§ 4. İSLAMDA VERGİ SİSTEMİ
İslam dünyasında iqtisadiyyatın tənzimlənməsinin xüsusi üsullarından biri vergi sisteminin tətbiqidir.
İslamda vergi sisteminin formalaşması prosesi Qurani-Kərimdə göstərilən ayələr və Məhəmməd Peyğəmbərin (s.ə.s.) əmrləri əsasında getmişdir. İslam dünyasında vergi sisteminin uzun tarixi yol keçməsinə, müxtəlif ictimai-iqtisadi, təbii-iqlim şəraitinin mövcud olmasına baxmayaraq, o, əsas prinsipini, funksiyasını və mexanizmini qoruyub saxlaya bilmişdir. Lakin islam vergi sisteminin uzun tarixi yol keçməsinə baxmayaraq, ayrı-ayrı dövrlərdə onun mexanizmi pozulmuş, ayrı-ayrı hökmdarların göstərişi ilə onun mahiyyətində ciddi dəyişikliklər baş vermişdir. Çox hallarda xalq gücü çatmadığından, artıq yükləndiyindən, onlar Allah qarşısında bədənlə olan ibadətlə yanaşı, mal ilə ibadət edə bilməmişlər. Bu bir tərəfdən müsəlman dünyasında təriqət və məzhəbçiliyin dərinləşməsinə, müsəlmanlar arasında qarşıdurmalara səbəb olmuşdur, digər tərəfdən islam əqidəli dövlətlərin idarəetmə sistemini pozmuş, yoxsul əhalinin vəziyyəti nəzarətdən tamamilə kənarda qalmış və ölkələrin iqtisadi təhlükəsizliyi başlı-başına buraxılmışdır.
Halbuki, islamın ilkin dövlət quruculuğunda tətbiq olunan verginin formaları və məbləği demək olar ki, ölkənin iqtisadi təhlükəsizliyinin qorunması ilə əlaqədardır.
İslam dünyasında tətbiq olunan vergi formalarının sayında fərq olsa da, lakin onların bir ümumi hüquqi bazası və işlək mexanizmi mövcuddur. Bu da Şəriətdir ki, onun əsasında verginin tətbiq olunma üsulları, vergiyə cəlb olunan əhalinin qrup və təsnifatı, alınacaq verginin məbləği, miqyası və müddəti müəyyən edilir.
Şəriət vergiyə cəlb olunmanın aşağıdakı formalarını müəyyən etmişdir:
1. Xüms - əldə olunan qənimət və ya qazancın, eləcə də ona bərabər tutulan illik gəlirin beşdə bir hissəsi.
2. Zəkat - həddi və vaxtı müəyyən olunmuş malın qırxdan bir və ya 2,5 hissəsi.
3. Fitrə - orucluğun başa çatması ilə ehtiyacını ödəyənlərin hər birinə 3 kq buğdaya, xurmaya, qarğıdalıya və s. bərabər tutulan məbləğ.
4. Cizyə - müsəlman dövlətlərində yaşayan qeyri-müsəlmanlardan alınan can vergisi.
5. Xərac və üşr - torpaq vergisi, müəyyən edilmiş hədd əsasında məhsulun onda bir hissəsi.
Verginin göstərilən formalarına diqqət yetirdikdə, aydın olur ki, onun əsas məqsədi müsəlmanların əmək fəaliyyəti, işgüzarlığı ilə bağlıdır və onların işgüzarlığı mal ilə ibadət etməyə sövq edir.
Digər tərəfdən, ölkədə yaşayan digər qeyri-müsəlman əhalini ictimai təhlükəsizliyin qorunması və dövlət idarəçiliyi naminə vergiyə cəlb edir. Həm müsəlman, həm də qeyri-müsəlmanların vergiyə cəlb olunmasını, həm də onların mülkiyyət və əmlaklarından iqtisadi fəaliyyət ilə bağlı əldə etdikləri sərvət və nemətlərdə kasıb və yoxsulların, imkansızların ictimai işləri yerinə yetirilməsinə görə pay ayırmaq üsullarını tətbiq edir. Verginin müxtəlif formalarının mövcud olması çoxnövlü fəaliyyətlə əlaqədar olduğundan, bir tərəfdən bütün əmlak və mülkiyyətin hərəkətə gətirilməsi, digər tərəfdən isə iqtisadi fəaliyyətin yararlı, faydalı və sərfəli istiqamət alması ilə bağlıdır.
Allah qarşısında bütün insanların əmlak və mülkiyyətindən asılı olmayaraq bərabər mövqedə durmaları onların fəaliyyətləri və əldə olunan gəlir hesabına başqalarının ehtiyaclarını ödəmək naminə pay ayırmaq qabiliyyətləri onları müxtəlifləşdirir. Ona görə də vergi sisteminin çoxnövlüyü bütün imkanı olanların imkanı olmayanların yerinə öz nemətlərindən könüllü imtina etmək prinsipini əsaslandırır.
İslam hüquq konsepsiyası çərçivəsində formalaşmış vergi sistemi tarixi inkişafın bütün dövrləri üçün dəyişilməzdir. Müxtəlif fəaliyyət növündən irəli gələn müasir dövrdəki gəlir mənbələri vergi formaları baxımından, eyni tətbiq sferasına daxildir.
Müasir şəraitdə xümsün müəyyən hissəsi, yəni Peyğəmbər (s.ə.s.) və onun yaxın qohum və əqrəbasına çatacaq hissə, əsasən, ali din xadimlərinin sərəncamına keçir ki, bu da ilahiyyat elmlərinin inkişafı, dini işlərlə məşğul olanların əmək haqqı, təhsil alanlara təqaüdün verilməsi xərcləri üçün nəzərdə tutulur. Belə ki, xüms - əmlak və işgüzarlıqdan alınan vergi olaraq, gəlirin beşdə bir hissəsini əhatə edir. O həm pul formasında, həm də natura formasında ola bilər. Xümsə əsasən 7 növ gəlirdən pay ayrılır:
1. Qazanc mənfəətindən, 2. Mədənlərdən, 3. Xəzinələrdən, 4. Halal malın harama qarışığından, 5. Dəniz dibindən çıxarılan daş-qaşdan, 6. Müharibədən əldə edilən qənimətdən, 7. Qeyri-müsəlmanın müsəlmandan satın aldığı torpaqdan.
Miras qalmış əmlakdan, qadınlara verilən məhrdən xüms tutulmur.
Vergi sisteminə cəlb olunma üsulları konkret olaraq adamların şəxsi fəaliyyətləri, etiqadları, sosial vəziyyəti, ailə tərkibi ilə əlaqədar müəyyən edilir. Bir qayda olaraq vergi üsullarının hər hansı birinin tətbiqi adamların imkanları, illik dolanacaq xərcləri ilə əlaqədar müəyyən edilir.
Ümumiyyətlə, islamda vergi sistemi, insanların ən ali davranış qaydaları ilə, özünü dərketmə prinsipi ilə əlaqələndirilir. Yəni hər bir şəxs əldə etdiyi gəlirin artıq qalan hissəsindən beşdə bir düsturu ilə xüms verməlidir.
Xümsün verilməsi qaydaları müəyyənləşdirilərkən, şəriət və əsasən gəlirin artım prosesi nəzərdə tutulur. Əgər hər hansı əmlak miras yolu ilə kiməsə verilibsə, o haqda qohumluğun dərəcəsi nəzərdə tutulur. Çox uzaq qohumdursa, mirasdan əldə olunan gəlir məxaricdən çoxdursa, o halda xüms verilməlidir.
Qazanc mənfəətindən vergi, əsasən, şəxsin ticarətdən, sənətkarlıqdan və s. fəaliyyətdən əldə etdiyi gəlirdən ailəsinin illik xərcini çıxdıqdan sonra yerdə qalan hissədən beşdə birini əhatə edir. Əgər hər hansı şəxsin xərclərini başqaları ödəyirsə, o halda həmin hissə əldə olunan gəlirdən çıxılaraq xüms hesablanır.
İslam iqtisadi dəyərləri sırasında zəkat anlayışının müstəsna rolu vardır. Zəkat özündə islam həyat tərzinin ən zəruri cəhətlərini birləşdirməklə, iqtisadi fəaliyyətin təşəkkül tapmasının olduqca vacib üsuludur. Zəkat vergisinin mühüm forması olmaqla, təsərrüfat fəaliyyətini tənzimləyən iqtisadi mexanizmidir. Onun başlıca məqsədi təkcə dövlət büdcəsini formalaşdırmaq deyil, həm də məcmu tələbi stimullaşdırmaqdan ibarətdir.
Göstərmək lazımdır ki, 107. Əl-Maun (zəkat) surəsi islamda vacib olan əmr kimi Mədinə illərində nazil olunsa da və orada "4. Vay, halına o namaz qılanların ki, 6. Onlar riyakarlıq edir 7. Və (xalqa) zəkat verməyi qadağan edirlər" ayələri göstərilsə də, lakin zəkat vergisi ilə bağlı hökmlər daha çox hicrət illərinə, yəni Mədinədə vəhy edilmiş Qurani Kərim ayələrində daha çox göstərilmişdir. Buna 2. Əl-Bəqərə surəsinin 110-cu, 5. Əl-Maidə surəsinin 55-ci, 47. Məhəmməd surəsinin 37-38-ci ayələrində zəkat vermək barədə hökmlərini göstərmək olar.
Zəkat verməyin də Allah yolunda borc olaraq verilməsi, namaz qədər vacib və xeyirli bir iş olduğu, mal-dövlətin yalnız il ərzində qırxda bir hissəsinin verilməsi zərurəti göstərilir. Düzdür, zəkatın verilməsi də mal ibadəti kimi iman sahibləri üçün bərabər şəkildə tətbiq edilsə də, lakin burada əsasən imkanlı adamlar, yoxsulluq həddindən qat-qat artıq yaşayan və fəaliyyət göstərənlər cəlb olunur.
Mal-dövlətin hesabı bəlli olduqda, konkret adda məhsullar üzrə zəkat vergisi tətbiq olunur. Lakin zəkat verməyənlər, ondan yayınanlar islamda son dərəcə pislənilən xəsislik əməli kimi qiymətləndirilir. Zəkat sosial-ictimai əhəmiyyəti və dini-mənəvi dəyərlənmə baxımından məcburi xarakter daşıyır.
Zəkat vergisi dənli bitkilərə, giləmeyvə, daş-qaş və ev heyvanlarına tətbiq edilir. Şəriət zəkat vergisinin alınması üçün tətbiq olunan konkret adda məhsul növü müəyyən etmişdir: 1.Buğda. 2. Arpa. 3. Xurma. 4.Üzüm. 5.Qızıl. 6.Gümüş.7. Dəvə. 8.Qaramal. 9.Qoyun-keçi.
İslamda zəkat vergisinə cəlb olunmağın əsas prinsipi şəxsin yetkinlik yaşına çatması (müsəlman olması), ağıllı və azad olması, malın nisab19 həddinə çatmasıdır. Zəkat vergisi ilə bir dəfə 11 aydan bir qırxda bir prinsipi ilə hesablanır. Lakin ilk dəfə zəkat vergisinə cəlb olunan 12 aydan sonra onu ödəyir.
Buğda, arpa, xurma və üzümün nisabı 847 kq-a bərabər tutulur. Bu həddə çatan və bundan artıq məhsulların zəkatı verilməlidir. Zəkatı verilmiş bu məhsullar bir neçə il saxlanılsa, onlar vergiyə cəlb olunmur. İslamda nisab həddinə çatan məhsullardan yalnız bir dəfə vergi tutulur.
Əgər qaramal və ya davar, dəvə, qızıl və ya gümüş sahibi olan müsəlman il ərzində ruhi xəstəlik keçirirsə, ondan zəkat vergisi tələb olunmur. Lakin əgər ilin axırında o, sağalarsa, vergi verməlidir. Əgər belə müsəlmanın xəstəliyi bir ildən artıq sürürsə və onun nə vaxt sağalacağı məlum deyildirsə, qazılar ağlını itirmiş adama nəzarət üçün yox, əsasən onun varidatından vergi ödənilməsinə nəzarət üçün qəyyum etməyə çalışırlar.
Başqasının əlindən qəsb edilmiş, yəni zorakılıqla alınmış əmlak üçün zəkat vergisi təyin edilmir. Əgər borc alınmış qızıldan və ya gümüşdən dəyərinə görə zəkat alınmalıdırsa və bunlar il ərzində əvvəlki sahibinə qaytarılmışdırsa, borc alan həmin varidat üçün zəkat verməlidir. Həmin qızılı və ya gümüşü borc verən adam isə bu halda zəkat vermir.
Taxıldan və giləmeyvədən zəkat tutulması zamanı şəriət vergiyığanları xüsusi çəki ölçülərindən istifadə edirlər. Əgər zəkat vergisi ödənən dövrdə əmlak sahibi vəfat edirsə, vergi onun əmlakından tutulur. Əgər o, vergi toplanan vaxtdan tez ölmüşdürsə, zəkatı ölənin varisləri hərəsi öz payından ödəyir. Qazılar xüsusi vergi yığanlar təyin edirlər. Onlara əvvəlki məhsulun əvəzinə başqa məhsulla zəkat almaq ixtiyarı verilir. Əgər vergi ödənməzsə, qazılar ticarət sazişini ləğv edə bilərlər.
Dənli bitkilərdən, üzüm və xurmadan zəkat vergisi (bu məhsulların qurudulmuşundan, həm də bir dəfə) həmin məhsulların neçə il saxlanılmasından asılı olmayaraq tutulur. Əgər bu məhsulların saxlanması üçün onların nəmliyini süni surətdə artırmaq lazım gəlirsə, vergi tutularkən nəmişlik üçün güzəşt edilir. Yəni məhsul quruyandan sonra onun nisab həddi aşağı düşdüyündən, ona zəkat vacib deyil.
İslam zəkat yığılmasının ən xırda təfərrüatını nəzərə alır. Bu, xüsusən torpaq sahələrinin süni və ya təbii yolla suvarılması zamanı nəzərdə tutulur. Əgər məhsul yağış və rütubət ilə yetişirsə, zəkat məhsulun onda biri qədərdir. Əgər süni yolla, su motoru və s. torpaq sulanıb məhsul əldə olunubsa, zəkat məhsulun iyirmidə biri qədərdir.
Əgər məhsul torpağın bir hissəsindən təbii yolla, digər hissəsindən süni yolla, yəni suvarma yolu ilə əldə edilirsə, birinci hissədən zəkat onda bir, ikinci hissədən isə iyirmidə bir prinsipi ilə tutulur.
Burada həm torpağın iqtisadi münbitliyi, həm də məhsuldarlığı nəzərdə tutulur. Digər tərəfdən müəyyən bir sahənin süni yolla suvarılması zamanı onun yanında olan sahədə həmin yerin rütubətindən qidalanırsa, onda onların zəkatı müxtəlif olacaqdır. Süni yolla suvarılan sahə üçün iyirmidə bir, yanındakı sahə üçün isə onda birdir.
Müasir mərhələdə kənd təsərrüfatında maşın və texnikadan istifadə olunması, kompleksli irriqrasiya işlərinin aparılması, eləcə də muzdlu əməkdən istifadə olunduğuna görə zəkat iyirmidə bir prinsipi ilə hesablanılır.
Zəkatın yığılması, istifadə olunması və sərf olunması da istər mərkəzləşmiş formada olsun, istərsə də fərdi formada olsun şəriət onun konkret istiqamətini müəyyən edir. Zəkat əsasən 8 istiqamətdə verilir.
Bu istiqamətlərin şəriətdə əsaslanması Qurani Kərimdə 9. Ət-Tövbə surəsinin 60-cı ayəsi ilə bağlıdır. Orada göstərilir ki, "Sədəqələr (zəkatlar)" Allah tərəfindən müəyyən edilmiş bir fərz (vacib əməl) olaraq ancaq yoxsullara, miskinlərə zəkatı yığıb-paylayanlar, ürəkləri (müsəlmanlığa) isinilib bağlanmaqda olanlara (iman gətirib hələ kamil mömin olmayanlara), azad ediləcək kölələrə, həmçinin (borcu ödəməyə imkanı olmayan), borclulara, Allah yolunda cihad edənlərə və yolçulara (pulu qurtardığı üçün yolda qalan, vətəninə qayıda bilməyən, müsafirlərə) məxsusdur. Allah hər şeyi biləndir və hikmət sahibidir". Bu ayə ilə bağlı şəriətdə istiqamətlər konkretləşdirilir:
1. Özünün və ailəsinin xərcini təmin edə bilməyən fağıra;
2. Din üzrə fağırdan da vəziyyəti pis olan miskinə;
3. Zəkatın yığılıb saxlanılmasında və paylanmasında vəzifəsi olan şəxsə və ya məmura;
4. Zəkat verilərsə, imanları güclənən imanlı müsəlmanlara:
5. Öz borcunu ödəyə bilməyən borclulara;
6. İslam və müsəlmanların xeyrinə olan ictimai işlərin görülməsinə;
7. Qulların alınıb azad olunmasına (hazırda bu zəkata nəzarətlə əvəz olunub);
8. Öz məmləkətində zəngin olan, lakin yolda və ya səfərdə pulu qurtarıb yolda qalan şəxslərə;
Zəkatın fəqir və miskinlərə verilməsi o halda əsas götürülür ki, onunla ailələrin illik xərcləri ödənmiş olur. Əgər onların müəyyən miqdarda pul və yaxud malları varsa, bu halda zəkat məbləği kimi xərclərinin çatmayan hissəsi qədər götürülür. Burada əsasən ilik zəruri ehtiyacın ödənilməsi səviyyəsi nəzərdə tutulur.
İslamda zəkat o şəraitdə fağırlar üçün halal hesab olunur ki, o halda onların müəyyən peşəsi, sənəti olmasın və ya onun vasitəsi ilə ehtiyacını ödəyə bilməsin. Ona görə də daha qazanclı peşənin, sənətin öyrənilməsi fağır üçün zəruridir. Çünki öyrənməyə imkanı və yaxud şəraiti olduqda, ona əməl etməyib, güzəranını yalnız zəkatla yaxşılaşdıran hər hansı bir fağırın davranışı İslamda xoşagəlməyən hal kimi qiymətləndirilir.
Hazırda müsəlman ölkələrində zəkatın 1/8 hissəsi prinsipi ilə bərabər xərclənməsi nəzərdə tutulur. Yəni nəzərdə tutulan 8 istiqamət üçün ümumi zəkat fondu bərabər bölünür. Bölgünün 1/8 prinsipi (yəni 12,5 faiz) bu əsasdan hesablanır. Ona görə ayrı-ayrı dövrlərdə iqtisadi aktivlik səviyyəsindən asılı olaraq zəkatın paylandığı istiqamətlər üzrə dəyişiklik baş verə bilər. Ola bilər ki, yoxsul və ya miskinlərin sayının azalması ilə onların əldə etdiyi zəkatın payı yüksəlsin və onların vəziyyəti yaxşılaşsın. Yaxud borclu olanlara zəkatın verilməsi tələbi yüksəltməklə, onlar üçün sığorta rolunu oynasın. Borclunun xəstəliyi, işsizliyi və s. amillər nəticəsində onun ən zəruri ehtiyaclarının ödənilməsi həm tələb sferasına daxil olan məhsulların həcmini azaltmır, həm də qiymət sabitliyinə səbəb olur.
Borcluya zəkatın verilməsi həm onun iş qabiliyyətinin qorunmasına, həm yoxsul düşməsinə, həm də borcunun qaytarılmasına görə əməli fəaliyyət göstərməsinə səbəb olur.
İslamda zəkatın vergi növü kimi ən böyük üstünlüyü onun tələbli stimullaşdırılması ilə bağlıdır. Çünki verginin dəyişilməz həddi və aşağı olması istehsala maşın və texnikanın cəlb olunmasına və əlavə işçilərin işlə təmin olunmasına imkan yaradır. İnvestisiya prosesinin sürətlənməsi və məşğulluq səviyyəsinin yüksəlməsi ilə gəlirlərin məbləği də artır ki, bu da nəticə etibarilə məcmu tələbin və məcmu təklifin miqyasını genişləndirir. Hazırda zəkat kapitala və ya istehsalın həcminə də tətbiq edilir. İstehsal xərcləri ilə mənfəət səviyyəsi arasındakı fərqin qırxda bir prinsipi ilə vergiyə cəlb olunması zəkatın mahiyyəti kimi özünü göstərir. Deməli, zəkat - Allahın əmri ilə imkanlı adamların mal-dövlətlərinin müəyən miqdarının il ərzində ehtiyacı olan fağırlara, kasıblara verilən hissəsidir. Bu dəyişilməz, əbədi bir İlahi hökmdür.
Zəkatın bir qolu da fitrə zəkatıdır. Fitr bayramı ilə, yəni orucluq - Ramazan ayının son gününün başa çatması ilə əlaqədar verilir. Öz ehtiyacını ödəyən hər bir kəsin, onun çörək yeyən ailə üzvlərinin hər nəfərinə görə 3 kq həcmində ya buğdadan, ya arpadan, ya xurmadan, ya kişmişdən, ya düyüdən, ya qarğıdalıdan və b. bu kimi şeylərdən verilən və ya ona börabər tutulan pul vəsaitinin verilməsi nəzərdə tutulur. Zəkatla fitrə zəkatının mahiyyəti aydın olsa da, yəni imkanlı şəxslərin mallarından yoxsullara, ehtiyacı olanlara pay olsa da, ildə bir dəfə ödənilsə də. Lakin aralarında fərq mövcuddur. Zəkat rəsmi şəkildə mövcuddur və nisab həddi ilə müxtəlif dərəcədə ödənilir. Lakin fitrə zəkatının isə nisab həddi yoxdur. Orada ən zəruri ərzaq və ya qida məhsullarının 3 kq həcmi ilə ödənilməsi nəzərdə tutulmaqla qeyri-rəsmi xarakter daşıyır. Digər tərəfdən, zəkat əgər malın həcminə görə verilirsə, lakin fitrə zəkatı ailə üzvlərinin sayına görə verilir. Zəkat növü bəlli olan məhsullardan, ilin müxtəlif vaxtlarında verilirsə, lakin fitrə zəkatı Orucluq ayının sonuncu gününün səhərisi verilir.
Ehtiyacı olanların, ailəsinin qazancını təmin edə bilməyən şəxslərə fitrə zəkatı vermək vacib deyil.
Hər kəs fitrə bayramı gecəsində onun çörək yeyənləri hesab olunan şəxslər üçün fitrə zəkatı verilməlidir. Adamların kiçik və ya böyük olmaları, müsəlman və ya qeyri-müsəlman olmaları vacib deyil. Fitrə bayramı gecəsi evə daxil olan istər qonaq, istərsə də qeyri-bir şəxs olsun, əgər onun çörək yeyəni hesab olunsa, onun fitrəsi ev sahibinin öhdəsinə düşür.
Fitrə zəkatının da, mal zəkatının verildiyi 8 istiqamətdən birinə, xüsusən fağırlara verilməsi daha zəruri hesab edilir. Hətta şəxs zəkat fitrəsini verəndə, qohum fağırları birinci nəzərə alsa daha yaxşı olar. Sonra qonşulara və fağır elm sahiblərinə çatdırılması şəriətdə xüsusi qeyd olunur.
Bayram günü günortaya qədər nəzərdə tutulan malın yaxşısından fitr zəkatı verilməsi vacibdir.
Göründüyü kimi, istər zəkatın yığımı, istərsə də bölgüsü son dərəcə sadə mexanizmə əsaslandığına görə nə ondan yayınmaq, nə də kənarda qalmaq mümkündür. Zəkatın vergi kimi aşağı həddi sosial ehtiyacların ödənilməsinin maddi mənbəyinin olması hər sağlam düşüncəli adamın ona qarşı ciddi münasibət bəsləməyi zəruriləşdirir.
Əgər ailənin illik xərci üçün haram, həm də halal yolla qazanc əldə edilirsə, bir qayda olaraq fitrə zəkatı halal, qanuni yolla edilən qazancdan verilməlidir. Əgər birisi müəyyən iş və ya xidmət görmək üçün muzdla işçi tutursa, həmin adam onun çörək yeyəni hesab olunursa, onda sahib, işçinin əvəzinə fitrə ödəməlidirlər. Fitrənin ödənilməsi ehtiyacı ödənilmiş müsəlmanların fağırlar qarşısındakı ali mənəvi borcu kimi onların faydalı fəaliyyət göstərmələrini tələb edir.
Xüms, zəkat və zəkat əl-fitrə islamın vergi sistemində mühüm yer tutmaqla yanaşı, bunlardan əlavə verginin xərac (torpaq vergisi), uşr (onda bir), cizyə (can vergisi) kimi digər formaları və növləri də vardır ki, bunlar həm torpağından istifadənin səmərəliliyinin, həm də müsəlman dövlətlərinin himayəsində yaşayan qeyri-müsəlmanların da iqtisadi aktivliyinin yüksəldilməsi ilə bağlıdır.
İslamın hüquqi mənbələrində xərac vergisi olduğu qeyd olunur. Bunun da əsas məqsədi dövlətin iqtisadi potensialından istifadə olunması ilə əlaqədardır. Aydın olduğu kimi, torpaqların təbii və iqtisadi məhsuldarlığı və onların münbitliyi müxtəlif olduğundan, eyni zamanda ən pis və yararsız torpaqlardan istifadə olunması üçün xərac tətbiq olunub.
Tarixi inkişafın müxtəlif dövrlərində xərac vergisinin toplanmasında ciddi pozuntular, əyintilər və ziddiyyətlər olmuşdur ki, bu da müsəlman müəlliflərinin əsərlərində öz əksini tapmışdır.
Eyni xüsusiyyətlər üşr (onda bir, natural onda bir vergi) vergisinə də aiddir.
Müsəlman ölkələrində yaşayan qeyri-müsəlmanlar zəkat vermədiklərinə görə cizyə vergisinə cəlb olunurlar. Burada bir vacib cəhəti nəzərə almaq lazımdır ki, tətbiq olunan cizyə vergisinin səviyyəsi, ödənilməsi mümkün olan dərəcədə alınmaqla, eyni zamanda qeyri-müsəlmanların islama daxil olmaları üçün geniş imkanlar verirdi. Digər tərəfdən, Qurani-Kərimdə və Peyğəmbər (s.ə.s.) sünnəsində yəhudilərə, xristianlara, "müqəddəs kitab əhli" kimi birgə yaşayışa şərait və imkan yaradılmışdır. Şəriətə görə, Allahın vahidliyini qəbul edən Tövrat və İncilə əsaslanan qeyri-müsəlmanlar kafir deyil və hər zaman onlar islama tez gələ bilərlər. Ona görə də müsəlman dövlətinin təbəəsinə çevrilən və onun himayəsində yaşayan "müqəddəs kitab əhli" sayılan qeyri-müsəlmanlar ölkə vətəndaşı kimi tətbiq olunan şəriət qanunları qarşısında bərabər hüquqa malikdir.
Məhz cizyə tətbiqi müsəlman və qeyri müsəlmanlar arasındakı fərqi silmiş və kütləvi şəkildə yəhudi və xristianların müsəlmanlığı qəbul etməsinə səbəb olmuşdur. Düzdür, bu, iqtisadi bir vasitə rolunu oynaya bilər. Çünki "həqiqi" "müqəddəs kitab əhli" olanlar islamın dini-mənəvi dəyərlərinin əhəmiyyətini cahiliyyətdə yaşayanlara, köçəri həyat tərzi keçirən ərəblərə nisbətən daha tez görə bilərdilər. Müasir şəraitdə demək olar ki, bu vergi müsəlman ölkələrində ümumi dövlət vergiləri ilə əvəz edilmişdir.
İslam vergi sisteminin mahiyyətindən danımaq heç də müasir şəraitdə müsəlman ölkələrində bu vergi formalarının birmənalı tətbiq olunmasını əks etdirmir.
Zəkatla əlaqədar göstərməliyik ki, o vergiqoymanın dünyada analoqu olmayan ən mütərəqqi formasıdır.
Birincisi, onun həddinin son dərəcə aşağı olması, xalis gəlirin qırxda birinə bərabər olması ilə məcmu tələbi stimullaşdırır.
İkincisi, zəkat yalnız xalis gəlirdən ödənildiyinə görə adamlar öz fərdi fəaliyyətlərində düzlüyə və təmizliyə riayət edirlər.
Üçüncüsü, zəkatın səviyyəsi daha mənfəətli sahələrə olan axını sərbəstləşdirir.
Dördüncüsü, hər bir sahibkar öz fəaliyyətinin nəticəsinə görə vergiyə cəlb olunacağından daha mənfəətli, ziyansız layihələr əsasında çalışmaq meylini gücləndirir.
Beşincisi, iqtisadi fəaliyyət dairəsində istehsal xərcləri üzərində nəzarət etməklə daha çevik idarəetmə şəraiti yaradır.
Altıncısı, sahibkarları və biznesmenləri risk etmək təhlükəsindən qoruyaraq, onlarda təşəbbüskarlıq, yenilikçilik üçün geniş meydan açır.
Dostları ilə paylaş: |