______________Milli Kitabxana_____________
245
(kölgə) formasındadır. Bu rəsm üsulu da dövrün məhsulu idi.
Burada ibtidai insanların müvəffəqiyyətli ovdan sonra şadlanaraq
rəqs etmələri, yaxud təbiət qüvvələri ilə mübarizədə qalib çıxmış
adamların sevinci və məşəl ətrafında hərlənmələri təsvir
edilmişdir. Belə rəsmlərdə insanlar bir-birindən fərqlənmir.
«Yallı» tipli qrup rəqsləri daş dövründə heç bir dini səciyyə
daşımırdı. Lakin sonrakı dövrlərdə qəbilə dini ayinlərində bu
rəqslərdən geniş surətdə istifadə edilmişdir.
Bəzi alimlər daş dövrünün petroqliflərini incəsənətlə heç bir
əlaqəsi olmayan dini səciyyəli sehrkar magiya rəsmləri kimi
qələmə verməyə çalışırlar. Onlar bu təsvirlərdə incəsənət üçün
mühüm xüsusiyyət olan hissi emosional keyfiyyətlərin
olmamağını əsas dəlil kimi irəli sürürlər ki, bu da tamamilə yanlış
fikirdir.
Bu qaya təsvirlərinə əsasən biz daş dövrün adamlarının
idrak proseslərini öyrənir, cəmiyyətin məhsuldar qüvvələri ilə
tanış olur, insanların geyimləri, silahları və s. haqqında məlumat
toplayırıq. Demək, bu rəsmlər obyektiv varlığı müəyyən dərəcədə
əks etdirir və beləliklə də, incəsənətin ictimai vəzifələrini yerinə
yetirir. İbtidai insanların rəsmlərində emosional xüsusiyyətlər
axtarmaq yersizdir. Çünki kontur xətli təsvirlərdən hissi
keyfiyyətlər tələb etmək olmaz. Belə təsvirlərdə biz insanların
sevincini, kədərini və s. emosional keyfiyyətlərini görməsək də,
təsəvvür edirik.
İbtidai sənət əsərlərində konkretlikdən uzaq, ümumi və
mücərrəd xüsusiyyətlərə malik insan surətləri yaradılırdı. Burada
kişi rəsmləri təxminən bir-birini təkrar edirdi. Bu cəhət heyvan
təsvirlərində də öz əksini tapır. Daş dövrünün rəssamından
təsvirlərdə surətin konkret xüsusiyyətlərini ifadə etmək bacarığını
gözləmək olmazdı. Yuxarıdakıları nöqsan hesab edərək qədim
təsvirlərin incəsənətdən uzaq olduğunu iddia etmək düzgün deyil.
Nəzərə almaq lazımdır ki, qaya təsvirləri keçmişdəki konkret
varlıqların xətti obrazı kimi müasirlərimizin diqqətini cəlb edir.
Həcmlərin konturlu xətlərlə ifadə edilməsi, heyvanların dinamik
vəziyyətdə verilməsi və s. xüsusiyyətlər, söz yox ki, ibtidai
insanlarda bədii təfəkkürün fəaliyyəti ilə əlaqədar olmuşdur.
|