Vərdişlərin qarşılıqlı təsirində interferensiya hadisəsi. Psixoloji tədqiqatlar artıq çoxdan sübut etmişdir ki, insan hər hansı bir yeni vərdişə yiyələnərkən istər-istəməz belə bir qanunauygunluqla qarşılaşır: yeni məsələ ilə rastlaşan insan fəaliyyət zamanı artıq onda yaranmış, formalaşmış olan priyomlardan istifadə etməyə çalışır. Bu zaman insan artıq əvvəllər oxşar məsələlərin həllində tətbiq etdiyi priyomları yeni məsələnin həlli prosesinə keçirir. Burada fəaliyyət priyomlarının keçirilməsinin məvəffəqiyyəti öz həlli üsulları nöqteyi-nəzərindən həmin məsələlərin oxşarlığının nə qədər düzgün qiymətləndirilməsindən asılıdır. Məhz buna görə də həmin işlərin məqsədləri və obyektləri insan tərəfindən oxşar kimi qavranıldıqda, lakin həmin işlərin icra, nəzarət və mərkəzi tənzimolunma üsulları fərqləndikdə vərdişlərin mənfi keçirilməsi və ya interferensiya hadisəsi baş verir.
Burada vərdişlərin mənfi qarşılıqlı təsiri onda ifadə olunur ki, əvvəl yaranmış vərdişlər yeni vərdişin yaranmasını çətinləşdirir və ya onun səmərəliliyini aşağı salır. Məsələn, kiril əlifbası ilə yazı vərdişlərinə yiyələnmiş adam birdən birə latın əlifbası ilə (latın qrafiki) yazmağa başladıqda ciddi çətinliklə qarşılaşır.
Bu cür ləngimənin və ya interferensiyanın baş verməsinin əsas səbəbi əvvəl yaranmış vərdişin fəaliyyətə başlamasını təhrik edən assosiasiyadan irəli gəlir. Bu o deməkdir ki, əgər A qıcıqlandırıcı və B reaksiyası arasında möhkəm şərti refleks-assosiasiya yaranmış olarsa, onda həmin A qıcıqlandırıcı ilə yeni B hərəki reaksiyası arasında assosiasiyanın yaranması çətinləşəcəkdir. Bu zaman assosiativ ləngimə və ya interferensiya özünü göstərəcəkdir.
Psixoloji ədəbiyyatlarda interferensiyanın başqa növünün də mövcud olduğu göstərilir. Psixoloqlar belə hesab edirlər ki, yeni vərdiş bu və ya digər şəkildə yarana və möhkəmlənə bilər. Lakin, hər halda, həmin yeni vərdişin tətbiqi lazım gəldikdə onun tətbiqinin ya ləngiməsi baş verə bilər, ya da yeni vərdişin əvəzinə əvvəl yaranmış, indiki halda lazım olmayan vərdiş özünü göstərə bilər. Bu zaman bir növ interferensiya reproduktiv ləngimə şəklində özünü göstərir.
İnterferensiya hadisəsinə pedaqoji təcrübədə, şagird və tələbələrin fəaliyyətində tez-tez rast gəlmək olur. Bu baxımdan dillərin mənimsənilməsində, yazı və oxu vərdişlərinə yiyələnmə prosesində interferensiya hadisəsinə tez-tez özünü göstərir.
Aparılmış tədqiqatlar şagirdlərin düzgün yazı vərdişlərinə yiyələnməsi zamanı reproduktiv ləngimənin təsirinə məruz qaldıqlarını göstərmişdir. Belə ki, hər hansı bir orfoqrafik qaydaya aid şagirdlərdə yaranmış vərdiş digərinə mənfi təsir göstərir. Şagird əvvəlki vərdişin təsiri altında səhvə yol verir. Məsələn, o, sözləri ayrılıqda yazmaq vərdişinə yiyələnir. Həmin söz başqa bir sözlə birləşərək mürəkkəb söz əmələ gətirdikdə və bitişik yazılmalı olduqda çox vaxt şagird əvvəlki vərdişin təsiri altında hərəkət edir. Deməli, bu zaman əvvəl öyrəndiyimiz biliklər yada salınır, reproduksiya olunur. Adətən, reproduktiv ləngimə aşağıdakı iki halda baş verir:
a) A-ya aid təsəvvür (və ya iş) həm B-yə aid təsəvvürlə (işlə), həm də V-yə aid təsəvvürlə (işlə) əlaqədar olduqda; b) A-nı yerinə yetirərkən şagirddə onlarla baglı olan təsəvvürləri (iş) reproduksiya etməyə ustanovka mövcud olduqda. Hər iki hal ayrı-ayrı orfoqrafik qaydaların mənimsənilməsi zamanı bu və ya digər şəkildə özünü göstərir. Məhz buna görə şagirdlər yazıda səhvə yol verirlər. Lakin bu hal təkcə vərdişin qarşılıqlı təsiri kimi deyil, hafizənin qanunauyğunluğu kimi də özünü göstərir. Çox vaxt şagirdlərin indi keçdikləri qayda əvvəl keçdiklərinə və əksinə, əvvəl keçdikləri qayda hal-hazırda keçdiklərinə ləngidici təsir göstərir. Adətən, bu hal ən çox mənimsəmənin ilk mərhələsində özünü göstərir. Bu cür hal psixologiyada retroaktiv və proaktiv ləngimə kimi qeyd olunur. Bəzən belə hal müəllimləri təəccübləndirir. Şagird öyrəndiyi qaydanı çox gözəl izah edir, qaydanı yazıya tətbiq etməyi də bacarır. Lakin bundan sonra yeni bir qayda keçərkən buna aid yenicə yaranan müvəqqəti əlaqələrin təsiri altında əvvəlkinə aid səhvlərə yol verməyə başlayır. Bu cür halda retroaktiv ləngimə özünü göstərir.
Aparılmış psixoloji tədqiqatlar göstərmişdir ki, dillərin mənimsənilməsi zamanı təkcə bir dilin daxilində deyil (dildaxili interferensiya) dillərin qarşılıqlı təsiri nəticəsində onların arasında da interferensiya hadisəsi baş verə bilir ki, buna dillərarası interferensiya adlandırırlar.
Dillərarası interferensiya hadisəsi bütün dil aspektlərində özünü göstərməklə fonetik, leksik və qrammatik xarakter daşıyır. Dillərarası interferensiyanın nəzəri cəlb edən formalarından biri fonetik interferensiyadır. Bu cür interferensiya baş verdikdə sonrakı dilin tələffüzündə əvvəl mənimsənilmiş dilin təsirindən irəli gələn uyğunsuzluqlar, qüsurlar özünü göstərir.
Məlum olduğu kimi, dillərarası fonetik interferensiya kontaktda olan dillərin səs və intonasiya fərqinin gözlənilməməsi nəticəsində baş verir. Belə ki, çoxdillilik ünsiyyət şəraitində interferensiyaya ən çox nitq səsləri məruz qalır. Lakin ana dili ilə öyrənilən ikinci dilin prosedik sistemini tutuşdurduqda məlum olur ki, ana dilinin prosedik xüsusiyyətləri xarici dillərin tələffüz normalarına ciddi təsir göstərir və nəticədə bir sıra interferensiya tipli səhvlər ortaya çıxır. Azərbaycan dilinin prosedik xüsusiyyətlərindən irəli gələn interferensiya tipli səhvləri əsasən aşağıdakı şəkildə qruplaşdırmaq olar:
söz vurğusunun təbiətindən, lokallığından və dərəcəsindən irəli gələn səhvlər:
a) söz daxilində vurğusuz mövqedə saitlərin kompressiya dərəcəsinin azalması;
b) barabərsəviyyəli və ikinci dərəcəli vurğunun zəifləməsi, yaxud tamamilə düşməsi;
v) sözlərin sonunun nisbətən qüvvətli tələffüz edilməsi meyli.
Cümlə vurğusunun təbiətindən və distribusiyasından irəli gələn səhvlər:
a) köməkçi nitq hissələrində saitlərin kompressiya dərəcəsinin azalması qüvvətli tələffüz edilməsı;
b) ritmik qrupların sonunda əvvəlkinə nisbətən tələffüzün dəyişməsi;
v) Azərbaycan dilinə məxsus zəif aksentuasiyaya uygun nitqin ucalığının azalması;
q) xarici nitqə məxsus aydın, dəqiq, vurğulu-vurğusuz ritm tipi, ahəstə uzadılmış heca ritm tipi ilə əvəz edilməsi.
Azərbaycan dilinin zəif aksentuasiyası nitqin tipinə, nüvə tonları, şkalaların tonal səviyyəsinə və istiqamətinə ciddi təsir edir və s.
Çoxdillilik şəraitində təmasda olan dillərin mənimsənilməsində fonetik interferensiya ilə yanaşı qrammatik interferensiya da özünü göstərir. Fonetik interferensiyada olduğu kimi, burada da əvvəl mənimsənilmiş dil, onun qrammatik quruluşu barədə yaranmış vərdişlər sonrakı dilin qrammatikasını mənimsəməyə mənfi təsir göstərir. Belə ki, əvvəlki dilin sonrakı dilə xas olmayan cəhətlərinin burada əks olunması baş verir.
Qrammatik interferensiya özünü o zaman daha qabarıq şəkildə göstərir ki, öyrənilən dildə ifadə edilməli olan qrammatik məna ana dilində olmasın və yaxud başqa şəkildə ifadə edilmiş olsun.
Qrammatik interferensiya ən çox ikinci və sonrakı dilləri öyrənənlərin cümlələri ana dili normalarına uyğun qurmağa cəhd göstərdikləri zaman təzahür edir. Bu zaman iki dil sisteminin qarşılıqlı təsiri ilə bağlı tipik səhvlər meydana gəlir (köməkçi fellərin buraxılması, ön şəkilçilərin buraxılması və ya əvəz olunması, cümlədə sözlərin sırasını pozmaq və s.)
Dillərin qarşılıqlı təsirində daha qabarıq şəkildə leksikinterferensiya özünü göstərir.
Faktlardan aydın olur ki, dilin leksik səviyyəsində özünü göstərən dillərarası interferensiya ikinci dili öyrənən adamın şüurunda iki dilin uyğun gəlməyən leksik mənalarını eyniləşdirmək nəticəsində baş verə bilir. Ona görə də artıq belə bir fakt mübahisə doğurmur ki, ikinci dilin öyrənilməsi zamanı ana dilinin leksik-semantik, qrammatik sistemi ciddi şəkildə nəzərə alınmalıdır.
Mənanın eyniləşdirilməsindən irəli gələn interferensiya hadisəsinin xüsusiyyətlərini aşkara çıxarmaq bir çox tədqiqatçıların diqqətini cəlb etmişdir. Bunlardan psixoloji aspektdə aparılan işə N.V.İmedadzenin tədqiqatını aid etmək olar.
N.V.İmedadze orta məktəbin yuxarı sinif şagirdləri üzərində apardığı tədqiqat işlərinin birində məhz «mənanı eyniləşdirmənin» leksik interferensiya üçün əsas olduğunu aydınlaşdırmışdır.
N.V.İmedadze «mənanı eyniləşdirmənin» iki formada getdiyini aşkara çıxarmışdır.
Birinci halda ana dilindəki çoxmənalı sözlərin təsir altında ikinci dildə səhvlər meydana gəlir. Şagirdlərə belə gəlir ki, əgər ana dilində eyni sözlə müxtəlif mənaları ifadə etmək mümkündürsə , deməli öyrənilən dildə də həmin yolla getmək olar. Bununla əlaqədar baş verən səhvləri N.İmedadze nitq səviyyəsində leksik interferensiya hadisəsinə aid etmişdir. Müəllifin fikrincə bu cür interferensiyanın qarşısını almaq üçün qavrayış zamanı ana dilindəki çoxmənalı sözlərin müxtəlif mənalarını fərqləndirməyi təmin etmək lazımdır. Ona görə də burada ana dili ilə ikinci dildə qarışdırılan sözlərin müqayisəsini verməyə və ana dilinə istinad etməyi zəruri hesab etmişdir.
N.İmedadze müəyyənləşdirmişdir ki, ikinci dilin semantik quruluşunun ana dili quruluşu ilə əvəz edilməsi zamanı özünü göstərən ikinci tip çətinlik o zaman meydana gəlir ki, öyrənilən ikinci dildə ana dilinə nisbətən hadisələri ifadə edən simvollar daha çox olsun. Müəllif bu cür çətinliyi daha mürəkkəb çətinlik hesab edir və onu dekotatlar səviyyəsində leksik interferensiya adlandırır. İkinci dilin mənimsənilməsi zamanı bununla əlaqədar səhvlər daha çox yayılmış olur. Buradakı çətinlik ikinci dildə bir neçə korrelyatı olan ana dili sözünün dekotatları dəqiq, fərqləndirilmiş şəkildə qavramamaqdan irəli gəlir. Bu zaman ana dilinə və onun dekotatlar sisteminə istinad etmək imkanı aradan çıxır. Ona görə də müəllif belə bir fikrə gəlir ki, dekotatlar səviyyəsində leksik interferensiyanı aradan qaldırmaq üçün gerçəkliyi gerçək münasibətləri yeni yolla əks etdirməyin mənimsənilməsinə diqqət yetirmək lazımdır.