______________Milli Kitabxana_____________
244
Beləliklə də, onlar ovlanacaq heyvanı daha yaxşı öyrəndikcə,
ovun müvəffəqiyyətli keçəcəyinə daha çox inanırdılar. Bu
ideyadan ruhlanan ibtidai adamlar ovun şəklini nizə, yaxud oxla
vuraraq qəbilə qarşısında ovda neçə iştirak edəcəyini nümayiş
etdirirdilər. Bu proses əslində ova gedəcək adamların «döyüş»
məşqi idi. Söz yox ki, bu məşqlərin böyük mənəvi-ruhi xeyrindən
başqa, təcrübə əhəmiyyəti də var idi. Ovçular bu hazırlıqda sərrast
atmağı və vurmağı da öyrənirdilər. Təsadüfi deyil ki, Qobustanın
bu dövrə aid böyük öküz rəsmlərində nizə və ox izləri indi də
görünür.
Hər dəfə belə məşqlər keçəndən sonra ovda müvəffəqiyyət
qazanan ibtidai insanlar getdikcə bu fikrə gəlmişlər ki, heyvanın
rəsmi qayada cızılmasaydı, o ovlanmayacaqdı. Beləliklə, əvvəllər
heyvan rəsmlərinin cızılmasına gələcək ov səbəb olmuşdusa,
sonralar bu məsələ tərsinə dərk edilir, yəni heyvanın şəkli
çəkilməyincə, ovun baş tutacağına ümid olmurdu. Ancaq bu ikinci
mərhələni iş, istehsal magiyası hesab etmək olar. Lakin belə
magik, sehrli təsəvvürün əmələ gəlməsi üçün əcdadlarımızın nə
qədər uzun bir dövr keçmiş olduğunu nəzərə almaq lazımdır. Bu
sehrkarlıq mis-daş dövrünün məhsulu idi.
Daş dövrünün rəsmlərində öküzlər kontur cizgiləri vasitəsi
ilə çəkilirdi. Siluet rəsm üsulu insan təsvirlərində görünür, kişilər
əlində ox, kürəyində kaman olduğu halda, əzəmətli surətlər
şəklində rəsm edilirdi. Petroqliflərdə kişilər kobud, lakin hündür
və döyüşkən bir vəziyyətdə əks edilmişdir.
Bu rəsmlərdən bilinir ki, insanların qiyməti onların ibtidai
icma quruluşuna verdikləri əməli fayda ilə müəyyən edilirmiş.
Onların hər şeydən çox istehsal bacarıqları qiymətləndirilirmiş.
Bu göstərir ki, daş dövrünün rəssamları yaşadıqları dövrün dünya
görüşünə uyğun olaraq mühüm əlamətləri seçib təsvir etməyi
bacarmışlar. Əlbəttə, bu rəsmlərin nöqsanları - şərtiliyi,
sxematikliyi, səthiliyi və s. dövrün iqtisadi-mədəni geriliyindən
irəli gəlirdi.
İnsan rəsmlərində siluet formasından geniş istifadə
edilmişdir. Tək dayanmış ovçuların rəsmi, adamların əl-ələ
verərək qrup şəklində rəqs etməsini göstərən təsvirlər siluet
|