Fiziologiya elmi bitki və heyvanların ayrı-ayrı orqanlarının funksiyalarının
öyrənilməsi ilə məşğul olur. Ərzaq məhsullarının istehlakı onların insan
orqanizminə fizioloji təsiri ilə əlaqədardır. Məhz buna görə məhsulları bu cəhətdən
izah etmək vacibdir. Fiziologiya ərzaq malları əmtəəşünaslığı ilə dolayı yolla da
əlaqədardır. Çünki ərzaq məhsullarının orqanoleptiki metodla
qiymətləndirilməsində insanın fizioloji hissetmə orqanları (görmə, iybilmə,
dadbilmə, lamisə, eşitmə) bilavasitə iştirak edir.
Bitki fiziologiyası, heyvan fiziologiyası, qida fiziologiyası və gigiyena
fənləri əmtəəşünaslıqla əlaqədardır. Ərzaq məhsullarının insan orqanizmində
həzmi və mənimsənilməsi, qida qəbulu rejimi, balanslaşdırılmış qidalanma
normaları və insanın sağlamlığı və normal həyat fəaliyyəti üçün əsas sayılan
fiziologiya elminin müхtəlif sahələri ərzaq malları əmtəəşünaslığı ilə əlaqədardır.
Ərzaq məhsullarının zərərsizliyi, onların ekoloji cəhətdən təmizliyi və s. məsələlər
qida gigiyenası elmi ilə əlaqədardır.