DərsliK İqtisad elmləri doktoru, professor


FƏSİL 2. QƏDİM DÖVRÜN İQTİSADİ TƏLİMLƏRİ



Yüklə 0,6 Mb.
səhifə18/121
tarix11.03.2022
ölçüsü0,6 Mb.
#53615
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   121
referat 921

FƏSİL 2. QƏDİM DÖVRÜN İQTİSADİ TƏLİMLƏRİ
§ 1. QƏDİM DÜNYADA İQTİSADİ GÖRÜŞLƏRİN

YARANMASI
İqtisadi təlimlər tarixinin öyrənilməsi, bir qayda olaraq Qədim dünyada meydana gəlmiş iqtisadi görüşlərin, fikirlərin öyrənilməsi və mənimsənilməsi ilə başlanır. Bu da təsadüfi deyil. Çünki bəşəriyyətin tarixi təkamülü, insan cəmiyyətinin təşəkkülü, ilkin olaraq qədim dünyada meydana gəlmişdir. Mi­nilliklər ərzində formalaşmış təbiət və cəmiyyət haqqındakı düşüncələr, baxışlar, görüşlər, fikirlər şifahi yollarla nəsildən-nəslə keçmiş və müxtəlif səpkili əfsanələr, rəvayətlər, eposlar, poeziyalar kimi ayrı-ayrı xalqların maddi və mənəvi mədə­niyyətlərinə çevrilmişdir. Belə bir tarixi inkişaf prosesi, elmi dünyagörüşlərin formalaşması, ən qabarıq şəkildə özünü Qə­dim Şərqdə, Qədim Asiyada, Antik dövrün ən parlaq nümunə­ləri olan Yunanıstanda və Qədim Romada əks etdirmişdir.

İctimai əmək bölgüsünün meydana gəlməsi, istehsal va­sitələrinin təsərrüfat həyatında müəyyənedici rola malik ol­ması, qul əməyinin mənimsənilməsi prosesi ictimai inkişafın iki yolunu müəyyən etdi. Bunların biri cəmiyyətin həyatında ictimai əməyin təşkilinin üstün rola malik olması ilə, ikincisi isə, müxtəlif ailələrin istehsal vasitələrinə və qullara görə mülkiyyətlərinin inkişafı ilə əlaqədardır. Məhz bununla əlaqə­dar olaraq tarixdə iqtisadi inkişafın, o cümlədən "siniflərin" meydana gəlməsinin iki üsulu fərqləndirilir. Bunlardan birini Asiya istehsal üsulu, digərini isə antik istehsal üsulu kimi fərqləndirirlər. Bununla əlaqədar olaraq bəzi hallarda Qədim dünya dedikdə, Şərq və Asiya ölkələri, Antik dünya dedikdə isə Qədim Yunanıstan və Qədim Roma nəzərdə tutulur. Lakin bir ümumi cəhət vardır ki, ictimai inkişafda, təsərrüfatçılığın təşkilində, siniflərin əmələ gəlməsində, dövlətin idarə olunma­sında, insanların istehsal vasitələrinə və əməyinə görə davra­nış və fəaliyyət qaydalarının müəyyənləşdirilməsində nəticə etibari ilə eyni iqtisadi fikirlər söylənilmişdir. Məhz bununla əlaqədar olaraq, qədim dünya dedikdə, istər-istəməz uzaq keçmişdə mövcud olmuş olduqca dəyərli fikirləri, mövcud dövrü dolğun əks etdirən elmi mülahizələri vəhdət şəklində şərh etmək ehtiyacı əmələ gəlir. Ona görə də Antik dövrün iq­tisadi fikirlərini, analoji olaraq Qədim dövrün fikirləri kimi də qəbul etmək olar.

Qədim dünyanın iqtisadi fikrində təsərrüfat fəaliyyətinin gedişatı və dərk olunması görkəmli elm xadimlərinin ya iqti­sadi görüşlərində, ya da xalqın əfsanəvi - poetik və mənəvi mədəniyyətində öz əksini tapmışdır.

İqtisadi fikir haqqında danışarkən, bir qayda olaraq, bütün dünya ölkələrində qəbul olunmuş ümumi bir cəhət vardır ki, o da Qədim Şərqdə mövcud olmuş iqtisadi görüşlərin, fikirlərin öyrənilməsinə xüsusi diqqətin yetirilməsidir.

Qədim Şərqin tarixi inkişafının bütün mərhələlərində iqti­sadi fikirlərdə əsas yeri dövlət təsərrüfatının təşkili və idarə edilməsi problemi tutmuşdur.

Natural təsərrüfata əsaslanan dövlət mülkiyyəti bir tərəf­dən hakim "mərbəd" mülkiyyətinin formalaşmasına, digər tə­rəfdən əmtəə təsərrüfatının aparılması həddinin müəyyənləşdi­rilməsinə yönəldilmişdir.

Qədim Şərqdə iqtisadi fikir hakim natural - quldarlıq tə­sərrüfatının müdafiə olunmasına yönəldilərək, bu mövqedən əmtəə - pul münasibətlərinə əsaslandırılırdı. Məhz bununla əlaqədar olaraq şeylərin dəyərlərinə görə mübadilə olunması ideyası meydana gəlmişdir.

Göstərmək lazımdır ki, Qədim Şərqin iqtisadi fikri haq­qında danışarkən, bura birinci növbədə Qədim Misirdə mey­dana gəlmiş, yayılmış və inkişaf etmiş iqtisadi fikri xüsusi qeyd etmək lazımdır. Bəşəriyyətin meydana gəlməsi, inkişafı, insan cəmiyyətinin ilkin beşiyi hesab olunan Misir, bu gün də öz ehramları, məbədləri, yeraltı sarayları, qəbir evləri ilə və s. möcüzələri ilə zəngin olan bir ölkə kimi dünyanın müxtəlif səp­kili elmi-tədqiqatların daima diqqət mərkəzindədir.

Qədim Misirdə iqtisadi fikirlərin formalaşması, əsasən dövlətin mərkəzləşmiş idarəetmə sahəsindəki məqsədlərinin həyata keçirilməsi ilə bağlıdır.

Burada ictimai işlər, hərbi və maliyyə idarəçiliyi xüsusi yer tuturdu. Belə mərkəzləşdirilmiş idarəçilik sistemi xeyli sa­vadlı adamların olmasını tələb edirdi. Ona görə də belə adamların hazırlanması da mərkəzləşdirilmiş formada həyata keçirilirdi. Çox hallarda bu günə gəlib çatmış yazılı mənbə­lərdə dövlət və təsərrüfat idarəçiliyinin həyata keçirilməsi, o dövrlərdə hakim olmuş dini ehkamların yerinə yetirilməsi "Nə­sihətlər" vasitəsi ilə şərh edilirdi. Belə "Nəsihətlər" bizim era­dan əvvəlki, III-II minilliyinə qədərki ilkin, Qədim, Orta, Yeni hökmdarlıq dövrləri üçün xarakterik idi. Belə "Nəsihətlər" sıra­sına "Heraklopol" hökmdarının oğlu Merikara "Nəsihətlər"ini, "İnsarın kəlamları", "Nefertinin peyğəmbərliyi", "Çobanın nağılları", "Axtoyanın Duaufanın oğluna, öz oğlu Piokiyə nəsi­hətləri" və s. aid etmək olar.4

Qədim Misirdə iqtisadi resursların, əsasən əmək və tor­paq resurslarının ciddi uçotu aparılırdı. Nil çayı vadisi boy­unca, torpaq sahələrinin kadastrı aparılmış, ən məhsuldar sol sahil boyunca olan sahələr dövlət torpaqları adlandırılmışdır.

Dövlət başçısı hesab olunan Fironlar siyasi, dini hök­m­ranlığı yerinə yetirməklə, başlıca iqtisadi funksiyaları da yerinə yetirirdilər. Məhz ona görə də onlar yer üzündə Günəş (Ra) allahının oğlu və varisi hesab olunurdular. Firon xalqın və mə­murların yalnız bəndəliyi ilə kifayətlənmir, bəzən özünə meh­rablar ucaldır və özünün təsviri qarşısında ətirli maddələr yan­dırırdı.5

Misirdə Firon hökmdarlığından sonra ölkənin iqtisadi həyatına ciddi müdaxilə edən kahinlər idi. Kahinlər ölkənin taleyini həll edən müdrik insanlar kimi cəmiyyətin həyatında qeyri-adi rol oynayırdılar. Məhz onların səyi nəticəsində o dünyadakı həyatın əbədiliyi əsaslandırılmışdır. Ona görə də insanlar bu dünyada qəbir evi üçün də mövqelərinə uyğun ola­raq ciddi ehtiyatlar hazırlayırdılar.

Ona görə də o dövrlərdəki xalq qüvvətli hökmdarlar və zəkalı kahinlərlə birlikdə, qarşılıqlı ünsiyyətdə fəaliyyət göstə­rirdilər, onların ümumi rifahı artmaqla, Misirin sivilizasiyanın vətəninə çevrilməsinə səbəb olurdu.

Qədim Misirin iqtisadi fikir tarixindən bəhs edərkən bir qayda olaraq, bizim eradan XIII əsr əvvəl yazılmış "İpuserin kəlamları"na xüsusi diqqət yetirilir. İpuser cəmiyyətin dəyişil­məsinin ilkin keçid dövrünü göstərmişdir. Olduqca dərin və düşündürücü şəkildə baş verəcək diyişiklikləri şərh edərək g­ös­tərirdi ki, mövcud mərkəzləşdirilmiş idarə sistemi çox az adamın mənafeyinə xidmət edir. Ona görə də o hesab edir ki, Misirin taxılı hamının neməti olmalıdır. Bunun üçün müxtəlif deklarasiyalar, məhkəmə qanunları məhv edilməlidir.

İluserin kəlamlarında əsas diqqət, ciddi reqlamentləşdi­rilmiş təsərrüfatın pozulmasına verilir.6

Göstərilir ki, nəzarətin zəifləməsi bir tərəfdən istehsalçıla­rın, xüsusən sənətkarların boş dayanmasına, digər tərəfdən yazanların, qeydiyyat aparanların fəaliyyətsizliyinə gətirib çı­xarır. Bu da xalqın məhvinə səbəb olur.

İşləməyən sənətkarları o, ölkənin düşmənləri adlandırır. O şəxslər ki, taxıl əkməyib, onlar məhsul alırlar. Bu barədə heç bir məlumat verilmir. Bu da xalqın qəzəbinə səbəb olur. Xüsu­sən cəmiyyətin kübar hissəsinin mərkəzləşdirilmiş hakimiyyət nümayəndələrinə qarşı çıxmasına səbəb olur. Kübarların Misi­rin xarici düşmənləri ilə ittifaqa girməsi mərkəzi dövlət idarə­çiliyini dağıda bilmişdir. Lakin "İluserin kəlamları"nda, eləcə də "Nefertinin peyğəmbərliyi"ndə göstərilir ki, heç cür vahid Misir dövlətini dağıtmaq olmaz. Vahid Misir dövləti, ölkədə qayda-qanunun, inzibati qulluqçulların sabit gəlir əldə etmək təlimat­çısı kimi göstərilirdi. "İluserin kəlamları"nda "xeyirxah paytax­tın düşmənlərinin" məhv olunması çağırışları vardı. O, ölkədə dini kahinlərin rolunun möhkəmləndirilməsinə və bərpa olun­masına, ölkənin hərbi gücünün artırılmasına diqqətin verilmə­sini qeyd edirdi.

Ona görə də mərkəzləşdirmə ideyası "İluserin kəlam­ları"nda əsas yer tuturdu ki, bu da onun dövlət məmurları ara­sında çox məşhurlaşdırılmasına səbəb olmuşdur. Qədim Mi­sirdə iqtisadi fikrin əmələ gəlməsi əsasən, mərkəzləşdirilmiş dövlət idarəçiliyi ilə bağlı olsa da, lakin quldarlıq quruluşunun ümumi qanunauyğunluqlarından irəli gələn bir sıra xüsu­siyyətləri də əhatə edirdi. Xüsusən dövlət idarəçiliyində yüksək vəzifə tutan əyanların təsərrüfatı ilə bağlı iqtisadi mə­sələlər də irəli sürülmüşdür.

Bir tərəfdən qulların əyan təsərrüfatında istifadə olunması qaydaları, digər tərəfdən orada çalışan işçilərin ağaların an­barlarından pay almaq hüququ müəyyənləşdirilmişdir. Bu da ölkə ərazisində mərkəzləşmiş təsərrüfat idarəçiliyinin prinsipi olmaqla həm əyan mülkiyyətinin formalaşmasına, həm də Mi­sir taxılının hər kəsin əsas nemətinə çevrilməsinə səbəb olurdu. Dövlət idarəçiliyində tutduğu vəzifədən asılı olaraq əmələ gələn əyan təsərrüfatı, onların rifahının əsasını təşkil etməklə, şəxsi təsərrüfata malik olmalarını aradan qaldırmadı. Beləliklə, Qədim Misirdə mülkiyyətin formalaşması əsasən əyan təsər­rüfatı ilə bağlı olmuşdur. Əyan mülkiyyətinə həm sə­rəncamlarında olan şəxsi vasitələr, həm də qulluq vəzifəsin­dən asılı olaraq mənimsədiyi predmetlər daxil idi. Beləliklə, xüsusi mülkiyyət və dövlət mülkiyyəti çərçivəsində əmələ gəl­məklə, onların qarşılıqlı fəaliyyət göstərməsinə səbəb olurdu.

Qədim Misirdə dövlət və xüsusi mülkiyyətin formalaşma­sına birmənalı baxmaq olmaz. Yəni elə hesab etmək olmaz ki, dövlət mülkiyyəti əsasında əmələ gələn xüsusi mülkiyyət inki­şaf etdikcə, tədricən dövlət mülkiyyətinin azalmasına və ya dağılmasına səbəb olurdu. Düzdür, mərkəzi hakimiyyətin zə­iflədiyi dövrlərdə xüsusi mülkiyyətin həddi artırdı. Lakin hər yeni mərkəzi hakimiyyətin güclənməsi, çox hallarda əyanların xüsusi mülkiyyətlərinin hesabına baş verirdi.

Bu və ya digər obyekt üzərində mülkiyyət hüququnun qo­runması və saxlanması qaydaları b. e. əvvəl II minilliyin ikinci yarısında meydana gəlmişdir.

Əmək bölgüsünün dərinləşdiyi, xüsusən maddi nemətlər istehsal edən hökmdar sənətkarları ilə əkinçilərin arasındakı münasibətlər, onların iqtisadi fəaliyyətlərini əsaslandıran qay­dalar əsasında baş verirdi. Lakin burada bir ümumi cəhət var idi ki, mülkiyyət obyektinə sahib olma, mərkəzi hakimiyyətdə tutulan vəzifədən asılı idi. Vəzifə mənimsənilməsi ilə əlaqədar meydana gələn mülkiyyətin nəsildən-nəslə keçməsi və irsi xa­rakter daşıması oğulun müvafiq vəzifəyə təyin olunmasından asılı idi. Ona görə də, bir qayda olaraq vəzifəyə görə mülkiyyət mənimsənilməsi nəsildən-nəslə keçsə də, lakin bu heç də bir qədər asan başa gəlmirdi. Burada vəzifə ilə bağlı mülkiyyətə sahib olmaq işində şəxsi mülkiyyət payının artımı prosesinin böyük rolu vardı. Əslində şəxsi mülkiyyət ilə vəzifə mülkiyəti birləşərək xüsusi mülkiyyəti yaradırdı. Şəxsi mülkiyyətin də əmələ gəlməsi müəyyən şərtlər daxilində ola bilərdi. Əvvəla sənətkar və ya usta əsasən qulluq müddətinin sərbəst vaxtında öz əməyi ilə bu və ya digər predmet hazırlaya bilərdi. İkincisi, hazırlanan əşyanın, predmetin öz materialı he­sabına hazırlandığını sübut etməli idi. Üçüncüsü, tətbiq olunan əmək aləti hökmdara məxsus olmamalı idi. Dördüncüsü, ha­zırlanan tikili və ya "qəbir evi" heç kimə məxsus olmayan tor­paq sahələrində aparılmalı idi.

Göründüyü kimi, xüsusi mülkiyyətin formalaşması mürək­kəb proses olsa da, dövlət əmlakının oğurlanması və ya havayı mənimsənilməsi hesabına baş verməsinin qarşısı alınırdı.

Qədim Misirdə iqtisadi fikir tarixində əsas yeri mərkəzi dövlət idarəçiliyi, əyan mülkiyyətinin əmələ gəlməsi tutsa da, lakin burada dövlət təsərrüfatının idarə olunma sistemi, onun istehsal vasitələri və iş qüvvəsi ilə, işçilərin ərzaq məhsulları ilə təmin olunması, məhsuldar torpaq sahələrindən istifadə olunması, dövlət əmlakının mənimsənilməsinin qarşısının alınması qaydaları da göstərilir.

Qeyd etmək lazımdır ki, əmtəə-pul münasibətlərinin inki­şafı ilə, xüsusən Qədim, Orta hökmdarlıq dövründən fərqli ola­raq, Yeni hökmdarlıq dövründə qul və ondan istifadə etmə fi­kirləri geniş yer tuturdu.

Təsərrüfatın natural xarakter daşıması ticarət, mal müba­diləsi, əsasən daşınan və daşınmaz əmlaka görə, eləcə də sərəncamda olan qullara görə aparılırdı. Eyni zamanda ekvi­valent mal mübadiləsi üçün əsas yeri ilkin olaraq, buğda, daha sonralar mis və gümüş tutmağa başlamışdır.

Əmtəə-pul münasibətlərinin, eləcə də quldarlığın inkişafı, mal mübadiləsində müddətli qulların borc verilməsi üstünlük təşkil etməyə başlamışdır. Qul əməyindən borcların verilməsi və alınmasından istifadə tədricən sələmçiliyin meydana gəl­məsinə səbəb olmuşdur. Qul əməyinə görə sahibinə olan aylıq haqqın verilməsi çox hallarda qulun qiymətinə yaxın olurdu. Sələmçilik natural təsərrüfatın xüsusiyyətlərindən biri kimi nəinki xüsusi mülkiyyətin, eləcə də mərkəzi dövlət təsərrüfatı­nın inkişafını ləngidirdi. Çünki sələmin verilməməsi çox hal­larda vətəndaş müharibələrinə gətirib çıxarırdı.

Bütün qeyd olunanları yekunlaşdırıb demək olar ki, Qə­dim Misirdə iqtisadi fikir dövlət təsərrüfatının təşkili və idarə olunması sahəsində bir çox məsələlər öz əksini tapmışdır. Əhalinin yaşına, işinə görə siyahıya alınması, məhsuldar tor­paq sahələrinin hesabatının aparılması, torpaqların kadastrının müəyyən edilməsi, mərkəzi dövlət təsərrüfatçılığının inkişa­fında mühüm rol oynayırdı. Bundan əlavə irriqasiya işlərinin aparılması, müxtəlif mədəni abidələrin tikilməsi, mürəkkəb süvarma sisteminin aparılması, bəşəriyyətə möcüzə kimi görünən müxtəlif təyinatlı qurğuların hazırlanması, Piramidala­rın, ehramlarının tikilməsi əmək resurslarından məqsədyönlü istifadəsini əks etdirir. Həmçinin vəzifəyə görə əmlaka sahib olma, xüsusi mülkiyyətin əmələ gəlməsi və ona nəzarət qay­daları müəyyən olunmuşdur.

Eyni zamanda dövlət təsərrüfatının yüksək səviyyədə mərkəzləşməsi, nəinki xüsusi mülkiyyəti, eləcə də əmtəə-pul münasibətlərinin inkişafını ləngitmişdir (əmək resurslarının bölgüsü, onlardan çevik istifadə olunması). Əgər Qədim Misir iqtisadi fikrinə xüsusi diqqət verilirsə, lakin qul əməyinin təşkili və istifadə olunmasına bir o qədər əhəmiyyət verilməmişdir.

Qədim Misirdən sonra Şərq dünyasında iqtisadi fikrin geniş yayılmış ölkələrindən Qədim Şumeri, Babilistanı və ya Mesopotamiyanı qeyd etmək olar.

Yaxın Şərqdə meydana gələn xırda dövlətlər, daima öz aralarında ciddi çəkişmələrə məruz qaldığından təsərrüfat qu­ruculuğunda böyük nailiyyətlər əldə edə bilmirdilər. Qədim Mi­sirdən fərqli olaraq, bu ölkələrdə mərkəzləşmiş dövlət idarə­etmə mexanizmi möhkəm deyildi. Çünki Qədim Şumerdə şə­hər-dövlətlərin (Kiş, Eredu, Laqoin, Ur və s.) meydana gəl­məsi, burada əsas iqtisadi fikir, əkinçilik şəraiti, irriqasiya işlə­rinin aparılması, su təchizatı, kanalların təmizəlnməsi və s. bağlı meydana gəlmişdi. Xüsusilə bu istiqamətdə ictimai əməkdən istifadə olunması sayəsində, bol məhsulun əldə olunmasına və onun da hakim sinfin əlində cəmlənməsinə sə­bəb olurdu.

Qədim Şumerdə e. ə. III minillikdə icma icma-məbədlərə məxsus mülkiyyətin üstün rola malik olması, yaradılan bütün nemətlərin burada cəmlənməsinə səbəb olurdu. Bu da təd­ricən məbədlərin torpaq sahələrinin icma torpaqlarından ay­rılmasına və onun sənətkarlıq mərkəzinə, irriqasiya işlərini aparan təşkilata çevirdi.

Məbəd torpaqları üç hissədən ibarət olurdu. Bir hissəni qullar becərib, əldə olunan gəlir məbədlərin ehtiyaclarının ödənilməsinə yönəldilirdi. İkinci hissə xidmət payları kimi, məbədin vəzifə adamlarına xidmət edənlərə verilirdi. Üçüncü hissə, çox da böyük olmayan məbləğdə, əldə olunan məhsulun beşdə bir hissəsindən çox olmayaraq icarəyə verilirdi.

Dövlət hakimiyyətinin möhkəmlənməsi, yararlı torpaq sahələrinin möhdudluğu, Qədim Şumerdə təsərrüfatçılıq hesa­batlarının aparılması zəruri qaydaya çevrilmişdi.

Dövlət təsərrüfatında iş qüvvəsinin və istehsal vasitələri­nin dəqiq uçotunun aparılması ilə yanaşı, eyni zamanda tor­paqların kadastrının, becərilən torpaqların keyfiyyətinin və yer quruluşunun uçotu aparılırdı. Həmçinin mərkəzi və yerli an­barlarda saxlanılan maddi resursların da aylıq və illik uçotu aparılırdı.

Qeyd etmək lazımdır ki, Qədim Şumerdə dövlət təsərrü­fatının möhkəmləməsi, onun ölkənin iqtisadi həyatına olan müdaxiləsi də güclənirdi. Belə ki, istehsalçıların fəaliyyətinə bilavasitə dövlət həm nəzarət edirdi, həm də onların davra­nışlarını reqlamentləşdirirdi.

Dövlətin təsərrüfatçılıq fəaliyyətindəki müdaxiləsi öz klas­sik formasını Qədim Babilistan çarlığının timsalında (e.ə. XIX -XYI əsr) tapmışdır.

Məbəd torpaq sahələrinin qulluqda olanlara verilməsi, hökmdar adamlarına paylanması Babilistanda xüsusi mülkiyyətin möhkəmlənməsinə, icarə münasibətlərinin güc­lənməsinə səbəb olmuşdur. Bundan əlavə sələmçiliyin geniş yayılması, torpaq sahələrinin bir qrup adamların əlində cəm­,lənməsi, əhali kütləsinin bir qisminin tam var-yoxdan çıxma­sına, borclu düşməsinə, hətta kölə, qul vəziyyətinə düşməsinə səbəb olurdu.

Beləliklə, cəmiyyətdə adamların biri-birindən əsaslandı­rılmayan aslılığı sürətlənirdi. Dövlət mövcud vəziyyətlə, xüsusi hüquqi münasibətlərin qorunması ilə bağlı, o cümlədən sələm­çilərdən asılılığı zəiflətmək məqsədi ilə yeni qaydaların müəyyən olunması prinsiplərini formalaşdırırdı. İqtisadi fikir nöqteyi-nəzərincə ən maraqlı qanunları hökmdar Xammurap­pinin (e.ə. 1792 - 1750) verdiyi qanunları hesab etmək olar. Hökmdar Xammurappi nəinki Qədim Mesopotamiyada fəa­liyyət göstərən qanunları təkmilləşdirdi, eyni zamanda cəmiy­yətin sosial-iqtisadi inkişafına səbəb olan bir sıra qanunlar da qəbul etdi. Onun 282 bənddən, giriş və nəticədən ibarət olan qanunlar məcəlləsi ölkənin idarə olunmasında, təsərrüfat hə­yatının, insanların, davranış qaydalarının müəyyən hüquqi sistemini müəyyən etmişdir.7

Babilistan vətəndaşlarının iri mülkiyyətlərin qorunması, icarə, ticarətin aparılması, sələmçilik, muzdla işləməklə bağlı verilən qanunlarını iqtisadi fikir sahəsində edilən mütərəqqi irəliləyiş kimi qəbul etmək olar. Bütün qanunların əsas hissə­sini "güclülərin zəifləri sıxışdırmaması" prinsipindən ibarət idi. Bundan əlavə dövlət məmurlarının, Babilistan vətəndaşlarının, ordu əsgərlərinin mülkiyyətlərinin qorunmasına üstünlük veril­məklə yanaşı məbəd mülkiyyətinin də qorunmasına xüsusi diqqət yetirilirdi. Xammurappinin qanunlarında onların torpaq sahələrinin, evlərinin, bağlarının gümüşə satılması qadağan edilirdi.

Sələmçiliyə qarşı yönəldilən Xammurappinin qanunla­rında göstərilirdi ki, borcun ödənilməsi mümkün olmadıqda, əlavə faiz verməmək şərti ilə onun müddətinin bir ildə uza­dıl­masına icazə verilirdi. Digər tərəfdən borclunun icazəsi ol­ma­dan sələmçinin onun taxılının borcun əvəzinə götürülməsini qadağan edirdi. Xammurappinin qanunlarında sələmin həddi ciddi şəkildə müəyyən edilmişdi. Pul formasında sələmin həddi 20 %-dən natural formada isə 33 %-dən çox ola bil­məzdi. Maraqlı cəhətlərdən biri kimi qeyd edilməlidir ki, Xam­murappinin qanunlarında sələmçilərin borclularla pis rəftar et­dikdə onların cəzalandırılması da göstərilirdi. Sələmçiliyin ge­niş yayılmasının qarşısını almaq məqsədi ilə əlaqədar qul borc verilməsi müddəti üç illə məhdudlaşdırılırdı.

Qanunda göstərilirdi ki, əgər qul sahibi borclunun arva­dını, oğlunu, qızını, borc əvəzinə satırsa, onda onlar sahiblə­rinə qulluq etməli, tapşırıqlarını yerinə yetirməli və üç il müddət başa çatdıqdan sonra, onları azadlığa buraxmalıdırlar.

Xammurappinin qanunları üç əhali kateqoriyasını, tam hüquqlu azad vətəndaşları, tam hüququ olmayan azad adam­ları və qulları nəzərə almaqla tərtib edilmişdir.

Ümumiyyətlə, hökmdar Xammurappinin qanunları, bir tə­rəfdən dövlətin təsərrüfatın tənzimlənməsi ilə, digər tərəfdən isə müxtəlif əhali qrupunun iqtisadi fəaliyyətlərinin nəzarətdə saxlanılması ilə səciyyələnirdi.

Qədim Babilistanda iqtisadi fikri, əsasən dövlətin təsər­rüfata nəzarəti, xüsusi mülkiyyətin qorunması, sələmçiliyin həddinin müəyyən edilməsi, borc ödənişlərinin yerinə yetiril­məsi, muzdlu əməkdən istifadə olunması ilə bağlı olmuşdur.

Beləliklə, hökmdar Xammurappinin qanunları Yaxın Şərq­də iqtisadi və hüquqi fikrin inkişafına təsir göstərmiş, beləliklə də Qədim dövrdə Yaxın Şərq dövlətlərində təsərrüfatçılığın digər sahələrində, xüsusən heyvandarlıqla, sənətkarlıqla, tica­rətlə bağlı iqtisadi fikirlərin meydana gəlməsinə səbəb olmuş­dur.


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin