______________Milli Kitabxana_____________
205
yaxşıdır ki, mömin ər ev tikmişdir, onu odla, südlə, arvad-uşaqla,
(ev heyvanları) sürüsü ilə təmin etmişdir. Orada yaxşıdır ki, nə
zaman ki, xeyli əkirlər, taxıl, ot, barlı bitkilər becərirlər, susuz
yerə su çəkirlər, bataqlığı qurudurlar... çoxlu buynuzlu xırda və iri
heyvan saxlayırlar... xırda və iri buynuzlu heyvanlar çoxlu peyin
verirlər". Zərdüşt təlimi dinə sitayiş etməyə, əkinçiliklə məşğul
olmağa, ailə qurmağa, bir sözlə, zəhmət çəkməyə dəvət edir,
torpağa qulluq eləməyə çağırır. Qaynaq yazır: "Uzun müddət
əkilməyən və əkinçidən becərilməni gözləyən, bunun üçün
kəndlidən yaxşılıq arzulayan torpaq qane deyildir, necə ki, uzun
müddət övladsız qalmış qəddi-qamətli cavan qadın bunun üçün
ərindən yaxşılıq arzulayır... Kim bu torpağı becərmirsə, o,
yaşamaq üçün çarə axtaranlar arasında başqasının qapısına
söykənir, lakin ağız suyu axıdan (yəni dadlı) hər bir xörəyi onun
yanından aparıb, onsuz da hər şeyi kifayət qədər olana
verəcəklər... Kim əkir, taxıl becərirsə, o, həqiqət əkir (yaradır),
Mazda inamını aşılayır, Mazda inamına çörək verir... Qoy evdə
həmişə un xörəyi olsun ki, divləri lərzəyə salsın".
Sonra Zərdüşt hansı ölkələrin yaşayış üçün yaxşı olduğunu
Ahuramazdadan soruşur. Ahuramazda belə ölkələr cərgəsində
Ariyanam vayca (Orta Asiyada), Qava-soqdalar diyarı, Margiana,
Baktriya, Nisaya (Baktriya və Margiana arasında), Areya,
Araxoziya, Raqa, Varna, Yeddi hind vilayəti, Ranhi ölkəsi və
başqalarının adını çəkmişdir. Bu siyahıda əsasən irandilli
tayfaların, qismən də türk etnoslarının yayıldığı, yaxud
məskunlaşdığı ərazilər və ölkələr təmsil olunmuşdur. Midiya
(Raqa şəhərindən başqa), Azərbaycan burada öz əksini
tapmamışdır. Deməli, bu zaman Zərdüşt təlimi nə Midiyada, nə də
Azərbaycanda geniş yayılmamışdı. Lakin İranın başqa ölkələrində
olduğu kimi, burada da, dini ayin və mərasimləri kahinlər yerinə
yetirirdilər. Haxamanişlərin hakimiyyəti illərində kahinlər maq
adını daşıyırdılar.
Çox güman ki, maqlar dini mərasimləri keçirən, ayinləri
qoruyan kahinlər idilər. Qaynaqların məlumatına görə, Midiya
tayfalarının birini maqlar təşkil edirdi. Lakin maqlar din xadimləri
kimi müəyyən ictimai təbəqəyə daxil idilər. İlk maqlar nə
|