İslamdan qabaq Azərbaycanın cənub torpaqlarında zərdüştlük, şimalında Albaniyada isə bütpərəstlik və xristianlıq dinləri yayılmışdır. Azərbaycanın cənub bölgələrində islamın tez yayılmasının səbəbi , bu bölgələrdə sasanilərin əhalini bir yerdə saxlamaq məqsədi ilə zərdüştlüyü yayması idi1. Xalq İslamı qəbul etməklə həm sasani zülmündən həmdə zərdüştlükdən qurtulmaq istəyirdi. Ərəblərin birlik və bərabərlik haqqqında şuarı , Sasanilərə nisbətən əhali üzərində az verginin qoyulması İslamın Azərbaycanın cənubunda tez yayılmasına şərait yaratdı. Ərəblər digər dinlərə toxunmurdular çunku onların Kitab-Əhli olduğuna inanırdılar və müsəlmanlardan başqa digər dindəki insanlardan cizyə yəni can vergisi almaqla kifayətlənirdilər. Xilafət digər ölkələrdən fərqli olaraq Azərbycanın şimalında Albaniyada kilsəyə qarşı VIII əsrin əvvəllərindən çox amansız tədbirlərə əl atmışdır.2 Albaniyada vahid Allaha tapınan bir dinin vahid Allah ideyasını təbliğ edən başqa bir dinlə əvəz olunması prosesi bir qədər uzun və ağrılı olmuşdur. Burada İslam dininin << qılınc gücünə >> yayılması göz qabağındadır. 705-ci ildə Alban yazısı qadağan oldu . Alban əhalisi zor gücünə islama gətirildi, bir hissəsi isə qonşu xristian ölkələrinə qaçdı. Akademik Ziya Bünyadovun araşdırmalarına görə Alban kilsəsi , erməni kilsəsinə tabe edilsədə Aqvanın Arsax adlanan ərazisi heç bir zaman erməni mədəniyyətinin mərkəzinə çevrilməmişdir. 3 Azərbaycanda islamlaşsamı 6 dövrə bölmək olar və həmin dövrlər bunlardır. Azərbaycanda İslamlaşmanın birinci mərhələsi VII əsrin ortalarından VIII əsrin əvvəllərinə qədər davam edən İslam fütuhatı dövrünü əhatə edir. Bu mərhələ 705-ci ildə Alban dövlətinin süqutu və alban kilsəsinin öz müstəqilliyini (avto-kefallığını) itirməsi ilə bitir. Akademik Z. Bünyadovun göstərdiyi kimi, bu mərhələnin sonunda İslam Azərbaycanda hakim din olur, onu öz imtiyazlarını qorumaq üçün ilk növbədə və qeyd-şərtsiz yuxarı silk adamları qəbul edirlər. Yeni din tacir və sənətkarlar arasında da yayılır, çünki ərəblər tərəfindən onlara güzəştlər olunurdu. Bu mərhələdə məscidlər tikilmir, qədim məbədlər və İslamlaşma nəticəsində istifadəsiz qalmış kilsələr məscidlərə çevrilir, tayfa şüurunun üstünlüyü qorunub saxlanılırdı.. İkinci mərhələ VIII əsrin əvvəllərindən Qərbi İranda və İraqda Büveyhilərin hakimiyyətinəqədərki dövrü əhatə edir. Azərbaycan ərazisində müstəqil Şirvanşah Məzyədilər və Sacilər dövləti yaranır. Bütpərəstlik, zərdüştilik əhəmiyyətini itirir, iudaizm mövcudluğunu qoruyub saxlayır, Alban kilsəsi müstəqilliyini bərpa edir, lakin nüfuz dairəsi zəiflədiyindən ardıcılları erməniləşir, ayinlər erməni dilində aparılırdı. Bu dövrdə İslama mənsubluq şüuru güclənir, amma etnik köklərlə bağlılıq da qalır. Abbasilər hakimiyyətinin ilk dövründən başlanan şüubilik hərəkatı, Babək hərəkatı (816-838) buna ən parlaq misaldır. Sərhəd məntəqələrində İslam təsəvvüfü təşəkkül tapır. Üçüncü mərhələ Büveyhilərin hakimiyyəti dövrünü (935-1055) əhatə edir. Bu dövrdə Azərbaycanda mötədil şiəlik yayılmağa başlayır və Dərbəndə qədər gedib çıxır. Sünni hənəfi və şiə imami məzhəbləri aparıcı məzhəblər olurlar. Sufilik də özünə xeyli ardıcıllar tapır. Bu dövrün ən gözəl sufi abidələrindən biri Şirvandakı Pirsaat çayı üzərindəki xanəgahdır. Dördüncü mərhələ Səlcuqilər dövrü (XI əsrin ortaları – XIII əsrin ortaları) ilə bağlıdır. Bu mərhələdə sünnilik bölgədə güclənir, şiəliyin mövqeləri zəifləyir. Şafii məzhəbi aparıcı məzhəb olur. Sufi təriqətləri geniş yayılır. Azərbaycan Atabəyləri və Şirvanşahlar İslamı xristianların təzyiqindən qoruya bilirlər. Beşinci mərhələ monqol istilaları dövrünü (XIII əsrin 1-ci yarısı – XV əsrin 2-ci yarısı) əhatə edir. Bu dövrdə sufilik geniş yayılır. Hürufilik güclənir. Onun banisi Fəzlullah Nəimi idi. Əbülhəsən Əliyyül-Əla və şair Nəsimi hürufiliyin ən nüfuzlu nümayəndələri kimi şöhrət tapmışlar. Bu dövrdə sufi xəlvətiyyə təriqətinin ikinci piri Seyyid Yəhya Şirvani Bakuvi Xəlvəti çox məşhur olmuşdur. Ağqoyunlu hökmdarı Uzun Həsənin qardaşlarından biri xəlvətiyyə şeyxi Dədə Ömər Rövşəninin ardıcıllarından idi. İbrahim bin Məhəmməd Gülşəni XV əsrin 2-ci yarısında xəlvətiyyənin bir qolu kimi gülşəniyyə təriqətinin əsasını qoyur. Sonralar bir çox sufi təriqətləri, o cümlədən nəqşbəndiyyə Azərbaycana və Azərbaycan vasitəsilə Şimali Qafqaza nüfuz etmişdir. Altıncı mərhələ Səfəvilərin (1501-1786) və XVI əsrdən etibarən Osmanlıların (1281-1924) hakimiyyəti dövrü ilə bağlıdır. Səfəvilər şiəliyi təbliğ edir və başlarına 12 şiə imamının şərəfinə 12 qırmızı zolağı olan əmmamə bağlayırdılar. Buna görə də onlar "qızılbaşlar" adlanırdılar. Çaldıranda Səfəvilərə qalib gələn Osmanlılar Azərbaycanda sünni hənəfi məzhəbini yayırdılar .
1 Azərbaycan Tarixi – “Bakı Universiteti” Nəşriyyatı 2014 – səh 40
2 Azərbaycan Tarixi – “Bakı Universiteti” Nəşriyyatı 2014 – səh 41
3 Ziya Bunyadov – Azərbaycan VII-IX əsrlərdə Bakı. 2007 - səh 260