Qrup qütbləşməsi. Kiçik qruplarda özünü göstərən hadisələrdən biri də qrup qütbləşməsi hadisəsidir. «Qrup qütbləşməsi fenomeni» anlayışı ilk dəfə olaraq 1969- cu ildə S.Moskoviçi və M.Zavolloni tərəfindən irəli sürülmüşdür. D.Mayersə görə qrup qütbləşməsi qrupun təsiri altında onun üzvlərinin əvvəl mövcud olan ənənələrinin güclənməsi, qrupun rəyinin parçalanması əvəzinə orta ənənənin öz qütbünə köçürülməsindən ibarətdir.1 D.Mayersin fikrincə, qrup qütbləşməsi fərziyyəsi belə bir qənaətə gəlməyə imkan verir ki, qrupda aparılan müzakirə hər bir yarımqrup üzvləri üçün ümumi olan ilkin ustanovkanın güclənməsinə səbəb olur. Əgər adamlar əvvəlcədən nəyinsə «lehinə» fikir söyləməyə meyllidirlərsə, müzakirə onların mövqelərini yalnız möhkəmləndirir. Əgər onlar nəyinsə «əleyhinə» gedirlərsə, müzakirədən sonra öz etirazlarını daha güclü şəkildə göstərəcəklər.
Qrupda rəhbərlik və liderlik problemi. Sosial qrurların strukturunu nəzərdən keçirdikdə onların daxilində şəxsiyyətlərarası münasibətlərin bərabərlik (paritet) əsasında qurulmadığı aydın olur. Hər bir qrupda şəxsiyyətlərarası münasibətlər bir növ qrup üzvlərinin sosial- psixoloji statusunu əks etdirir. Hər hansı qrupda kim isə hökm verir, müəyyən tələblərin yerinə yetirilməsinə nəzarət edir, onun tələb və tapşırıqları isə başqaları tərəfindən danışıqsız yerinə yetirilir. Başqa sözlə hər bir qrupda ona rəhbərlik edən «rəhbər işçi», «lider» və onun tapşırıqlarına əməl edən adamlar: «tabe işçilər» mövcud olur. Qrupun fəaliyyətinin səmərəliliyində ona düzgün rəhbərliyin rolu olduqca böyükdür. Buradan isə qrup rəhbəri və liderinin həmin sahədəki peşəkarlığı, başqa sözlə qrupa düzgün rəübərlik etmək məsələsi ortaya çıxır.
Sosial psixologiyada «rəhbərlik» və «liderlik» anlayışlarının oxşar və fərqli cəhətləri qeyd olunur. Həm «rəhbər», həm də «lider» qrupa başçılıq edən adam kimi nəzərdə tutulur. Adətən, rəhbər nisbətən yüksək səviyyəli, səlahiyyətli təşkilatlar tərəfindən qrupun idarə olunmasının təşkilini təmin edəcək rəsmi adam kimi nəzərdə tutulur. Lider isə qrupun şəxsi nüfuzu sayəsində bir çox və ya bütün üzvlərinin davranışına qeyri-rəsimi ölçülərlə təsir göstərməyi bacaran üzvlərindən biri kimi qeyd olunur.
Qeyd olunanlardan göründüyü kimi, «rəhbər» və «lider» anlayışının oxşarlığı hər iki anlayışda qrup fəaliyyətinin təşkilini həyata keçirməklə bağlılığında ifadə olunur. Fərqli cəhətlərinə gəldikdə, «rəhbər» rəsmi şəkildə təyin olunduğu halda, lider çox vaxt rəsmi şəkildə deyil, qrup üzvlərinin yüksək nüfuzunu qazanmaq ilə yaranır. Bir çox hallarda qrupun rəsmi rəhbəri qrup üzvlərinin nüfuzunu qazandığına görə eyni zamanda onun liderinə çevrilir. Belə olduqda həmin rəhbər rəsmi lider rolunu oynamaqla qrupun fəaliyyətini daha səmərəli şəkildə idarə etmək imkanına malik olur.
Bütün bunlara baxmayaraq rəhbərlik və liderlik müxtəlif sosial-psixoloji fenomenlər kimi xarakterizə olunur. Mütəxəssislərin fikrincə onların eyniləşdirilməsi elmi cəhətdən səhv, praktik nöqteyi-nəzərdən isə zərərlidir.
Sosial psixologiyada rəhbər işçi və lider arasındakı aşağıdakı fərqlər qeyd olunur (İ.V.Parıqin):
Rəhbərlik rəsmi əsasda meydana çıxan müxtəlif sosial təşkilat və qurumlarda məqsədyönlü xarakter daşıyan sosial prosesdir. Liderliyə gəldikdə, o, qrupdaxili, şəxsiyyətlərarası münasibətlər əsasında spontan şəkildə əmələ gələn prosesdir. O, təşkilatın əsasən psixoloji səviyyəsini əks etdirir. Rəhbər işçi rəsmi şəkildə təyin olunduğu halda, lider qeyri-rəsmi şəkildə irəli sürülür.
Rəhbərlik adətən makromühitin başlıca tələbatlarına və mənafeyinə uyğun şəkildə formalaşdırılır və həyata keçirilir. O, qrupda yerinə yetirilən işlərin vəziyyəti və qrup fəaliyyətinin nəticələri üçün qanun qarşısında məsuliyyət daşıyır. Liderlik isə spontan bir proses kimi qrup və onun üzvlərinin tələbat və mənafelərinə müvafiq olaraq meydana çıxır və mövcud olur. Lider qrupun fəaliyyəti üçün heç bir şəxsi məsuliyyət daşımır.
Rəhbərlik daha çox stabil xarakter daşımaqla daha geniş sahəyə malikdir. Müəyyən reqlament daxilində makromühitlə əlaqə saxlayır. Rəhbər işçi başqa təşkilatlarda öz qrupunu təmsil edir. Liderlik isə daha çox dinamik xarakter daşıyır, şəxsiyyətlərarası münasibətlərin formalaşması xüsusiyyətlərindən köklü surətdə asılıdır. Liderin təsir sahəsi əsasən qrupdaxili münasibətlərlə məhdudlaşır.
Rəhbər işçiyə qanunla tənzim olunan müəyyən hüquq və səlahiyyət verilir. Lider isə qanunla müəyyən edilmiş hüquqlara malik deyildir.
Rəhbər işçi tərəfindən hər hansı bir məsələyə qərar qəbulu əsasən vasitəli xarakter daşıyır. Onun geniş informasiya kanalları vardır. O, qərar qəbulu zamanı öz səlahiyyətini aşağı pillə işçilərinə həvalə edə bilər. Lider isə qrup tərəfindən qərarın qəbul edilməsinə təsir göstərir və həmin qərarın çıxarılmasında bilavasitə iştirak edir. O, müəyyən bir informasiyanı qeyri-rabitə kanalları sistemi ilə əldə edir.