər doktoru, professor Əlheydər Həşimov yazırdı: “Şəxsiyyətin formalaşmasını, insanın inkişafını “zatla”, “əsil-nəcabətlə” və ya “tale ilə”, “qismətlə” bağlamaq, insan təbiətinin dəyişməzliyini təsdiq etmək, irsiyyət və qismət nəzəriyyələrini yeganə düzgün nəzəriyyə kimi qələmə vermək, uşağın bütün müqəddaratı, xasiyyət və qabiliyyətini irsi qüvvələrlə, “qismətlə” bağlamaq qeyri elmidir” (29, 100-101).
“İrsiyyət nəzəriyyəsi” ilə, “qismət nəzəriyyəsi”ni birbirindən ayırmaq lazımdır. Ola bilsin ki, sinfi baxış mövqeyindən hər iki nəzəriyyədə güclüyə, varlıya, hakimə bəraət ideyası vardır. Ancaq bu nəzəriyyələrin qnesioloji kökləri tamamilə başqa-başqadır.
Qeyd edək ki, “irsiyyət nəzriyyəsi”ni dini mövqedən uzaq olan hakimiyyətə işləyən ideoloqlar və həm də bu nəzəriyyəni həqiqətən elmi yəqinlik kimi başa düşən alimlər yaratmış və inkişaf etdirmişlər. Lakin, “qismət”,
“tale” nəzəriyyəsi bilavasitə dini təlimlə bağlı olmuşdur.
Ona görə ki, burada əsas olan bioloji genlər deyil, Allahın verdiyi paydır, taledir və qismətdir. Bu insanın təbiətində, irsində yox, taleyindədir, yəni “alın yazısındadır”. Onu da qeyd edək ki, “irsiyyət nəzəriyyəsi”nin müəyyən genetik əsası vardır. Valideynlərə məxsus olan fərdi əlamətlərin nəsildən-nəslə keçməsini şərtləndirən imkana elmdə “gen” adı verilmişdir (38, 40).
Genlər xromosomlarda yerləşir. Buna görə də güman etmək olar ki, cinsi hüceyrədə olan genlərin hərəsi valideyn orqanizmindəki bir əlamətin (normal və ya pataloji əlamətin) daşıyıcısıdır. Demək olar ki, artıq müasir dövrdə insan ömrünün proqramlaşması barədə elmi ideyalar yaranmaqdadır.
Uzun illər keçmiş sovet ideologiyası həm irsiyyət nəzəriyyəsini, həm də qismət nəzəriyyəsini cəfəngiyyat hesab edərək onu heçə endirmiş və ziyanlı hesab etmişdir.
Lakin hazırda elm hər iki nəzəriyyəyə geyindirilmiş fanatizm qabığını ataraq, elmi-rasional əsasa malik olduğunu iddia etməkdədir. Onu da qeyd etməliyik ki, dini təlimdə irsiyyətdən kor-koranə bəhs edilməmiş və irsi varislik ətalətdə qəbul edilməmişdir.
İslam dininin baş təlimi insanı özünüdərkinə istiqamətləndirmişdir. Müqəddəs kitabımız “Qurani-Kərim”də insanın özünü dərk etmək yoluyla gerçəkliyin və ruhi aləmin yaradıcısı Allahı dərk etdiyi qeyd edilmişdir (62).
Göstərilmişdir ki, insan elm yolunda, elm öyrənməklə, təhsil almaqla, tərbiyəçidən (müəllimdən) dərs (tərbiyə) almaqla formalaşır, təbii və ictimai fəaliyyət üçün hazır olur, inama və əqidəyə yiyələnir (62).
Dini təlimdə isə əksinə, irsiyyətin insanda yalnız təbii imkanların mənbəyi kimi qeyd edilir. Bu da elmi əsasa uyğundur. Əslində irsiyyət amili olmasaydı, insanı yetişdirən təkamül də mümkün olmazdı. Hər məxluq özünə bənzər başqa bir məxluqu məhz ona görə yaradır ki, onun hüceyrəsində müəyyən genetik məlumat vardır və bu məlumat nəsildən nəsilə keçir.
İrsiyyət sistemi yəni irsi əlamətlərin məcmusu, saçın və gözlərin rəngi, üzün çevrəsi, bəzən də hətta insanın yerişi cinsi hüceyrənin nüvəsində, yəni xromosonlarda olur. Bu genlərin hər biri isə çox mürəkkəb quruluşludur və elementar vahidlərin daşıyıcısıdır (58, 15).
Professor Ə.Həşimov görkəmli genetik M.Axun-dovun fikirlərinə istinad edərək qeyd etmişdir ki, insanın fərdi xüsusiyyətlərinin bir kökü irsən keçən genetik materialda, yəni xromosomlardadır. Xromosom və genlərdə baş verən dəyişmələr (mutasiyalar) nəticəsində meydana gələn xassələrin köklərindən biri valideynlərin (baba və ulu babalarının yeddi nəsil dönəminə qədər) irsiyyətində olur. Uşaq yalnız ictimai mühitin deyil, həm də ailənin bioloji əsaslarının məhsuludur (28, 76).
Qeyd olunmalıdır ki, heyvanlarda olduğu kimi, insanlarda da instinktlər var. Əgər instinktlər irsən keçirsə, bəs nə üçün instinkt əsasında insanın hərəkəti heyvanların hərəkətlərindən fərqli olur? Bu məsələ çox mürəkkəbdir. Bununla belə, son vaxtlarda tanınmış alimlər insanın sosial davranışının, əxlaqi keyfiyyətlərinin irslə
(irsiyyətlə) şərtlənməsi fikrini açıq söyləyirlər.
Qeyd edək ki, insan bioloji növ kimi bütün tarix boyu cüzi dəyişikliyə uğramışdır. Bu isə insan təbiətinin və insan mahiyyətinin gen sisteminin dəyişməzliyinə daha bir sübutdur. İnsan növünün dəyişməsi o, zaman ola bilər ki, alimlər onun gen koduna praktiki olaraq müdaxilə üçün vasitə əldə etsinlər. Belə cəhdlərin isə xeyir, yoxsa zərər verəcək, nəyə gətirib çıxaracaq, onu demək isə xeyli çətindir (52, 83).
Deyilənlərdən aydın olur ki, əvvəla şəxsiyyətin formalaşmasında irsiyyətin rolu vardır. İrsiyyətin rolunu heçə endirmək və ya onu inkar etmək düzgün olmaz. Bir sıra irsi əlamətlər, o cümlədən irsi xəstəliklər uşaqlarda vaxtında müəyyənləşdirilməli və təlim-tərbiyə zamanı hökmən bu nəzərə alınmalıdır.
İrsi qüsurlardan azad olan və fiziki inkişafı normal gedən uşaqlarda psixoloji funksiyaları, o cümlədən şüuru yüksək səviyyədə müvəffəqiyyətlə formalaşdırmağın mümkün olduğuna inanmaq lazımdır. Çünki normal irsi əlamətlərə malik olan uşaqlar da psixi inkişaf imkanlarına malik olurlar.
Məhz bu elmi əsaslara və emprik təcrübəyə söykənərək Azərbaycanın bir çox filosof və pedaqoqları kimi Nizami Gəncəvi, Nəsrəddin Tusi, Marağalı Əvhədi və Məhəmməd Füzuli irsiyyət amilinin şəxsiyyətin formalaşmasında həlledici yer tutduğunu qeyd edərək bir çox dəyərli elmi-pedaqoji fikirlər söyləmişlər.
Orta əsrin cəhalət səltənətində nurlu bir işıq kimi parlayan dahi Azərbaycan mütəfəkkiri Nizami Gəncəvi dövrünün bütün qabaqcıl elmlərini bilən yüksək təhsilli bir sima idi. İlyas Yusif oğlu Nizami Gəncəvi 1141-ci ildə
Gəncə şəhərində anadan olmuşdur. Ömrünün sonuna
(1209) qədər orada yaşamışdır. Onun vətəni Gəncə o zaman Azərbaycanın böyük sənaye və ticarət mərkəzlərindən biri olmuşdur.
N.Gəncəvi zəmanəsinin qabaqcıl və xalqının həyatına bağlı ziyalı ailəsində dünyaya gəlmiş, boya-başa çatmış, tərbiyə və təhsil almışdır (48, 25). O, hələ kiçik yaşlarında elm və fəlsəfə aləminin qapılarını açmaq üçün ərəb və fars dillərini mükəmməl öyrənmiş, ərəb dili vasitəsilə qədim yunan alim və filosoflarının əsərlərini oxumuşdur. Bəlkə də buna görədir ki, o, bütün insanları oxumağa, təhsil almağa, dünyanı öyrənməyə, bir sözlə, elmə yiyələnməyə səsləmişdir.
Böyük mütəfəkkir elmin gücünü, qüdrətini və əvəz olunmazlığını haqqında aşağıdakı misrasında yazırdı:
Qüvvət elmdədir başqa cür heç kəs, Heç kəsə üstünlük eyləyə bilməz (20, 75).
İnsan həyatını yaxından bilən Nizami saraylarda yaşamaqdan boyun qaçırmış və yoxsul həyat sürmüşdür. O, alicənab şəxslərə həmişə şah sarayından uzaq olmağı arzulamışdır. Mütəfəkkir yazırdı:
Şah dediyin ki, var, tənəkdir, tənək Ondan uzaq gəzən ilişməyəcək (21, 110). deyərək şah sarayındaq uzaq olmağı faydalı saymışdır. Buna görə də mütəfəkkir heç vaxt şah sarayında yaşamaq arzusunda olmamış və hökmdarların dəvətini qəbul etməmişdir. “Özgə süfrəsinin buğda çörəyini yeyib, onun pişiyi olunca, öz süfrəsinin arpa çörəyini yeyib onun aslanı olaram” (21, 150) deyərək varlıların, yüksək vəzifəlilərin və eləcə də şahların qarşısında əyilməyi şəxsiyyətinə sığışdırmamışdır.
Nizamiyə görə, insan üçün ən böyük nemət var-dövlət deyil, ağıldır, insanı başqalarından fərqləndirən, fəaliyyətə təhrik edən, istiqamət verən və nəzarət edən ağıldır. Ağıla yüksək qiymət verən şair cəmiyyətin ən yaxşı vətəndaşı ancaq təhsilli, elmə qabil, maarifpərvər və müdrik olan adamlar olduğunu əsərlərində göstərmişdir. Odur ki, hər bir şəxs ağıllı olmağı və biliklərə yiyələnməyi müdrik insanlardan öyrənməyə çalışmalıdır.
Mütəfəkkir yazırdı ki, “Tamahla ağıl bir-birinə düşməndir. Tamahkar adamdan ağıllı uzaq qaçar. İnsan ağlın tərəfində durmalı, tamahını əzməlidir. Çox yeyənlər çox yaşamır, ağıllılar çox yaşayırlar. Bütün alçaq, misgin hiss və hərəkətlər adamı fəlakətə sürükləyir. Halbuki, onlardan uzaq olmaq insanı əxlaqi cəhətdən təmkinli, xeyirxah və alicənab edir. Adam zəngin xəzinə olan ürəyini fəsad yuvasına çevirməməlidir” (20, 61-62).
N.Gəncəvi irsiyyətə aid xüsusi əsər yazmasa da onun “Xəmsə”si sanki böyük bir irsiyyət ensiklopediyasıdır. “Xəmsə”də irsiyyət, tərbiyə, xüsusilə də əxlaq tərbiyəsi, xeyir və şər məsələsi ön planda çəkilmişdi. Bu cəhətdən onun “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Yeddi gözəl”, “İsgəndərnamə” və “Leyli və Məcnun” əsərləri daha xarakterikdir. Həmin əsərlərdən məlum olur ki, insan ləyaqətinin qızılla, var-dövlət və nəcabətlə ölçüldüyü orta əsr şəraitində Nizami cəsarətli addım ataraq şəxsiyyətin mahiyyəti haqqında kök salmış, mürtəce baxışlara sarsıdıcı zərbə endirmiş, biliyi, elmi, zehni, zatı, təlim və tərbiyəni yüksək qiymətləndirmişdir.
İnsanpərvərlik, dostluq və yoldaşlıq, düzlük-doğruçuluq, ədalət, insani münasibətlər, təvazökarlıq, paklıq, saflıq, vətənpərvərlik və s. kimi nəcib müsbət əxlaqi keyfiyyətləri yüksək qiymətləndirən mütəfəkkir bunların insanın zatında olmasını bildirmişdi. Onun elə bir əsərini tapmaq olmaz ki, orada irsiyyətin çalarları görünməsin.
Qeyd edək ki, Nizaminin əsrlərində əxlaq tərbiyəsinə geniş yer verilmişdir. Bu dahi mütəfəkkirin insanpərvərliyindən, şəxsiyyətə və xalqa olan sonsuz məhəbbətindən irəli gəlirdi. O, şəxsiyyətin mahiyyətini insanın irsiyyətində, özünüdərkində və xeyirxahlıqda görmüş, insanı daim xeyirxah işlərə səsləmişdi. Onun fikrincə insanın xeyirxahlığı irsində olmalıdır. Özünü dərk edən, özünü tanıyan insanın kamillik səviyəsində duraraq yalnız xeyir işlər görəcəyi fikrini irəli sürmüş və belə şəxsin əməlləri ilə əbədi yaşayacağını bildirmişdir. O, bu haqda yazırdı: Kim ki, öz-özünü düşmüşdür başa, Ona ölüm yoxdur, o, ölməz haşa...
Tanısan özünü, köçsən cahandan, Yenə bu dünyada yaşayacaqsan (22, 26). Qeyd edək ki, xeyirxahlıq yüksək mənəviyyat və insanlıq yaradıcılığı boyu onun əsərlərində diqqət mərkəzində saxlanılmışdır. Bu kimi yüksək əxlaqi keyfiy-yətlərə malik olan insanlar başqalarına qarşı münasibətini düzgün müəyyən etməyi, xeyirxahlıq tətbiq edərkən səhvə yol verməməyi bacarmalıdır. Hər cür insana xüsusən də, düşmənə xeyirxahlıq göstərmək olmaz. Əksinə xeyirxahlıq düşməni və şər qüvvələri məhv etməyi tələb edir. Onun “Yeddi gözəl” əsərində gözəllərin söylədikləri hekayələr xeyirin şər üzərində qələbəsini tərənnüm edirdi. Xüsusilə də, Çin qızının söylədiyi “Xeyir və Şər” hekayəsi buna parlaq misaldır.
Dahi Azərbaycan mütəfəkkiri əxlaq məsələlərinə dair görüşlərində dostluq və yoldaşlıq tərbiyəsi də mühüm cəhətlərdən biri kimi nəzərə çarpırdı. Nizamiyə görə, şəxsiyyət yaxşı dost, səmimi yoldaş olmağı bacarmalıdır. O, yoldaş və dost üçün nəinki malından, dövlətindən, hətta canından belə keçməyə hazır olmalıdır. Buna görə də dahi mütəfəkkir insanları dost tapmağa və yoldaş axtarmağa çağırırdı. O yazırdı:
Ölkə Xar şəhəri tək xaraba deyil, inan,
Yoldaş tap ki, yaxşısı yoxdur yaxşı yoldaşdan.
Dost gərəkdir həyatda hər qəlbə, hər könülə,
Elə yoldaş ki, versin səninlə o, əl-ələ (23, 30).
Bu şeirdən aydın olur ki, yalnız dost tapmaq da deyil, kollektivdə yaşamaq, dosta və yoldaşa malik olmaq insanı fərəhləndirir, sadiq dost adamın sevincinə də, kədərinə də şərik olur. Dostsuz, yoldaşsız keçinmək, bəşər cəmiyyətin-dən uzaq düşmək adamı yazıq vəziyyətə salır. Mütəfəkkir xəbis və zülmkar adamlardan, yalançı və ikiüzlü dostlardan uzaq olmağa və onlarla ünsiyyət qurmağı məsləhət görmürdü.
Nizamiyə görə ikiüzlü, yalançı dost düşməndən daha qorxuludur. Belələrindən nə qədər uzaq olsan, o, qədər faydalıdır. Dahi mütəfəkkirin fikrincə, dostu bərk ayaqda, yaman gündə sınamaq lazımdır, həqiqi dost məhz belə vaxtlarda yaxşı tanınar. O, bu müsbət əxlaqi keyfiyyətləri ən müsbət cəhət kimi təqdir edirdi. Mütəfəkkir yazırdı: Bərk ayaqda səmimi, ürəyi təmiz yoldaş,
Nə ayağından çəkər, nə səndən qaçırar baş (21,
33). Qeyd edək ki, Nizami yüksək əxlaqi keyfiyyətlərin formalaşmasında doğruluq və namusluluğu da yüksək qiymətləndirmişdi. O, bu sifətlərə öz əsərlərində geniş yer vermiş, onları saxtalığa, yalançılığa və hiyləgərliyə qarşı qoymuşdu.
Dahi mütəfəkkirin qənaətinə görə, doğruluq düzlük, sədaqət və namusluluq kimi yüksək əxlaqi və insani keyfiyyətlərin ilkin əlamətləri insanın irsində olmalıdır. O, şəxsiyyəti hərtərəfli yetkin, kamil görmək arzusunda olmuşdur. İstər özünə görə, istər davranışına görə, istərsə də digər fəaliyyətində insan hər şeyin öz yerini və öz üsulunu bilməlidir.
Mütəfəkkir əsərlərində lovğalığı, özünü öyən, boşboğazlıq edən və danışığının yerini bilməyən şəxsləri tənqid edirdi. Yüngüllüyü şəxsiyyət üçün naqislik saymış, ağır gəlmək üçün, qarnı doldurmağı yox, əqli idrakı zənginləşdirməyi lazım bilmişdi. O yazırdı:
Yüngül adam! Qarnına su, çörək doldur hey sən
Bil ki, o zaman yenə ağır gəlməyəcksən (24, 115).
N.Gəncəvi insanı sərraf olmağa, hər şeyin öz qiymətini düzgün verməyə səsləyirdi. Onun fikrincə o, şəxs kamil şəxs hesab edilir ki, hissə qapılmadan, tərəfgirlik və üzgörənlik etmədən istər keçmişdə, istərsə də zamanında görülmüş işə layiqli qiymət verə bilsin. Bu haqda mütəfəkkir yazırdı:
Bu dünyada nə görsən təzədən və köhnədən Onun yaxşı, pisiyçün bir əndazə ayır sən (25, 86). Mütəfəkkir saxta iş görən şəxsiyyətləri cəmiyyətin ağır dərdi hesab edirdi. Saxtakarlığı insan şəxsiyyətinin ən yaramaz keyfiyyəti sayırdı. Ona görə də tövsiyə edirdi ki: “İş zamanı çalış ki, olmayasan saxtakar” (23, 137).
Nizami Gəncəvi şəxsin tamlığını, onun sirr saxlamasında, boşboğazlıq etməməsində, hər çatana başına gələn bir şeyi, ya onun-bunun haqqında bildiklərini danışmamasında görürdü. Belələri orda-burda boşboğazlıq edir, sonra isə yoldaşlarının ya qeyrisinin onun sirrini açdığından şikayətlənirdi. O, bununla bağlı yazırdı: İndi ki, bildiyini saxlaya bilməyirsən,
Özgədən öz sirrini saxlamağı unutma sən (21, 131). Həmçinin N.Gəncəvi mərifətli və münasib tonda danışmağı şəxsiyyətin ən gözəl keyfiyyəti hesab edirdi və deyirdi ki, ədəbli danışsan, sənə də ədəbli cavab verərlər.
Mütəfəkkir yazırdı:
Həyalı söz danış, öyrənib səndən,
Həyalı danışsın səni dinləyən.
Əqilli bir işdir yumşaq danışmaq,
Kobudluq axmağa yaraşar ancaq (24, 126).
Nizamiyə görə nəsil irsi keyfiyyətlərə görə də müəyyən edilmişdir. O, oğluna nəsihət verərkən bu məsələyə xüsusən toxunmuşdur. O, yazırdı:
Uşaqkən əslini sorsalar bir az, Ağac bar verəndə cinsi sorulmaz!
Elə ki, böyüdün belədir qayda, Atanın adından sənə nə fayda (25, 64)? Bu şeirdən aydın olur ki, ağac bar verəndə cinsini (əslini–T.X) soruşmazlar, onu öz meyvəsinin keyfiyyətinə görə qiymətləndirərlər.
Nizaminin əsərlərində insanın tərbiyə sahəsində gözəl təbiət qazandığı haqqında göstərişləri çoxdur. O, bir tərəfdən irsi və fitri xassələrə ümid olmamağı, ağac bar verəndə onun əcdadı haqqında soruşmurlar, onun öz keyfiyyətini nəzərə alırlar demiş, digər tərəfdən də buna baxmayaraq toxumun və adamın yaxşı cinsdən olması zərurəti fikrini irəli sürmüşdü.
Mütəfəkkir bununla bağlı yazırdı:
Zatı pis olanı heç yüksəltmə sən,
Qurdu bəsləməkdən ziyan çəkərsən (25, 65).
Dahi Azərbaycan mütəfəkkiri N.Gəncəvi insanı ədalətə, humanizmə xeyirxahlığa, elmli, bilikli olmağa səsləmiş, xeyirxahlıqların çox və təsirli olduğu şəraitdə pisliklərin baş qaldırmasına imkan verməməsini zəruri saymışdı. O, şəxsiyyətin xeyirxah əməlli insanlar arasında böyüməsi ilə formalaşmasını, pisliklərdən uzaqlaşmasını və yaxşılıqlara, ədalətə yaxınlaşmasını zəruri hesab etmişdir. İrsiyyətin təsirini nəzərə alan mütəfəkkir əsərlərində pis zatlı insanlardan uzaq olmağı məsləhət bilmişdir.
Azərbaycan ictimai-pedaqoji fikrində şəxsiyyətin formalaşmasında irsiyyət amilinə diqqət yetirən orta əsr Azərbaycan mütəfəkkirlərindən biri də Nəsirəddin Tusi olmuşdur. Mənbələrdən birində onun əsl adı Mühəmməd olduğu qeyd edilmişdir (11, 50).
Nəsirəddin Tusi 1201-ci il fevral ayının 18-də Cənubi Azərbaycanın Həmədan şəhərində dövrünün mükəmməl təhsil görmüş ziyalısı Məhəmməd İbn Həsənin ailəsində (başqa bir mənbədə isə Tus şəhərində Fəxrəddin Mühəmməddin ailəsində anadan olduğu göstərilmişdir (42, 45)) anadan olan dahi mütəfəkkir ilk təhsilini evdə atasından almışdır. Sonra Xorasanda və Nişapurda fəaliyyət göstərən, Şərqdə məşhur mədəniyyət mərkəzlərindən biri olmuş “Əşariyə” və “Nəsiriyyə” mədrəsələrində dövrünün ən şöhrətli müəllim və müdərrisi hesab edilən Fəriddədin Damadın yanında oxumağa başlamışdır (50, 75).
Uzun müddət Tus şəhərində qalaraq burada Firdovsi, Fərabi, İbn Sina, Aristotel, Ptolomey və s. kimi mütəfəkkirlərin əsərlərini oxuyub mütaliə etmişdir. Bir müddət Nişapurda yaşadıqdan sonra Kufə, Bağdad, Təbriz, Marağa, Naxçıvan və s. kimi, Şərqin mədəniyət mərkəzlərini səyahət etmiş, görkəmli şəxsiyyətlərlə yaxından tanış olmuş və dövrünün ictimai-siyasi hadisələrini dərindən öyrənmişdir.
Nəsirəddin Tusi 1274-cü ildə 73 yaşında Bağdadda vəfat etmişdir. Ömrünün xeyli hissəsini Azərbaycanda elm və mədəniyyətin tərəqqisinə həsr etmişdir. Onun qəbir daşına belə yazılmışdır: “Allahın və xalqın köməkçisi, elmlər ölkəsinin padşahı Zəman anası hələ belə oğul doğmamışdır. Altı yüz yetmiş inkinci il zülhəccənin on yeddisində Bağdadda vəfat etmişdir” (50, 133).
Dahi Azərbaycan mütəfəkkirinin nəsli XIV əsrin yarısına qədər Marağada yaşamış və daha sonra isə Ordubada köçmüşdür (45, 67).
N.Tusinin üç oğlu olmuşdur:
Sədrəddin Əli;
Əsiləddin Həsən;
Fəxrəddin Əhməd. Onu da qeyd edək ki, hazırda müstəqil Azərbaycanda Tusinin nəslindən yüzdən artıq adam yaşayır ki, onlar da tusilərdən olduqları ilə fəxr edirlər.
Cənubi Azərbaycanda da onun nəslindən olan Nasiri familiyasını daşıyan ailələr vardır.
Dahi Azərbaycan mütəfəkkiri “Əxlaqi-Nasiri”, “Adabul-Mütəəlim”, “Zicc Elxani”, “Təslimi-Mütəəlim”,
“Şərhi-işarat” və s. kimi elmi, ictimai, siyasi, əxlaqi-etik məqalələr yazmış, insan şəxsiyyəti ilə bağlı dəyərli pedaqoji fikirlər söyləmişdir. O, ictimai-pedaqoji baxışlarını əsasən “Əxlaqi-Nasiri”, “Şərhi-işarat”, “Maliyyət barəsində”, “Kainatın əbədiliyi və sonsuzluğu haqqında” əsərlərində əks etdirmişdir.
N.Tusinin şəxsiyyət konsepsiyası təbiətə və cəmiyyətə dialektik yanaşma ilə qavranılır, təbiət və cəmiyyət sərvətlərinə bələd olmaqla və təbiətdən istifadə edərək cəmiyyəti inkişaf etdirmək və idarə edə bilməklə kamillik səviyyəsinə çatmış insanlara aid edilir.
Nəsirəddin Tusinin irsiyyət haqqında fikirləri əsasən “Əxlaqi-Nasiri” və “Ərəbül-Mütəallimin” adlı əsərlərində verilmişdir. “Əxlaqi-Nasiri” əsərində əsasən demək olar ki, Tusinin irsiyyət və tərbiyə haqqında fikirləri toplanmışdır. O, “Əxlaqi-Nasiri” əsərinin əvvəlində inkişaf qanunlarından bəhs etmiş, sonra isə insan cəmiyyətinin bəzi tərəqqi məsələlərinə toxunmuş, daha insanın dünyaya gəlişindən, uşaqlıq, yeniyetməlik, gənclik, ahıllıq, qocalıq mərhələsini keçərək əbədiyyət dünyasına qovuşmasınadək aldığı təlim-tərbiyədən, əxlaqimənəvi keyfiyyətlərdən, əməllərindən, idarəedicilik və yaradıcılıq qüdrətindən söhbət açmış, bu kamillik səviyyəsinə çatmağın yollarını göstərmişdir. Dahi orta əsr Azərbaycan mütəfəkkiri kamil insanı o adamı sayır ki, öz zəhməti, əqli və bacarıqları, eləcə də qabiliyyətləri ilə səadətə qovuşub cəmiyyətin sağlam üzvünə çevrilə bilmişdir.
Qeyd edəki ki, Tusi insan mənəviyyatının təkmilləşməsini bəşər həyatının inkişaf və zənginləşməsi fonunda görmüşdür. İnsanın özünü hərtərəfli hazırlanmasına və elmlə əməlin əlaqəsinə nail olmasını vacib sayırdı. Bu halda insan kamilləşər və mütləq insan səviyyəsinə çatar. Bu həm təbiət və cəmiyyəti öyrənməkdə, ona münasibətdə, həm də insanın özünün mənəviyyatını, əxlaqını öyrənməsində özünü göstərməlidir. İdeyalar halında olan nəzəriyyə və mövcudluq, hərəkət və fəaliyyət təcəssüm etdirən praktika onun üçün adi hal kimi başa düşülürdü. Bu səbəbdən də mütəfəkkir tərəqqiyə, inkişafa, həm mənəvi, həm də maddi yüksəkliklərə səbəb olan hikmət və təcrübə sahibini şəxsiyyət səviyyəsində qəbul edirdi. O, şəxsiyyət kimi formalaşmaq üçün əxlaqın saflaşdırılması və ya əxlaqın təmizlənməsi tələbini qoymuş və özü bunun yollarını, həmçinin vasitələrini şərh etmişdir.
Mütəfəkkirə görə, insan inkişaf edərək şəxsiyyət kimi formalaşır. Bu zaman o bir sıra keyfiyyətlərə yiyələnir və təbii imkan olan qabiliyyətlərini üzə çıxarır, təkmilləşdirir, əxlaqi saflaşma keçirir. İnsan təbii qabiliyyət imkanlı yaranışını qəbul etmişdir. Buna görə də sosial münasibətlərdə insan təbii imkandan özünəgərəkli şəkildə istifadəsində mümkün qədər istifadə etmişdi.
N.Tusi, “ideal insan”, “ideal ailə” və “ideal cəmiyyət” yaratmağın əsasını məhz bu konsepsiyada görmüşdür. Ona görə də Tusi bütün insanları bərabər tutmuş və hamının şəxsiyyət kimi yetişməsini mümkün hesab etmişdir. Dahi Azərbaycan mütəfəkkiri insanı əxlaqi cəhətdən “orta”, “miyanə”, və “ülvi səviyyə” olmaqla üç səviyyəyə ayırmışdı. Bunlardan başqa Tusinin ifadələrində “alçaqlıq səviyyəsi” də vardır ki, o, bunu işlətsə də bölgüyə daxil etməmişdir. “Orta” və “miyan” vəziyyətdən yüksəlib ülvi dərəcəyə çatmaq, və ya yuvarlanıb ən aşağı alçaqlığa enmək insanın öz əlindədir. Bu, əmək, səy, fəaliyyət, ağıl və iradədən də çox asılı idi. İnsan öz nəfsini ağıl ilə idarə edə bilsə, yüksəkliyə qalxar, nəfsi öz başına buraxsa, nəfsi onu aşağıya – heyvani mərtəbəyə sövq edər, şəhvani hisləri cuşa gətirər, günbəgün, anbaan alçaldar, düşgünlük və naqisliyi artırar, yuxarıdan aşağıya yuvarladılan daş kimi, az bir müddət ərzində onu rəzalət çirkabının ən dərin yerinə salar və bu onun ən dəhşətli sonu olar.
Nəsrəddin Tusi özünü inkişaf etdirərək şəxsiyyət kimi formalaşmasını, ideal səviyyəyə çatması üçün insanın mütləq xüsusi olaraq nəzəri hazırlığa yiyələnməsini vacib saymışdır. Bu elm isə “əxlaq elmi”dir. Əxlaq elmi insani-nəfsin elə xüsusiyyətlər qazana biləcəyindən danışır ki, məhz bu zaman insanın öz iradəsi ilə edəcəyi bütün davranış və rəftarlar gözəl, tərifəlayiq olsun (52, 44).
Mütəfəkkir nəfsi nəbati, heyvani və insani nəfs olmaqla üç hissəyə bölmüşdür. Tusiyə görə, nəbati nəfsin təzahür formaları bitki fəsilələri, heyvan növləri və insan şəxsləridir. Heyvani nəfs heyvanlara və insanlara aiddir. İnsani nəfs yalnız insanlara aiddir, bununla insan heyvanlardan fərqlənir. İnsan nəfsini bütün heyvani nəfslərdən ayıran bircə qüvvə vardır ki, ona da nitq qüvvəsi deyilir. Bu qüvvə heç bir əlavə vasitəyə ehtiyac olmadan dərk ediləsi şeyləri bir-birindən fərqləndirə bilər.
O yazırdı: “İnsani-nəfs elə bir sadə cövhərə
(substansiyaya-T.X) deyilir ki, özü də daxil olmaqla ağılın dərk etdiyi hər nə varsa, hamısı onun sayəsində olur, bədəndə nə kimi dəyişiklik və fəaliyyət baş verirsə, hamısı onun qüvvə və təsiri nəticəsində əmələ gəlir. O, hiss edilə bilməz” (11, 43-44).
Dahi Azərbaycan mütəfəkkiri şəxsiyyətin formalaşmasında xarakterin (xasiyyətin) rolunu qeyd etmiş və onun vasitəsilə əxlaqın dəyişməsinin mümkünlüyünü bildirmiş-dir. Xasiyyət, ağıl və düşüncəyə ehtiyac olmadan, nəfsi asanlıqla fəaliyyət göstərməyə təsir edən fitri xüsusiyyətdir. Xüsusiyyətin (xarakterin) yalnız “heyvani nəfsə” daxil olması və ya “nitq nəfsinin” də onun yaranmasında iştirak etməsi haqqında qədim alimlər arasında fikir müxtəlifliyi vardır. Hər adamın xasiyyətinin təbii (fitri-T.X), yəni əbədi olması, və ya qeyri-təbiiliyi haqqında fikirlər müxtəlifdir.
Mütəfəkkir təbiətdə dəyişkənlik hadisəsinin geniş yayılmasını görmüş, canlılarda müsbət və ya mənfi xassələri etibarilə çox müxtəlif olduğunu göstərmişdir.
N.Tusinin fikrincə, hər varlığın başqa heç bir varlıqda olmayan, yəni özünəməxsus əlamət və xassələri vardır. Lakin, bununla bərabər canlılarda müştərək və oxşar cəhətlər də vardır. İnsanlar fitridən, anadangəlmə əlamət və xassələr (irsiyyət-T.X) daşıyır. İnsanın onlardan istifadə etmələrində hər hansı bir eynilik müşahidə olunmur. O, belə bir fikri aydınlaşdırmaq üçün həyatdan tutarlı misallar gətirmişdir.
Mütəfəkkir yazırdı: “Qılıncın təbiətində asanlıqla kəsmək, atın təbiətində süvariliyə ram olub yüngülcə qaçmaq xassəsi vardır və başqa heç bir şey bu xassələrdə onlara bərabər ola bilməz” (51, 64-65).
Nəsirəddin Tusi müəyyən xassədə şəriklik (oxşarlıqT.X) olduğunu da qeyd etmişdir. Onun fikrincə kəsmək xassəsi qılıncda olduğu kimi, baltada da vardır, at da yük daşıya bilir ulaq da. Tusi bu kimi misallardan sonra bu fikri insana tətbiq edirdi. O, bu haqda yazırdı: “İnsanın da özünə aid elə xüsusiyyəti vardır ki, o bunun vasitəsilə başqa varlıqlardan ayrılır, amma elə xüsusiyyətləri də var, onların bəzisi heyvanat, bəziləri nəbatət, bir qismi də sonsuz cisimlərlə şərikdir” (42, 76).
N.Tusi bu şərikli, ümumi cəhətlərə baxmayaraq ancaq insana məxsus olan xüsusiyyətləri də göstərmişdi. O yazırdı: “Lakin onun (insanın) heç bir kəslə şərik olmayan bir xüsusiyyəti də var ki, o da mənalı nitqdir, ona görə də insana natiq deyilir” (51, 59).
Nəsirəddin Tusi xasiyyəti ağıl və düşüncəyə ehtiyac olmadan, nəfsi asanlıqla fəaliyyət göstərməyə məcbur edən fitri xüsusiyyət kimi səciyyələndirmiş və onun mahiyyətini xüsusiyətində görmüş, davamlığının təbiətdən asılı olduğunu bildirmişdir (10, 70).
Dahi Azərbaycan mütəfəkkiri uşaq gigiyenası haqqında da maraqlı fikirlər irəli sürmüşdür. O, “Əxlaqi-Nasiri” əsərində tərbiyəyə uşağın rüşeymi və südəmər vaxtlarından başlamış, ana irsiyyətinin əhəmiyyət və üstünlüyünə yüksək qiymət vermiş, ailədə ananın rolunu yüksək qiymətləndirmişdir (42, 30). Uşağın bünövrəsi şərikli olduğundan həm ana, həm də ata uşağın tərbiyəsindən məsuliyyət daşıyır. Buna görə də evlənmək, ailə qurmaq istəyən kişilər arvadların yaxşı və pis xassələrindən, həmçinin evdarlıq, ailə saxlamaq və nəslə tərbiyə vermək qabiliyyətlərindən əvvəlcədən məlumatlı olmaları daha yaxşı olar.
Mütəfəkkir pis və yaxşı arvadların əsas xüsusiyətləri haqqında oxuculara zəmanənin tələbatına uyğun məlumat vermiş, ailə quranda, nəslin gələcəyini düşünmələri barədə məsləhətlər vermişdir. Buna görə də ananın ağıllı və sağlam olması lazımdır. Tusiyə görə pis xəstəliklərin çoxu süd vasitəsilə keçər. O, bu haqda yazırdı: Südəmər bir uşaq tutmamış maya, Tutmayın siz axmaq bir dayə.
Süd ilə bədənə keçirsə azar,
O, bədəndən, yalnız öləndə çıxar (52, 156)!
Müasir genetikada südlə nəslə keçən infeksiyalar haqqında belə bir təcrübə haqqında məlumat verilmişdi. Qeyd edək ki, seçmə yolu ilə siçanlar arasında süd vəzilərində xərçəng xəstəliyinə qarşı meyilli olan bir nəsil törədilmişdir. Bu cür siçanlardan törəyən balalarda xəstəliyə meyillilik meydana çıxmışdır.
Təcrübə ilə sübut edilmişdir ki, süd vəzilərində xərçəng xəstəliyinə meyilli olan ana siçanlar tam sağlam nəsildən olan siçanların balalarını əmizdirsələr onlarda da bu xəstəliyə meyilli olurlar. Başqa bir təcrübə də isə xərçəng xəstəliyinə meyilli olan balaları sağlam analar əmizdirirlər və balalarda xəstəliyə meyillilik olmur. Təcrübələrdən belə nəticəyə gəlirlər ki, xərçəng xəstəliyinə meyilli ananın südü vasitəsilə bu xəstəlik nəslə ötürülür və burada viruslar bir infeksiya vasitəsi kimi rol oynayır.
Əlbəttə ki, Tusi dövründə viruslar hələ kəşf edilməmişdir. Buna görə də ana südü vasitəsilə xəstəliyin nəsildən-nəslə ötürülməsi haqqında yaza bilməzdi. Lakin, süd verən ananın mütləq sağlam olması haqqında onun irəli sürdüyü fikir elmi cəhətdən çox maraqlı və qiymətlidir.
Uşaqlar üzərində aparılan müşahidələr göstərir ki, onların bəziləri tez tərbiyə qəbul edən olur, bəziləri gec, bir qismi isə heç tərbiyə olunmaq bilmirlər. Onların hərəsində öz məcazlarına uyğun həyalılıq, əliaçıqlıq, xəsislik rəhmdillik və bu kimi hallar təzahür edir. Bundan əlavə onların bəziləri təbiətlərinə əks olan xüsusiyyətləri asan, bəziləri çətin, bəziləri orta qəbul edir, bəziləri isə heç qəbul etmirlər. Ona görə də belə insanların bir qismi xeyirxah, digər qismi isə bədxah, olurlar. Hər bir insan öz əxlaqını və davranışını əks etdirir. O yazırdı: “Heç bir surət bir-birinə oxşamadığı kimi, heç bir xasiyyət də başqa xasiyyətə oxşaya bilməz” (42, 41).
Onu da qeyd edək ki, tərbiyə və təlimlə ehmallıq göstərilsə, hər kəsin ixtiyarı öz təbiətinin ixtiyarına verilsə, bu zaman o, bütün ömrü boyu hansı xasiyyətdə doğulmuşsa, elə də qalar. Elə buna görə də dahi Azərbaycan mütəfəkkiri xasiyyəti dəyişməz hesab etməmişdir. Ona görə ki, şəxsiyyət müəyyən xarakterə malik dərin əqli və möhkəm iradi xüsusiyyətlərə yiyələnən, yüksək mənəvi keyfiyyətlər daşıyan və daim özünü təkmilləşdirmə ilə məşğul olan, üzərinə düşən təbii və ictimai vəzifələri layiqincə yerinə yetirən insandır, ali dərəcəyə çatmış şüurlu varlıqdır.
Dahi Azərbaycan mütəfəkkiri Nəsirədin Tusi “Əxlaqi-Nasiri” əsərində insanda xarakterin irsi və dəyişilməz və yaxud dəyişdirilən olması barəsində qədim və özünə qədərki alimlərin fikirlərini təhlil etmişdir. O yazırdı: “Xasiyyətin (xarakterin) yalnız “heyvani nəfsə” daxil olması və ya “nitq nəfsin” də onun yaranmasında iştirak etməsi haqqında qədim alimlər arasında ixtilaf vardır, eləcə də adamın xasiyyətinin, təbii (fitri), yəni əbədi olması haqqında fikirləri müxtəlifdir. Bir qismi bəzi xasiyyətləri təbii (fitri), bəzilərinin isə başqa səbəblərdən yarandığını və təcrübə nəticəsində möhkəmləndiyini, sabitləşdiyini demişlər. Başqa bir qismi isə bütün xasiyyətlərin təbii (fitri) olduğunu və onun dəyişilməsinin qeyri-mümkünlüyünü iddia etmişlər. Üçüncü bir dəstə bu fikirdədir ki, xasiyyət nə təbiidir, nə də qeyri-təbii, bəlkə insan elə yaranmışdır ki, istədiyi xasiyyətə yiyələnə bilər”
(51, 78-79).
Orta əsr Azərbaycan ictimai-pedaqoji fikrinin görkəmli nümayəndələrindən olan Məhəmməd Füzuli də öz zəngin yaradıcılığında irsiyyət məsələsinə mühüm diqqət yetirmişdir.
Pedaqogika üzrə elmlər doktoru, professor Əhməd Seyidov yazırdı: “Füzuli insana yüksək qiymət vermiş, hər bir kəsdən insan şəxsiyyətinə yüksək ehtiram tələb etmiş, tam mənasında insani keyfiyyətlərə yiyələnməyə çağırmışdır. Füzuli insanı cəmiyyətdə bir-biri ilə ünsiyyət edən, bir-birinə kömək əlini uzadan, özünün təşəkkülü və inkişafı üçün başqa insanlarla hər cür əlaqə yaratmağa çalışan varlıq kimi qiymətləndirir” (57, 36).
Dahi Azərbaycan mütəfəkkirinin tərcümeyi-halına dair olduqca az məlumat var. Bir çox təzkirələr tarixi həqiqətləri təhrif edirdi. Buna görə də onlara çox ehtiyatla və tənqidi yanaşmaq lazım gəlir.
Görkəmli tədqiqatçı Həmid Araslı yazırdı: “Füzulinin həyatı haqqında məlumat yox dərəcəsindədir. Füzulinin anadan olduğu yer, il bu vaxta qədər mübahisəli olmuşdur (4, 6). Bəzi qaynaqlarda o, Molla Məhəmməd Bağdadi kimi də təqdim olunurdu (39, 40).
Məhəmməd Füzuli 1494-cü ildə (bəzi mənbələrdə
1498-ci ildə Kərbəlada (56, 24), 1502-1506-cı illər arasında isə Bağdadda (2, 108)) İraqın Kərbəla şəhərində anadan olmuşdur. İlk təhsilini orada aldıqdan sonra elmin müxtəlif sahələrinə mükəmməl yiyələnmək üçün Bağdada getmiş, İraqın Nəcəf və Hillə şəhərlərində yaşamışdır.
Mənbələrə nəzər salsaq görərik ki, onun Azərbaycanın hansı kəndindən və şəhərindən getməsi həqqında da müxtəlif rəylər və mülahizələr vardır. Bu mülahizələrin birində Füzulinin Ağcabədi rayonunun Boyat kəndindən olduğu deyilirdi (57,24).
Qeyd edək ki, özü və atası haqqındakı rəvayətlərdə onun Boyatdan olduğu söylənilmişdir. Boyatlılar Azərbaycan xalqının tərkibinə daxil olan qədim tayfalardan biridir. Hazırda Azərbaycanda bir neçə Boyat kəndi vardır. Ağcabədi rayonundakı Boyat kəndi isə ən böyük və ən qədimidir. Boyatlıların dediyinə görə onların ulu babaları Ərənqallı (Beyləqanlı-T.X) imişlər (59, 34). Beyləqan monqol orduları tərəfindən dağıdıldıqdan sonra əhalisi köçüb Boyat kəndinə gəlmişdir.
Bu məsələ haqqında A.A.Bakıxanov “Gülüstaniİrəm” adlı əsərində müəyyən məlumat vermişdir. O, yazırdı: “Ağcabədidəki Boyat kəndinin camaatı Füzulini öz yerliləri hesab edirlər. Yerli camaat Füzulinin atasını Süleyman kişi deyə yad edir və kəndin Aşıqvəlilər tirəsində Boyat qalası yanındakı kərpicli təpəni onun yurd yeri kimi göstərirlər (7,50-51).
Dahi Azərbaycan mütəfəkkiri M.Füzulinin valideynləri tarixi səbəblər nəticəsində Azərbaycandan İraqa köçən ailələrdən biri olmuşdur. Onun atasının adı Süleyman olduğu, bəzi rəvayətlərə görə, ölkədə olan müəyyən qarışıqlıq nəticəsində Ərəş (indiki Xaldan-T.X) mahalından Kərbəlaya köçdüyü göstərilirdi.
Qeyd edək ki, yeganə ümidli mənbə şairin öz əsərləridir. Lakin Füzulinin əsərlərində tərcümeyi-halına aid məlumat çox azdı. Füzulinin mədəni Bağdad mühitində yaşayıb yaratması heç də o demək deyildir ki, Füzuli Bağdadda doğulmuş və həmişə orada da yaşamışdır. O, əsərlərində Kərbəlada doğulduğunu göstərirdi. Mütəfəkkir bu haqda yazmışdı:
Ey Füzuli məskənin çün Kərbəladır, şerimin Hörməti hər yerdə vardır, xəlq onun müştağıdır.
Nə qızıldır, nə gümüş, nə ləli nə mirvaridir Sadə torpaqdırsa, lakin Kərbəla torpağıdır (12, 5).
Ümumiyyətlə, Füzulinin azərbaycanlı olduğu və azərbaycanlı ailəsində doğulduğu elmi cəhətdən sübut edilmişdir.
Tədqiqatçı Həmid Araslı yazırdı: “Bağdada köçürülmüş bu azərbaycanlılar öz vətənlərilə öz əlaqələrini tam kəsmişlər. Bağdaddan gələn ticarət karvanları Azərbaycanla Bağdad ətrafında yaşayan azərbaycanlıların arasında mədəni əlaqənin saxlanılmasına xidmət edirdi” (4, 7)
Dahi Azərbaycan mütəfəkkiri insana yüksək qiymət vermiş, hər bir kəsdən insan şəxsiyyətinə yüksək ehtiram tələb etmiş və tam mənasında insani keyfiyyətlərə yiyələnməyə çağırmışdır. Füzuli insanı cəmiyyətdə bir-birilə ünsiyət quran, bir-birinə kömək əlini uzadan özünün təşəkkülü və inkişafı üçün başqa insanlara hər cür əlaqə yaratmağa çalışan varlıq kimi qiymətləndirmişdir. Onun mövqeyində, vəzifə və mənsəbindən, ictimai vəziyyətindən asılı olmayaraq elmə və ədəbə xeyirxah münasibət bəsləyən adamlar tərənnüm edilirdi. O, elmli, ədəbli, doğrucul, səbirli, zatı təmiz və şərdən uzaq, məhəbbətli şəxsiyyətlərin hakim olacağı fikrini irəli sürmüşdü:
Hakim oldur ki, onun olmaya zatında təmə,
Hakim oldur ki, onun olmaya felində ziya (13, 44). və yaxud
Zatında onun həmişə mövcud elm, ədəbli şücaətücüd (13, 43).
M.Füzulinin böyüklüyü ondadır ki, o, insanı, eləcə də insan mənəviyyatını, şüurları, zövqləri orta əsrin hakim ənənəvi qənaətləri, zehniyyətləri və puç etiqadlar çərçivəsindən xilas etməyə çalışmışdır.
Mütəfəkkirin yaradıcılığında əxlaq tərbiyəsi məsələləri mühüm yer tuturdu. Humanizm, vətənpərvərlik, xəlqilik, nikbinlik, əməyə və əmək adamına dərin məhəbbət Füzulinin tərbiyə haqqında fikirlərinin metodoloji əsasını təşkil edirdi. O, əxlaq tərbiyəsi ilə əlaqədar olaraq insan davranışı haqqında diqqətəlayiq fikirlər söyləmişdir.
Mütəfəkkir göstərmişdir ki, yaxşı övlad ata-ananın xoşbəxtliyi və başucalığıdır. Əxlaqı napak, davranışı biədəb övlad isə ata-ana üçün qəm, dərd yüküdür və rüsvayçılıqdır. Övlad gözəl nemətdir, lakin övladın həqiqi gözəlliyi öz ifadəsini onun gözəl əxlaqında tapamalıdır. Çünki insan öz nəsli ilə əbədiləşir (9, 93-94).
Orta əsrlərdə insan şəxsiyyətinə heç bir ehtiram göstərilmədiyi bir şəraitdə dahi Azərbaycan mütəfəkkiri insan şəxsiyyətinin müdafiəsinə qalxmışdır. O, doğru yol göstərən xoşüzlü adamları tək-tək görürdü. Buna görə də dövrün zülmündən şikayətlənirdi.
Mütəfəkkir şəxsiyyət və məhəbbət problemini birləşdirərək belə nəticəyə gəlmişdir ki, kainatı eşq və məhəbbət bərqərar edir, insan isə idarə edirdi. O, yazırdı:
Eşqdir hər iki dünyaya ziynət,
Eşq ilə dolanır bütün təbiət.
Eşqsiz məqsədə yetişmək olmaz, Eşq ilə tapılar düzlük, həqiqət (14, 128).
Eşqin ən mühüm keyfiyyəti odur ki, insanı ucaldır, saflaşdırır, pisliklərdən uzaqlaşdırır, gördüyü qəm, möhnət onun üçün əzab-əziyyət olmur, zövq-səfa gətirir. “Aləm sədəfində insandan qiymətli bir gövhər görmədim” (15, 4) deyən Füzuli insanı bir şəxsiyyət kimi o zaman görür ki, insan ziraətlə məşğul olsun, sənət öyrənsin, özgələrin haqqını, əməyini mənimsəməsin və çalışsın ki, həyatda bilik, mərifət qazansın. Onun fikrincə, ən yüksək mənəvi keyfiyyətə malik olanlar, ən xeyirxah adamlar öz əməlinin əməyi ilə yaşayıb, başqalarına da xeyir verənlərdir.
M.Füzuli insandan təvazökar olmağı, kamal sahiblərindən yaxşı xasiyyət öyrənməyi tələb edirdi. Mütəfəkkirə görə şəxsiyyət xeyirxah olmalı, pisliyə nifrət etməli, paxıllıqdan və həsəddən uzaq olmalı, həyatı, təbiəti, insanı, sənəti, şeiri, musiqini, elmi və maarifi sevməlidir. Bəşəriyyətin gələcəyinin yeni nəslin tərbiyəsindən asılı olduğunu dərk edən Füzuli bu məsələyə bir sıra əsərlərində (“Fəziliyə nəsihət” və “Rindü Zahid”) xüsusi diqqət yetirmişdir. Mütəfəkkir belə hesab edirdi ki, gənc nəsil yaşlı nəsildən irəli getməli, daha yüksəyə qalxmalı və yeni əxlaqi keyfiyyətlər əldə etməlidir. “Fəziliyə nəsihət” əsərində Füzuli yazırdı: “Nə qədər ki, meyvə yetişməmişdi, tamsız idi... elə ki, kamil oldu, ağacla müxalifətə başladı. Bu müxalifət ondakı rəng və qoxu idi. Meyvədəki rəng və qoxu ağacda yox idi. Əlbəttə ki, meyvənin lətafəti və gözəlliyi ağacdan artıqdır, o, ağacdan incədir... . Ey ağıllı və nüktəbin oğul! İndi sən bu sözlərdən məqsədimi başa düş. Həqiqət aləminə yaxşı baxsan meyvə sənsən, ağac mənəm, dünya bağdır” (16, 20-21). Deməli, dünya bağındakı, ağacın meyvəsi olan nəsil yaşlı nəsildən daha kamil, daha lətafətli və daha gözəl olmalıdır. Yaşlı nəslin işlərini təkrar etməməlidir, onunla müxalifətdə olmamalıdır. Bunlar yeni əxlaqi keyfiyyətlərdir.
Mütəfəkkir “Rindü Zahid” əsərində Rindi xarakterizə edərkən yazırdı: “Rin fəzl və kəmal bağının bir gülü idi. Cahü-cəlal mədəninin gözəl bir cəvahiri idi. Gözəl xislətlərin və lətif əxlaqın aynası onun işıqlı idrakının siqlətindən nur alsın” (16, 53). Göründüyü kimi, mütəfəkkir istəyirdi ki, gənc nəslin əxlaq aynası onun işıqlı idrakından nur alsın və işıqlığa qovuşsun.
M.Füzuli əsərlərində insan əxlaqında və davranışında olan riyakarlıq, paxıllıq, fitnəkarlıq, yalançılıq, lovğalıq, tamahkarlıq və s. bu cür mənfi keyfiyyətləri tənqid etmişdir. O, insanda humanizm, vətənə və xalqa sevgi, doğruluq, mərdlik, sədaqət və s. bu kimi müsbət əxlaqi keyfiyyətlərin tərbiyə olunmasını vacib saymışdır. Ona görə ki, görə insan özünə rəva görmədiyini başqalarına da rəva bilməməlidir. O, bu haqda yazırdı:
Rəhm qıl rəhm xəlqə kim, həqdən Bulasan aqibət cəzai-əməl (17, 345).
Mütəfəkkirin fikrincə əsil insan o, insandır ki, adamlar onun sözündən və əlindən zərər deyil, xeyir görsünlər. Dahi Azərbaycan mütəfəkkiri orqanizmlərin orqanları arasında korrelyativ əlaqələri və vəhdəti düzgün başa düşmüşdür. Onun fikrincə müəyyən səbəblər sayəsində bədənin korrelyativ əlaqələri pozularsa o, öz vəhdətini saxlaya bilməz.
M.Füzuli bu haqda yazırdı: “Əgər təbiət təsəllüt tapa bilərsə, bədəndə pozğunluq əmələ gələ bilər, çünki onda bədənin əsaslı (ünsürləri) bir-birinə üstün gələr (ünsürlərin tənasübü pozular və iş görən alətlər (orqanlar) tənasüb halından çıxır” (18, 61).
Mütəfəkkir irsiyyət hadisəsinə görə bütün canlılar aləmini ümumi vəhdət də görmüşdür. Füzuli irsiyyətin mühafizəkarlıq xassəsinə malik olduğunu yaxşı bilirdi. Məhz buna görə də orqanizmin bir sıra xassələri və əlamətləri canlı ilə bərabər dünyaya gəldiyini göstərmişdi. O, yazırdı:
Fitrətdən nə halət olsa məqsum, Dəf olmadığıdır əmr məlum.
İslahimə eyləmək təömmül
Kim gül dikan olmaz və dikan gül (14, 85).
Əlbəttə ki, bu fikir bütünlüklə doğru deyil. Ona görə ki, insanın fitri xüsusiyyəti onun əl-ayağını yalnız tək bir məsələyə bağlamırdı, digər sahələrdə də insan yüksək fəaliyyət və fərdi bacarıq göstərməlidir. Lakin, burada bir həqiqət var ki, “Gül tikan-tikan gül ola bilməz”. Daha dəqiq desək insanda olmayan bir şeyi insana verilə bilməz. Əgər insanda şair, rəssam, musiqişünas olmaq qabliyyəti varsa, tərbiyə onu aşkara çıxarır, inkişaf etdirir və olduqca yüksək səviyyəyə qaldırır. Füzuli bunu belə təsvir etmişdir:
Az olur qabili-idrak rümuz məqul,
Sanma hər xaki qəza aləmü əsma eylər. Müstəyid şərəf rifət olan nadir olur.
Sanma hər abi həva lölə lalə eylər (13, 50)?
Mütəfəkkir insanlar arasında tək-tək də olsa dühaların və xüsusi istedadlıların mövcudluğunu görmüş və qəbul etmişdir. O, irsiyyətə bir xassə kimi baxmış, onu başqa cisimlərin xassələri ilə müqayisə etmişdir. Füzuli yazırdı:
Su süfləliyindən ayrılırmı?
Od yandıra bilməyə bilirmi (14, 120). Mütəfəkkir müəyyən ruhi keyfiyyətə insanların daha meyilli olduğunu irsiyyətilə əlaqələndirirdi. Daha dəqiq desək ürəkdən təbiətə, gözəlliyə, rəssamlığa və şairliyə vurulmağı irsi imkanlarla əlaqələndirirdi. O yazırdı:
Ol gün ki, rəhimdi kilki-qüdrət,
İcadıma verdi ziybi-surət,
Doldurdu həva ilə dimağım, Sevda ilə bağladı ayağım (14, 121).
Dahi Azərbaycan mütəfəkkirinə görə irsiyyətlə gələn xassələri aradan götürmək çətindir. Çünki irsi xəstəliklər müalicə edilə bilməz. O, bu haqda yazırdı:
Dərdi-əzəli dəva bulurmu? Mehri-əbədi fəna bulurmu (14, 123)?
Mütəfəkkir irsi xəstəliklərin müalicə edilə bilməməsi haqqındakı fikrini başqa bir misrada da belə təsvir etmişdir:
Sürmə bilirəm ki, artırır nur, Nə faidə göz əgər ola kor (14, 124).
Füzuli bu misrada onu demək istəmişdir ki, göz kor olduqdan sonra bu cür tədbirlərin heç bir faydası olmur. Başqa bir əsərində isə mütəfəkkir təkamül prosesində qazanılmış xassələrin asanlıqla dəyişdirilməyin mümkün olmadığını göstərmişdi. Mütəfəkkirə görə orqanizm bir dərdə adətkar olarsa, ona dərman təsir edə bilməz. O yazırdı:
Olan bir dərdə adətkərdə, dərman dərdinə qalmaz
(15, 331).
Dahi Azərbaycan mütəfəkkiri M.Füzuli “Rindü-
Zahid” əsərində də irsiyyət amilinə toxunmuşdur. Onun fikrincə hər canlı və onun bir üzvü öz təbiətinə uyğun maddələri tələb edir.
Mütəfəkkir yazırdı:
Hər cins öz həmcinsinə meyl edər (19, 46). M.Füzuli həmin əsərində irsiyyətdə ressesivlik (valideynlərdən keçən bəzi əlamətləri birinci nəsildə zühura çıxmaması-T.X) xassəsi haqqında da məlumat vermişdir. O, qeyd etmişdir ki, gen diskretdir, yəni məhv olmur, nəsillər içərisində gizli qalır və bir zaman təzahür edir.
Tədqiqatdan aydın olur ki, Azərbaycan ictimai-pedaqoji fikrində şəxsiyyətin formalaşmasında irsi amilə üstünlük verilməsi əsasən XIII-XIV əsr bədii didaktik nümunələrdə daha çox yer verilmişdi. İrsiyyət amili XI-XII əsrlərdə nəzərə çatdırılmışdı. Lakin buna baxmayaraq irsiyyət amili həlledicilik ölçüsündə götürülməmişdir.