II FƏSİL
ANTİK DÖVR
2.2.1. Qədim Yunanıstan mədəniyyəti
Krit - Miken dövrü
Mədəniyyət tarixində hər bir dövr özünə görə qiymətli və təkrarolunmazdır. Tədqiqatçılar bu faktı
təsdiqləyərək Qədim Yunan mədəniyyətinə xüsusi əhəmiyyət verirlər. Antik Yunan mədəniyyətinə müasir
ədəbiyyat janrları və fəlsəfə sistemi, sütunlu arxitektura və heykəltəraşlıq, astronomiyanın əsasları, riyaziyyat və
təbiətşünaslıq daxildir. Qədim Yunan mədəniyyətinin ən başlıca nailiyyəti isə insanın kəşfidir. Allahın yaratdığı
insan ən ecazkar, mükəmməl və ali bir varlıqdır. Avropa tarixinə və mədəniyyətinə güclü təsir göstərən antik
mədəniyyət, müasir dövrün tarixçilərinə «Yunan möcüzəsi»ndən danışmağa imkan yaradır.
B.e.ə. I minillikdə qədim şərq sivilizasiyası sönməyə başlayır və öz yerini Aralıq dənizində yerləşən
regionların mədəniyyət ocağına verir. B.e.ə. VII əsrdən başlayaraq bu bölgənin mədəniyyət mərkəzi Yunanıstan
olur. Yunan mədəniyyətinin inkişafında etnik və coğrafi şəraitin rolu böyük idi.
Yunanları kosmosdan gələn ağıllı, ilhamlı, məqsədyönlü və hər bir qarışıqlığa qarşı duran kimi
qiymətləndirirdilər. Artıq dünyaya, təbiətə və kainata baxış estetik kateqoriyaların yaranmasına səbəb olur. Bu,
Qədim Yunan mədəniyyətinin tərkibinə daxil olub incəsənətdə xüsusi inkişaf – gözəllik, ölçü və harmoniyanı
yaradır.
Qədim Yunan bədii mədəniyyəti üç əsas mənbədən qidalanır.
1.
Egey dənizinin adasında yerləşən əhalinin qədim krit-miken incəsənəti. Bu özünü zəngin arxitekturaya malik
olan Krit, Miken və Tirinf iqamətgahlarında göstərir, həmçinin rəsmlərində, keramika və qızıl əşyalarında
büruzə verirdi.
2.
Aralıq dənizi sahilindəki Kiçik Asiya və Finikiyalılar tərəfindən daxil olan kompozisiyalı arxitektura, Qədim
Misirin incəsənəti də güclü təsir göstərirdi.
3.
Dori tayfalarının incəsənəti. Şimaldan gələn Dori tayfalarının incəsənəti və özləri ilə gətirdikləri həndəsi üslub
da Yunan mədəniyyətinə təsir göstərir.
Öz inkişaf tarixində Qədim Yunan mədəniyyəti bir neçə mərhələdən keçib. Bunlardan birincisi
Krit-Miken mədəniyyətidir.
Yunan ərazisindəki qədim sivilizasiya tədqiqatçılar tərəfindən Krit-Miken mədəniyyəti adını almışdır. Bu
ad Krit adaları və materik Yunanıstanı ərazisindəki Miken şəhəri ilə əlaqədardır. Müəyyən yüksəliş və tənəzzül
mərhələlərini yaşayan bu mədəniyyət təxminən b.e.ə. 2000-ci ildən 1200-cü ilə qədər yaşamışdır.
B.e.ə. III və II minilliklər çərçivəsində Krit həyatı saraylar ətrafında cəmlənmişdi. Arxeoloqlar tərəfindən
tapılan bütün saray kompleksləri siyasi, iqtisadi və dini həyatın mahiyyətindən xəbər verir. Belə mərkəzlərdən
dördünün – Knoss, Fest, Malliya, Kato Zakropun adını çəkmək olar. Əvvəllər bunlar müstəqil dövlət olsalar da,
sonralar Knossun tabeçiliyi altında birləşdilər. Krit saray kompleksləri içərisində Labirint adlı saray
tədqiqatçılar tərəfindən daha dərindən öyrənilmişdir. O, Knoss şəhərində yerləşirdi. Sarayın belə adlandırılması,
onun daxilindəki müxtəlif təyinatlı otaqların bir neçə (2-4) səviyyələrdə yerləşdirilməsi ilə bağlı idi.
Simmetriyanın olmaması bütün Krit memarlıq nümunələrində olduğu kimi, bu sarayda da təzahür tapmışdır.
Sarayların birinci mərtəbəsində tacqoyma zalı, amfiteatr və digər otaqlar nəzərdə tutulurdu. Daxili pillələr
mərtəbələri birləşdirərək böyük eyvanlarla əhatələnirdi. Burada sənətkarlıq emalatxanaları, digər təsərrüfat xa-
rakterli otaqlar yerləşmişdi. Bu cür tikililərdə planlaşdırmanın hər hansı bir sistemini təsəvvür etmək mümkün
deyil. Dövrün ən məşhur memarı əfsanəvi Dedal idi.
Knoss sarayı divarları gözəl freskalarla bəzədilirdi. Bu təsvirlər bu gün bizlərə qədim kritlilərin həyat və
məişəti, mədəniyyəti, dini mərasimləri haqqında zəngin məlumatlar verir. Freska süjetlərindən belə bir nəticə
əldə etmək olar ki, kritlilər təbiətə məftun insanlar idi. Peyzaj rəngkarlığının əsas mövzusunu dəniz, balıq ovu,
delfin təsvirləri, kolluq və aslan, öküz, keçi rəsmləri təşkil edir. Bütövlükdə götürdükdə Kritin təsviri sənəti son
dərəcə dinamik və rəngarəngdir.
Krit rəssamları insan fiqurlarının təsvirinə Misir kanonları ruhunda yanaşırdılar: insanın ayaq və sifəti
yandan, gözləri tamaşaçıya zillənmiş şəkildə təsvir olunurdu. Təbiətin təsviri o qədər realist ruhda idi ki, insan
təsvirləri bu rəsmlərə bütövlük, dolğunluq bəxş edirdi. Krit həyatında din əhəmiyyətli dərəcədə böyük rol
oynayırdı. Lakin burada xüsusi məbədlər və kahin kastaları yox idi. Əvvəldən Kritdə çar hakimiyyətinin xüsusi
forması olan teokratiya mühüm yer tuturdu. Bu hakimiyyətdə kübar və ruhani hakimiyyət bir adamın üzərinə
düşürdü. Çar sarayı universal funksiyaları yerinə yetirirdi, o eyni zamanda həm dini, inzibati, həm də təsərrüfat
mərkəzi idi. B.e.ə. XVI əsr və XV əsrin I yarısında Knoss (və ya Minoy) mədəniyyətinin çiçəklənmə dövrü
b.e.ə. XV əsrin axırlarında tənəzzülə uğramağa başlayır. Bu, b.e.ə. təxminən 1450-ci ilə təsadüf edən vulkan
püskürməsi nəticəsində şəhərin gözəl tikililərinin yerlə-yeksan olması, habelə, bu hadisədən istifadə edən Tu-
nan-axey hərbçilərinin Kritə hücum etməsi ilə izah edilirdi. Krit, mədəniyyət mərkəzindən axey Yunanıstanının
153
əyalətinə çevrildi. Bu çağlarda Miken (və ya axey) mədəniyyəti çiçəklənməyə başlayır. Kritdə olduğu kimi, Mi-
ken mədəniyyətində də əsas mərkəzlər saraylar idi. Bunlardan ən əhəmiyyətlilərini arxeoloqlar Miken, Tirinfe,
Pilos, Afinada tapmışlar. Krit saraylarından fərqli olaraq Miken tikililərində simmetriya, otaq və zalların
yerləşdirilməsinin dəqiq sistemi mövcud idi. Tikilidə mərkəzi hissəni Meqaron – iri mərkəzi zal tuturdu. Bütün
axey sarayları möhkəm bərkidilərək, əsil qüllələri xatırladırdı. Məsələn, Tirinfe şəhərindəki sarayın xarici
divarlarının hər biri 12 tondan ibarət iri əhəng daşlarından tikilir, divarın eni 4,5 m, hündürlüyü 7,5 m olurdu.
Sonralar burada yaşayan yunanlar möhtəşəmliyinə görə bu tikililəri sikloplar adlandırırdılar.
Axey saraylarının divarları da freskalarla bəzədilirdi. Lakin bunlarda döyüş səhnələrinin təsvirləri başlıca
yer tuturdu. Rəsmlər aslanların ov edilməsi, atları yəhərləyən döyüşçülərin təsvirlərini də əks etdirirdi.
Mikenlilər təsviri sənətdə kompozisiyalarda statikliyin nümayişinə başlıca yer verirdilər.
Kritin yerini tutan Miken mədəniyyəti öz təsirini Egey ərazisinin hüdudlarından uzaqlarda da göstərə
bilmişdir. Onun izlərini Kiçik Asiya, Kipr, İtaliya, hətta Misirdə də tapmaq mümkündür. Egey dənizində
Mikenlilərin dominantlığına b.e.ə. XII əsrdə bir çox xalqların, o cümlədən dorilərin buraya gəlməsi son qoydu.
Bununla əlaqədar, Miken mədəniyyətinin bir çox mərkəzləri barbarlar tərəfindən zəbt olundu. İqtisadi resurslar-
la zəngin, yüksək mədəniyyət, hazırlıqlı kadrlar, yaxşı hazırlanmış hərbi maşına xas axey dövlətlərinə vəhşilər
qarşısında möhkəm dayanmaq nəsib olmadı. Hər şeydən əvvəl, buna başlıca səbəb bu dövlətlərin daxili zəifliyi,
xalqın narazılığı, çoxsaylı hərbi münaqişə və müharibələrdə maddi və insani resurslarının əldən getməsi idi. Ona
görə, kiçik bir daxili təkan dövlətin dağılmasına zəmin yaradırdı. Düzdür, Miken mədəniyyəti bizim e. ə. XII
əsrin sonlarına qədər Yunanıstan, Kiçik Asiya, daha sonralar ion və eoli mədəniyyətlərinə daxil olaraq yaşamaq
hüququ qazandı.
2.2.2.Homer və arxaik dövr mədəniyyəti
Yunanıstanın dorilər tərəfindən qəsbi Egey mədəniyyətinin və ümumilikdə təsərrüfatın süqutuna səbəb
oldu. Tarixdə bu dövrün, yəni b.e.ə. XI-IX əsrlərin Qədim Yunan mədəniyyətində «qaranlıq əsrlər» kimi qəbul
edilməsi məqbul hesab edilmir. Bu dövrün digər məşhur adı Homer dövrüdür. Homer Qədim Yunan
mədəniyyətinin əzəmətli nümayəndəsi olub, məşhur «İliada» və «Odisseya» əsərləri ilə dünya ədəbiyyatı
siyahısına töhfə bəxş etmişdir. Bu əsərlər poema janrında yazılmış və Homerin dövründən çox-çox əvvəllərin
(b.e.ə. IX əsr) hadisələrini təsvir edir. Homer «İlliada» poemasında qədim Troyanı «Müqəddəs şəhər» kimi
qiymətləndirir.
Bu dövrün mədəniyyətinin inkişafının əsas meyarı yunanların təsərrüfat həyatında ümumi-xüsusi
münasibətlərin təsdiqlənməsi hadisəsi oldu. Bu özlüyündə siniflərin təşəkkülünə zəmin yaratdı və cəmiyyətin
sosial strukturunu müəyyənləşdirdi. Yeni ictimai şərait insanın dünya, həyat haqqında təsəvvürlərini dəyişdi ki,
bu da, xüsusilə, bədii praktikada, yəni sənətdə özünü daha bariz şəkildə təzahür etdirdi. Səbəblərin obyektiv
zəncirini dərk etmək, dünyanı bütün keyfiyyətləri ilə anlamaq tələbatı insan üçün zəruri mənəvi ehtiyaca çevril-
di. Çox zaman bu ehtiyacdan irəli gələn cəhd insanı məlum olan çərçivədən, yəni reallıqdan təsəvvürlərə aparıb
çıxarırdı. Təbiətin möcüzələri, müəmmaları qarşısında cavabsız qalan insan, gücsüzlükdən illüzor
ümumiləşdirmələrə üz tutur, obyektiv hadisələrə fövqəltəbiilik donu geydirərək mifoloji mənzərə yaradır.
Mifologiya yunan bədii mədəniyyətinə nağıl – dini şərtilik gətirməklə, həyatın bədii tərzdə dərki üçün
əhəmiyyətli rol oynamışdı. Həyat yeni tərzdə – allah və mələklərlə təzahür tapır. Əsərlərdə insani fəaliyyətləri
bu mifoloji surətlər yerinə yetirir. Ona görə də həyatda mövcud olan hər şeyin Allah timsalında obrazı yaradılır.
Qədim Yunanların şüurunda Olimp allahları (ali allahların məkanı olan dağ) insana xas hisslərə, əməllərə malik
olmaqla zadəgan – aristokratlar, rəhbər, hakim və çarlar idi. Bunlar hər bir möcüzəni, sehri həyata keçirən ob-
razlar idi. Allahlar haqqında bu yunan təsəvvürləri təkcə şifahi, söz sənətində yüksək əsərlərin deyil, həm də
təsviri sənət nümunələrinin yaranmasında əhəmiyyət kəsb edirdi.
Homer dövrünün bədii mədəniyyətindəki bəzi xüsusiyyətlər, əvvəlki tarixi dövrlərin mədəniyyət və
incəsənətindən qalsa da, əvvəllərə bənzəməyən, keyfiyyətcə yeni bir mədəniyyət yaranırdı. İncəsənətdə həndəsi
üslubda təsvirli keramika kimi növün yaranması mühüm mədəni hadisə idi. Bu sənətin mahiyyəti keramika
nümunəsinin cizgili ornamentlərlə – dairə, üçbucaq, romb və s. ilə bəzədilməsidir. Vazaların bu tərzdə
bəzədilməsi, təsviri formalarının yüksək kamillik, tamlıq əsasında yerinə yetirilməsi və bu zaman riyazi hesab-
lamalara riayət olunması incəsənətdə yeni bir addım idi.
Həndəsi üslub keçid çağlarının (ibtidai dövrdən sinifli cəmiyyətə keçid) təzahürüdür. Bu sənət sxematik
səciyyə kəsb etsə də o, real həyat səhnələrini təcəssüm etdirirdi. Bu sənətdə yeni, başlıca ideya hakim idi:
həndəsi fiqurların köməkliyi ilə predmet və hadisələrin ümumi cəhətlərini təsvir etmək olar, bunun əsasında
gözəllik və bu gözəlliyin hansısa qaydasını müəyyənləşdirmək mümkündür.
Homer dövründə yunanlar öz allahlarına müqəddəs mağara, düzənliklərdə etiqad edirdilər. Görünür, elə
bununla əlaqədar ilk məbədlər, məsələn Spartadakı Artemida məbədi yaranmağa başlayır. Bu dövrün maddi
memarlıq abidələrinin əsas materialı ağacdan olduğu üçün dörümüzə qədər gəlib çatanı demək olar ki, yoxdur.
154
Həmin dövrün memarlıq sənəti haqqındakı təsəvvürlər tikililərin qalmış bünövrələri, keramik vaza və qablar
üzərindəki taxta saray və məbədlərin təsvirləridir. Yüksək təbəqədən olanların evləri geniş, 2 mərtəbəli idi.
Tikililərin sadəliyinə baxmayaraq, dorilər yeni memarlığın əsasını qoydular: onlar ilk dəfə olaraq yerdən sütun-
lar qoymaqla, üstlərini dam örtüyü ilə bağlama texnikasını reallaşdırdılar.
Yunan mədəniyyətində Homer dövrünün sonlarına yaxın sənətin spesifik, səciyyəvi, təkrarolunmaz
xüsusiyyətləri təzahür tapmağa başlayır ki, bunlardan ilk növbədə, bütün yunan mədəniyyətinə aid olan kosmo-
loji xüsusiyyətdir. Bu xüsusiyyətin əsas mahiyyətini bütün mədəni hadisələrin dünya qanununa uyğun
nizamlanması məsələsi təşkil edir. Kosmik nizamlanmanın başlıca ideyaları yunanlıların gözəllik, ölçü, harmo-
niya haqqındakı təsəvvürlərində təzahür tapırdı. Gözəllik bizim dünyanın obyektiv mövcudluğudur. Gözəllik
hər şeydə ölçü səciyyəsi kəsb edirdi. Əbəs yerə deyil ki, Delfdəki Apollon məbədinin divarında: «ölçüdən kənar
yolverilməzdir» («Niçeqo sverx merı»).
Yunan mədəniyyətində bütün əsrlərdə kosmos və təbiət bütün şeylərin ölçüsü kimi insanla nisbətdə
götürülür. Bu, cisim və hadisələrin insan üçün nə qədər faydalı olub-olmaması nöqteyi-nəzərini deyil, həm də
insan bədəninin bütün əzalarının (barmaq, dirsək, ovuc, daban və s.) mütənasiblik xüsusiyyətlərinin sənətdə ölçü
meyarı kimi qəbul edilməsi ilə də bağlıdır. Memarlıq tikililərində bu xüsusiyyətlər başlıca yer tuturdu. Bunlar
Homer dövrünün əsas cəhətləri idi.
B.e.ə. VIII əsrin ortaları VI əsrin axırları arxaik dövr kimi qiymətləndirilərək Yunanıstanda müstəqil
polislərin təşəkkül tapdığı çağdır. Əhalinin kəmiyyətcə artması, şumlanmış torpaqların azlığı polislərin çox
hissəsini ticarətin, ərazi ekspansiyasıının inkişaf etdirilməsinə sövq etdi. Bu hadisə tarixdə «böyük kolonizasiya»
kimi tanınaraq bədii mədəniyyətin inkişafına şərait yaratdı.
Arxaik dövrdə memarlıq tikililərinin tipləri əsasən məbədlərlə izah edilir. Bu məbədlər b.e.ə. II minilliyin
ən başlıca tikililəri hesab edilirdi. Arxaik dövrdə memarlığın vahid dili – order sistemi yaradıldı. Order sistemi-
nin mahiyyətini (ordo – latınca «qayda», «tikili» deməkdir) inşaatda vahid ölçü, moduldan istifadəni nəzərdə
tuturdu. Bu xüsusiyyət tikililərə məxsusi bütövlük verirdi. Orderin ən qədim növlərindən biri dorik üslubdur.
Adından məlum olduğu kimi bu, qədim ellin xalqlarından birinin adı ilə bağlıdır. Dorik tikililər alçaq, ağırçəkili
idi. Digər order üslubu ionik üslubdur. Bu tikililər yüngül, qamətli, zərif və incə idi. İonik order b.e.ə. V əsrdə
geniş vüsət tapmışdır. Dorik sütunlar özünün gözəl fiziki kamilliyi ilə kişi bədəninin təcəssümü idisə, ionik
sütunlar öz incə və bəzəyi ilə qadın bədəninə daha yaxın idi.
Yunan sənətkarları məbədləri zövqlə bəzəyir, ən əsası isə bunları müxtəlif allahların şərəfinə həsr
edirdilər. Məbədlər təbiət landşaftına uyğun şəkildə tikildiyindən xüsusi gözəllik bəxş edirdi. Bunların bir qismi
düzənlikdə, bir qismi yüksəklikdə, digər qismi isə çaylardan kənarda, meşələrin sonunda və s. inşa edilirdi.
Arxaik dövrdə müqəddəs yerlərin tikintisi də üstünlük təşkil etdi: Apollon (işıq və incəsənət allahı)
Delfdə, Gera (Zevsin arvadı) – Olimpdə öz məşhurluğu ilə seçildi. Bu müqəddəs yerlər qədim yunanların
həyatında mühüm əhəmiyyətə malik idi. Qədim ənənələr həyata keçirilən bu yerlər tədricən sənət mərkəzlərinə
çevrildilər.
Arxaik dövrün memarlıq formalarının düşünülmüş və aydın sistemi mövcud idi. Bu tikili çox da böyük
olmayan otaqdan ibarətdir. Bu otaq şərqə açılaraq yan divarların (antlar) çıxıntıları fasadda iki sütunla
əhatələnirdi. Prostil – məbədlərin daha geniş yayılmış tiplərindəndir; onun fasadı iki deyil, dörd sütundan
ibarətdir. Amfiprostil ön və arxa fasadda sütunlar cərgəsindən ibarətdir. Lakin məbədlərin ən əsas tipi peripter –
hər tərəfdən sütunlardan ibarət düzbucaqlı formaya malik məbəddir. O, b.e.ə. VII əsrin ikinci yarısında təcəssüm
taparaq, sonrakı tarixi mərhələlərdə təkmilləşərək yeni konstruksiyalara malik olmuşdur.
Arxaik dövrün məbədləri əsasən dorik üslubda tikilirdi. Müxtəlif şəhərlərdə inşa edilən bu məbədlər ölçü,
həcm, sütunların sayına görə müxtəlif olsalar da, bir-birinə çox oxşardır. Bu tikililəri bir-birinə oxşadan əsas
amil, sütunlara möhkəm bərkidilmiş antablement (binanın divarı və ya sütunlar üzərindəki karniz) və sütunların
entazisi (hündürlüyün üçdə bir hissəsinin enliliyi) idi.
Arxaik dövr incəsənətinin mühüm sahələrindən birini də heykəltəraşlıq təşkil edirdi. Bu sənət növündən
olan nümunələr təkcə məbədləri bəzəmir, həm də dini mədəniyyətin aparıcı tərkib hissələrindən biri sayılırdı.
Heykəltəraşlıq arxaik dövrün insanlarını qəhrəmanlıq ideallarına sövq edir və yunanlarda dini hisslər
formalaşdırırdı. Çılpaq aristokrat fiqurunda – idman oyunlarında iştirak edən qalibin fiziki gözəlliyində yunanlar
ilahi təcəssümlə üz-üzə dururdular. İctimai şüurda fiziki kamillik, müvəffəqiyyət, xeyirxahlıq ifadə olunurdu.
Demək olar ki, yunan heykəltəraşlığı stadion və olimpiadalarda yaranmışdır.
Lakin arxaik heykəltəraşlığın təşəkkül və inkişafı mürəkkəb yolla inkişaf edirdi. İnsana maraq, onun cis-
mani və mənəvi gözəlliyinin vəhdətdə təcəssümü bu dövrün heykəltəraşlığında daha dolğun şəkildə təzahür
tapdı. Təsadüfi deyil ki, erkən monumental heykəllərdə çılpaq gənc – kuros və geyimli-keçimli qızların –
koraların heykəlləri müstəsnalıq kəsb edirdi.
Kuros heykəllərini uzun müddət arxaik apollonlar da adlandırırdılar. Bu heykəllərə hərəkətsizlik, təntənəlilik
xüsusiyyətləri xasdır, əllər sallanmış, yana sıxılmış, barmaqların yumruq halını alması Misir təsvirlərindəki kimidir.
Lakin get-gedə bədənin traktovkası yumşalır, forması dəyişərək dairəvi xarakter alır, pozalar nisbətən daha az gərgin
vəziyyət alır. Kurosların dodaqlarında «arxaik təbəssüm» deyilən gülümsəməsi başlıca yer tutur. Bu heykəllər
155
rənglərə boyanırdı. Rənglər şərti idi: saqqal – göy və ya yaşıl, gözlər – qırmızı olmaqla əsərin dekorativliyini
gücləndirirdi.
Arxaik qadın heykəlləri uzun, sürüşməyən donlarda təsvir olunurdu. Müəlliflər bu geyimlə qadın
bədəninin gözəllyini qabartmağa cəhd göstərirdilər. Onlar da «arxaik təbəssüm»lə gülümsəyirdilər. Kora və
kurosların sifətləri fərdiləşdirilmiş deyil, ümumiləşdirilmiş tərzdə təsvir olunurdu.
Rəngkarlıqdan danışdıqda, mütləq arxaik dövrünün vaza üzərindəki təsvirlərindən bəhs etmək yerinə
düşərdi. Qabların səthindəki rəngkarlıq onları xalça kimi bəzəyirdi. Bu üslubu, adətən oriyentallıq kimi qələmə
verirdilər. Bu xüsusiyyət, yunanların ornament sənətində çox şeyi, məhz şərqdən götürməklə izah edilirdi.
Şanagüllə, palmetta, təbiətin digər motivlərinin yunan sənətkarları tərəfindən mifoloji təsəvvürlərlə
zənginləşdirilməsi arxaik çağın mühüm sənət yeniliklərindən idi.
B.e.ə. VII əsrin sonunda vaza təsvirində xalça üslubu qara fiqurla əvəz olunur. Qara şirə ilə qablara vurulan
bəzək, naxış artıq xalça bəzəyi kimi deyil, daha sərbəst mahiyyət kəsb etməyə başlayır.
B.e.ə. VI əsrin son rübündə qara fiqur öz yerini qırmızı fiqura verir. İşıqlı fonda qara fiqurların yerinə,
qablarda tünd fonda işıqlı təsvirlərin verilməsi başlıca yer tutdu. Bu texnika rəssama öz təxəyyülünü ifadə etmək
üçün daha geniş imkanlar verirdi.
Arxaik çağın xüsusiyyətlərindən birini də elmin inkişafı təşkil edirdi. Xüsusilə, fəlsəfi sistemin –
naturfəlsəfənin əsasının qoyulması ilk antik fəlsəfi məktəbin yaranmasının sübutu idi. Naturfəlsəfənin
nümayəndələri aləmi, dünyanı vahid maddi varlıq kimi qəbul edərək onun qanunauyğunluqlarını təhlil etməyə
cəhd göstərmişlər. Fales (b.e.ə. 624-546) həyatın başlanğıcının suda, Anaksimen (b.e.ə. 585-525) – havada,
Anaksimandr (b.e.ə. 611-546) hüdudsuzluqda bir-birinin ziddinə duran bərk və maye, isti və soyuqda görürdü.
Pifaqor (b.e.ə. 540-500) və onun ardıcılları mövcud cisimlərin mahiyyətini kəmiyyət münasibətlərində
görürdü. Bu, riyaziyyat, astronomiya, musiqi nəzəriyyəsinin inkişafı üçün çox əhəmiyyətli bir nəticə idi. Dövrün
ən nəhəng filosoflarından biri Efesli Heraklit (b.e.ə. 554-483) idi. O materiyanın əsasını alovda görürdü. Onun
fikrincə, təbiətdə və cəmiyyətdə daim hərəkət, əbədi mübarizə mövcuddur. Həyat, cəmiyyət dəyişikliyə məruz
qalır.
Fəlsəfi məktəblə yanaşı, arxaik çağda ədəbiyyat da inkişaf edirdi. Bu dövrə təsadüf edən görkəmli şair He-
siod idi. Onun «Teoqoniya», «Zəhmətlər və günlər» əsərləri məşhur sənət nümunələridir. Bu dövrün ədəbiyyatında
əsas yenilik eposdan tədricən lirik poeziyaya keçid olur. İnsana və onun daxili aləminə marağı Arxiloxa (b.e.ə. VII
əsrin II yarısı), Safo (b.e.ə. 610-580-cı illər), Alkeyə (b.e.ə. VII-VI əsr), Meqarlı Feoqnidə (b.e.ə. VI əsrin II
yarısı), Anakreonta (b.e.ə. VI əsrin II yarısı) və b. şairlərə xasdır.
Safonun lirikasının mərkəzində məhəbbət mövzusu başlıca yer tuturdu.
B.e.ə. VI əsrə doğru yunan ədəbiyyatında təmsil xüsusi bir janr kimi təşəkkül tapır. Onun görkəmli
nümayəndəsi Ezop hesab edilir. Onun təmsillərinin süjetləri sonrakı tarixi dövrlərdə də aparıcı yer tutmağa
başlayır. Məşhur əsərlərindən «Tülkü və üzüm», «Tülkü və qarğa» görkəmli rus təmsilçisi İ. A. Krılovun (1769-
1844) yaradıcılığına ciddi və əhəmiyyətli şəkildə təsir göstərmişdir.
2.2.3. Klassik dövr mədəniyyəti
Qədim Yunan mədəniyyətinin çiçəklənmə dövrlərindən birini də b.e.ə. VI-IV əsrləri əhatə edən klassik
dövr təşkil edir. Bu dövr erkən klassika (b.e.ə. VI-V əsrin I yarısı), orta klassika (b.e.ə. V əsrin ortaları) və son
klassika (b.e.ə. V-IV əsrin sonları) çağlarına bölünür.
Erkən klassika çağında incəsənətdə ciddi üslub başlıca yer tutur. Bu ilk növbədə, həmin tarixi dövrdə ic-
timai-siyasi şəraitdəki vəziyyətlə bağlı idi. Yunanıstanın Fars hökuməti ilə mübarizəsi, yunan şəhər -
dövlətlərində (polislərdə) demokratiyanın güclənməsi ilə izah edilməyə başlayır. Arxaik dövrdəki tiranlıq artıq
keçmişdə qaldı. Tarix səhnəsində vətəndaş, insan başlıca fiqur kimi əsas yer tutdu. Bu isə incəsənətdə mübarizə
və döyüşlərlə bağlı hadisələrə üstünlük verilməsinə səbəb oldu.
B.e.ə. V əsrin 60-cı illərində Olimpiyada məşhur Zevsin məbədi ümumellin cəmiyyətinin əsas müqəddəs
yerlərindən biri kimi qiymətləndirilir.
Məbədin hər iki frontanı memar Libon tərəfindən əhəng daşından tikilərək mərmər heykəltəraşlıq qrupları
ilə təmsil olunurdu (hazırda bunlar Olimpiya muzeyində saxlanılır). Qərb frontondakı kompozisiya
həyəcandoğurucu, ehtiraslı, patetik səhnəni təmsil edir: kentavrlar çar Pirifoyanın nigah mərasimində qadın və
oğlanların üzərinə hücum çəkirlər. Dinamik və gərgin fiqurlar sanki öz hərəkətləri ilə bir-birinə qovuşur, küncə
istiqamət götürürlər. Bütün təsvirlər həm forma, həm də süjetə görə bir-birilə vəhdət təşkil edir. Bu cür təsirli
təsvirlər, tikilinin bütün tərəflərində əks olunur.
Erkən klassikanın məşhur əsərlərindən biri də «Disk atan oğlan» heykəlidir. Heykəl dövrümüzə qədər
olduğu kimi gəlib çatmasa da, roma surəti əsasında o yenidən işlənib hazırlanmışdır. Onun yaradıcısı b. e. ə.
156
yaşamış məşhur Miron idi. O, tuncdan hazırlanaraq ciddi üsluba malik olmaqla dövrünün ruhuna tam uyğun
şəkildə yaradılmışdır.
Bu üslub Miron yaradıcılığına xas bir cəhətdir. O, insanı qeyri-adi vəziyyətdə təsvir etməyi çox sevirdi.
Afina Akropolundakı «Afina və Marsi» adlı heykəltəraşlıq qrupu da bu cəhətdən əhəmiyyətlidir.
Yunan incəsənəti orta klassika (təsviri sənət tarixində b.e.ə. V əsr – Perikl dövrü - orta deyil, yetkin klas-
sika dövrü adlanır, fəlsəfə tarixində isə yetkin dövr – b.e.ə. IV əsrin I yarısı – məhz Platon və Aristotelin adı ilə
bağlıdır) çağında çiçəklənir. Farsların dağıntılarından sonra şəhərlərin dirçəldilməsi, məbədlərin bərpası və
yenilərinin tikintisi, ictimai bina və digər müqəddəs tikililərin inşası başlıca yer tutur. Afinada b.e.ə. 449-cu
ildən başlayaraq Perikl adlı yüksək təhsilli bir şəxs hakimlik edərək öz ətrafına Elladanın bütün zəkalı
insanlarını – filosof Anaksaqoru, rəssam Polikleti, heykəltəraş Fidini və d. cəlb edir. Afina Akropolunun
yenidən, daha möhtəşəm və füsunkar formada tikilişi Fidinin üzərinə düşür və bunun öhdəsindən o çox
peşəkarcasına gəlir.
B.e.ə. V əsrin ortalarında İktin və Kallikrat tərəfindən tikilmiş Parfenon məbədi də ellin tikililəri
içərisində ən gözəllərindən biri hesab edilir. Bu məbəd çox böyük və möhtəşəm olub, iri qaya üzərində tikilib.
Məbədə qalxan hər bir kəs onun düz, rəvan oduğunu hiss edirdi. Bütün bunlar onu yaradanların yüksək profes-
sionalizmini sübut edən amillərdir.
Bu dövrün məşhur memarlıq nümunələrindən biri də b.e.ə. 410-cu ildə tikilib qurtaran Erexteyon adlı
məbəd idi. Üç müxtəlif portik və heykəlləri olan bu tikili ona tamaşa edən hər bir kəsdə böyük təəssürat oyadır.
Bu tikili bu gün də təbiiliyin, gözəlliyin etalonu kimi insanlara zövq verməkdədir.
Orta klassik dövr, mədəniyyətin hərtərəfli şəkildə inkişafı ilə səciyyələnirdi. Tərbiyə sahəsində vətəndaşın
fiziki və mənəvi kamilliyi öndə duran məsələlərdən idi. Təhsil sisteminə gimnastika, musiqi, rəqs, mütaliə, yazı
daxil idi. İntellektual təhsilin inkişafında sofistlərin rolu böyük idi. Sofistlər pul ilə arzu edənlərə qrammatika,
riyazi fənlər, ritorika, dialektikanı öyrədən səyahətçi filosoflar idi. Bu filosoflar hesab edirdilər ki, nə qədər in-
san, fərd varsa, bir o qədər də həqiqət mövcuddur. Sofistlərin səciyyəvi xüsusiyyətlərindən biri də insanları
inandırmaq, nəyi isə sübuta yetirmək bacarığı idi.
Dövrün ən məşhur müdriki Sokrat (b.e.ə. 470-399) idi. Onun fəlsəfəsinə görə mütləq həqiqət, mütləq etik
dəyərlər mövcuddur ki, bu da allah tərəfindən idarə olunur. Bu filosof özündən əvvəlki müdriklərin ənənəvi
problemlərinə nəzər yetirmədən əsas diqqəti insana – onun təbiəti, imkan və tərbiyəsinə yönəldir. İnsanın
mövcudluğunun və inkişafının başlanğıcını Sokrata görə ağıl təşkil edir. Filosof təsdiqləyir ki, həqiqət yalnız
müxtəlif suallardan doğan mübahisələr prosesində üzə çıxır.
Bu çağın digər müdrik filosofu Demokrit (b.e.ə. 460 – uzun ömür sürərək vəfat etmişdir) idi. O, fəlsəfəyə
atomist nəzəriyyənin müddəalarını gətirmişdi. Demokritə görə təbiət, materiya bölünməyən atom
zərrəciklərindən ibarətdir. Müxtəlif cisimlərin atomları forma və ölçülərinə görə müxtəlifdir, eyni atomların
görüşməsi, birləşməsi cismin formasını yaradır. Filosofun digər bir müddəası ondan ibarətdir ki, səbəbsiz hadisə
yoxdur: təbiət və hadisələrin məqsədi yoxdur, lakin bütün hadisələr şərtidir. Materiya əbədidir, onun təşəkkülü
izaha ehtiyac duymur, yalnız dəyişiklikləri öyrənmək, təhlil etmək mümkün və lazımdır, bunu isə allahsız və
inamsız da etmək olar.
Orta klassika dövründə elm naturfəlsəfə ilə vəhdət təşkil edirdi, lakin biliklərin həcmcə artması, ayrı-ayrı
fənlərin yaranmasına təkan verdi. Məsələn, b.e.ə. V əsrdə Hippokratın adı ilə bağlı (b.e.ə. 460-370) təbabətin
tərəqqisi müşahidə olunur. Yaranmış xəstəlikləri Hippokrat ilahi qüvvələrdən asılı olmayaraq real səbəblərlə
izah etməyə başlayır. Hər bir xəstənin özünün fərdi xüsusiyyətlərini nəzərə alaraq, orqanizmin qüvvəsini
səfərbər edib, düzgün nəzarət, təbii müalicə vasitələrilə sağaltmağı irəli sürür. Hippokrat hesab edir ki, həkim
posienti incitmədən, etik normalara riayət edərək müalicə etməlidir.
Orta klassika dövründə ədəbiyyatda irəliləyiş Esxil, Sofokl, Evripid, Aristofan kimi yazarların adı ilə
bağlıdır. Esxil (b.e.ə. 525-456) klassik yunan faciəsinin banisi hesab edilir. O, dramı inkişaf etdirərək teatr
səhnələrini daha dinamik və canlı etdi. Teatra dekorasiya, maskaların daxil edilməsi Esxilin adı ilə bağlıdır.
Onun yaradıcılığının aparıcı motivində vətəndaş xeyirxahlığı, vətənpərvərliyin tərənnümü başlıca yer tutur.
Onun «Zəncirlənmiş Prometey» əsəri belələrindəndir.
Tale, qismət, cəza motivləri də Esxil yaradıcılığında xüsusi yer tutur. Onun «Oresteya» adlı trilogiyasında
bunu görmək mümkündür.
Dövrün digər faciə ustadı Sofokl (b.e.ə. 496-406) hesab edilir. Müstəqil insan iradəsinin haqsızlığa qarşı
mübarizəsində Sofokl insanın gücsüzlüyünü, qismətdən qaça bilməməsini acıqla ifadə edir. Onun çar Edip
haqqındakı məşhur faciəsində bu motiv xüsusilə aparıcı yer tutur.
Digər məşhur faciə ustadı Evripid (b.e.ə. 485/484 və ya 480-406) psixoloji dramların müəllifi idi.
Əsərlərinin əsas konflikti ağıl-ehtirasların mübarizəsi və bunun nəticəsində insanın məhvi, faciəsi təşkil edir.
«Medeya», «Fedra» faciələrində bu motiv aparıcı yer tutur.
Klassika dövrünün məşhur komediya ustadı Aristofan (b.e.ə. 445-386) hesab edilir. O, öz komediyalarına
siyasi məzmun və aktuallıq səciyyəsi verirdi. Onun «Atlılar», «Dünya», «Lisistrata» komediyalarında bu motivi
157
aydın şəkildə görmək mümkündür. Aristofan demokratiyanın qızğın tərəfdarı idi, dövründə onun
komediyalarındakı kollektiv əxlaq ideyası sofistlər, hətta Sokrat tərəfindən gülüşə məruz qalırdı.
Orta klassika dövrünün təsviri sənətinin görkəmli nümayəndələrindən b.e.ə. V əsrə aid olan Poliqnot,
Apollodorun adlarını çəkmək olar. Onlar sənətə işıq-kölgə, perspektivin verilməsi məsələlərini gətirmişlər.
Dövrümüzə qədər gəlib çatmayan bu əsərlərdən savayı, arxaik dövrdən məşhur olan vaza təsvirləri də orta klas-
sika çağında əhəmiyyət kəsb edirdi.
Son klassika çağı qədim yunan mədəniyyəti üçün kəskin bir dövrü əhatə edir. Afina və Sparta arasındakı
müharibə siyasi böhranla müşahidə olunurdu ki, bu da sənətdə özünü aydın formada təzahür etdirirdi. Ona görə
də bu çağda sənət iki əsas istiqamət üzrə reallaşırdı: patetik qəhrəmanlığın arxa plana keçməsi, yüksək lirik fərdi
ruhun hakimlik etməsi. Hər iki sənət istiqamətinin məşhur heykəltəraşları b.e.ə. IV əsrdə yaşayan Skopas və
afinalı Praksitel idi. Skopasın məşhur əsəri Qalikarnasdakı mavzoley idi. Praksitel isə, ilahi obrazların sənətkarı
kimi məşhur idi. Onun «Şərab süzən satir», «Kərtənkələ öldürən apollon», «Erot» və d. heykəlləri var idi. Onun
«Afrodita» adlı əsəri isə, qadın füsunkarlığının ecazkar təsvirinə görə məşhur əsərlərdən idi. Məhz ilk dəfə
Praksitel Afroditanı çılpaq, geyimsiz təsvir etməyə nail olmuşdur. Sənətkarın «Hermes körpə Dionislə» adlı
heykəli isə, dövrümüzə qədər gəlib çatmışdır.
Makedoniyalı İsgəndərin saray heykəltəraşı kimi tanınan Lissip də son klassika çağının görkəmli
sənətkarlarındandır. Rəssam kimi onun yaradıcılığı çoxcəhətli idi. O, heykəltəraşlıq qrupları da yaradırdı. Onun
belə əsərlərindən «Heraklın qəhrəmanlığı»nı göstərmək olar ki, burada Makedoniyalı İsgəndərin də təsviri öz
əksini tapmışdı. Digər məşhur heykəli isə «Anoksiomen»dir. Bu heykəldə heykəltəraş atletçi oğlanın yarışdan
sonra bədənindən torpaq dənələrini təmizləyən təsvrini yaratmışdır.
Lissipin heykəl fiqurları daha qamətli, təbii, hərəkətli və müstəqildir.
Yunan mədəniyyətinin son klassika çağında memorial abidələr, xüsusilə qəbirüstü nümunələrin tikilməsi
xüsusi bir janr kimi təşəkkül tapdı. Qəbirüstü relyeflər Attikada Fididən sonra canlanmağa başladı.
Son klassika dövrünün məşhur filosofları Platon və Aristotel idi.
Beləliklə, qədim yunan mədəniyyətində klassika dövrünün, onun ayrı-ayrı çağlarının çox böyük rolu
vardır.
|