______________Milli Kitabxana_____________
255
ilə bəzədilməsi qədim Zaqafqaziyada ancaq Azərbaycan
dulusçularına xas olan bir xüsusiyyət idi.
Fiqurlu keramika bu dövrdə özünün ən nadir nümunələrini
yaratmışdı. Fiqurlu qablar məlum texnologiyaya əsasən cilalanmış
qara və boz rənglərdə olurdu.
Tunc dövrünə aid fiqurlu qabların çoxu quş şəklindədir. Bu,
o dövrün dini əqidələri ilə bağlıdır. Həmin dövrdə hazırlanmış
tunc quş fiqurları Xanlar, Çovdar və başqa yerlərdən tapılmışdır.
Bu içi boş quşlar ölülərin ruhunun simvolik ifadəsi olub, onların
saxlanması üçün ən etibarlı yer idi. Ola bilsin ki, bu fiqurlar hami
ruhlara da aid olmuşdur. Ruhların yerləşməsindən başqa, onların
qidalanmasını da nəzərə alaraq qəbirlərə quş formalı gil su qabları
qoyulurdu. Belə qablar ənənəvi olaraq Alban dövründə də
düzəldilirdi.
Onların ən yaxşı nümunəsi Füzuli rayonunun Molla
Məhərrəmli kəndindən tapılmışdır. Həmin nümunədə quşun
gözləri muncuqdandır, onlar üst tərəfdən qabarıq xətlə
haşiyələnmişdir. Şərti formada düzəldilmiş bu fiqurda qanadlar
maili qabarıq xətlərlə göstərilmişdir.
Bu dövrdə üstündə bir neçə quş başı olan qablar da
yaradılmışdır.
Dəmir dövrünün əvvəllərində (e. ə. VIII-VI əsrlərdə) fiqurlu
keramikanın daha yeni bir tipi ortaya çıxır. Bu, öküz başı şəklində
olan qablardır. Onlardan biri Gədəbəydə, ikincisi Anadoluda
(xetlərə aiddir), üçüncüsü isə Gürcüstanda qazılıb çıxarılmışdır.
Güman etmək olar ki, maye bu su qablarından süzülərək bədxah
ruhlardan təmizlənirmiş. Alban dövründə bu tip qablara rast
gəlmirik. Lakin onları əvəz edən, onların vəzifəsini görən yeni
zoomorf qablar ortaya çıxır. Bu yeni tipli fiqurlu qablar zoomorf
keramikanın ikinci qrupunda nəzərdən keçirilir. Üçüncü qrupa
daxil olan Mingəçevir ritonu da həmin vəzifəyə xidmət etmişdir.
Öküz başlı fiqurlu qabları Türkiyə tədqiqatçısı Remzi Oğuz
yunan ritonlarının ən qədim tipləri hesab edir. Dəmir dövrünün
başlanğıcında bu tipli keramikanın ortaya çıxması öküzü totem
saymaq əqidəsi ilə bağlıdır.
Daha sonralar (e. ə. VII-V əsrlərdə) tufit daşından yonulmuş
|