Fəsil 4. AZƏRBAYCANDA İQTİSADİ FİKRİN TƏŞƏKKÜLÜ VƏ FORMALAŞMASI
Bəşər tarixində xalqların iqtisadi həyatında ideya və fikirlərin təkamülü, ümumdünya fikir tarixində onların mövqeyi və rolu böyük inkişaf yolu kecmişdir.
Azərbaycan və digər türk xalqlarının qədim və orta əsrlər dövrü xüsusən də IX-XIV əsrlər dövrü iqtisadi ideya və fikirlərlə zəngin olmuşdur. Bu fikri Azərbaycan xalqının böyük mütəfəkkir alimi Nəsirəddin Tusinin hələ XIII əsrdə yazmış olduğu bəlkə də öz dövrünə görə ilk iqtisadi əsər olan "Maliyyə haqqında" traktatı təsdiq edir. Bununla yanaşı böyük mütəfəkkir Azərbaycan alimi N.Tusinin ən böyük xidməti iqtisadiyyatı öyrənən elmin mövzusu (predmeti), yeri, cəmiyyətin tərəqqisində rolu haqqındakı yürütdüyü nəzəri fikirlər sübut edir. O bunu nəzərdə tutaraq yazırdı: "Bu elm (ictimaiyyət) hamının xeyrinə olan birgə əməyin həqiqi və ümumi inkişafı haqqında nəzəriyyədir. Bu elmin obyekti (mövzusu) ictimai əməklə birləşən və beləliklə, istehsalı ən kamil təşkil edən insanlar münasibəti sistemidir... Deməli, hamı bu elmi öyrənməyə səy etməlidir ki, fəzilət sahibi olmağı bacarsın; əks halda rəftar və davranışında səhvlərə yol verər".20
Hər bir xalqın həyatında iqtisadi fikrin yetkinliyi onun ümumdünya iqtisadi fikir və ideyaları ilə müqayisədə aşkar olunur. Azərbaycan xalqının və cəmiyyətinin tarixi keçmişi də bizə əsas verir ki, onun görkəmli alim və mütəfəkkirlərinin iqtisadi ideya və fikirləri eləcə də xalqın çoxəsrlik təsərrüfat təcrübəsi, əmək vərdişləri, səyləri, çalışqanlığı, əməyə, sərvətə münasibəti öz ifadəsini o dövrün ictimai-iqtisadi münasibətlərində, onları əks etdirən hadisələrdə və proseslərdə, anlayışlarda, qanun və qanunauyğunluqlarda tapır. Bu da xalqın o dövrdə yaratdıqları ədəbiyyat nümunələrində, xalq dastanlarında, şifahi ədəbiyyatda və onun içindən çıxmış böyük mütəfəkkirlərin əsərlərində ifadə olunur.
Bu mövzuda prof. T.Vəliyev və dos. A.Həsənov çox dəyərli "Azərbaycan iqtisadi fikir tarixi" (I kitab - 1996-cı ildə) dərc elətdirmişlər.
"Azərbaycanda iqtisadi fikrin təşəkkülü və formalaşması"na həsr olunan bu mövzu ilk növbədə qədim dövrlərdə Azərbaycanın iqtisadi həyatı, onun təsərrüfat və iqtisadi münasibətləri haqqında fikir və ideyaları açıqlamaqla yanaşı, Azərbaycanda baş vermiş sosial hərəkatlarının, (məzdəkilər və xürrəmilər) nəticələrini göstərmək və orta əsrlərin iqtisadi fikirlərini, xüsusən də XI əsrdə Nizami Gəncəvinin və XIII əsrdə Nəsirəddin Tusinin əsərlərində iqtisadi baxışların və bunların Azərbaycan iqtisadi fikir tarixində yeri və rolu işıqlandırılmaqdan, qədim dövrlərdə, orta əsrlərdə və XIX əsrin birinci yarısında Azərbaycan xalqının həyatında mövcud olan iqtisadi hadisələri yığcam və konkret formada, ilk növbədə Azərbaycan oxucusuna, xüsusən də gənclərə çatdırmaq və həmin tarixi dövrdə formalaşan və təkamul edən iqtisadi ideya və fikirlərlə tanış etməkdən ibarətdir.
Dostları ilə paylaş: |