§ 3. İSLAMDA İQTİSADİ MÜNASİBƏTLƏR SİSTEMİ
İslam iqtisadi fikrini müəyyən münasibətlər sistemi vasitəsi ilə də izah etmək olar. Buraya hər şeydən əvvəl əmlak, mülkiyyət, torpaq, icarə, ticarət, maliyyə-kredit və bank işi ilə bağlı iqtisadi münasibətlər daxildir.
İslamda əmlak və mülkiyyət münasibətləri olduqca dərin, səlis və məntiqi-elmi ardıcıllıqla, mənimsənilmə, istifadə olunma və sərəncamvermə ilə bağlı prinsiplərlə müəyyənləşdirilmişdir. Şəriət vasitəsilə tənzimlənən əmlak və mülkiyyət hüquqları həm sahibolma prinsipini, həm sərəncamvermə, həm də istifadəetmə üsulunu əsaslandırır. Halallıq çərçivəsində əmlakın əldə olunması və ondan faydalı istifadə olunması mülkiyyətdən istifadə olunması hüququ üçün çox tutarlı əsas yaratmışdır.
İnsan fəaliyyətinin müxtəlifliyi ilə bağlı olan və onlara verilən nemətlərlə biri-birilə ünsiyyətə girənlər müxtəlif əmlak və mülkə malik olurlar. İslamda əmlak və mülkiyyətə olan münasibət hər şeydən əvvəl müxtəliflik əsasında meydana gəlir. 5. Əl-Maida surəsinin 48-ci, 32. Əs-Səcdə surəsinin 18-ci, 39. Əz-Zumər surəsinin 9-cu, 41. Fussilət surəsinin 34-cü ayələrində insan fəaliyyətinin müxtəlifliyi birbaşa göstərilir.
Lakin bu fəaliyyət müxtəlifliyi ilə bağlı olan əmlak müxtəlifliyi insanların davranışında seçmə imkanları verməklə ondan faydalana bilir. Düzdür, 3. Ali-İmran surəsinin 26-cı ayəsində göstərilir ki, "(Ya Məhəmməd) De ki, Ey mülkün sahibi olan Allah. Sən mülkü istədiyin şəxsə verərək, istədiyin şəxsdən alarsan, istədiyin şəxsi yüksəldər və istədiyin şəxsi alçaldarsan".
Lakin əmlak və mülkün səviyyəsindən asılı olmayaraq insanlar öz davranışlarında ədalətli olmalı və ondan istifadə etməklə həm mənəvi, həm də maddi cəhətdən fayda götürməklə yüksəlməlidir.
Bir cəhəti qeyd etmək lazımdır ki, əmlaka görə müəyyən olunan iqtisadi münasibətlərin işlək mexanizmi, əmlak hüququ vasitəsilə tənzimlənən şəriət prinsiplərindən bilavasitə asılıdır. Eyni zamanda bu prinsipləri əsas götürməklə, konkret yerli şəraitin xüsusiyyətləri nəzərə alınır.
Yəni əmlakla və mülkiyyətlə bağlı münasibətlər bəsit və donuq şəkildə deyil, daima inkişaf, dinamika şəklində götürülür. Məhz əmlak və mülkiyyətə görə islamda insanların nəfslərinin tənzimlənməsi diqqət mərkəzində durur.
Digər tərəfdən, islamda əmlak toxunulmazlığı əsas götürülür. Əmlak toxunulmazlığı o qədər ciddi məsələdir ki, hətta böyük ehtiyac duyulan hər hansı istahsal vasitəsindən, onun sahibinin icazəsi olmadan ona toxunmaq və ya istifadə etmək olmaz. Hətta qeyri-müsəlmanlar olsa belə onun əmlakına toxunmaq islamda qəti qadağan edilir və əgər onun vasitəsi ilə nə isə hasil edilib mənimsənilibsə, haram hesab olunur. Buna görə də əmlak ilkin olaraq xüsusi mülkiyyətin ən vacib təzahürü kimi ortalığa çıxır. İslamda birmənalı olaraq mülkiyyət toxunulmazlığı elan olunur və onun faydalı istifadə olunması təmin olunur. Şəxsi mənafeyin reallaşması əgər ilkin olaraq nəzərdə tutulursa, lakin onun cəmiyyət mənafeyinə uyğun olaraq istiqamət alması vacib cəhət kimi qeyd olunur. İnsan fəaliyyətinin hər cür fərdiçilikdən uzaqlaşdırılıb ictimai xarakter alması, cəmiyyətin dünyəvi inkişafının təmin olunması, humanizm prinsiplərinə yiyələnməsi əsasında formalaşması meydana çıxacaq hər hansı bir iqtisadi münasibətin əsasının təşkil olunmasına üstünlük verir.
İnsanların istək və arzularından, əqidəsindən asılı olmayaraq malik olduğu mülkiyyət, ona sahibolma və istifadəsinə görə əmələ gələn münasibətlər islamda şəriət qanunları ilə möhkəmləndirilir. İslam iqtisadiyyatında əmlak və mülkiyyətdən istifadə hüququ sərbəst xarakter daşıyır. Burada dövlətin rolu müşahidəçilikdən ibarətdir. Yalnız dövlət cəmiyyətin ehtiyacını ödəmək məqsədilə müşahidə vasitəsilə insanların xüsusi mülkiyyətinə (mal ibadətinə, xüsusən zəkatın, xümsün, xəracın verilməsinə) nəzarət edir.
Dünyada ən demokratik, ən bəyənilən prinsiplərdən hesab olunan müsəlman bölgü sistemi, əmlak və mülkiyyətlə bağlı meydana gələn münasibətlərin konkretləşməsinə çox ciddi və düzgün təsir göstərir.
Belə ki, əmlakın bölgüsü islamda vərəsəlik hüququ vasitəsilə çox dəqiq həyata keçirilir. Bu, bir tərəfdən onunla bağlı olanların hamısının mənafeyinin qorunması, eləcə də ondan istifadə olunması ilə əlaqədardır. Burada hüquqi və iqtisadi münasibətlər qovuşaraq mənəvi, əxlaqi və sosial münasibətlərin inkişaf etməsinə səbəb olur. Yəni külli miqdar var-dövlət yığmağın həm aqibəti aydın olur, həm də onun çoxlarının sərəncamına daxil olma prosesinin zəruriliyi qeyd olunur.
Mülkiyyətin, eləcə də əmlakın formalaşması əsasında faydalı fəaliyyətin, həmçinin əmək sərfinin vacib cəhət kimi üstünlüyə malik olması əsas şərt kimi çıxış edir. Hətta ərlə arvadın əmlak hüququnda bu olduqca çox incə şəkildə nəzərdə tutulur. Əgər qadına verilmiş cehiz, zinət şeyləri və ya əmlak xarakterli digər vasitələr, eləcə də torpaq sahəsi, bina və s. bilavasitə onun sərəncamındadırsa, onda bunlardan istifadə olunma istiqamətini o, özü müəyyənləşdirir. Könüllü olaraq o, öz sərəncam vermək və istifadə etmək hüququnu ərinə verə bilər. Şəriətdə istər əmlakdan, istərsə də mülkiyyətdən zorla istifadə etmək tamamilə qadağan edilir. Hətta ən sadə görünən hər hansı bir əşyanın və ya məmulatdan sahibinin icazəsi olmadan istifadə etmək ən böyük qəbahət hesab olunur. Digər tərəfdən, bütün əmlak və mülkiyyətdən istifadə olunmaq məcburiyyəti mövcud vergi üsulları ilə, xüsusilə xüms vasitəsilə tənzimlənir. Əmlaka sahibolma, faydalı istifadəetmə, islamda mülkiyyətin əsas aparıcı forması olan xüsusi mülkiyyətin üstün rolu və daha səmərəli olması üçün dövlət mülkiyyətinin və vəqflər yolu ilə əmələ gələn ictimai təyinatlı mülkiyyətin formalaşmasına da geniş imkanlar yaranır.
İslam təlimində xüsusi mülkiyyətin iqtisadi əsası hər cür əmlaka və istehsal vasitələrinə sahibolma prinsipi ilə müəyyən olunur. Ona görə də xüsusi mülkiyyətin əmələ gəlməsi hamı üçün mümkün şəkil alır və mövcud cəmiyyət daxilində hökm sürən müxtəlif adət-ənənələrlə bağlı, şəriətdən kənar qoyulmuş qanunlarla onun səviyyəsi və ya miqyası müxtəlif olur.
İslam dünyasında torpaq və ondan istifadə olunması məsələsinə olduqca zəruri, toxunulmaz və müqəddəs bir nemət kimi baxılır. Bir tərəfdən torpaq, yalnız Ulu Yaradanın mülkiyyəti kimi qəbul edilir, digər tərəfdən ona təsərrüfat obyekti kimi sahibolma prinsipləri müəyyənləşdirilir. Mütləq mənada torpaq Allahındır. Lakin istifadəsinə, sahibolmasına, sərəncamverməsinə görə torpaq nisbi mənada mülkiyyət obyektinə çevrilir.
Torpaq və ondan istifadə, onun insan həyatında, davranışında, fəaliyyətində oynadığı müstəsan rol barədə Qurani-Kərimin 7. Əl-Əraf surəsinin 10-cu, 12. Yusif surəsinin 105-ci, 13. Ər-Rəd surəsinin 4-cü, 20. Ta ha surəsinin 53-55-ci. 77. Əl-Mursəlat surəsinin 25; 26; 79. Ən Naziat surəsinin 30, 31-ci; 80. Əbəsə surəsinin 24-32-ci ayələrindən çox asanlıqla faydalanmaq olar. Bu ayələrdə yer üzünün insan naminə döşənilməsi, onun sulanması, müxtəlif dənli, bitkili və meyvələrlə dolu sahələrin, tarlaların və bağların yaradılması, otlaqların və bitkilərin insanların sərəncamına verilməsi göstərilir.
Yer üzünün torpaq rəmzində müqəddəsləşməsi, onun insan həyatının əzəli və axirət məkanına çevrilməsilə, hər cür sərvət və nemətin ilkin toplayıcı amili olması ilə, eyni zamanda onun "insanların anası olması" ilə bağlıdır. Həzrəti Peyğəmbər (s.ə.s.) buyurmuşdur: "Yer üzünü məsh edin, o, sizə xeyirdir, bərəkətdir". Başqa hədislərdə Peyğəmbər (s.ə.s.) torpağı insanın anası (yəni onu yedirdən, içirdən, qidalandıran), insanı isə onun atası adlandırmışdır. Həzrəti Əliyə (ə.s.) "Əbu Turəb torpaq atası" deyə müraciət edərək, ona bu küniyyəni vermişdir.
Torpaq sahələrindən istifadə olunması, onların yararlı vəziyyətə salınması, əldə olunan məhsulun razılaşdırılmış sazişə görə bölgüsü kənd təsərrüfatının inkişafına səbəb olan mühüm amillərdəndir.
Göstərmək lazımdır ki, torpağın ərzaq məhsulları əldə olunmasındakı həlledici rolu nəzərə alınaraq, onların məhsuldarlığı, suvarılması, vergiyə cəlb olunması nöqteyi-nəzərincə, şəriətdə onların kateqoriyalara bölünməsi əsaslandırılmışdır. Peyğəmbərin (s.ə.s.) sağlığında və onun vəfatından sonrakı dövrlərdə hökmranlıq etmiş dörd Rəşidi xəlifələrinin - Həzrəti Əbubəkrin, Həzrəti Ömər ibn Əl Xəttabın, Həzrəti Osman ibn Əffanın və Həzrəti Əli ibn Əbutalibin dövrlərində torpaq əsasən dörd kateqoriyaya bölünmüşdür.
Birinci kateqoriyaya əkin üçün yararlı olan torpaq sahələri aid edilir. İkinci kateqoriyaya torpaqdan istifadəyə görə hüququnu qoruyub saxlamaq naminə islamı qəbul etmiş şəxslərin torpaqları daxildir. Üçüncü kateqoriya döyüşlər zamanı ilhaq edilmiş torpaqlardır. Dördüncüsü, xərac vergisi alınan torpaqlardır. Torpaqların hər dörd kateqoriyası üçün onların yararlı vəziyyətə salınması, faydalı istifadəyə cəlb olunması, icarəyə verilməsi zərurəti mövcuddur.
İslamda həm vaxtı ilə əkilib-becərilmiş, sonralar satılmış torpaqların, həm də tam yararsız olan və heç kimin istifadəsində olmayan torpaqların istehsal dövriyyəsinə cəlb edilməsi zəruriliyi qeyd edilir. Bu torpaqlar "ölü torpaqlar", "yararsız torpaqlar" adlandırılsa da, lakin onların istifadəyə və yararlı vəziyyətə salınması vacibliyi qeyd olunur. Belə torpaqların, islamda yararlı vəziyyətə salınması çox qiymətləndirilir. Burada torpağın həm yararsız vəziyyəti, həm də yaşayan əhalinin ictimai vəziyyəti üçün daşıdığı əhəmiyyət nəzərdə tutulur. Gələcəkdə kənd salmaq, biçənəklər, otlaqlar kimi istifadə oluna bilməsi zəruriliyi və s. ehtiyacların ödənilməsi müstəsna əhəmiyyət daşıyacaqsa, belə torpaqlardan istənilən şəxsin, aparıcı din xadimlərinin icazəsi ilə istifadə etmək hüququ vardır.
Yararsız torpağı yararlı vəziyyətə salan, torpağın mülkiyyətçisinə çevrilir. Lakin Ərəb dünyasında torpağın məhsuldarlığı, yararlığı və suvarılmasına görə vəziyyəti olduqca məhdud olduğu üçün bütün torpaqlara nəzarət edilir və onlardan səmərəli istifadə olunması diqqət mərkəzində saxlanılır. Torpaq Allahındır. O, torpağı öz bəndələrinə dolanacaq vasitəsi kimi bəxş edir. Burada 7. Əl-Əraf surəsinin 10-cu "Sizi yer üzündə yerləşdirdik və orada sizə dolanacaq vasitələri yaratdıq. Siz isə olduqca az şükr edənlərsiz" ayəsi əsas götürülür.
Torpaq sahələrindən istifadə etmək və ehtiyacı ödəmək islamda, şəriətin müəyyən etdiyi qaydalar əsasında ya ali din xadimləri və ya dövlət başçıları tərəfindən icra edilərək həyata keçirilir. Çünki yararsız torpaqlar olsa belə onun üzərində mülkiyyət hüququnun bərqərar olması üçün dini hökm vacib şərtdir. Həm də belə vəziyyət torpağa görə özbaşınalıqların, çəkişmələrin, müxtəlif mənşəli savaşların son qoyulmasına səbəb olur.
İslam iqtisadi prinsiplərinə görə, əmlakdan tutmuş, ev əşyalarına qədər, torpaq sahəsindən tutumuş ev heyvanlarına qədər nə varsa, hamısının icarəyə verilməsi məqbul hesab olunur. Burada iki xüsusiyyət nəzərə alınmalıdır.
Birincisi, əmlakın və ya mülkiyyətin konkret sahibi olsun, ikincisi, qarşılıqlı razılaşma və anlaşma olsun. Hər iki şəraitdə qarşılıqlı faydalanma prinsipi əsas götürülür. Əgər tərəflərin hər biri belə şəraitdə faydalanmazsa, onda icarə məqbul hesab olunmur. Bu məsələnin qoyuluşunun birinci aktı ilə bağlıdır. Əgər tərəflər bir-birinin faydalana biləcək imkanlarının məhdudluğunu və ya yoxluğunu əvvəlcədən bilib, icarə münasibətinə girirlərsə, o, batil hesab olunur. Lakin əgər istifadə olunma şəraitində əmlakdan, heyvanlardan və s. yaxşı istifadə olunmayıbsa, o halda o icarə haqqını ödəməlidir. Çünki sazişin və ya müqavilənin bağlanması ağıllı, sağlam düşüncəli adamlar arasında aparıldığından risk etmək dərəcəsi nəzərdə tutulur.
İcarə və onunla bağlı iqtisadi münasibətlərin baş verməsi, bilavasitə əmlakdan, istehsal vasitələrindən, torpaq sahələrindən səmərəli və faydalanma əsasında baş verməlidir. Özü də belə şəraitdə aparılan hər hansı bir iqtisadi münasibət qarşılıqlı razılaşmaya, müqaviləyə əsaslanır. Əgər bir kəs evini, mağazasını, malını icarəyə versə, belə şəraitdə mütləq ondan konkret istifadə edən bilinməlidir. Konkret şəxs bilindikdən sonra həmin şəxs öz icarədar hüququnu başqasına verə bilməz. Çünki burada əsas razılaşan tərəflərdən biri mülkün sahibidir, o da yeni müqavilənin aparılmasında iştirak etməlidir. Əgər mülkü icarəyə götürən şəxs sahibin razılığını alandan sonra onu başqa şəxsə icarəyə verərsə, o, müəyyən təmir işləri aparmalı və ya onun fəaliyyət dairəsini dəyişməlidir. Yəni mənzil kirayə edilib bir il ərzində istifadə olunmalıydısa, lakin ondan dərzi sexi kimi istifadə ediləcəksə, orada müəyyən əlavə xərclər çəkilməlidir. Əlavə xərcin çəkilməsi ilə əlavə qazancın əldə olunmasına nail olmaq olar. İslamda icarənin əsas məqsədi onun sahibinin fəaliyyət göstərməsi məhdudiyyətləri ilə onu başqasının sərəncamına verməklə əlavə gəlir, qazanc əldə etməkdir. Mülk sahibi mülkün istifadə olunmasına görə, icarədar və ya işgüzar şəxs isə fəaliyyətinə görə yaradılan əlavə gəlirdən pay almaq hüququna malik olurlar.
Ticarətin və pulun islam iqtisadiyyatında oynadığı rolun əhəmiyyəti barədə danışmağa xüsusi ehtiyac yoxdur. Ticarət mürəkkəb bir mexanizm kimi müxtəlif adamların, ölkələrin qarşılıqlı əlaqəyə girməsinə səbəb olur. O, islam dini-mənəvi dəyərlərinin yayılmasının ən mühüm üsulu olmaqla yanaşı, islam iqtisadiyyatının inkişafının mühüm mənbəyidir. Ticarəti yalnız alqı-satqı obyekti kimi qəbul etmək səhv olardı. Çünki ticarət bir tərəfdən əmək bölgüsünə, xüsusi mülkiyyətə əsaslanırdısa, digər tərəfdən ixtisaslaşmanın dərinləşməsinə, sahibkarlıq fəaliyyətinin əmələ gəlməsinə səbəb olurdu. Ona görə də ticarət şəbəkələrinin genişləndiyi bir şəraitdə onun ixtisaslaşma sayəsində əldə edə biləcəyi böyük nailiyyətə xüsusi diqqət yetirmək lazımdır. Çünki ixtisaslaşma həm məhsuldarlığı, həm də gəliri artıran prosesdir.
Təsadüfi deyildir ki, XYIII əsrdən başlayaraq Qərb ölkələrinin sürətli iqtisadi inkişafa nail olmaları məhz müəyyən fəaliyyət sferasında ixtisaslaşmalar hesabına baş vermişdir. Məhsuldar fəaliyyət istənilən məhdud görünən məhsulların əldə olunmasına səbəb olmuşdur. Eyni zamanda müxtəlif peşə sahiblərinin müəyyən vəzifənin həyata keçirilməsindən ötrü birləşməsinə şərait yaratmış, müxtəlif yenilik əmələ gətirmiş, bir qisim adamı əmək bölgüsünün yaxşı təşkilatçısına çevirmişdir. Əmək bölgüsü adamların xüsusi keyfiyyətini (yeniliklik yaratmaq və təşkilatçılıq bacarıqlarını) üzə çıxararaq, onların yeni görünən mövqelərinin möhkəmlənməsinə səbəb olur. Adamların üzə çıxan qabiliyyətləri mövcud sfera daxilində tətbiq olunma imkanları tapıldıqca inkişaf etmişdir. Qərb ölkələri buna nail olmuş və dünyanın inkişaf etməkdə olan ölkələri də bu təcrübədən istifadə edə bilmişlər. Lakin müsəlman Şərq ölkələrində yenilikçiliyin, təşkilatçılığın və təşəbbüskarlığın tətbiq dairəsi daima məhdudlaşdırılmışdır. Ona görə də müsəlman ölkələrində ticarət ona xas olan inkişaf meylini üzə çıxara bilməmişdir. Ticarət indinin özündə yalnız alğı-satqı kimi qəbul olunur. Halbuki onun daxili gücü yenilikçilik, təşkilatçılıq, təşəbbüskarlıq qabiliyyəti ilə bağlıdır. Sahibkarlıq fəaliyyətinin əsas elementlərinin tətbiq dairəsi olmadıqda, o ixtisaslaşmanı nəinki dərinləşdirir, əksinə onun ətalətli xarakter almasına səbəb olur.
İqtisadiyyatda ixtisaslaşmanın rolunun nəzərə alınmaması ləng inkişafı əsaslandırır, istehsalın səmərəliliyini azaldır. Aydındır ki, zəif inkişaf edən və geridə qalan ölkələrdə birdən-birə yüksək ixtisaslaşmaya keçidin tətbiq olunması heç də istənilən nəticəni verməz. Çünki ixtisaslaşma prosesi adamların ümumi intellektual, mədəni-texniki səviyyəsindən asılıdır. Əgər geridə qalmış ölkələr də avtomobilin idarə olunmasından ötrü kompüter mikrosxemini öyrənirsə, bu, onun heç də neft emalı zavodunda kompüterdə işləyən operator kimi ixtisaslaşması demək deyildir. Çünki peşələrin özü illər ərzində formalaşır.
Təsərrüfat insan cəmiyyətinin, adamların fəaliyyətinin ayrılmaz hissəsi olub, meydana gəldiyi gündən əmək bölgüsünün dərinləşməsinə səbəb olmuşdur. Lakin ticarət islam sivilizasiyasının meydana gəlməsində və formalaşmasında müstəsna rol oynamışdır. Ona görə də təsərrüfat fəaliyyətinin mühüm hissəsi olan ticarət, islam iqtisadiyyatında mərkəzi yerlərdən birini tutur. İslamın meydana gəlməsi və formalaşması bilavasitə ticarət əlaqələrinin fasiləsiz olaraq getdiyi dövrə təsadüf edir. Ticarət və onunla bağlı məsələlər islamda çox incə şəkildə öz şərhini tapmış məşğuliyyət formasıdır. Lap keçmiş zamanlardan tutmuş, indiyə qədər Şərq dünyasını ticarətsiz təsəvvür etmək olmur. Bu baxımdan müsəlman dünyasında bazar anlayışı, alğı-satqı kimi görünən və ticarət əlaqələrinin getdiyi məkan kimi nəzərdə tutulur. Təsadüfi deyildir ki, indinin özündə də bazar sistemi çox vaxt sırf ticarətlə bağlı olan təsərrüfat məkanı kimi qəbul edilir.
Digər tərəfdən, Həzrəti Məhəmməd (s.ə.s.) gənc yaşlarından başlayaraq Peyğəmbərlik dövrünə qədər ticarətlə məşğul olduğundan müsəlman dünyasında ticarət seçilən peşələrdən hesab olunurdu. Mövhumatın geniş yayıldığı dövrlərdə islam aləmində elə hesab olunurdu ki, müsəlmanın yalnız dini işlərlə və ticarətlə məşğul olması daha faydalıdır. Halbuki Peyğəmbər (səs) buyurmuşdur: "Mənə mal toplamaq və tacir olmaq vəhy edilmədi. Mənə Rəbbinin şənini yay, səcdə edənlərdən ol və (ona) qulluq et" əmr edilmişdir.
Göstərmək lazımdır ki, ilkin olaraq Şərq mədəniyyəti Avropaya məhz ərəb tacirləri vasitəsilə yayılmağa başlamışdır ki, bu da xilafətin 710-cu ilindən başlayaraq İspaniya və Siciliyaya daxil olub və orada tədrici olaraq müsəlmanlığın yayıldığı dövrə təsadüf edir. X əsrə qədər Qərbi Avropa ölkələri ilə o qədər də böyük olmayan ticarət əlaqələri mövcud idisə,lakin bu dövrdə Fatimilərin hakimiyyət başına gələrək 969-cu ildə Misiri ələ keçirmələri ilə onun həcmi, xüsusən İtaliya ilə ticarət əlaqələri xeyli genişləndi. Orta əsrlərdə Qərbi Avropa ilə müsəlman dünyası arasındakı ticarət əlaqələrində əsas yeri (bəzi tədqiqatçılar XIX-XX əsrlərdəki müstəmləkə ticarəti ilə eyniləşdirərək göstərirlər ki, fərq yalnız ondan ibarət idi ki, Avropa müstəmləkələrin yerini əvəz edirdi) Avropa tuturdu. Avropanın idxalında müsəlman dünyasından gələn istehlak şeyləri, ixracında isə xammal və qullar üstünlük təşkil edirdi.
Xilafətin Əməvilər dövründən başlamış Abbasilər dövrü ilə birlikdə özünəməxsus maliyyə-kredit sistemi fəaliyyət göstərmişdir. Bu sistem hər şeydən əvvəl müsəlman hüquq konsepsiyasının, eləcə də şəriətin maliyyə-kredit sistemində mövcud olan fikirlə əlaqədardır. Aydın olduğu kimi, ilkin islamın meydana gəldiyi məkanın özü və aparılan əsas təsərrüfat fəaliyyəti olan ticarət istər-istəməz külli miqdar mala və ya pula olan ehtiyacı artırmışdı. Lakin islam dövlət institutu formalaşdıqca maliyyə-kredit sisteminin islam prinsipləri ilə uzlaşması və mövcud həyat tərzinə qovuşması prosesi getmişdir. Birmənalı olaraq faizin alınması və verilməsi Qurani-Kərimdə göstərilən ayələrə uyğun qadağan edilmişdir. "Allah alış-verişi halal, sələm almağı isə haram (qadağan) etmişdir..." (2., 275). "Allah sələmi məhv edər, sədəqələri isə artırar" (2.Əl-Bəqərə surəsi, ayə 2. 276). Lakin islam insan əməyinin tətbiqi ilə əldə olunan mənfəəti halal buyurur. Mənfəət o şəraitdə mənimsənilə bilinər ki, onun əldə olunmasında mübadilə və istehsal prosesi getmişdir. Göstərmək lazımdır ki, ticarətin və istehsalın genişlənməsi islamda bəyənilən mühüm istiqamət olmaqla, eyni zamanda əldə olunan pul kütləsinin yığılıb saxlanılması pislənilən cəhət kimi nəzərdə tutulmuşdur. Ona görə də islam ölkələrində ticarətin genişlənməsi, onun pul resursları ilə qovuşmasını təkidlə qarşıya qoymuşdur.
Ticarətin və pul resurslarının birləşməsi, şəriətə əsasən hər iki tərəfin qarşılıqlı razılaşması əsasında "pulun və əməyin" qovuşması baş verə bilər. Burada mübadilə prosesində iştirak edənin ixtisası, səriştəsi, işgüzarlığı əsas götürülərək, pula olan ehtiyac müəyyən edilir. Pul sahibi işgüzar şəxslə razılaşaraq birlikdə fəaliyyət göstərir. Əldə olunan mənfəətin səviyyəsi, əvvəlcədən müəyyənləşmə prinsipi əsas götürülmür. Aparılan ticarət fəaliyyətindən, mübadilə prosesindən asılı olaraq mənfəətin səviyyəsi müəyyən edilir. Ondan sonra isə qarşılıqlı razılaşma müqaviləsinə (sazişinə, siğəsinə) əsasən mənfəətin bölgüsü baş verir. Belə şəraitdə ticarətlə bağlı bütün məsrəflər nəzərə alınaraq, mənfəətin ümumi məbləğindən çıxılır.
Hər şəriatdə iqtisadi aktivlik amili kimi çıxış edən kredit münasibətləri islamda xüsusi diqqət mərkəzində saxlanılır. Bununla əlaqədar Qurani-Kərimdə deyilir: ". . . (Ya Məhəmməd) qızıl-gümüş yığıb onu Allah yolunda xərcləməyənləri şiddətli bir əzabla müjdələ!" (9. 34). Bu o deməkdir ki, qızıl və gümüş, eləcə də valyuta və kağız pulların dəfinə kimi saxlanılması günah olmaqla yanaşı, eyni zamanda onun sahibi bir sıra vacib görünən fəaliyyətini məhdudlaşdırmalı olacaqdır. Əvvəla, o, mübadilə prosesindən pul resurslarını çıxartmaqla, məcmu tələbi məhdudlaşdıracaq. İkincisi, məcmu təklifin artımı prosesinin qarşısını alacaq. Üçüncüsü, pulun xərclənməsi ilə əlavə gəliri əldə etmək mümkünlüyü olduğu halda və ondan müəyyən qədər ehtiyacı olanların mənafeyinə uyğun istifadə oluna biləcəyi halda, ondan heç nə əldə olunmur. Dördüncüsü, pul sahibi həmin vəsaitini mal ibadətinin, xüsusən zəkat, xüms verilməsinə cəlb etmir. Beləliklə, fərdi fəaliyyətlə bağlı yığım prosesi ictimai rifahı nəinki yaxşılaşdırır, əksinə onu tədricən məhdudlaşdırır. İqtisadi fəaliyyətə cəlb olunmayan pul resurslarının məbləği artdıqca cəmiyyətdə həmişə yoxsullaşma prosesi dərinləşir və xroniki hal alır.
Göstərmək lazımdırk ki, orta əsrlərdən başlayaraq müasir dövrə qədər müsəlman ölkələrində demək olar ki, pul-kredit münasibətləri şəriətin hökmünə əsasən uzun müddət dəyişilməz qalmışdır.
Lakin dünya kapitalist iqtisadiyyatının meydana gəlməsi, sivil bazar sisteminin formalaşması, beynəlxalq bazarın təşəkkülü islam pul-kredit sisteminin hərəkətə gəlməsinə səbəb oldu. Yəni müsəlman Şərqində neft-dollar mənbələrinin artması pul-kredit münasibətlərinin dinamik xarakter daşımasına təsir göstərdi. Eyni zamanda bir sıra müsəlman ölkələrində, xüsusən Misirdə, Pakistanda, Türkiyədə kapitalist iqtisadiyyatına olan meylin güclənməsi borc kapitalına olan ehtiyacın artmasına gətirib çıxardı. Lakin faizin əldə olunmasına görə qadağaların hökm sürməsi istər-istəməz ona yeni yanaşma yollarının axtarılmasına səbəb oldu.
Nəticədə bir qisim müsəlman ilahiyyatçı alimləri faizin haram olmasına yeni baxışla yanaşmağa cəhd göstərməklə, onu modernləşdirmək istəyirdilər. Digərləri isə şəriətin müəyyən etdiyi qaydalar əsasında bank sisteminin yaradılmasına cəhd göstərirdilər. İkinci istiqamət artıq öz bəhrəsini İslam İnkişaf Bankı timsalında vermişdir.
İslam bank sistemi birmənalı olaraq bu və ya digər layihənin həyata keçirilməsi üçün faizsiz kreditləşməni həyata keçirir. Bununla yanaşı, xarici ticarət əməliyyatlarını maliyyələşdirməklə əldə olunan mənfəətdə iştirak edir. İstər faizsiz kreditləşmənin aparılmasında, istərsə də mənfəətdə iştirakda əldə olunan pay əməliyyatların sonunda müəyyənləşdirilir. Bir qayda olaraq banklar daha çox ticarətlə bağlı idxal-ixrac əməliyyatlarını maliyyələşdirirlər. Burada onların əməliyyatda iştirak etməklə əldə olunan mənfəətin payı faiz kimi deyil, ticarət mənfəəti kimi görünür. İslam bankının klassik bank sistemindən fərqi onun mənfəətdən əldə etdiyi payın aparmış olduğu əməliyyatların sonunda müəyyən etməsi ilə əlaqədardır. Beləliklə də, o, əvvəlcədən müəyyən edilən faizdən, ribadan, sələmdən tam uzaqlaşa bilir.
Dostları ilə paylaş: |