______________Milli Kitabxana_____________
240
Azərbaycanda rast gəldiyimiz kurqanların hündürlüyü I
metrdən 14-16 metrə qədər olduğu halda, onların diametri əksər
hallarda, 2-3 metrdən 18-22 metrə qədər çatır. Nadir hallarda isə
onların hündürlüyü 25 metrə çatır.
Kurqanlar «axirət dünyası» ideyasına xidmət edən memarlıq
abidələridir.
Arxeoloq Y. İ. Hummel Xanlar rayonunun kurqanlarını
tədqiq edərkən, onların səpələnmiş halda deyil, müəyyən ərazidə
toplanmasına diqqət yetirmişdir. O, qərara gəlmişdir ki, bütün
qəbirlər müəyyən bir nöqtə ətrafında - günəş şüasının çevrə boyu
yayılması istiqamətində tikilmişdir. Onun kəşf etdiyi bu
qanunauyğunluq «şəfəq sistemi» adını almışdır. Alimlər bu
sistemin Orta Asiya kurqanlarına da aid olduğu fikrini irəli
sürmüşlər.
Maraqlı cəhət burasıdır ki, kurqanların quruluşu, ağac
haşiyələrlə və onun üstündən də torpaq ilə örtülməsi, onları
Azərbaycanda geniş yayılmış qaradam adlı yaşayış evləri ilə
bağlayır. Ayrımların yaşayış evi olan qaradamların üstünün bu
üsulla örtülməsi göstərir ki, onlar da kurqanlar qədər qədim
tikintilərdir. Məlum olur ki, qədim əcdadlarımız ilk qaradamlarda
yaşadıqları vaxtlarda «axirət evlərini» - qəbirlərini, kurqanlarını
da qaradama bənzətməyə çalışmışlar. Ruhun əbədiliyinə,
ölməzliyinə inanan ibtidai insanlar qəbirləri öləndən sonra özləri
üçün daimi mənzil hesab edirdilər.
Yaşayış tikintiləri. Arxeoloqlar müəyyən etmişlər ki,
Azərbaycanın qədim yaşayış binaları qazıma və qara-damlardan
ibarət olmuşdur.
Tunc dövründə, eramızdan min il əvvəl tikildiyi güman
edilən qazımaların yarısı torpağın altında yerləşirdi. Divarları və
arakəsmələri yonulmamış çay daşından tikilmiş bir qazıma aşkar
edilmişdir. Bu binanın içərisi çox böyük, yəni uzunluğu 17-18 m
olduğu üçün onu «çox-ailəli» evlər tipinə daxil etmişlər. Lakin
həmin qazmanın ancaq bir giriş yolu olması onun bir ailəyə
məxsus olduğunu göstərir. Binanın dörd bölmədən ibarət tikilməsi
orada yaşamış ailənin böyüklüyünə, ailə başçısının oğlanları ilə
birlikdə yaşamasına işarədir.
|