______________Milli Kitabxana_____________
8
Dövrün ideologiyasının əyani vasitəsi olan dini “idarələr”-
məbədlər ilk dəfə Qədim Şərqdə meydana gəlmişdi. Sadə
məbədlər ilə yanaşı əzəmətli, bir neçə mərtəbəli zikkuratlar
(qülləli məbədlər) inşa edilirdi. Məbədlərdə xidmət edən kahinlər
təbəqəsi yaranmışdı.
Ön Qafqaz və Orta Asiya ölkələrində dövlətlərin meydana
gəlməsi bu mərhələnin müxtəlif dövrlərinə təsadüf edir.
Qədim Şərqdə mədəniyyət və incəsənətin müxtəlif sahələri
inkişaf etmişdi. Əfsanəvi nağıllar janrı, tarixi-əfsanəvi ədəbiyyat
nümunələri, ədəbiyyat, fəlsəfi fikirlər, təsviri sənət, elmi
istiqamətlər qədim Şərq xalqlarının fəaliyyətinin və bədii
yaradıcılığının bəhrəsi olmuşdur. Xüsusilə Babil, Hind, Misir,
Fələstin ölkələrindən bu sahəyə aid zəngin təsviri sənət
nümunələri dövrümüzə gəlib çatmışdır.
İlk yazı növü - piktoqrafiya (şəkli yazı, heroqlif) qədim
Şərqdə icad edilmişdir. Qədim şumerlər, hindlilər, elamlar
pıktoqrafik yazı sistemini yaratmış və bundan təsərrüfat hesabı
aparmaq uçun istifadə etmişlər. E.ə. IV minilliyin sonunda
piktoqrafiya artıq tətbiq olunurdu. Piktoqrafiyanın ümumi oxşar
cəhətlərinə baxmayaraq, onu işlədən hər bir xalqın ayrılıqda
müstəqil yazı yaradıcılığı olmuşdur.
Şəkli yazı mürəkkəb fikirləri ifadə edə bilmirdi. Elamda
şəkli yazı əsasında xətti yazı yaradılmışdı. Artıq burada hər bir
işarənin heca oxunuşu vardı. Şumerdə şəkli yazının inkişaf
mərhələsini mixi yazı işarələri təşkil edirdi. İşarələr bəzi hallarda
şəkli (ideoqrafık) oxunuşu saxlamış, digər hallarda isə heca kimi
tələffüz olunurdu. E.ə. III minilliyin ortalarında artıq mixi yazıdan
geniş istifadə edirdilər. Bu yazı sisteminin yaradıcısı şumerlər idi.
Mixi yazılar müəyyən dəyişiklik ilə qonşu xalqlar, o cümlədən
akkadlar, elamlar, hürrilər, urartlar, farslar və başqaları tərəfindən
mənimsənilmiş, təsərrüfat və salnamə mətnlərinin tərtib
edilməsində istifadə olunmuşdur. Şumer mixi yazıları akkadlılar
tərəfindən təkmilləşdirilmişdi. Şumer-Akkad mixi işarələrinin sayı
600-dən çox olmuşdur. Hər işarənin bir neçə hecalı mənası var idi.
Qonşu xalqlar mixi yazıları öz dillərinə uyğunlaşdırmış, işarələrin
sayını azaltmışdılar.
|