2.3.5. Qurani-Kərim: strukturu və
mədəniyyətdə önəmi
Bizim eranın VII yüzilində Ərəb yarımadasında İslam insanlara bəlli olmaq, onların ürəklərinə yol tapmaq
üçün mədəniyyətin verdiyi bir çox vasitələrdən istifadə etmişdi. Əgər din kültürün verdiyi bütün dillərdə
danışırsa, yəni həm verbal tekstlərdə (sözlərdə), həm sənət dilində, həm jestlər, oturuşlar-duruşlar dilində
danışırsa, bütün bunlar həmin dinin gəlişmiş, açılışmış olmasına tanıq (şəhadət) verir. Adətən, dinlər uzun za-
man boyunca mədəniyyətin dürlü formalarına, vasitələrinə sirayət etməyə macal tapırlar. Adətən, dinlərə xeyli
vaxt gərək olur ki, onlar bütün mədəniyyəti özlərinə informasiya kanalı edə bilsinlər. Bu baxımdan İslamın
uğurları xeyli unikaldır. O, gözlənilməz yeyinlikdə təkcə ərəb mədəniyyətinə yox, bir çox Doğu (Şərq)
mədəniyyətlərinə yayılaraq onların dilində öz gerçəklərini bəyan etməyə başladı. Ancaq bu yayılmanın başında
610-cu ilin Ramazan ayında Qurani-Kərimin (yəni Sayğılı Quranın) ilk nazil olan (yəni göydən enən) surəsi du-
rur.
Məsələ isə belə baş verdi: Xir dağında dərin ibadət düşüncələrinə və duyğularına dalan 39-40 yaşlı
Məhəmməd peyğəmbərin gözünə birdən-birə mələk göründü və o, buyurdu: - «Oxu!» (ərəbcə: -«Ekra!»).
Peyğəmbər qayıtdı ki, oxuya bilmirəm.
Beləcə, bu buyuruq və bu cavab iki dəfə təkrarlandı. Üçüncü dəfə isə peyğəmbər dedi, nəyi oxuyum?
O zaman Mələk Qurani-Kərimdəki «Alaq» (bu ərəb sözünün ilkin anlamı qan laxtasıdır, ancaq həm də
embrion mənasını verir) adlı 96-cı surənin 1-5-ci ayələrini oxudu:
Yaradan Rəbbin adıyla oxu. O, insanı laxtadan yaratdı. Oxu, Rəbbin ən böyük kərəm (sayğı) yiyəsidir, O,
insana sözləri (yazını) öyrətdi. İnsana bilmədiyini öyrətdi.
Bu ayələrin bir yozumundan belə çıxır ki, Məhəmməd peyğəmbər savadsız idi və deməli, möcüzə odur ki,
ona nazil olan Allah sözlərindən sonra savadlı oldu.
Başqa yozuma görə Quranın Allahdan enməsinin bir sübutu da odur ki, yazını bilməyən bir kəs belə bir teks-
ti yarada bilməzdi.
İlk nazil olmuş ayələrlə bağlı bir incəlik də var. «Əl-Quran» sözü bizim də işlətdiyimiz «qiraət» sözü ilə
bağlıdır. Qiraət etmək yazını bərkdən oxumaqdır. Əski çağlarda sözlə onun yazısı, səslə onu bildirən hərf o
qədər sıx bağlı idi ki, biri deyiləndə o birisi də ağıla gəlirdi. Peyğəmbərin gözünə görünən, sonralar cəbrayıl
olduğu bilinən mələk peyğəmbərin «nəyi oxuym» sualının cavabında, belə görünür ki, ona yazı göstərmir ki,
bunu oxu. cəbrayıl özü ayələri ucadan oxuyur və güman ki, bu zaman ayələr yazı biçimində gözünün qabağına
gəlir. Məhəmməd peyğəmbərə də cəbrayılın oxuduqlarının yazıda görünməsi bəlli deyil, ancaq hər halda həmin
ayələr müsəlmanlara anlatdı ki, Qurani-Kərim yazılmalıdır və yazıdan oxunmalıdır.
Adını çəkdiyimiz mələklə bağlı əlavə edək ki, Məhəmməd peyğəmbərə Quranı çatdıran cəbrayıl həm də
«Müqəddəs Ruh» adlandırılır. Maraqlıdır ki, Bibliyanın yəhudilərə aid olan kəsimində Müqəddəs Ruhla bağlı
hansısa olaylar var (məsələn, Yaqub peyğəmbərlə Müqəddəs Ruh özü güləşir), hərçənd yalnız Xristianlıqda bu
204
ruh tam olaraq ilahiləşir və İisus Xristosla yanaşı Tanrının bilinmələrindən biri olur. Ona görə də Pravoslav
ikonalarında «Müqəddəs Üçlük» mövzusunda çəkilən şəkillərdə Tanrı üç cür, - Ata Tanrı kimi, Oğul Tanrı kimi
(İisus) və Müqəddəs Ruh kimi görünür).
Hesab olunur ki, Quran Məhəmməd peyğəmbərə 610-632-ci illər arasında verilib. Onların yazılması,
toplanması və kitab halına salınması isə uzun illər çəkib. İlk öncə peyğəmbər ona açıqlanan Quran sözlərinə
şübhə edib və vəhyi, yəni ekstaz durumunda eşitdiyi ayələr haqqında arvadı Xədicədən başqa heç kimə heç nə
deməyib. Sonralar ona açılanları əmisi oğlu Əliyə, köləlikdən azad etdiyi Zeydə və ürək dostu Əbu Bəkirə bildi-
rib. Hər üçü peyğəmbərə inanıblar və beləliklə, ilk müsəlmanlardan, yəni bir olan Allaha özlərini təslim
edənlərdən olublar.
İslamın (ərəbcə, boyun əymə, yəni Allaha itaət etmə deməkdir) özülü olan Quranın tekst kimi ilginc
özəllikləri var. Müsəlmanlar ona «Ümm əl Kitab», yəni Kitabların anası deyirlər. Müsəlman mədəniyyətində əl-
Quran, sözün əsl mənasında, kitablar kitabı funksiyasını yerinə yetirərək bütün başqa tekstlər üçün başlanğıc
rolunu oynamışdır. Məsələn, ədəb janrında olan yazılarda Qurandan ayələr başlıca arqumentlər, başlıca
açıqlamalar işini görürdülər. Filosofların diskussiyasında aydın olurdu ki, əsas fəlsəfi ideyalar başqa sözlərlə
Quranda deyilib. Şəriətdən aydın olurdu ki, bütün başlıca qanunların kökü Qurandadır.
Tekst kimi Quranın ilginc, maraqlı özəlliklərindən söhbətimizi irəlilətmək üçün onun strukturu haqqında
bəzi bilgiləri çatdıraq. İslamın müqəddəs, Qutsal Kitabında 114 surə var (hərçənd şiələrin çoxu hesab edir ki,
əslində 116 surə olmalıdır). Surə sıra, eləcə də fəsil deməkdir. Hər surə isə ayələrdən düzlənir. Ayələr
surələrdəki cümlələrdir, hərçənd anlamına görə «ayə» işarə və ya möcüzə də deməkdir. Quranda ayələrin sayı
əski nüsxələrdə 6 204 ilə 6 236 arasında dəyişir. İndi çapla yayılan nüsxələrdə isə ayələrin sayı 6 226 və 6 238
arasındadır.
Qurani-Kərimdə ən böyük surə 2-ci gələn «Bəqərə» surəsidir, onun 286 ayəsi var. 103, 108, 110-cu
surələrdə isə vur-tut 3 ayə var. Kitabın axırına getdikcə bəzi sapıntılarla surələrin uzunluğu qısalır. Hərçənd
Kitabı açan 1-ci surə «əl-Fatihə» (kitabı açan anlamını verir) çox qısadır.
Bu düzümün sirri nədədir? Ondadır ki, bir yandan, Quranda surələr sanki aydın qoyulmuş bir prinsiplə,
yəni surələrin uzunluğunun azalması prinsipi ilə sıralanırlar. Bəs elədirsə, o zaman nədən «əl-Fatihə» birinci
gəlir? Onu da deyək ki, «fatihə» bu surənin sayəsində adi sözdən müsəlman mədəniyyəti üçün önəmli simvola
çevrilərək həm sultan İİ Mehmetin «fateh» ayamasına (ləqəbinə) keçmiş, həm də bütün başlamalara «açılma»
anlamını artırmışdı.
Quranın 29 surəsinin başında gələn hərf simvolları və surələrin adları Qutsal Kitabın başqa
gizlilərindəndir. 2-ci surənin adı «Bəqərə», yəni «İnək»dir, şifri isə əlif, lam, mimdir. Bəzi yozumlara görə bu
hərflər Allahla peyğəmbər arasında olan gizli nişandır, başqa yozum da var ki, Quranın müqəddəsliyinə şübhə
ilə yanaşanların arasında yayılıb. Belələri sübut etməyə çalışırlar ki, ilkində həmin işarələrdən Quran üçün
surələri toplayanlar istifadə etsinlər ki, «materialları nişanlasınlar». Ancaq belə idisə, nədən Quranın surələri
toplanandan sonra həmin hərflər saxlanmışdı? Yəni toplayanlar elə dahi idilər ki, bu hərf simvollarının sonrakı
yüzillərdə necə bir gözəl, heyranedici simvollara çevriləcəyini bilirdilər?!
O ki qaldı «Bəqərə» sözünün surə adına çevrilməsinə, maraqlısı odur ki, inək haqqında surənin vur-tut 67-
71-ci ayələrində söhbət gedir. Bu ayələr geniş bir olayı sxematik yada salırlar. Olay isə Musa peyğəmbərlə
bağlıdır. Ona inanmayan yəhudilər tələb edirlər ki, xırdalığınacan qurbanlıq inəyin necə olmasını danış. Beləcə,
yəhudilər Musa peyğəmbərə inanmamaq, onun ardınca getməmək üçün bəhanələr tapmaq istəyirlər və bu,
Allahı qəzəbləndirir.
Surə ilə bağlı maraqlı olan odur ki, bu olay heç də surənin ana xəttini əmələ gətirmir. Bəs onda nədən
«İnək» sözü fəslin adına çevrilib? Eyni sorunu «Yasin», yəni «ya» və «sin» hərfləri ilə adlanmış 36-cı surəyə,
«Rum» adlanan 30-cu surəyə, «Sad» (hərfin adıdır) adlanan 38-ci surəyə də aid etmək olar.
Bu sorulara cavabda bəziləri hesab edirlər ki, Quran surələrinə adlar necə gəldi seçilib, ya da surədəki na-
dir söz ada çevrilib.
Biz belə yozumu güclü saya bilmirik. Düşüncəmizə görə Quranın İlahi qaynaqdan gəlməsi ideyasını bizə
sezdirən onun tekst kimi bəzi təsirli özəllikləridir. Həmin özəlliklərdən birini dedik: əl-Quran qaydalarla surələri
düzmək prinsipinə söykənir və bu söykənişdə böyük ardıcıllıq göstərir. Ancaq elə bu ardıcıllığa baxmayaraq
nədənsə, açıqlamasız, izahatsız-filansız, - sirr də bundan yaranır, - məsələn, «əl-Fatihə» surəsini qısalığına bax-
mayaraq başa qoyur.
Başqa özəlliyə baxaq. Bütün əski mədəniyyətlər tekstləri ayrı-ayrı say biçimində, taktında düzməyi
sevmişlər. Ancaq Qurani-Kərim, birincisi, qəribə prinsip seçmişdir, uzunluğun azalması prinsipini. Qəribədir
ona görə ki, adi bilinc (şüur) üçün daha effektli, yaxşı görünən düzüm prinsipindən nədənsə üz döndərib. Həmin
prinsiplərdən biri ayələrin nazil olma vaxtına görə Qurana düzülməsidir. O zaman öncə daha qabaq gələn
ayələrdən toplanmış surələr gəlməliydi. Ancaq Quranda bu ölçü yer almır və bunun sonucudur ki, indi də
araşdırıcılar Mədinə və Məkkə surələrini ayırsalar da hansı surənin hansına aid olması məsələsində dolaşığa
düşürlər. Bu sirli tekst quruculuğunun sirri ondan daha da artır ki, bir surənin içində ayrı-ayrı çağlarda nazil
olmuş ayələr birləşir. Məsələn, «Bəqərə» surəsində 148-152-ci ayələr surənin o biri ayələrindən cavan sayılır.
205
Peyğəmbərə birinci nazil olmuş «Oxu» buyuruğu ilə başlayan ayələr isə adi məntiqə uyğun olaraq Quranın
başında yox, 96-cı surəsində gələrək başqa çağlarda nazil olmuş ayələrlə birləşir.
Göründüyü kimi, bizə ayələrin hətta enmə tarixi dəqiq bəlli olsaydı və bu tarix əsasında fəsillər (surələr)
yaradılsaydı, o zaman Quran tamam başqa görünüş alardı, çünki, məsələn, «Bəqərə» surəsində «inək»lə bağlı
ayələrin yanında tamam başqa ayələr olardı.
Beləliklə, Quran teksti öz çağının və öncəki çağların başqa tekstlərinin qurulma qaydalarını davamlı inkar
edən, bəzən o qaydalarla barışıb (məsələn, fəsillərə ad vermə qaydası), həməncə də həmin qaydalardan qırağa çıxan
mətn kimi (məsələn, bilinmir niyə mövzuda önəmli olmayan və ya rolu bilinməyən sözlər surələrin adına çevrilir)
dünya mədəniyyətini bilinməzliklərlə üzbəüz qoyur.
Qurani-kərimin başqa bir çəkimli özəlliyi onun söyləm, təhkiyə quruluşundadır. Bibliyada birləşmiş
peyğəmbər kitablarının demək olar ki, hamısında oxucunu gərginlikdə saxlayan süjetə düzülmüş olaylar var. Bu
kitablar baş verənləri rəvayət etməklə məşğuldurlar. Qurani-Kərimdə isə oxucuya rəvayət söyləməklə onun
marağını tutub saxlamaq qayğısı sezilmir: İslamın Müqəddəs Kitabında olaylar ucundan-qulağından danışılır.
Tekst sanki ona söykənir ki, oxucu olayı bilir, ona görə də olayı rəvayət etməyə gərək yoxdur. Yetərlidir ki,
olaydan bir neçə kəlmə söyləyəndən sonra İlahi buyuruqlar, tapşırıqlar, düşüncələr söylənilsin. Məsələn, «Fil»
surəsində deyilir:
Görmədinmi Rəbbin fil yiyələrinə nə etdi? Onların qurduğu tələləri boşa çıxarmadımı? Üzərlərinə
sürü-sürü quşlar göndərdi. Onlara palçıqdan bərkişmiş daşlar atırdı. Axırda onları (qurd tərəfindən)
yenilmiş əkin yarpağı kimi yapdı.
Bu ayələrin bağlı olduğu olay isə belədir: Yəməndəki Həbəşistan valisi Əbrəhə Sanada bir kilsə ucaldır və
istəyir ki, o, camaatın axışdığı ziyarət yerinə çevrilməklə Kəbənin yerini tutsun. Kinanə qəbiləsindən bir nəfər
gəlir və gecəykən bu kilsəni murdarlayır. Bundan qızan Əbrəhə and içir ki, Kəbəni yerlə bir edəcək. Sözünü
gerçəkləşdirmək üçün o, ordusunu Məkkəyə çəkir. Həbəşistan valisinin Mahmud adında fili olduğundan ona və
adamlarına «fil yiyələri» deyirdilər. Ordu Kəbəyə yaxınlaşanda Əbabil deyilən quşlar onları Göydən daşa basa-
raq məhv edirlər.
Göründüyü kimi, ayələrdən olayın detalları görünmür, yalnız daşlarla məhv edilmə faktı deyilir. Deməli,
bu ayələri yaxşı anlamaq başqa qaynaqlardan hadisəni bilməyi gərəkli edir. Qurani-Kərimdə bir çox Bibliya
olayları da bu cür ixtisarlı biçimdə, bir-neçə ştrixlə söylənilir. Əvəzində İslamın müqəddəs Kitabında Allahın
deyimləri, sözləri böyük yer tutur. Bibliyada ön planda olaylar durur və onların üstündə Tanrı hikməti səslənir.
Qurani-Kərimdə isə ön planda Tanrı sözləri durur və onların arasından hansısa olayın cizgiləri sezdirilir. Beləcə,
Bibliya insan qavrayışının «necə maraqlanmaq», «necə aludə olmaq» qanunları üstündə qurulmuş tekst kimi
bəlli olur, Qurani-Kərim isə, əslində, insan qavrayışının bu qanunlarını saya salmadan qurulur və buna bax-
mayaraq min illərdir güclü təsiri olan kitab kimi oxunmaqda davam edir.
Göründüyü kimi, İslamın Müqəddəs Kitabı dünyaya tamam başqa biçimlərdə olan tekst kimi çıxıb. Bu
biçimlərin Məhəmməd dühasının məhsulu olmasını düşünənələr olsa da qarşı tərəfin, yəni Kitabın Allahdan
gəlməsinə inananların arqumentləri daha güclüdür.
İndi isə Quranın başqa tekstlərdən başqalığının yeni bir yönünə toxunaq. Bəzi çağdaş filosoflar İslamı ən
rasional, yəni duyğulara yox, ağıla, düşüncəyə yönəlik din sayırlar. Bunun əsasında Qurani-Kərimin mətn, tekst
kimi bir özəlliyi durur: İslamın Qutsal Kitabı möminlərlə olayların dilində yox, düşüncələrin dilində danışır. Əl-
Quran yeganə dini kitabdır ki, orada Allah-tala insanla böyük tekst biçimində və tutumunda danışır. Heç bir dini
kitabda Tanrının sözü belə çox deyil. Heç bir dində Tanrı insana üz tutub onunla bu qədər davamlı danışmır.
Hətta Avestanı götürsək, orada Ahura-Mazdanın özü haqqında sözləri xeyli olsa da o kitab Zərdüştlə Ahura-
Mazdanın sual-cavabı kimi qurulub, özü də tekstin müəllifi kimi Tanrı yox, Zərdüştlə Tanrının söhbətinə qulaq
asan üçüncü kimsə çıxış edir.
Qurani-Kərimin Ana Kitab kimi təsiri özünü onda göstərir ki, Ortaçağ müsəlman mədəniyyətinin bir çox
tekstləri bu və ya başqa şəkildə ondan özlərinə quruluş, düzüm alıblar. Məsələn, qəzəllərdə beytlərin süjet
ardıcıllığında birləşməməsi, muncuqlar kimi sapa düzülməsi, güman ki, ayələrin düzümündən özlərinə arqument
qazanmışlar.
XX yüzildə Post-modernizm tekstlərlə bağlı yeni strukturları ortaya atmışdır. Nəticədə bəzi post-
modernist yazarlar mətnlərdə başlanğıc, orta, son kəsimlərini inkar edirlər. Ona görə də istənilən yöndən oxunan
tekstləri ortaya çıxarırlar. Bu strukturun ilkin örnəyini İlahi Kitab sayılan Quran verir. Qurani-Kərim elə bir
kitabdır ki, başlanğıc, orta, son hissələri onda formaldır, çünki bu bölgü məzmuna sirayət edərək başlanğıc, orta,
son olaylar, düşüncələr bölgüsünü vermir. Ona görə də Qurani-Kərimi istənilən yerdən oxumaq olur. Bu axırıncı
söylədiyimiz bir çox hallarda surələrə də aiddir.
Çağdaş dünyamız üçün İslamın Qutsal Kitabı bir məsələdə də örnək rolunu oynayır. Bəllidir ki, İnternet
sistemi hiper-linklər düzümündə qurulub. Saytlarda belə linklərin üstünə «klik» edəndə onlardan qapı kimi
keçib başqa tekstlərə çıxırsan. Qurani-Kərimdə «ucundan-qulağından» verilmiş olaylar məhz hiper-link prinsi-
pini canlandırır. Bundan başqa yüzillərlə sürən təfsir işi (Quranın yozulması), bütünlükdə ona gətirib çıxarıb ki,
206
artıq, Quranın hər cümləsi hiper-linkə çevrilib. Ortaçağdan minlərlə kitablar var ki, Quranda ən adi görünən söz
və deyimlərin qapağını açaraq müsəlmanları başqa tekstlərə yönəldib (hərçənd oxşar hiperlinkləşməni
yəhudilərin Talmudu və xristianların fəlsəfəsi də yapmışdır).
Bütün başlıca dinlərin adı o dinlə bağlı başlıca kəslərdən kiminsə adı ilə bağlıdır. Beləcə, Buddizm və
Budda, xristianlıq və Xristos, İudaizm və İuda bağlantıları yaranıb. Bax, bu dinlərdən fərqli olaraq İslam adını
Məhəmmədin adı ilə bağlamayıb. Hərçənd Avropada başqa dinlərə baxıban İslama da, məsələn, maqometçilik,
Məhəmməd dini deyənlər olub.
Sonda bir məsələyə toxunmaq istərdik. Biz bilməliyik ki, İslamın Qutsal Kitabının Müsəlman
mədəniyyətləri tarixində ən yüksək zirvəni tutması heç də bəzilərinə göründüyü kimi, tam şəkildə kitabdanqıraq
zorakı vasitələrin total işləməsi sonucunda baş verməmişdir. Sözsüz, müsəlmana əlini yumadan Qurana toxun-
maq yasaq ediləndə, sözsüz, əlini Qurana basıb and içənin yalanı çıxarkən ağır cəza alanda biz Kitabı zirvəyə
qaldıran zorakı vasitələri görürük. Ancaq ta əskidən İslam dünyasının öz plyuralizmi, düşüncə cürbəcürlüyü
olmuşdur. Elə ona görə də İslama, Qurana heyran olanların çoxluğunun fonunda ayrı-ayrı intellektuallar da
olmuşdur ki, sərt tənqidlər söyləmişlər. Məsələn, Vİİİ yüzildə yaşamış ünlü şair Bəşşər ibn Burd çağının
tanınmış şairlərinin şeirlərini dinləyəndə birdən qayıdıbmış ki, onların bəziləri «Quranın istənilən surəsindən
yaxşıdır». Əbu-l-Atahiyyə isə (təxminən 750-825-ci illərdə yaşayıb) hesab edirdi ki, onun bəzi şeirləri
keyfiyyətcə Quran surələrindən üstündür.
IX yüzildə ərəb düşünəri və ədibi İbn ər-Rəvəndi Quranın, İslamın və bütün dinlərin kəskin tənqidçisi idi.
Onun yazdıqlarından yalnız ayrı-ayrı deyimlər qalıb. Məsələn, bu adam söyləmişdi ki, mouzəçi Aktam İbn əs-
Səyfinin Qurana baxanda daha incə nəsri var.
Bax, belə bir mühitdə, Qurana heyranlıq Qurana şübhəyə qalib gəlmişdi. İndinin özündə isə ateistlər, İslam
rəqibləri Qurani-Kərimdə nə qədər «uyğunsuzluqlar», nə qədər «ziddiyyətlər» tapsalar da yenə də həm
müsəlmanlar, həm xristianlar, həm buddistlər, həm də krişnaçılar arasından uca mənəviyyatlı, yüksək zəkalı çoxlu-
çoxlu insan Qurani-Kərimə heyranlıqlarını saxlayırlar.
207
2.3.6. Ərəb-müsəlman mədəniyyəti
Orta əsr ərəb-müsəlman mədəniyyəti altında (V – XVI əsrlər) ərəbləşdirilməyə məruz qalmış xalqların –
İran, Suriya, Fələstin, Misir və Şimali Afrikanın digər ölkələrinin mədəniyyəti nəzərdə tutulur.
Ərəbistan ərazisinin əsas hissəsini düzənlik, səhralıq və yarımsəhralıqlar təşkil edirdi. Torpağın yalnız
kiçik bir hissəsi təsərrüfatçılığa yararlı idi. Yarımadanın əhalisinin çox hissəsini köçəri – bədəvilər təşkil edirdi
ki, bunlar da özünü mənası «zirək atlı» olan «ərəblər» adlandırırdılar. Artıq eramızın birinci əsrində ərəblər otu-
raq şəhər əhalisi kimi tanındılar. Köçərilər şəhərlilərin karvanlarını soyur və bunları özlərinin halal malları he-
sab edirdilər. İslam, məhz köçəri tayfalar arasında yaranaraq bütün Şərq dünyasına güclü təsir göstərdi.
İslam b.e. VII əsrinin əvvəllərində təşəkkül tapır. Onun banisi Məhəmməd Peyğəmbər tarixi şəxsiyyət
olub, tərcümeyi-halı ilə hər kəsə tanışdır. Erkən valideynlərini itirən Məhəmmədi əvvəlcə babası, sonra isə varlı
tacir olan əmisi tərbiyə vermişdi. Gənc yaşlarında Məhəmməd çobanlıq edir, 25 yaşında isə 40 yaşlı dul qadının
yanında çalışır. Bu qadın karvanlar təşkil edir, bir yerdən başqa yerə mal alveri edirdi. Sonradan Məhəmməd bu
qadınla evlənir, bu nikah məhəbbət əsasında baş tutur və onların dörd qızı olur. Sonralar peyğəmbərin doqquz
arvadı olmuşdur.
Vaxt keçdikcə Məhəmməd ticarətdən çox dinlə maraqlanmağa başladı. Bununla bağlı ilk vəhy onun yux-
usuna gəldi. Allahın elçisi olan cənabi Cəbrayıl ona müqəddəs vəzifənin yerinə yetirilməsi haqqında məlumat
verdi. Getdikcə vəhylərin miqdarı artır. Məhəmmədin ehtiraslı çıxışlarına baxmayaraq onun tərəfdarları yavaş
sürətlə artırdı. 622-ci ildə Məhəmməd Məkkəni tərk edərək peyğəmbərin şəhəri kimi adlandırılan Mədinəyə
təşrif buyurur. Onun tərəfdarları da peyğəmbərlə birgə buraya gəlirlər. Müsəlman təqviminin tarixi məhz elə bu
ildən başlayır.
Mədinə sakinləri Məhəmmədi öz peyğəmbərləri, dini və siyasi rəhbərləri kimi tanıyır və onun Məkkəni
ələ keçirməyə ruhlandırırdılar. Bu şəhərlər arasındakı müharibə Mədinənin qələbəsi ilə bitdi. 630-cu ildə
Məhəmməd təntənəli şəkildə Məkkəyə qayıtdı və elə o vaxtdan həmin şəhər islamın mərkəzinə çevrildi.
Bu tarixdən başlayaraq müsəlman teokratik dövləti – Ərəb xilafəti formalaşmağa başlayır ki, onun da ilk
rəhbəri Məhhəmədin özü olur. İslam (yaxud müsəlmanlıq) ərəb dünyasının dövlət dininə çevrilir. Məhəmməd
632-ci ildə vəfat edir və Mədinədə dəfn olunur. Onun qəbri hazırda müqəddəs ziyarətgahlardandır.
Artıq VIII əsrdə ərəblər Fələstini, Suriyanı, Misiri, İranı, İraqı, Zaqafqaziyanın bir hissəsini, Orta Asiya,
Şimali Afrika və İspaniyanı özünə tabe etdirdi. Lakin bu nəhəng siyasi hakimiyyət o qədər də möhkəm
olmadığından artıq X əsrdə əmirliklərə parçalandı. Ərəb-müsəlman mədəniyyətinə gəldikdə isə o, kopt (misir
əhalisi), yəhudi, fars, suriya, Orta Asiya və digər xalqların çoxcəhətli mədəniyyətinin vəhdətindən ibarət idi. Bu
mədəniyyətin birləşdirici amili İslam idi.
Alimlər iddia edirlər ki, islam iudaizm, xristianlığın elementlərinin birləşməsindən yaranmışdır. Lakin bu
elementlərin sintezi orijinal xarakter kəsb edir. İslamın əsas qaydaları aşağıdakılardan ibarətdir. Müsəlman vahid
olan, hər şeyə qadir Allaha inanır. Allah və dünya haqqında bəşəriyyətə həqiqəti söyləmək üçün peyğəmbərlər
göndərilmişdir ki, bunlardan da sonuncusu Məhəmməd peyğəmbərdir. Bundar əvvəlki peyğəmərlər Adəm, Nuh,
İbrahim, Lut, Musa, Davud, Süleyan, İsa peyğəmbər və digərləridir.
İslama görə dünya Allah tərəfindən altı gündə əmələ gəlmişdi: «Ol!» - deməklə yer yaranmışdı. İnsan tor-
paqdan əmələ gəlmişdi. İnsanın cisminə öz ruhunu vermiş Allah ona can vermiş, həyat bəxş etmişdir. Beləliklə,
insan cismani və ruhi başlanğıclardan ibarətdir. Qadını Adəmin qabırğasından yaratmaqla Adəmi darıxmağa
qoymamaq üçün ona «yaxşı yoldaş» bəxş etmişdi. Müsəlmanın əsas inamlarından biri də axirət, yəni ölümdən
sonrakı həyata inamdır. Bu dünyadakı həyatın əsil aqibəti ölümdən sonra – Allahın hüzurunda olacaqdır. Real
həyatdakı əməllərin cavabı Qiyamət günü müəyyənləşəcək.
208
Müsəlman əqidəsinə görə insanın həyatı, o dünyaya gəldiyi gündən Tale kitabında öz əksini tapır.
İslamın əsas məsələlərindən biri Allahın iradəsi və insanın hərəkətləri arasındakı münasibətdir. Belə ki, is-
lama görə Allah hər şeyə qadirdir, o insanı yaratmış və onun hərəkətlərini, həyatını əvvəlcədən müəyyən
etmişdi. Əgər bütün şeylər – xeyir və şər də Allah tərəfindən müəyyən olunmuşsa, onda günahkarları nə üçün
lənətləmək, düz hərəkət edənləri tərifləmək lazımdər? Əgər Allahın iradəsi mütləqdirsə, onda xeyir və şər
arasındakı fərq nədədir?
X əsrdə bu sualın cavablandırılmasına müsəlman ilahiyatçısı Əl-Əşari belə cavab verir ki, Allah insanı
bütün gələcək hərəkətləri ilə yaradır. İnsana elə gəlir ki, o iradə və seçim azadlığına malikdir. Bu mövqeyin
tərəfdarları şəfaitlər dini hüquqi məktəbinə aiddir.
Digər görkəmli ilahiyyatçılar əl-Maturidi və Əbu Hənifə isə iddia edirlər ki, insan iradə azadlığına malik-
dir, Allah yaxşı işlər görənlərə kömək etməklə mükafatlandırır, pislik edənləri cəzalandırır.
İslamın əsas müddəaları ərəb dilində «qiraət» mənasını verən Quranda əks etdirilib. Quranın əsasını
müsəlman adətlərini, hüquq qanunlarını, qaydalarını, dualarını və s. əks etdirən surə və ayələr təşkil edir. Quran
Məhəmmədin köməkçiləri tərəfindən yazıya alınmışdı. Məlumdur ki, peyğəmbər oxumaq və yazmaq
bilmədiyindən Allahın vəhyləri onun köməkçiləri tərəfindən palma yarpağı, daşlar üzərində qeydə alınmışdı.
Quranın tam şəkildə mətni VIII əsrin ortalarında Xəlifə Osmanın hakimiyyəti dövründə yazılmış, kitab şəklini
almışdı.
Artıq orta əsrlərdə Quranı əzbərdən bilən hafizlər meydana çıxdı. Quranı ərəbcədən digər dillərə
tərcüməsi qadağan edilmişdi. İslamlaşma bu müqəddəs kitabın öyrənilməsini zəruri etdiyindən ərəb dilinin
vüsətinə əhəmiyyətli şəkildə şərait yarandı. Orta əsrlərdə ərəbləşdirmə prosesi müsəlman mədəniyyətinin
yaranmasının ən vacib elementlərindən birini təşkil etdi.
İslamın ilk dövründə qafiyə qoşmaq böyük şəhərlərdə mühüm saray sənətinə çevrilir. Şairlər həm də
ədəbiyyatçı hesab edilirdi. VIII – X əsrlərdə islamaqədərki ərəb şifahi poeziyasının nümunələrindən ibarət
əsərlər yazıya köçürüldü. IX əsrdə iki toplu - «Hamas» («İgidlik mahnısı») və “Kitabi-əl-Əhani» («Nəğmələr
kitabı») tərtib olunur. Birinci kitaba 500-dən artıq qədim şairlərin şeirləri, ikincisinə bəstəkar, ifaçı, şairlərin
əsərləri və tərcümeyi hallarından ibarət əsərlər daxil olur. Ərəblərin görkəmli şairi Əbu Nüvas (747–762 və ya
813–815 arasında) hesab olunur. Şeiri dərindən anlamağı bacaran istedadlı şair müxtəlif mövzuları incə kinayə
ilə ifadə edirdi.
Digər şair Əbu Ətahiyə zahidlik ruhunda yaradan şairlərdən idi. Əl-Mütənəbbi, Əbu-Əla-əl Məhri də
dövrün görkəmli şeir, poeziya ustadlarından idi.
Ömər Xəyyam (1048 – 1122) isə dünyəvi şöhrət qazanmış fars şairi idi. O şair, alim, filosof idi. Onun
rübailəri dillər əzbəridir.
Orta əsr ərəb mədəniyyətində poeziya və nəsr bir-birilə vəhdət təşkil edən sənət sahələri idi. Şeiriyyətlə
yanaşı, məhəbbət dolu lirik əsərlər, tibbi traktatlar, qəhrəmanlıq, fəlsəfi, tarixi əsərlər də yazılırdı. Müsəlman
ədəbiyyatından Qurana istinad mühüm əhəmiyyət kəsb edir.
Şərqşünaslar hesab edirlər ki, ərəb poeziyası, ədəbiyyatı, ümumiyyətlə, mədəniyyətinin çiçəklənməsi VIII
– IX əsrləri əhatə edir. XII əsrdən mədəni həyat səviyyəsi aşağı düşür.
Ərəblərin riyazi elmlərə gətirdikləri töhfə əhəmiyyət kəsb edir. X əsrdə yaşayan Əbu-əl Vəfa sahəvi triqo-
nometriyada sinuslar teoremini yaratmışda.
Şair-alim Ömər Xəyyam «Cəbr» kitabını yazmışdı. O, eyni zamanda irrasional və həqiqi saylar
problemilə məşğul olmuşdur. «Mövcudluğun ümumiliyi» haqqında traktat Ömər Xəyyama məxsusdur. O, 1079-
cu ildə müasir Qriqorian təqviminə nisbəti daha dəqiqini tərtib etmişdi.
Misirin isə görkəmli alimi İbn-əl-Xəysəm riyaziyyatçı, fizik, optika üzrə bir çox məşhur əsərlərin müəllifi
hesab edilirdi
Ərəb-müsəlman mədəniyyətində ən böyük nailiyyətlər tibdə əldə edilmişdi. Ərəb tibb elminə İbn-Sina da-
ha böyük uğur gətirmişdi. İbn Sina (980 – 1037) nəzəri və klinik tibbi ensiklopediyanın müəllifidir. Digər böyük
əsər «Həkimliyin qanunları» adlanır. Uzun zaman bu əsər həkimlərin istinad etdikləri mühüm qanunlar
külliyyatı idi.
Əbu–Bəkr Məhəmməd ər-Razi görkəmli Bağdad cərrahı idi. Baxtişa adlı suriyalı ailə isə öz həkimləri ilə
ərəb-müsəlman tibb elminə xidmət etmişlər.
Ərəb fəlsəfə elminin görkəmli nümayəndələri siyahısına Əl-Kindi (IX əsr) və Əl-Fərabi (870 – 950) daxil
idi.
Müsəlman mədəniyyətində tarixi fikir də özünəməxsus inkişaf yolu keçmişdi. Artıq IX əsrdə Məhəmməd
Peyğəmbər və onun tarixdəki yerini əks etdirən əsərlərin yazılışına geniş imkanlar açılır. Tarix elminin görkəmli
nümayəndələri Əl-Bəlazuri, əl-Nəkubi, əl-Təbəri, əl-Məsudi müsəlman tarixinin müxtəlif hadisələrini qeydə
almaqla kitab şəklinə salmış, salnamələr yazmışdı.
XIV – XV əsrlərdə Misirin görkəmli tarixçiləri Makrizi və ibn Haldun sayılırdı.
209
Orta əsrlərdə müsəlman elminin mərkəzi Bağdad, Kufə, Bəsrə, Harron hesab edilirdi. Bağdadda «Elm
evi» adlı təşkilat mövcud idi ki, ətrafında akademiya, rəsədxana, kitabxana, tərcüməçilər kolleksiyasını
cəmləşdirmişdi.
Müsəlman mədəniyyətində memarlıq sənəti mühüm yer tuturdu. Müsəlman memarlığı yunan, roma, İran
bədii ənənələrinin yenidən işlənməsi əsasında inkişaf etmişdi. O dövrün ən görkəmli memarlıq abidəsi Əmrə
məscidi, Kufədəki məscid hesab edilir. Dəməşqdəki «Qaya gümbəzi» adlı məşhur məbəd mozaika və rəngli
mərmərlə bəzədilirdi.
X əsrdən başlayaraq binalar zərif nəbati və həndəsi naxışlarla bəzədilir ki, bu da üslublaşdırılmış ərəb
toxunuşu adını alır.
Həcc ziyarətinin obyekti Kəbə məbədi Məkkədə yerləşir. Bu, kub formasına malik bir tikilidir. Kəbənin
daxilindəki oyuq hissədə meteorit mənşəli qara Daş yerləşir ki, bu da Allahın rəmzini ifadə edir.
Təkallahlığa ciddi riayət edən İslam bütlərə inam bəsləyən ərəb tayfalarına qarşı mübarizə aparırdı. Tayfa
bütlərinin yaddaşlardan silinməsi üçün islamda heykəltəraşlıq, xüsusilə canlıların heykəlləri qadağan idi.
Nəticədə rəssamlıq ərəb mədəniyyəti kontekstində geniş inkişaf etmədi. Yalnız ornamentalistika sahəsi
rəssamlıqda özünə geniş yer tutmış, XII əsrdən başlayaraq, miniatür sənəti, o cümlədən kitab miniatürü inkişaf
etməyə başladı.
Bütövlükdə təsviri sənət xalçaçılıqla əvəz edildi. Rəngaənglik və naxış xalçaçılığının əsas səciyyəvi
xüsusiyyətərini təşkil etdi.
Beləliklə, ərəb mədəniyyəti nəinki islam ölkələrinə, eləcə də Dünya mədəniyyətinə böyük töhfələr verdi.
Dostları ilə paylaş: |