______________Milli Kitabxana_____________
112
Belə bir şəraitdə Qudea tikinti işləri ilə daha çox məşğul
olurdu. Məbəd inşasına diqqət verilirdi. Abidələrin birindəki
təsvirdə Qudea oturmuş halda, dizi üzərindəki tikiləcək məbədin
layihəsini nəzərdən keçirir. Məbəd tikintisində şumerlərdən başqa
qonşular da iştirak edirdilər. Mənbə qeyd edir ki, məbəd
tikintisinə «elamlı Elamdan gəlirdi, Suz sakini Suzdan gəlirdi».
Qudea bir sıra ölkələrlə ticarət əlaqələri yaratmışdı. Ticarət
vasitəsi ilə ölkəyə taxta, xüsusilə sidr, inşaat daşı, qızıl, mis, qır və
s. gətirilirdi. Məbəd tikintisi Laqaş, Nippur, Adab, Nqirsu və
başqa şəhərlərdə həyata keçirilirdi. Kişi və qadınlar məbədə
qurban göndərməli idilər. Məbəd tikintisi nəinki qurban verməni
genişləndirir, eyni zamanda vergilərin artırılmasına gətirib
çıxarırdı.
Bəzi mülahizələrə görə, Qudeanın hakimiyyəti dövründə
Şumer ədəbiyyatı və incəsənəti çiçəklənmə dövrünü keçirirdi.
Şumer kənar ölkələr ilə iqtisadi və ticarət əlaqələri saxlayırdı.
Yuxarı dənizdən (Urmiyyə gölü) Aşağı dənizə (Fars körfəzi)
qədər uzanan ticarət yollarından sərbəst istifadə edirdi. Qudea
suvarma kanallarının çəkilməsinə, əkinçilik və bağçılığın
inkişafına da diqqət yetirirdi. Onun dövründə məbəd təsərrüfatı
müstəqil iqtisadi sahəyə çevrilmişdi. Mənbələr kutilərin
hakimiyyəti dövründə əkin sahələrinin məhsuldarlığından, taxıl
bolluğundan, mal-qaranın saysız-hesabsız olmasından bəhs edir.
Kuti sülaləsi səksən ilə yaxın İkiçayarasını rahat və
münaqişəyə rast gəlmədən idarə etmişdi. Bu müddət ərzində
İkiçayarası işğalçılıq müharibələri aparmamışdı. Təkcə canişin
Qudeanın Elamın Anşan vilayətinə hərbi dəstələr göndərməsi
məlumdur. Utuhenqalın adına çıxılan kitabədə kutilərin ünvanına
mənfi ifadələr işlətmişdir. Kitabə onları «dağların zəhərli ilanı,
allahlara əl qaldıran, Şumer hakimiyyətini dağlara aparan, Şumeri
ədavətlə dolduran, arvadı ərindən ayıran, övladı valideynindən
ayıran, ölkədə ədavət və hiddət yayan» adamlar kimi qələmə
vermişdi. Lakin kutilərin ünvanına deyilmiş ittihamları təsdiq
edən heç bir əlavə tarixi sənəd qalmamışdır.
Ur sülaləsi. Ur-Nammu III Ur sülaləsinin (e.ə. 2112-2003-cü
illər) banisi kimi məlumdur. III Ur sülaləsi sonuncu Şumer dövləti
______________Milli Kitabxana_____________
113
idi. Ur-Nammunun dövləti Şumer və Akkad ənənələrini davam
etdirirdi. O, «Ur hökmdarı, Şumer və Akkad hökmdarı» rütbəsini
qəbul etmişdi. Ur-Nammu Şumer və Akkad hökmdarlarına xas
olan ənənəvi inşaat işlərini davam etdirirdi. O, bütün Şumerdə
məbəd tikintisini genişləndirmiş, əzəmətli və bürclü Ur məbədini
(zikkuratı) tikdirməyə başlamışdı. Bu tikinti onun oğlu Şulqi
tərəfindən başa çatdırıldı. Min beş yüz il sonra Babil hökmdarı
Nabonid əzəmətli Ur zikkuratını yenidən bərpa etdirmişdi. Ur-
Nammu yeni kanallar çəkdirdi. Bunlardan Ur-Eredu su kanalı
daha əhəmiyyətli idi. Bu kanal Fars körfəzinə gətirib çıxarırdı. Ur-
Nammu qanunlar külliyyatı tərtib etdirmişdi. Bu indiyə qədər
məlum olan ən qədim qanunlardan hesab edilir.
Ur-Nammu qanunları 1952-ci ildə Nippur qazıntıları zamanı
tapılmışdı. Kitabə zədələndiyindən qanunlar tam qalmamışdır.
Qanunlar külliyyatı giriş və maddələrdən ibarətdir. Giriş
hissəsində qanunların allahların iradəsi ilə verildiyi qeyd
olunurdu. Urnammu «allahın lütfü» sayəsində hakimiyyətə
gəldiyini söyləyir. Qanunların verilməsi və ya hakimiyyətə sahib
olmaq qədim dövrdə bir qayda olaraq allahın adı ilə bağlanılır. Ur-
Nammu «ədalətli qayda-qanun» yaratdığını söyləyirdi. Onun
qanunları «qoy güclü dul qadınları və yetim-yesiri incitməsin»
ifadəsi ilə başlayırdı. Ur-Nammu sabit ölçü və çəki qaydaları
müəyyənləşdirdi, bununla bazar qiymətlərinin kortəbiiliyini
aradan götürməyə nail olmaq istədi. Şumer cəmiyyətində artıq
mülkü bərabərsizliyin geniş vüsət alması müşahidə olunur.
Qanunlarda bunu qabarıq şəkildə göstərən maddə vardır. Maddədə
deyilir ki, «Bir şekel (pul vahidi) sahibi bir mina (60 şekel) sahibi
tərəfindən istismar edilməməlidir». Göründüyü kimi, varlı
təbəqələr azad icmaçıların əməyindən məcburi istifadə edirmişlər.
Ur-Nammu qanunları müxtəlif hüquq normalarını qaydaya
salmışdı. Şumer cəmiyyətində cadugərlik geniş yayılmışdı.
Cadugərliyin qarşısını almaq üçün qanunlarda xüsusi maddə
nəzərdə tutulmuşdu. Maddəyə görə, cadugərlikdə təqsirlənən şəxs
öz günahsızlığını sübut etmədi idi. Onun günahsız olub-
olmamağını ordaliya vasitəsilə yoxlayırdılar. Ordaliya - su ilə
sınama hüquq forması idi. Müqəssiri suya atırdılar, əgər o,
______________Milli Kitabxana_____________
114
salamat qalırdısa, günahsız hesab olunurdu. Ur Şumer
cəmiyyətində bir sıra hallarda varlıları da cadugərlikdə
təqsirləndirirdilər. Varlıların cadugərliyi sübut olunardısa, onda
onun malı ittihamçı şəxsə verilirdi. Əsassız ittihamların qarşısını
almaq üçün böhtançılara da su ilə sınama (ordaliya) tətbiq
olunurdu. Şumer cəmiyyətində cadugərlik təqib olunurdu.
Maddələrin birində qulların vəziyyətindən bəhs olunurdu.
Qullar ağır istismara düçar idilər. Buna görə onlar ağa
təsərrüfatından qaçırdılar. Maddə qaçqın qulu ağasına qaytarana
mükafat vəd edirdi. Qul-kənizi öldürən onun əvəzini, yaxud
qiymətini ödəməli idi. Bəzi maddələr xəsarət üçün cəza nəzərdə
tuturdu. Əgər azad adam kiməsə bədən xəsarəti yetirərdisə, ona
pul əvəzi verməli idi. Qanunlarda ailə münasibətlərinə toxunan
maddələr də vardı. Qadının ərə xəyanəti ölüm ilə cəzalandırılırdı.
Ər arvadını boşayarkən, onu müəyyən pul məbləği ilə təmin
etməli idi. Sənədləşdirilməmiş nikah qanunsuz hesab edilirdi.
Evlənən gənc qızın atasına nikah hədiyyəsi (başlıq) verməli idi.
Əgər qızın atası vədinə əməl etməyib onu başqasına versəydi,
nikah hədiyyəsi sahibinə ikiqat məbləğdə qaytarılmalı idi.
Qanunlarda torpaq münasibətləri də əks olunmuşdu. Özgə
torpağını zəbt edib becərmək qadağan edilirdi. Belə hallarda
məhsul müsadirə olunur, torpağı özbaşına tutmuş adam isə cərimə
edilirdi. İcarədar götürdüyü torpaq sahəsini becərməli və torpaq
sahibinə əvvəldən müəyyənləşdirmiş miqdarda məhsul verməli
idi. Sahə işlənməmiş qalsaydı, icarədar torpaq sahibinin zərərini
ödəməli idi.
Erkən Şumer dövlətləri «en» (ağa, dini hakim) adlanan ali
kahin tərəfindən idarə olunurdu. En dövlət və məbəd işlərinə,
suvarma kanallarının çəkilməsinə, ölkənin təsərrüfat həyatına,
hərbi işlərə rəhbərlik edirdi. İbtidai demokratiya əlamətləri öz
varlığını hələ saxlayırdı. Tədricən Şumer dövlətlərində hökmdar
hakimiyyəti meydana gəldi. Dövlətin başında «ensi» (tikinti
zamanı xalqa rəhbərlik edən kahin), yaxud «luqal» (böyük adam,
hökmdar) dayanırdı. Adətən luqal, hökmdar kimi, daha böyük
şəhər-dövlətlərinə başçılıq edirdi. Vahid Şumer dövləti mövcud
olan zaman luqal ancaq hökmdara, ensi ona tabe olan canişinə,
______________Milli Kitabxana_____________
115
yaxud ali kahinə şamil edilirdi. Erkən sülalələr dövründə
ağsaqqallar şurası və xalq yığıncağı öz mövqeyini saxlayırdı.
Mülki bərabərsizliyin inkişafı ilə əlaqədar olaraq xalq yığıncağı
dövlət idarə orqanı kimi öz əhəmiyyətini itirdi. Tədricən hökmdar
hakimiyyəti iqtisadi, siyasi və hərbi cəhətdən möhkəmləndi.
Bunun da nəticəsində ağsaqqallar şurasının idarə orqanı kimi
əhəmiyyəti azaldı. Erkən sülalələr dövründə müstəbid monarxiya
hakimiyyət forması meydana gəldi, hökmdar qeyri-məhdud
hakimiyyətə malik oldu. Hökmdar hakimiyyətinin güclənməsi ilə
yanaşı onun dayağı olan ordu da meydana gəldi. Erkən sülalələr
dövrünün sonunda artıq daimi ordu yaranmışdı.
Erkən Şumer dövlətləri şəhər və onun ətrafındakı
kəndlərdən ibarət olmuşdu. Şumer şəhər-dövlətlərində istehsal,
ərzaq və əmtəə mübadiləsi aşağı səviyyədə inkişaf tapmışdı.
Şəhər-dövlətləri arasında geniş iqtisadi əlaqələr mövcud deyildi.
Bunların nəticəsində sinfi ziddiyyətlər kəskin şəkil almışdı.
Qulların sayı az idi. Erkən sülalələr dövrünün sonunda
İkiçayarasında siyasi hegemonluq uğrunda mübarizə başlandı.
Hökmdar hakimiyyətinin rolu artdı. Bütün Şumeri siyasi və
iqtisadi cəhətdən birləşdirmək meyli gücləndi.
Erkən sülalələr dövründə və sonralar ölkənin iqtisadi əsasını
əkinçilik təşkil edirdi. Əkinçilik təsərrüfatı süni suvarmaya
əsaslanırdı. Süni suvarma sisteminin inkişaf etdirilməsi e.ə. III
minillikdə Şumer və Akkad hökmdarlarının başlıca vəzifəsi
olmuşdur. Suvarma kanallarının çəkilməsində iştirak ictimai
vəzifə idi və bunu bütün icma üzvləri həyata keçirirdi.
İkiçayarasında sənətkarlıq, daxili və xarici ticarət inkişaf etmişdi.
Şəhərlər sənətkarlıq və ticarət mərkəzlərinə çevrilirdi.
Mülki bərabərsizliyin və sinfi ziddiyyətlərin kəskinləşməsi
nəticəsində quldarlıq münasibətləri inkişaf edirdi. E.ə. III
minilliyin ikinci yarısında bu daha da gücləndi. Qul əməyi məbəd,
hökmdar (dövlət) və xüsusi təsərrüfatlarda tətbiq olunurdu.
Qulların mal-qara kimi baş-baş sayırdılar. Əsir qullar «yad
ölkəli», yaxud «saq» («baş» deməkdir), xüsusi qullar «urdu»,
yaxud «ere» adlandırılırdı. Qul sahibkarın xüsusi mülkiyyəti
hesab olunurdu.
______________Milli Kitabxana_____________
116
III Ur sülaləsi dövründə xırda istehsalçılar arasında
müflisləşmə genişləndi. Yoxsullar öz övladlarını köləliyə satmağa
məcbur olurdular. Bunun nəticəsində borc köləliyi meydana gəldi.
Artıq yerli əhali kölə halına salınırdı. Şulginin hakimiyyəti
illərindəki məhkəmə sənədindən görünür ki, bir sıra hallarda
qullar öz köləlik mənşəyini danırdılar. Sənədlərdə Ahuma adlı bir
qulun məhkəmə məsələsi təsvir olunur: ağası vəfat etdikdən sonra
əmlak bölgüsü zamanı Ahuma elan edir ki, «Mən qul deyiləm».
Məhkəmə şahidlər vasitəsilə onun qul olduğunu təsdiq edir. Lakin
bir müddət keçəndən sonra Ahuma yenidən elan edir: «Mən qul
deyiləm». Məhkəmə əvvəlki hökmü qüvvədə saxlayır. Maraqlıdır
ki, Ahumanın qardaşı məhkəmədə istintaqa cəlb olunmuş şahid
sifəti ilə çıxış edirdi, deməli, onun qardaşı azad adam olmuşdu.
Yəqin ki, Ahuma ailə tərəfindən vaxtilə köləliyə satılmışdı.
Sənədlərdən görünür ki, qul ilə ağa arasında mübahisə 15 il davam
etmişdi. 300 il sonra Hammurapi qanunları (282) belə hallarda
ağır cəza tətbiq edirdi: öz ağasından imtina edən qulun qulağı
kəsilirdi. Şu-Suenin hakimiyyəti dövrünə aid sənəddə Pana adlı
qadının məsələsi əks olunmuşdu. Papa elan edir ki, «nə o, nə də
onun qızı kölə deyillər». Məhkəmə müəyyənləşdirir ki, Pana və
onun qızı ərinin cinayətinə görə köləliyə verilmişlər.
III Ur sülaləsi dövründə azad adamların müflisləşməsi
nəticəsində köləliyə düşməsi prosesi güclənmişdi. Bu zaman
qulların sayı çox olduğundan, bir qulun qiyməti 9-10 şekel idi.
Hər bir azad icmaçı, sənətkar ailəsində bir neçə qul vardı. Adətən
fərdi təsərrüfatda işləyən qullara ailə və əmlak saxlamağa icazə
verilirdi. Onlar müəyyən ödəmə verib azadlığa çıxa bilərdilər. Qul
ağasından məhkəməyə şikayət edə bilərdi. Qulu bəzən şahid sifəti
ilə dəvət edirdilər. Qullar alınıb-satılırdı. Ailə icmaçılarının
müflisləşməsi övladların köləliyə satılmasına şərait yaradırdı.
Məbəd və hökmdar təsərrüfatında işləyən qulların vəziyyəti
ağır idi. Hökmdar (dövlət) təsərrüfatında işləyən kişi qullar
«quruş», qadın qullar «nqeme» adlanırdı. Dövlət təsərrüfatında
işləyən qullar xüsusi düşərgədə yaşayır, gündəlik azuqə alırdılar.
Kişi qullarla 1.5 litr, qadın qullara 0,75 litr gündəlik arpa payı, 3-4
litr bir aylıq bitki (küncüt) yağı və günə 1.5 kq hesabından birillik
______________Milli Kitabxana_____________
117
un verilirdi. Quruşlar istehsal alətlərinə malik deyildilər, qeyri-
iqtisadi istismara düçar olmuşdular. Fərdi və dövlət qulları
istismar olunan sinfə mənsub idilər.
İkiçayarasında icma idarəsi öz varlığını saxlayırdı. İcmalar
suvarma kanallarının çəkilməsi və təmiz saxlanılmasında
yaxından iştirak edirdilər. İcma üzvlərinin müflisləşməsi icbari
əmək prosesinə cəlb olunmuş adamlarının sayını artırırdı. İcmanın
torpaq ehtiyatı vardı. Bu torpaq icma mülkiyyəti hesab olunurdu.
Daha geniş torpaq sahələri dövlət təsərrüfatına mənsub idi. III Ur
sülaləsi dövründə dövlət torpaq mülkiyyəti əvvəlki dövrə nisbətən
daha çox sahələri əhatə edirdi. Məbəd təsərrüfatı da tədricən
möhkəmlənməyə başlamışdı. Təsərrüfat həyatında kahinlərin
mövqeyi güclənmişdi. Kahin təbəqəsi dövlətin dayağı idi. Onlar
dövlət idarələrində, icma təşkilatlarında xidmət edirdilər.
Məhkəmə işlərinə baxılması kahinlərin iştirakı ilə keçirilirdi.
Şumer və Akkad şəhər-dövlətləri, eləcə də bütövlükdə
Babilistan mədəniyyəti «tunc əsri mədəniyyətinin» tipik nümunəsi
hesab edilir. Mesopotamiya ərazisində elm çox tez meydana
çıxmışdı. Tapılmış yüzlərlə riyaziyyat mətnləri ən qədim
Babilistan padşahlığı dövrünə aiddir. Burada vurma cədvəli,
kəmiyyət, kvadrat, say, xüsusilə məsələlər və onların həlli
yazılmış yazılar müasir dövrə qədər gəlib çıxmışdır. Qədim Babil
astronomları səma cisimlərini sistemli şəkildə müşahidə edirdilər.
Makedoniyalı İsgəndərin dövründən 2250 il qabaq ayın tutulması
cədvəlini yaratmışdılar. E.ə. II minilliyin başlanğıcında Ay-Günəş
təqvimi yaradılmışdır. Hammurapinin əlavə ay haqqında verdiyi
fərman bizə gəlib çatmışdır. Tapılmış tibbi mətnlər təbabətin
müalicə magiyasından ayrıldığını göstərir.
Elmlə əlaqədar təfəkkür vərdişləri də meydana gəlir. Lakin
hər halda fəlsəfə sistemli şəkildə Babilistanda yarana bilməmişdir.
Daha dəqiq desək, onlar geniş şəkildə qəbul olunmuş fəlsəfə
yarada bilməmişlər. Onların heç vaxt ağlına da gəlməzdi ki,
şeylərin həqiqi təbiəti, yaxud da onların şeylər haqqında
təsəvvürləri şübhə doğura bilər. Onlarda fəlsəfənin qnoseologiya
(idrak nəzəriyyəsi) sahəsi demək olar ki, olmamışdır. Bununla
yanaşı, Şumerlər təbiət haqqında, dünyanın yaradılması qanunları
______________Milli Kitabxana_____________
118
haqqında fərziyyələr irəli sürürdülər. Artıq e.ə. III minillikdə
Şumerdə elə mütəfəkkirlər və pedaqoqlar meydana gəlmişdi ki,
bəşəri sualları irəli sürür və ona cavablar axtarıb tapmağa
çalışırdılar. Onlar özlərinin kosmologiya və teologiyasını
yaratmışdır. Həmin mütəfəkkirlərin yaratdığı baxışlar sistemi o
qədər inandırıcı olmuşdur ki, Yaxın Şərqin əksər ölkələri həmin
sistemi etirazsız qəbul etmişlər.
Qədim Şumer ədəbiyyatında şumer kosmologiya və
teologiyasının sistemli fəlsəfi şərhini axtarmaq mənasızdır. Çünki
Şumer mütəfəkkirləri idrakın əvəzedilməz silahı olan
müəyyənetmə və ümumiləşdirmə kimi elmi metodlarına
yiyələnməmişdilər. Gündəlik həyatın bu asılılıq haqqında minlərlə
nümunə verməsinə baxmayaraq, Şumer mütəfəkkirləri həmin
nümunələrdən hər şeyi ümumi və hərtərəfli əhatə edən qanunu
çıxara bilməmişdilər. Qədim Şumer fəlsəfəsi, teologiya və
kosmologiyası haqqında məlumatın ayrı-ayrı ədəbi əsərlərdən,
miflərdən, epik əsatir və himnlərdən toplanması heç də təəccüb
doğurmur. Şumerlərin fəlsəfi və teoloji nəzəriyyələrinin, habelə
dünya haqqında təsəvvürlərinin ilkin və əsas ünsürləri torpaq və
səma (yer və göy) idi. Onlar kainatı «an-ki»-»yer-göy»
adlandırırdılar.
Şumerlərə görə yer yastı disk, göy isə boş məkan olub
aşağıdan və yuxarıdan möhkəm səthə söykənmişdir. Onlar bu
səthin hansı materialdan hazırlandığını bilmirdilər. Yerlə göy
arasında üçüncü element - «külək» - hava, «ruh» yerləşirdi. Bu,
bizim anlayışla atmosferə uyğun gəlirdi. Günəş, ay, planetlər və
ulduzlar atmosferin yarandığı şeydən yaranmışdır və fərqi ondadır
ki, işıq sala bilirlər. «Göy-Yer» aşağıdan, yuxarıdan, hər iki
tərəfdən ucsuz-bucaqsız okeanlarla əhatə olunmuşdur.
Şumer mütəfəkkirləri özlərinin kosmoqoniyasını bu əsas
təsəvvürlərlə qururdular. Onların fikrincə, birinci okean olmuşdur.
Okean «birinci hərəkətverici» olmuşdur. Lakin onlar okeanın
zamanda və məkanda mövcudluğunu fikirləşmirdilər. Sonra
atmosfer yaranır, atmosferdən isə işıq verən cisimlər - günəş, ay,
planet və ulduzlar yaranır. Göyün yerdən ayrılmasından sonra
bitkilər, heyvanlar və nəhayət, insan meydana gəlmişdir. Kainatı
______________Milli Kitabxana_____________
119
kim yaratmışdır və onu gündən-günə, ildən-ilə hərəkət etməyə
kim məcbur edir? Şumer teoloqları allahlar panteonunda hər bir
allahın öz iş-gücü və funksiyası olduğuna inanırdılar. Allahlar
birlikdə Kainatı da hərəkətə gətirirdilər. Şumer filosoflarına görə
allahlar öz niyyətlərini sözlə ifadə edən kimi həmin iş baş verirdi.
Yəni onlar sözün yaradıcı qüdrətinə inanırdılar. Təsadüfi deyildir
ki, allah sözünün həllediciliyi Şərqdə qəbul edilmiş, sonrakı
dinlərdə əsas yeri tutmuşdur. Şumerlərin fikrincə, insanın taleyinə
həyatını yaşamaq və ölmək düşür. Tanrıların taleyi isə başqadır.
«İnsan ayran kimidir, tanrılarsa yağ kimi,
Adam saman kimidir, tanrılar buğda kimi».
Şumer filosoflarının fikrincə, insan həyatı əbədi ola bilməz.
Əcəl hamının qapısını döyməlidir. İnsan ölümə məhkumdur.
Qədim şumer şair-mütəfəkkiri fikirlərini sual-cavab şəklində
belə qururdular:
Qəzəbli, qəddar əcəl adama verməz aman,
Əbədimi tikirik evləri tikən zaman?
Əbədilikmi vurur məgər möhür vuranlar?
Əbədimi ayrılır qardaşlar qardaşından?
Əbədidirmi məgər nifrət hissi insanda?
Əbədi axır məgər çaylar suda daşanda?
Mütləqdirmi cücünün cırcırama olmağı?
Ayna əvəz edərmi əbədilik günəşi?
Dünya bina olanda belə şey görünməmiş.
Ölüyə bənzəmirmi, söylə əsir olanlar.
Ölümün sifətini məgər göstərmir onlar?
Hökm edən insandırmı?
Böyük Enlil onlara xeyir-dua verəndə
Bəs niyə toplaşırlar bir yerdə Annunaklar,
Maraet, ulu tanrılar? Talelər yaradanı
Məgər sorğu-suala tutmurmu taleləri?
Onlar təyin eyləmiş ölümü və həyatı,
Ölüm saatınısa söyləmişlər qəti.
Beləcə buyurmuşlar: «Qoy yaşayan yaşasın».
Şumer allahları da insanlara bənzəyir, onlar bir-birindən
küsür, barışır, bir-biri ilə dalaşır. Bir sözlə, insanlara xas olan
______________Milli Kitabxana_____________
120
bütün keyfiyyətlər allahlara da aid edilir. Əslində yunanların
allahları adlarını dəyişmiş və nisbətən təkmilləşdirilmiş Şumer
allahlarıdır. Şumerdə baş allah və ikinci dərəcəli allahlar var idi.
Yüzlərlə allahların içərisində ən başlıcası səma allahı An, hava
allahı Enlil, su allahı Enki və böyük allah-ana Ninhursaq idi.
Həmin dörd allah allahlara başçılıq edir və çox vaxt bir yerdə
fəaliyyət göstərirdilər. Onlar yığıncaqlarda və məclislərdə yuxarı
başda əyləşirdilər.
Şumer mütəfəkkirləri dəqiq ifadə olunmuş fəlsəfi təlim
yaratmamışlar. Bu, onların əxlaqi prinsiplərinə, öyüd-nəsihətlərinə
də aiddir. Onlarda xüsusi etik normalar məcmuəsi olmadığından
etika haqqında fikirləri ancaq ayrı-ayrı əsərlərdən toplamaq
mümkündür.
Şumer filosofunu heç vaxt mürəkkəb bir problem olan iradə
azadlığı problemi qətiyyən maraqlandırmırdı. Onlara görə,
allahlar insanları öz kefləri xətrinə yaratmışdılar. Odur ki, insanlar
ölümə məhkum, allahlar isə əbədidir. Onlara görə, yüksək əxlaqi
keyfiyyətlər insanlara allahlar tərəfindən bəxş edilmişdir.
Doğrudur, şumerlər həqiqəti və xeyirxahlığı, qanun-qaydanı,
ədaləti və azadlığı, mərhəməti və s. yüksək qiymətləndirmişlər.
Təbiidir ki, onlar şər və bəd əməlləri, özbaşınalığı, yalanı,
haqsızlığı, pozğunluğu, amansızlığı rədd etmişlər. Qədim şumer
filosoflarının fikrincə, böyük allahlar öz təbiətinə görə
xeyirxahdır. Bununla yanaşı, onlar belə hesab edirlər ki, bəşər
sivilizasiyasını yaradan allahlar şəri, yalanı, zorakılığı, bir sözlə
bütün qüsurları özləri cəmiyyətin həyatına gətirmişlər. “Allahlar
nə üçün belə hərəkət edirlər?” sualına onlar cavab tapa bilmirdilər,
əslində heç axtarmırdılar. Eyni zamanda şumer mütəfəkkirləri çox
vaxt allahları yer üzərində hökmranlıq edən padşahlarla
eyniləşdirirdilər. Yəni şahlar necə hər bir adama kömək
etmirdilərsə (yaxın adamları istisna olmaqla), allahlar da onlardan
kömək diləyən ayrı-ayrı adamlara kömək etmirdilər. Elə buna
görə də ayrı-ayrı «şəxsi allahlar», «qoruyucu mələklər» ideyası
meydana çıxırdı. Şumerlərə görə, insanlar allahlara xidmət etmək
üçün gildən yaradılmışlar.
Qədim İkiçayarası mədəniyyəti Cənubi İkiçayarasının əkinçi
______________Milli Kitabxana_____________
121
tayfalarının və şumerlərin nailiyyətləri əsasında yaranmışdır. Bu
mədəniyyət müstəqil inkişaf yolu keçmiş, Yaxın Şərqin bir çox
xalqlarının mədəniyyətinə müəyyən təsir göstərmişdi. İkiçayarası
xalqlarının memarlıq, incəsənət, ədəbiyyat, yazı, elmi biliklər
sahəsində əldə etdikləri nailiyyətlər Qədim Şərqin bir sıra
ölkələrinin mədəni həyatında öz əksini tapmışdı.
Qədim cəmiyyətlərin ideologiyasının
əsasını dini
təsəvvürlər təşkil edirdi. Dini təsəvvürlərin totemizm, animizm və
fetişizm növləri hələ erkən əkinçi tayfalarının həyatında mühüm
yer tuturdu. Yer və göy təbii hadisələri, insan taleyi və güzəranı
qeyri-təbii qüvvələrin əməlləri ilə bağlanılırdı. Tədricən belə təbii
qüvvələrə adlar verilmiş, bu və ya digər təbii hadisəni onların adı
ilə bağlamışdılar. İkiçayarasının erkən əkinçi icmaları ayrı-
ayrılıqda bu və ya digər allaha sitayiş edirdilər. Bu icmaların dini
təsəvvürlərini bərəkət və məhsuldarlıq bildirən ilahə təşkil edirdi.
Erkən dövrdə allah və ilahələr heyvan görkəmində təsvir
olunurdular. Təbiət qüvvələri ilahiləşdirilirdi. Hər bir icma özünün
himayəçi allahına sitayiş edirdi. Erkən əkinçilərin etiqadı üçün
politeizm, yəni çoxallahlılıq səciyyəvi idi. Bu hal ilkin sinifli
cəmiyyətdə öz varlığını saxlayırdı və İkiçayarasında vahid
dövlətin meydana gəlməsi nəticəsində dini ibadətlərin
birləşdirilməsi zərurətini ortaya atmışdı. İkiçayarasında bütün
allahları və ibadətləri birləşdirən ümum Şumer panteonu yaradıldı.
Şumer əsatirləri İkiçayarasının dini və allahları barədə
məlumat saxlamışdır. Qaynaqlarda e.ə. III minillik üçün bir neçə
yüz allahın adı çəkilir. Şumerlərin təsəvvürünə görə, ilk əvvəl
bütün dünya başdan-başa suya qərq olmuşdu. Okean suyunun
dərinliyində bütün varlığın «böyük anası» ilahə Nammu
yaşayırmış. Nammunun bətnindən yarımkürə şəkilli dağ
qalxıbmış. Dağın başında «böyük ata» allah An, dənizdə yastıvarı
lövhə üzərində ilahə Ki yaşayırmış. Hər iki ilahi qüvvə bir-birinə
bitişik imiş. Bu iki allahın nikahından allah Enlil (Ellil) dünyaya
gəlmişdi. Onun ardınca bu cüt allah xeyli uşaq törətmişdi. Onların
içərisində yalnız yeddi allah öz qüdrəti və müdrikliyi ilə
fərqlənirmiş. Bunlar allahların şurasını təşkil etməklə bütün
dünyanı idarə edirmişlər. Enlil allahların başçısı və ağsaqqalı
|