DərsliK İqtisad elmləri doktoru, professor


§3. NİZAMİ GƏNCƏVİNİN "XƏMSƏ"Sİ VƏ İQTİSADİ



Yüklə 0,6 Mb.
səhifə29/121
tarix11.03.2022
ölçüsü0,6 Mb.
#53615
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   121
referat 921

§3. NİZAMİ GƏNCƏVİNİN "XƏMSƏ"Sİ VƏ İQTİSADİ

BAXIŞLAR SİSTEMİ
Nizami Gəncəvinin iqtisadi fikrini araşdırmaq və sistemə salmaq üçün onun fikir dünyasını bütövlükdə dərk etmək, ya­şadığı ictimai-iqtisadi mühitə yaxından bələd olmaq tələb olu­nurdu. Bunun üçün nizamişünaslığa dair əsas mənbələrlə ta­nış olmadan, fəlsəfi, əxlaqi və bədii görüşlərini öyrənmədən, onun "Xəmsə" boyu sənədləş­miş iqtisadi ideya və fikirlərini araşdırmaq çətin olardı.

Hər bir dövrdə mövcud ictimai-iqtisadi münasibətlərin mahiyyəti, iqtisadi anlayışlar, kateqoriyalar və prinsipləri nə dərəcədə dərk olunub səciyyələndirilməlidir. Əmək, əmək böl­güsü mübadilə, təcrübə, qiymət, pul, sələm kapitalı və s. kimi iqtisadi anlayışlara mütəfəkkirlərin münasibəti baxışları eyni ola bilməzdi. Bu da məlumdur ki, elm aləmində heç bir şair, yazıçı, ümumiyyətlə qeyri-peşəkarlar qarşılarına heç də bila­vasitə iqtisadi fikir və ideyalar yürütmək məqsədi qoymurlar. Məsələn, Nizami, Xaqa­ni, Nəsimi, Füzuli və b. nəhəng söz mütəfəkkirlərimiz böyük poetik əsər­lər yaratmaqla dünya şöh­rəti qazanmışlar. Lakin onlar qar­şılarına bilavasitə iqtisadi fi­kirlər söyləməyi məqsəd qoyma­mışlar. Lakin bu mütəfəkkirlə­rin əksəriyyəti öz dövrünün ictimai-iqtisadi münasibətlərinə, ziddiyyətlərinə də biganə qalmamış, öz əsərlərində az və ya çox dərəcədə ictimai-iqtisadi münasibətlər öz əksini tapmışdır.

Artıq XII əsrdə Azərbaycanda iqtisadi fikir və ideyalar özünün yüksək inkişaf səviyyəsinə çatmışdır.28 N.Gəncəvi (1141-1209) əmək və sərvət haqqında mükəmməl təlim yara­dır. Bu təlimə görə əmək maddi və mənəvi sərvətləri artıran əsas mənbədir. Əmək fəaliyyətinin səmərəliliyi əməyə stimul doğuran amillərdən asılıdır. Dahi söz ustası böyük mütəfəkkir şairimiz N.Gəncəvi əməyin yüksək nətiçələr verməsi üçün hər şeydən əvvəl onun azad əmək olması ideyasını hər kəsin öz qabiliyyətinə görə işlə təmin olunması fikri, əmək adamının daima öz baçarıq və ustalığını artırması ideyalarını irəli sürmüşdür.

Dahi mütəfəkkir alimimiz N.Gəncəvi alqı-satqı prosesində bərabərlik prinsipinin gözlənilməsindən bəhs edir, tələb və təklifin əmtəələrin bazar qiymətlərinə təsirini aydın təsvir edir.

XII əsrdə N.Gəncəvi Azərbaycanda pul sistemi haqqında, ümumiyyətlə pulun sosial-iqtisadi təbiəti haqqında mükəmməl elmi fikir və təsəvvürlər yaradır.

N.Gəncəvinin "Xəmsə"sində səpələnən xüsusi forma və üsulunda ifadə edilən iqtisadi fikir və ideyalar müəyyən sistem halına salındıqda, onun cəmiyyətin ictimai-iqtisadi münasi­bətləri haqqındakı təsəvvürləri daha aydın nəzərə çarpır. Bu baxımdan onun irsinin tədqiqi göstərir ki, Nizami Gəncəvi çox zaman humanizm və demokratizmi dahi mütəfəkkirin iqtisadi ideyalarının da əsasını təşkil edir. Nizami Gəncəvi çox hal­larda əməyə, sərvətə, mübadiləyə, pula, bölgü və istehlaka öz əxlaq fəlsəfəsi mövqeyindən yanaşmışdır. Əmək və əməkçi surətləri (obrazları) demək olar ki, onun bütün əsərlərinin baş­lıca qayəsini təşkil edir.

İqtisad elmi ("İqtisadi nəzəriyyə" və onun tarixi) mövqey­indən yanaşdıqda onun iqtisadi həyat hadisələri və prosesləri haqqında irəli sürdüyü ideyalar çox mütərəqqi və öz aktual­lığını itirməyən bir sistem halında ifadə edilmişdir.

M.Ə.Rəsulzadə "Azərbaycan şairi Nizami" əsərində "Şa­irin yaşa­dı­ğımız günlər üçün son dərəcə aktual və maraqlı olub siyasi iqtisadla bağlı mülahizələri" olduğunu qeyd edir. Bu mülahizə dahi Nizaminin "İsgəndərnamə"də ruslarda quru xəz dərinin pul rolu oynaması, onun "gümüşdən daha mötəbər" sayılması fikri ilə əlaqədar verilmişdir.

Dahi mütəfəkkir şairimiz N.Gəncəvinin nəzəri-iqtisadi ideya­ları onun yaradıcılığında mühüm yerlərdən birini tutur. O, cəmiy­yə­tin ictimai-iqtisadi quruluşu, əmək, əmək bölgüsü, sərvət və onun mən­bələri, bölgü, istehlak məsələləri üzrə özünə məxsus bir tərzdə qiymət­li fikirlər irəli sürmüşdür. Onun mübadilə, ticarət, qiymət, pul və s. haqqında fikir və ideyaları haqqında baxışları iqtisadi fikir tariximizi zənginləşdirən qiy­mətli töhfədir.

N.Gəncəvinin yaşadığı cəmiyyətin ictimai ziddiyyətlərini dərin­dən qavraması, cəmiyyətdəki sosial ədalətsizliyə qarşı mübarizəsi və nəticədə cəmiyyətin yenidən qurulması üçün yollar axtarması, ideal cəmiyyət haqqındakı fikirləri ictimai-iq­tisadi fikir tariximizin ən qiymətli inciləridir.

N.Gəncəvi bir mütəfəkkir alim kimi elmin qarşısında qoy­duğu vəzifəni "Sən çalış yaxşı öyrən dünyanı, bəşəri, bitkini, daşı, heyvanı" fikri ilə şərəflə yerinə yetirmişdir.

N.Gəncəvinin "Xəmsə"sində: "Sirrlər xəzinəsi", "Xosrov və Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl" və "İsgəndərnamə" kimi böyük əsərlərində özünün dünyagörüşünü, təbiət və cə­miyyətin inkişaf qanunauyğunluqları, onların dərk edilməsinin əhəmiyyəti haqqında nəzəri fikirlərini poetik formada əks et­dirmişdir. O yazır: "Yeni tarixlərdən ziyadə Yahudi, Nəsrani (xristian) və Pəhləvi tarixini aradım...., hər dildə olan xəzinə­ləri topladım".29

Böyük mütəfəkkir şairimizin "Dünyanın ucqarlarına dağılmış kitabları, Ərəb və Dari dilində deyilmiş sözləri, Buxari və Təbərinin əlyazmalarını... müxtəlif evlərin (sarayların) xəzi­nələrində saxlanılan əsərləri topladım, öyrəndim, "nə qədər gizli və dərin elmlər vardırsa" hamısından xəbərdar oldum və varlıqların sirrini axtarmağa başladım".30

N.Gəncəvi öz yüksək bilik səviyyəsi və yiyələndiyi dillərin vasitəsilə Şərqin böyük mütəfəkkirlərinin: Əl Fərabi, İbn Sina, Biruni, Əl Kindi və başqa görkəmli alimlərin əsərləri ilə tanış olmuş, antik, hind və yunan fəlsəfəsini və mədəniyyəti mənim­sə­miş­dir. Buna görə də o dahi şair olmaqla yanaşı öz dövrünə qədər və öz zəmanəsində mövcud olan əsas bilik sahələrinə: tarix, fəlsəfə, məntiq, ilahiyyət, astranomiya, kimya, fizika və s. dərindən bələd olan və bunlardan bəşəriyyətin faydalanması üçün yollar arayan böyük mütəfəkkir alimdir.

N.Gəncəvinin əsərlərində insan, onun dünyada yeri və rolu, insanın insana, insanın cəmiyyətə və onu əhatə edən tə­bii mühitə münasibəti, cəmiyyətin ədalət və təbii qanunlar əsasında qurulması və idarə edilməsi kimi həyati məsələlər əsas yer tutur. Onun nəzəri irsinin və fikir dünyasının hərtərəfli və dərindən öyrənilməsi göstərir ki, o öz dövrünün mühüm ictimai, iqtisadi və siyasi hadisələrinə, bu hadisələrin cərəyan etdiyi mühitə biganə qalmamışdır.

Dahi Nizami özünün dərin müşahidəçilik qabiliyyəti və elmi müşahidələri sayəsində XII əsrdə Azərbaycanda və ona qonşu olan ölkələrdə mövcud olan ictimai-iqtisadi quruluşun xarakterini və ziddiyyətlərini açıb göstərməyə çalışmışdır. Onun "Xəmsə"si əvvəl­dən axıradək yaşadığı dövrün ictimai, iqtisadi, sosial və mənəvi problemlərin həllinə, öz xalqının və bütün bəşəriyyətin əzab-əziyyət­dən, ictimai bərabərsizlikdən xilas olması məsələlərinə yönəl­dil­mişdir. O. keçmişdən danı­şarkən öz dövrünün ictimai quruluşuna və üsul-idarəsinə qarşı açıq və kəskin etirazlarını bildirmiş və cəmiyyətin gələcəyinə nikbin nəzərlərlə baxmışdır. Buna görə də N.Gəncəvinin yara­dıcılığı öz aktuallığını itirməmiş, bəşər sivilizasiyasına 900 ilə yaxındır ki, xidmət etmiş və indi də etməkdədir.

N.Gəncəvinin iqtisadi ideyaları onun Azərbaycan iqtisadi fikrinin inkişafında tutduğu yer xüsusi və geniş tədqiqat obyekti olmamışdır. Lakin bu mövzuda ilk təşəbbüsü unudul­maz görkəmli iqtisadçı alimimiz, respublikada mühasibat və təhlil nəzəriyyəsinin əsasını yaradan mərhum prof. Ə.Q.Fərəcovun 50-ci illərdə yazdığı bir neçə məqalə və 1956-cı ildə nəşr olunmuş «Nizaminin iqtisadi görüşləri haqqında»kı 50 səhifəlik kitabçası vardır. Görkəmli alimimiz Ə.Fərəcovun dahi mütəfəkkir şairimiz N.Gəncəvinin iqtisadi görüşləri haq­qındakı ilk təşəbbüsü təqdirəlayiqdir və Azərbaycan iqtisadi fikir tarixinin yazılması və öyrənilməsi üçün də əhəmiyyətlidir. Bunu da qeyd etməliyik ki, Ə.Fərəcovun əsərində N.Gəncəvinin iqtisadi görüşlərinin yalnız bir qismi işıqlandı­rılmış, onun iqtisadi hadisələr və proseslər haqqındakı elmi ideyaları tam əhatə olunmamışdır. Həmin kitabçada istər-is­təməz dahi Nizamiyə və onun iqtisadi ideyalarına yalnız mar­ksizm-leninizm metodologiyası baxımdan yanaşılmışdır. Buna görə də bütövlükdə Nizami irsinə və onun bizim üçün tədqiq olunması ən çox vaçib olan iqtisadi-nəzəri ideyalarına obyek­tiv və qərəzsiz yanaşılması yenidən müstəqillik qazanmış Azərbaycanımızın bazara keçid dövrünün başlıca tələblərindən biridir.

Bunu da qeyd etməliyik ki, N.Gəncəvinin «Xəmsə»sində səpələnən, xüsusi forma və üslubla ifadə edilən iqtisadi fikir və ideyalar müəyyən sistem halına salındıqda, onun cəmiyyə­tin ictimai-iqtisadi münasibətləri haqqındakı təsəvvürləri daha aydın formada nəzərə çarpır. Buna görə də dahi mütəfəkkir şairimizin irsinin tədqiqi göstərir ki, onun humanizm və demok­ratizmi iqtisadi baxışlarının da əsasını təşkil edir.

İqtisadi-nəzəri və tarixi araşdırmalar mövqeyindən ya­naşdıqda onun iqtisadi həyat hadisələri və prosesləri haq­qında irəli sürdüyü fikir və ideyalar çoğdaş dövrümüzdə də çox mütərəqqi və öz aktuallığını itirməyən bir sistem haqqında ifadə edilmişdir.

N.Gəncəvinin «Xəmsə»sindəki iqtisadi fikir və ideyalar yaşadığı dövrün ictimai-iqtisadi quruluşunun, ən çox feodalizm dövrünün tənqidi təhlili və ifadəsi kimi meydana çıxmışdır. O, ən çox feodal mülkiyyət formaları, ondan doğan ziddiyyətlər, vergi sistemi haqqındakı fikirlər öz əksini tapmışdır. Elə buna görə də şərq dünyasına məxsus xüsusiyyətlərə malik olan fe­odal mülkiyyət formalarına qısa nəzər salmadan N.Gəncəvinin bu sahədə irəli sürdüyü iqtisadi fikirləri dərk etmək çətindir.

Tarixi mənbələrdən göründüyü kimi Azərbaycanda (XII əsr) torpaq mülkiyyəti formaları haqqında çox müxtəlif və fərqli fikirlər mövcuddur. Bunu həmin dövrün ilk mənbələri əsasında araşdıran məş­hur şərqşünas alimimiz mərhum akademik Z.M.Bünyadov özünün «Azər­baycan Atabəyləri dövləti»31 adlı əsərində və redaktoru olduğu «Azərbaycan tarixi» (1994-cü il) kitabında torpaq mülkiyyəti haqqında verilən məlumatlar N.Gəncəvinin əsərlərində əks olunan fikirlərə uyğun gəlir. Bu mənbələrdən aydın olur ki, o dövrdə Azərbaycanda döv­lətə məxsus olan divan torpaqları, hökmdarların və onun sülaləsi­nin mülkiyyətində olan Xanədan (xass) torpaqları, keçmiş əsr­lərdə geniş yayılmış Atabəylər dövründə xüsusi formaları olan «iqta» şərti pay torpaqları iri feodalların əlində olan «mülk» (əmlak) adlandırılan torpaqlardır. Bununla yanaşı dini müəssi­sələrə, xeyriyyə cəmiyyət­lə­ri­nə məx­sus olan torpaqlar və kəndlilərin bölüşdürülüb becərdikləri icma torpaqları da mövcud olmuşdur. Hə­­min dövrdə şübhəsiz, bu tor­­paq­­ların əkilib becə­ril­məsində, məhsulların yığılmasında kəndlilərin və sənətkarların əməyindən geniş istifadə olunmuş, dövlət xəzi­nəsinin, şah, sultan sülaləsinin, əmirlərin və saysız-hesabsız məmurların, din xadimlərinin gəlirlərlə təmin olunması müasir formalarda tətbiq edilən vergi və ödənişlər vasitəsilə həyata keçirilmişdir. Bunu qeyd etmək kifayətdir ki, yalnız Atabəylər dövründə Azərbaycan əyalətinin verdiyi illik gəlirin məbləği 8,57 milyon abbasilər dinarı həcmində, aran və Muğan əya­lətlərindən isə 3 milyon dinar Atabəylər xəzinəsinə daxil olur­muş.32

Tarixi mənbələrdə və N.Gəncəvinin əsərlərində verilən məlumatlara görə o dövrdə vergilərin çox olduğu aydın olur ki, bu da vergilərin miqdarı, növləri və toplama formaları haq­qında müxtəlif fikirlər söyləməyə əsas verir.

Bu da məlumdur ki, Nizaminin yaşadığı dövr (XII əsr) Azərbaycanda və eləcə də Yaxın və Orta Şərq ölkələrində inti­bah (renessans) dövrü adlan­dırılmışdır. Bu dövr Şərqdə ondan xeyli əvvəl başlamış və N.Gəncəvinin yaşadığı XII əsrdə özünün ən yuksək inkişaf mərhə­ləsinə çatmışıdır ki, bu dövrdə intibahın ən böyük simalarından biri N.Gəncəvi olmuşdur. İnti­bah adlandırılan həmin dövr elmin, sənətin və mədəniyyətin geniş vüsət alması və çiçəklənməsi dövrü kimi səciyyələndiri­lir.

F.Engels «Təbiətin dialektikası» əsərinə yazdığı girişdə renessans deyilən dövrün ümumi cəhətlərini göstərir və onun dünyanın bir bölgəsində deyil, bəşəriyyətin keçdiyi tarixi inki­şaf prosesində müxtəlif ölkələrdə və regionlarda baş vermiş çevrilişlər kimi xarakterizə edir. Bunu nəzərdə tutub o yazır: «Bu, bəşəriyyətin o vaxta qədər gördüyü çətin çevrilişlər içəri­sində ən böyük mütərəqqi bir çevriliş idi, dahilərə ehtiyacı olan, təfəkkür, ehtiras və xarakter cəhətdən kamillik və alimlik cəhətdən alimlər yetirən bir dövr idi».33

Yeri gəlmişkən bu dövr Şərqdən fərqli olaraq Avropada XV əsrin ikinci yarısından başlamışdır. F.Engels intibah dövrünü şəhərlərin inkişafı, ictimai-iqtisadi münasibətlərdə baş verən dəyişikliklərin yaranması ilə bağlı olduğunu qeyd etmişdir. Bu baxımdan da Nizaminin yaşadığı XII əsrdə Azər­baycanda şəhər həyatının yüksək və geniş miqyasda inkişaf etməsi və çiçəklənməsi dövrü olmuşdur.

Tarixi mənbələrdən məlum olur ki, XII əsrdə Azərbayca­nın Təbriz, Gəncə, Naxçıvan, Şamaxı, Beyləqan, Bakı, Ərdə­bil, Marağa kimi şəhərləri sənətkarlığın, ticarətin və mədə­niyyətin inkişaf etdiyi mərkəzə çevrilmişdir.

Akad. Z.Bünyadov göstərir ki, «Azərbaycan Atabəylərinin hakimiyyəti dövrü ölkədə şəhər həyatının çiçəklənməsi əsridir. Bu dövrdə Azərbaycanın bir çox şəhərləri orta əsr sənətlərinin bütün növlərini özündə toplamış iri yaşayış məntəqələri idi. Şəhərlər həm daxili, həm də xarici ticarətin mərkəzi rolunu oy­nayırdı. Əgər Naxçıvan, Beyləqan, Təbriz və Şamaxıda 100 min və daha artıq, Gəncədə isə yarım milyona qədər əhali ya­şadığını nəzərə alsaq, onda aydındır ki, bu inkişaf kənd yerlə­rindən şəhərlərə əhali axınını tələb edən yüksək inkişaf etmiş çoxsahəli kustar sənayedə adamların sayının artması hesa­bına yaranırdı.34 Göstərilən şəhərlərin hər birində özünə məx­sus əmək alətləri və müxtəlif çeşidli istehlak şeyləri istehsal olunurdu. Tarixi mənbələrdən göründüyü kimi həmin dövrdə Azərbaycan şəhərlərində ən çox yun, ipək və kətan parçaları, müxtəlif növ geyim libasları, mis və şüşədən hazırlanan qab-qacaq, zərgərlik və musiqi alət­ləri və s. istehsalı geniş yayıl­mışdır. Bu dövrdə şəhərlərdə sənət­karlıq və ticarətin inkişafı ilə yanaşı memarlıq, mühən­dislik, nəqqaşlıq və rəssamlıq sə­nətləri də xeyli inkişaf etmişdir. Bu fikiri o dövrdə tikilən me­marlıq abidələrinin-məscidlərin, günbəzli hamamların, mədrə­sələrin, əzəmətli sarayların və b. kimi abidələrin də bizim dövrümüzə gəlib çıxan nümunələri də göstərir.

XII əsrdə Azərbaycan şəhərlərində əhalinin çoxalması əkinçilik, maldarlıq və sənətkarlıq məhsullarına olan tələbatın da artmasına səbəb olmuşdur. Bu dövrdə əmək bölgüsünün genişlənməsi, əmtəə-pul münasibətlərinin inkişafı və geniş­lənməsi üçün zəmin yaradıldı. Bazarların və bazar münasi­bətlərinin genişlənməsi ölkə daxilində və onun ayrı-ayrı əya­lətləri arasında iqtisadi, mədəni əlaqələrin genişlənməsinə sə­bəb olurdu, bu eyni zamanda Azərbay­canın xarici ticarət əla­qələrinin canlanmasına təsir edirdi. Azərbaycanın Şərqlə Qər­bin mühüm ticarət yolları üzərində yerləşdiyinə görə, bu onun həmin ölkələrlə ticarət əlaqələri yaranmasını asanlaşdırırdı. Azərbaycan tacirləri quru və dəniz yolları ilə Yaxın və Orta Şərqin, eləcə də avropanın bir sıra ölkələri ilə ticarət əlaqələ­rində fəal iştirak edirdilər.

N.Gəncəvi «Xəmsə»də daxili və xarici ticarət mənbələ­rinə, onların inkişafına və aparılması qayda-qanunlarına dair qiymətli fikirlər söyləmişdir. O, tacirlərə, alqı-satqı ilə məşğul olanlara şərait və ədalət qanunları ilə sövdələşməyi tövsiyə edir. Həm də onların dükanlarını, mallarını oğru-quldurlardan qorumağı da dövlət məmurlarının vəzifəsi hesab edir. Bunu nəzərdə tutub yazır ki, «Bu çartı-bazarla mən necə dükan qu­rum ki, oğru-quldurdan amanda qalım. Kimin bu çartı-bazarda dükanı varsa, onu hər tərəfdən yarıb oğurlayıblar. Əgər oğru aparandan səs-səmir çıxmadısa, demək oğru tutan darğanın əli mala çatıb».35 Bununla da o, xarici ticarətlə məşğul olan tacirlərdən danışarkən yenə də onların hüquqlarının müdafiə olunmasını xatırladan, yollarda qarşılaşdıqları təhlükədən xilas olmaq üçün tədbirlər görülməsini vacib hesab edirdi.

N.Gəncəvi ölkələr və xalqlar arasında ticarət əlaqələrinin inkişaf etdirilməsinin mütərəqqi yolunu düzgün qiymətləndirə­rək deyir ki, «Dünya al-ver siyasətində çiçəklənməyə başlan­mışdır».

Dahi mütəfəkkir şairimiz N.Gəncəvinin yaşadığı doğma Gəncə şəhəri o dövrdə Qafqazda deyil, həm də yaxın və Orta Şərqin ən böyük və sənətkarlığın, tiçarətin, mədəniyyətin yüksək inkişaf etdiyi mərkəzlərdən biri idi. 1139-cu ildə baş verən fəlakətli zəlzələdən əvvəl və şəhərin bərpa edilməsindən sonra onu görən və ya tarixi materiallara istinad edərək Gən­cə­ni təsvir edən tarixçilərin və səyyahların əsərlərində orada iqtisadi və mədəni həyatın yüksək inkişafından, gözəl tikililə­rindən, ətrafında göz oxşayan bağ-bağçalarından, əhalisindən, xoş və mülayim iqlimindən danışılır. O dövrün məşhur Ərəb tarixçisi İbn-əl-Əsir (1160-1234) Gəncəni Arranın anası və mərkəzi adlandırmışdır. O qeyd edirdi ki, 1139-cu ildə (sen­tyab­rın 30-da) Arranın da digər vilayətlərində baş verən dəh­şətli zəlzələdən ən çox dağıntıya və insan tələfatına məruz qalan şəhər olmuşdur. Bu zəlzələ nəticəsində təxminən 230 minə qədər insan, o cümlədən, Gəncə hakimi Qara Sunqurun 2 oğlu tələf olmuş və külli miqdarda saraylar, evlər dağılıb batmışdır.Bunlardan Müşdəsəsid Bəhruzə məxsus olan böyük istehkam, zəngin xəzinə və əmlak da dağılmış və xarabalıqlar altında qalmışdır.36

Tarixi faktlardan məlum olduğu kimi bu zəlzələdən üç il sonra dünyaya göz açan N.Gəncəvi onu ürək ağrısı ilə belə xatırlayaraq yazır: «Göyləri parçalayan o zəlzələdən yer üzündə şəhərlər qalmadı. O gün çoxlu xəzinənin bada getmə­sindən şənbə gecəsi Gəncəni yaddan çıxardı. O qədər qadın, kişi, cavan və cocuqdan ah-nalədən başqa ayrı səs çıxmadı… Torpaq suyun yolunu kəsdi. Lakin çox çəkmədi ki, «Bu ətraf­dan müsibət uzaqlaşdı, az bir müddətdə o viranə qalmış yer, onun hümməti ilə Rumdan da abad oldu».37 Doğrudanda dəh­şətli zəlzələ baş verən vaxt səyahətdə olan Gəncə hakimi Qara Sunqur geri dönür, şəhərdə sağ qalan və ətrafdan cəlb edilən əhalinin gücü ilə şəhəri qısa müddətdə bərpa etdirir və şəhər yenə də öz əvvəlki həyatına qaytarılır.

Həmin dövrü tədqiq edən tarixçilərin verdiyi məlumatlara görə Gəncə şəhəri özünün yüksək sənət növləri və sənətkarlıq ilə məşhur olmuşdur. O dövrdə Gəncədə mis və metal əşyalar, xüsusilə barama, onun emalı, ipəkdən hazırlanan paltarlar, at­las, pambıq parçaları və s. geniş istehsal edilir və başqa ölkə­lərə ixrac edilirdi. Hətta o dövrdə Azərbaycanın və Yaxın və Orta Şərqin digər ölkələrində sənətkarları özündə birləşdirən cəmiyyətlər və dərnəklər yaradıl­mış­dır. Belə cəmiyyətlər Gəncədə də fəaliyyət göstərirmiş.

F.Engels uzaq keçmişdə belə cəmiyyətlərin yaradılması­nın iqtisadi əsaslarını göstərərək yazmışdır: «Əvvəlcə şəhərlə kənd arasında, sonra isə şəhərlərin müxtəlif əmək sahələri arasında olan əmək bölgüsü sayəsində meydana gəlmiş yeni qruplar öz mənafeyini müdafiə etmək üçün yeni orqanlar ya­ratdılar, cürbəcür vəzifələr təsis edildi».38

Həmin dövrdə əxilər cəmiyyətləri də təxminən buna uyğun gələn təşkilatlardan biri olmuşdur. Məhşur ərəb səyyahı İbn Bətutə (XII əsr) Əxilər (qardaşlıq) cəmiyyəti haqqında yazmışdır: «Bütün dünyada Əxilər kimi kimsəsizlərə və yurd­suzlara bu qədər qayğı göstərən, acları doyuzduran, ehtiyacı olanlara kömək edən, zorakılığa qarşı çıxan, qəddar hökmdar­ları və onların nökərlərini öldürməyə hazır olan insanlar tap­maq mümkün deyildir».39 Onların da rəhbər tutduq­ları prinsip­lərin bir çoxu dahi mütəfəkkir şair N.Gəncə­vinin də sosial ədalət və ideyalarına yaxın idi. Buna görədə Əxillərin zəhmət­sevərlik, ədalət və bərabərlik uğrunda apardıqları mübarizəni Nizami bəyənir və təqdir edirdi.

N.Gəncəvinin doğulduğu və yaşayıb yaratdığı Gəncə şə­hərinin ictimai-iqtisadi və mədəni mühit haqqında daha aydın fikir yaratmaq üçün mərhum akademik Məhəmməd Cəfərin bir sıra səyyahların və tarixçilərin əsərlərindən gətirdiyi bəzi mə­lumatları göstərmək yerinə düşərdi. O, İbn-Hövlənin «Surətül-Ərz» əsərində verilən bu fikiri xatırladır ki, «Gəncə gözəl, bə­rəkətli, abad və cəmiyyəti çox olan bir şəhərdir. Onun əhalisi comərddir. Davranışları, rəftarları yaxşıdır. Qəribləri sevirlər, alimləri dost tuturlar». Hacı Zeynalabdin Şirvani isə «Büstanüs-siyahə» əsərində yazır ki, «Gəncə böyük və yaxşı şəhərdir. Suyu içməli, havası mülayim və gözəldir... Oradan çox mənfəət sahibləri çıxmışdır. Onlardan biri «Xəmsə» sahibi Şeyx Nizamidir.40 Həqiqətən də öz doğma şəhərindən kənara çıxmayan, Şərqin yaratdığı zəngin mədəni və mənəvi irsi mə­nimsəyən Azərbaycan xalqının və bütün türk aləminin dahi şairi və mütəfəkkiri N.Gəncəvi bu şəhərdən dünyaya nəzər salmış və onun görünən və görünməyən sirlərini açıb göstər­məyə çalışmışdır.

Beləliklə, dahi mütəfəkkir N.Gəncəvinin iqtisadi fikir və ideyaları, onun «Xəmsə»sindəki iqtisadi baxışları sistem ha­lında yaşadığı ictimai-iqtisadi quruluşun tənqidi təhlili və ifa­dəsi kimi meydana çıxmışdır. Onun bu sahədə söylədiyi fikir və ideyaların «Xəmsə»boyu səpələnmiş beyitlərdə, misralarda yaratdığı çox saylı obrazların deyimlərində iqtisadçıların adət etmədiyi bir tərzdə açıqlanır və nəticədə onun baxışları bir sistem halında müəyyənləşir. Buna görə də o dövrdə iqtisad elmi olmadığını, iqtisadi fikrin başqa elm sahələri tərkibində inkişaf etdirilməsini nəzərə alaraq dahi mütəfəkkir şair N.Gəncəviyə haqq qazandırmaq və qiymət vermək olar.


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin