Dərslik II cild Azərbaycan Respublikası Təhsil Nazirliyinin


III fəsil QƏDİM AZƏRBAYCANDA



Yüklə 3,59 Mb.
səhifə19/443
tarix30.12.2021
ölçüsü3,59 Mb.
#23706
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   443
III fəsil
QƏDİM AZƏRBAYCANDA

TƏRBİYƏ VƏ TƏHSİL MƏDƏNİYYƏTİ.

AZƏRBAYCANDA ZƏRDÜŞTLÜK

TƏRBİYƏ VƏ TƏHSİLİ

Əhatə olunan məsələlər:
3.1. Qədim Azərbaycanda tərbiyə və təhsil mədəniyyəti.

3.2. Zərdüşt məktəbləri və “Avesta”da tərbiyə məsələləri.



3.1. Qədim Azərbaycanda

tərbiyə və təhsil mədəniyyəti
Çox qədim tarixə və zəngin mədəniyyətə malik olan, coğrafi cəhətdən türk islam dünyasnın mərkəzində yerləşən Azərbaycan və bu yurdun qədim sakinləri olan azərbaycanlılar hələ qədim zaman­lar­dan yazı və oxu mədəniyyətinə sahib olmuş, dövrün, ictimai hə­yatın xüsusiyyətlərinə uyğun təhsil ocaqları yaratmış, insanları in­kişafa, tərəqqiyə, yüksək əxlaqa səsləyən müdrik fikirlər söylə­miş­lər. Zaman-zaman ölkəmizə edilən basqınlar üzündən ulu babaları­mızm yaratdıqları zəngin elmi, ədəbi və pedaqoji irsin mühüm bir qismi tələf edilmiş, böyük bir mənəvi xəzinə vətənimizdən çıxarılmış, başqa ölkələrə aparılmış və bir qismi də itirilmişdir.

Zəngin şifahi xalq ədəbiyyatımız – “Kitabi Dədə Qorqud”, “Bil­qamıs”, “Alp Ər Tunqa”, “Oğuz”, “Ərkənəqun” kimi dastan­larmız, Oğuznamələr, Ustadnamələr xalqımızın qədim tarixindən, onun ictimai-mədəni həyatından, zəkasından, istək və arzularından, tərbiyə və təhsil səviyyəsindən xəbər verir. Qobustan, Gəmiqaya, Oğ­lanqala, Kültəpə, Orxon kitabələri və daha bir çox qayaüstü yazılı abidələrimiz xalqımızın yazı yazmaq, oxumaq, hesablamaq, rəsm çəkmək, rəqs etmək və s. mədəni, təhsil vərdişlərinə sahib ol­ma­sından xəbər verir. Tariximizin çox qədimliyini göstərən arxeo­loji qazıntılar, əldə edilmiş maddi, mədəni nümunələr, xaraba şəhər və qəsəbələr Azərbaycanın ayrılmaz bir parçası olan Naxçıvanda hələ daş dövründən istifadə edilən duz mədəni və buradan tapılmış daş baltalar, buradakı duz müalicəxanası çox uzaq keçmişimizdən xə­bər verir. Bütün bunlar Azərbaycan xalqnın hələ miladdan əvvəl mə­dəniyyətə, yazıya, oxuya, təlim-tərbiyə mədəniyyətinə sahib ol­duq­larını təsdiq edir.

Arxeoloqlar indiki Azərbaycanda ilk insan məskənlərini Daş dövrünə aid edirlər. Azərbaycanda hələ tunc və dəmir dövründə (e.ə.XIV-VIII əsrlər) əhali əkinçiliklə, taxılçılıqla, dəmirçiliklə mal­dar­lıqla məşğul olmuşlar. Qədim insanlarımız taxil əkmiş, taxıl ehtiyatını xüsusi quyularda saxlamış, torpağı şumlamış, taxılı döy­müş, onu üyütmüşlər. Çaxmaq daşı icad etmiş, od əldə etmiş, daş və dəmir alətlər hazırlamış, texnoloji üsulla misi, dəmiri əritmiş qalay, qurğuşun əldə etmiş, sobalar yaratmışlar. Onlar müxtəlif məqsədli baltalar, yaba, oraq, bıçaq, qanadlı ox, nizə, xəncər, qılınc, silah, at əsləhləri hazırlamışlar. İnsanların estetik şüur və mədəniyyəti, bədii təfəkkürü yüksəlmiş, saysız-hesabsız bəzək əşyaları - tuncdan qol­baq, üzük, sırğa, əqiq, daş və mərmərdən muncuqlar, üzük qaşları ha­zırlamış, sümükdən, metaldan, dəmirdən, tuncdan istifadə edərək müxtəlif alətlər, toppuzlar hazırlamış, bir rəngli, çoxrəngli saxsı qablar, küplər düzəltmiş, ona gözəl naxışlar vurmuş, mənalı cizgilər və rəsmlər çəkmiş, daha sonralar da qızıldan, gümüşdən istifadə edərək üstündə piktoqrafik işarələr qoymuş, yazılar yazmışlar. Tədricən sənətkarlıq, “xəttatlıq”, “rəssamlıq” inkişaf etmiş, böyük­lər öyrəndiklərini, təcrübi yolla əldə etdiklərini yetişən nəslə öy­rətmiş, onları təlimləndirmiş, tərbiyə etmişlər. İnsanlarımız atı əhli­ləş­dirmiş, sürət əldə etmiş, mühəndislik edərək iki təkərli, dörd tə­kər­li at arabaları yaratmış, ondan yük daşımaq və nəqliyyat vasitəsi kimi istifadə etmişlər. Çadırlar qurmuş, qaya parçalarından evlər, abidələr tikmiş, əkin sahələri, bağ və bostanlar yaratmış, meyvələr yetişdirmiş, xüsusi texnologiya ilə onu qurutmuş, heyvan­dar­lıqla məşğul olaraq heyvan dərisindən, yunundan istifadə etmiş, dəri aşı­la­ma, dabbaqlıq, toxuculuqla məşğul olmuş, qida məhsulu kimi ət, süd, yoğurt əldə etmiş, həyat şəraitlərini günü-gündən yaxşı­laş­dır­mış­lar. Kiçiklər də böyüklərin yanında olmuş, onların işlərini mü­şahidə etmiş, onların sənət və peşələrini daha təkmil formada davam etdirmişlər. Bütün bunlar insanların bir- birinə öyrətmə və öyrənmə pro­sesi ilə müşahidə edilmiş və demək olar ki, bunlar qədim dövrün bəsit şəkildə də olsa təlimini və tərbiyəsini səciyyələndirən cə­hət­lərdir.

Azərbaycan ərazisinin dünyanm ən qədim insan məskən­lə­rin­dən biri olduğu artıq sübüt edilmişdir. Azıx, Tağlar, Damcılı, Daş­sa­lahlı, Qazma mağaralarında, habelə başqa abidələrdə aşkar olunan maddi- mədəni arxeoloji tapıntılar, o cümlədən 1968-ci ildə Qara­bağ­da, Füzuli rayonunun 17 km-də tapılmış Azıx mağarası və bu­ra­dan aşkar edilmiş l8-20 yaşlı qadını alt çənə sümüyü tədqiq edilmiş və sübut edilmişdir ki, 350-400 min il bıından əvvəl burada qədim in­san­larımız - Azıx adamı (Azıxantrop) yaşamış və bu fakt Azə­r­baycanın ibtidai insanların formalaşdıqları əraziyə daxil olduğunu göstərir. Dünyada üç tapıntıdan biri olan bu nadir tapıntıya görə Azərbaycan ərazisi “Avropanın ən qədim sakinləri” xəritəsinə daxil edilmiş və dünyanın ən qədim sivilizasiya ocaq­la­rın­dan biri hesab edilmişdir. Bu dövrün tarixi 700-150 min il arasındadır. Erkən orta və Aşel dövründə əmək alətləri, ictimai mü­nasibətlər xeyli tək­mil­ləş­miş, yeni növ alətlər meydana gəlmiş, yeni əmək münasibətəlri yaranmışdır. Azıx mağarasından 850-900 min illik tarixi olan Şel və Aşel dövrlərinin ən universal alətləri -ürək və badam quruluşlu əl kəsərləri, itiuclular, qaşovlar, dişli-kəzli iskə­nə­yə bənzər alətlər və onlarca başqa növ alətlər aşkar edilmişdir. Müx­təlif daşlardan ha­zır­lanmış həmin alətlər məişətdə istifadə edil­miş­dir. İbtidai insanlar bu alətlər vasitəsilə özlərini vəhşi heyvan­lar­dan qorumuş, ov ovlamış, balıq tutmuş, geyim tikmiş, toxuculuqla məşğul ol­muş­lar.

Xalqımızın ulu torpağı olan Cənubi Azərbaycanın bir sıra yer­lərində də qədim insanlarımızın yaşayışına dair qiymətli tapıntı­lar olmuşdur. Urmiya gölünün ətrafında Rizayə şəhərindən 20 km. Şi­mal­da yerləşən Tamtama mağarasından neandartala məxsus bəzi qa­lıqlar dünya elminə bu gün də məlumdur.

Bakının 50 km-də yerləşən Qobustan insanlığın ən qədim ya­şa­yış məskəni olmuşdur. Qayaların üstündə 1000-dən artıq şəkil və yazı işarələri vardır. Bu rəsmlərdə müxtəlif heyvanlar, qayıqlar, əmək, ov və rəqs səhnələri təsvir edilmiş, insanlar nəyi isə başqa­la­rı­na öyrət­mək və ya bildirmək istəmişlər. Qobustan rəsmləri sıra­sında Mezolit döv­rünə (Miladdan əvvəl XII-X minilliklər) aid olan rəsmlər, işa­rə­lər, dini ayinlərə həsr edilmiş fiqurlar, rəqs kompo­zi­siyaları, hələ Me­zo­lit və Enolit dövrlərində Azərbaycanda bədii zövqün, rəsm mə­də­niyyətinin, təsviri sənətin varlığını, nəqqaşlığın, rəssamlığın səviy­yəsini, inkişafını göstərən əsaslı bir dəlildir. Qaya­larda həkk olunmuş qayıq rəsmləri o dövrün mühəndis ağlından, hesablama işlərinin dəqiq­liyindən xəbər verir. Qayıq bir tərəfdən insanların qida eh­ti­ya­cını ödəmək məqsədi güdürdüsə, digər tərəf­dən bu bir nəqliyyat növü idi ki, başqa yerlərə səfərlər, ticarət və mədəni əla­qələr demək idi. Bü­tün bunlar qədim qobustanlıların tə­fəkkür tərzini, mədəni səviy­yə­sini, dövrə məxsus öyrətmə-öyrən­mə prosesinin, təlim-tərbiyə mə­dəniy­yətinin ilkin formalarda varlığını bildirir.

­Qobustan qayaüstü rəsmlərinin təhlilindən məlum olur ki, buradakı tərbiyə məsələləri əsas etibari ilə ovçuluq, əməksevərlik, vətənpərvərlik, peşəyə, sənətə məhəbbət, fiziki tərbiyə, təsviri sənət, rəqs, musiqi, estetik tərbiyə kimi keyfiyyətlər gənc nəslə aşılanmış­dır. Ovlanacaq heyvanı düzgün nişan almaq, atmaq, silah (ox, nizə, kaman) hazırlamaq və ondan bacarıqla istifadə etmək, eləcə də əmək alətləri hazırlamaq və istifadə etmək, qida əldə etmək kimi ba­carıq və vərdişləri gənc nəslə öyrətmək olmuşdur. Qobustan mü­təxəssisləri qeyd etmişlər ki, burada böyük öküz rəsmlərində nizə və ox izləri indi də görünür. Bu o deməkdir ki, qədim qobus­tanlılar vəhşi öküz ovlamağı öyrənmək üçün qayanın üstündə rəsm edilmiş öküz fiquruna nizə, yaxud ox atmaqla gənc nəslə təcrübi olaraq məşqlər keçmiş, onları buna öyrətmişlər.

Yetişən gənc nəsil müxtəlif oyun, rəqs, mərasimlər, adət və ənə­nələr vasitəsilə xalqın müəyyən etdiyi əxlaq normalarına yiyə­lə­nirdilər. Rəqs və mərasimlər zamanı gənclərdə əməksevərlik, həyat­sevərlik, kollektivçilik, insanpərvərlik, birlik, qarşılıqlı yardım­laşma, qoçaqlıq, çeviklik və bir sıra əxlaqi, iradi keyfiyyətlər tərbiyə edilib formalaşırdı. Qayalardakı rəsmlər, rəqs səhnələri, daş qaval, pik­toq­ra­fik işarələr maarif və mədəniyyət tariximizin qədimliyin­dən, insan­ların estetik və bədii tərbiyəsindən xəbər verir. Uşaqlar və gənclər oyun və rəqsləri müşahidə etməklə və ya praktik olaraq bu nəsillərə ötürürdülər. Qayalar üstündə təsviri- süjetli şəkli prosesdə iştirak etməklə qəbilə və ya tayfanın adət və ənənələrini mənim­səyir, onları yadda saxlayıb digər gələn yazılar, dəmir məmulat­larından istifadə edərək döymə üsulu ilə rəsmlər, işarələr qədim qobustanlı­la­rın bədii təfəkkür tərzini və bilik və dünyagörüşünü, insanların öyrətmə və öyrənmə aktlarnı, savad səviyyəsini göstərən dəlillərdir.

1979-1994-cu illərdə bu qayaüstü rəsmləri tədqiq etmək üçün Qobustana xüsusi səfərlər elan edən məşhur Norveç tədqiqatçısı Tur Heyerdal (Özünün dediyinə görə Azərbaycan əsillidir) ilk növbədə özü Qobustana səfər etmişdir. Onu müşaiyət edən Qobustanın tədqiqatçısı C.Rüstəmov söyləyir ki, o çox maraqlı adam idi.Yol boyu fikirli idi, dinib danışmırdı. Elə bil harasa tələsir, nəyisə gör­mək istəyirdi, hərdənbir Xəzərə baxır və “Gözəldir” deyirdi. Ar­zu­suna çatdı. Qobustanı gəzdi, dolaşdı. Heyranlıqla təsvirləri nəzərdən keçirdi. Lakin qayıq rəsmlərinin qarşısında duranda elə bil öz dün­ya­sına - gəmilər aləminə qayıtdı, qayıqlar aləminin seyrinə daldı. Gah piano çalan kimi barmaqlarını qayıqların üstünə qoydu, oy­nat­dı, gah ölçülərini götürdü, gah gendən durdu boylandı, sonra da sorğu-suala başladı. “Dünyada qaya təsvirlərində əksini tapan qa­yıq­ların yaşı 3500 ildən çox deyil, bəs nə üçün sizinkilərin sorağı səkkiz minilliklərdən gəlir”- dedi. Biz ona qayaların dibində apar­dı­ğı­mız arxeoloji qazıntılardan aşkar etmiş təsvirləri göstərdik. Gözlərinə inanmadı. Sevincək əllərini qaldırdı və “bax, indi mən təs­lim. Bu qaya təsvirləri dünya mədəniyyətinin beşiklərindən sayılan beynəlnəhrdən daha qədimdir. Görünür Azərbaycan belə qədim sivilizaysiya ocaqlarından biri olub. Bu danılmaz faktlardan sonra heç bir şübhəyə yer yoxdur” - dedi.

Tur Heyerdal öz ehtimallarının əsaslı sübutunu təkcə Qobus­tandakı qayaüstü təsvirlərdə deyil, bu təsvirlərin eynilə əsrlərlə sonra vikinqlər tərəfindən Norveç mağaralarının divarlarında həkk olunması və həmçinin orta əsrlərdə yazılmış saqalarda əks olunması ilə müəyyənləşdirmişdir. Qobustan qayaüstü rəsmlərinə aid olan qa­yıq və üzərindəki günəş təsvirləri qədim Azərbaycanın insan məs­kən­ləri ilə, xüsusilə yüksək mədəni irsə malik olan Mesopo­ta­mi­yanın Şumer sivilizasiyaları ilə sıx əlaqələrindən xəbər verirdi. Tur Heyerdal öz alim – tədqiqatçı qrupu ilə həmçinin Şəkinin Kiş kən­dində olmuş və buradakı qədim məbədə dərin maraq göstərmişdir.

Tur Heyerdalın Azərbaycana gəlişi təsadüfi olmamışdır. O öz kökünü Azərbaycanla bağlayır. Bu barədə Azərbaycan Müəllimlər İnstitutunun baş müəllimi V.C.Aslan məqaləsində belə yazır: “As-ər və ya Az-ər mənşəli tayfaların Skandinaviyaya gedib çıxmasına münasibətlər mahiyyətcə eynidir. Şəkinin Kiş kəndində büstü qoyulan, 1981, 1994, 1997, 1999-cu illərdə ölkəmizdə səfərdə olan, Şimali Avropaya Az-ər adlanan yerdən gəldiklərini “mifologiya yox, əsli tarix və coğrafiya” hesab edən, 1999-cu ilin mayında Azər­baycanda olarkən söylədiyi nitqində... özünü də Az-əri adlan­dıran Tur Heyerdal bu miqrasiyanı “tarixi kökümüzün mənşəyi e.ə.800-cü ilə gedib çıxır”- şəklində açıqlayır və Snordan (Snorri Sturlusondan) belə bir misal gətirir: “Odin öz torpağında yaşayanda Romalılar başqa dövlətlə müharibə aparırdılar və sonra da Azər tə­rə­fə yö­nəl­məli idilər. Odin eşidəndə ki, Romalılar Azər torpağına gələcəklər, adam­ları götürüb Avropanın şimal hissəsinə gedir” (V.C.Aslan. Azərbaycan –Norveç mifik düşüncə tərzi: müqayisə və paralellər. AMİ. Xəbərlər. 2012,№ 1).

Naxçıvanda tunc dövrünə aid Gəmiqaya abidəsi eramızdan əvvəl I-III minilliklərə aid edilir ki, üzərindəki rəsmlər, yazı, işarələr insanların bir-biri ilə ünsiyyət və əlaqə, öyrətmə-öyrənmə prosesini əks etdirir. Qayaüstü təsvirlərdə rəqs səhnələri o dövrün estetik zövqünü bildirir, ov səhnələri, örüş sahələri, keçi, maral, quş, habelə əmək alətləri dövrün peşələri olan ovçuluqdan, əkinçilikdən, maldarlıqdan xəbər verir, at, dəvə, ulaq, araba təsvirləri insanların istifadə etdikləri nəqliyyat növünü göstərir. Günəş, ağac, çay kimi rəsmlər qədim insanlarımızın inancından xəbər verir, daşlar üzərin­də düz xətlə çəkilmiş bir neçə xət və ya çox xət Gəmiqayalıların say anlayışından xəbərdar olmalarını bildirir. Gəmiqayalıların bəbir, canavar, ilan, dəvə kimi rəsmlərin müxtəlif vəziyyətlərdə daşlara döymə üsulla böyük məharətlə işləmələri bir tərəfdən o dövrün rəssamlığını, nəqqaşlığını göstərirsə, digər tərəfdən də şübhəsiz in­san­lara ətraf mühiti, ərazini onun flora və faunasını öyrədir. Gə­mi­qaya rəsmlərində bir atlının baş və ayağında geyim olması o dövrün peşələrini (toxuculuq, çəkməçilik və s.) təxmin etməyə imkan yaradır. Şübhəsiz böyüklər də əldə etdiyi bilik və təcrübələri, qazan­dıqları peşələri kiçiklərə öyrətmişlər və yaxud da kiçiklər böyükləri müşahidə etməklə müəyyən bilik, bacarıq və təcrübə əldə etmişlər.

Gəmiqayanın ilk tədqiqatçısı akademik Vəli Əliyevin tədqi­qat­larından məlum olur ki, Gəmiqayada 1500-ə yaxın yazı, rəsm daş və metal alətlərlə döymə, qazma, sürtmə yolu ilə həkk olun­muşdur. Onlar aşağıdakı kimi qruplaşdırılmışdır: 1) İnsan rəsmləri; 2) Araba rəsmləri; 3) Heyvan rəsmləri; 4) Müxtəlif mövzulu səh­nə­lər; 5) İşarələr; 6) Qeyri-müəyyən təsvirlər. Gəmiqayalılar nəqliyyat va­sitəsi kimi at, dəvə, ulaq və arabadan istifadə etmiş, maldarlıq, ovçuluq, əkinçiliklə məşğul olmuşlar. Buradakı araba rəsmləri diqqətimizi cəlb edir. Belə ki, qədim tarixi mənbələrdən, “Oğuz­na­mə”lərdən məlum olur ki, arabanı kəşf edənlər Kanqlı tayfaları ol­muş­lar: “...Oğuz Kağanın çeriyində bacarıqlı, cüssəli, yaxşı bir kişi vardı. Bu kişi bir araba çapdı... Arabalar gedəndə “Kanğa, kanğa” deyə səs çıxarırdılar. Onun üçün arabaya “Kanğa” adı qoydular. Oğuz Kağan kanğaları gördü, güldü, ayıtdı.. Qoy yüklü arabaları əsirlər çəksin. Sənə verilən “Kanğaluğ” adı qoy kanğanı yada salsın”. Bu ad Dədə Qorqudda “Kanqlı Qoca” və ya başqa bir yazı­lışda “Qanlı Qoca” kimi işlənmişdir. Gəmiqayalılar müxtəlif təbiət hadisələrinə, çaya, ağaca, heyvana inanmış, onların təsvirlərini çək­miş, Günəşə sitayiş etmişlər. Gəmiqayada günəşə sitayişi ifadə edən dairə ortasına nöqtə qoyulmuş rəsmlər vardır ki, bu da günəşi ifadə edir.

Gəmiqaya, Oğlanqala, Kültəpədə, eləcə də Kəlbəcər, Zən­gə­zur, Göyəm dağlarının (indiki Ermənistan ərazisində), habelə Cənu­bi Azərbaycan abidələrinin, xüsusilə Qaradağ üzərindəki qayaüstü təsvirlərində insanların iqtisadi, mədəni, mənəvi həyatını əks etdirən müxtəlif işarələr, simvollar, damğalar (dairə formalı, düz, sınıq xət, haçaşəkilli, qarmaqşəkilli, aypara şəkilli, “P”, “T” şəkilli işarələr, “həyat ağacı” təsvirləri) aşkar edilmişdir ki, onlara pedaqoji yöndən yanaşdıqda deyə bilərik ki, onlar qədim insanların bilik, savad və mədəni səviyyəsini, yazı mədəniyyətini, rəssamlıq, heykəltaraşlıq bacarığını, inancını göstərən dəlillərdir. Digər tərəfdən bu işarələrin müxtəlif yerlərdə oxşarlığı regionun qədim insanlarının bir-birilə iqtisadi-mədəni əlaqələrindən xəbər verir. Qədim insan­larımızın daşlar üzərində qoyduqları müxtəlif məzmunlu izlər, işarələr, rəsmlər maarifləndirici, inkişafetdirici, tərbiyəedici olmaq­la qədim insanların “öyrətmə-öyrənmə mexanizmi”ni, tərbiyə və təhsil işlə­ri­ni bəsit şəkildə də olsa bizə bildirir.

Qədim dövr-ibtidai icma quruluşunda yetişən nəslin tərbiyə­sinə, icmanın əxlaq normalarına əməl edilməsinə şübhəsiz qəbilə və tayfanın ağsaqqalları, ataları, dədələri, təcrübəli, bilikli insanları rəhbərlik edir, icmaya və onun üzvlərinə məsləhət və istiqamətlər, öyüd və nəsihətlər verirdi. Buna görə də atalar, dədələr, ağsaqqallar bir tərbiyəçi kimi hörmətli şəxs hesab edilir, onlara pərəstiş edilir, hətta sitayiş ayinləri də meydana gəlmişdi ki, bunu tunc dövrünün daş kitabələrində görmək mümkündür. İbtidai icma quruluşunda ağsaqqal ata və babaların qəbri üzərində bir uzun daş şaquli olaraq yerə basdırılırdı. Bu cür abidələrə çoban daşı da deyirlər. Belə abidələrə dağ və dağ ətəyi yerlərdə rast gəlmək olar. Naxçıvanın Nehrəm kəndinin aşağı hissəsində “Ölən şəhər” deyilən yerdə qəbir üstü daşlar məhz dediyimiz çoban daşlarındandır. Həmin uca daş­la­ra insanlar əbədi varlıq kimi baxmış, onlar müqəddəs­ləşdiril­miş, arzu və niyyətlər, şər qüvvələrdən xilas olmaq bu daşlardan istən­miş, bu daşlar ağsaqqal ata və babaların ruhunu bu dünyada yaşat­maq, ondan yenə də kömək və məsləhətlər almaq düşüncəsini daşımışdır.

Ov, yürüş, qida əldə etmək, təbii fəlakətlərdən qorunmaq kimi həyati proseslərdə qədim insanların inancı, nəyəsə inamı formalaşır, get-gedə bu inanc mürəkkəbləşir, insanların düşüncələri inkişaf edir.Yetişməkdə olan nəsl, uşaqlar bütün bunları müşahidə edir, öyrənir, böyüklər onlara öyrədir. Belə qənaətə gəlmək olar ki, qədim insanlarda tərbiyənin aşağıdakı məqsədləri olmuşdur: l) Qəbilə, tayfa, ailə uşaqları praktik olaraq həyata hazırlamalı, onlara mürəkkəb həyat və təbiət hadisələrindən baş çıxarmağı, təbii fəla­kət­lərdən, vəhşi heyvanlardan qorunmağı, qida əldə etməyi, balıq tutmağı, daş alətlərdən istifadə etməyi və onu hazırlamağı, ov etməyi və ovlanmış heyvanın dərisindən istifadə etməyi, heyvan məhsulların­dan müxtəlif qida məhsulları hazırlamağı, daha sonralar da heyvan­lardan müxtəlif məqsədlər üçün minik, yük daşımaq, nəqliy­yat vasitəsi kimi istifadə etməyi öyrətməli, bunlara müvafiq onları lazım olan bilik, bacarıq və vərdişlərlə silahlandırmalı və uşaqlar da əldə etdikləri bilik, bacarıq və vərdişləri əməli işlərdə nümayiş etdirməlidirlər; 2) Uşaqlara ilahi qüvvəyə, ruha, surətə inan­mağı, xeyirə sitayiş, pərəstiş və ibadət etməyi, onlara dua etməyin yollarını, formalarını öyrətmək və uşaqlar da praktik işləri ilə onların icrasını qəbilə başçısına, ağsaqqala, dədələrə çatdırmalı idilər.Bütün bunlar tərbiyənin məqsədləri olsalar da onların yerinə yetirilməsi üçün ciddi öyrətmə- öyrənmə prosesi tələb edilir, əməli işləri həyata keçirmək üçün ağsaqqal məsləhəti, tövsiyəsi gərəkirdi. Bütün bunlar da onu göstərir ki, qədim dövrlərdə də, icma quruluşunda da ağsaqqallar, ata və babalar, dədələr icma üzvlərinin təlimi və tərbi­yəsi qeydinə qalmış, dövrün tərbiyə və təlim məq­sədindən irəli gələrək böyüklər əldə etdikləri təcrübəni yetişməkdə olan nəslə öyrətmişlər. İbtidai icma dövründə Azərbaycanın bir çox yerlərində dulusçuluq, misgərlik, dəmirçilik inkişaf etmişdir. Qa­rabağ, Qazax, Naxçıvan, Mildüzü, Aran rayonlarında dulusçuluq, misgərlik və dəmirçilik eramızdan əvvəl hələ ikinci minillikdə inkişaf etmişdir. Mezolit və Enolit dövrlərində ritmik və simmetrik anlayışların ortaya çıxması, rəqs kompozisiyalarının, naturadan çəkilən rəsmlərin mövcudluğu onu göstərir ki, ən qədim dövrlərdə belə rəsm və incəsənət mədəniyyəti olmuş, müxtəlif yazılar olmuş və buna müvafiq də təlim mədəniyyəti olmuşdur.

Azərbaycan xalqı, eyni zamanda dünyanın ən qədim döv­lət­çi­lik ənənələrinə malik olan xalqlardandır. Azərbaycan xalqı təq­ribən 5 min illik dövlətçilik tarixinə malikdir. Azərbaycan əra­zi­sində ilk dövlət qurumları və ya etnik-siyasi birliklər hələ era­mız­dan əvvəl IV minilliyin sonu - V minilliyin əvvəllərindən başlaya­raq Urmiya hövzəsində yaranmışdı. Burada meydana gəlmiş ən qədim Azər­bay­can dövlətləri bütün regionun hərbi-siyasi tarixində, gənclərin hərbi vətənpərvərlik tərbiyəsində mühüm rol oynayırdılar. Həmin dövrdə Azərbaycanda Dəclə və Fərat vadilərin­də yerləşən və dünya tari­xin­də dərin iz qoymuş qədim Şumer, Akkad və Assur (Assuriya) döv­lət­ləri, habelə Kiçik Asiyadakı Het dövləti arasında sıx qarşılıqlı əla­qələr mövcud olmuşdur.

Eramızdan əvvəl I minillikdə - bizim eranın I minilliyinin əv­vəl­­lərində Azərbaycan torpaqlarında Manna, İskit (Skit, Skif) şah­lığı, Atropatena və Albaniya kimi qüvvətli dövlətlər mövcud ol­muş­dur. Bu dövlətlər Azərbaycanda dövlət idarəçiliyi mədəniy­yə­tinin da­ha da yüksəldilməsində, ölkənin iqtisadi-mədəni tarixində, eləcə də vahid xalqın təşəkkülü prosesində mühüm rol oynamışlar. Əl­bət­tə bütün bunlar elmin, maarifin, təlim və tərbiyənin inkişafı ilə mü­şai­yət edilmişdir.

Azərbaycanda feodal münasibətləri tədriclə inkişaf edirdi. Azərbaycan dağlarından qızıl gümüş, mis, civə, qurğuşun, oxra çıxarılr, ölkədə bol pambıq, üzüm, taxıl, zeytun yetişdirilir, neft və duz istehsal edilirdi. Bol çayları, münbit torpaqları olan Azərbaycan əkinçilik təsərrüfatı üçün geniş imkanlara malik idi. Ölkənin bütün əyalətlərində heyvandarlıq inkişaf etmişdi. Ticarət yollarının üstün­də yerləşən Azərbaycan bir çox ölkələrin tacirlərini özünə cəlb et­mişdi. Azərbaycandan xarici bazarlara pambıq, ipək, boyaq mad­dələri, yaş və quru meyvə, balıq məhsulları aparılırdı. Ölkədə sənət­karlıq inkişaf edir, yeni şəhərlər meydana gəlir, elm, maarif inkişaf edirdi. Orta və On Asiya, Yaxın Şərq ölkələri ilə mədəni və ticarət əlaqələri genişlənirdi. Azərbaycanın bir çox şəhərləri xarici ticarət əlaqələrinin inkişafında da böyük rol oynayırdı. Dərbənd, Şabran, Təbriz, Bərdə, Beyləqan, Naxçıvan və başqa şəhərlər ticarət yol­la­rı­nın üstündə olduqları üçün daha geniş imkanlara malik idilər. Azər­bay­can 100 şəhəri olan ölkə adlanırdı. Şamaxı, Şəki, Şəmkir, Gəncə şəhərlərində də ticarət əlaqələri genişlənirdi. Azərbaycan şəhərləri içərisində Bərdə hərtərəfli yüksək inkişaf etməsi ilə seçilirdi. Xilafətin Cənubundan və Şərqindən Şimala sənaye və ticarət malları aparan karvanlar Bərdədən gəlib keçirdi. Bərdə demək olar ki, bir çox səyyahların da dediyi kimi o zaman Xilafət tabeliyində olan ikinci Bağdad hesab olunurdu.

Böyük ərəb alimi, 1213 və 1220-ci illərdə iki dəfə Azərbay­cana səyahət etmiş Yaqut Həməvi (1179-1229) “Mucəm əl-Buldan” (“Ölkələrin adlı siyahısı”) adlı əsərində yazır ki, “Azərbaycanın sərhədləri Şərqdə Bərdədən Ərzincana qədər, şimaldan Deyləm, Gilan, Tara qədər uzanır ki, bu çox böyük bir ölkədir.... Azərbaycan nəhəng ölkə və qüdrətli dövlətdir. Mən heç yerdə bu qədər qalalar, hədsiz zənginlik və möhtəşəm meyvə bağları görmədim. Azərbay­can əhalisi qırmızıyanaq və ağ dərili, xoş sifət insanlardır. Onlar azəri dilində danışırlar, yaxşı müraciətləri, yumşaq xarakterləri ilə seçilirlər... Ərəblər Azərbaycana gələndə paytaxt Ərdəbil idi”

Urmiya gölünün ətrafından başlayaraq, zaman-zaman Dəclə və Fərat vadiləri də daxil olmaqla, İran körfəzinə qədərki ərazilərdə e.ə. III-II minilliklərdə Aratta, Lullubi və Kuti qəbilə tayfaları yaşayırdı. Bu əyalətlərdəki təlim tərbiyə mədəniyyəti haqqında da müəyyən məlumatlara sahibik. Aratta inkişaf etmiş Şumer dövləti ilə həmişə sıx iqtisadi, siyasi, mədəni əlaqələrdə olmuşdur. Bu əla­qələr haqqında bir neçə Şumer dastanında, o cümlədən “En-Merkar və Aratta hökmdarı” dastanında ətraflı məlumat verilmişdir. Bu dastanlarda Aratta saf, təmiz ənənələr ölkəsi adlandırılır. Şumerin Uruk şəhər dövlətinin hökmdarı En -Merkar ilə Arattada hökmdarı arasında gah dostluq, gah da düşmənçilik münasibətləri mövcud olmuşdur. Bu hər iki hökmdarın bir-biri ilə yazışmalarından bəlli olmuşdur. Arattada yazı işlərini aparan xüsusi mirzələr çalışırdı. On­lar Şumer hökmdarına məktublar yazır və Şumerdən gələn mək­tubları tərcümə edirdilər. Bu fakt onu göstərir ki, artıq Arat­talılar Şumer mixi yazıları və Şumer dili ilə tanış idilər. Bir halda ki, qar­şı­lıqlı ticarət əlaqələri varsa onda deyə də bilərik ki, Şumerlərdə Arat­talıların, Gəmiqaylıların, Qobustanlıların mixi yazıları ilə, pik­to­q­rafik yazı, ünsiyyət işarələri ilə, habelə Gəmiqayalıların yarat­dıq­­ları araba ilə, Qobustanlıların yaratdıqları qayıqlarla tanış imişlər.

Salyan rayonunun Çuxanlı kəndi ərazisindəki Babazənan da­ğın­da bizim eranın 2-ci əsrini əhatə edən 20-dən çox küp qəbr, 200-ə yaxın digər maddi-mədəniyyət nümunələri tapılmışdır. Bu tapıntı Salyanın 2800 illik tarixə malik olduğunu təsdiqləyir. Maraqlısı bu­dur ki, Qədim Şumerdə də belə küp qəbirlər mövcud olmuşdur. Bu hər iki mədəniyyətin oxşarlığını, yaxınlığını, bir–birinə qayna­yıb qarışdığını söyləməyə imkan verir.

Arattada mahir ustalar, sənətkarlar, yüksək peşə sahibləri var idi. Bu peşələri onlara böyüklər lap kiçiklikdən öyrədirdilər. Şumer hökmdarı En Merkar qiymətli metalların, əşyaların, mərmər və lacivərdin, habelə ustaların göndərilməsini Aratta hökmdarından xahiş edirdi, əvəzində isə Arattaya taxıl göndərəcəyini vəd edirdi. Mazandaranda, Kirmanda, Təbriz yaxınlığında çıxarılan lacivərd Şu­­merlərə ixrac edilirmiş. Aratta və Şumer arasında sıx ticarət əla­qələri həyata keçirilirdi. Mənbələr Aratta və Şumer dövləti arasıda belə sıx əlaqələrdən xəbər verirsə onda heç şübhəsiz Şumerlərdə mövcud olan maarif və mədəniyyət, ədəbiyyat Şumer dastanları Arattada da tanınmış və öyrənilmişdir.

Qədim Azərbaycan tayfalarından olan Urmiya gölünün cən­ubunda Lullubum tayfa ittifaqı, sonra isə isə Lullubi dövləti yarandı ki, bu Azərbaycan ərazisində yaranmış ikinci erkən dövlət quruluşu idi. Mənbələrdən aydın olur ki, Lullubum və inkişaf etmiş Akkad dövləti arasında müharibə və savaşlar olmuşdur. Lullubumlər Anu­baninin hökmdarları dövründə daha da qüvvətlənmişdilər. Cənubi Azərbaycanda tapılmş “Daş sütünu” abidəsində bu barədə mixi yazılarla qeyd edilmişdir: “Anubanini qüdrətli Lullubum hökmdarı, öz təsvirimi və İştar ilahəsinin təsvirini Batir dağında qoy- durdum”. Böyük bir abidə yondurub qoydurmaq, üstundə yazılar yazmaq bu dövlətin inkişafından, mədəniyyətindən, yazısınının, “arxitektorlarının”, mühəndislərinin, ustalarının olmasından bizi xəbərdar edir ki, bu da şübhəsiz sistemli təhsil və təlimlə mümkün ola bilərdi. Burada Akkad dilini bilən, onu yazıb-oxumağı bacaran və başqalarına öyrədən mirzələr də olmuşdur. Lullubumluların hökmdarı (e.ə. 2170-2150) öz yazılarını mixi əlifbası ilə mirzələrə yazdırırdı. Mixi yazıları buranın əhalisinə yuxarıda göstərdiyimiz kimi hələ varisləri Aratta dövründən tanış idi. Lullubumların əgər mixi yazıları olmuşdursa, demək oxuları da olmuş, kiməsə nəyisə öyrətmişlər - demək burada da təlim mədəniyyəti, tərbiyə prosesi, öyrədənlər və öyrənənlər mövcud olmuşdur.

Kutilərdə isə qüvvətli hərbi dəstələrin olması burada hərbi təlimin səviyyəsindən, vuruş texnikasmdan xəbər verir. Kuti hərbi dəstələrinin başçısına Nippur şəhərində mixi yazılarla yazılmış bir abidə də qoyulmuşdur ki, üstündə yazılmışdır: “Qüdrətli Kutium və dünyanm dörd səmtinin hökmdarı”. Yenə də möhtəşəm bir abidənin qoyulması şübhəsiz xüsusi təlim, təhsil görmüş bir memarın, mühəndisin işidir. Belə bir abidənin yaradılması və oradakı məntiqi yazılar insanların xüsusi bir təhsil keçdiyini deməyə əsas verir.

Zaman keçdikcə Azərbaycanm dövlətçilik mədəniyyəti daha da yüksəlmiş, ölkə ərazilərində daha təkmil və daha geniş əraziləri əhatə edən yeni dövlətlər yaranmışdır. Eramızdan əvvəl I minillikdə - bizim eranın I minilliyinin əvvəllərində Azərbaycan torpaqlarında Manna, İskit (Skit, Skif) şahlığı, Atropatena və Albaniya kimi qüvvətli dövlətlər yaranmışdır. Bu dövlətlər Azərbaycanda dövlət idarəçiliyi mədəniyyətinin, maarifinin daha da yüksəldilməsində, ölkənin iqtisadi- mədəni tarixində, mühüm rol oynamışlar.

Manna ərazisində tapılmış eramızdan əvvəl VIII əsrə aid qab- lardan birinin üzərində saz və və ya tənburu xatırladan bir musiqi alətində çalan insan şəkli təsvir olunmuşdur. Musiqiçinin aləti tutma qaydası və onun çalğı manerası ifaçının Azərbaycan ərazisində yaşadığına şübhə yeri qoymur.

Urmiyanın ətrafında miladdan əvvəl IX-VIII əsrlərə aid əldə edilmiş arxeoloji tapıntılar - qızıl cam, qızıl döşlük, qızıl bilərzik, gü­müş piyalə və onların üzərindəki naxışlar Mannada rəssamlığın, sənətkarlığın, incəsənətin olmasından xəbər verir. Mannalıların əlif­bası və yazısı olmuşdur. Manna-Mad dövlətinin bilavasitə qonşu­lu­ğunda Şumer, Akkad, Babil, İlam, Assur, Hurri, Urartu kimi böyük xalqlar, hökümətlər olmuşdur ki, onların hərəsinin özünəməxsus rəsmi dövlət dili, əlifbası, yazısı, mədəniyyəti, təhsili olmuşdur. Be­lə bir dövr, mühit və şəraitdə Yaxın Şərq məntəqəsinin ən qüdrətli höküməti olmuş Assur höküməti ilə yanaşı yaşamış, həmişə onlara qarşı uğurla mübarizə aparmış Manna dövləti kimi mütərəqqi xalq daxilindən doğan qüdrətli bir dövlətin rəsmi idari dövlət dili, yazısı və əlifbasının olmaması mümkün ola bilməzdi.

Cənubi Azərbaycan alimi Doktor Məhəmmədtağı Zöhtabi “İran türklərinin əski tarixi” (Təbriz,1379 hicri) adlı kitabında yazır ki, Mannalıların müəyyən yazı və əlifbaya malik olmalarını bəzi Assur mənbələrindən görmək olur. Bu əlifbanın və yazının necə olduğu məlum olmasa da, hər halda Assur mənbəyi göstərir ki, Man­­­na hakim dairələri və şahlarının müəyyən yazısı olmuşdur. Zöh­­­tabi yazır ki, bu əlifba mixi, yazının isə İlam dilində olması eh­ti­­malı güclüdür.

Mannalıların yazısı olması haqqında tapılmış maddi - mədə­niyyət nümunələri də bunu təsdiq edir. Urmu gölünün qərbində Zeyvə məntəqəsindən tapılmış xəzinə şeyləri içərisində olan bir gümüş boşqabdakı yazı diqqəti cəlb edir. Rus alimi İ.Dyakonovun ehtimalına görə bu heroqlif yazı Mannalılara aiddir. Ola bilsin ki, bu heroqlif deyil müəyyən əlifbadan ibarət yazıdır, bəlkə də he­roq­lif­dən əlifbaya keçid dövrünə aid tarixi bir yazıdır.

Görkəmli Qazax alimi, şairi, türkoloq Oljas Süleymenov “Az-ya“ əsərində türk xalqlarına məxsus maraqlı bir məlumatı yazır ki, onun bilavasitə xalqımızın yazı mədəniyyəti ilə bağlılığı vardır: “Era­­mızdan əvvəl III əsr Çin salnaməçisi göstərir ki, Kanqyu (“Kanq­lı”) xalqı ənənəvi Çin yazısından fərqli olaraq eninə - hori­zon­tal xətlə yazırmış”. Kanqlı tayfası bu gün Azərbaycanda yaşayan Kəngərlilərin qədim adıdır. Onlar barədə hələ bizim eradan əvvəl I əsrdə və bizim eranm I əsrində Strabon və Plini yazmışdır. Eramızın ilk əsrlərində Çin, Bizans, Alban, ərəb tarixçiləri öz əsərlərində Kən­gərlilər haqqında maraqlı məlumatlar vermişlər. Kəngərlilər “Kitabi-Dədə-Qorqud”da “Kanqlı” adı altında xatırlanır. Türk şu­me­roloq alimi İlmiyyə Müəzzəz internet çıxışında və “Kəngərlər” adlı kitabında maraqlı bir məsələyə toxunmuş və demiş ki, Şumerlər özlərinə Kəngər demişlər.

Mannalıların zəngin şifahi xalq ədəbiyyatı - ağız ədəbiyyatı olmuşdur. Bu xalqın müxtəlif məzmunlu nağılları, dastanları, müx­tə­lif janr xalq şeirləri, bayatıları olmuşdur ki, bu ədəbiyyat nümu­nə­ləri gənc nəslin mənəvi tərbiyəsində demək olar ki, dəyərli pedaqoji əsərlər sayıla bilər. Əlimizdə o dövrün ədəbiyyatına dair nümunələr olmasa da qədim alimlərin yazılarından onlar barədə müəyyən mə­lu­mat, təsəvvür əldə etmək mümkündür. Qədim yunan və rum tarix­çi­ləri yazırlar ki, Manna şahlarının saraylarında şairlər olmuş­dur ki, onlar mövzularını, öz şeirlərini milli, şifahi xalq dastanları və rəvayətlərindən almışlar.

Eramızdan əvvəl VI əsrin əvvəllərində artıq Midiya dövləti­nin qüdrəti artmış və əraziləri xeyli genişlənmişdi. Jan Şarden “Səya­hət­namə”sində yazır ki, Midiya şahlarının möhüründə yunan yazı­la­rı və təsvirləri var idi. Möhürdəki yazının Dağyanus olduğu xatırlanır.

Midiya iki yerə - “Böyük Midiya” və “Kiçik Midiya”ya bö­lündü. “Kiçik Midiya” Atropatena adlandı ki, bu Azərbaycanın cə­nu­bunda yerləşirdi. Atropatenanın xeyli inkişaf etmiş kənd təsərrü­fatı, sənayesi var idi. Atropatenanın qonşu ölkələrlə geniş ticarət əla­qələri mövcud idi. Bu ölkənin 30-dan artıq iri şəhərləri ya­ran­mışdı, xalqın yüksək əxlaqı, mənəviyyatı və mədəniyyəti var idi. At­ropatenanın özünəməxsus dili, yazısı, adət və ənənəsi var idi. Əhalisi əkinçiliklə, maldarlıqla, ticarətlə, toxuculuqla məşğul idi. At­ropatena dövlətində sinfi cəmiyyət, təbəqələşmə sürətlə inkişaf etdiyindən yüksək səviyyəli mütəxəssislərə ehtiyac duyulurdu. Bu sahədə lazımi ixtisaslı kadr “Saray məktəbi”ndə hazırlanırdı. Bu­ra­da hakim sinfin uşaqları 16 yaşdan başlayaraq müvafiq ixtisas təhsi­li alırdılar.

Atropatena ilə bərabər Azərbaycanın şimalmda Albaniya döv­ləti də mövcud idi ki, buranın mərkəzi əvvəlcə Qəbələ sonra Bərdə şə­həri olmuşdur. Albaniya dövründə Azərbaycanın dövlət idarə­çi­li­yi, maarif və mədəniyyəti xeyli yüksəldi. Alban hökm­dar­ları öl­kə­nin dünyəvi və dini başçısı hesab olunurdular. Onlar, eyni zamanda, qanunlar verir, ölkənin hərbi qüvvələrinə başçılıq edir­di­lər. Döv­lə­tin ordusu 80 min nəfərdən artıq idi. Alban dövləti hərbi-fiziki ha­zır­­lığa xüsusi diqqət yetirir, onun döyüşçüləri düz qılınc­lar­la düş­mən­lərə qarşı amansız olmuş, vuruşlardan şərəflə çıxmışlar. Düş­mən­lərə qarşı döyüşdə kişilərlə bərabər qadınlar da döyüşür və igid­lik göstərirdilər. Albanlar beş yaşından başlayaraq iyirmi dörd yaşı­na kimi kamandan ox atmağı, nizə tullamağı və at çapmağı, hətta qaçış hərəkətlərini də öyrənirdilər.

O dövrdə Sasanilərin siyasətinə qarşı Zərdüşt dininə qarşı xristianlıq geniş yayılırdı və IV əsrdə Albaniyda xristianlıq dövlət di­ninə çevrilmişdi. Burada kilsə məktəblərində İncil Alban dilinə tərcümə edilərək ana dili üzrə dərs vəsaiti kimi istifadə edilir və Al­ban əlifbasının yaranma prosesi qüvvətlənirdi.

Beləliklə V əsrdə 52 hərfdən ibarət alban əlifbası meydana gəl­di və VI-VII əsrlərdə artıq zəngin alban ədəbiyyatı yaranmışdı. VII əsrdə yaşamış Davdağın mərsiyələri, şeirləri buna misal ola bilər. Davdağın yüksək bədii üslubda yazılmış məşhur bir mərsiyəsi Albaniyanın istiqlaliyyətini qorumaq üçün canını fəda verən, ətraf düşmən mövqelərinin hücumlarına baxmayaraq böyük siyasətlə öz ölkəsini İberi sərhədlərindən Dərbəndə və Araz çayına qədər olan torpaqları hakimi-mütləq kimi idarə edən vətənpərvər Azərbaycan hökmdarı Cavanşirin qəhrəmanlığına həsr edilmişdir. Bu qəsidə -mərsiyə müəllifinin daha bir çox əsərlər yazdığını, o dövrün ədəbiy­yatını, mədəniyyətini göstərən əsaslı dəlillərdəndir.

Strabonun dediyinə görə Albaniyada 26 tayfa yaşayırdı. Bu tayfaların özlərinə məxsus mədəniyyəti, adət və ənənələri, dili var idi ki, onlar siyasi, iqtisadi və mədəni cəhətcə birləşərək ölkəni bir­lik­də inkişaf etdirir, ümumalban maarif və mədəniyyətini zən­gin­ləşdirirdilər. Albaniyada müxtəlif tayfalar, müxtəlif dini inanca mən­sub olanlar yaşadığı kimi müxtəlif məktəblər və təhsil ocaqları da fəaliyyət göstərmişdir.

Albaniyada Mehranilər dövründə (altıncı əsrin sonları, yed­din­ci əsrin əvvəllərində) Zərdüşt məktəbləri geniş yayılmış, xüsusilə Gird­man məbədinin ali təhsil mərkəzi olmasını da güman etmək olar.

Sonrakı dövrlərdə Albaniyanın adı Aran və ya Ağvan kimi də işlədilmişdir. Aranda da məktəblər var idi və burada da tədrisi xü­su­si hazırlıqlı şəxslər yerinə yetirir, savad təlimi yazı və oxu ilə müşa­yi­ət edilir, uşaqlar ana dilində təhsil alır və alban əlifbasında yazır­dı­lar. Savad təlimi yazı və oxu ilə müşayiət edilirdi. Bu dövrdə Zərdüşt məktəbələrinin geniş yayılmasına baxmayaraq xristian mək­təbləri də mövcud idi. Bu məktəblərdə təlimin məzmunu və təlim üsulları bir-birindən fərqli olmuşdur. Belə ki, Zərdüşt mək­təblərində daha çox şifahi, söz metodlarına yer verilir, “Avesta” ma­terialları şifahi yolla oxudulur, əzbərlədilir və yalnız bundan sonra yazı təliminə keçilir, savad təlimi və oxu vərdişləri öyrədilirdi. Xris­ti­an məktəblərində isə yazı və oxu əvvəlcə öyrədilir, ondan sonra əzbərləmə, nəqletmə və s. öyrədilirdi. Beləliklə məktəblər getdikcə genişlənir və yeni tədris üsulları meydana çıxırdı.




Yüklə 3,59 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   443




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin