______________Milli Kitabxana_____________
102
mifologiyasında İştar çox ehtiyatla İnanna ilə eyniləşdirilə bilər.
O, gənc qəhrəman Tammuzun (Dumuzun) sevgili arvadı kimi
təsvir olunurdu. Lakin gec-tez sevgilisinə xəyanət edərək onu
yeraltı dünyaya göndərmişdir. İlahəyə Mesopotamiyanın, demək
olar ki, bütün şəhərlərində xüsusi məbədlər yaradılmışdı. Onun
baş məbədi ən qədim zamanlardan Urukda olmuşdur. Babilistanda
İştar ilahəsinin böyük məbədi mövcud olmuşdur.
Allah Adad tufanı, yağışı, fırtınanı, ildırımı idarə edirdi. O,
təbiət hadisələri allahı olub, xüsusilə digər dağıdıcı qüvvələrin
allahı kimi də məşhur olmuşdur. Şumer dövründə o qədər də
parlamayan Adadın fəaliyyəti Babil dövründə daha geniş vüsət
tapmışdır. Adadın əhəmiyyəti Mesopotamiyaya Semit tayfalarının
axını ilə daha güclənmişdir. Həmin tayfalar Adadı «Bəndin səma
idarəedicisi» adlandırırdılar. Onun təsvirlərində allahı bir əlində
ildırım parçası, digər əlində isə balta tutmuş halda görmək olar.
Yeraltı dünyanın hamisi İştarın bacısı ilahə Ereşkiqal idi. Bir dəfə
bacısının paxıllığını çəkən Ereşkiqal yeraltı dünyaya baş çəkən
İştarla çox pis rəftar etmişdi. İştar çox çətinliklə geri qayıtmışdı.
Yeraltı dünyaya təşrif buyurmuş allah Nerqal Ereşkiqala qalib
gəlmiş, onu özünə arvad etmişdi. Yeraltı dünyanın hakiminə
çevrilən Nerqal yerlə əlaqəsini üzməmişdi. O, təbiətin bir sıra şər
qüvvələrini ifadə edirdi. Yandırıcı günəş istisi, qızdırma və
müxtəlif keçici xəstəliklər onun tabeliyində idi. Tədqiqatçıların
fikrincə, Kutu şəhəri axirət dünyası və vəba allahı Nerqalın
şərəfinə tikilmişdir.
Allahların rolu şəhər və dövlətlərin tarixi rolu ilə bağlı idi.
Şumer dövründə ikinci dərəcəli rol oynayan Marduk Babil
dövründə baş allaha çevrildi. Hammurapi zamanında o, Anu və
Enlili öz mövqelərindən sıxışdırdı. «Enuma eliş» (Yuxarıya
yüksələn zaman) adlı didaktik poemada Marduka yaradıcı allah
funksiyası verilir. Yeni Babilistan dövründə, xüsusilə
Navuxodonossorun padşahlığı illərindən başlayaraq Marduk
allahların əksəriyyətinin funksiyalarını əlinə keçirdi. Mardukun
arvadı ilahə Tsarpanit idi. Onun köməkçi və müdafiəçi rolunda
xüsusi işçiləri, «nazirləri» və s. qulluqçuları var idi. Bunu
Tsarpanit haqqında da demək olar. Mardukun oğlu Nabu idi.
|