TƏRBİYƏ NƏZƏRİYYƏSİ,
Tarİxİ və METODİKASI
I fəsil
Tərbİyə, ONUN meydana gəlməsİ
və İnkİşaf dövrlərİ
Əhatə olunan məsələlər:
1.1. Tərbiyə.
1.2. İbtidai icma quruluşunda tərbiyə.
1.3. Antik yunan fəlsəfəsində tərbiyə.
1.3.1. Sparta tərbiyə sistemi.
1.3.2. Afina tərbiyə sistemi.
1.1. Tərbiyə
“Tərbiyə” sözü ərəbcə “əl-tərbiyə” sözünün “rəbb” kökündən əmələ gəlib. O, üç mənanı ifadə edir: “Rəba”-doğru yol göstərmək; “Rəbi”- bəsləmək, yetişdirmək, böyütmək, tamamlamaq; “riba”-çoxaltmaq.
“Rəbb” Allahın 99 adından biri olub. “Quranda”da Allah sözündən sonra ən çox (935) işlənən sözdür. Mənası “tərbiyə edən”, “nemət verən”, “maddi və mənəvi kamilliyə doğru yönəldən”, “ərsəyə çatdırma” deməkdir. “Mürəbbi” sözü də “rəbb” kəlməsindən əmələ gəlmişdir.
“Ərsəyə çatdırma” dedikdə, uşağın sərbəst yaşamaq, öz taleyi haqqında düşünməyi bacarmaq və davranışını sərbəst olaraq qaydaya salmaq, dünyaya münasibətdə müstəqil dərketmə qabiliyyətinə yiyələnmək səviyyəsinə çatdırmaq mənası başa düşülür.
Şəxsiyyətin təşəkkül tapıb formalaşmasında digər amillərlə yanaşı, tərbiyə prosesinin müstəsna dərəcədə böyük rolu vardır. Peyğəmbərimiz Həzrəti Məhəmməd (s.ə) buyururdu ki, “tərbiyə valideynin öz övladına verdiyi ən böyük hədiyyədir”.
Hər bir şəxs-istər uşaq, cavan, istərsə də yaşlı olsun daim tərbiyəyə möhtacdır. Hələ vaxtilə ingilis filosofu Con Lokk göstərirdi ki, insanlar arasında fərqləri məhz tərbiyə yaradır.
Tərbiyənin əsas qayəsi geniş, mütərəqqi dünyagörüşlü, xeyirxah, mədəni, humanist insanlar yetişdirməkdir.
Pedaqoji anlayış kimi tərbiyənin məzmununun üç əlaməti göstərilir: birinci, məqsədyönlülük; ikinci, bəşəriyyətin tarixi inkişafının nailiyyətləri olan sosial-mədəni dəyərlərə müvafiqlik; üçüncü, təşkil olunan tərbiyəvi təsir sisteminin mövcudluğu.
“Tərbiyə işi insan cəmiyyətinin yarandığı ilk dövrlərdən meydana gəlmiş, şəхsiyyətin fоrmalaşması, inkişafı, davranışı prоsesidir”.
“Tərbiyə yaşlı nəslin əldə etdiyi bilik, bacarıq və təcrübənin məqsədyönlü, planlı, mütəşəkkil şəkildə gənc nəslə aşılanmasıdır”
Dostları ilə paylaş: |