Gəmiqaya-Qobustan abidələrindəki işarələr, səslər daha çox müasir dövrlə səsləşir. İlk
öncə belə təəssürat yaranır ki, Orxon-Yenisey əlifbası daha qədimdir. Səsləri ifadə edən işarələr
(yay, ox, süngü, qılınc, çadır, alaçıq)
daha ilkin, ibtidai başlanğıcdan xəbər verir. Kosmik
düşüncə, Günəş, Ay, ulduzlar, göydən enən adamlar, şifrələnmə, məxfilik və s. daha sonrakı,
inkişaf etmiş dövrün, təfəkkürün, sanki sivil dünyanın məhsuludur. Lakin tarixi mənbələrdəki
məlumatlar, dünyanın məşhur alimlərinin tədqiqatları, faktlar (“Avesta”nın dünya fəlsəfəsinin
ilkin başlanğıcı olması; Zərdüştün ulduzlara sitayiş etməsi və s.) Gəmiqaya–Qobustan
yazılarının, Orxon-Yenisey”dən sonrakı sivilizasiyanın; yaxud
ondan götürülmə olduğu
fikrindən daşındırır. Bəlkə də, daha qədim olması qənaətinə gətirir. Əlbəttə, burada
mütəxəssislərdən gözləntilər çoxdur, daha ciddi araşdırmalar gözlənir. Amma araşdırma və
düşüncələr hələlik belə qənaətə gəlməyə imkan verir.
Gəmiqaya–Qobustanda
hərfi ifadə edən yüzə yaxın işarə var. Bu əlifba ilə yazılmış
bütöv mətnlər hələlik əldə
edilməmişdir. Lakin Şumerli türk (şumer) əlifbasının azı altı min il əvvəl mövcud olduğu
məlumdur. “Gəmiqaya-Qobustan Şumerli türk əlifbası ilə bütün hərfləri və piktoqrafları ilə tən
gəlir (8, 16). İ. Cəfərzadə hesab edir ki, Qobustanda rəsmlərin cızılması e.ə VIII minillikdən
– bizim eranın II minilliyinin əvvəlinədək davam edib (7).
Uzun müddət Gəmiqaya-Qobustan yazıları üzərində ciddi tədqiqatlar aparan Ə. Fərəzli
belə qənaətə gəlib ki, Orxon-Yenisey səsləri Azərbaycan əlifbasının səsləri ilə eynilik yaratmır.
Bu qədim Altay türklərinin dili ilə Azərbaycan dilinin səsləri arasında fərqlə bağlı ola bilər.
Orxon-Yeniseydə yalnız görünən şərtilikdən danışmaq olar. Gəmiqaya-Qobustanda isə yazı
işarələri səslərə və məzmun – koda daha yaxındır. Orxon-Yeniseylə müqayisədə Gəmiqaya-
Qobustanda hərflər daha tamdır, bütövdür.
Gəmiqaya-Qobustan əlifbası belə
bir həqiqəti təsdiq edir ki, əlifba uzun illərin təcrübəsindən, sınaqlarından
keçərək insan
kollektivinin, etnosun – xalqın soy psixologiyasına, dünyagörüşünə, dil və din birliyinə
əsaslanaraq, piktoqraflar – şəkilli sözlər,
damğalar, rəmzlər toplusundan seçilərək, bir sapa
düzülərək, formalaşaraq yaradıla bilər. Əlifba məhz əlifba kimi formalaşana qədər bir neçə
mərhələdən keçir.
Azərbaycan ərazisində tapılmış Gəmiqaya, Qobustan, Kəlbəcər,
Mingəçevir və s. qədim yazılı abidələr “Avesta”dan, şumer (türk) oxşəkilli yazılarından bu
yana hamısının eyni etnosun – xalqın inam və etiqadının,
dünyagörüşünün təzahüründən
yaranmış yazı mədəniyyətinin nümunələri olduğu görünür və bir qədər irəli gedərək demək
istərdik ki, müasir əlifbaların əsasında qədim türk düşüncəsinin məhsulu olan əlifbalar dayanır.
Ə.Dəmirçizadə “Azərbaycan yazılı ədəbi dil” anlayışının müəyyənləşdirilməsi zamanı
onun ümumxalq Azərbaycan dili əsasında yaradılmış bir yazılı dili kimi başa düşməyin vacib
olduğunu göstərirdi. Beləliklə, yazılı ədəbi dil ümumxalq dili əsasında formalaşmış şifahi ədəbi
dilin yazıda sabitləşməsi deməkdir. Baxmayaraq ki, qədim dövrlərdən Azərbaycanda yazı,
məktəb eləcə də təhsil sistemi mövcud olmuşdur. Deməli, Azərbaycan yazılı ədəbi dilinin
yaranması dövrünün müəyyən edilməsində əsas şərt ümumxalq Azərbaycan dilinin yaranması
ilə meydana çıxan yeni keyfiyyətli yazını başa düşmək lazımdır. Yazının
tarixinə ekskurs
etməyimizin səbəbi bu mənada vacibdir.
Dostları ilə paylaş: