V 16.5. Xarakterin formalaşmasının şərtləri
İnsanın xarakteri adətən sosial amillərin təsiri altında formalaşır. Xarakterin formalaşması problemini nəzərdən keçirərkən onun eyni zamanda həm sabit, həm də dəyişkən olması prinsipini tətbiq etmək lazımdır. Bundan başqa, şəxsiyyətin ən vacib xüsusiyyətlərindən biri olan xarakter – ictimai tarixi bir kateqoriyadır, ona görə də insanın xarakterinin formalaşmasından danışarkən həmişə sosial şərtlərin təsirini nəzərdə tutmaq lazımdır. İnsanın xarakterinin formalaşmasına sosial mühitin təsiri hər şeydən əvvəl müxtəlif ictimai formasiyalarda tipik xarakterlərin müqayisəsi ilə sübut edilir. Kiçik qrupların psixologiyası onun üzvlərinin xarakterlərinin formalaşmasında böyük rol oynayır. Xarakterin formalaşmasına eyni zamanda bioloji şərtlər də təsir edir. Ancaq, xarakterin formalaşmasına irsi təsirin əhəmiyyətli roluna isnad edərkən çox ehtiyatlı olmaq lazımdır. A.N.Leontyevin sözlərilə desək, bioloji irsilik əhəmiyyətsiz sayılmır, ancaq mənimsəmə prosesi ilə müqayisədə o asılı vəziyyətdə olur.
Xarakterin əlamətlərində cinsi və psixi fərqlərin probleminin həlli üçün bir çox tədqiqatlar aparılmış, hətta kişilik-qadınlığın müəyyənləşdirilməsi üçün xüsusi testlər də işlənib hazırlanmışdır. Şəxsiyyətin xüsusiyyətlərində cinsi fərqlər ortaya çıxıb. Məsələn, kişilər daha özünə güvənən, aqressiv, inadkar və cəsarətlidirlər, xasiyyət, danışıq və hisslərində daha çox kobuddurlar. Qadınlar isə daha çox həssas, utancaq, xeyirxah və emosionaldırlar.
Xarakterin formalaşmasının bioloji şərtlərindən danışarkən fiziki tərbiyənin böyük əhəmiyyətini qeyd etmək lazımdır. İdmançıların xarakterində iradəlilik xüsusiyyətlərinin tərbiyəsinə həsr olunmuş bir çox əsərlər mövcuddur. Daha ümumiləşdirilmiş formada bu problem P.A.Rudik, A.Ç.Puni, O.A.Çernikova tərəfindən təhlil edilmişdir.
Həyat öz müxtəlifliyi ilə tərbiyə edir, ancaq xarakterin formalaşmasının əsas amili ailə və məktəbdir. Uşaqların xarakterinin bir çox qüsurları ailədə düzgün olmayan tərbiyənin nəticəsidir, məsələn, ərköyünlik, inadkarlıq, şıltaqlıq və eqoizm yaradır, fiziki cəza isə uşaqları kobud, sərt bəzən isə qorxaq, yalançı, aciz edir. Ancaq heç də həmişə uşaqların xarakterinin qüsurlarını ailə tərbiyəsinin səhv olması ilə izah etmək düzgün olmaz. Bəzən xarakterin yaranmış xüsusiyyətlərini uşaqlar “küçənin”, pis məktəb yoldaşlarının və s. təsiri altında qazanırlar.
Məktəblilərin xarakterinin formalaşdırılması məktəbdə təlim və tərbiyənin əsas vəzifələrindən biridir.
Xarakterin formalaşmasının əsas şərtlərinin siyahısına özünü tərbiyəni də əlavə edirlər.
Məlumdur ki, xarakterin formalaşmasına ətraf mühit təsir edir. Bioloji şərtlər də əhəmiyyətli rol oynayır. Bu şərtlər xarakterin formalaşmasına fatalist təsir etmir, onlar həmişə müxtəlif və öz qanunauyğunluqları olan daxili şərtlər vasitəsilə dəyişir.
Xarakterin formalaşmasında kompensasiya hadisəsi də böyük rol oynayır. Xarakterin bir əlaməti zəiflədikdə bu çatışmazlığın əvəzinə başqa əlamət daha yaxşı inkişaf edir.
Xarakterin formalaşması daxili vəziyyətdən də asılı olur. L.S.Vıqotski uşaq üzərində hər hansı bir təsir onu uşağın hiss etməsi nöqteyi-nəzərindən ona subyektiv münasibətindən keçməsi anlayışını inkişaf etdirmişdir. İnkişafın uşağın daxili vəziyyətindən asılılığı prinsipi daha sonra A.N.Leontyev tərəfindən inkişaf etdirilmiş və L.İ.Bojoviç və onun əməkdaşlarının tədqiqatlarında xüsusi sübutlarla təsdiq olunmuşdur. Bojoviç daxili vəziyyəti uşağın şəxsi ehtiyacları və arzularının sistemi kimi müəyyən edir. Daxili vəziyyət həm də yaşlı insanların xarakterinin dinamikliyində az rol oynamır, məsələn, inadkar adamın yenidən tərbiyə edilməsinin çətinliyi onun daha çox bu xüsusiyyətlə mübarizə aparmağa ehtiyac hiss etməməsindən və onu pis əlamət kimi hesab etməməsindən ibarətdir. İnsanın psixi vəziyyətinin öyrənilməsi prosesində daha bir zəruri qanunauyğunluq meydana çıxır: xarakterin dinamikliyi, onun xüsusiyyətlərinin əldə edilməsi, dəyişməsi psixi vəziyyətin keçid mərhələsindən, daha dəqiq desək insanın öz hərəkətlərinə münasibətindən keçir.
Şəxsi nümunə də tərbiyənin və özünütərbiyənin ən güclü vasitəsidir.
Məktəblilərin xarakterinin formalaşmasına şəxsi nümunənin təsiri haqqında aparılmış tədqiqatlarda nümunənin seçilməsi yolları məsələsinə böyük yer verilmişdir. Nümunələrin seçilməsi yolları müxtəlifdir. Belə yollardan biri şagirdlərin etiraf etdikləri bəzi qüsurların təkmilləşdirilməsi üçün nümunənin seçimidir. Belə ki, qeyri-mütəşəkkil bir şagird çox intizamlı və mütəşəkkil yoldaşına oxşamaq istəyir. Nümunənin seçilməsinin ikinci yolu-oxşarlığa görədir. Nümunənin seçiminin başqa bir yolu mənalı həyatı hadisələrin maraqlı, cəlbedici axarına əsaslanır.
Nəhayət nümunə seçiminin daha bir yolu, N.Levitovun şərti olaraq emosional adlandırdığı yoldur. O, şagirdin müəyyən bir adama əvvəlcə rəğbət hissi keçirdiyindən və daha sonra isə nümunə kimi bu adamın arxasınca getməsindən ibarətdir. Nümunənin seçilməsi prosesində həm obyektiv, həm də subyektiv amillər rol oynaya bilər.
Hansı şagirdlərə və onların xarakterlərinin hansı xüsusiyyətlərinə nümunə daha yaxşı təsir edir. Bu baxımdan şagirdləri iki qrupa ayırırlar:
Xarakterin xüsusi plastikliyi və yüngüllüyü ilə seçilənlər;
Yaşadıqları əqidələrin konkret daşıyıcıları olan insanları şüurlu surətdə axtaranlar.
Fərdi psixoloji şərtlərlə yanaşı təsəvvürün, maraqların canlılığı, öz üzərində işləmək arzusu kimi ümumi psixoloji şərtlər də mövcuddur. İnadkarlıq, özündənrazılıq, lovğalıq kimi xüsusiyyətlər nümunənin təsirinə mane olur.
Dostları ilə paylaş: |