DərsliK İqtisad elmləri doktoru, professor


§4. NƏSİRƏDDİN TUSİ. ONUN «ƏXLAQİ-NASİRİ», «DÖV­LƏT MALİYYƏSİ HAQQINDA TRAKTATLARI» ƏSƏRLƏRİNİN AZƏRBAYCAN İQTİSADİ FİKİR TARİXİNDƏ YERİ



Yüklə 0,6 Mb.
səhifə30/121
tarix11.03.2022
ölçüsü0,6 Mb.
#53615
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   121
referat 921

§4. NƏSİRƏDDİN TUSİ. ONUN «ƏXLAQİ-NASİRİ», «DÖV­LƏT MALİYYƏSİ HAQQINDA TRAKTATLARI» ƏSƏRLƏRİNİN AZƏRBAYCAN İQTİSADİ FİKİR TARİXİNDƏ YERİ
XIII əsrdə yaşamış böyük Azərbaycan mütəfəkkiri Nəsi­rəddin Tusinin başqa elm sahələri ilə yanaşı iqtisadi nəzəri biliklər sahəsində də qiymətli fikir və ideyaları var. Böyük as­tronom, riyaziyyatçı və filosof N.Tusinin əsərlərində iqtisadi-nəzəri baxışlar yüksək dərəcədə öz əksini tapmışdır.

Orta əsrlər iqtisadi fikrində Azərbaycanın görkəmli mütə­fəkkiri N.Tusinin (1201-1274) xüsusi yeri vardır. Onun məşhur «Əxlaqi-Nasiri» (1232-1233) əsərində iqtisadi məsələlərin şərhi və «Dövlət maliyyəsi haqqında traktatları» onu həm də professional bir iqtisadçı hesab etməyə imkan verir. Qərbin tanınmış din xadimi İtaliyalı rahib Foma Akvinski ilə bir əsrdə (XIII) yaşayan N.Tusinin iqtisadi-nəzəri görüşlərini Fomanın iqtisadi ideyası ilə müqayisə etdikdə Tusi çox yüksək ümum­bəşəri dəyərlərə malik olan bir iqtisadçı kimi görünür.

Buna baxmayaraq marksist ədəbiyyatda, sovet dərsliklə­rində F.Akvinski öyrənilir, onun xidməti qeyd olunurdu, lakin N.Tusinin adı belə çəkilmirdi. O dövrdə Avropa katolik kilsə xadimlərinin mistik pərdəyə bürünmüş iqtisadi fikirlərindən fərqli olaraq N.Tusi iqtisad elminin olmadığı bir şəraitdə "Ma­liyyə haqqında"traktat əsərini yazmışdır. Bu bəlkə də o dövrdə iqtitsadi fikir tarixində yazılan ilk iqtisadi əsər olmuşdur.

N.Tusi özünün məşhur "Əxlaqi-Nasiri" əsərində elmlərin təsnifatını, predmetini və metodlarını vermiş və onların ictimai-iqtisadi həyatın öyrənilməsində rolunu göstərmişdir.

N.Tusi ilk dəfə olaraq insanların iqtisadi münasibətlərini öyrənən elmin obyektini müəyyənləşdirmişdir. O, "İctimaiyyət" adlan­dırdığı elmin mövzusunu iqtisadiyyatı, onu əks etdirən hadisə və prosesləri öyrənməkdə görür. N.Tusi yazır ki, icti­maiyyət birgə əməyin həqiqi və ümumi inkişaf qanunları haq­qında nəzəriyyədir. Bu elmin mövzusu (obyekti) ictimai əməklə birləşən və istehsalı ən kamil təşkil edən insanlar münasibəti sistemidir”. Buna görə də o, hamının bu elmi öy­rənməsini və öz iqtitsadi davranış qaydalarını bu elmin köməyi ilə tənzim edə bilməsini tövsiyə edir. N.Tusi evdarlıq, müha­siblik kimi bilik və sənət növlərinin də məqsəd və vəzifələrini müəyyənləşdirir.

N.Tusini fərqləndirən mühüm cəhət ondan ibarətdir ki, o, bütün toxun­duğu iqtisadi anlayış, kateqoriyalara və qanunlara son dərəcə konkret və aydın təriflər verməyə çalışır. Elə buna görə də N.Tusiyə həqiqətən də Azərbaycanın böyük iqtisadçısı desək, səhv etmərik.

N.Tusi iqtisad elminin predmetini müəyyən etmişdir. O, iqtisad elminə "İstehsalı ən kamil təşkil edən insanlar münasi­bəti sistemi" kimi tərif vermişdir. O, pulun dəyəri ilə əmtəənin dəyəri arasındakı əlaqənin düzgün aydınlaşdırılması, onun də­rin iqtisadi təfəkkürə malik olmasından xəbər verir. N.Tusi ya­zır ki, pulun "dəyişdirilməsi və ya fənaya getməsi mal və ərzaq əldə etmək üçün sərf edilmiş əmək və zəhmətin itirilməsi və ya hədərə getməsi kimi olar".

Tarixi mənbələrdən göründüyü kimi N.Tusi çox qarışıq, mürəkkəb ictimai-siyasi şəraitdə yaşayıb yaratmışdır. O, 1201-ci ildə Tusidə doğulmuş və 1274-cü ildə Bağdada səfər za­manı orada xəstələnib vəfat etmişdir. Onun elmi irsinin tədqi­qatçıları N.Tusinin türk mənşəli olduğunu və Həmədan şəhə­rindən Tusa köçdüklərini göstə­rirlər. Zəngin biliyə, iti hafizəyə malik olan N.Tusi elmin müxtəlif sahələri üzrə onlarça əsər yazmışdır.

N.Tusi İranın məşhur tədqiqatçılarından biri olan fizika-riyaziyyat elmləri doktoru H.Məmmədbəyli "Marağa rəsədxa­nasının banisi Nəsirəddin Tusi" (Bakı-1961) kitabında onun 76 əsərinin adını çəkir. Onun iqtisadi məsələləri həll edən "Əx­laqi-Nasiri" və "Maliyyə haqqında traktatı" əsərlərində ictimai-iqtisadi həyatın qanunauyğunluqları və idarə edilməsi haq­qında öz nəzəri və əməli fikirlərini irəli sürmüş və bir islahatçı alim kimi çıxış etmişdir. Onun iqtisadi-nəzəri fikirlərinin əsa­sını da ən çox öz dövründə baş verən ictimai-iqtisadi proseslər və ziddiyyətlər təşkil edir. XIII əsrdə Monqolların Azərbaycana dəfələrlə yürüşləri (1221, 1231, 1256-cı illərdə) nətiçəsində öl­kəyə böyük dağıntılar və insan tələfatı törədilmiş, iqtisadiyyat bərbad hala düşmüş və tənəzzülə uğramışdır. Monqolların yürüşləri Azərbaycanda sənət, ticarət və mədəniyyət mərkəz­ləri olan şəhərlərin də dağılmasına və kütləvi qırğın törədilmə­sinə səbəb olmuşdur. Bütün bu basqınlar və yürüşlər Azər­baycanda istehsal (məhsuldar) qüvvələrinin inkişafına ağır zərbə vurmuş və əhalinin maddi güzəranının xeyli pisləşmə­sinə və aşağı düşməsinə gətirib çıxarmışdır.

Tarixi mənbələrdən görünür ki, XIII əsrin ortalarında Azərbay­canda vergi və mükəlləfiyyətlərin sayı 40-dan çox ol­muşdur. Bu dövrdə vergilərin miqdarında və toplanmasında qayda-qanuna əməl edilmir, baş divanda və yerli vergi idarələ­rində özbaşınalıq hökm sürmüş­dür. Becərilməyən torpaqlar­dan, gəlir götürməyən sənətkar və tacirlər­dən zorla vergi tələb etmək adi hala çevrilmişdir.

XIII əsrin son rübündə Hülakular dövlətində bu iqtisadi və siyasi böhranın aradan qaldırılması üçün Qazan xanın (1295-1304) dövründə ciddi tədbirlər həyata keçirilmişdir. Qazan xa­nın bu məqsədlə iqtisadi, siyasi, maliyyə və vergi sahəsində apardığı islahatlar nəticəsində ölkədə istehsal (məhsuldar) qüvvələrinin inkişafı üçün nisbi sakitlik və imkan yarandı. İs­lam dinini qəbul edən Qazan xan bundan mərkəzi dövlət ha­kimiyyətini möhkəmlətmək, yerli oturaq feodalları və din xa­dimlərini öz tərəfinə çəkmək üçün məharətlə istifadə etmişdir. Qazan xanın iqtisadi-siyasi islahatlarının keçiril­məsində məş­hur tarixçi, səlnaməçi alim, "Cəmi-ət-tavarix" (tarixlər toplusu) əsərinin müəllifi və dövlətdə baş divan rəisi (vəzir) vəzifəsini tutan Fəzlullah Rəşid-əd-Din də (1247-1318) fəal iştirak et­mişdir. O, N.Tusinin əsərlərinə yaxşı bələd olmuş və onu yüksək qiymətləndirmişdir. Görünür ki, 1295-1305-ci illərdə iqtisadi, xüsusilə maliyyə vergi sahələrində həyata keçirilən islahatlarda N.Tusinin irəlicədən göstərdiyi nəzəri və əməli töysiyələrin təsiri az olmamışdır. Çünki Qazan xanın bir sıra iqtisadi islahatları N.Tusinin fikirlərinə uyğun gəlir. Qazan xa­nın vergilərin növü, miqdarı, toplanması üsulu və vaxtı barədə qayda-qanun yaratması, bu sahədə dövlət nəzarətinin güçlən­dirilməsi tədbirləri Tusinin əvvəlcədən dediyi fikirlərlə uzla­şırdı.

Böyük mütəfəkkir, Azərbaycan alimi N.Tusinin iqtisadi-nəzəri görüşlərinin və bütövlükdə cəmiyyətə dair baxışlarını aşkarlamaq üçün ilk növbədə onun elm, elmin təsnifatı, mövzu və metodları haqqındakı fikirləri ilə tanış olmaq gərəkdir. Çünki onun elmə dair ümumnəzəri görüşlərində iqtisadiyyat, idarə­etmə, maliyyə, mühasibat, evdarlıq kimi bilik sahələrinin rolu, mövzu və vəzifələri də mühüm əhəmiyyət kəsb edir.

Bu və ya digər məsələlərin araşdırılmasında N.Tusi ən çox Platonun və Aristotelin, Fərabinin (870-950) İbn Sinanın (980-1037), Bəhmənyarın ( XI əsr) əsərlərindən, ərəb, fars və türk dillərində olan digər elm və ərəbi mənbələrdən baçarıqla istifadə etmişdir. Təsadüfi deyildir ki, böyük ərəb alimi İbn Xəldun (XIV əsr) Şərqin dünyada tanınmış mütəfəkkirləri sıra­sında N.Tusinin də adını çəkir və onu yüksək qiymətləndirir. O yazır ki, Şərqdə məşhur olan N.Tusi İbn Sinanın fəlsəfi görüş­lərini şərh etmiş, onu müdafiə etmiş və öz fikrini bildirmişdir.

N.Tusinin başlıca iqtisadi-nəzəri görüşlərini əks etdirən "Əxlaqi-Nasiri" əsəri cəmiyyətin iqtisadi, siyasi və idarəetmə məsələlərinə həsr olunmuşdur. Bu əsərdə o xüsusi bir üsul və ustalıqla fəlsəfi, əxlaqi və iqtisadi kateqoriya və anlayışlara konkret təriflərini, onun cəmiyyətin və insanın həyatında tut­duğu yeri və oynadığı rolu aydınlaşdırmağa çalışmışdır. İnsan, onun ictimai-iqtisadi fəaliyyət və davranışı N.Tusi fəaliyyətinin özəyini təşkil etməklə elm aləmində xüsusi əhəmiyyət kəsb edir. Bunu nəzərdə tutub N.Tusi göstərir ki, elmin başlıca və­zifəsi mövcud varlıqların mahiyyətini düzgün dərk etmək, "İn­sanın yaradıcı ağıllı və sağlam düşüncəsi dairəsində onun xüsusiyyət və keyfiyyətlərini kəşf etməkdədir". 41

N.Tusi insan və cəmiyyətin tərəqqisinə, maddi və mənəvi yüksəlişinə xidmət göstərən elmləri faydalı hesab edir. O, ta­mamilə haqlı olaraq bu qaydada hər işi görən, yaradan və qu­ran - insandır fikrini soyləyir. Buna görə də insanı öz-özünü dərk etməsinə, tərbiyəsinə və kamilləşməsinə xidmət edən elm, təhsil ən şərəfli fəaliyyət sahəsidir deyir. N.Tusi yazır ki, «Bu dünyada mövcudatın ən şərəflisi olan insanı kamilliyə çatdırmaq məqsədi güdən sənət (elm) dünya sənətlərinin ən şərəflisi olmalıdır».42 Dahi mütəfəkkirə görə «əsil elm adamla­rının ruhu və rahatlığı da elmdədir».

N.Tusi elmin təsnifatı, obyekti və əsasları məsələsində Şərq klassikləri üçün səciyyəvi olan nəzəri sistemə əsaslanır. O, dövrünün elm sisteminə uyğun olaraq fəlsəfə, ilahiyyat, riya­ziyyat, astronomiya, tibb, əxlaq, məntiq, iqtisadiyyat kimi elmi bilik sahələrini nəzəri elmlər sırasına daxil edir. Əməli (təcrübə) elm və əməli hikmət dedikdə isə o, idarəetmə və onun növlərini, evdarlıq, şəhərsalma, maliyyə, mühasiblik, hüquq və s. elm və sənət sahələrini nəzərdə tutur. Ümu­miyyətlə, onun nəzəriyyəsində elm ilə təcrübənin vəhdəti, biri­nin digərini tamamlaması əsas tutulmuşdur. Bunu nəzərdə tu­taraq o yazır: «Fəzilətlərə yiyələnmək hələ kafi deyildir, əsl məsələ onları əməldə (işdə) həyata keçirməkdir».43 N.Tusinin fikrincə nə qədər ki, elmi nəzəriyyə reallaşmayıb o bir qüvvə və məqsəd olaraq qalır. Bu qüvvənin fəaliyyətə çevrilməsi, ye­rinə yetirilməsi, onun müəyyən maddi şəkilə çevrilməsində, insanın maddi və mənəvi yüksəlişində özünü göstərir. O, hər bir elmin obyektinin (mövzu) müəyyən edilməsinə və onun hansı üsullarla dərk və təhlil edilməsinə xüsusi əhəmiyyət ve­rir. N.Tusinin fikrincə elmin obyektini bilmədən onun məqsəd və vəzifələrini də təyin etmək olmaz. Bu baxımdan N.Tusi öz dövründə məşhur olan bir çox elmlərin, eləcə də iqtisadiyyatla məşqul olan elmlərin predmetini və öyrəndikləri hadisələr da­irəsini müəyyən etməyə çalışır. N.Tusi burada ən çox Platonun və Aristotelin nəzəri fikir və anlayışlardan xüsusən İbn Sinanın «Məntiq» və «Metafizika» əsərlərindən geniş istifadə etdiyini göstərir. N.Tusi iqtisadiyyatı, idarəetmənin, ev təsərrüfatını, maliyyəni, əkinçiliyi öyrənən elm və bilik sahələrini də müəyyənləşdirir. Onun «Əxlaqi-Nasiri» əsərinin «Evdarlıq elmi haqqında» və «Ölkə idarəetmə qaydaları» haqqındakı məqa­lələrində həm elmlərin mövzusu, vəzifələri və rolunu təhlil edir. Əlbəttə, bu məsələdə qədim Yunan alimlərinin təsiri də özünü göstərmişdir. Onlar iqtisadiyyat anlayışlarını ev təsərrüfatı və onun qanunu kimi izah edirdilər. N.Tusinin orjinallığı bundadır ki, o, ev, ailə təsərrüfatını dar çərçivədə deyil, ictimai münasi­bətlərin bir üzvi hissəsi kimi şərh edir. Onun «Evdarlıq elmi» haqqındakı düşüncə­ləri əməli əhəmiyyətə malik olan məsələ­dir. Heç təsadüfi deyil ki, hazırda dünyanın bir çox universi­tetlərində və kolleclərində «Evdarlıq» adı ilə xüsusi kurslar təd­ris olunmaqdadır.

N.Tusi idarəetmə, onun forma və üsullarına da geniş yer vermişdir. O, cəmiyyətin, ölkənin idarəedilməsini insanların və müxtəlif təbəqələrin arasında qarşılıqlı və ahəngdar müvazinət yaradılmasında görür. N. Tusi elmə, hikmətə və ədalətə əsas­lanan ida­rə­etmə elmini dərin incəliklərə malik olan, insanların həyatı üçün çox önəmli və əməli əhəmiyyətli bir elm hesab edir. O, hökmdarları və idarəedənləri həkimə bənzədir və gös­tərir ki, onlar elə bir səviyyədə olmalıdır ki, ölkə xəstələndikdə, onu müalicə edə bilsinlər, sağlam olduqda isə onun səhhətini qorumağı bacarsınlar.44 N.Tusinin ən böyük xidməti iqtisa­diyyatı öyrənən elmin mövzusu, yeri və cəmiyyətin tərəqqi­sində rolu haqqındakı yürütdüyü nəzəri fikirlərdir. Yuxarıda qeyd etdik ki, o ayrılıqda iqtisadi elmi anlayışını işlətmir. Lakin iqtisadiyyatı «İctimaiyyət» adlandırdığı elmin tədqiqat obyekti hesab edir. O, bu haqda yazır: «Bu elm (İctimaiyyət) hamının xeyrinə olan birgə əməyin həqiqi və ümumi inkişafı haqqında nəzəriyyədir. Bu elmin obyekti (mövzusu) ictimai əməklə birlə­şən və beləliklə istehsalı ən kamil təşkil edən insanlar müna­sibəti sistemidir... Deməli, hamı bu elmi öyrənməyə səy etmə­lidir ki, fəzilət sahibi olmağı baçarsın; əks halda rəftar... və davranışında səhvlərə yol verər.45 Onun iqtisad elminin pred­metinə verdiyi bu tərif çox müasir və bu gün bizim də vərdiş etdiyimiz və öyrəndiyimiz nəzəri anlayışa uyğundur.

N.Tusi cəmiyyətin və dövlətin həyatında mühüm əməli əhəmiyyət kəsb edən maliyyə və mühasiblik və sənət sahələ­rinin də vəzifələrini açıq­lamışdır. O, dövlət xəzinəsinin gəlirləri və xərclərinin müəy­yən edilməsində uçot və nəzarətin həyata keçirilməsində maliyyəçi­lərin və mühasiblərin xüsusi rolu ol­duğunu qeyd edir. O, bu qəbildən olan bilik və vəzifə adamları əhalidən alınan vergilərin miqdarına, dərəçə və ödənilməsi qaydalarına düzgün əməl etməli və bunları ədalət qanunları əsasında həyata keçirməlidirlər.

N.Tusinin öz iqtisadi baxımlarında cəmiyyətin ictimai-iq­tisadi münasibətləri haqqındakı görüşləri bununla məhdud­laşmır. O, cəmiyyətdə istehsal, təkrar istehsal, bölgü və isteh­lak məsələlərinə, burada insanlar ictimai təbəqələr arasında yaranan münasibətlərə, onların tənzimi və idarəedilməsi mə­sələsinə toxunur. O, istehsalla istehlak arasındakı qarşılıqlı əlaqəni, bütövlüyü düzgün qavramışdır.

N.Tusi cəmiyyətin ilk ibtidai icmalarından başlamış, yet­kin inkişaf mərhələlərinə qədər yüksəlişinə nəzər salaraq belə bir həqiqəti görə bilmişdir ki, insanın istehsal, birgə əmək fə­aliyyətinin təbii və son məqsədi tələbatın ödənilməsidir.46 O, bunu müəyyən ictimai formada təşəkkül tapan və fəaliyyət gös­tərən insan qruplarının ünsiyyət və əlaqəsində görür. Onun göstərdiyi kimi-təbiətdə insanın yaşayıb həyat sürməsi üçün hər cür imkan, torpaq, su, mədən, bitki, heyvanat və s. vasitə­lər mövcuddur - deyir. Bu vasitə və insanlardan ağıl və baca­rıqla istifadə etmək və onları qoruyub saxlamaq insanın baş­lıca məqsədi olmalıdır. Təbiət, onun maddələri və əşyaları in­sanın şüurlu əmək fəaliyyətinin zəruri şərtidir. İstehsal prosesi yalnız «İnsanın əməyi və iradəsi, təbii vasitələrin köməyi və iştirakı ilə olur».

Dahi mütəfəkkir Azərbaycan alimi N.Tusi göstərir ki, in­san ilk bəsit əmək alətlərindən və peşələrindən tədriclə yüksək sənət növlərinə doğru bir yüksəliş yolu keçmişdir. Onun fik­rincə, insan təbiətən, anadangəlmə dülgər, zərgər, katib və ya başqa mütəxəssis kimi doğulmur. Bütün bunlar uzun sürən təcrübə və qazanılan bilik nəticəsində əldə edilir. Bununla bağlı o, haqlı olaraq təbiəti müəllim və ustada, sənət və sənət­karı isə şagirdə bənzədir.47 Tarixi mənbələrdən göründüyü kimi, təbiət həmişə insanı düşünməyə, birləşməyə, axtarışa, özünü dərk etməyə və dəyişməyə vadar edən bir varlıq kimi yaratmışdır. Bu varlıq çərçivəsində insan özünü və nəslini ya­şatmağa, təkrar istehsal etməyə möhtacdır. Bunu nəzərə alıb o, cəmiyyətin həyatında istehsalın və təkrar istehsalın yerini və rolunu düzgün qiymətləndirmişdir. Onun təkrar istehsal haqqında fikri çox sadə və aydındır. Əgər N.Tusinin yaşadığı feodal istehsal üsulu şəraiti nəzərə alınsa, onun bu haqda irəli sürdüyü fikir iqtisadi nəzəriyyə və onun tarixi («İqtisadi təlim­lər tarixi») baxımından qiymətli görünür.

N.Tusi insanın əqli, fiziki və mədəni qabiliyyətlərinin təkmilləş­dirilməsinə, yüksəlişinə və reallaşdırılmasına dair ən dəyərli fikir söyləyən mütəfəkkirlərdəndir. O, «hər kəsin baca­rığına görə işləməsini, əməyinə görə haqq almasını» potensial və bölgüdə insanın maraqlarını təmin edən ən ədalətli prinsip hesab edirdi. O, həyatda, təcrübədə bu qanuna əməl edilmə­məsini ədalətin pozulması kimi qiymətləndirir. Əgər bu prinsip pozularsa «bir yerdə azlığa, başqa bir yerdə çoxluğa yer ve­rilsə, ədalət pozular. İnsanlar içərisində fitnə-fəsad törəyər, öl­kədə zorakılıq, zəiflik meydana gələr; kömək əvəzinə kələk gəlməyə başlayarlar, hərə öz xeyrinə başqasının zərərinə çalı­şar... nizam-intizam yox olar, yerini onun əksi olan hərc-mərc­lik tutar».48 Bununla yanaşı o, insanların fəaliyyətinin qiymət­ləndiril­məsində, bölgüdə bərabərçiliyi də qəbul etmir. O, in­sanların fitri istedada, bacarığa, bilik səviyyəsi və sənətkarlıq dərəcəsi arasında mühüm fərq olduğunu göstərir və bunun nə­zərə alınmasını da tövsiyə etmişdir.

Beləlikiə, N.Tusi «Əxlaqi-Nasiri» və «Maliyyə haqqında traktatları» əsərlərində keçmiş dövlətlərin tarixi təcrübəsindən, idarəetmə qayda-qanunlarından öz dövrünün dövlət qurulu­şundan və ən çox xalqa xidmət edən, onun mənafeyini ifadə edən ümumi bəşəri dövlətdən bəhs edir. O, mütləq monarxiya, aristoqrafiya (bir qrup ziyalıların idarəsi) və demokratiya for­malarından danışır. Bunların hər birinin müəyyən tarixi şərait, zaman və məkan daxilində mümkünlüyü ideyasını əsaslandır­mışdır. Bir sözlə N.Tusi Azərbaycan və dünya iqtisadi fikir ta­rixində mühüm yer tutan mütəfəkkir alim və dövrünün (XIII əsr) böyük iqtisadçısıdır.


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin