______________Milli Kitabxana_____________
247
düzbucaqlıdakı xətlərin sayından bilirik). Sağ tərəfdə nizə atan
süvari isə öz borcunu ödədiyi üçün rəssam bu haqda heç bir şey
göstərmir.
Qobustan piktoqramlarının ikinci qrupuna yaddaş vəzifəsini
görən dini xarakterli yazılar daxildir. Bu tip təsvirlər gündəlik dini
ayinləri yerinə yetirmək üçün əyani vəsait kimi təcrübi
əhəmiyyətə malik olmuşdur. Tunc dövrünün belə bir
piktoqramında heyvanların qurban kəsilməsi ayininin icrası
göstərilir.
Üçüncü qrup yazılara qəbilənin gündəlik təsərrüfat həyatı ilə
bağlı olan piktoqramlar daxildir. Ovçuluq, maldarlıq və ov
məşqləri ilə əlaqədar süjetli təsvirlər bu qrupa mənsubdur. Ov
məşqlərinin necə keçirilməsini nəql edən, daş dövrünə aid bir
təsviri nəzərdən keçirək. Dağda cızılmış böyük öküz rəsminə ox
atmaqla ov məşqi keçmək üçün ovçular bir cərgədə düzülmüşlər.
Onların üzü öküz təsvirinə və arxaları bizə tərəf olduğundan
qolları və əlləri görünmür, kürəklərindəki kaman və geydikləri
enli dəri şalvarları isə aydın görünür. Qədim rəssam icma
üzvlərinin ovdan əvvəl necə məşq etdiklərini bu əsərində nəql
edir. Bu piktoqram göstərir ki, ən qədim qaya təsvirlərimiz daş
dövründə əcdadlarımızın ov təsərrüfatlarına, ovdan əvvəl məşq
keçmələrinə və s. həsr edilmişdir.
O dövrün ox və kamanları ibtidai olduğu üçün uzaq
məsafədən vəhşi öküzləri ovlamaq olduqca çətin idi. Odur ki,
qədim əcdadlarımız daş dövründə çox mühüm bir kəşf etmiş və
onun nəticəsində
də heyvanlara yaxınlaşmaq üçün
müvəffəqiyyətli bir hiylə işlədə bilmişlər. Onlar uzun
müşahidələrin nəticəsində kəşf etmişdilər ki, vəhşi heyvanlar
özlərinin qüvvətli iybilmə qabiliyyətlərinə yox, çox zəif görən
gözlərinə inanırlar. Odur ki, heyvanların bu zəif cəhətindən
istifadə edən əcdadlarımız heyvan cəmdəklərindən düzəltdikləri
gizləncəklərin arxasında gizlənərək, vəhşi öküzlərə asanlıqla
yaxınlaşır və onları yaxından vura bilirdilər. Vəhşi heyvanlar isə
bu gizləncəkləri özlərinə oxşadığı üçün heyvan bilib yaxına
buraxırdılar. Qobustan qayalarında bu gizləncəklərə həsr edilmiş
petroqliflər çoxdur.
|