______________Milli Kitabxana_____________
150
Ata: «Onda təkrar et».
Oğul ata nəsihətini təkrar edir, lakin sonralar bu nəsihətə
əməl etmir.
Ata yenidən qəzəblənir.
«Qulaq as, adam ol! Meydançalarda dayanma, bağ-bağçanı
gəzmə. Məktəbə get, bu sənə xeyir gətirər. Mən öz qohumlarımıza
baxıram, onların arasında sənə oxşar adam tapa bilmirəm. Sən
mənim ürəyimi üzdün, sən məni qəbirə aparacaqsan. Mən heç
vaxt sənə iş buyurmamışam, torpaq şumlamağa göndərməmişəm,
torpaq toxalamağa göndərməmişəm. Başqa sənə oxşar uşaqlar
işləyirlər, valideynlərinə kömək edirlər. Onlar ataları üçün taxıl
yığıb çoxaldır, arpa, yağ və yunla təchiz edirlər. Sən isə onlarla
müqayisədə heç kişi deyilsən. Mən səni onlar kimi işləməyə
məcbur etməmişəm. Sən öz qardaşına, şagird yoldaşına bax. Nə
üçün sən onları ötüb keçmirsən? Heç olmasa öz böyük qardaşına,
kiçik qardaşına tay olmağa çalış.
Sənə görə mən gecə-gündüz əzab çəkirəm. Gecə və gündüzü
kef axtarmaqla puça verirsən, sən çoxlu cavahirat toplamısan,
yoğunlamısan, yekəlmisən, lovğa və güclü olmusan. Ancaq sənin
bütün nəslin səbirlə gözləyir ki, sənə bir bəla üz versin və onlar da
buna baxıb sevinsinlər, çünki sən adam olmağa can atmırsan».
Hekayədən gətirilmiş bu qısa mətn göstərir ki, qədim
zamanlarda savad almağa laqeyd olan övladlar valideynin
narahatlığına səbəb olurdular. Övladın biganəliyinə baxmayaraq,
ata allahlardan oğluna qayğı göstərməyi və başına ağıl qoymağı
diləyir.
Şumerlər təkcə oxumaqdan yayınanlar haqda hekayə
yaratmamışlar. Səylə çalışan məktəblinin gündəlik həyatı haqda
da hekayə vardı. Hekayə «Məktəblinin günü» adlanır. Onu da 4
min il əvvəl yaşamış naməlum müəllim yazmışdır.
Hekayədən göründüyü kimi, şumer məktəblisi dərsə
gecikməkdən qorxur, çünki «müəllim onu çubuqla döyə bilər».
Hər səhər anasını tələsdirir ki, ona səhər yeməyi hazırlasın.
Hekayənin mətni bilavasitə şagirdə yönəldilmiş sualdan başlayır:
- «Ey məktəbli, sən erkən uşaqlıqda haraya getmisən?»
Şagird cavab verir: - «Mən məktəbə getmişəm».
|