§ 2. İQTİSADİ TƏLİMLƏR TARİXİNİN METODU
İqtisadi təlimlər tarixinin öyrənilməsinin metodoloji əsasını yeni iqtisadi nəzəriyyələrin mahiyyətinin daha dərindən mənimsənilməsi üçün keçmiş nəzəriyyələrin öyrənilməsi dialektikası təşkil edir. "İqtisadi təlimlər tarixi" dialektik metod vasitəsi ilə iqtisadi nəzəriyyənin inkişaf mərhələlərinin mahiyyətini əks etdirməklə onun mövcud şəraitlə həyata keçirilməsi imkanlarının mümkünlüyünü və üstünlüklərini əks etdirir. Çünki hər bir yeni "İqtisadi nəzəriyyə" dünənki problemlərin çatışmazlıqlarının aradan qaldırılmasından irəli gəlmişdir. Ona görə də hər yeni yaranan nəzəriyyə, keçmiş nəzəriyyələrdən irəli gələrək bəşəriyyətin dinamik və təkamüllü inkişaf yolunu əks etdirir. Təkamüllü iqtisadi inkişaf yolu bir tərəfdən ən mütərəqqi ideyaları tətbiq etməklə onların həyatiliyini göstərir, digər tərəfdən onlardan irəli gələn çatışmazlıqları üzə çıxarır. Eyni zamanda istifadə olunmayan alternativ ideyaların meydana gəlməsinə səbəb olur. Tərəqqi isə alternativ ideyaların bir nəzəriyyədə birləşdirilməsi ilə deyil, onların hər birinin ayrılıqda tətbiqi və onların ən ümumi cəhətlərinin sintezləşdirilməsi vasitəsi ilə meydana gəlir. Deməli, iqtisadi təlimlər tarixində təhlil və sintez metodu xüsusi yer tutur.
Əgər XIX əsrin sonu XX əsrin 90-cı illərinə qədər iqtisad elmi, o cümlədən "iqtisadi nəzəriyyə" və "iqtisadi təlimlər tarixi" iki barışmaz "kapitalizm" və "sosializm" mövqeyindən öyrənilirdisə, artıq buna son qoyulmuşdur. XX əsrin sonu və XXI əsrin ilk illərində artıq iqtisadi təfəkkürlər bir mövqedən, müxtəlif milli mənafeylər baxımından öyrənilərək, dünya iqtisadi inteqrasiya prosesini, qloballaşmanın iqtisadi səpkilərini, iqtisadi təhlükəsizlik problemlərini, kommersiya mənafelərini ön plana çəkmişdir
Daha doğrusu, tarixi məntiqi metod istifadə edilərək iqtisadi ideyalar, təfəkkürlər insan potensialının inkişafı naminə sintezləşdirilir. Ona görə də bazar iqtisadiyyatının üstünlükləri qəbul olunmaqla bəşəri tərəqqinin aparıcı iqtisadi sistemi kimi, onun liberal-sosial, sosial-demokrat modellərinə xas olan prinsiplərinin formalaşmasının əsası qoyuldu.
Beləliklə, iqtisadi fikirlər təsərrüfat həyatında həlledici rol oynamaqla, iqtisadi həyatda baş verən qanunauyğunluqların məntiqinin öyrənilməsini əsaslandırdı.
Bazar iqtisadi sisteminə xas transformasiyanın baş verməsi mümkünlüyü ideyası, eyni zamanda onun makroiqtisadi səviyyədə tənzim olunması zəruriliyi yeni tənzimlənən fikrin meydana gəlməsinə əsas verdi.
Bu hər şeydən əvvəl keçmiş və müasir iqtisadi təfəkkürlər arasında qarşılıqlı əlaqə və asılılıqların mövcudluğundan irəli gəlir. Çünki hər bir nəslin yaşadığı dövrdən asılı olaraq özünə məxsus iqtisadi fikirləri əmələ gəlir. Lakin bu fikirlər təcrid olunmuş şəkildə deyil, özündən əvvəlki nəslin mütərəqqi iqtisadi fikirlərinə əsaslanır. Öz növbəsində də bu gələcək nəsillərdə yeni iqtisadi fikirlərin meydana gəlməsinə imkan yaradır. Məhz bu da real elmi tərəqqiyə təkan verməklə, müvafiq təlim formasını almış olur.
İqtisadi təlimlər tarixi, iqtisadi nəzəriyyənin tarixi kimi bilavasitə onun əsas prinsiplərinin formalaşmasının nəzəri və metodoloji əsaslarını öyrənir.
- Sərvətin əldə olunması, maddi nemətlərin artırılması yollarının müəyyən edilməsi;
- İnsanların tarixi inkişafın ayrı-ayrı mərhələlərində tələbatlarının ödənilməsi ilə bağlı müxtəlif davranış qaydalarına əməl etməsi;
- Sərvət və nemətlərin əldə olunmasına, bölgüsünə və istifadəsinə görə, seçim imkanının əldə olunmasına görə təsərrüfat formalarının yaradılması;
- İnsanların bütövlükdə mənafeyini təmin edən və qoruyan iqtisadi sistemin yaradılması və idarə olunması;
Ümumiləşmiş şəkildə bu prinsiplərin həyata keçirilməsi ilə bağlı irəli gələn elmi-nəzəri müddəaların və iqtisadi qanunauyğunluqların hər bir iqtisadi sistemin tələbatına uyğun öyrənilməsi və onun tətbiqinin mahiyyətinin şərh olunması təlimlər tarixinin əsas məqsədlərindəndir.
"İqtisadi təlimlər tarixi"ndə irəli sürülən hər bir nəzəriyyə özünəməxsus xüsusiyyətləri ilə qiymətlidir. Çünki onların hər biri konkret tarixi dövrün reallıqlarından irəli gələn iqtisadi proseslərə əsaslanır.
İqtisadi təlimlər tarixinin mərhələlər üzrə öyrənilməsi və uyğun nəzəriyyələrin meydana gəlməsi qanunauyğunluqlarının müəyyənləşdirilməsi ayrı-ayrı ölkələrin milli iqtisadiyyatlarının formalaşması prosesindəki rolun mahiyyətinin üzə çıxarılmasına imkan verir. Eyni zamanda dünya iqtisadiyyatında gedən böyük transformasiyaların baş verməsinin zəruriliyinin şərh olunmasına imkan yaradır. Təkcə onu demək kifayətdir ki, XV-XVII əsrlərdə dünyada mövcud olan sərt inzibati-amirlik, ənənəvi iqtisadi sistemlərinə alternativ olan bazar iqtisadi sisteminin meydana gəlməsinin nəzəri və metodoloji prinsiplərini məhz "İqtisadi təlimlər tarixi" ilə və ya iqtisadi nəzəriyyənin tarixi vasitəsi ilə öyrənmək mümkün olmuşdur.
Kapitalizmin meydana gəlməsi ilə ona uyğun iqtisadi nəzəriyyələrin meydana gəlməsi, onun bazar təsərrüfatının əsasına çevrilməsi ideyalarının əmələ gəlməsi və inkişaf etdirilməsi bəşəriyyət həyatında mütərəqqi rol oynamaqla yeni bir iqtisadi sistem kimi formalaşmasına təkan verdi. Yekun olaraq bazar təsərrüfatının dövlət tərəfindən himayədarlıq yolu ilə tənzim olunması, sonra onun özü-özünü tənzimləməsi ideyasına əsaslanan sərbəst tipinin meydana gəlməsinə səbəb olmaqla, onun bir iqtisadi sistem formasına çevrilməsinə imkan verdi. Beləliklə, bazar iqtisadiyyatının sosial tənzimlənən tipləri, milli modelləri haqqında elmi mübahisələr, nəzəri ideyalar irəli sürülür.2
Ona görə də tarixi-məntiqi metod, vaxt amilinin rolunun nəzərə alınması ilə iqtisadi inkişafın bəşəri sivilizasiyanın əsasında durması prinsipinin əsas götürülməsinə təkan verdi.
"İqtisadi təlimlər tarixi" bilavasitə iqtisadi nəzəriyyənin metodoloji prinsiplərinə əsaslandığından onun əsas funksiyası da bu əsasdan formalaşır. Ona görə də iqtisadi təlimlər tarixinin əsas funksiyası iqtisadi nəzəriyyənin əsas prinsiplərinin tarixi inkişafın mərhələləri üzrə öyrənilməsindən ibarətdir. Bu əsasdan da "İqtisadi təlimlər tarixi"nin bəşəriyyətin tarixi inkişaf mərhələlərinə uyğun öyrənilməsinə cəhd edilmişdir. Bu baxımdan iqtisadi təlimlər tarixi başlıca olaraq aşağıdakı mərhələlər üzrə öyrənilmişdir:
1) Qədim dövrün iqtisadi təlimi;
2) Orta dövrdə Şərqdə və Orta Avropada iqtisadi təlimlər;
3) Bazar sisteminin qərarlaşması dövründə iqtisadi təlim;
4) Müxtəlif iqtisadi inkişaf modelləri şəraitində iqtisadi təlim;
5) Müasir və ya yüksək sənayeləşmiş dövrün iqtisadi təlimi.
İqtisadi təlimlər tarixi ilə əlaqədar bəzi xarici ədəbiyyatlarda isə iqtisadi fikrin inkişafının üç mərhələ üzrə öyrənilməsi tövsiyə edilir.3 Bunlara: 1) bazar iqtisadiyyatı mərhələsinə qədərki iqtisadi təlimlər; 2) tənzimlənməyən bazar iqtisadiyyatı mərhələsindəki iqtisadi təlimlər; 3) tənzimlənən (sosial yönümlü) bazar iqtisadiyyatı mərhələsinin iqtisadi təlimi.
Dostları ilə paylaş: |