MUSİQİ. Qərbi Avropa kilsə musiqisinin kökləri IV - V əsrlərə aid olsa da VII əsrdə bu sahədə yeni
üslub – qriqorian xor nəğmələri formalaşdı. Çoxsəsli musiqi VII - IX əsrdə inkişaf etsə də XII əsrdə püxtələşdi.
Qriqorian musiqisi cəmi 2 xətt üzərində xüsusi nevmlərlə işarələnirdi. XI əsrdə musiqi nəzəriyyəçisi və ifaçısı
Qvido not yazısı sahəsində çevriliş etdi. O, xəttlərin sayını 4 - ə çatdırdı. Peşəkar kübar musiqisinin
çiçəklənməsi isə XII - XIII əsrlərə aiddir.
Beləliklə, özünəməxsusluğu, orijinallığı, bəzən hətta ziddiyyətli olması ilə seçilən orta əsr Qərbi Avropa
mədəniyyətinin bətnindən yeni dövrün – İntibah dövrünün parlaq və cazibəli mədəniyyəti yetişir.
174
2.3.2. Roman və Qotika mədəniyyəti
Orta əsrlər Avropasında hakim mövqe tutan xristian dini o dövr mədəniyyətinin digər sahələri içərisində
aparıcı rol oynayırdı. Dinin əxlaqa təsiri özünəməxsus xristian əxlaqının formalaşmasına səbəb olmuşdu.
Xeyirxahlığın 3 hərəkətverici qüvvəsindən – inam, ümid və məhəbbətdən danışan xristian etikasına görə inam –
Allaha inam, ümid – onun mərhəmətinə ümid, məhəbbət – Allaha məhəbbət kimi başa düşülürdü. Xristian
əxlaqının prinsipləri bədii ədəbiyyatda da öz ifadəsini gözəl bədii obrazlarda tapır, dini mövzuda ədəbi əsərlər
yaranırdı. İncəsənətə mövzu verən din və əxlaq özləri də onun təsir dairəsindən kənarda qalmır, müəyyən
dəyişikliyə uğrayırdı.
Xristian dininin təsirinə daha çox məruz qalan sahələrdən biri – təsviri sənət və memarlıqdır. Təsviri sənət
əsərləri çox vaxt memarlıqla yanaşı mövcud olub onu tamamlayırdı.
Xristianlığın yalnız Kilsə formasında mövcud olması, əsas atributunun məhz Kilsə olması yeni memarlıq
üslublarının – roman və qotikanın yaranmasına səbəb oldu.
«Roman üslubu» ifadəsi X-XII əsrləri nəzərdə tutsa da termin kimi yalnız XIX əsrdə – orta əsr və Roma
memarlığı arasında əlaqə olduğu aşkarlanandan sonra meydana çıxdı. Belə hesab etməyə başladılar ki, orta əsr
memarlığı antik-roma memarlığının güclü təsiri altındadır. Latınca «romanus» elə «Roma» sözündəndir.
Sonradan tədqiqatçıların bu barədə fikirləri dəyişsə də üslubun adı dəyişmədi. Roman üslubu Avropanın
müxtəlif yerlərində müxtəlif vaxtlarda bərqərar oldu. Məs. şimal-şərqi Fransada bu dövr XII əsrin sonunda başa
çatsa da, Almaniya və İtaliyada onun əlamətləri hətta XIII əsrdə də müşahidə edilir. Adətən XI əsr «erkən», XII
əsr «yetkin» roman incəsənəti dövrü adlanır. Roman dövrü – orta əsr memarlığı, heykəltəraşlığı və
rəngkarlığında ümumavropa monumental üslubunun yarandığı dövrdür ki, bu da feodalizmin tüğyan etdiyi bir
vaxta təsadüf edir: elə bir vaxta ki, həm kübar (qeyri-dini), həm də ruhani feodallarının hakimiyyəti ən yüksək
nöqtəyə çatmışdı. Avropada feodal pərakəndəliyi şəraitində xalqları birləşdirən yeganə vasitə Katolik Kilsəsi
oldu. O, müqayisəedilməz dərəcədə ideoloji və iqtisadi qüvvəyə malik idi. Qərbi Avropada roman üslubu dini
dünyagörüşlü feodal cəmiyyəti şəraitində yetişir və vusət alırdı.
Roman incəsənətinin əsas növü olan memarlığın inkişafı Qərbi Avropada feodal dövlətlərinin yaranması
və çiçəklənməsi, təsərrüfat fəaliyyətinin canlanması, mədəniyyət və incəsənətin yeni dirçəlişi dövründə başlamış
monumental tikintilərlə bağlı idi. Qərbi Avropanın monumental memarlığı hələ barbar xalqlarının incəsənətində
mövcud idi. Məsələn, Ravennada Teodorixin məqbərəsi (526-530), Karolinqlər dövrünün kilsə binalarından
olan Axendə Böyük Karlın saray kapellası (795-805).
Roman memarlığının sələfi məhz orta əsr Qərbi Avropasının feodal qəsrləri oldu. Qəsr tikintisi təcrübəsi
sonralar monastır komplekslərinə keçdi ki, bunlar da şəhər-qalalar və ya əməlli-başlı qəsəbələrdən ibarət idi.
Roman memarlığında monastır tikintisi öndə gedirdi. O vaxtkı iri monastırlar hakimiyyətə və sərvətə ma-
lik idi. Bura yalnız zəvvarlar deyil, iş axtaran sənətkarlar da axışıb gəlirdi. Orta əsrlərdə kilsənin böyük
əhəmiyyət kəsb etməsini göstərmək üçün monastırlarda gözəl memarlıq, heykəltəraşlıq və rəngkarlıq əsərləri
yaradılırdı. Şəhərlərdə monastırların kompozisiya mərkəzi roman memarlığının ən əzəmətli əsəri olan məbədlər
idi. Məbədlər nəcib və sərt gözəllik nümayiş etdirən iti uclu qüllələri ilə ətrafdakı alçaq tikililər üzərində
ucalırdı. Dövrün, demək olar ki, yeganə ictimai binaları sayılan monastır kilsələri və baş kilsələr (soborlar) ro-
man memarlığının əsas prinsiplərini ifadə edirdi.
Roman dövrü zamanı kubar (qeyri-dini) memarlığında da dəyişikliklər oldu. Qəsrlər daşdan tikilərək
əlçatmaz qalalara çevrildi. Qəsrin ortasında donjon adlanan daş qüllə, I mərtəbədə anbar, II-də ev sahibinin
otaqları, III-də nökər və gözətçilərin otaqları, zirzəmidə zindan, lap yuxarıda isə gözətçi (patrul) olurdu. Qəsrin
qala divarlarının arxasında çoxlu təsərrüfat tikililəri, tövlə, mətbəx yerləşirdi. Bir qayda olaraq, qəsr dərin
xəndəklə əhatə edilirdi. Xəndəyin üstündən əsas qülləyə körpü gedirdi. Divar və xəndəklərlə əhatə olunmuş ilk
şəhərlər də qalaların müdafiəsi prinsipi üzrə salınırdı.
Roman məbədləri romalılardan qalma qədim xristian bazilika formasını saxlayıb və inkişaf etdirib. Ro-
man bazilikası 3 nefli, bəzən hətta 5 nefli olurdu. Əgər butpərəst məbədlər «Allahın evi» hesab edilirdisə, xris-
tian kilsələri çoxlu sayda insanların kollektiv surətdə ibadət etməsinə şərait yaradan məkana çevrildi.
XI-XII əsrlərdə memarlıqla yanaşı və onunla birgə monumental rəngkarlıq və heykəltəraşlıq da inkişaf et-
di. Roman dövrünün təsviri sənəti bütünlüklə dini dünyagörüşün təsiri altında idi.
Rəngkarlıq. Roman dövrünün təsviri sənəti memarlığa tabe olduğu üçün yekcins olmayıb olduqca
rəngarəngdir. XI-XII əsrlərdə təsviri sənətin mühüm abidələri formalaşmaqda olan yeni incəsənətin mərkəzi -
Fransaya məxsus idi.
Karolinqlər dövründə olduğu kimi, roman məbədlərinin də interyerində freskalar mühüm yer tuturdu.
Apsidlər (kilsə divarlarında yarımqövs şəkilli çıxıntı) və kapellaların pəncərə oyuqlarının və sonralar qotika
dövründə xüsusilə inkişaf edən vitrajlar (qurğuşun karkasla bərkidilmiş və tunc, mərmər və ya ağac çərçivələrlə
salınmış rəngli şüşə qırıqlarından ibarət təsviri sənət növü) təsviri sənətdə mühüm hadisə oldu. Vitrajlarda o
dövr ədəbiyyatı üçün populyar olan müqəddəs tarix, müqəddəslərin həyatından səhnələr təsvir olunurdu. Bəzən
bunların arasında sənətkarların və şəhərlilərin də təsvirləri yerləşdirilirdi. Puatuda (XI əsrin sonu – XII əsrin
175
əvv.) Sen-Saven sür Qartan kilsəsində olan silsilə freskalar öz maraqlı hekayələri və Bibliya tarixindən
epizodları ilə diqqəti cəlb edir. Kilsənin ən gözəl kompozisiyalarından biri «Babil qülləsinin tikintisi»dir.
Kübar (qeyri-dini) rəngkarlığına misal kimi Bayyo (Paris, XII əsr) kilsəsindəki xalçanı göstərmək olar.
Burada roman rəngkarlığının digər xüsusiyyəti – realist tendensiyalar duyulur. Uzunluğu 70 m., eni 50 sm. olan
xalçada 1066-cı ildə İngiltərənin normanlar tərəfindən işğalı epizodu rəngli yun sapla tikilib. Belə xalçalar
yalnız utilitar deyil, həm də dekorativ rol oynayırdılar. Bayram günləri onlar məbədlərin divarlarını bəzəyirdi.
Heykəltəraşlıq. Qərbi Avropada ilk monumental heykəllər də məhz roman dövründə yarandı. Orta əsr
Qərbi Avropa məbədlərinə heykəltəraşlıq ilk dəfə XI əsrdə daxil olub. Bunlar divar tərtibatı üçün kiçik detallar
və relyeflər idi. Kilsələrin portallarında (arxitektura baxımından bəzədilən girişlər) qoyulan relyeflər (heykəl
təsvirlər) adətən rənglənirdi ki, bu da onları ifadəli və inandırıcı edirdi.
Roman miniatürləri də Fransada yüksək inkişaf tapmışdı. Bunlarda xronika, İncil və Bibliya süjetləri əks
olunurdu. Sen-Severdəki (1028 – 1072, Paris, Milli kitabxana) apokalipsis («Əhdi – cədid» kitablarından
birində «axirəzamandan» xəbər verilməsi) və Amyen kitabxanasındakı (XI əsr) İncil roman miniatürlərinə
misaldır.
Rəngkarlıq kimi heykəltəraşlıq da memarlıqla sıx bağlı olub onun forma və ritmlərinə uyğunlaşdırılırdı.
Ondan əsasən kilsələrin bəzədilməsində istifadə edilirdi. O dövrdə bütpərəstliklə əlaqədar olan Bizans
heykəltəraşlığı kilsə tərəfindən qəbul edilmədiyi halda, roman incəsənətində monumental heykəltəraşlıq,
xüsusilə də relyef geniş yayılır və 1100-cü ilə yaxın çiçəklənmə dövrü keçirir.
Fransada Klüni kilsəsinin kapitelində (sütun başlığı) Adəm və Həvvanın fiqurları (1109-1113), Alma-
niyada Gildesheynidə müqəddəs Mikayıl (Mixail) kilsəsinin tunc qapılarının relyeflərində (1008-1015) təsvir
edilən İncil və Bibliya əfsanələri, Adəm və Həvvanın yaradılması, günaha batma və cənnətdən qovulma
səhnələri, Vezeldə Sent-Madlen kilsəsində (1125-1130) İsanın nəhəng fiquru, Otendə Sen-Lazar (1130-1140)
soborunun (baş kilsə) timpanındakı (binanın heykəllərlə və s. ilə bəzədilən ön hissəsi) «Məşhər günü» səhnələri,
Sen-Mişel de-Antred (Şarant) kilsəsinin timpanındakı barelyefdə əjdahanı öldürən Mikayıl peyğəmbərin təsviri
roman heykəltəraşlığına parlaq misaldır.
Şəhərlərin inkişafı və dinlə bağlı cəfəngiyyatın (yeres) yayılması nəticəsində kilsə heykəltəraşlığına
kəndli, dəmirçi, akrobat, qədim və orta əsr tarixi personajları, satirik folklor və xalq fantaziyası ilə yaranan
əjdaha, iblis obrazları, yarıinsan və yarıheyvan maskaları daxil olur.
Roman heykəltəraşlığı daha çox Fransa və Almaniyada inkişaf edir. Fransa üçün divarların tərtibatında
daşdan olan monumental heykəltəraşlıq xarakterik idi. Almaniyada tuncdan və ağacdan olan iri və xırda plastika
məbədlərin içərisi üçün nəzərdə tutulurdu.
Roman heykəltəraşlığı XII əsrin ortalarında inkişaf səviyyəsinə çatdı. Fransanın şimal-şərqindəki İl-de-
Frans əyalətində mövcud olan heykəltəraşlıq məktəbində bu dövrün fransız sənətkarlarının yaratdıqları ən yaxşı
cəhətlər sintez olunurdu. Şartrdakı Notr-Dam kilsəsinin (1135-1155) qərbi Kral portalındakı obrazlar, həmçinin
İsa peyğəmbərin obrazı buna misaldır.
Orta əsrlərdə Avropanın mədəni həyatında aparıcı rol uzun müddət Fransaya məxsus olub. Klassik feoda-
lizm ölkəsi olan Fransada musiqi, təsviri sənət, fəlsəfə, bədii ədəbiyyat, o cümlədən poeziya inkişaf edirdi. XI
əsrdə orta əsrlərin nəhəng eposu olan «Roland haqqında nəğmə», cəngavər romanları və s. yaradılırdı.
XI-XIV əsrlərdə fransız xalqı mükəmməl memarlıq, heykəltəraşlıq, rəngkarlıq və tətbiqi sənət əsərləri
yaratdı. Roman incəsənəti burada daha ardıcıl formalaşırdı. Onun inkişaf dövrü XI-XII əsrlərdir. Bu dövrün ən
gözəl memarlıq abidələri Fransanın əyalətlərində – Burqundiyada, Overndə, Provansda və Normandiyada
yaradılmışdı. Ölkənin şərqində yerləşdiyindən Burqundiya Fransanın ən varlı bölgələrindən olub, sənətkarlıq və
ticarət mərkəzi idi. Burada Fransanın çox gözəl və nəhəng kilsələri tikilib. Məhz Burqund memarları konstruktiv
yeniliklər işləyib hazırlayaraq, kilsə divarlarının sahəsini azaltmağı, kilsənin tutumunu artıpmağı, qübbənin
hündürlüyünə nail olmağı təklif edirdilər. Fransada roman memarlığının tipik nümunəsi Klüni monastırındakı
müqəddəs Pyotr və müqəddəs Pavel kilsəsidir ki, onun bəzi fraqmentləri, təsvir və rəsmləri qalır. O zaman bu,
Avropanın ən böyük kilsəsi idi. Məbədin ümumi uzunluğu 127 metr, mərkəzi nefin hündürlüyü 30 metrdən çox
idi. Kilsəni 5 hündür qüllə bəzəyirdi. Bü monastırı o zaman «İkinci Roma» adlandırırdılar. Monastır o qədər
varlı idi ki, Klündə hər il 17 min kasıbı yedizdirirdi. Burqundiyanın roman tikililəri içərisində XII əsrə aid olan
Otendəki San-Lazer və Vezldəki Sen-Madlen kilsələri də diqqəti cəlb edir.
Mərkəzi Fransaya aid olan Overn memarlığına sadəlik, qüdrətlilik və monumentallıq xarakterik idi. Qalın
divarlı iri kilsələrin heykəllərlə bəzədilməsinə xəsislik edilirdi. Məsələn, Klermondakı Notr-Dam-dyu-Por
kilsəsi belələrindəndər. Yalnız sonradan onun cənub portalında İsanın təsviri olan bəzi relyeflər yerləşdirilib.
Cənubi Fransaya aid Provans incəsənətində həm Roma, həm də Bizans memarlığının güclü təsiri hiss olu-
nur. Antik ornament və kapitellərlə olan sütunlar göstərir ki, qədim dövr mədəniyyətinin ənənələri burada
unudulmayıb. Provans məbədləri heykəllərlə zəngin bəzədilsə də, heykəllər Burqundiya kilsələrində olduğu ki-
mi bütün divarı tutmayıb. Yalnız portalların kənarında və kapitellərdə qoyulub.
176
O zaman İngiltərə kralının torpağına daxil olan Normandiyada özünəməxsus memarlıq məktəbi yaranır.
Binanın mərkəzində və fasadların kənarlarında ucalan, iri qüllələri ilə fərqlənən, içərisi işıqlı və geniş olan bu
kilsələr qalaları xatırladırdı.
Fransanın roman rəngkarlığı XI əsrin sonu – XII əsrin əvvəllərində çiçəklənir. Puatudakı Sen-Saven-syur-
Qartan monastır kilsəsinin tərtibatı buna misaldır. Çox da böyük olmayan binanın içəri tərəfi bir neçə sənətkar
tərəfindən işlənən freskalarla bəzədilib. Burada yalnız ənənəvi dini süjetlərdən deyil, həmçinin Ezopun
təmsillərindən də istifadə edilib. Divar rəsmləri roman rəngkarlığının xüsusiyyətlərini əks etdirir: müstəvi təsvirlər,
müxtəlif miqyaslı fiqurlar, bəzən personajların ayaqlarının və başının əks tərəflərə çevrilməsi nəticəsində pozanın
qeyri-təbii görünməsi və s.
Fransanın roman rəngkarlığı kitab miniatürləri ilə də şöhrət tapıb. Ən çox əlyazma saxlanmış monastır
Fransanın cənubunda Qaskon əyalətindəki Sen-Sever monastırıdır. O dövrdən bizə çox az rəssamın adı gəlib
çatmışdır ki, onlardan Stefan Qarsiyanı göstərmək olar.
XII əsrdə heykəltəraşlıq demək olar ki, bütün Avropada geniş yayıldı. Burqundiya və Provansdakı
məbədlərin bəzədilməsində bunlardan daha çox istifadə etmişdilər. Burqund heykəltəraşlığına parlaq misal
Otendə Sen-Lazar və Vezldə Sen-Madlen kilsələrindəki (1130-1140) relyef Qiyamət gününü olduqca təsirli və
emosional şəkildə təsvir edir. Burada hətta sənətkarın adı da yazılıb: Qislebertus. Sen-Madlen kilsəsindəki (XII
əsr) relyefin mərkəzində İsa peyğəmbər, ətrafında isə apostollar və yarıfantastik canlılar təsvir olunub. Görünür,
bunlar xristian dininin yayılmağa başladığı ölkələri nəzərdə tuturdu. Provans heykəltəraşlığının həm
süjetlərində, həm də ifa tərzində antik dövrün güclü təsiri hiss edilir. Provansdakı heykəllərin sayı Burqundiyada
olduğu qədər çox deyil. Lakin fasadlarda müqəddəslərin iri heykəllərinə tez-tez past gəlmək olur. Burqund
heykəlləri ilə müqayisədə bunların poza və hərəkətləri daha təbii idi. Ən parlaq misal Arlda Sen Trofim ( XII
əsr) kilsəsinin bər-bəzəyidir.
Roman üslubu Almaniyada ən çox memarlığa sirayət edib. XI-XII əsrlərdə Reynətrafı qüdrətli imperiya
şəhərlərində – Vormsda, Şpeyerdə, Maynsda iri kilsələrin tikintisinə başlandı. Buradakı soborlar (baş kilsələr)
öz əzəməti, qüdrəti, tutumlu olması, çoxsaylı ağır qüllələri, dinamik sileutləri ilə fərqlənirdi. Qalın və hamar
divarları, dar pəncərələri, iri qüllələri olan Vorms kilsəsi (1234-cü il) alınmaz qalanı xatırladırdı. Almaniyada o
dövr kübar memarlığının nümunələri – feodal qəsrləri və qalaları da saxlanmışdır.
XII-XIII əsrlərdə Almaniyada roman üslubundan qotika üslubuna keçid müşahidə edilir ki, buna «keçid
üslubu» deyilir. Bu üslubda həm roman, həm də qotikaya məxsus cizgilər birləşir. Bamberqdəki kilsə (1185-ci il
– XIII əsr) buna misaldır. Hamar divarlara dekorativ arkadalar (tağ sırası) və çoxlu pəncərələr əlavə olunub,
qüllələr bir qədər kiçildilib, relyeflərlə örtülmüş fasadlar öz zabitəliliyini itirmişdir.
Almaniyada roman rəngkarlığının nümunələri demək olar ki, saxlanmayıb. Qalan cüzi nümunələr o
dövrdə bu sənətin çiçəklənməsini göstərir. Miniatür sənəti buna parlaq misaldır. Bavar monastırlarının birində
XII-XIII əsrlərə aid olan və Karmina Bizans adlanan kübar şerlər toplusunun əlyazmasında orta əsr Qərbi Avro-
pa incəsənətində ilk dəfə olaraq təbiət təsvir edilib. Burada ağac, müxtəlif heyvan və quşlardan ibarət
ornamentlər miniatür səhnələrini əhatə edir.
Heykəltəraşlıq nümunələri, bir qayda olaraq, məbədlərin daxilində qoyulurdu. Yalnız XII əsrin sonundan
başlayaraq heykəllərdən fasadlarda da istifadə etməyə başladılar. Almaniyada yetkin roman heykəltəraşlığının
gözəl nümunələrindən Bamberqdəki kilsənin relyeflərini (1230-cu il) göstərmək olar. 1080-cı ildə Merzeburq
ətrafında Alman imperatoru IV Henrixə qarşı vuruşda həlak olmuş kral Rudolf Şvabskinin Merzeburq soborun-
da qəbirüstü abidəsi həm dini, həm də kubar incəsənətin astanasında dayanır. Orta əsr Almaniyasında sırf kübar
heykəltəraşlığına ilk misal 1166-cı ildə Sakson hersoqu Henrix Levin Braunşveydə Dankvarderod qəsrinin
qarşısında öz əzəmətini tərənnüm etdirmək üçün qoyduğu tunc şir fiqurudur.
Çoxəsrlik mədəni ənənələrlə formalaşan İtaliya incəsənəti ölkənin müxtəlif yerlərində bir-birindən fərqli
inkişaf edirdi. Çünki ölkənin cənubunda və Venesiyada Bizans ənənələri, mərkəzi İtaliya və Romada antik
ənənələr üstünlük təşkil edirdi. Buna görə də İtaliya memarlığında üslüb vəhdəti yox idi. Yalnız İtaliyanın
şimalında yerləşən Lombardiyada roman üslübünün formalarından istifadə edilirdi. VI əsrdə Milanda inşa
edilmiş və XI-XII əsrlərdə yenidən tikilmiş Sant-Amborco kilsəsi və o dövrün bizə çatan digər abidələri
rəngarəng mərmər plitələrlə bəzədilmiş xarici bəzək və gözəlliyi ilə fərqlənən memarlıq nümunəsidir.
Antik ənənələrə yiyələnən Mərkəzi İtaliya memarlığına Pizedəki məşhur kompleks aiddir. Kilsə, qüllə və
baptisteriyaya malik olan bu gözəl ansambl uzun müddətə tikilib. XI əsrdə burada memar Busketto, XII əsrdə
memar Raynaldo işləmişlər. «Əyilən» Piza qülləsi kompleksin məşhur hissəsidir. Bəzi tədqiqatçıların fikrincə
tikintinin əvvəlində fundamentin çökməsi nəticəsində qüllə əyilməyə başladığı üçün onu maili tikmək qərara
alınıb.
Siciliyada roman üslubu özünəməxsus şəkil alaraq özündə nəinki Bizans və Şərq, həm də Qərb memarlığının
güclü təsirini əks etdirir. Palermoda Palatin kapellası və Monrealdakı Santa-Mariya-Nurva kilsəsi Siciliya
memarlığının tipik nümunələrindəndir.
Erkən xristian incəsənətinin və Bizans mədəniyyətinin təsiri ilə formalaşan İtaliyanın roman rəngkarlığı
əlvanlığı və rəngarəngliyi ilə fərqlənir. Montekassino abbatlığı başda olmaqla cənubi İtaliya monastırları və
177
Roma onun vacib mərkəzləri idi. Montekassino monastırları illüstrasiyalı əlyazmalar yaradan mərkəz kimi də
şöhrət qazanmışdı. Monastırda işləyən miniatürçü rəssamlar Bizans incəsənətini də yaxşı bilir və sevirdilər. San-
Klementi kilsəsinin freskaları Roma rəngkarlığı barədə tam informasiya verir. Kilsənin divarlarındakı rəsmlərdə
müqəddəs Klementiyə aid əfsanə təqdim edilir.
Bu dövr heykəltəraşlığı əsasən antik ənənələrin təsiri ilə formalaşırdı. Roman üslubunun ən yaxşı
heykəltəraşlıq nümunələri İtaliyanın şimalında yaranıb. Bunlar Milanda, Veronda və Pavidəki məbədlərin mo-
numental relyefləridir. İtaliya heykəltəraşlığında roman üslubu Benedetto Antelaminin yaradıcılığı ilə başa çatır.
O, İtaliya heykəltəraşlığında ilk dəfə olaraq ayrıca dayanan heykəl yaradıb. Bunlar Fidens şəhərindəki kilsədə
qoyulmuş Bibliya peyğəmbərləri David və İyezekiilin heykəlləridir.
Normanların 1O66-cı ildə İngiltərəni işğal etməsi onun qitə ilə mədəni, siyasi və iqtisadi əlaqələrini
möhkəmlətdi ki, bu da ölkədə roman üslubunun formalaşmasına səbəb oldu. XI əsrin II yarısında İngiltərədə
monastır və kilsələrin tikintisi genişləndi. Tikinti işlərində qitənin digər ərazilərindən, xüsusən Normandiyadan
gəlmiş ustalar iştirak edirdi. XI əsrin əvvəllərinədək ingilis krallığının tərkibinə daxil olan Piterbors (XII əsrin
axırı) və Sent-Olbansda (XI əsr) olan kilsələr bu dövrə aiddir. Bayyo kilsəsində saxlanan xalça roman incəsənəti
dövrünün qeyri-adi nümunəsi olub, həm də XI əsr həyatının özünəməxsus ensiklopediyası rolunu oynayır. Bu-
rada kəndlilər, sənətkarlar, əsgərlər, yürüşə hazırlıq, gəmilər, döyüş səhnələri təsvir olunub. Məsələn, Qastinqs
uğrunda mübarizə (təxminən 1077-ci il). Xalça Bayyoda kraliça Matildanın muzeyində saxlanır.
Roman incəsənəti İspaniyada ərəb və fransız mədəniyyətlərinin təsiri ilə inkişaf edirdi. Ərəb
malikanələrinə aid olan Kardova, Qranada, Sevilya, Valensiya şəhərləri gözəl sarayları, məscidləri, fəvvarələri
ilə şöhrət qazanmışdı. Ərəblər ispan incəsənətinə şərq ornamentləri, memarlığa aid bəzi detallar, xüsusən də
burulmuş sütunlar əlavə etdilər. XI-XII əsrlər İspaniya üçün 711-718-ci illərdə ərəblər tərəfindən işğal edidlmiş
torpaqların azad edilməsi uğrunda mübarizə illəri idi. Müharibə o dövr ispan incəsənətində, xüsusən də
memarlıqda dərin izlər buraxdı. Qərbi Avropanın heç bir ölkəsində İspaniyada olduğu qədər qala və qəsrlərin
tikilməsi müşahidə edilmir. Mərkəzi İspaniyadakı Kastiliya (ispanca – qala) krallığı başdan-başa qəsrlər ölkəsi
idi. Roman dövrünün ilk qəsrlərindən biri IX əsrdə Seqoviyada tikilmiş kral sarayıdır. Hündür qayada yerləşən,
çoxlu qüllələri olan, qalın divarlarla əhatə olunmuş bu saray bizim dövrümüzədək qalıb. O vaxt şəhərlər də bu
minvalla yaradılırdı.
İspaniyanın roman dövründəki kilsə tikililərinin heykəllərlə bəzədilməsi, demək olar ki, istisna təşkil edir.
Məbədlər əlçatmaz qəsr təsiri bağışlayır. O dövr ispan mədəniyyətində monumental rəngkarlıq böyük rol
oynayırdı. Ölkədə özünəməxsus freska məktəbi yaranmışdı: divar rəsmləri rəngarəng boyalar və aydın konturlu
rəsmlərlə ifa olunurdu. Təsvirlər çox ifadəli olması ilə seçilirdi.
İspaniyada ilk monumental heykəltəraşlıq nümunələri XI əsrdə meydana gəlmişdi. Bu, əsasən, qapıların,
sütunların, kapitellərin bəzəkləri idi. İspaniyada roman heykəltəraşlığının görkəmli abidələrindən Sant-Yaqo de
Kompostella kilsəsində usta Mateo tərəfindən XII əsrdə yaradılmış «şöhrət portikləri»ni göstərmək olar. Burada
fransız mədəniyyətinin təsiri xüsusilə hiss olunur.
Beləliklə, Avropa incəsənətində XI əsrin əvvəllərində xristian bünövrə ilə roman bədii irsinin sintezi baş
verir ki, bunun da əsas növü zirvəsi katolik kilsə olan memarlıqdır. Fransız heykəltəraşı Roden deyirdi ki, roman
memarlığı insanı dizi üstə qoyaraq, ağır, yorucu, nəhəng sükut kimi qavranır, insanın dünyagörüşünün sabitliyi-
ni, «ufqiliyini» tərənnüm edir, qotika memarlığı işıq və kölgənin simfoniyasıdır.
Qotika incəsənəti.
XIII əsrin sonundan başlayaraq Avropanın şəhər həyatının törəməsi olan qotika üslubu aparıcı mövqe tu-
tur. Hündürlüyü və zərifliyinə görə onu donmuş və ya lal musiqi, daşların simfoniyası adlandırırdılar. Vahiməli,
kobud və monolit görkəmli roman məbədlərindən fərqli olaraq, qotik kilsələr naxış və dekorlarla, çoxlu
heykəllərlə bəzədilərək işıqlı olub, səmaya doğru uzanırdı. Onların qüllələri 150 metrdən hündür olurdu. Məhz
buna görə «qotika» sözünün almanca «qot», yəni «Allah» sözü ilə eyni kökə malik olması və qüllələrin «Allaha
doğru» uzanması ehtimal edilir.
«Qotika» sözünün etimoloji cəhətdən german tayfası olan qotların adı ilə bağlı olub, termin kimi intibah
dövründə yaranması variantı daha geniş yayılıb. Çünki o dövrdə «roma» incəsənətinə əks olan «barbar»
incəsənətini «qotik» adlandırırdılar. Antik ənənələrə uyğun gəlməyən incəsənət qotik adlandırılaraq müasirləri
üçün maraq doğurmurdu. Hətta İtaliyada XVI əsr İntibah dövrünün məşhur sənət nəzəriyyəçisi Corco Vazari də
qotikaya öz mənfi münasibətini bildirərək yazırdı ki, ilahi, bütün aləmi bizim gözəl tikililərlə müqayisədə
eybəcər görünən bu cür işlər barədə fikirlərdən belə saxla, onlar hətta bu barədə danışmağa da layiq deyillər. Bu
təkcə Vazarinin yox, onun müasirlərinin də fikri idi. Qotikaya bu cür münasibət yalnız XIX əsrdə dəyişdi. Bu o
vaxt idi ki, artıq orta əsrlərə bəşər tarixinin «qaranlıq dövrü» kimi baxmırdılar. Buna baxmayaraq, son orta əsr
Avropa incəsənətinə xas olan «qotika» adı saxlandı.
178
Avropanın müxtəlif ölkələrində qotikanın öz xarakterik xüsusiyyətləri və xronoloji çərçivəsi müxtəlif olsa
da, dirçəlişi XIII-XIV əsrlərə təsadüf edir. Təsviri sənət tarixində qotikanı erkən, yetkin və son dövrə ayırırlar.
Roman və qotika üslubları arasında dəqiq xronoloji sərhəd çəkmək mümkün deyil. Məs. XII əsr həm ro-
man üslubunun çiçəkləndiyi dövr, həm də 1130-cu ildən qotikanın əsasını qoyan yeni formaların yaranması,
erkən qotika dövrüdür. Qərbi Avropada qotika üslubunun ən yüksək zirvəyə çatdığı dövr, yetkin qotika dövrü
XIII əsr, tənəzzül və ya «alovlanan» dövrü XIV-XV əsrlərdir. Onun ən yetkin nümunəsi məhz bu əsrlərdə (XIV-
XV) tikilən və XIX əsrin əvvəllərində tikintisi yenidən bərpa edilərək başa çatdırılan Milan kilsəsidir. Müxtəlif
ölkələrdə qotika üslubunun özünəməxsus xüsusiyyətləri olsa da bu onların daxili vəhdətini və ümumi cəhətlərini
inkar etmir.
Memarlıq. Roman incəsənətindən fərqli olaraq, XII əsrin axırlarında Avropanın dini, mədəni, siyasi və iq-
tisadi həyatının mərkəzi monastırlar deyil, şəhərlər oldu. Şəhərlərdə aristokratların sarayları, din xadimlərinin
iqamətgahları, kilsələr, monastırlar, universitetlər yerləşir, idarəçilik, ticarət və s. işlər aparılırdı. Şəhərlərə çoxlu
insan axını müşahidə edilir, sənətkarlar, zəvvarlar, tələbələr şəhərlərə üz tuturdular. O vaxt belə deyirdilər:
«Şəhər havası ilə nəfəs alan insan azad olur».
Orta əsr şəhərlərində ictimai həyatın mərkəzi ratuşalar (şəhər özünüidarə binası) və soborlar oldu. İri daş
binalar olan ratuşaların yığıncaqlar üçün nəzərdə tutulmuş zalı birinci mərtəbədə, yardımçı otaqları isə ikinci
mərtəbədə olurdu. Ratuşalar üzərində şəhərin azadlıq simvolu olan qüllələr ucalırdı.
Soborlar şəhərin əsas ictimai mərkəzi idi. Bura bütün əhali yerləşməli idi. Dini mərasimlərlə yanaşı şəhər
yığıncaqları, disputlar keçirilir, universitet mühazirələri oxunur, moizəçilər çıxış edir, professor və tələbələr dis-
kussiyalar aparır, dini mövzuda teatrlaşdırılmış tamaşalar – misteriyalar təşkil edilirdi. Soborları əvvəl olduğu
kimi miniatür ustaları deyil, şəhərli ustalar tikirdi. Çox vaxt şəhər əhalisi özü soborların bəzədilməsində istifadə
edilən sənət əsərlərinin sifarişçisi və ya yaradıcısı olurdu.
Roman kilsələrindən fərqli olaraq qotik kilsələr bazilika tipli tikililərin inkişafında yeni pillədir. Burada
bütün elementlər vahid sistemə tabe edilir. Qotik kilsələr xarici gözəlliyi ilə yanaşı daxildən də dərin təəssürat
oyadır. Onun interyeri geniş və işıqlı olaraq çoxsaylı əhali üçün nəzərdə tutulub. Roman kilsələri ağır və alçaq,
qotik soborlar isə yüngül və səmaya ucalan olurdu. Bu onunla əlaqədar idi ki, qotik memarlıqda yeni
konstruksiyalı qübbələrdən istifadə edilməyə başlanmışdı. Əgər roman kilsəsində ağır və iri qübbələr qalın di-
varlara söykənirsə, qotik soborlarda qüllə arkalara, arkalar isə öz növbəsində sütunlara söykənir. Yeni konstruk-
siya divarların qalınlığını azaltmağa, binanın daxilinin genişlənməsinə səbəb olur. Daha divarlar qübbələp üçün
dayaq rolunu oynamadığına görə onlarda çoxlu pəncərə, arka və qalereyaların olması mümkün idi. Qotik saray-
larda divarların hamar səthi xeyli azaldığı üçün divar rəsmlərinin yerini vitrajlar – pəncərələrə salınan rəngli
şüşələrdən düzəldilmiş təsvirlər tutmağa başladı. Soborları həm içəridən, həm də bayır tərəfdən çoxlu relyef və
heykəllər bəzəyirdi. Roman məbədlərində ayrı-ayrı hissələr arasında kəskin sərhəd qoyulur, qotikada isə heç bir
sərhəd olmurdu. Soborda yaradılan möcüzəli məkan – çoxsaylı arxitektura və heykəl bəzəklər, vitrajlardan
süzülən işıq və s. göylərdəki həyatın obrazını yaradır, sirli arzulara qovuşdururdu.
Heykəltəraşlıq. Qotik memarlıq o dövr təsviri sənətində birinci yer tutan plastika ilə sıx bağlı idi. O, qotik
memarlığın emosionallığını və gözəlliyini daha da artırırdı. Qotik soborların (baş kilsələr) bəzəyi daha zəngin
olurdu. Viktor Hüqo onları obrazlı şəkildə nəhəng kitabla müqayisə edirdi. Daxildən və xaricdən olan dekorativ
bəzəklər əsasən heykəl və relyeflərdən ibarət idi. Dekorativ xarakter daşıyan heykəltəraşlığın kompozisiya və
ideya həlli teoloqlar tərəfindən düşünülmüş proqrama tabe olmalı idi. Soborların emalatxanalarında minlərlə
heykəl və relyef hazırlanırdı. Onların hazırlanmasında adətən bir neçə nəsil rəssam və usta köməkçiləri iştirak
edirdi. Adətən portallarda qoyulmuş heykəltəraşlıq kompozisiyaları, apostolların, peyğəmbərlərin,
müqəddəslərin cərgə ilə düzülmüş nəhəng heykəlləri sanki bura gələnləri qarşılayırdı. Timpanlar, portalların
arkaları, aralarındakı məsafə, yuxarı yarusların qalereyaları, qüllələrin taxçaları qorelyeflərlə (hündür qabarıqlı
skulptura, naxış), dekorativ relyef və heykəllərlə bəzədilirdi. Ayrı-ayrı səhnələrin və xırda fiqurların çoxu kon-
sollarda (divar çıxıntısı), kürsülüklərdə, postamentlərdə, kontrforslarda (divarı, gümbəzi saxlayan ağır dayaq),
örtüklərdə yerləşdirilirdi. Kapitel və karnizlər quş, yarpaq, gül, cürbəcür meyvə təsvirləri ilə doldurulurdu,
karnizlərin çıxıntılarından, qüllələrin tillərindən, arkbutanlardan yarıaçılmış daş yarpaqlar (krab – on ayaqlı
dəniz xərçəngi) dəqiqliklə keçir, şpillərə (binanın başında uzun mil) xaççiçəkli güllərdən tac qoyulurdu. Bütün
bu ornamental motivlər sanki memarlıq formalarına təbiətin həyat hissini gətirirdi. Digər memarlıq üslublarının
heç birində bu qədər nəbati ornament bolluğuna rast gəlmirik.
Soborun arxitekturasının ayrılmaz hissəsi olan qotik heykəltəraşlıq memarlıq konstruksiyaları ilə
qovuşaraq tikintinin funksional elementlərinin tərkibinə daxil olur. Qotik memarlıq heykəltəraşlığı nəinki özünə
daha çox tabe etdi, hətta onun müstəqil əhəmiyyətini də artırdı. Heykəllər çox vaxt divardan ayrılaraq ayrıca
postamentlər üzərində, taxça və oyuqlarda qoyulmağa başladı. Kompozisiyası müxtəlif, lakin süjet və dramatik
hadisələrə görə birləşdirilən heykəltəraşlıq qrupları yaranmağa başladı: müqəddəslərin arvadları Xilaskarın
məzarı üzərində hönkürtü ilə ağlayır, mələklər şadlıq edir, «Gizli gecə»dəki apostollar həyəcan keçirir, günaha
batanlar cəhənnəmdə əzab çəkir. Yunanların plastik sahədəki nailiyyətlərini (məsələn, üzün profildən təsviri)
179
daha da inkişaf etdirən qotik sənətkarlar müstəqil yolla gedərək ətraf aləmə daha emosional və şəxsi münasibət
bəsləyirlər.
O dövrdə möcüzələrə, fantastik heyvanlara, əjdaha və divlərə olan inamlar hələ də qalmaqda idi. Roman
incəsənətində olduğu kimi, qotikada da onların təsvirlərinə tez-tez rast gəlmək olur.
Qotik heykəltəraşlığın ülvi obrazlar aləminə tez-tez məişət motivləri də daxil olurdu. Bunlardan xalq
sənəti nəfəsi duyulurdu: rahiblərin, qəssabların, aptekçilərin, üzümyığanların, alverçilərin, biçinçilərin fiqurları.
Hətta sərt xarakterini itirən «Məşhər günü» səhnələrində də incə yumor hiss edilir. Eybəcər təsvir edilən günah-
karlar içərisində krallara, rahiblərə və varlı adamlara tez-tez rast gəlmək olur.
Rəngkarlıq. Qotik soborun interyerinin dekorativ tərtibatında əsas rolu işıq-rəng problemlərinin düzgün
həlli oynayır. Sobor daxildən və xaricdən qızıl suyu ilə səxavətlə işlənirdi (pəncərə-roza). Pəncərələrin nəhəng
səthini dolduran vitrajların kompozisiyaları «Qiyamət günü» hekayələrindən, tarixi hadisələrdən, ədəbi və dini
süjetlərdən, həmçinin sənətkarların, kəndlilərin əməyini və həyatını əks etdirən səhnələrdən bəhs edərək orta əsr
həyat tərzinin ensiklopediyası rolunu oynayırdı. Hər bir pəncərə yuxarıdan aşağıyadək fiqurlardan ibarət kom-
pozisiyalarla doldurularaq medalyonlarla tamamlanırdı.
Qotika incəsənətində İsa peyğəmbərin obrazı dəyişildi: şəhidlik mövzusu ön plana çəkildi. Qotik
rəssamlar öz allahlarını əzab çəkən və hüznlü, bəşəriyyətin günahlarını öz üzərinə götürmüş kimi təsvir
edirdilər. İnsanlar üçün daimi allaha yalvaran və onları müdafiə edən Məryəm ananın da obrazı qotik
incəsənətin diqqət mərkəzində idi. Məryəm anaya olan sitayiş orta əsrlər üçün xarakterik olan gözəl qadına
sitayiş kultu ilə eyni zamanda yaranıb. Bəzən bu iki kult qovuşur və Məryəm ana gözəl qadın simasında təqdim
olunurdu.
XIII-XIV əsrlərdə qotika incəsənətində orta əsr kitab sənəti, miniatür sənəti yüksək inkişaf səviyyəsinə çatdı.
Onların inkişafı mədəniyyətə kübar tendensiyaların axınının artması ilə əlaqədar idi. Hətta dini məzmunda çoxfi-
qurlu kompozisiyası olan illüstrasiyalarda incə realist detallara rast gəlmək olur: nəbati ornamentlər, quşların,
kəpənəklərin, heyvanların, məişət səhnələrinin təsviri.
XIII-XIV əsrlərdə Müqəddəs taritxdən olan səhnələr və müqəddəslərin təsvirləri olan zəngin illüstrasiyalı
kilsə kitablarından başqa dua kitabları, roman və tarixi xronikalar da geniş yayılmışdı. Onların səhifələrində
kübar şənlikləri, cəngavər turnikləri, kəndli əməyi ilə bağlı səhnələr yerləşdirilirdi ki, bunlar da ot və güllərdən
ibarət zərif ornamentlərlə bəzədilirdi.
XIV-XV əsrlərdə həmçinin kübar (qeyri-dini) əlyazmalarına – elmi traktatlara, xronikalara, pravoslavların
dua kitablarına, məhəbbət nəğmələri toplusuna da illüstrasiyalar çəkilirdi. Kurtuaz ədəbiyyatına aid əsərlərdə
cəngavərləritn ideal məhəbbətini tərənnüm edən miniatürlər geniş yayılmışdı. Çərçivələr də kitablara xeyli
yaraşıq verirdi. Beləliklə, miniatur sənəti orta əsr incəsənətinə canlı nəfəs gətirərək rəngkarlığın inkişafında
mühüm rol oynadı.
Fransa. Qotik incəsənət ilk dəfə burada - kral mülklərinin mərkəzi olan Fransa əyaləti İl-de-Fransda
yaranıb. Bunun belə olmasının səbəbi fransız dövlətinin güclənməsi, kral hakimiyyətinin möhkəmlənməsi,
şəhərlərin artması idi. Müxtəlif sənətlərin, elm və ədəbiyyatın çiçəklənməsi İl-de-Frans əyalətinin əsas
şəhərlərindən olan Parisi Avropa mədəniyyətinin mərkəzinə çevirdi. O dövrün müasirlərindən biri İl-de-Fransı
«bəşəriyyətin mənəvi çörəyi yapılan soba» adlandırmışdı.
Erkən qotikanın xarakterik xüsusiyyətləri Fransa paytaxtının əsas soboru – Paris-Notrdam kilsəsində
təcəssüm olunub. Paris-Notrdam kilsəsi 1163-cü ildə tikilməyə başlasa da, onun tikintisi yalnız XIV əsrdə başa
çatıb. Paris-Notrdam kilsəsində həm roman, həm də qotika üslublarının cizgiləri qovuşub. Fasadın iri qüllələri
roman memarlığı üçün xarakterik olduğu halda, arkalara söykənən xaç qübbə, arkbutan (yarım arka) və
kontrforslardan (divar və ya günbəzi saxlayan ağır dayaq), çalma tağlardan və çoxlu pəncərələrdən istifadə
edilməsi qotik incəsənətə xasdır.
Şartrdakı kilsə (XII-XIV əsrlər) Avropanın ən gözəl kilsələrindəndir. Kral IX Lüdovik müqəddəs
Məryəmin əmanətləri saxlanan bu şəhərə himayədarlıq edir, hətta kilsəyə böyük pəncərə (okno-roza) də
bağışlayır. Kilsənin tikintisində çox adam iştirak etmiş, vitrajlar şəhər sənətkarlarının hesabına başa gəlmişdir.
XII əsrdə minlərlə normand zəvvarı Şartra gələrək burada bir neçə ay işləmiş, Məryəm ananın şərəfinə himn
oxuyaraq, ağır daşlarla dolu arabaları daşımışlar. Kilsənin tikintisində iştirak etmək savab iş sayılırdı. Belə
düşünürdülər ki, bu yolla günahlar bağışlanacaq və göylərdə qurtuluş təmin ediləcək.
Kilsənin «kral portalı» (1145-1155) qotika heykəltəraşlığına parlaq nümunədir. Kilsə, həmçinin 2500
kvadratmetrdən çox sahəni tutan vitrajları ilə də məşhurdur. 1194-cü ildə kilsə, demək olar ki, büsbütün yandı,
yalnız «kral portalı» və qüllənin özülü qaldı. Sonradan bina yenidən tikildi.
Yetkin qotika memarlığının məşhur nümunələrindən Reymsdəki və Amyendəki soborları göstərmək olar.
Fransız krallarının tacqoyma mərasiminin keçirildiyi Reyms soboru (1211-1330-cu illər) kral hakimiyyətinin
əzəmətini və gücünü tərənnüm edən abidədir. Eyni zamanda o, tikintidə fəal iştirak edən şəhər sakinlərinin və
şəhərin özünün güc və dövlətinin sübutudur. Amyendəki soborun (1218-1268) uzunluğu 145 metr, hündürlüyü
isə 42,5 metrdir. Bu, Fransada ən iri sobordur. Amyendəki sobor Fransada qotik memarlığın çiçəklənməsinə
sübutdur. Əgər Reyms soboru heykəltəraşlıqla bəzədilmiş zahiri görkəmi ilə seçilirsə, Amyendəki sobor özünün
180
yüngül, isti, vitrajlarla işıqlandırılmış nurlu və eyni zamanda geniş intenyeri ilə fərqlənir. Qotika üslubunda
yalnız kilsə tikililəri deyil, dini olmayan kübar, ictimai və s. binalar da tikilirdi: məs. ratuşalar, ticarətlə əlaqədar
tikililər və ya şəxsi evlər.
İnkişaf etmiş fransız qotikasının ən gözəl nümunələrindən biri hələ IX Lüdovikin dövründə Parisin Sit
adasında tikilmiş ikimərtəbəli Müqəddəs Kral kapellasıdır.
XIII əsrə aid olan görkəmli abidələrə misal olaraq Normandiya sahillərindəki Mon Sen-Mişel abbatlığında
olan monastırı göstərmək olar. Bu, qotika dövrünün tək-tük monastırlarından olub, Fransanın şimal
sahillərindəki qaya üzərində tikilib. Monastıra quru yolu ilə ilə yalnız dəniz suyunun çəkildiyi vaxt getmək olar.
Qabarmalar zamanı monastırı hər yerdən su əhatə edir.
Fransız qotik heykəltəraşlığının inkişafı XII-XIII əsrlərə aiddir. Onun ən parlaq nümunələri yuxarıda
haqqında söhbət gedən Şartr, Reyms və Amyen soborlarıdır ki, bunların hərəsində öz gözəlliyi ilə seçilən 2 minə
yaxın heykəltəraşlıq əsərləri var. Fransanın qotik rəngkarlığının ən gözəl nümunələri də Şartr soborunun
vitrajlarıdır. Məs. «Məryəm ana öz körpəsi ilə». Reyms kilsəsində də belə gözəl vitrajlar az deyil. XIII-XIV
əsrlər Fransız miniatür sənətində aparıcı yeri Paris məktəbi oynayırdı. Məs. «Böyük fransız xronikası»nın (XIV
əsr) illüstrasiyaları.
XIV-XV yüzilliklər Fransada orta əsr incəsənətinin yekun mərhələsi sayılır. Buna «yetkin» və ya «alovla-
nan qotika» da deyilir. Bu dövrdə təsvirlərdəki xətlər yanan alovu xatırladır, həmçinin əyri xətli formalardan,
mürəkkəb rəsmlərdən, şəbəkəli ornamentlərdən də geniş istifadə edilirdi. Bu dövrdə artıq yeni binalar tikilmir,
yalnız başlanmış tikililər sona çatdırılırdı.
XII-XIV əsrlərdə Almaniyada imperator, knyazlar və ali ruhanilər arasında hakimiyyət uğrunda mübarizə
getdiyi üçün Almaniya parçalanmış ölkə olaraq qalırdı. Belə şəraitdə şəhərlər mühüm əhəmiyyət kəsb etməyə
başladı. Buradakı kilsə və ratuşular qotik incəsənətin mərkəzi oldu.
Almaniyada qotika XIII əsrin I yarısında geniş yayıldı. Alman qotikası fransız qotikasından kəskin
surətdə fərqlənirdi. İnsan ruhunun göylərə olan meylini mümkün qədər daha çox vurğulamağa çalışan alman
memarları qübbələrin hündürlüyünü kəskin surətdə artıraraq, onların başına şpilləri olan (qüllələrin başında
uzun mil) qüllələrdən tac qoyurdular. Kilsələrin qərb fasadlarındakı bir və ya iki hündür qamətli qüllələri daha
təmtəraqla bəzəyirdilər. Bir qayda olaraq, burada bayır tərəfdən yarımarkalar (arkbutanlar), həmçinin pəncərə-
rozalar olmazdı. Onun əvəzinə çatma pəncərələrdən istifadə edilirdi.
Almaniyada qotik memarlığa aid olan kilsələr Marburq, Nauburq, Freyburq, Ulm və digər şəhərlərdədir.
Alman memarlığının ən görkəmli əsəri – Köln şəhərindəki sobordur (1248-ci ildən – XIX əsrədək).
Hündürlüyü 46 metr olan bina çoxlu arkalar, incə naxışlar, çatma pəncərələrlə bəzədilib.
Almaniyada qotika dövründə heykəltəraşlıq nisbətən az inkişaf etmişdi. Heykəllər roman dövründə
olduğu kimi fasadları yox, əsasən məbədlərin içərisini bəzəyirdi. Almaniyadakı qotik heykəltəraşlıq əsərləri
formaca ağır olub, Fransadakına nisbətən o qədər də zərif və nəfis deyildi. Erkən qotikaya Bamberqdəki kilsənin
heykəl bəzəkləri, o cümlədən, Yelizavetanın portreti (1230-1240) aiddir. Burada çoxlu relyeflər, həmçinin Atlı
fiquru vardır ki, bu da orta əsrlərin ən sirli heykəllərindəndir. Heykəlin kimi təsvir etdiyi məlum deyil:
fərziyyələrə görə bu, ya imperator Böyük Karl, ya imperator Otton, ya da adi xristian döyüşçüsüdür.
Ümumiyyətlə, atlı təsvirlər Almaniyada erkən vaxtlardan yaranıb. Alman qotikası portret heykəltəraşlığının
inkişafında mühüm rol oynayıb. Alman heykəltəraşlığının görkəmli əsərləri içərisində Naumburqdakı kilsənin
(XIII əsr) yaradıcılarının, xüsusən markqraf (orta əsrlərdəAlmaniyada sərhəd vilayəti və ya müstəqil inzibati
vilayəti idarə edən knyaz) Ekkerxardın və markqrafinya Utanın heykəllərini göstərmək olar.
Qərbi Avropanın digər ölkələrindən fərqli olaraq, İngiltərədə şəhərlər az əhəmiyyət kəsb etdiyindən bu
ölkənin qotik incəsənəti əsasən monastırlarla bağlı idi. İngiltərədəki qotik kilsələr həm içəridən, həm də bayır
tərəfdən bər-bəzək bolluğu ilə fərqlənirdi. Onun uzun mərkəzi hissəsi hündür qüllə ilə tamamlanırdı. Adətən
fasad hissədə qüllə olmurdu.
İngilis qotik soborlarının həm içərisi, həm də xarici öz zəngin bəzəyi ilə seçilir. Uzun olan orta hissədə
hündür qüllə ucalırdı. Fasadda adətən qüllə olmazdı.
İngiltərənin qotik memarlığının ən görkəmli nümunələrindən ingilis krallığının baş məbədi olan
Kenterberdəki kilsəni (XII-XIV əsrlər), Londonda ingilis krallığının dəfn və ənənəvi tacqoyma mərasimlərinin
keçirildiyi Vestminster abbatlığının kilsəsini (XIII-XIV əsrlər), Solsberidəki kilsəni (1220-1266) və s. gös-
tərmək olar.
İngiltərədəki qotik heykəltəraşlıq və divar rəsmləri, demək olar ki, saxlanmayıb. Onların çoxu dindarların
Katolik Kilsəsinə qarşı amansız mübarizə apardığı Reformasiya dövründə (XVI əsrdə Qərbi Avropada katolik
kilsəsinə və papa hakimiyyətinə qarşı dini mübarizə şəklində cərəyan edən feodalizmə qarşı ictimai-siyasi
hərəkat) məhv edilib.
Orta əsrlərdə İtaliya mədəniyyətinin formalaşmasında həlledici rolu respublika-şəhərlər - Florensiya,
Siyena, Venesiya oynayırdı. O dövrdə İtaliya mədəniyyəti antik ənənələrin təsiri altında olduğundan qotik üslub
burada yalnız XIV əsrdə formalaşdı, lakin hakim mövqe tuta bilmədi.
181
Bu dövr İtaliyası daha çox qeyri-dini, kübar memarlığı ilə zəngindir. Qotik dövrün ən iri məbədi – 40.000
adam tutan Milan kilsəsidir (1386-cı il – XIX əsr). Zəngin bəzəyə malik olan bu kilsənin təkcə heykəltəraşlıq
əsərlərinin sayı 2.300 ədəddir.
İtaliyanın digər şəhərlərində də xeyli gözəl kübar qotik tikililər – saraylar, ratuşalar, fəvvarələr saxlanıb.
Çoxəsrlik Venesiya tarixinin parlaq simvolu olan Dojlar Sarayı (Venesiyanın başçıları) qotika dövrü
tikililəri içərisində məşhur olub, mərkəzi meydan sayılan Müqəddəs Mark meydanını bəzəyir. IX əsrdə Vene-
siya körfəzinin laqun (dənizdən ayrılmış kiçik göl) sahilində müdafiə məqsədilə tikilmiş bu saray yüzilliklər
ərzində bir neçə dəfə yenidən tikilib. Buna baxmayaraq, iri olan içəri həyətin ətrafında kvadrat əmələ gətirən
planın ilk variantı olduğu kimi saxlanmışdır. Pyasettu meydanı və sarayın laquna çıxan fasadları (XIV-XV əsr)
«alovlu» qotikanın gözəl nümunəsidir.
Beləliklə, qotika incəsənəti orta əsrlər mədəniyyətinin parlaq nailiyyətlərindəndir. Onun Avropa
mədəniyyətinə təsiri yalnız orta əsrlərlə məhdudlaşmır. XIX əsrdə qotika memarlığı, heykəltəraşlığı və
rəngkarlığına maraq o qədər artmışdı ki, yarımçıq qalmış bir çox tikililər məhz bu dövrdə davam etdirilərək başa
çatdırılmışdır. Köln kilsəsi, Praqadakı Müqəddəs Vit kilsəsi və s. belələrindəndir. Qotik üslubda hətta XIX əsrin
özündə də binalar tikilirdi. Məsələn, Londonda Temza çayı sahilindəki İngilis parlamentinin binası buna
misaldır.
Orta əsrlər mədəniyyəti yalnız memarlıq və təsviri incəsənətlə məhdudlaşmır. Roman dövründə kübar
mədəniyyətinə aid olan qəhrəmanlıq eposu («Roland haqqında nəğmə», təxm. 1100-cü il), trubadur poeziyası,
cəngavər romanı, məişət janrı, fablio, farslar, məzəli atalar sözləri, təmsillər inkişaf səviyyəsinə çatdı. Qotika
dövründə epos və cəngavər romanları ilə yanaşı yeni dövrün əlamətdar hadisəsi olan provansal poeziya –
trubadurların məhəbbət lirikası da çiçəkləndi. Poeziyada fərdi hisslər kök salmağa başladı. Gündəlik həyatın
parlaq səhnələrinə meyl edən şəhər ədəbiyyatı inkişaf etdi. Birsəsli (unison) musiqini çoxsəsli musiqi əvəz etdi.
Şəhərlərdə xor himnləri, kəndlərdə misteriyalar geniş yayıldı. Komik teatr janrları da yarandı: farslar, «günahkar
messalar», təlxək nümayişləri və s.
Mədəniyyətin ümumi inkişafında əvəzedilməz rolu olan qotika incəsənəti öz əzəmətli əsərləri ilə unudul-
maz təəssürat və əxlaqi-estetik pafos oyadır. Məhz qotika dövründə incəsənətin sintezi anlayışı yaranır. Realist
istiqamət isə incəsənəti yeni dövrə - İntibaha aparır.
Dostları ilə paylaş: |