______________Milli Kitabxana_____________
99
Babil allahlarının əksəriyyəti Şumer allahlarıdır. Şumer allahlarını
qəbul etmiş Babillilər onların xeyli hissəsinin adlarını dəyişmiş,
funksiya və vəzifələrini isə dəyişməz saxlamışlar. Şumerlərdə
allahların daxili iyerarxiyası mövcud olmuşdur. Hər bir allah
özünəməxsus mövqe tutmuşdur. Allahlar panteonu cəmiyyət və
dövlət qaydalarına uyğun təşkil edilmişdi. Allahlar iyerarxiyasının
zirvəsində əvvəllər Şumer allahı Anu dururdu. O, özünə göylərdə
məskən seçmiş səma allahı idi. Digər allahlar isə onun övladları
sayılırdı. Lakin Anu allahının bu cür yüksək mövqeyinə
baxmayaraq, ona nisbətən məhdud sayda məbədlərdə sitayiş
edirdilər. İnsanlara düşmən kəsilən Anu onlara müxtəlif bəlalar
göndərirdi. Odur ki, onunla dindarlar arasında heç vaxt yaxınlıq
və etibarlılıq münasibətləri yaranmamışdır. Təsadüfi deyildir ki,
Şumer dövründə Anunun yerini bir sıra münasibətlərdə oğlu Enlil
tutmağa başlamışdı.
Şumer allahı Enlil (bunu çox vaxt «küləklər hökmdarı» kimi
tərcümə edirlər) baş allah mövqeyinə qalxdı. O, talelər cədvəlinə
malik idi. Bunun sayəsində dünyanın taleyini qabaqcadan görə
bilirdi. Eyni zamanda təbiətin məhsuldarlığı və adamların həyatı
haqqında da hökm verə bilirdi.
Enlil təbiətin dağıdıcı qüvvələri-tufan, daşqın və s. hakimi
olduğundan öz şıltaqlığına əsasən adamları cəzalandıra bilərdi.
Adamları, habelə yer üzündə mövcud olan bütün canlıları məhv
etmək üçün dünya daşqınını o göndərmişdi. Atası Anu kimi Enlil
də qorxunc cəza verən allah imiş və insanlar üçün onun etimadını
qazanmaq olduqca çətin olmuşdur.
Enlilin əksi olan allahı Şumerlər Enki, sonrakı semit xalqları
isə Eya adlandırırdılar. Eya su dibi allahı olub Enlilin oğlu idi.
Şumerlərin fikrincə, müdriklik suyun dibində yerləşir. Ona görə
də Şumerlər bütün biliklərinə görə Eyaya borcludurlar. Eya
sənətin, müdrikliyin və elmin hamisi hesab olunurdu. Şumerlərə
görə yazı Eyanın sayəsində kəşf edilmişdi. Eyanın əqli insanlara
imkan verir ki, yerin gizli qatlarının və səmanın sirlərinə
yiyələnsin. Eya xəstəlikləriə, bədbəxtliklərə və müxtəlif
fəlakətlərə çarə tapan allah sayılırdı. Ona gizli cadugərlik məlum
idi. İnsanlar kömək və məsləhət üçün ona müraciət edirdilər.
|