§1. QƏDİM AZƏRBAYCANIN İQTİSADİ HƏYATI,
TƏSƏRRÜFAT VƏ İQTİSADİYYATI HAQQINDA
TƏSƏVVÜRLƏR
Hər bir xalqın mövcudluğunu, inkişafını, mənəviyyatını, mədəniyyətini səciyyələndirən amillərdən biri həmin xalqa məxsus olan iqtisadi fikir və ideyalardır. Xalqın iqtisadi fikri onun yaşadığı dövrün sosial-iqtisadi şəraitinin ifadəsidir. Azərbaycan xalqının həyat tərzi, rastlaşdığı problem və çətinliklər onun inkişafının nailiyyətlərini əks etdirir. Bu mənada iqtisadi gerçəklik necədirsə xalqın iqtisadi fikiri də o cür formalaşmalıdır.
Azərbaycan xalqının iqtisadi fikirləri haqqında bizə gəlib çatan ən qədim yazılı abidələrdən biri "Avesta"dır. Zərdüştiliyin (zoroastrizmin) qanunlar toplusu olan "Avesta" bizim eradan əvvəl X-VII əsrlərdə meydana gəlmişdir. Onu qeyd edək ki, Zərdüştilik üç prinsipdə ifadə olunur: birincisi, xeyirxah fikirdir; ikincisi xeyirxah söz; üçüncüsü də xeyirxah əməl.21
Bəşər həyatının Məzdə qanunları əsasında qurulması cəmiyyətdə xeyirxahlıq və ədalət qanunları əsasında qurulması deməkdir.
Azərbaycanda ilk sosial hərəkatlar olan Manihəçilik (III əsr), Məzdəkizm (V-VI əsrlər) və Xürrəmilər (VIII-X əsrlər) hərəkatlarının iqtisadi məzmunu hamı üçün mülkiyyət hüququ yaratmaq ideyası təşkil edir.
İslam dininin yaranması (VII əsr), onun qəbul olunması bütün şərq xalqlarının, o cümlədən Azərbaycan xalqının sosial-iqtisadi fikrinə öz dərin təsirini göstərmişdir.
Müsəlmanların müqəddəs kitabı olan "Qurani-Kərim" sonrakı iqtisadi fikirlərin, mütəfəkkirlərin iqtisadi baxışlarının əsas ideya mənbəyi kimi cıxış etmişdir. Torpaq üzərində mülkiyyət, ticarətə münasibət, əmək və əmlaka münasibət, vergilər, onların mahiyyəti və əhəmiyyəti və digər iqtisadi məsələlər islam ideyaları əsasında və ya ona uyğun şəkildə şərh olunmuşdur.
Azərbaycan xalqı dünya xalqları içərisində ensiklopedik məzmunlu qədim yazılı abidələri olan xalqlardan biridir. Bu baxımdan "Dədə-Qorqud" qəhrəmanlıq dastanı və oradakı iqtisadi ideyalar diqqəti cəlb edir. X əsrdə qələmə alınmış bu dastan III-VII əsrlərin real hadisələrini, böyük bir dövrün ictimai həyatını, təsərrüfat ukladını öyrənmək baxımından əvəzsiz mənbədir.
"Dədə-Qorqud" dastanının məlumatları təsdiq edir ki, Azərbaycan oğuzlarının həyatında natural mübadilə ilə bərabər pul artıq müəyyən rol oynayır. Tədavül və yığım vasitəsi kimi istifadə olunur. Məlumdur ki, elmi baxımdan iqtisadiyyat, iqtisadi münasibətlər ilk növbədə bir-biri ilə qarşılıqlı və üzvi əlaqədə olan istehsal, bölgü, mübadilə, istehlak proseslərinin məcmusudur. Bunların hamısı isə bilavasitə mülkiyyət münasibətləri, mülkiyyət formaları ilə bağlıdır, üzvi qovuşmaqdadırlar.
Onu da qeyd edək ki, "Kitabi-Dədə-Qorqud" dastanlarındakı ayrı-ayrı anlayışlardan, ifadələrdən, məs., xan, bəy, nökər məfhumlarından, bəylərin çoxlu mal-dövlətə, köç sahələrinə malik olması haqqında söz birləşmələrindən məhsul (natural) rentasının mövcudluğundan xəbər verən fikirlərdən məntiqi nəticə çıxarmaq olar ki, bəhs olunan dövrdə feodal səciyyəli sosial-iqtisadi quruluş və feodal mülkiyyəti hakim mövqedə olub. Tarixi məlumatlara görə həmin vaxt torpaq üzərində xan, bəy, iqta, mülk, vəqf, icma torpaq mülkiyyət formaları bərqərar imiş.
"Müsəlman", "məscid", "namaz", "tanrı". "nəzir", "dua", və s. islamiyyətlə bağlı anlayışlardan nəticə çıxarmaq olar ki, bəzi mülkiyyət formaları islamiyyətdən sonra meydana gəlib və fəaliyyət göstərməyə başlayıb.22
Feodal səciyyəli mülkiyyət formaları ilə bərabər, şəxsi mülkiyyət, erkən çağlarda icma-qəbilə ukladlarının da mövcud olması yəqinliyi hasil edilir.
Dastanın oğuz tayfalarının o zamankı məşğuliyyətlərindən mötəbər xəbər verilir. Orada maddi nemətlər istehsalının müxtəlif sahələri, təsərrüfat rəngarəngliyi, onların konkret strukturu, əmək bölgüsü və bunun aparıcı təmsilçisi olan ixtisaslaşma növləri aydın duyulur. Mötəbər məlumatlara görə ilk içtimai əmək bölgüsü tarixən Şərq aləmində baş verib. Bu isə vaxtı ilə cəmiyyətin, xalqların tərəqqisində bir amil olubdur.
Adam Smit özünün "Xalqların sərvətinin təbiəti və səbəbləri haqqında tədqiqat" adlı məşhur əsərində əmək bölgüsünü cəmiyyətin tarixi tərəqqisində coşqun təkanverici rola, bir katalizator mahiyyətli gücə malik olduğunu dərin elmi əsasla açıqlamışdır. Öz zamanı üçün tarixi tərəqqidə misli-bərabəri olmayan bu amilin əzəli beşiyi məhz Asiyada yaşayan tayfalar olmuşdur.
F.Engels "Ailənin, xüsusi mülkiyyətin və dövlətin mənşəyi" əsərində ilk böyük ictimai əmək bölgüsünü orada yaşayan ən qabaqcıl tayfalarda meydana gəldiyini göstərir və bunun üçünün adını çəkir. Onlardan birinin də "Turanlılar" olduğunu göstərir. Məlum olduğu kimi "Turanlılar"ın da ən öncül qollarından biri oğuzlar olub. Dədə-Qorqud dövründə isə bunlarda əmək bölgüsü və onun tərkibi zamana görə cox əhatəli olub. Bu da kənd təsərrüfatı sahəsində (o cümlədən, xüsusilə heyvandarlıqda), habelə sənətkarlıqda öz konkret ifadəsini tapıbdır. Bilavasitə, belə bir rəngarəng əmək bölgüsü ilə bağlı surətdə, o dövrün ictimai quruluşuna müvafiq olaraq kənd təsərrüfatının bəzi sahələri üstünlük təşkil etmişdir. Onların özlərində qoyunçuluğu və atçılığı xüsusi olaraq artırmaq yolu ilə qoyunçuluğu, atçılığı, dəvəçiliyi, quşçuluğu, ovçuluğu təmsil edən neçə-neçə məhsul və məmulatın adı çəkilir və bu sahələrə xüsusi diqqət verildiyi ifadə olunur. Çox təəssüflər olsun ki, o məhsulların bəzilərinin istehsalı artıq aradan çıxıbdır. Heyvandarlıqdan alınan məhsullar içərisində ən çox adı çəkilən ət, qaxac, süd, qımız, pendir, qaymaq, qatıq, ayran və b. içkilər, yoğurt, yun, keçi qılı, quş tükü, dəri və s. idi.
Onu da qeyd edək ki, ictimai əmək bölgüsü obyektiv qanununa əsasən tacir həmişə ticarətlə, yəni alqı-satqı prosesi ilə məşğul olan peşə sahibinə deyilir. Dastanlarda tacirlikdən, ticarətdən, habelə onların xüsusi geyimləri barədə xəbərlər bəyan edilir. Yaxın Şərqin çox məşhur şəhərlərindən biri olan Bərdədən keçən ticarət və karvan yolları vaxtı ilə Dərbəndi, Tiflisi, Ərdəbili, şimal, cənub və şərq ölkələri ilə birləşdirdi. Gəncə, Beyləqan, Bakı, Təbriz, Marağa kimi şəhərlər ticarət və sahibkarlıq mərkəzləri sayılırdı.
Beləliklə, iqtisadiyyata, təsərrüfat sahələrinə, sənətkarlığa, ticarətə aid yuxarıda verilən şərhlər göstərir ki, "Kitabi-Dədə Qorqud"un formalaşdığı və xüsusilə təşəkkül tapdığı bir şəraitdə maddi nemətlərin təkrar istehsalı ardıcıl olmasa da az-çox genişlənmə prosesi ilə səciyyələnir.
Dostları ilə paylaş: |