______________Milli Kitabxana_____________
106
şəhərində meydana gəlibmiş. Aydındır ki, şumerlərin təsəvvürünə
görə, hakimiyyət göydən düşmüşdür, yəni allah tərəfindən bəxş
edilibmiş. Buna uyğun olaraq şumerlər əfsanəvi hökmdarların
hakimiyyətini min və yüz illərlə ölçürdülər. Şumerlərin «Hökmdar
siyahısı» erkən hakimiyyəti əfsanəvi «Ümumdünya daşqınından»
əvvəlki dövrə şamil edirdi. Məsələn, Şuruppak şəhərinin hakimi
Ziusudra belə hökmdarlardan biri hesab edilirdi. Onun adı
əfsanəvi «Ümumdünya daşqını» ilə əlaqələndirilirdi. Guya o, 36
min il hökmdarlıq etmişdi. Ziusudra əfsanəvi hökmdar idi. Onun
surəti akkad dini əsatirlərində Utnapiştim, Tövratda Noy,
müsəlman dinində Nuh adı altında verilmişdir.
Şumerdə hökmdar hakimiyyətinin meydana gəlməsi e.ə. III
minilliyin birinci yarısına təsadüf edir, halbuki şumer yazılı
mənbələri, deyilən kimi, hökmdar hakimiyyətinin yaranmasını
daha əvvəlki, əfsanəvi dövrlərə şamil edir. Şumerdə dövlət
hökmdar hakimiyyəti şəklində artıq e.ə. IV minilliyin sonunda
meydana gəlmişdi.
Erkən sülalələr. Şumer şəhər-dövlətləri e.ə. III minilliyin
birinci yarısında meydana gəlmişdilər. Şumerdə mövcud olmuş
dövlətlər adətən erkən sülalələr adı daşıyırdılar. Erkən sülalələr
dövrü e.ə. XXVIII-XXIV əsrləri əhatə edir. Birinci erkən sülalə
dövründə (e.ə. XXVIII-XXVII əsrlər) Kiş şəhər-dövləti siyasi
üstünlük əldə etmişdi. I Kiş sülaləsinin onuncu hökmdarı guya
1560 il hakimiyyətdə olmuş əfsanəvi Etana idi. «Hökmdar
siyahısı» göstərir ki, Etana çoban idi. Guya o, qartal qanadı
üstündə göyə qalxmış, hakimiyyət rəmzini gətirmiş, sonra bütün
ölkəni birləşdirmiş və hökmdar olmuşdur. Etana Şumer dövrü
əfsanələrinin qəhrəmanı kimi məlumdur. Əfsanədə onun qartal
qanadı üstündə göyə qalxmağı təsvir edilmişdir. Kişdən sonra
Uruk şəhər-dövlətinin yüksəlişi başlandı. Uruk sülaləsi Kiş
sülaləsi ilə yanaşı mövcud olmuşdur. Birinci Uruk sülaləsinin
görkəmli hökmdarları En-Merkar, Luqalbanda və Gilqameş idi.
En-Merkar şərqdə Aratta ölkəsi ilə münaqişəyə girmiş və son
məqamda iqtisadi əlaqə yaratmışdı. Aratta Urmiyyə gölü hövzəsi
(Cənubi Azərbaycan) ərazisinə verilən ad idi. Arattadan Uruka
qızıl, gümüş, inşaat daşı, lacivərd (lazurit) və başqa qiymətli
|