DərsliK İqtisad elmləri doktoru, professor


FƏSİL 5. QƏRBİ AVROPADA İQTİSADİ



Yüklə 0,6 Mb.
səhifə31/121
tarix11.03.2022
ölçüsü0,6 Mb.
#53615
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   121
referat 921

FƏSİL 5. QƏRBİ AVROPADA İQTİSADİ

TƏLİMLƏRİN MEYDANA GƏLMƏSİ.

MERKANTİLİZM
§ 1. ORTA ƏSRLƏRDƏ QƏRBİ AVROPANIN İQTİSADİ İDEYALARI. F.AKVİNSKİNİN BAXIŞLARI
Orta əsr dövrlərinin iqtisadi ideya və baxışları dini örtükdə olmuş və bizə də elə o formada gəlib çatmışdı. Orta əsr cəmiyyətinin mənəvi və iqtisadi həyatı din xadimlərinin və dini qurumların təsiri altında formalaşmışdı və bu təsir o qədər güclü olmuşdur ki, cəmiyyətin iqtisadi həyatına aid olan bütün mülahizələrə bir qayda olaraq dini-əxlaqi forma verilmişdi və təsərrüfat fəaliyyətinin qaydaları dini etik prinsiplərə əsaslan­mışdı. Bu dövrdə iqtisadi həyat müstəqil tədqiqat obyekti kimi formalaşmamışdı. Lakin bütün bunlar o demək deyildir ki, orta əsrlərdə Qərbi Avropada iqtisadi həyatı əks etdirən sırf ideya və baxışlar olmamışdı.

Orta əsrlərdə Qərbi Avropanın ictimai fikrində kononist iqtisad nəzəriyyələr mühüm yer tutmuşdu və iqtisad elminin tarixinin şərhini verən bəzi iqtisadçılar iqtisad elminin ilkin ta­rixini kononistlərdən başlamağı məqsədəuyğun hesab edirlər; onları XIII əsrin bazar təhlilinin pionerləri adlandırırlar və ko­nonist nəzəriyyənin sonrakı klassik iqtisad elminə mühüm tə­sir etdiyini qeyd edirlər. Hətta sanballı "İqtisadi təhlilin tarixi" (1954-cü il) əsərinin müəllifi olan görkəmli Amerikan iqtisad­çısı Y.Şumpeter A.Smitin "Xalqlar sərvəti" əsəri də öz əsasla­rını fiziokratlardan və XVIII əsr Britaniya fitredçilərindən deyil, məhz kononistlərdən və təbii hüquq filosoflarından götürdüyünü göstərir. İqtisad elminin tarixi və metodologiyası ilə intensiv məşğul olan digər görkəmli Amerikan iqtisadçısı M.Blauq da A.Smitin kononistlərin baxışlarını inkar etdiyini göstərsə də, kononist nəzəriyyənin A.Smitə XVII əsr təbii hüquq fəlsəfəçilərindən gəldiyinə də şübhə etməmişdi. Fizio­kratların əsərləri də kononist əlamətlərdən xali olmadığı da gös­tərilir və F.Kenenin özünü də çox vaxtı XVIII əsrin F.Akvinski kimi səsləndirmişlər. İqtisadi ədəbiyyatda K.Marks da əmək-dəyər nəzəriyyəsi ideyasını kononist "ədalətli qiymət" nəzəriyyəsindən götürməsi haqqında fikir də mövcuddur.

Kononist nəzəriyyə kilsə hüququnu təfsir edən kilsə hüquqşünasları tərəfindən yaradıldığından onlar iqtisadi fə­aliyyətə hüquqi cəhətdən yanaşmışlar. Onlar həmişə iqtisadi məsələlərə sazişin (alverin, alqı-satqının) həyata keçirilmə­sində istifadə olunan sazişlərin tipləri mövqeyindən yanaş­mışlar. Onlar bazar davranışını əxlaq problemi kimi təsvir et­mişlər.

Kononistlər iqtisadi məsələləri çox vaxtı Aristotelin ba­xışlarına münasibət bildirməklə və onun mövqeyini əsas gö­türməklə şərh etmişlər. Lakin sosial imtiyazlar iddiasında olan kilsənin özünün xüsusi motivləri həlledici əhəmiyyət kəsb et­mişdi.

Kononistlərin ilkin banisi Avqustin Blajenin (353-430), sonrakı inkişaf mərhələsinin ən nüfuzlu siması Foma Akvinski (Akvinat - 1225-1274) olmuşdu.

Kononistlərin baxışlarında: 1) qiymətin əsas mənbəyi kimi faydalılıq, 2) "ədalətli qiymət" ideyası, 3) pul kapitalının qeyri-məhsuldarlığı haqqında fikir xüsusi yer tutmuşdu. Bu fi­kirlər onların elmi nailiyyəti hesab olunur. Onlar dəyər konsep­siyasını "faydalılıq üstəgəl nadirlik" ilə ifadə olunmuş formula ilə inkişaf etdirmişlər. Onların dəyər konsepsiyası faydalılığa əsaslanmışdır. Kononistlər ilk əvvəllər dəyəri bilavasitə isteh­lakın ödənilməsilə, son variantda isə nadirliklə əlaqələndir­mişlər. F.Akvinski bütün nemətlərin dəyərinin yalnız nisbətən insan tələbatlarının ödənilməsi ilə ölçülməsi fikrini söyləmişdir. Lakin onun "ekvivalentlik" haqqında fikri kononistlərin, əvvəlki fikri inkar edən əmək-dəyər nəzəriyyəsinə tərəfdar olması haqqında da rəy yaratmışdı. Çünki, F.Akvinski "ədalətli qiy­məti" mübadilənin ekvivalentliyi və "ekvivalentliliyin" özünü isə məsrəf, əsasən də əmək məsrəfi kimi başa düşülməsi niyyə­tində olmuşdu.

Kononistlərin "ədalətli qiymət" ideyası rəqabətdən asılı olmayan adi qiymətdir. Onlar qiymətlərin qoyulmasına və tən­zimlənməsinə şübhə etməmişlər və bunun kübar cəmiyyətin ədəb və adətlərinə uyğun olduğunu göstərirlər. Onların "əda­lətli qiymət" haqqında baxışları birmənalı olmamışdı və ol­duqca ziddiyyətli olmuşdu.

F.Akvinskinin "ədalətli qiymət" haqqında fikiri ilkin mək­təbin nümayəndəsinin fikrindən tamamilə fərqli olmuşdu. İlkin məktəbin nümayəndəsi Avqustin "ədalətli qiymət" altında is­tehsal xərclərinə bərabər olan qiyməti başa düşmüşdü. İlkin məktəb "mütənasib tarazlığın gözləmə cəmiyyəti tənəzzülə aparması" fikrini söyləmişdi.

F.Akvinski isə "ədalətli qiyməti" cari bazar qiyməti ilə ey­niləşdirir. Onun fikrincə "ədalətli qiymət", təkcə istehsal xərclə­rini ödəməməlidir, həm də kübar dairələrə mənsub olan adamların yaşamasını da təmin etməlidir. Bununla o, silki mənfeyləri müdafiə edir, mübadiləni qazanca bərabər olan xa­lis subyektiv akt və şeyləri, onların qiymətindən baha satmağı kübar hakimiyyətinin hüququ hesab edir. Beləliklə, qiymət­qoyma prosesini istehsalçıların ictimai statusu ilə müəyyən edir və bu prosesin mübadilə iştirakçılarının ictimai statusun­dan asılı etmiş olur.

F.Akvinskinin "təbii" və "bazar" qiymətləri arasında əsaslı fərq olduğu haqqında da fikiri olmuşdu. O "ədalətli qiymətin" Allah tərəfindən müəyyən edilməsi haqqında fikir formalaşdır­mışdı. O öyrədir ki, Allah qanunu belə deyir: əgər predmet (əşya) "birinin xeyrinə və digərinin ziyanına hərəkət edirsə", onda "bu halda qaydaya görə predmeti öz dəyərindən baha satmaq mümkün olacaq". Bununla yanaşı o, ümumiyyətlə "sa­hibinə neçəyə başa gəldiyindən baha satılmayacaq", çünki ar­tırılma satıcı həmin predmetdən məhrum olmaqla özünə vur­duğu ziyanı kompensasiya edir.

Kononistlər ticarət mənfəətinin və faizin mənimsənilmə­sinə "ədalətli qiymətə" görə mübadilənin pozulması kimi bax­mışlar. Ona görə də onlar mənfəət əldə etmək məqsədilə olan iri ticarətin və sələmçiliyin qadağan olunması fikrində olmuş­lar. F.Akvinskinin mühakimələrində əmtəə istehsalı ikinci də­rəcəli yer tutmuş, o pulun dəyər ölçüsü və tədavül vasitəsi kimi zəruriliyini qəbul etmişdi. Faizi isə "faydasız metalın" törəməsi kimi izah etmişdi. Kononistlər borc pula faizin bütün müxtəlif növlərini "sələmçilik" kimi şərh etmişlər. F.Akvinski qeyd edir ki, pul pul törədə bilmir, onun qazanc əldə etmək üçün istifadə edilməsi mümkün deyil.

Kononistlər əmək, mülkiyyət və renta haqqında da müəyyən mülahizələr söyləmişlər. Əməyi müsbət qiymətləndi­rərək onu həyat üçün zəruri hesab edirlər və onun mərhəmət verdiyini qeyd edirlər. İlkin kononistlər əməyi fiziki və əqli əməyə ayırmayıb, onları bərabər qiymətləndirib və cəmiyyətin ictimai statusuna təsir etmədiyini dedikləri halda, F.Akvinski isə fiziki və əqli əmək arasında fərq qoyub, insanların ictimai statusunun onunla müəyyən edildiyini güman edibdir. O əv­vəlki dini təlimlərdə olan bərabərlik ideyasına həmrəylik gös­tərməmiş və sosial bərabərliyə cəhd göstərməyi çox ciddi mühakimə etmişdir və cəmiyyəti iyerarxiya və silk kimi təsvir etmişdi. O quldarlığı faydalı hesab edir, onun kökünü insanla­rın təbii fərqində və onların günahında görür.

F.Akvinski bütün əşyaların təbiətən eyni və onların Allaha məxsus olduğunu və insanın onlardan ancaq istifadə edə bil­məsini qeyd etməklə yanaşı, xüsusi mülkiyyəti ümumi xeyir və şəxsi mənafe xatirinə zəruri sayır. O qeyd edir ki, zəruri eht­iyaclar çərçivəsində mülkiyyət təbiidir, çünki öz işlərinin yaxşı qayğısına qalmağa, insanlarla dinc münasibət qurmağa məcbur edir. Renta kononistlər tərəfindən torpaq mülkiyyətçisi öz tabeliyində olanları idarə etdiyinə görə onun əməyinin haqqı kimi şərh olunmuşdu.


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin