______________Milli Kitabxana_____________
252
edildiyindən, qabların plastik quruluşu yüksək estetik keyfiyyətə
malikdir. Misal üçün, Çovdardan (Daşkəsən yaxınlığında)
tapılmış qabda gövdənin yuxarıya və aşağıya doğru daralan
bikonik şəkildə həll edilməsi onun plastik gözəlliyi üçün əsas
yaratmışdır. Gövdənin dairəvi və zərif dayaq üzərində qurulması,
çiyinlərin ritmik şəkildə olan üç qulp ilə tamamlanması gözəl
siluetli qabın hündür görünməsinə səbəb olmuşdur. Bu qabın
gövdəsi üzərində təkrar edilən ritmik şaquli xətlər və boğazı
bəzəyən cızma üçbucaqlar dulusçunun məharətinə dəlalət edir.
Ustalar məmulata dekorativ forma vermək üçün dulusçu
dəzgahından bacarıqla istifadə etmişlər. Bunu Xanlar rayonundan
tapılmış şaquli kompozisiyalı qabda aydın görürük. Burada
oturacaq konus şəklində həll edildikdən sonra, gövdə dəzgahın
köməyi ilə qabarıq çevrələrə bölünmüşdür. Yuxarıya doğru
daralan gövdənin plastik formasını həmin dekorativ ünsürlər
kəskin surətdə nəzərə çarpdırır. Demək, asan bir üsulla çox
mürəkkəb estetik keyfiyyət əldə edilir.
Belə qabların qara rəngli və cilalanmış olması onların bədii
keyfiyyətinə müsbət təsir göstərmişdir. Odur ki, tədqiqatçılar uzun
zaman bu tip keramikanın texnologiyasını öyrənmək üzərində
çalışmışlar. Bu haqda keçən əsrin 30-cu illərində Türkiyə
keramisti Nuru paşa ilk müvəffəqiyyətli nəticələr əldə etmişdir.
Dulusçular qədim keramik məmulatı qara rəngə boyamaq üçün
adi hisdən bacarıqla istifadə etmişlər. Bu məqsədlə onlar açıq
havada qurudulmuş gil qabları əvvəlcə hamar sümük və yaxud
başqa bərk çisimlə yaxşıca sürtərək onun üzərindəki məsamələri
doldurub bərkidirdilər, bunu ona görə edirdilər ki, qab kürədə
bişəndən və qara rəng alandan sonra, həm də cilalanmış və parıltılı
olsun. Bu qayda ilə hazırlanan qablar tamamilə qara rəngli və
cilalanmış olur. Lakin elə qablara da rast gəlirik ki, onların
gövdəsi boz, üzərindəki həndəsi naxışlar isə tünd-qara rəngli və
parıltılıdır. Belə hallarda həmin qablar bişirilməmişdən qabaq
yuxarıdakı üsul ilə hazırlanır. Fərq ancaq orasındadır ki, bu tip
məmulatın bütün səthi deyil, ancaq naxışları sürtülüb bərkidilir.
Nəticədə qab bişəndən sonra onun sürtülmüş naxışları tünd-qara
və cilalı, ornamentin yerliyi isə boz rəngdə olur.
|