Şəxsiyyətin formalaşması haqqında ideyalar qədim dövrlərdən başlayaraq meydana çıxmışdır. Cəmiyyətin inkişafında müvafiq zənginləşmə yolu keçmiş və Azərbaycan ictimai-pedaqoji fikrinin mühüm probleminə çevrilmişdir.
Orta əsrdən başlayaraq bu problemlə əlaqədar əhəmiyyətli nəzəri fikirlər söylənilmiş, praktikada optimal həlli yollarının göstərilməsinə səy edilmişdir.
Qeyd edək ki, bu dövrdə şəxsiyyətin formalaşması ideyası insanın tərbiyə edilməsi kimi başa düşülmüş və yaxşı insan yetişdirilməsi məqsədini daşımışdır.
Orta əsrlərdə bu məqsəd daha da aktuallaşmış, kamil insana və yaxud insanın kamilliyinə nail olmaq niyyətinə çevrilmişdi. Şəxsiyyətin formalaşması problemi insan haqqında biliklərə bələd olmağı və ona tərbiyəvi təsir göstərə bilmək ustalığına yiyələnməyi tələb edirdi.
Bildiyimiz kimi insanın şəxsiyyət kimi formalaşmasına üç əsas amil təsir göstərir:
1. İrsiyyət; 2. Mühit; 3. Tərbiyə.
İnsan psixi inkişafa səbəb olan təbii imkanlar və irsi keyfiyyətlərlə doğulur. Sosial mühitdə məqsədyönlü, sistemli və ardıcıl tərbiyəvi təsirlərlə inkişaf edir. Özünüdərk və özünütəkmilləşdirmə ilə isə şəxsiyyət kimi formalaşma keçirir.
Şəxsiyyətin formalaşması təbii və bioloji inkişafa uyğun olaraq insana edilən tərbiyəvi təsirlərlə formalaşır. İnsanın öz ehtiyacını və tələbatını ödəməsi, təbii-ictimai funksiyalarını yerinə yetirməsi prosesində özünüdərk səviyyəsinə uyğun olaraq özünü təkmilləşdirir.
Onu da qeyd edək ki, orta əsr Azərbaycan mütəfəkkirlərinin fikirlərində mövzu ilə bağlı fikir müxtəlifliyi olsa da, şəxsiyyətin yetkinliyində, bütövlüyündə və formalaşmasında konkretlilik ifadə olumuşdur.
Orta əsr Azərbaycan mütəfəkkirlərinin fikrində şəxsiyyətin cəmiyyətdə daşıdığı ictimai vəzifəyə və tutduğu mövqeyə görə tələb verilmiş və o, bu meyarlarla qiymətləndirilmişdir. Buna görə də valideyn tərbiyəçi funksiyasını ləyaqətlə daşımalı və nəsillərin kamil ötürücüsü olmalıdır.
Cəmiyyəti idarə edən şəxsiyyətlər ədalətli, səbirli, iradəli, xeyirxah və cəsarətli olmalı və insanlar üçün örnəyə çevrilməlidirlər. Belə insanlar normal sosial və mənəvi mühit yaratmaqla hər bir fərddə şəxsiyyət bütövlüyünün və vətəndaş ləyaqəti hissinin inkişafına təkan verməlidirlər.
Onu da qeyd edək ki, orta əsr Azərbaycan mütəfəkkirlərinin fikirlərində şəxsiyyətin formalaşmasında tərbiyəyə daha çox üstünlük verilmişdir. Ona görə də onlar şəxsiyyət tərbiyəsinin məzmununu, mahiyyətini, prinsiplərini və metodlarını konkret olaraq müəyyənləşdirə bilmişlər. Həmçinin onlar fərd, şəxs, şəxsiyyət və insan anlayışlarını şəxsiyyətin formalaşmasının daxili və xarici ziddiyyətlərinin inkişafı ilə izah etmişlər.
Qeyd olunmalıdır ki, şəxsiyyətin formalaşması anlayışı insanın bioloji, sosioloji və ictimai-tərbiyə amillərinin təsiri vasitəsi ilə hərtərəfli inkişaf etdirmişdir. Həmçinin insan özünü dərk etmiş və özünütəkmilləşdirmişdir. Buna görə də şüur, ünsiyyət və fəaliyyət şəxsiyyətin strukturunun tərkib hissəsi hesab edilmişdir. Şəxsiyyətin inkişafı xarici təsirlərin və daxili qüvvələrin hərəkətverici təsirləri ilə formalaşmışdır.
Müasir şəraitdə şəxsiyyət bütövlüyünün formalaşması üçün zəngin pedaqoji irs mövcuddur. Qeyd edək ki, X.Şirvani, N.Gəncəvi, N.Tusi, M.Əvhədi, İ.Nəsimi, Ş.Xətai və M.Füzuli kimi görkəmli orta əsr Azərbaycan mütəfəkkirlərinin pedaqoji fikirləri müasir tərbiyə işində elmipedaqoji əsas və örnək kimi götürülə bilər. Onların şəxsiyyətin formalaşması haqqında söylədikləri fikirlər milli tərbiyə nəzəriyyəsinin elmi əsaslarını təşkil edir.
Deyilənlərdən belə nəticəyə gələ bilərik ki, vəsait orta əsr Azərbaycan mütəfəkkirlərinin fikirlərində şəxsiyyət tərbiyəsinin konkret metodlarının olduğunu və prinsiplərə əsaslandığını uğurla müəyyənləşdirə bilmişdir.