2.3. Müasir şəraitdə şəxsiyyətin formalaşması prosesində tarixi-nəzəri fikrin öyrənilməsinin əhəmiyyəti Müasir şəraitdə ölkəmizdə tərbiyə işinin əsas məqsədi böyüyən nəsli vicdan əxlaqına, tərbiyə mədəniyyətinə və vətəndaşlıq keyfiyyətlərinə yiyələndirməkdən ibarət olmuşdur. Burada xüsusi məqsəd onu yaşatmaq, təbii və ictimai vəzifələri yerinə yetirmək və fəaliyyət göstərmək üçün hazırlamaq, ümumi məqsəd isə onun hərtərəfli və ahəngdar inkişafına nail olmaqdan ibarətdir.
Əsas xüsusi və ümumi məqsədə nail olmağın yeganə yolu isə yenə də təhsildir. Çünki təhsil hər zaman insanın özünü və dünyanı dərketməsinin təminatçısı rolunda çıxış edir. Təhsil hərtərəfli və ahəngdar inkişafa təkan verir. Bilik elmi məhsulları məlumata çevirir, qanunauyğunluqları aşkarlayır. Buna görə də tərbiyə şəxsiyyətin yetkinləşmə prosesində təhsil vasitəsilə daha güclü amilə çevrilir.
Onu da qeyd edək ki, təhsil vasitəsilə şəxsiyyətin inkişafını və tərbiyəsini daha optimal, daha səmərəli və daha düzgün elmi əsaslarla qurmaq olur. Cəmiyyətin müasir inkişafı şəraitində təbii-ictimai fəallığa malik normal insan formalaşır.
İnkişaf həyatın müasir mərhələsində böyüyən insanın tərbiyəsi şəxsiyyət yetişdirilməsi vəzifəsi ilə üst-üstə düşür və bu öz həllini tapır. Bu gün əsas vəzifə insanın kamillik səviyyəsinə çatdırılması və onun şəxsiyyət bütövlüyünə nail olmasıdır.
İctimai fikir tarixində bir çox ideya və baxışlar ciddi dəyişikliklərə uğraya-uğraya və təkmilləşə-təkmilləşə min illər boyunca tarixi inkişaf mərhələsi keçərək günümüzə qədər gəlib çıxmışdır. Bütün bunlar müxtəlif mənbələrdə qorunub saxlanmış, nəsildən-nəslə ötürülmüş, elmi baxışların nəzəri və praktik inkişafına təkan vermişdir.
İctimai-pedaqoji fikrin, o cümlədən onun baş problemi olan şəxsiyyətin formalaşması ideyasının ilkin təsəvvürləri və mənzərsinin birinci mənbəyi xalqın yaratdığı incilərdir, yəni xalq pedaqogikasıdır.
İnsanın istəyi və arzularından xəbər verən qayaüstü rəsmlər (Qobustan və Gəmiqaya qayaüstü rəsmlər-T.X) qədim insanların təfəkkür və idrak dairəsində düşündüyünü və məqsədyönlü hərəkət etdiyini sübut edir. Hələ ağac qabıqlarına, heyvan dərilərinə və sal daşlara yazı üçün müraciət edilməmişdən min illər bundan əvvəl insanlar öz arzu və istəklərini, təbiətə, insanlara münasibətlərini əsatirlərdə, rəvayətlərdə, nağıllarda, bayatılarda və digər qoşmalarda ifadə etmişlər.
Şifahi şəkildə ağızdan-ağıza keçən bu təfəkkür məhsulları xalqın həyatını, məişətini, düşüncələrini, mübarizəsini, inam və əqidələrini ifadə etmişdir. İnsanın tərbiyə sahəsindəki təcrübə və biliklərini sələflərdən xələflərə vermək işi xüsusi ustalıq, qayda-qanun, adət və ənənə tələb etmişdir. Bu yolla xalq pedaqogikası yaranmışdır. Beləliklə də elmi pedaqogika meydana gəlməmişdən çox-çox əvvəl xalq pedaqogikası mövcud olmuşdur (28, 43).
Orta əsr Azərbaycan pedaqoji fikir nümayəndələrinə görə, genetik-irsi imkanlar, mühit və sistemli tərbiyə hansı mahiyyət və məzmunda olarsa, insan da həmin məzmun və mahiyyətə yiyələnər. Bu zaman isə insan həyatda qazandıqlarını öz hərəkətində, davranışında, fəaliyyətində və ideyalarında nümayiş etdirər.
Bütün varlıqların ən mürəkkəbi olan insanın inkişafı və formalaşması insan əli və ağlı ilə hələlik tam kodlaşdırmaq mümkün olmasa da, ona təsir amillərini məqsədyönlü şəkildə nəzərə almaqla və mümkün təsirlər vasitəsilə təşkil etməklə insanın özünü təkmilləşdirməsinə nail olmaq mümkündür. Çünki bu ona təbii imkan kimi yaradan tərəfindən verilmişdir.
Tərbiyəçidən asılı olan əsas məsələ böyüyən insanı elmi-pedaqoji əsaslarla sosial mühitdə məqsədəmüfaviq şəraitdə kamil bütöv şəxsiyyət kimi yetişdirməkdən ibarətdir.
Şəxsiyyətin bütövlüyü vicdan əxlaqına, tərbiyə mədəniyyətinə, qənaətçillik keyfiyyətlərinə, vətəndaşlıq yetkinliyinə və güclü iradi qüvvəyə yiyələnməklə yaranır. Həmçinin bütöv tam bir şəxsiyyət söz və əməl birliyində faydalı, qurucu davranış və hərəkətdə qabiliyyətli olmaqda təbii, ictimai və hüquqi vəzifələri ləyaqətlə yerinə yetirməkdə özünü göstərir.
Qeyd edək ki, müasir inkişaf şəraitində şəxsiyyət dedikdə təbii-ictimai fəallığa malik normal insan nəzərdə tutulur. Həyatın müasir mərhələsində böyüyən insanın tərbiyəsi şəxsiyyətin yetişdirilməsi vəzifəsi ilə üst-üstə düşür və bu öz həllini tapır. Bu gün əsas vəzifə insanın kamillik səviyyəsinə çatdırılması və onun şəxsiyyət bütövlüyünə nail olmasıdır.
Azərbaycan ictimai-pedoqoji fikri bunun üçün zəngin nəzəri və praktik əhəmiyyətli dəyərlərə malikdir. Tarixi faktlar göstərir ki, bu dəyərlərdən istifadə edib, intibaha qovuşan xalqımız insanın əqli yaradıcı imkanlarının yüksək səviyyədə inkişafına nail olmuş, qanunlara hamılıqla əməl olunması şəraitində vicdan əxlaqına, başlıca olaraq tərbiyə mədəniyyətinə və vətəndaşlıq qüruruna yiyələnmişdir.
Müasir şəraitdə ölkəmizdə tərbiyə işinin əsas məqsədi böyüyən nəsli vicdan əxlaqına, tərbiyə mədəniyyətinə və vətəndaşlıq keyfiyyətinə yiyələndirməkdən ibarət olmalıdır. Məqsədə nail olmağın əsas yolu və əsas vasitəsi isə təhsildir.
Qeyd edək ki, Azərbaycan ictimai-pedoqoji fikri daim təhsilin fasiləsisizliyi və hərtərəflililiyi ideyasını irəli sürmüşdür. Bu ideyadan bu gün də istifadə edilməsi şəxsiyyətin ahəngdar inkişafında və kamilliyində çox böyük əhəmiyyət daşıyır.
Təhslin hərtərəfliliyi istər humanitar elmlərin (ədəbiyyat, tarix, fəlsəfə, sosiologiya), istərsə də təbiət elmlərinin (fizika, biologiya, astronomiya, riyaziyyat, kimya) və mənəvi ruhi elmlərin (din, etika, estetika, pedaqogika, psixologiya) birlikdə öyrənilməsini nəzərdə tuturdu. Yəni bu fənlər haqqında olan biliklər bir-birilə əlaqəli şəkildə öyrənilməli və dünyanın bütün tərəflərdən anlayaraq düzgün dərk edilməsinə şərait yaradılmalıdır.
Təsadüfü deyildir ki, orta əsr ictimai-pedoqoji, fəlsəfi və ədəbi fikir sahiblərinin hamısı universallığa eləcə də, bilik hərtərəfliyinə malik olmuşlar. Fasiləsiz təhsil hamı üçün deyil, təlimə marağı, meyli və qabiliyyəti olanlar üçün nəzərdə tutulmuşdur.
Təhsilin universallığı əsas məqsədə yəni ki, bütöv şəxsiyyət “mən”inin yaranmasına və möhkəmlənməsinə, onda vicdan əxlaqının, ədalət və humanizmin, xeyirxahlığın, ürək saflığı və məhəbbətinin, iradəlilik və sədaqətin, şərəf və namusun, cəsarət və sözü bütövlüyünün iradi möhkəmliyə aparıcı qüvvəyə və hisssə çevrilməsinə eləcə də, düzgün nəticə çıxara bilmək qabiliyyətinin formalaşmasına gətirib çıxarmalıdır.
İslam dinində Allaha inam borcu insanın bütün digər əməllərinin əsas göstəricisi kimi şərh edilirdi. İslam mövqeyi və vəzifəsindən, ölkəsi və dövlətindən asılı olmayaraq insanları vətəndaşlıqda eyniləşdirir, onları tam olan dünyanın vətəndaşı kimi bir-birinə qarşı mehriban olmağa çağırırdı (36, 30).
Tarixi təcrübə öyrədir ki, insanda sağlam inam və əqidənin olması onu ziyanlı hərəkətlərdən çəkindirmişdir.
Dəyişməz, görünməz, əbədi və tək olan Allaha inam təmizlik, saflıq əqidəsi şəxsiyyətin idealını müəyyənləşdirmiş, onun fəaliyyətinə hərəkət və davranışına aydınlıq, qətilik və ülvilik vermişdir. Buna görə də müasir tərbiyə işində inam və əqidənin formalaşması daim diqqət mərkəzində olmalıdır. Bu həm təhsil prosesində, həm də təlimdənkənar tədbirlərdə həyata keçirilməlidir. Heç bir xarici nəzarət və heç bir hüquqi qanun insanın hərəkət və fəaliyyətində ləyaqəti tam dolğunluğu ilə təmin edə bilməz. Əgər insanın qəlbində yaradana və onun ali qüdrətinə inam yoxdursa insan kamilləşə bilməz.
Buna görə də şəxsiyyətin bütövlük kateqoriyası kimi vicdan əxlaqı insanın daxili aləminin və mənəviyyat dünyasının özülünü təşkil edir. Dinin tərbiyəedici imkanlarından istifadə edilməsi bu cəhətdən yaxşı nəticə verər.
Orta əsr Azərbaycan mütəfəkkirləri səbrin, dözümün və təmkinliyin şəxsiyyətin əsas keyfiyyətlərindən olduğunu qeyd etmiş, iradi qüvvəsinə yiyələnməyi vacib saymışlar. Müasir tərbiyə işində məhz bu keyfiyyətlərin böyüyən nəsildə yaradılması şəxsiyyətin uğurlu fəaliyyətə yönəlməsinin əsasını təşkil etmişdir.
Qeyd edək ki, elm, mədəniyyət, fəlsəfə və dövlət quruculuğu tarixinə düşmüş böyük şəxsiyyətlər yüksək istedad və qabiliyyətləri ilə yanaşı, özünəməxsus xarakter xüsusiyyətləri ilə də seçilmişlər. Belə şəxsiyyətlər əqidə böyüklüyü və xarakter xüsusiyyətləri ilə öndə getmişlər. Bu isə bu kimi insanlarda xarakter qətiliyinin və daxili ideya qüvvələrinin əməli işə çevrilməsinə təkan vermişdir.
Ümumən qəbul edilməsindən asılı olmayaraq, bu qeyri-adi hadisəyə və tarixə çevrilmişdir. Əlbəttə, hamı böyük iradə qüvvəsinə və güclü xarakterə malik böyük şəxsiyyət kimi tarixə düşə bilməz. Lakin hər kəs bir insan ömrü müddətində özünəməxsusluğunu və öz fonemen tipini meydana gətirə bilər. Çox zaman prinsipallıq, obyektivlik, ədalətlilik, xeyirxahlıq, halallıq, işgüzarlıq və mənfi keyfiyyətlərlə barışmazlıq güclü xarakterə malik şəxsiyyətlərdə üzə çıxır. Deməli şəxsiyyətin praktik fəaliyyətə hazırlığında peşəkarlıqla, əxlaqi-mənəvi kamilliklə yanaşı iradə qüvvəsinə və güclü xarakterə yiyələnməsi də mühüm əhəmiyyət daşıyır.
Qeyd edək ki, Azərbaycan ictimai-pedaqoji fikrində münasibət, ünsiyyət və davranış tərbiyəsi şəxsiyyət yetişdirilməsində ilkinlik mərhələsini təşkil etmiş və bütün ömrü boyu tənzimləmə funksiyasını yerinə yetirmişdir. Burada həmcinslərin davranış tərzləri, bir-birlərinə qarşı münasibət və ünsiyyət mədəniyyətləri, eləcə də, insanların cəmiyyətdə davranış səviyyəsi diqqət mərkəzində dayanır. Ona görə ki, cinslərarası münasibətlər şəxsiyyətlərarası münasibətlər kimi inkişaf edir.
Bütün zamanlarda əxlaq və mənəviyyat şəxsiyyət bütövlüyünün aparıcı meyarı kimi götürülmüşdür. Azərbaycan ictimai-pedaqoji fikrində şəxsiyyətin mənəviyyatı dedikdə insaların xeyrinə xidmət edən ümumbəşəri dəyərlərin təzahürü nəzərdə tutulur. Çünki əsas mənəvi inkişaf amili olan islam dini şovinist dinçilik ruhundan tamamilə uzaq ümumbəşəri məhəbbət metodologiyasına söykənir.
Orta əsr Azərbaycan mütəfəkkirlərinin fikrində ürəkdən sevmək və zövq ala bilmək hissinin güclü olması şəxsiyyət bütövlüyü kimi qiymətləndirilir. Bu cəhət müasir şəraitdə də tərbiyə işinin əsas məzmununa daxil edilməlidir. Çünki insanın insana mənəvi təsiri məhəbbətlə sevməklə mümkündür.
Onu da qeyd edək ki, hörmət, ehtiram və ləyaqət hissi də elə məhəbbətlə əlaqədardır. Ona görə ki, anaya, ataya, bacıya, qardaşa, qohuma, dosta, qonşuya məhəbbətlə münasibət, insanlara təbiətə, təbiətin sərvətlərinə və gözəlliklərinə münasibət insanın insani mövqeyini müəyyənləşdirir. Ona sağlam və faydalı münasibət üçün şərait yaradır.
Qeyd edək ki, məhəbbət hissi fədakarlığı, cəsarəti, təmkini, sədaqəti, hörmət və anlaşmanı, etibarı doğurur və insanı ən nəcib duyğulara qovuşdurmaq üçün ucaldır. Buna görə də orta əsr Azərbaycan mütəfəkkirlərinin fikrində məhəbbət hissinin tərbiyəsinə daha diqqətlə yanaşılmış və şəxsiyyətin bütövlük keyfiyyəti kimi qiymətləndirilmişdir. Buna görə də müasir tərbiyə işində böyüyən nəslin mənəvi inkişafını sağlam ruhda təmin etmək üçün məhəbbət tərbiyəsinə xüsusi diqqət yetirməlidir. Sevməyi bacaran insan torpağa, insanlara və təbiətə xəyanət gözü ilə baxa bilməz. Ona görə ki, sevən insan yalanı, kələyi və insanlara aldadıcı münasibəti öz şəxsiyyətinə sığışdırmaz. Belə ki, insanlara sevgi dolu ürəklə yanaşdığından saflıq, təmizlik xeyirxahlıq və fədakarlıq nümunəsi göstərər, qərəzdən, kindən və saxtakarlıqdan uzaq olar.
Orta əsr Azərbaycan mütəfəkkirlərinin fikrində şəxsiyyətin mənəvi yetkinliyinə və bütövlüyünün əsas keyfiyyətlərindən biri kimi, qənaətcilliyə əməl edilməsi qeyd edilmişdir (60, 71).
Araşdırmalar göstərir ki, bütün dövrlərdən bəri şəxsiyyətin ləyaqət və şərəf hissinin qorunması, özünün hər kəsdən asılı olmayan yaşayışını təmin edə bilməsində qənaətçillik əsas keyfiyyət kimi qiymətləndirilmişdir.
Qeyd edək ki, müasir şəraitdə şəxsiyyətin tərbiyəsində qənətcillik keyfiyyətinə insanın yiyələnməsi daha zəruri hesab edilir.
Hər bir xalqın dilində alilik, saflıq, ucalıq və müqəddəslik bildirən söz az deyil. Vətəndaş kəlməsi belə dərin məna və əhatəli məzmun ifadə edən sözdür. Ona görə ki, həm əlamət, həm də keyfiyyət bildirir.
Vətəndaş o, şəxsə deyilir ki, müstəqil bir dövlətə mənsubdur. Uşaq anadan vətəndaş olmaq üçün doğulsa da, vətəndaşlıq mənəviyyatı keyfiyyətinə birdən-birə yiyələnmir. Hər bir insanın kiçik yaşlarından vətəndaş kimi hazırlanmaq və tərbiyə olunmaq ehtiyacı vardır. Çünki vətəndaşlıq həm də şəxsiyyətcə yetkinliyin fiziki və əxlaqi-mənəvi kamilliyin nümayişi deməkdir.
Vətəndaşlıq o, zaman əxlaqi normada təzahür edir ki, qanunun aliliyi və hökmranlığı gənc nəslin tərbiyəsinin tərkib hissəsinə çevrilsin. Daha dəqiq desək əsl kök və inam mənbəyi olsun. Bu tarixən də belə olmuşdur.
Qeyd edək ki, bu gün şəxsiyyətin vətəndaşlıq borcuna və ləyaqətinə yiyələnməsi şəxsiyyət tərbiyəsinin ən aktual problemlərindəndir. Məhz buna görə də orta əsr Azərbaycan mütəfəkkirləri bu cəhətdən maraqlı ideyalar irəli sürmüşlər.
Onu da qeyd edək ki, Azərbaycan ictimai-pedaqoji fikrində əxlaqi hiss olan vicdan hərəkətinin şüurlu və düşünülmüş icrasıda öz həllini tapmışdır. Vicdanlılıq özünüdərklə, özünəhörmətlə, özünənəzarətlə, təvazökarlıqla, xeyirxahlıq səyilə və ləyaqət hissi ilə əlaqəli olmuşdur.
Deməli, şəxsiyyətin xarakter keyfiyyətləri onun vicdanlı və ya vicdansız olduğunu müəyyənləşdirir. Çünki xarakter ağılın, ürəyin və hərəkətin sadəcə istəyi, qənaəti, təzahürü kimi deyil, necə deyərlər vərdişi kimi özünü göstərir.
Sonda onu qeyd edək ki, müasir şəraitdə şəxsiyyətin bütövlüyünün formalaşdırılması üçün zəngin tarixi təcrübə mövcuddur. Orta əsr Azərbaycan mütəfəkkirlərlərinin (X.Şirvaninin, N.Gəncəvinin, N.Tusinin, M.Əvhədinin, İ.Nəsiminin, Ş.İ.Xətainin və M.Füzulinin) fikirləri bir daha təsdiq edir ki, konkret məlum amillərlə fomalaşan şəxsiyyətin iradi qüvvəsi xarakter özünəməxsusluğu və yüksək vətəndaşlıq keyfiyyətləri ilə özünü büruzə verdikdə tarixi-ictimai vəzifələrin icrasında fəallıq göstərir və liderlik səviyyəsinə yüksələ bilir.