______________Milli Kitabxana_____________
6
İBTİDAİ DÖVRÜN MƏDƏNİYYƏTİ
Yer üzündə yaşamış insanlar öz həyat tərzləri ilə bağlı
zəngin bir tarixi-kulturoloji iz qoyub getmişlər. Keçmişə aid olan
maddi mənbələr (əşyalar), yazılı qaynaqlar bu günə qədər qalır və
tariximizi, kulturoloji baxımdan öyrənməyə imkan verir. Maddi
mənbələr əsasən yaşayış yerlərindən və qəbir abidələrindən əldə
edilir. Yazılı qaynaqlar, kitabələr isə qayalar, daşlar, sümük və gil
lövhələr, papirus və s. əşyalar üzərindədir.
Maddi mədəniyyət abidələri (yaşayış yerləri, qəbir abidələri,
qayaüstü təsvirlər və s.) və tədqiqat nəticəsində əldə edilmiş
materiallar (əmək alətləri, silahlar, bəzək əşyaları və s.) qədim
keçmişi öyrənmək üçün son dərəcə əhəmiyyətli tarixi-kulturoloji
mənbələrdir. Bu abidələr vasitəsilə qədim insanların yaşayış tərzi,
istifadə etdikləri əmək alətləri, adət-ənənələri, dini görüşləri
haqqında məlumatlar əldə edilir, onların davranış və məişət
həyatı, məşğuliyyəti və ictimai münasibətləri kulturoloji baxımdan
öyrənilir və tədqiqat obyektinə çevrilir.
Müxtəlif tipli qəbir abidələri-daş qutu qəbirlər, torpaq
qəbirlər, kurqanlar, küp qəbirlər, taxta qutu, katakomba və
onlardan əldə edilmiş materiallar qədim insanların adət-ənənələri,
dünyagörüşləri, dini inancları və s. haqqında geniş kulturoloji
məlumatlar verir.
Qəbir abidələri insanlar arasında müxtəlif dəfn
mərasimlərinin mövcud olduğunu göstərir. Mərhumun qırmızı
oxra ilə boyanması, parçalanaraq, yandırılaraq dəfn edilməsi
adətləri olmuşdur. Dəfn adətləri və qəbir avadanlıqları qədim
insanların axirət dünyasına inamlarının olduğunu göstərir.
Təqribən beş min il bundan əvvəl bəzi xalqlarda yazı
meydana gəlmişdir. Papirus, gil lövhələr, ağac, daş, dəri, parça,
kağız və s. üzərində yazılı tarixi mənbələr dövrümüzə qədər gəlib
çıxmışdır. Hələ qədimdə əl ilə kitablar yazılmışdı. İsgəndəriyyə
kitabxanasında 700 min cild əlyazmasında kitab olmuşdur. İndiyə
qədər qalmış yazıların çoxu oxunmuşdur, lakin hələ də alimlərin
oxuya bilmədiyi bəzi yazılı mənbələr var. Alimlər bu yazılı tarixi
mənbələr (sənədlər) əsasında tarixi-kulturoloji biliklər əldə edirlər.
Qədim Şərq ölkələri geniş coğrafi ərazidə təmsil olunmuşdu.
|