Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)



Yüklə 4,08 Mb.
Pdf görüntüsü
səhifə39/52
tarix09.02.2017
ölçüsü4,08 Mb.
#7965
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   52

 
2.4.2. Şimali Avropa intibahı 
 
XV əsrdəki humanist hərəkat İtaliyanın hüdudlarından kənara nüfuz etməyə başlayırdı ki, bu da İntibahın 
vətənindən  şimaldakı ölkələrin mədəniyyətinə  də güclü təsir göstərirdi. Ona görə  də  Şimali Avropa İntibahı 
ifadəsinin işlədilməsi məntiqə müvafiq səciyyə  kəsb edir. Bu intibahın  əsas dayaqlarına  İngiltərə, Almaniya
İspaniya, Niderland, İsveçrə və Fransa ölkələri daxildir.  
Şimali Avropa intibahın xüsusiyyətlərini anlamaq üçün Qərbi Avropadakı istlahatçılıq istiqamətlərinin 
xarakteristikası ilə tanış olmaq vacibdir. İslahat hərəkatı Almaniyada başlayaraq tədricən Qərbi Avropa 
ölkələrinin  əksəriyyətinə nüfuz etdi. Bu feodal cəmiyyətin özəyindəki  ən ciddi dəyişikliklərlə izah olunurdu. 
Yetişən milli burjuaziya artıq ortodoksal katolitizmin fanatizmi, asketizm, Vatikan xidmətçilərinin ikiüzlülüyü 
ilə barışa bilmirdi. İslahatın təşəkkülündə  İtalyan  İntibahı ideyalarının rolu böyük əhəmiyyət kəsb etdi. Bu 
ideyalar Əhdi-Ətiq və Əhdi-Cədidin ilkin mənbələrdən öyrənilməsinə marağı gücləndirdi. Almaniyada İslahatın 
başlanğıcı Martin Lüterin (1483-1546) 1517-ci il 31 oktyabr tarixində indulgensiyaya qarşı 95 tezisinin elan 
edilməsi ilə bağlıdır. Bu tezislərdə  əsas ideya kilsə  və ruhanilərin Allah və insan arasında vasitəçi olmaması 
ideyasının təsdiqlənməsi və kilsənin günahları bağışlamaq gücünə malik olmamasını göstərmək idi. Lüterin an-
tiklerikal istiqamətli tezisləri alman cəmiyyətindəki qabaqcıl düşüncəli ziyalıların mənəvi dəstəyi ilə müşayiət 
olunurdu.  
Kilsənin bərpası  tələblərindən irəli gələn islahatçılıq feodal cəmiyyətinin çoxluq hissəsini təşkil edən 
lüterançılığın təşəkkülü ilə başlıca yer tutdu.  
Almaniyanın ardınca Avropanın digər ölkələrində də bu hərəkat geniş vüsət tapdı. Belə ölkələrdən İsveçrə 
daha çox irəlidə gedənlərdən idi. Ölkədə tsvinqliançılıq və kalvinizm lüterançı istiqamətli hərəkatlardan idi. 
Ulrix Tsvinqli (1484-1531) həmin islahatçı  təlimin banisi idi. Onun təliminin  əsas prinsipləri lüterançılıq ilə 
vəhdət təşkil edirdi. Bu təlimdə ənənəvilikdə dəyişikliklərin həyata keçirilməsi başlıca yer tuturdu.  
Jan Kalvin (1509-1564) özü Fransada anadan olmuşdur. 1556-cı ildə cenevrəyə gələrək burada islahatçılıq 
hərəkatının banisi kimi tanınır. Onun təlimi daha çox burjuaziyanın maraqlarını təmin edirdi.  
XV əsrdən başlayaraq Avropa mədəniyyətinin nəhəng mərkəzi Niderland hesab edildi. Bu mədəniyyətin 
görkəmli nümayəndəsi Rotterdamlı Erazm (1469-1536) hesab edilirdi. Görkəmli humanistə populyarlığı məşhur 
satirik  əsəri olan «Ev söhbətləri», «Axmaqlığın tərifi» (1509) gətirmişdi. Bu satirik əsərlərdə sxolastik 
dünyagörüşü, nadanlıq ciddi tənqid edilirdi.  
Humanist ədəbiyyatın görkəmli nümayəndələrindən biri də Filipp Aldehonde (1539-1598) hesab edilirdi.  
İtaliya İntibahının ənənələri Niderland rəngkarlarının bədii yaradıcılığında mühüm yer tuturdu. Bu kiçik 
ölkə dünya mədəniyyətinə Yan Van Eyk (1390-1441), Hieronimus (1460-1516), Piter Breygel (1525-1569), 
Frans Hals (1585-1666) kimi rəngkarlar bəxş etmişdir. Bu rəssamlar daha çox natürmort və peyzaj sənətinin 
inkişafına təkan vermişlər. Rəssamların bu janra müraciəti İslahatın dini mövzulara qadağalar qoyması ilə izah 
edilirdi.  
XVII əsrdə Avropanın məşhur rəssamı niderlandlı Piter Pauel Rubens (1577-1640) və Xarmens van Reyn 
Rembrandt (1606-1669) hesab edilirdi.  
Rubensin yaradıcılığında patetiklik, güclü hərəkət hiss edilir. O, daha çox dini və mifoloji süjetlərə üstünlük 
verirdi: «Torpaq və suyun ittifaqı», «Xaçdan çıxarılma» rəsmləri belələrindəndir.  
Rembrandtın yaradıcılığı daha çox psixologizmi ilə  fərqlənirdi. O, işıq-kölgə effektlərinə üstünlük verən 
rəssam idi. O, 60-a yaxın avtoportret, 300 ofort və 1000-dən artıq rəsmlər yaratmışdır. Onun dini və mifoloji 
mövzudakı  əsərlərinə «Müqəddəs ailə», «Danaya»nı göstərmək olar. Həyatının sonlarında rəssamın 
yaradıcılığında qəm, küdurət, melanxoliya üstünlük təşkil edir. Bu əhvali-ruhiyyə rəssamın «Yan Siks» rəsmində 
daha çox hiss olunur.  
Humanizm ideyaları Almaniyaya XV əsrin ortalarında nüfuz etməyə başlayır. Humanist hərəkatın 
xüsusiyyətləri katolik kilsəsi və  cəmiyyətin siyasi təbəqələrinin  əhvali-ruhiyyələri ilə müəyyən olunurdu. 
Humanistlər arasında Rotterdam Erazm böyük hörmətlə qarşılanırdı. Onun satiraları alman humanistləri 
tərəfindən təqlid olunurdu. Görkəmli filosof, filoloq, humanist İohann Reyxlin (1455-1522) insanın özündə ila-
hilik axtarmaq cəhdi mühüm yer tuturdu.  
İslahatın ölkədə geniş vüsəti milli humanist mədəniyyətin inkişafına təkan verdi. Xüsusilə, təsviri sənət bu 
sahədə irəliyə getdi. Albrext Dürer (1471-1528) özünün «Apokalipsis» (1498) adlı qravyura seriyaların 
obrazlarını  gərgin-ekpressiv formada təsvirinə başlıca yer verir. Onun müasirləri olan görkəmli realist portret 

 
277
ustası Kiçik Hans Halbeyt (1498-1543), humanist rəssam Qryünevald (1475-1528), Lukas Kranaxın (1472-
1553) adlarını çəkmək olar.  
İslahatçılıq hərəkatı eyni xüsusiyyətlərlə İsveçrə mədəniyyətində də təzahür tapmışdır.  
Fransada  İntibahın görkəmli nümayəndəsi satirik əsərlərin müəllifi kimi tanınan Fransua Rable (1494-
1553) hesab edilir. Onun «Qarqantua və Pantaqryuel» adlı satirik romanı katolik kilsəsi, onun xidmətçilərinin 
nadanlığı, insanları aldatmağı nöqteyi-nəzərindən ciddi tənqid olunur.  
Maarifçilik cəhətdən «Pleyada» adını almış yeddi şairdən ibarət  ədəbi qrupun da yaradıcılığı dövrün 
nailiyyətlərindən biri kimi hesab olunur. Onun əsasını şairlər Pyer de Ronsar (1524-1585) və Joake Dyü Belle 
(1522-1566) qoymuşlar. Bu qrup Fransız poeziyasının təkmilləşməsində çox böyük rol oynamışdır.  
Dövrün görkəmli humanisti Mişel de Monten (1533-1592) sayılırdı. O, esse ədəbi formasında gözəl 
əsərlər yaratmışdır. Montenin ən böyük əsəri «Təcrübələr» essesidir. Bu əsərdə rasionalizm ideyaları aparıcı yer 
tuturdu.  
İngiltərədə İntibahın ömrü daha uzun olmuşdu. Humanist ideyalarının aparıcı mərkəzi Oksford Universi-
teti idi. İngilsi İntibahının görkəmli nümayəndəsi Tomas Mor (1478-1535) sayılırdı. O, «Utopiya» adlı sosial-
fəlsəfi əsərin müəllifi olmaqla utopik sosializm istiqamətinin əsasını qoydu. Digər humanist şairlərdən Tomas 
Uayetin (1503-1542) adını çəkmək olar ki, o, ingilis poeziyasına sonet janrını gətirmişdi. Filipp Sidney (1554-
1586), Lester Edmund Spenser (1552-1599) də İntibahın görkəmli sənətkarları idi.  
İngiltərədə  İntibahın  ən məhsuldar dövrü XVI əsrin axırı XVII əsrin  əvvəllərinə  təsadüf etdi. Bu, V. 
Şekspirin (1564-1616) adı ilə bağlıdır. 37 pyesin müəllifi olan Şekspir dünya ədəbiyyatı ilə yanaşı, dramatur-
giya, teatrın «nadir incisi» sayılır. 
İspaniya da İntibahın aparıcı dayaqlarından hesab olunur. Lakin İngiltərədən fərqli olaraq burada katolik 
ideologiyası başlıca yer tuturdu. Migel de Servantes (1547-1616), Lope de Veqa (1562-1635) kimi yazarlardan 
başqa El Qreko (1541-1614), Diyeqo Velaskes (1599-1660) kimi rəssamlar dünya təsviri sənətinin görkəmli 
simalarındandır.  
Beləliklə, sonda onu qeyd etmək vacibdir ki, İntibah dövrü dünya mədəniyyətinin inkişaf tarixinin ən 
məhsuldar çağları kimi dəyərləndirilməlidir.  İntibah fenomeni gələcək sivilizasiyaların  ən zəngin mənəvi 
mənbələri kimi qiymətləndirilməlidir.  
 
2.4.3. Barokko mədəniyyəti 
 
XVII əsr Yeni dövrün milli-mədəni inkişafında müstəsna rol oynadı. İtaliya, İspaniya, Flandriya, Hollan-
diya, Fransa kimi ölkələrin hər birinin özünəməxsus bədii ənənələrə və milli bədii məktəblərə malik olması XVII 
əsri mədəniyyət tarixində yeni mərhələ kimi nəzərdən keçirməyə imkan verir. Bu ölkələrin milli xüsusiyyətləri 
onların ümumi cəhətlərə malik olmasını istisna etmir.  
XVI əsrin ortalarından XVII əsrin sonunadək İtaliya incəsənəti Katolik ilahiyyatı, siyasəti və mədəniyyəti 
Reformasiyaya qarşı yönəlmiş kontrreformasiyanın təsiri altında idi. Kontrreformasiyanın əsas silahı hökumətə 
tabe olmayan və başqa dinə qulluq edənlərə qarşı mübarizə aparan inkvizisiya idi. 1555-ci ildə Roma papası IV 
Pavel xristianlığın əsas ehkamlarını elan etdi. Burada insanların öz günahlarını etiraf edərək tövbə etmələrindən
öz ruhunu bütünlüklə Allahın ixtiyarına vermələrindən, beləliklə də, həqiqəti dərk etməyə və Allahla birləşməyə 
çalışmaqdan söhbət açılır. Bu dini ideyalar İtaliyada XVI əsrin 80-ci illərində yaranan barokko üslubunun 
əsasını  təşkil edərək onun əsas xüsusiyyətlərini müəyyənləşdirdi. XV əsrdə  İspaniyada Rekonkista – Pireney 
yarımadasının ərəb hökmranlığından azad olması uğrunda 8 əsrə yaxın davam edən mübarizəsi bitdi və vahid 
İspan krallığı yarandı. Pireney yarımadası  ərəblər tərəfindən işğal edildiyi zaman yerli ispan əhalisi bunun 
qarşısını almaq üçün kifayət qədər gücə malik olmasa da vəziyyətlə barışmağa da hazırlaşmırdı. Pireney 
yarımadasının  şimalında, dağlarda yerləşən olduqca kiçik ərazi XVIII əsrdə  ərəb  əmirliyinə tabe olmayan 
yeganə yaşayış  məntəqəsi idi. XV əsrin sonunda Qranada xilafəti də süqut etdi. İspaniyanın bütün orta əsrlər 
tarixi, millətin formalaşması yadellilərlə mübarizə  şəraitində baş verdi. Xalqda dini fanatizmi gücləndirmək 
istəyən xristian kilsəsi bu prosesdə mühüm rol oynayırdı. Rekonkista dövründə ispan incəsənəti mavritan 
(ərəbləri belə adlandırırdılar) incəsənəti ilə heç vaxt qovuşmasa da onun təsirindən yayına bilmədi. XVI əsrdə 
fəal hərbi siyasət, yeni kəşf edilmiş Amerikada çoxlu ərazilərin işğal edilməsi  İspaniyanı Avropanın  ən varlı 
padşahlığına çevirdi. Lakin bu çiçəklənmə dövrü çox sürmədi. Yüzilliyin sonunda ölkə iqtisadi böhran keçirdi. 
XVI-XVII əsrlərdə İngiltərə ilə müharibələr isə onun dənizdəki hökmranlığına son qoydu. Məhz XVI əsrin sonu 
- XVII əsrin I yarısında İspaniyanın mədəniyyəti, xüsusən ədəbiyyat və rəngkarlıq çiçəklənmə dövrü keçirdi. Bu 
çiçəklənmə o vaxtkı Avropanın digər qabaqcıl ölkələrindən – İtaliya və Niderlanda nisbətən bir qədər gec baş 
verdi. Tirso de Molina, Pedro Kalderon, Luis de Qonqora, Fransisko de Kevedo, Lope de Veqa, Servantesin 
yaradıcılığı  məhz bu dövrə  təsadüf edir. Təsviri sənət, xüsusən də  rəngkarlıq realizm yolu ilə inkişaf edirdi. 
İspaniyanın həyatında böyük rol oynayan katolik dini təsviri sənətə, onun mövzu dairəsinə güclü təsir göstərirdi. 
İspan rəngkarlığının və heykəltəraşlığının inkişafına Katolik Kilsəsinin mövqeyi mane olurdu: İnkvizisiya 
incəsənətə qarşı ciddi senzura qoymuşdu. Lakin bir sıra ciddi məhdudiyyətlərin olmasına baxmayaraq ispan 

 
278
sənətkarları demək olar ki, bütün janrlarda işləyir və Avropanın digər ölkələrində yaşayan müasirlərinin 
toxunduqları mövzulara müraciət edirdilər. Mədəniyyətə  və incəsənətə krallıq tərəfindən göstərilən xüsusi 
diqqətə baxmayaraq əyalət rəssamları daha məhsuldar idi. Məhz onların yaradıcılığı  həmin dövrün əsas bədii 
cərəyanlarını müəyyən etdi.  
XVII əsrdə Niderland incəsənətinin bədii ənənələri Flandriyada və Hollandiyada davam edirdi. O dövrdə 
Niderlandda ikonalara pərəstişi inkar edən və kilsə incəsənətindən imtina edən protestantizm geniş yayılmışdı. 
1566-cı ildə ölkəni ikonaqıranlar hərəkatı bürüdü. Bir neçə gün ərzində ölkədə saysız-hesabsız məbəd və 
monastırlar darmadağın edildi, mehrablar, ikonalar və müqəddəslərin heykəlləri məhv edildi. Ölkənin şimalında 
protestantlıq əhalinin böyük əksəriyyətini təşkil edirdi. 1598-ci ildə II Filipp cənubi Niderlandı sevimli qızı in-
fanta İzabellaya (1566-1633) verdi. Dini ideyalar uğrunda mübarizədə daha çox zərər çəkən mədəniyyət oldu. 
Protestantlar külli miqdarda gözəl sənət əsərlərini məhv etdilər. Hətta katolik əyalətlərdə də əsil sənət ənənələri 
uzun müddət unuduldu. Kilsə incəsənətində mühüm dəyişikliklər baş verdi. İndi onun vəzifəsi yalnız Müqəddəs 
Kitabı izah etmək deyil, həm də adamları valeh edərək onların şüurunu kilsənin nüfuzuna tabe etmək idi. Orqan 
musiqisi, məbədlərin arxitekturası, dini məzmun daşıyan rəngkarlıq bu işə kömək edirdi. Əgər orta əsrlər 
məbədi məktəb kimi başa düşülürdüsə, XVII əsrdə o, daha çox teatrı xatırladırdı. Niderlandın cənub hissəsi olan 
Flandriya indiki Belçika ərazisidir. XVI əsrin inqilabi hadisələrindən sonra o, İspaniyanın protektoratlığı 
(imperialistlərin müstəmləkə xalqlarını  əsarətdə saxlama üsullarından biri) altında qalaraq katolik dünyasına 
qoşuldu. Hollandiya ərazisi olan şimali Niderland isə ispan hökmranlığına qarşı mübarizədə müstəqillik  əldə 
edərək burjua protestant respublikasını yaratdı. Niderlandın parçalanması bədii ənənənin parçalanması idi.  
Flandriyanın milli mədəniyyətinin və incəsənətinin çiçəklənməsi XVII əsrin I yarısını bürüyür. Flandriya 
– kəndli ölkəsi olub, hələ orta əsrlərdə yaranmış özünəməxsus xalq bayramları ənənələri ilə məşhur idi. Kütləvi 
karnaval yürüşləri, toylar, oyunlar, paxla kralının bayramı xalq arasında sevilən bayramlardan idi. Onlar XVII 
əsr Flamand rəngkarlığı üçün tipik olan obraz və mövzular yaradır, doqmatik və katolik məzmunlu dini 
rəngkarlığı arxa plana keçirirdi. Flandriyanın bədii mədəniyyətinin xüsusiyyətləri - dünyanın dərk edilməsinə 
can atmaq, xəlqilik, nikbinlik, təntənəli bayram əhval-ruhiyyəsi rəngkarlıqda daha yaxşı ifadə olunurdu.  
1581-ci ildə  şimali Niderland əhalisi çoxillik müharibədən sonra ispan əsarətindən xilas oldu və 7 
əyalətdən ibarət Birləşmiş  əyalətlər Respublikası yaratdı. Bunların içərisində Hollandiya  təsərrüfatçılıq və 
mədəni cəhətdən lider olduğundan bütün ölkə tezliklə belə adlanmağa başladı. Bu, Avropada ilk burjua 
respublikası idi. İnqilabın aparıcı qüvvələri kəndlilər və kasıb şəhərlilər olsa da bu inqilabın nəticələrindən bur-
juaziya bəhrələnib hakimiyyətə gəldi. Yeni Niderlandın ictimai quruluşunda XVI əsrlə müqayisədə çox az fərq 
olduğu halda mənəvi həyatda nəzərəçarpan dəyişikliklər baş verdi. Kalvinizm – dövlət dini oldu. Bu din nə kilsə 
incəsənətini, nə  də ikonaları tanımaq istəmirdi. Ona görə  də holland rəssamları dini mövzulardan əl çəkməyə 
məcbur olub, yenilərini axtarmağa başladılar. Bu məqsədlə onlar ətraf aləmə, gündəlik hadisələrə müraciət 
etməyə başladılar. Sifarişçilərin çoxu savadsız olduğuna görə onlar üçün əsas meyar – təsvirin orijinala maksi-
mum oxşaması  və daha canlı görünməsi idi. Sifarişçilərin zövqü səviyyəsinə enməyə  məcbur olan rəssamlar 
bütün ömrü boyu müəyyən bir janr çərçivəsində ixtisaslaşırdı. Rəsm əsərləri bazar əmtəəsinə çevrilirdi. Demək 
olar ki, hər bir varlı şəhərli şəkil alaraq öz evindən asırdı. Artıq Holland respublikasının rəssamları Avropada ilk 
dəfə olaraq kilsənin, kral və tanınmış mesenatların (elm və incəsənətə hamilik edən varlı) təzyiqi ilə  işləmir
sosial gerçəkliyi təsvir edən demokratik və realist əsərlər yaradırdılar. Beləliklə, ölkədə elm və texnikanın 
inkişafı üçün də şərait yarandı. Fransız filosofu Dekart məhz burada sığınacaq tapdı. Spinozanın fəlsəfəsi burada 
formalaşdı.  
Fransa. XVII əsrdə Fransada dövlət quruluşunun xüsusi forması yarandı ki, sonralar bu, mütləqiyyət adını 
aldı. Kral XIV Lüdoviqin (1643-1715) «Dövlət – mənəm» ifadəsinin dərin kökü var idi: hökmdara sədaqət – 
vətənpərvərliyin  əsas  şərti idi. Ölkənin hətta dini həyatı belə kral hakimiyyətinə tabe idi. Fransanın katolik 
kilsəsi Roma papasından asılı olmamağa və bir çox məsələləri müstəqil həll etməyə çalışırdı.  
Əsasən İntibah ənənələrini davam etdirən XVII əsrin maraq dairəsi və idrak diapozonu xeyli genişləndi. 
Bunun nəticəsində XVII əsr mədəniyyəti, o cümlədən incəsənəti  əvvəlki dövrə nisbətən daha mürəkkəb, 
məzmun və formaca daha ziddiyyətli oldu.  
XVII əsrdə avropalıların dünya haqqında elmi və fəlsəfi fikirləri də nəzərəçarpacaq dərəcədə zənginləşdi. 
Ötən əsrlərin coğrafi kəşfləri - Amerikanın kəşfi (1492-ci il), birinci Dünya (dövr-aləm) səyahəti (1519-1522-ci 
illər), Kainatın sonsuzluğu, Yerin Günəş ətrafında fırlanması haqqında yeni elmi-fəlsəfi təsəvvürlər dünyanın nə 
qədər böyük və mürəkkəb olduğunu göstərirdi. Həmçinin, Avropanın qabaqcıl ölkələrinin iqtisadi yüksəlişi, 
manufakturaların, ticarətin inkişafı da dəqiq və təbiət elmlərinin tərəqqisi üçün təməl yaratdı. Qalileyin, Keple-
rin, Nyutonun, Leybnisin, Dekartın riyaziyyat, astoronomiya, fizika, fəlsəfə sahəsindəki nəhəng kəşfləri, o 
cümlədən, Bekon, Hobbs, Lokk, Spinoza kimi filosofların dünya haqqındakı fəlsəfi fikirləri insanların təbiət və 
Kainat haqqındakı  təsəvvürlərinin genişlənməsinə xidmət etdi. Riyaziyyat, astronomiya, fizika və digər təbiət 
elmlərinə artan maraq elm və fəlsəfəni yeni istiqamətə yönəltdi. Avropanın mütərəqqi fikirli filosof və alimləri 
«elm elm üçündür» devizini deyil, təbiəti insana tabe etmək məqsədini güdürdülər. İngiltərədə F.Bekon, Fransa-
da R.Dekart, Hollandiyada Spinoza bir-birindən fərqlənsələr də onları məhz bu məqsəd birləşdirirdi. Qalileyin 

 
279
şagirdi Torriçelli havanın təzyiqi faktını, civə barometri və hava nasosunu, dahi ingilis alimi Nyuton klassik 
mexanikanın qanunlarını, ümumdünya cazibə qüvvəsini kəşf etdi. R.Boyl mexanikanı kimyaya tətbiq edərək 
atomistikanın problemlərini işlədi, kimyəvi element anlayışını müəyyən etdi (1600-cü ildə). İngilis fiziki Gilbert 
«Maqnit haqqında» əsərini yazdı. Burada sırf fiziki qanunlardan başqa, bütün təbiət elmlərinin kəmiyyət ölçüləri 
və eksperimentin rolu haqqında mühüm ideyalar mövcuddur. Qarvey qan dövranını kəşf etdi. Dekart və Leybnis 
riyaziyyat, mexanika, fizika və fiziologiya elmlərinə böyük töhfələr verdilər.  
XVI-XVII  əsrlərdə Qərbi Avropanın qabaqcıl ölkələrində kapitalist istehsal üsulunun inkişafı, kapitalist 
münasibətlərinin formalaşması burjuaziyanın bir təbəqə kimi müstəqil sinfə çevrilməsini təmin etdi. F.Bekon və 
R.Dekart burjua fəlsəfəsinin baniləri oldu.  
Təbiəti dərk etmə əsasında elmi-fəlsəfi metodun işlənməsi ideyasını ilk dəfə Yeni dövr elminin ilk filoso-
fu F.Bekon (1561-1626) qarşısına məqsəd qoydu. Bekonun fikrincə idrakın ali vəzifəsi təbiətin ram edilməsi və 
insan həyatının yaxşılaşdırılmasıdır.  İlk dəfə  məhz F.Bekon orta əsr sxolastik təfəkkür üslubunun yox 
edilməsinin və yeni elmi-fəlsəfi metodologiyanın işlənməsinin zəruriliyini dərk etdi. Bekon üçün fəlsəfə ilk 
növbədə elmlərin metodologiyasıdır. Bekonun əsas əsərləri «Yeni orqanon», «Yeni Atlantida», «Mənəvi, iqtisa-
di və siyasi təcrübələr»dir. Elmlərin genişləndirilməsi və  məziyyəti» və «Yeni orqanon» əsərlərində fəlsəfəyə 
giriş verilərək praktiki həyatda elmi biliklərin vacibliyi qeyd edilir, bu vaxtadək elmi tərəqqiyə mane olan 
cəhətlərin üzə çıxarılmasına cəhd edilir, ağılı hər cür bütlərdən xilas edib, elmlərin islahatını keçirmək və aristo-
telçi-sxolastik metodu ifşa etmək yolları axtarılır. Eksperimental təbiət elmləri Bekon üçün yeganə nümunə idi. 
O, fəlsəfəni məhz belə təməl üzərində qurmaq istəyirdi.  
R.Dekart (1596-1650) da, Bekon kimi biliyin əsas məqsədini onun insana xidmət etməsinbə görürdü. O, 
fəlsəfəni «ciddi elmlər» səviyyəsinə qaldırmağa cəhd edirdi. Onun fikrincə  fəlsəfə universal riyaziyyat» 
olmalıdır. Dekartın dünyagörüşündə «metafizika» deyil, fizika – təbiət haqqında təlim həlledici əhəmiyyətə ma-
likdir. Fizika, kosmologiya və riyaziyyatı Dekart filosof kimi deyil, alim kimi şərh edir. Dekart - analitik 
həndəsənin yaradıcılarındandır. Mexanikada hərəkət və sükunətin nisbiliyi, təsir və  əkstəsir qanunlarını 
formalaşdırıb. Optikada işığın sınması zamanı sinusların daimi münasibəti qanununu əsaslandırıb, göy 
qurşağının riyazi nəzəriyyəsini inkişaf etdirib. Kosmoqoniyada günəş sisteminin təbii inkişafı haqqında fikir 
söyləyib. Dekart həmçinin cəbri işarələr sisteminin yaradıcısıdır ki, muasir elmdə bu, cüzi dəyişikliklərlə 
saxlanmaqdadır. Dekartın kosmoqoniya və fizikası insan haqqında təlimlə tamamlanır. Dekart fiziologiyasının 
əsasını Qarveyin qan dövranı nəzəriyyəsi təşkil edir. Dekart rasionalizm – idpakda ağılın birinciliyini, onun hissi 
qavrayışdan asılı olmadığını qəbul edən nəzəriyyə tərəfdarı idi.  
Fəlsəfədə rasionalist hərəkat və klassisizm bir sıra ümumi cəhətlərə malik idi. Rasionalizm 
metodologiyasını Dekart «Metod haqqında düşüncələr» (1637) əsərində ifadə edib. Dekartın öz estetik 
nəzəriyyəsi olmasa da, məktublarında o, gözəllik anlayışı, klassisizmin bəzi prinsipləri olan düzgünlük, 
aydınlıq, təmizlik haqqında fikirlər söyləyir. Faciəviliyin rolu haqqında da onun müəyyən baxışları var. Dekartın 
davamçıları olan karteziançılar öz estetik təlimləri ilə yalnız XVIII əsrin I yarısında çıxış edə bildilər. Onların ən 
görkəmli nymayəndəsi «Gözəllik haqqında təcrübələr» (1741) əsərinin müəllifi Andredir.  
XVII  əsrdə  fəlsəfi və estetik fikir Avropanın digər qabaqcıl (Almaniya) ölkələrində  də inkişaf etməkdə 
idi. Məsələn, İngiltərədə F.Bekonun katibi T.Hobbs və hər ikisinin davamçısı C.Lokk Dekartın «anadangəlmə 
ideyalar» fikri ilə razılaşmırlar. Hobbsun fikrincə, xarici hisslər nəinki ideyaların, hətta idrakın mənbəyidir. 
Lokkun fikrincə isə ideyaların mənbəyi təcrübə, biliklərin mənbəyi – xarici aləmin hissi qavranılmasıdır. Lok-
kun «İnsan ağlı haqqında təcrübə» (1690) traktatı məhz Dekart təliminin tənqidi ilə başlayır.  
XVII əsrin ortalarında İngiltərə və Fransa kimi qabaqcıl kapitalist ölkəsi olan Niderlandda (indiki Belçika 
və Hollandiya) da elm (riyaziyyat, astronomiya, mexanika, fizika), texnika (hərbi və mülki), incəsənət (məs., 
Rembrandt) yüksək pilləyə qalxmış, fəlsəfənin inkişafı üçün əlverişli şərait yaranmışdı. Dekart məhz bu ölkədə 
20 il yaşayıb yaratmışdı. Amsterdamda varlı yəhudi ailəsində doğulmuş Spinoza bu ölkənin dahi filosofu oldu. 
Dövrün qabaqcıl ideyaları, xüsusən Dekart fəlsəfəsi ilə tanışlıq, onun iudaizmlə üzülüşməsinə  və  yəhudi 
icmasından qovulmasına səbəb oldu. Spinozanın əsas əsərləri «Dini-siyasi traktat» (1670) və «Etika»dır.  
XVII əsr Avropasının siyasi həyatında da əhəmiyyətli dəyişikliklər baş verdi. Əsrin əvvəlində Avropanın 
ilk kapitalist ölkəsi sayılan Hollndiyada inqilabi nailiyyətlər  əldə edildi. Hollandiya kiçik burjua ölkəsindən 
nisbətən inkişaf etmiş ölkələr sırasına keçdi. Əvvəllər güclü olan Hollandiya sonralar zəifləyir. İngiltərədə 1640-
1660-cı illərdə baş vermiş ümumavropa miqyaslı burjua inqilabı  nəticəsində parlament respublikası  bərqərar 
oldu. Fransada mütləq monarxiyanın klassik nümunəsi yarandı. Feodal zadəganlığına xidmət edən fransız 
mədəniyyəti öz proteksionist siyasəti ilə (kapitalist ölkələrində  gətirilən mallara yüksək kömrük qoymaqdan 
ibarət himayəçilik sistemi) burjuaziyanın inkişafını təmin etsə də feodalizm hələ öz gücünü itirməmişdi. XVI 
əsrdə dünyanın  ən qüdrətli dövlətlərindən olan feodal İspaniyası Avropanıın irticaçı  və geridə qalmış 
ölkələrindən birinə çevrilir. İqtisadi durğunluğa düçar olmuş bu ölkəyə  hətta Amerikanın nəhəng 
malikanələrindən  əldə edilən gəlir də kömək edə bilmir. Mərkəzi Avropada böyük və çoxmillətli dövlətlər – 
gələcək Avstriya imperiyası formalaşırdı. Almaniyanın və  İtaliyanın  əsas hissələrində bir-biri ilə daim 
düşmənçilik edən xırda dövlətlər mövcud idi. Bu ölkələrdə feodal pərakəndəliyi  şəraitində knyaz despotizmi 

 
280
hökm sürən xırda dövlətlər yaranırdı. Hətta  İngiltərədə  də burjuaziya öz hakimiyyətini aqrar aristokratiya ilə 
bölüşürdü. XVI əsrin  əvvəllərində Avropanın dini qurumlara görə 2 hissəyə– protestant və katoliklərə 
bölünməsi dövlətlər arasındakı siyasi və  mədəni  əlaqələrin sərtləşməsinə  səbəb oldu. Dövrün qabaqcıl 
mütəfəkkirlərinin feodalizmə qarşı  çıxışları ictimai fikri boğan və öz təsirini yenidən gücləndirən katolik 
kilsəsinin tənqidi ilə əlaqədar idi.  
Dövrün bütün bu dəyişiklikləri incəsənətdə də öz əksini tapır. Gerçəkliyin fəal dərk edilməsi, zamanın və 
hadisələrin, mühitin və xarakterlərin təhlili söz sənəti üçün önəmli olduğundan  Şekspir, Lope de Veqa, Ser-
vantes, Kalderon, Kornel, Rasin, Molyer və b.-nın yaradıcılıq timsalında roman və dramlar, ümumiyyətlə bədii 
ədəbiyyat bu funksiyanı digər sənət növlərindən də əvvəl öz üzərinə götürdü. Lakin XVII əsrdə İntibah idealları 
və ənənələri ilə hələ də sıx bağlı olan təsviri sənət hegemon olaraq qalırdı. Yenidən antik dövrə müraciət edən 
XVII  əsr rəssamları özlərini antik ənənələrin yeganə varisi hesab edən «universal» (məs. Leonardo da Vinçi, 
Mikelancelo həm rəssam, həm heykəltəraş, həm də memar idilər) İntibah sənətkarlarından fərqli olaraq, demək 
olar ki, yalnız bir janr çərçivəsində məhdudlaşırdılar. Artıq XVII əsrdə İtaliya incəsənəti əvvəlki nüfuza malik 
deyildi. Bir sıra Avropa ölkələrində  İtaliyadakılardan heç də geri qalmayan milli bədii məktəblər yarandı. 
Onların ümumi cəhətlərindən biri – incəsənətin ayrı-ayrı növlərinin sintezi idi. Saray və məbəd ansambllarında 
memarlıq, heykəltəraşlıq, rəssamlıq və dekorativ-tətbiqi sənətin elementləri çox gözəl səsləşirdi. Gerçəkliyin 
daha müfəssəl təsviri cəhdi yeni janr və formaların yaranmasına səbəb oldu. Təsviri sənətdə ənənəvi bibliya və 
mifoloji janrlarla yanaşı dini olmayan kübar janrlar da – məişət janrı, peyzaj, natürmort, portret və s. müstəqil 
mövcud olmağa başladı.  
Beləliklə, XVII əsrdə Avropada incəsənətin bütün növlərini – bədii ədəbiyyat, musiqi, teatr, memarlıq və 
təsviri sənəti əhatə edən 2 yeni üslub – barokko və klassisizm bərqərar oldu.  
Şərti olaraq Cordano Brunonun (1600) qətl ili İntibahın yekunu hesab edilir. Mədəni-tarixi baxımdan ol-
duqca coşqun və maraqlı olan məhz XVII əsrdə İntibah barokko ilə əvəz olunur. Həyatın mahiyyətini hərəkətdə 
verən barokko, termin kimi yalnız XIX əsrin sonunda İsveçrə  sənət nəzəriyyəçisi U.Burqxardt və Völflin 
tərəfindən  ədəbiyyata gətirilib. Barokko italyan dilində «qəribə,  əcayib», portuqal dilində  «əyri mirvari» 
deməkdir. Əslində isə heç kim bu sözün nə mənşəyini, nə də ilkin mənasını bilmir. Lakin barokkonun XVII əsr 
incəsənəti tarixində müstəsna rol oynaması hamıya məlumdur. Barokko İntibah böhranından sonra manyerizmin 
ardınca yaranaraq rokoko üslubunun sələfi olur.  
Barokko dünyaya klassik əsərlər yaradan yazıçılar, rəssamlar, memarlar, musiqiçilər bəxş etdi. Lakin bu 
sənət sahələrinin heç biri öz cəsarət və novatorluğu ilə musiqiyə çata bilməzdi. Musiqi tarixində yeni dövrün 
başlanmasını opera, kantata, oratoriyanın yaranması, fuqa, konçerto qrosso, ansambl və solo sonatalarından 
ibarət instrumental musiqinin intensiv inkişafı  təsdiq edir. XVII əsr və XVIII əsrin  əvvəllərində barokko 
cizgiləri İtaliya və Almaniyanın musiqi sənətində özünü daha aydın büruzə verir. Fransada bu dövrdə klassisizm 
də mövcud idi. XVIII əsrin əvvəllərində Avropada barokko ilə yanaşı «zərif üslub» (qalant üslubu) da inkişaf 
edir. Bununla belə, XVII əsr və XVIII əsrin I yarısının görkəmli sənətkarlarının bir qismi nə barokko, nə  də 
digər bədii üslub çərçivəsinə  sığmırdı.  İ.S.Bax, Hendel, K.Monteverdi, A.Vivaldi və b. buna misaldır. Bu 
dövrün musiqisi XVI əsrdə hökmranlıq edən klassik xoru və dini mövzuları inkar edir. Musiqili dram, o 
cümlədən musiqi simfonizminin formalaşmasının mühüm sələfi olan opera janrı inkişaf edir. Klaudio Monte-
verdinin (1567-1643) «Orfey», «Poppeyin tacqoyma mərasimi», Jan Batist Lüllinin (1632-1687) «Armida» və 
opera sənətinin digər şah əsərləri buna misaldır. 
Yüklə 4,08 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin